Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Tarixin dərsləri və ya milli faciəmizlə üz-üzə
TARİXİN DƏRSLƏRİ VƏ YA MİLLİ FACİƏMİZLƏ ÜZ-ÜZƏ


     Son vaxtlar ictimai-siyasi həyatımızdakı böyük dəyişikliklər, vaxtilə keçmiş SSRİ-nin tərkibində olan respublikaların indi görünməmiş bir fəallıqla öz milli-mənəvi köklərinə qayıdışlarını əks etdirən ciddi proseslər, təbiidir ki, yaradıcılıq mühitinə təsirsiz qalmır. Çətinliklə əldə olunan demokratiya və mətbuat azadlığı şəraitində ədəbi-mənəvi dəyərlərə, müxtəlif dövrlərdə işləyib yaratmış, geniş ictimai fəaliyyət göstərmiş görkəmli şəxsiyyətlərin həyat yoluna yenidən nəzər salınır, onlar bəzən mübahisəli, bəzən də, hətta zidd mövqelərdən qiymətləndirilir. Lakin doğru deyirlər ki, həqiqət yalnız mübahisə yolu ilə aşkar edilə biləcəyi üçün biz imkan tapdıqca qəzetimizdə belə mübahisəli fikirlərə yer verməyi nəinki mümkün, hətta vacib sayırıq.
     Yazıçı-jumalist Sadıq Elcanlının yazıçı Elçinlə apardığı söhbəti də bu məqsədlə oxuculara təqdim edirik.
     S.ELCANLI - Elçin müəllim, «Ədəbiyyat qəzeti»nin keçənilki 40-41-ci saylarında sizin «Ədəbi proses: 0lum, ya ölüm?» adlı məqalənizi oxudum. Bu başdan deyim ki, məqalə əsl vətəndaş yanğısı, milli ədəbiyyat təəssübü ilə yazılıb və ciddi elmi polemikası, yüksək intellektual səviyyəsi ilə diqqətimi cəlb etdi. Yəqin yadınızdadır, sizin həmin məqalənizlə təxminən eyni günlərdə «Aydınlıq» qəzetinin 34-35-ci saylarında mənim də «Qulluq qulları» adlı yazım çap olunmuşdu. Bir sıra sosial, estetik-fəlsəfi məsələlərə, xüsusilə, yaxın ədəbi-siyasi tariximizin Nəriman Nərimanov faktına münasibətdə fikir və mövqelərimizin qismən müxtəlifliyini hazırki milli-mənəvi mühitimizdə bu istiqamətli səmimi polemikaya, dostcasına mübahisəyə, fikir saflaşmasına kəskin ehtiyac olduğunu nəzərdə tutaraq sizə müraciət etməyi qərara aldım. Əvvala, sizin intellektinizə, ədəbi zövqünüzə, təmiz milli mövqeyinizə inanıram, ikincisi, ona inanıram ki, əsl həqiqət səmimi, təmənnasız, yaradıcı mübahisədə meydana çıxır. Ciddi, taleyüklü sosial çevrilişlər ərəfəsində azadlığın astanasında əsl həqiqətə ehtiyacımız daha çoxdur; nəsilbənəsil təkrarlanan səhvlərimizin qara, tilsimli yuxusundan oyanmaq, imperiya niyyətlərinin işğalçı, manqurtlaşdırma mexanizmi qarşısında davam, duruş gətirə bilmək, Azərbaycanın o tay-bu taylı birliyinə, bütövlüyünə, həqiqi dövlət müstəqilliyinə, milli suverenliyinə, böyük azadlığına nail olmaq və üç rəngli aylı-ulduzlu «bir kərə yüksələn bayrağımızı» bir daha endirməmək, istiqlalımızı daimi, əbədi yaşatmaq, davam və inkişaf etdirmək üçün əsl həqiqəti nə qədər acı olsa da bilmək, meydana çıxarmaq, yalançı, alverçi, xəstə milləttəəssübkeşliyinə son qoymaq lazımdır; bu, indiki keçid dövründə yeni-yeni səhvlərə, ziyalı-siyasətçi aldanışlarına və deməli, yeni- yeni milli faciələrə getməmək, xalqın inam və etibarından sui-istifadə etməmək, həmişə ehtiyatda saxlanan tragik tövbə qapılarını bəri başdan birdəfəlik bağlamaq üçün lazımdır. Beləliklə, Elçin müəllim, əsl həqiqəti aşkarlamaq, üzə çıxarıb ümumxalq mühakiməsinə təqdim etmək ümidilə milli mühitimizin ən acı, ağrılı söhbətinə başlayırıq: N.Nərimanov kimdir?
     ELÇİN - Nəriman Nərimanov Kral Lirdir. Mən bu l'ikri sənin adını çəkdiyin məqaləmdə demişəm və yenə də təkrar edirəm. Bəli, mənim üçün Nəriman Nərimanov XX əsr tariximizin - mürəkkəb, ziddiyyətli, fərəhli (bütün Şərqdə, bütün müsəlman, bütün türk aləmində ilk dəfə yaradılmış Azərbaycan Demokratik Respublikası faktı!) və dəhşətli (1920-ci ilin apreli! 1937!) hadisələrlə zəngin bir dövrün ümumi konteksti daxilində Yaqo yox, Kral Lirdir. Burada mühüm bir nöqtəni qeyd etmək istəyirəm: Nəriman Nərimanovu Kral Lir kimi qəbul etmək mənim üçün onun sonradan siyasi səhvlərini bağışlamaq yox, onun daxili aləmini, psixolojisini, mənəvi iztirablarını başa düşməyə çalışmaq deməkdir. Nərimanov Kral Lir, onun nankor övladları Qonerilya və Reqana isə yolunda həyatını həm mənəvi, həm də cismani (Nərimanovun qətlə yetirilməsi get-gedə daha dəqiq sübut edilir) şəkildə həsr etdiyi sistem idi. Nərimanovu bəlkə də Kral Lirdən daha artıq dərəcədə faciə qəhrəmanı edən bir cəhət də bu idi ki, onun övladları arasında gücsüz, köməksiz, lakin mənən təmiz, vəfalı, mehriban Kordeliya yox idi, çünki sistem Qonerilya və Reqanadan fərqli olaraq nankor yox, başlanğıcdan, rüşeymdən iblisanə idi. Nərimanov uğrunda çalışdığı və ərəfəsində fəaliyyət göstərdiyi sistemin iblisanə mahiyyətini görməyi bacarmayıb, gördükdən, dərk etdikdən sonra isə həmin sistemin bir hissəsinə çevrilməyib. Lenin də, Stalin də, Nərimanov da 70 il ərzində taleləri sındıran, hissləri, həyəcanları məhv edən, azadlıq və bərabərlik şüarları altında xalqları müstəmləkəçilik istibdadı içində saxlayan sistemin yaranması üçün biri az, biri çox dərəcədə əllərindən gələni etdilər, lakin həmin sistem yarandıqdan sonra, Nərimanov sistemin alətinə çevrilmədi və onun Lenindən də, Stalindən də fərqi, həm də çox ciddi fərqi bunda idi. Lenin, Stalin, Trotski, Buxarin, Orconikidze, Mikoyan, Molotov, Zinovyev, Kamenev, Mirzoyan, Kirov və bir çox başqaları, eləcə də Azərbaycanın qarayevləri, bağırovları uğrunda mübarizə apardıqları sistem yaratdıqdan sonra həmin sistemin tərkib hissəsinə çevrildilər, onun nüvəsini təşkil etdilər. Düzdür, sistemi kannibalizm - adamyemə ilə məşğul oldu, nüvədəkilərin bir qismini uddu (Trotski, Zinovyevi, yaxud Kirovu) gorbagor etdi (Stalini), zindanda guya canını qurtara biləcəkmiş kimi dəmir çarpayının altına soxulub gizlənməyə sürüklədi (Musabəyovu), lakin bütün bu dəhşətli faktların heç biri həmin xadimləri Nərimanov kimi bəşəri faciənin qəhrəmanı etmədi, onlar sistem daxilindəki təbii qanunauyğunluqların günahkar yemi idi. Bəli, biz, həqiqətən, Azadlığın astanasındayıq və mən tam şərikəm ki, bu yerdə əsl həqiqəti görməyi və onun gözlərinin içinə dik baxmağı bacarmaq lazımdır. Ona nə şirə, nə də acı qatmaq olar. Şirə - şübhəsiz ki, sənin dediyin «xəstə millət təəssübkeşliyinə» aparıb çaxaracaq, lakin acı da, əgər belə demək mümkünsə, «xəstə millət təəssübkeşsizliyinə» aparacaq. O ki, qaldı «tragik tövbə qapılarını bəri başdan birdəfəlik bağlamaq çağırışı, bu yerdə mən səninlə şərik deyiləm, çünki tövbə mənəvi, həm də görünür, zəruri bir kateqoriyadır və tövbəyə ehtiyac olan yerdə tövbəsiz keçinmək olmaz.
     S.ELCANLI - Mənim şəxsi inamım, qənaətim belədir ki, N.Nərimanov, A.Bakıxanov və M.F.Axundovların qalib xələfi, Q.Musabəyov və M.Bağırovların məğlub sələfi idi. Yəni Azərbaycan xalqının tarixi yolunda qara bir daş kimi dayanan imperiya, vəhşi güc üçün ədəbiyyatçı və həkim N.Nərimanov Abbasqulu ağa və Mirzə Fətəlidən daha çox iş gördü: onlar Peterburqa, Çar sarayına gedib çıxa bilməmişdilər. N.Nərimanov Moskvaya, İmperator sarayına daxil ola bildi; xələflərinin axıra qədər gedə bilmədikləri yolu N.Nərimanov son dayanacağa qədər getdi! Bu, xalqın Azadlıq istəyinə qarşı dayanan, səmalarda soyuq Şimal günəşi, Kremlin vəhşi imperiya ulduzu parlayan gedər-gəlməz yolu idi. O yol 100 illik köləlikdən, imperiya əsarətindən, milli dövlət itkinliyindən xalqın ruhunun tragik sərgərdanlığından sonra Məhəmməd Əmin Rəsulzadələrin yaratdığı müstəqil, azad Azərbaycan Demokratik Respublikasının işgəncə ilə öldürülən, alçaldılan, təhqir edilən meyiti üstündən keçib gedirdi; N.Nərimanov imperiya qüvvələrinin, XI Qızıl Ordu süngülərinin açdığı həmin qanlı yolla gəlmişdi hakimiyyətə, işğalçı Sisiyanovun işğalçı varisi Yefremova xalq adından qılınc bağışladı... Sizin məqalənizdə bu faciəli məqam ön plana çəkilib...
     ELÇİN- Mən istəməzdim ki, sənin dediyin kimi istedadlı bir qələm dostum dolayısı ilə də olsa musabəyovlar və bağırovlarla A.Bakıxanov və M.F.Axundovu eyniləşdirsin, onlara eyni kəndirin iki ucu kimi baxsın. Musabəyovlar və bağırovlar gəldi-gedərdirlər və onlara qoca tarixin bütün mərhələlərində, məqamlarında təsadüf etmək mümkündür, intəhası dövrün konyukturasından asılı olaraq cildlərini dəyişiblər: bu gün rus imperializminə, yaxud fars şovinizminə xidmət ediblər, dünən ərəb istilaları zamanı öz xalqlarını satıblar və s. Axundovlar və bakıxanovlar isə xalqımızın mənəvi sərvətini yaradıblar və mənim fikrimcə, deyək ki, elə həmin Mirzə Fətəlinin altı komediyası bir ictimai xadim kimi onun bütün həqiqi və mifik səhvlərini heçə endirir. Təkcə elə bu cəhəti xatırlasaq ki, həmin ölməz komediyalar rus müstəmləkəçiliyinin tüğyan elədiyi bir zamanda canlı Azərbaycan dilini mühafizə və inkişaf etdirmişdir. Məncə, kifayətdir, çünki dili mühafizə və inkişaf etdirmək, əslində, milləti mühafizə və inkişaf etdirmək deməkdir. Belə olan təqdirdə o rəhmətliklə özündən sonra yalnız bəd əməllər qoyub getmiş və tarixi miqyas baxımından tamam cılız olan məhəlli «rəhbərləri», lap məhəlli «hakimi-mütləqləri» eyniləşdirmək, onlara eyni estafetin yolçuları kimi baxmaq nə dərəcədə insafdandır? İfrat radikallıq və ümumiyyətlə, ifrat heç zaman heç kimə xeyir gətirməyib. «Daloy Dostayevski!» kimi şüarlar.
Oxuma tar,
İstəmir proletar Səndə çalınsın «Qatar»! -

kimi çağırış şerlər ən yaxın keçmişimizin eybəcər hadisələri deyilmi? Bu cürə şüarlar, çağırışlar yalnız ədəbiyyatımıza, sənətimizə yox, ümumiyyətlə, mənəviyyatımıza azmı zərbə endirmişdir? Bunları başqa şəkildə və başqa kontekstdə də olsa, təkrar etmək mənim buna qəti şübhəm yoxdur ki, bizə çox baha başa gələr. M.Ə.Rəsulzadə - Nəriman Nərimanov rəqabətinə gəldikdə isə, tarix bunu parlaq şəkildə sübut etdi: hər ikisinin mənsub olduğu, dilində yazdığı xalqın gözündə Məhəmməd Əmin qalib, Nəriman isə məğlubdur. Bu da təbii və tarixin verdiyi bütün dərslər kimi, ibrətamizdir. Fakt fakt olaraq qalır: başa düşməyibsə də, irəlini görməyibsə də, sənin düzgün qeyd etdiyin «işğalçı Sisiyanovun işğalçı varisi» (bu yerdə «varislik» xəttini dəqiq tutmusan!) Yefremova hədiyyə qılıncı məhz Nəriman Nərimanov təqdim etmişdir, həmin qılıncın üzərindəki lövhədə ən xəcalətli sözlər Nərimanovun imzası ilə yazılmışdır və sənin də, mənim də, dediyimiz həmin əsl həqiqət naminə şübhəsiz ki, bunu unutmaq olmaz. Lakin həmin əsl həqiqət naminə burasını da unutmaq olmaz ki, cəmi on-on beş il bundan əvvəl, o zamanlar ki, Bakının üzərində Kirovun irəliyə doğru uzadılmış əli müstəmləkəçilikdən, köləlikdən xəbər verirdi. Nəriman Nərimanova ucaldılan heykəl milli varlığımızdan, milli oyanışımızdan xəbər verdi, sözün yaxşı mənasında millətçilik hisslərinin asfaltı deşən incə otlar kimi, müstəmləkəçi bolşevizm ideolojisi arasından baş qaldırmasına sövq etdi. Bəli, Nərimanov müstəmləkəçi Yefremova rəmzi qılınc bağışladı, amma burası da rəmzidir ki, həmin qılınc Nərimanovun özünün başını kəsdi.
     S.ELCANLI - Son iki yüz illik Azərbaycan mühitinin tarixi-xronoloji təhlili, sosial-siyasi analizi adamı heyrətləndirir: İmperiyaya xidmət göstərən, çiyinlərinə yad rütbələr, sinələrinə yad ordenlər taxılan milli qulluq qullarımız zaman-zaman çoxalıb, qul psixologiyası ilbəil genişlənib, sınan, sındırılan ziyalıların, millət zəkalarının sayı durmadan artıb, imperiya üçün qulluğun çarizm və sosializm yarışı davam və inkişaf etdirilib! 1920-ci il aprelin 28-də baş verən milli faciəni bütün amansızlığı ilə qiymətləndirmək, dərk etmək, milli bolşevik bandasının Azərbaycan xalqına qarşı törətdiyi tarixi sui-qəsdi, xəyanəti bütün dəhşəti, ağrı-acısıyla anlamaq,bu yöndə həqiqətə yaxınlaşmaq üçün «Gülüstan» və «Türkmənçay» müqavilələrindən üzübəri genişlənən qulluq yarışının sosial-analitik təhlilindən, səbəb və nəticələrindən başlamaq lazım gəlir. Böyük dövlətçilik ənənələri, heyrətamiz tarixi gücü, misilsiz milli-mənəvi potensiyası, ədəbi fəlsəfi dahilər bolluğu ilə seçilən bir xalqın içindən necə oldu ki, bu qədər qulluq qulları, imperiya xidmətçiləri yetişdi? Necə oldu ki, məsələn, N.Nərimanov kimi millətpərvər, xalqın böyük etibarını, hüdudsuz məhəbbətini qazanan ziyalı bir şəxsiyyət, imperiyaya xidmət göstərməyi özünə və millətinə rəva bildi?
     ELÇİN - Mən sənin bu emosional və prinsip etibarilə düzgün meydana çıxan suallarının arxasındakı hissləri, həyəcanları yaxşı başa düşürəm və bu yerdə səninlə müttəfiqəm. Lakin bir cəhəti daha da dəqiqləşdirmək istəyirəm: qulluq qullarımız və onların yarışı yalnız «Gülüstan» və «Türkmənçay»dan sonranın hadisəsi deyil. Kimlər idi Səfəvilər (II İsmayıldan sonrakı dövrü nəzərdə tuturam), Əfşarlar, Qacarlar? Azərbaycan sülalələri. Bəs kimə xidmət edirdilər? Kimlərdir panfarsizmin ideoloqları? Ozümüzünkülər... Dünənə qədər kimlər idi özümüzdən Moskvaya danoslar yazan? Ozümüz... Kimlər idi elə həmin Nərimanovun özünü «millətçi» kimi ifşa edən, onun adını çəkməyi belə yasaqlayan? Yenə özümüz... «qulluq qulları, imperiya nökərləri» nə bu günün, nə də dünənin hadisəsidir. Ozü də yalnız azərbaycanlılar üçün yox, bütün mədəni xalqlar üçün bu və ya digər dərəcədə səciyyəvidir. Kim idi Stalin? İmperiya hakimi, yoxsa imperiya nökəri? Azərbaycanlı, yaxud ukraynalı kimi, gürcünü də müstəmləkə məngənəsində sıxan gürcü yəqin ki, «imperiya nökəri» idi. Xoşbəxtlikdən xalqın böyüklüyü sənin dediyin həmin «ədəbi fəlsəfi dahilər bolluğu» ilə ölçülür və belə bir «bolluq» müqabilindədir ki, qulluq qulları xalqın mənəviyyatını axıra qədər məhv edə bilmir. Bax, bu yerdə söhbət bir tərəfdən bakıxanovlardan və axundovlardan, digər tərəfdən isə musabəyovlar və bağırovlardan gedir! Nərimanovun imperiyaya xidmətinə gəldikdə isə, həmin «millətpərvər, xalqın böyük etibannı, hüdudsuz məhəbbətini qazanan ziyalı bir şəxsiyyət» sadəcə olaraq başa düşmürdü ki, tutduğu yol onu böyük faciəyə aparır, səhvi də məhz bunda idi. Bəlkə də Nərimanova elə gəlirdi ki, o, azadlıq, qəhrəmanlıq dastanının personajıdır. Lakin sonra məlum oldu ki, yox, o, xəyanətlərlə, yalanlarla, saxtakarlıqlarla dolu, milli-insani faciənin personajıdır. Bunu dərk edəndə, artıq iş işdən keçmişdi - o, Lirə çevrilmişdi.
     S.ELCANLI - Bu yerdə mənim yadıma Şərqin böyük zəka sahibi, Azərbaycan xalqının dahi oğlu Mirzə Kazımbəy düşür. Dərbənd Şeyxülislamı Hacı Qasımın oğlu Məhəmmədəli Mirzə Kazımbəy 1823-cü ilin iyulunda 21 yaşında xristianlığı qəbul etmişdi və atasına yazdığı məktubda «İslam dinindən üz döndərmək üçün mübarizə vasitəsidir... Mübarizə hələ qabaqdadır» deyirdi. Və bizim ədəbiyyatşünaslığımızdan, neçə-neçə namizədlik, doktorluq dissertasiyalarından A.Bakıxanova, M.F.Axundova üz tutan belə bir yad cümlə eşidilir: «Onların çiyinlərində daşıdıqları çar epoletlərinin altında əsl azərbaycanlı ürəyi döyünürdü». Axı, niyə biz bu acı, dəhşətli həqiqəti qəbul və dərk edə bilmirik ki, o ürəklər o epoletlərin qulluqçusu idi. Ölümünə qədər müsəlmanların kafir dediyi, xristianların şübhə ilə baxdığı Mirzə Kazımbəyin faciəsi hansı milli mənəvi sarsıntılardan, xalq taleyinin hansı böhranlı məqamından doğmuşdu? Deyəsən, yenə də qulluq yarışının imperiya qüvvələri tərəfindən bizə zorla qəbul etdirilən tragik milli modelinə üz tuturuq...
     ELÇİN - Mənə elə gəlir ki, bu yerdə sən hissə qapılırsan. Əvvəla, mən elə hesab eləmirəm ki, Mirzə Kazımbəy «Azərbaycan xalqının dahi oğludur». Böyük alimdir, son dərəcə savadlı və nüfuzlu qələm sahibi, zəmanəsinin məşhur oriyentalistidir, bəli, lakin xalqın dahisi (yəni onun Füzulisi!) Molla Cümənin təbiri ilə desək, ya bir olar, ya iki... İkincisi, Mirzə Kazımbəyin xristianlığı qəbul etməsi, sənin dəqiq dediyin kimi, «müsəlmanların kafir dediyi, xristianların şübhə ilə baxdığı» bir adama - Aleksandra çevrilməsi, məncə, fərdi hadisədir, necə ki, misal üçün, XVI əsrdə Səfəvilərin elçisi Oruc bəy Bayatın İspaniyada xristianlığı qəbul edib Don Juan olması da beləcə fərdi hadisə idi və burada «imperiya qüvvələri tərəfindən bizə zorla qəbul etdirilən tragik milli model» axtarmaq metodoloji baxımdan düzgün deyil. Bakıxanovla, Axundovla bağlı gətirdiyin o fikrin müəllifi isə Əbdürrəhim bəy Haqverdiyevdir və mən də hələ on il bundan əvvəl - bu gün tamam səsçatmaz, ünyetməz bir uzaqlıqda qalmış 1982-ci ildə Mirzə Fətəlinin 170 illiyinə həsr edilmiş yubiley gecəsindəki məruzəmdə o fikirdən istifadə etmişdim. Ə.Haqverdiyevin yazdığı belədir: «Mirzə Fətəlinin... epoletlər, imtiyazlar, xaç və medallarla bəzənmiş libasının altında od tutub alışmaqda olan bir ürək döyünməkdə idi». Mən on il bundan əvvəl olduğu kimi, bu gün də həmin fikirlə tam şərikəm və bu o demək deyil ki, mən M.F.Axundovun ictimai-siyasi fəaliyyətindəki bir sıra yanlış, hətta zərərli cəhətləri görmürəm, yox, belə deyil. Məsələ burasındadır ki, o rəhmətliyin qoyub getdiyi irs də, fəaliyyət də xalqın marağı baxımından naqis ilə müsbətin tənasübündə müsbətin müqayisə edilməyəcək dərəcədə üstünlüyünə malikdir. Onun bizim mənəvi dünyamızdakı yerini də həmişə üstünlük müəyyənləşdirir. Başqa şəxsiyyətləri xatırlayaq: S.Mehmandarov və Ə.Şıxlinski. Hər ikisi rus ordusunun aktiv generalları idi. Rus ordusu isə müstəmləkəçi ordu idi. Lakin Azərbaycan Demokratik Respublikası yarananda onların epoletləri, imtiyazları, orden və medalları mane olmadı ki, bu cəsur və vətənpərvər şəxsiyyətlər gənc və təcrübəsiz respublikanın hərbi naziri və hərbi nazir müavini vəzifələrini layiqincə yerinə yetirsinlər, o zamankı erməni təcavüzünün qarşısına sinələrini (həmin orden və medallarla dolu sinələrini!) gərsinlər. Bu yerdə müəyyənedici amil şəxsiyyətin əqidəsi, milli təəssübkeşliyi, vətənpərvərliyidir. Mirzə Ələkbər Sabirin:
Millət necə tarac olur, olsun, nə işim var?
Düşmənlərə möhtac olur, olsun, nə işim var.

-deyən tipləri nə epolet gəzdirirdi, nə orden taxırdı, amma millətə bir xeyir vermək əvəzinə «bədbəxt Tükəzbanların» hesabına «sonyaların» qabağında sino gedirdi... Bir sözlə, bu baxımdan hər şey şəxsiyyətdən asılıdır.
     S.ELCANLI - Nərimanov aldanışının, milli fəlakətə çevrilən Nərimanov faciəsinin tarixi-sosial analizini bir qədər də reallaşdırmaq, dərinləşdirmək üçün sizin məqalədən «antişair, antiyazıçı şirnikləndirilirdi» tezisini xatırlatmaq istəyirəm. Siz sovet dövründə sovet yazıçılarının «partiyanın vintçiyi», təbliğat qulu edilməsi mexanizmindən danışırsınız. İndiki halda həmin tezisi «Azərbaycanlı antiazərbaycan istiqamətində şirnikləndirilirdi» şəklində ifadə edə bilərik. Söhbət imperiya qüvvələrinin zaman- zaman gizli-aşkar təsir və təzyiqlərlə Azərbaycan ziyalısına qarşı Səlib yürüşlərindən, mənəvi müharibələrindən, onu «antiazərbaycan istiqamətində şimikləndirmək», «yenidən qurmaq», qulluq tilsiminə salmaq siyasətindən və bu dəhşətli düşmən niyyətlərinə əyilən, cavab verən Azərbaycan ziyalısının tarixi faciəsindən gedir.
     ELÇİN - Məsələnin bu cürə qoyuluşu real zəmindən doğur. Doğrudan da uzun onilliklər boyu həm Şimalda, həm Cənubda «Azərbaycanlıların antiazərbaycan istiqamətində şirnikləndirilməsi» az və çox dərəcədə nəzərə çarpıb və bu, bizim tariximizin, o cümlədən, ədəbiyyat və ümumiyyətlə, mədəniyyət tariximizin xəcalətli səhifələridir. Son yetmiş ildə isə «Azərbaycanlının (yaxud özbəyin, qazaxın, belorusun...) antiazərbaycan (yaxud antiözbək, antiqazax, antibelorus...) istiqamətində şirnikləndirilməsi», əslində, hakim və irticaçı ideolojinin əsas əməli prinsiplərindən biri olmuşdur. Nəzəriyyədə isə bu bərabərlik, qardaşlıq (hərçənd, rəsmi «böyük qardaş» statusu var idi), xalqlar dostluğu adlanırdı və son yetmiş ilin siyasi riyakarlığı burada da özünü göstərirdi: əməl ilə nəzəriyyə daban-dabana zidd idi. Həmin «şirnikləndirmə» nəticəsində Azərbaycanda da ən müdhiş illərdə belə, külli miqdarda ordenlər, medallar, laureat nişanları alındı, vəzifələr tutuldu, hətta güllələnənlərin, Sibirə, yəni gedər-gəlməzə göndərilənlərin evləri belə ev əşyaları ilə bərabər «şirəyə qonanlara» verildi. Bütün bunlar yaxın keçmişimizin acı həqiqətləridir, lakin «düşmən niyyətlərinə əyilən, cavab verən Azərbaycan ziyalısı» dedikdə, buradakı ümumiləşdirməyə bir az ehtiyatla yanaşmaq lazımdır. Bəli, əyilənlər çox oldu, lakin eyni zamanda Azərbaycan ziyalısı güllələndi! Sibirə də göndərildi! Azərbaycan ziyalısının ailəsi də sürgünə, dəhşətli təqibə məruz qaldı. Azərbaycan ziyalısı mühacir həyatının məşəqqətləri ilə üzləşdi! Bundan başqa, həmin yetmiş ildə Azərbaycan ziyalısı ana dilini nəinki qoruyub saxladı, onu xeyli dərəcədə inkişaf etdirdi. Azərbaycan ziyalısı ədəbiyyatda da, musiqidə də, rəngkarlıqda da, başqa sahələrdə də bəşəri mahiyyətli, yüksək bədii-estetik səviyyəli milli sənət əsərləri yaratdı. Əlbəttə, son dərəcə mürəkkəb, bir çox məqamlarda ziddiyyətli bir mənzərə yaranır. Lakin əsl həqiqəti üzə çıxarmaqdan ötrü məsələni kompleks şəklində həmin mürəkkəbliklə, ziddiyyətlə birlikdə təhlil etmək lazımdır. Nərimanova gəldikdə isə, o, hər halda, «şirəyə qonyanlar»dan da olmayıb. «Şirəyə qonanlar» şəxsi mənfəət əldə edirdilər: dediyimiz kimi, ordenlər, medallar, akademiklik, deputatlıq, gözəl ev-eşik, pillə-pillə qalxan vəzifələr və s. sistem bir dev ehtirası ilə təşəkkül tapmağa başlayanda Nərimanov ən yüksək vəzifədə idi və məhz sistemlə barışa bilmədiyi, sistemi qəbul etmədiyi üçün vəzifədən uzaqlaşdırıldı, sistem onu məhv etdi, ölümündən sonra da onu rahat buraxmadı, ondan uzun müddət intiqam aldı.
     S.ELCANLI - Tarixi həqiqətlərin, gözünün içinə dik baxmağı, o acı həqiqətlərdən nəticə çıxarmağı öyrənməliyik. Praporşik Mirzə Fətəlinin polkovnik Abasqulu Ağa Bakıxanovdan, bolşevik N.Nərimanovun peşmançılıq alovlarında qovrulan qoca Fətəli Axundzadədən, birinci katib Mir Cəfər Bağırovun xəstə, tənha, göynəmli ürəyi ilə üz-üzə dayanıb oğlu Nəcəfə etiraf məktubu yazan Nərimandan... öyrənmədiklərini, ya öyrənib əməl etmədiklərini, nəhayət, öyrənməli və əməl etməliyik. Və nə qədər ki, yaxın-uzaq tarixi həqiqətləri ört-basdır edəcəyik, nə qədər ki, yalançı, lovğa, bayağı, xəstə «vətənpərvərlik» gözlərimizi kor, qulaqlarımızı kar edəcək, millətimizi növbənöv aldanışlar, səhvlər yoluyla tarixi fəlakətə sürükləyən, faciələrə aparan «böyüklərimizdən» yaxa qurtara bilməycəyik. Tarixi səhvləri bəzəyib «adam arasına çıxarmalı» şəklə salmağımız bu günün səhvlərinə meydan açır.
     ELÇİN - Mən yenə təkrar edirəm ki, Mir Cəfər Bağırovun da, Nərimanov «bolşevizminin» də bünövrəsini Bakıxanovda, xüsusən də Mirzə Fətəlidə axtarmaq tamamilə yanlış bir təmayüldür. Bünövrə sistemdədir! Həmin sistem, əslində, Axundova əsl düşmən gözü ilə baxıb, çünki dilimizi əlimizdən almaq istəyib, çünki, «Dədə Qorqud»dan tutmuş üzü bu tərəfə Azərbaycan xalqının mənəvi zənginliklərinə düşmən kəsilib. Axundov isə qələmi ilə ana dilində o zənginlikləri yaradıb. Bircə anlıq təsəvvür edək ki, Azərbaycan ictimai fikrində və ədəbiyyatında Axundov hadisəsi yoxdur... Birdən-birə nə qədər mənəvi kasadlıq içinə düşmüş olarıq? Axundovun ədəbiyyatımızda və ictimai fikrimizdə elədikləri o qədər böyük, vüsətlidir ki, onun özünün ictimai səhvləri çiynindəki paqonlarla birlikdə müqayisəedilməz dərəcədə arxa plana keçir. Biz ayrı-ayrı şəxslərin taleyindən və əməlindən yox, sistemin qorxunc dərslərindən ibrət almalıyıq, bunun üçün isə deyildiyi kimi, «yaxın-,,,uzaq tarixi həqiqətləri ört-basdır» etmək olmaz. «Millətimizi növbənöv aldanışlar, səhvlər yoluyla tarixi fəlakətə sürükləyən» sistem idi, sistemdən əvvəl isə onun mənəvi sələfi müstəmləkəçilik idi. «Böyüklər» dünən də bunu başa düşməli idi, bu gün və sabah da bunu başa düşməlidir. 1989-cu ildə Tbilisidəki aprel hadisələrini yada salaq. SSRİ xalq deputatlarının qurultayında Gürcüstanın o zamankı «böyüyü» Patrişvili özünü təmizə çıxarmaq istəyirdi. Lukyanov isə dərhal onun Kremlə vurduğu gizli teleqramı bəyan etdi. Patriaşvili sistemə xidmət edirdi, sistem isə heç gözünü də siyasətin mahiyyətindəki bu riyakarlıq, belə satqınlıq dərs olmalıdır. Yəni belə bir sadə həqiqət ki, xalqın rəhbəri öz xalqını düşünməli və yalnız öz xalqına xidmət etməlidir. Belə olarsa, bu yolda qarşıya çıxan çətinliklərə (o çətinliklər isə şübhəsizdir!) xalq ilə birlikdə, xalqın köməyi ilə sinə gərmək mümkündür. Dudayev fenomenini yada salaq. Bu fenomenin məğzini məhz xalqa arxalanmaq prinsipi təşkil edir. Ola bilsin ki, sabah Dudayev məğlub olacaq, yaxud onun siyasətinin təmayülü dəyişəcək, lakin bu günün həqiqəti belədir.
     S.ELCANLI - Siz deyirsiniz ki, «Nərimanovun günahını bağışlamaq olmaz! - Şübhəsiz, belədir, lakin Nərimanovun fəryadını da qulaqardına vurmaq olmaz». Nərimanovun peşimançılığı, Kremlin soyuq divarları arasında sıxılan, üşüyən, göynəyən ürəyindən qopan hıçqırıqlar Şimalın qanlı Solovki düşərgələrində diri-diri çürüyən Azərbaycan fədailərinin yeri-göyü titrədən fəryad səslərinin müsibətli bolluğunda eşidilmir axı! Mən o hıçqırıqlardan daha əvvəl, illər boyu qürbət soyuğunda, həsrət buzlağında üşüyən böyük millət atası Məhəmməd Əmin Rəsulzadənin ölüm ayağında «Azərbaycan... Azərbaycan... Azərbaycan... » deyə müqəddəs bir kədərlə pıçıldadığını eşidirəm. O hıçqırtılarda gecikmiş etiraf, bu kədərli pıçıltılarda «Bir kərə yüksələn bayrağın» enməzliyi, ölümə qalib gələrək millət fədaisinin əbədiyyət heykəli var. N.Nərimanov məncə, özündən başlayıb, özündə qurtarır, M.Ə.Rəsulzadə özündən başlayıb xalqda qurtarır. Və xalqda qurtarmaq, əslində, qurtarmaq deyil, davamdır, əbədiyyətdir. N.Nərimanov 28 apreldə özü öz qəlbini imperiya xeyrinə işğal etdi, qalib gəldi, qalib gələ-gələ məğlub oldu; M.Ə.Rəsulzadə həmin faciəli gündə məğlub ola-ola qalib gəldi.
     ELÇİN - Mən Nərimanovla bağlı həmin fikri «Ədəbi proses: Olum, ya ölüm?» məqaləmdə demişəm, indi isə elə həmin məqalədən başqa bir sitat gətirmək istəyirəm: «M.Ə.Rəsulzadə 28 Aprelə həsr etdiyi «Qara gün münasibətilə» adlı məqaləsində Nərimanovu və başqalarını kəskin tənqid etməklə bərabər, yazıldığı dövr üçün (məqalə 1936-cı ildə yazılıb) son dərəcə müdrik bir fikir söyləyir və biz də bu fikri ədəbi irsimizə münasibətdə metodoloji əsas kimi götürməliyik. Məhəmməd Əmin bəy yazır: «Unutmamalıyız ki, başda yalançı Moskvanın yıldızlı vaizlərinə uyan bu adamlar sonda ağla qaranı seçməyə başlayınca nisanda (28 Aprel nəzərdə tutulur.) yapılan işin istiqlal deyil, sözün bütün mənası ilə bir istila işi olduğunu anlamış və bundan lazım gələn nəticəni çıxarmaq cəsarətini göstərmişlər; başda müəllim və yoldaş kimi qarşıladıqları şimallıların sonda kolonizator olduqlarını anlamış və bunu onların üzlərinə vurduqları sillə ilə bildirmişlərdir»? Bax, bu fikrin arxasında sənin dediyin həmin «müqəddəs kədər» dayanıb. «Azərbaycan... Azərbaycan... Azərbaycan... » deyən o müqəddəs kədər həmin fəryadı da qulaqardına vurmağa qoymur. Nərimanovun 28 apreldə imperiyanın, indiki halda, sistemin yaranması xeyrinə öz qəlbini işğal etməsi barədə dediklərinlə isə şərikəm. Elə o fəryad da burdan başlayır.
     S.ELCANLI - «Türk nüfuzundan», «türk zabitlərindən kor bir alət kimi» istifadə edən, Xəlil paşaları diplomatiya torunda çaşdırıb hiyləgərcəsinə neytrallaşdıran Oktyabr - Lenin imperiyası XI Qızıl Ordunun süngüsüylə Azərbaycanı qəti işğal etmək üçün hücuma keçəndə M.Ə.Rəsulzadə Xəlil paşaya demişdi: «... bizi öz halımıza buraxın, yüz ildən bəri əsarəti altında olduğumuz rusları biz daha yaxşı tanıyırıq! Onlar hiylə ilə gələr, sonra bizi əzərlər» («Hakimiyyəti-milliyət» qəzeti, Ankara, 5 avqust, 1926- cı il. İstiqlal məhkəməsində Nail bəyin şahidlik çıxışından). Mən söhbətimizin axırına yaxın İstiqlal məhkəməsindəki bir çıxışından həmin sözləri təsadüfən xatırlamadım. Əvvala, «yüz ildən bəri əsarəti altında olduğumuz rusları biz daha yaxşı tanıyırıq!» nidasıdır ki, bu adi, üzdə olan, hər addımbaşı görünən çılpaq həqiqətdən N.Nərimanovun və onun azərbaycanlı silahdaşlarının şübhəsiz xəbəri vardı. Onlar 1736-cı ildə Birinci Pyotrun adından elan edilən və 1916-cı ildə «Dirilik» jumalında çap olunan məşhur vəsiyyətnamədən şübhəsiz xəbərdar idilər...Və o istiqlal məhkəməsini bir də ona görə xatırladım ki, nə vaxtsa belə bir millət məhkəməsinin qurulacağına inanıram: ya hansısa nəhəng bir salonda, ya bu hadisələri ilk dəfə oxuyub öyrənən hansısa bir azərbaycanlı uşağın qəlbində, nə fərqi var. Lakin məncə hansısa bir azərbaycanlı uşağın qəlbində başlayacaq millət məhkəməsi daha dəhşətlidir.
     ELÇİN - İstiqlal məhkəməsini, dediyin həmin Millət məhkəməsini qurmaq üçün ilk növbədə İstiqlalın özünü əldə etmək lazımdır, yəni İstiqlal kağız üzərindəki qərarlığından çıxıb həyatımızın, yaşayışımızın Ana xəttini təşkil etməlidir. Yalnız bundan sonra, fanatik deyil, obyektiv istiqlal məhkəməsi qurula bilər. Sən Birinci Pyotrun «Vəsiyyətnamə»sinin adını çəkdin və mən qəti əminəm ki, biz həmin bədnam «Vəsiyyətnamə»dən bu günün özündə şüurlu və əməli nəticələr çıxarmasaq, İstiqlalımızın üfüqləri xeyli dumanlı olacaq. Həmin «Vəsiyyətnamə»nin 9-cu bəndinə diqqət edək: «Rusiya dövlətini o zaman dünya dövləti adlandırmaq olar ki, onun paytaxtı Asiya və Avropa xəzinələrinin açarı olan İstanbul olsun. Tez və yerli-yerində çalışıb İstanbulun torpaqlarına sahib olmaq lazımdır. Əlbəttə, İstanbula sahib olan şah dünyada ilahi şah olacaqdır. Bu məqsədi həyata keçirmək üçün həmişə Türkiyə ilə İran arasında fitnə-fəsad törətmək, dava-dalaş yaratmaq lazımdır. Bu işdə sünni və şiə məzhəbləri arasındakı ixtilaflar böyük, kəskin silah və basılmaz ordudur. Rusiya nüfuzunu Asiyada qaldırmaq üçün, sünni-şiə ixtilafları yaxşı bir vasitədir. Türkiyə ilə İran dövlətləri arasındakı müvazinəti fitnə-fəsadla elə pozmaq lazımdır ki, onlar bir-biri ilə dil tapa bilməsinlər. Həm İran, həm də Türkiyəni Avropa xalqları ilə təmas tapmağa imkan verməmək. Əgər bu ölkələrin müsəlmanları göz açıb hüquqlarını qansalar, o bizə böyük zərbə olar. Həm Türkiyə, həm də İran din xadimlərini ələ almaq və onlar vasitəsilə sünni-şiə ixtilaflarını qızışdırmaq lazımdır. İslam əqidəsini Asiyadan uzaqlaşdırmaq, xristian dini əqidəsini və mədəniyyətini orada ciddi təbliğ etmək, yaymaq zəruridir». Daha sonra Pyotr mütəmadi xatırladır ki, bu «böyük» məqsədə nail olmaqdan ötrü ilk növbədə Qafqazı və təbii ki, o cümlədən, Azərbaycanı işğal etmək lazımdır. Əlbəttə, indi dövr dəyişib, XVIII əsrin birinci yarısında yox, XXI əsrin astanasındayıq, lakin buna baxmayaraq, imperiya iddiaları bu gün də son dərəcədə aktual əhəmiyyətə malikdir. O iddiaların qarşısını almaq üçün biz imperiya siyasətini bütün incəliyi, çalarları ilə görməyi, saf-çürük etməyi bacarmalıyıq, yoxsa ki, hər şey yenə də əvvəlki məcrasına qayıda bilər. «Biz», yəni adi pinəçidən tutmuş respublika Prezidentinəcən hamı! Eləcə də yaxşı olar ki, qonşu Türkiyə və İran bu «Vəsiyyətnamə»nin müddəalarını bir an belə yaddan çıxarmasın və öz siyasətlərini öz xalqlarının mənafeyinə uyğun istiqamətdə aparsınlar. Mən, əlbəttə, heç kimə, xüsusən də Türkiyə və İran kimi böyük və təcrübəli dövlətlərə siyasət öyrətmək f'ikrində deyiləm, sadəcə, olaraq bir daha diqqəti fakta cəlb edirəm. Eyni zamanda söhbətimizin də belə bir sonluqla qurtarmağına təbii baxıram, çünki bu söhbətin əsasında da vətəndaş narahatlığı dururdu.

1992.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (13.08.2014) | Müəllif: R.C E W
Baxış: 527 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more