Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Talvar
TALVAR
Akademik Məmməd Arif Dadaşzadənin xatirəsinə
I


    Əvvəlcə ağac şaqqıltısı eşidildi və bu ağac şaqqıltısı günortanın cırhacır istisində tamam kimsəsizləşmiş həyətdə çox gözlənilməz səsləndi, sonra aşağı başdakı ayaqyolundan çıxan Gülağanın gözləri birdən-birə bərəldi və uşaq bilmədi ki, qışqırsın, ya nə etsin.
    Həyətin ortasındakı xartut ağacının yoğun gövdəsi öz-özünə şaqqıltı ilə iki yerə bölündü və bir müddət tut yağışıymış kimi, qara tut həyətin asfaltına töküldü. Həyətə birinci boylanan Ağamuxtarın arvadı Anaxanım oldu. Anaxanım mətbəxdə oturub nahar üçün küftə yumrulayırdı, şaqqıltını eşidib ikinci mərtəbədən ağaca baxdı, sonra çaşbaş qalmış Gülağanı görüb ətli-yağlı əllərini əsgi ilə tələmtələsik silə-silə:
    – Adə, Gülağa, – qışqırdı, – qaç kişiyə xəbər elə, tut parçalandı!..
    Və Gülağa da işin nə yerdə olduğunu başa düşüb babasının otağına tərəf qaçdı ki, kişini çağırsın, amma Əliabbas kişini çağırmaq lazım deyilmiş, çünki Gülağa hələ onun həyət qapısına çatmamış, kişi özü ağ tumanının üstündən şalvarını belinə çəkə-çəkə elə ağ köynəkdəcə çoxdan bəri gəzmədiyi iti addımlarla qapıdan çıxıb xartuta tərəf gəldi.
    – Tez eləyin! – dedi. – Tez eləyin! Biri də gərək qalmasın yerdə! Hamısını yığın bir-bir! Bircəsi də qalsa, günah olar! Hamısını yığın! Yeyilsin gərək hamısı! – dedi. – Tez eləyin! – Sonra özü əyilib ağacın dibindən bir dənə tut götürdü qoydu ağzına və doğrudan-doğruya kişiyə elə gəldi ki, ömründə bu ləzzətində tut yeməyib.
    – Yüz ilin tutudu bu, yüz ilin! – Sonra da əllərini ağacın ikiləşmiş gövdəsinə söykəyib yarığa baxdı – yarığın hər iki üzü qupquru idi, elə bil neçə vaxtdı günün altında qalıb qurumuşdu; qocalıqdan idi bu, canından şirə çəkilib getmişdi.
    Axır ki, yüzü haqladı bu xartut.
    Əliabbas kişi başını ikinci mərtəbəyə tərəf qaldırıb böyük gəlini Anaxanıma dedi:
    – Aş bişir bu gün.
    Anaxanım ömründə qayınatasının üzünə ağ olmamışdı və kişinin bir sözünü heç vaxt iki eləməmişdi; bu dəfə də demədi ki, küftəbozbaş asıram; kişinin ürəyi aş istəyir, nə olar, axşama da aş bişirər və burası da gündən-günə Anaxanıma ovcunun içi kimi aydın olurdu ki, qocalmaq, əslində təzədən uşaqlaşmaqdı. Əlbəttə, bu saat Əliabbas kişi böyük gəlinin bu fikirlərindən xəbərsiz idi və o, bu dəfə Gülağaya dedi:
    – Gördün! Gördün ki!? Elə soruşurdun, düz deyirsən, yoxsa yox? Gördün ki?!
    Doğrudan da, yaman oldu bu xartutun parçalanması, daha buna bir söz ola bilməzdi, düz deyirmiş kişi, xartut yüz yaşına çatanda parçalanırmış və burasını da lap doğru deyirmiş ki, bu tutun yüz yaşı var.
    – Əcəb oldu! – Bunu, bu tutdan birinci dəfə yeyirmiş kimi, Fətullanın arvadı
    Məsmə dedi:
    – Yığıb qonşulara da pay göndərmək lazımdır... – Bunu da Anaxanımın həmişə səxavət göstərən giçik gəlini Fəridə dedi.
    Məsmə ürəyində fikirləşdi ki, sənə nə var, ay bəxtəvər, pay da göndərərsən, o tərəfə də keçərsən, öz malın deyil axı; bunu fikirləşdi, amma yeznəsinin gəlininə bir söz demədi.
    Əliabbas kişinin dördüncü nəvəsi Ağasəlim üzünü arvadı Zibeydəyə tutub:
    – Boşqab gətir! Qazan gətir! – dedi. – Tut günüdü bu gün.
    Əliabbas kişi dedi:
    – Hə, Hə!.. Biri də qalmasın yerdə gərək. Günahdı...
    Bütün məhəllədə bu məşhur tut ağacının yüz yaşı tamam olan həmin isti iyul günü Əliabbas kişinin evdəki bütün oğul-uşağı, nəvə-nəticəsi, gəlinləri həyətə çıxmışdı və hamı bu dəm cidd-cəhdlə həyətə səpələnmiş xartutu yığmaqla məşğul idi.
    Əlbəttə, günah məsələsini Əliabbas kişi elə-belə, özündən dedi, heç kim heç vaxt deməmişdi ki, tut ağacının yüz yaşı tamam olanda və gövdəsi ikiyə bölünəndə yerə tökülmüş tutların hamısını yığmaq lazımdı, yoxsa ki, günaha batarsan; belə bir qayda yox idi, necə ki, tutun yüz yaşı tamam olanda plov bişirmək də adət deyildi, amma bir halda ki, bu tut ağacı bu dünyada yüz il ömür sürmüşdü və onun yüz yaşının tamam olmasını Əliabbas kişi beləcə gözləmişdi, deməli, bayram idi bu gün və bu yüz yaşlı ağacın bəhrəsini ayaq altında qoymaq günah işdi. Əliabbas kişi tut ağacının altında dayanmışdı və bu vaxt budaqdan onun sinəsinə, düz ürəyinin başına bir tut düşdü, kişinin ağ köynəyində o saat qıpqırmızı bir ləkə əmələ gəldi və bunu görən Ağamuxtarın bütün bədəni birdən-birə ürpəşdi. Əliabbas kişinin böyük oğlu Ağamuxtar dörd il cəbhədə vuruşmuşdu, Mazdokdan Berlinə qədər vuruşa-vuruşa getmişdi və bütün məhəllə uşaqları yaxşı bilirdi ki, Ağamuxtar əminin bir ordeni, on üç də medalı var. Ağamuxtara birdənbirə elə gəldi ki, atasının ürəyinin başına güllə dəydi və bu qırmızı ləkə də qan yeridir. Sonra Ağamuxtar daha tamam-kamal ağarmış gur saçlarını əli ilə geri sığallayıb axır vaxtlar neçənci dəfə fikirləşdi ki, kişi yaman qocalıb. Əslində Ağamuxtarın belə fikirləşməyə bir o qədər də haqqı yox idi, çünki heç özü də atasından çox seçilmirdi; hətta bir dəfə qonşuları qəssab Ağanəcəfin arvadı Balacaxanım dar dalanın qabağında dayanıb tum çırtlaya-çırtlaya başına toplaşmış cavan məhəllə qızlarına demişdi:
    – Görürsüz, ağəz, adam heç bilmir ki, Əliabbas kişi Ağamuxtar kişinin atasıdı, yoxsa Ağamuxtar kişi Əliabbas kişinin atasıdır...
    Əlbəttə, bu söz gəlib Anaxanıma çatanda, Balacaxanım cavabını almışdı, amma bir vardı ki, Ağamuxtar da yaman qocalmışdı.
    Və ən qəribəsi bu oldu ki, həmin dəm Əliabbas kişinin də gözləri böyük oğlunun ağappaq ağarmış saçlarına sataşdı və bu ağappaq saçları birinci dəfə görürmüş kimi, kişi həmin yay gününün xartut bayramına baxmayaraq, birdən-birə əməlli-başlı pəjmürdəhal oldu; Ağamuxtarın uşaq vaxtları onun yadına düşdü, lap o vaxtlar ki, hələ divardan tuta-tuta gəzirdi, sonra o vaxtlar ki, bu ağaca dırmaşıb tut yeyirdi, ağzı-burnu, üst-başı qapqara qaralırdı. Əliabbas kişi özünü saxlaya bilməyib ürəyində dünyanın belə əbləh işləri barədə, yəni dünyanın etibarsızlığı barədə bir-iki söz dedi; buna yandı-yaxıldı ki, illər adamı nə günə qoyur – o balaca uşaq indi gör qocalıb nə günə qalıb; sonra şairin sözü Əliabbas kişinin yadına düşdü: «Biz gəldigedərik, sən yaşa dünya!» və o, ağappaq bığlarının altından gülümsəyib başını buladı, dünyanın işlərinə acığı tutmağı da indi ona gülməli göründü, yenə də ürəyində dedi ki, Isgəndərə qalmayan dünya kimə qalacaq və burasını da fikirləşdi ki, Ağamuxtarın qocalığını görür, amma özündən heç bir söz demir...
    Əliabbas kişinin kiçik oğlu Fətulla nəvəsi Gülağaya dedi:
    – Qaç get evdən qab gətir.
    Boşqablar, qazanlar baş barmaq boyda xartutla doldu, məhəllənin uşaqları tutun yüz yaşa çatıb parçalanması xəbərini eşidib Əliabbas kişigilin həyətinə daraşdılar, hərə beş-on tut qoydu ağzına və böyük də, kiçik də, hamı belə bir yekdil fikrə gəldi ki, bu tutun ləzzəti başqa şeydi və heç kim ömründə bu ləzzətdə tut yeməyib. Qonşuların hərəsinə bir nimçə tut pay getdi, elə bil Əliabbas kişigilə nişan gəlmişdi, şirni paylayırdılar.
    Qəssab Ağanəcəfin arvadı Balacaxanım başına təzə xına qoyduğu üçün tünd qəhvəyi barmaqları ilə xartutu bir-bir saplağından tutub ağzına qoyurdu və ağzını marçıldada-marçıldada deyirdi:
    – Bəxti var də, camaatın!.. bu cür tutdan yeyib kef eləyirlər özləriyçün...
    – Sonra hərdən onlara gəlib işinə-gücünə gömək eləyən qonşuları, yaşı otuzu keçmiş, amma hələ də ərə gedə bilməyən Lumiyəyə göz vururdu: – Vitamindir e, ağəz, bu... Adam qızışdıran şeydi...
    Lumiyə də həmişəki kimi, qızarıb pörtürdü, amma əslində belə söhbətlər ürəyindən idi və Balacaxanım da bunu yaxşı bildiyi üçün şaqqanaq çəkib bərkdən gülürdü.
    Bir sözlə, həmin şənbə günü məhəllənin uşağından tutmuş böyüyünəcən hamı Əliabbas kişinin həyətindəki xartutun parçalanmasından xəbər tutdu və tamahkarlıqda tayı-bərabəri olmayan Molla Fərzəli də, təbii ki, əsasını döyəcliyədöyəcliyə gəldi durdu Əliabbas kişigilin küçə qapısı ağzında, ustanı bayıra çağırdı, başladı o yandan, bu yandan, Irandan-Turandan, axırda gəldi çıxdı mətləb üstə ki, həkim mənə deyib qara tutu sıx, suyunu iç, pulum da yoxdur ki, gedim bazardan alım, elə bir balaca qazan versən, bəsimdi.
    Üzbəüz səkidə, kölgəlikdə oturub rus dili müəllimi Alxas bəylə nərd oynayan zərgər Ələşrəf molla Fərzəliyə baxıb dedi:
    – Həmişə belə yazıqlanır, amma axtarsan, görərsən ki, bir donuzu çatışmır...
    – Zərgər Ələşrəf bunu dedi və Alxas bəyin tamam-kamal qanını qaraldan yağlı bir qoşa şeş atdı.
    Əlbəttə, Molla Fərzəli də həmişəki kimi, bir qazan tutunu alıb getdi. Həmin axşam Anaxanım yaxşıca bir plov bişirdi və arvad neçə stəkan düyü dəmləmişdisə, bütün həyətə çatdı, Əliabbas kişinin bir böyük həyət oğul-uşağına, nəvə-nəticəsinə. Məhəllədə ən çox toy bu həyətdə olmuşdu.
    Aydın məsələ idi ki, bu həyət həmişə beləcə çox adamlı, beləcə gur olmamışdı. Əliabbas kişinin atası usta Həzrətqulu buranı alanda bu həyətdə ikiotaqlı, birmərtəbəli kiçik bina vardı. Bu həmin uzaq vaxtlardı ki, onda həyətdəki xartut hələ cavan bir ağac idi. Əliabbas kişi də balaca uşaq, bu tutun gövdəsi indiki budaqlarından nazik idi.
    Əliabbas kişi Tubuxanımla evlənəndən sonra özünə iki otaq da tikdi – bu, inqilabdan qabağın söhbətidi və indi həmin iki otaqda Əliabbas kişinin nəvəsi Ağasəlim ailəsilə yaşayırdı, sonra uşaqlar böyüdü; uşaqlar böyüdü, həyət kiçildi, dörd otaq oldu altı otaq, sonra səkkiz otaq, sonra birmərtəbə bina ikimərtəbə oldu... Oğullar evləndi, nəvələr evləndi və həmin tut ağacı parçalanan həyətdə hamıya bir parça yer tapıldı.
    Əliabbas kişi ilə Tubuxanımın iki oğlu, dörd qızı vardı. Doğrudan da, qəribədi dünyanın işləri: Ağamuxtar da, Fətulla da müharibədən sağ-salamat qayıtdılar, başları çox qəzavü-qədər, çox məşəqqət çəksə də, indi, şükür, salamatdı ikisi də və ikisi də çoxdan babaydı; amma qızların hamısı getdi, dördü də: Səlimnaz hələ müharibədən əvvəl getdi miningitdən, heç kim qalmadı Səlimnazdan, tək gəldi, tək getdi və bu da çox qəribəydi ki, axır vaxtlar dörd qızdan ən çox Səlimnaz gəlib dururdu Əliabbas kişinin gözlərinin qabağında; Fatma müharibə vaxtı getdi, heç kim də bilmədi ki, nədən getdi; düzdü, dedilər ki, Mürsəlin xiffəti partlatdı ürəyini – Mürsəl Fatmanın əriydi, cəbhədə idi və bir müddət ondan xəbər-ətər gəlmədi; indi də sağdı Mürsəl, kefi kök, damağı da çağdı, dördüncü arvadıyla yaşayır. (Bir dəfə Mürsəl Əliabbas kişini küçədə görüb qucaqlayıb ağlamışdı ki, Fatmadan sonra heç bir arvadla yaşaya bilmirəm, yaman bəd şeydi, Əliabbas dayı, məhəbbət! Əliabbas kişi də demişdi ki, vallah, əgər budusa məhəbbət, gərək səninçün bəd şey olmasın...) Fatmadan bir oğlu qalıb, atasına oxşamayıb, ana tərəfə çəkib, evi-eşiyi, üç də balası, Sumqayıtda yaşayırlar və ümumiyyətlə, qızların uşaqlarından bu həyətdə heç kim yoxdu. Ağamuxtarla, Fətullanınkılardı burda.
    Səfurə ilə Kəmalə də müharibədən sonra getdilər. Nə isə... Dünyanın işləridi. Əliabbas kişinin Səfurə ilə Kəmalədən yeddi nəvəsi vardı və yeddisi də ev-eşik, oğul-uşaq sahibi idi, amma bir vardı ki, bu boyda külfətə baxmayaraq, əslində, lap əslində, Əliabbas kişi tək idi.
    Məsələ burasında idi ki, Əliabbas kişi düz üç il bundan əvvəl Tubuxanımı torpağa basdırmışdı və xartutun yüz yaşı tamam olan həmin şənbə gününün gecəsi yerinə girib gözlərini yummuşdu, amma Tubuxanım gəlib durmuşdu gözlərinin qabağında, həm də sinəsi taxtaya dönmüş ağbirçək Tubuxanım yox, bu həyətə təzə gəlin gəlmiş Tubuxanım, könül üçün ağıllı, göz üçün gözəl olan Tubuxanım. Qabaqlar zarafatla dediyi, amma indi zarafatdan əsər-əlamət qalmamış dörd misra gəlib Əliabbas kişinin ürəyindən axıb-keçdi:
    Yatıram yanım ağrır,
    Dururam canım ağrır.
    Sən yadıma düşəndə,
    Tamam əndamım ağrır.
    Kişi başa düşdü ki, bu gecə də səhərə kimi gözünə yuxu getməyəcək, çoxdan, lap qədimlərdə olub-keçənlər yadına düşəcək və özü də təəccüb edəcək ki, beş yaşında, altı yaşında olduğu vaxtların əhvalatları necə yadında qalıb, amma iki gün bundan əvvəlin söhbəti yadından çıxıb gedir.
    O, beş-altı yaşı olanda dağlar balası idi: meşələr yadına gəlirdi, sıldırım qayalar yadına gəlirdi, başı qarlı uca dağlar yadına gəlirdi, köpüklənə-köpüklənə axan dağ çayında kəndin uşaqları ilə bərabər çimməyi, palansız eşşəyə dırmaşıb çapmağı yadına gəlirdi və bir də çəpiş yadına gəlirdi; bu çəpiş onun çəpişi idi, hara getsəydi dalına düşürdü, əlindən yarpaq yeyirdi; çəpiş dedi, Cəbiş yadına düşdü; bir dostu vardı, qonşuları idi deyəsən, Cəbi idi adı. Durur görəsən? Sağ olar, o tərəfin adamları çox yaşayırlar, havasındandı, suyundandı. Sən az yaşamısan bəs, a Əliabbas kişi?
    Hamı yatmışdı: kişilərin yeri açma-yığma çarpayıda tutun altında salınmışdı və bu yüz yaşlı tut ağacının altı ay işığında yataqxanaya oxşayırdı; həyətin qadın-qızları məhəccər uzunu birinci mərtəbənin şüşəbəndində yatmışdı; yeniyetmə oğlanlar, uşaqlar isə damda yatırdılar və indi yeddinci yuxudaydılar. Sentyabrın ortalarına qədər beləcə olacaqdı, sonra yavaş-yavaş qız-gəlinlər evə keçəcəkdi, kişilər artırmaya, şüşəbəndə, sonra onlar da evə, hərə öz arvadının yanına və ən nəhayət də, uşaqlar günü-günə sata-sata axır ki, hərə öz evində yatacaqdı.
    Bütün bunlar sonralar olacaqdı, yay qurtaranda, payız gələndə. Indi isə Əliabbas kişi tut ağacının altından gələn xorultuları açıq-aydın eşidə-eşidə bir daha fikirləşirdi ki, bu gecə yata bilməyəcək və ona görə yox ki, həyətdən cürbəcür səsli-nəfəsli xorultular gəlirdi, yox, yay vaxtı bu səslərə öyrəncəli idi və əslində həmin xorultular onun üçün, bir növ, gecə laylasıydı, bu mənada ki, özünü tək hiss etmirdi; ona görə ki... elə-belə, yuxusu qaçmışdı, vəssalam.
    Əliabbas kişi yayda da qışdakı kimi evdə yatırdı, özü də yorğan-döşəkdə tumanköynəklə üşüyürdü Əliabbas kişi bəzən lap yayın cırhacırında da üşüyürdü gecələr. Əliabbas kişi birdən-birə fikirləşdi ki, o özü də elə həyətdəki o yüz yaşlı tut ağacı kimi bir şeydi; bunu fikirləşdi və ona elə gəldi ki, bədənindəki bütün damarlar tutun şaxələridir və indi payızdı, şaxələr də qupquru quruyub.
    Onun uşaqları, nəvələri, gəlinləri, bir sözlə, bütün böyük külfəti xalis şəhər adamları idi, kənddən, dağların qoynundakı o kənddən xəbərləri yox idi; o kənddən ki, axır vaxtlar tez-tez Əliabbas kişinin yadına düşürdü və bəzən gecələr lap doğrudan-doğruya o dağlardakı kəklikotunun iyi burnuna gəlirdi, o dağların çəniçiskini uzun-uzun illər məsafəsindən bir qəriblik gətirirdi.
    Birindən soruşublar ki, haralısan, deyib hələ evlənməmişəm; Tubuxanım içərişəhərli qızı idi və əslində elə Əliabbas kişinin özü də şəhər adamı idi – danışmağı, fikri-zikrilə də; kənddən yalnız uzaq illərin dumanlı xatirələri qalmışdı, bir də uzun-uzadı illər məsafəsindən güclə süzülüb gələn bir qəriblik.

II


    Əliabbas kişinin atası kənddən köçüb Bakıda, Sabunçu neft mədənlərində fəhlə işləyirdi, sonralar buruq ustası oldu; indi o yerlərə «Leninneft» mədənləri deyirlər və Sabunçudan tutmuş Ramanayacan uzanır. Əliabbas kişinin uşaqlığının çox hissəsi, yeniyetməliyi o yerlərdə keçmişdi, amma o, neftçi olmamışdı, dülgər olmuşdu. O vaxtlar buruqlar taxtadan quraşdırılardı. Əliabbasın da mismar vurmağa, taxta yonmağa xüsusi həvəsi var idi və hələ lap uşaqlıqdan bu işdə səliqəsinə söz ola bilməzdi. Sonralar Əliabbas mədənlərdən tamam uzaqlaşdı və tanıyanlar, bilənlər arasında adlı-sanlı dülgər oldu.
    Bütün bunlar hamısı çox-çox uzaqların söhbəti idi və bəzən gecələr, yerinə girib yuxuya getməzdən əvvəl belə bir uzaqlığın xofu kişini basırdı; özü də inanmırdı ki, bu dünyada bu qədər ömür sürüb, bu ölüm-itim dünyasında. Əliabbas kişi bir neçə il bundan əvvəl axır ki, təqaüdə çıxmışdı və təqaüdə çıxan kimi də başa düşmüşdü ki, nə qollarında qüvvət var, nə də ayaqlarında taqət; usta burasını da yaxşı başa düşmüşdü ki, onun köhnə (amma iti) mişarı, rəndəsi, baltası indi artıq yer tutur, yəni bu mənada ki, oduna gedənin baltası iti olar, işləyər, gedə bilməyənin yox. Alət işlər, əl öyünər deyiblər, amma əl ki, daha aləti tuta bilmir, deməli qurtardı məsələ, vəssalam-şüttamam.
    Usta bütün bunları yaxşı bilirdi, amma bu vəssalam-şüttamam məsələsi çox müşkül məsələ idi və adamın atasını yandırırdı. Iki gün bundan əvvəl Əliabbas kişi baltasını, mişarını, rəndəsini, çəkicini götürüb həyətlərinin küçə qapısı ağzında balaca bir skamya düzəltməyə başladı. Mismarlar əyri getdi, çəkiclə barmağını vurdu, axırda da balta ilə əlini zədələdi və pəncərələrindən boylanıb bekar-bekar küçəyə baxan Balacaxanım, qəssab Ağanəcəfin arvadı, bir haray-həşir qopardı ki, bütün məhəllə kişinin başına yığıldı:
    – Vaxsey!.. Balta əlini apardı kişinin!..
    Əlbəttə, balta kişinin əlini aparmamışdı, zədələmişdi bir balaca və
    Balacaxanımın bu haray-həşiri də əslində bekarçılıqdan idi.
    Ağamuxtar dedi:
    – Əşşi, əl çək bu işdən də, nəyinə lazımdı?! Gərək elə skamya düzəldəsən?!
    Küçə qapıları üzbəüz bir-birinə baxan Alxas bəy dedi:
    – Kişi, get otur, uzan, yat, istirahətini elə də!..
    Benzin kalonkasında satıcı işləyən Meyranqulunun oğlu Əliqulu – şer yazan və məhəllənin tarixində qəzetdə, jurnalda imzası olan ilk adam – heyran-heyran dedi:
    – Necə də əməksevər qocadır! Əsl şer qəhrəmanı, sənət qəhrəmanıdır! Bu rəşadət poetik təfəkkürün yox, həyatın bəhrəsidir!
    Əliqulunun danışıqlarını məhəllədə çox adam əməlli-başlı başa düşmürdü və bu dəfə də bu sözlərə fikir verən olmadı.
    Əliabbas kişi sağ əlində tutduğu tiyəsi qanlı baltaya baxdı və Balacaxanımın bir göz qırpımında küçəyə yığdığı adamların arasından həyətə girdi; ağzını açıb bircə kəlmə də söz demədi. Məsələ onda deyildi ki, kişini qeyrət boğurdu – bu öz yerində, məsələ bunda idi ki, belə bir naxələflik adamı yandırıb-yaxırdı. Usta onsuz da bilirdi ki, bu skamya onun dülgərlik aləmində axırıncı sözüdü (Əliabbas kişi hələlik belə fikirləşirdi və biz görəcəyik ki, belə fikirləşmək tez imiş...) və indi usta burasını da özü üçün lap yəqin etdi ki, bu balta ki, altmış-yetmiş ildən sonra onun əlini kəsir, çəkic də barmağını əzir, daha lap doğrudan-doğruya qurtardı mismar vurmaq, taxta rəndələmək.
    Xartutun yüz yaşı tamam olan həmin günün səhəri Əliabbas kişi yerindən qalxıb adəti üzrə əvvəlcə həyətin aşağı başına dəydi, sonra həyət kranında səliqə-sahmanla yuyundu, böyük gəlini Anaxanımın sübh tezdən dəmlədiyi çaydan içib çörəyini yedi və qıfılın açarını götürüb vaxtilə həyətdə taxtadan düzəltdiyi, divarlarını suvaqlayıb, ağardıb, üstünə qırmızı kirəmit düzdüyü alətxanasının qapısını açdı. Əliabbas kişi bir o qədər də ürəyi yuxa olanlardan deyildi və bu alətlərə nə özü bir xatirə kimi baxmaq istəyirdi, nə də istəyirdi ki, başqaları bunlara xatirə kimi baxsın.
    Zərgər Ələşrəf deyirdi və çox da düz deyirdi ki, zər qədrini zərgər bilər; bu mişar da, bu rəndə, çəkic, qələm də o ustanın olmalı idi ki, iş görür – pəncərə salır, qapı düzəldir, ağac yonur, mismar vurur, həm də mismarı düz vurur, əlini də zədələmir və qəssab Ağanəcəfin arvadı Balacaxanım kimisi də bekarçılıqdan harayhəşir salmır.
    Xartutun yüz yaşı tamam olduğu həmin yay gecəsi Əliabbas kişi bu qərara gəldi ki, alətlərin ən yaxşısını seçib aparıb satsın. Burada, əlbəttə, əsas məsələ pul məsələsi deyildi; əvvəla, Əliabbas kişigilin dolanacağı yaxşı idi, ikincisi, bütün alətlərin qiyməti bir o qədər də pul eləmirdi; əsas məsələ burasındaydı ki, bu alətlər yaxşı bir ustaya qismət olmalı idi, bu alətlər iş görməliydi, qalıb paslanmamalıydı. Əliabbas kişi alətləri bir-bir məhəllənin adamlarına bağışlaya da bilərdi, amma belə bir səxavətin mənası yox idi, çünki belə bir səxavət bu alətlərə rəva deyildi; çünki bu alətlər həmişə bəhrə vermişdi, gözəl-gözəl qapılar, pəncərələr, taxtlar, sandıqlar düzəltmişdi...
    Kişinin yenə alətxananı açıb çəkic, mişar götürməyini pəncərədən birinci Məsmə gördü və elə başa düşdü ki, qayınatası küçə qapısı ağzındakı yarımçıq qalmış skamyanı təzədən düzəltmək istəyir, tez Fətullanı səslədi. Fətulla şüşəbənddə oturub çay içə-içə televizorun gündüz verilişlərinə baxırdı: axşamlar bütün həyətin qız-gəlini, arvadları yığışırdı Fətullagilin şüşəbəndində televizora baxmağa (təkcə futbola baxmırdılar) və kişilərin də küçəyə çıxıb səkidə nərd oynamaqdan və nərd oynayanlara tamaşa etməkdən başqa çarələri qalmırdı. Fətulla həyətə çıxdı, sonra Ağamuxtar həyətə çıxdı, Əliabbas kişinin gəlinləri pəncərələrdən boylandı və hamı bu təzə xəbərdən tamam dilxor oldu.
    Ağamuxtar dedi:
    – A kişi, axı, dost var, düşmən var, başlayacaqsan çəkic satmağa?
    Ağamuxtar bu sözləri dedi, amma atasını da yaxşı tanıyırdı və bilirdi ki, kişinin beyninə bir şey girdisə, onu ordan dartıb çıxarmaq çətin işdi.
    – Yəni başlayacaqsan əməlli-başlı çəkic-mişar satmağa? – Bunu da Fətulla dedi.
    – Nədi, bəyəm havayı bağışlayıblar bu çəkici, mişarı? – Bu söz-söhbət Əliabbas kişinin xoşuna gəlmədi və o, oğul-uşağın üstünə çımxırdı: – Gedin, gedin öz işinizlə-gücünüzlə məşğul olun, mənim başıma ağıl qoymayın! – Amma Əliabbas kişi burasını demədi ki, nə satmaqbazlıqdır, şair demişkən, «məqsədimiz nə mey, nə meyxanədir, didari-yarı görmək üçün bir bəhanədir»; bir yaxşı usta çıxsa qarşısına ki, bu alətlərə sərraf gözü ilə baxa bilir, qolunda gücü var, ayağında da taqət, pulsuzzadsız halal edər ona bu çəkici də, mişarı da, rəndəni də və başqa nəyi varsa da hamısını.
    Məsmə fikirləşdi ki, kişi qocalıb, başı xarab olub, aləmi güldürəcək bizə, sonra qayınatası haqqında belə hörmətsiz fikirləşdiyinə görə öz-özündən utandı və pəncərənin qabağından çəkildi. Əliabbas kişi alətlərinin içindən bir yaxşı çəkic, bir yaxşı mişar, bir yaxşı rəndə və bir də bir qələm seçib torbaya yığdı, sonra heç kimin bir mətləb anlamadığı bir söz dedi:
    – Baxın, baxın bu tuta, yüzündə necə parçalanıb... – əli ilə həyətin ortasındakı xartutu göstərdi və asta addımlarla küçəyə çıxdı.
    Həyətdəkilərin hamısı dönüb xartuta baxdı və yenə də heç kim heç nə başa düşmədi.
    Əslində heç Əliabbas kişinin özü də bilmədi ki, niyə bu xartutu göstərdi və bu xartutun onun çəkic-mişar satmağına nə dəxli var.

III


    Əliabbas kişigilin məhəlləsindən yeddi-səkkiz tin aşağıda təzə bağça salınmışdı və birinci gün usta hələlik dörd alət seçib bu bağçaya gələndə, skamyalardan birində əyləşib alətləri də yanına düzəndə, təsbehini çevirə-çevirə fikirləşdi ki, istirahət, doğrudan da, qiyamət şeydi. Adamlara baxdı, uşaqlara baxdı və əvvəlcə narahat oldu ki, uşaqlar indi yığılacaq başına, başlayacaqlar mişara, rəndəyə baxmağa, amma bir az keçdi, yanından ora-bura yüyürən, bir-biri ilə oynayan uşaqların heç biri ona tərəf məhəl qoymadı, heç ayaq saxlayıb bu alətlərə baxmadı da və Əliabbas kişi fikirləşdi ki, doğrudan da, dünya yaman dəyişib. Uşaqların hərəsinin əlində avtomat, tapança, rəngbərəng balaca vedrə, bel, yüz cürə oyuncaq var, kimdi bu mişara, çəkicə fikir verən. Kişi bunu fikirləşdi və ürəyi ağrıdı, bu çəkic-mişara yazığı gəldi, onların bu kimsəsizliyi, sahibinin gücsüzlüyü, acizliyi onu yandırıb-yaxdı. Birinci gün Əliabbas kişinin rəndə-mişarına müştəri gəlmədi. Ikinci gün usta yenə gəlib bağçadakı skamyalardan birində əyləşdi və yenə də alətləri yanına düzdü. Yenə adamlara, uşaqlara baxdı və yenə də birdən-birə Cəbi yadına düşdü, öz uşaqlığını gördü, o dağların ətrini duydu, o dağların döşündəki gülçiçəyin rəngi gözlərinin qabağına gəldi, o dağların çəni-çiskini üçün darıxdı, fikirləşdi ki, bir də heç vaxt o dağlarda olmayacaq, bir də heç vaxt o dağ çayı boyunca addımlamayacaq, o saf havadan sinədolusu nəfəs almayacaq. Usta fikirləşdi ki, nə tez gəlib keçdi bu illər və belə bir fikri gözləyirmiş kimi, gözlərinin qabağından saysız-hesabsız adamlar gəlib ötdü; çoxunun heç adını da bilmirdi, harda gördüyünü yadına salmırdı, amma sifətlər bir-bir gəlib keçirdi – uzun-uzadı illər boyu gördüyü, rastlaşdığı və bəlkə də hamısının indi yer üzündə olmadığı adamların sifəti.
    Ikinci gün də Əliabbas kişinin çəkic, mişarına müştəri tapılmadı. Üçüncü gün hava bir balaca tutuldu, xəzri əsməyə başladı. Əliabbas kişi bir müddət həyətdə vurnuxub tez-tez göyə baxdı və oğul-uşaqda da bir ümid yarandı ki, bəlkə kişi daşı tökdü ətəyindən (elə bil usta özü də ürəyində yağış yağmasını istəyirdi), amma yavaş-yavaş göy açıldı və Əliabbas kişi də torbasını qoltuğuna vurub bağçaya getdi, skamyalardan birində oturub alətləri yanına düzdü. Üzbəüz skamyada cavan bir gəlin əyləşmişdi, bir əlində kitab tutmuşdu, o biri əli ilə çağa yatmış kalyaskanı asta-asta yelləyirdi. Gözlərini kitabdan ayırıb Əliabbas kişiyə baxdı və salam verdi. Əliabbas kişi gəlinin salamını aldı və yadına saldı ki, dünən də, srağagün də bu gəlin bağçada idi. Gəlin gülümsədi və Əliabbas kişiyə elə gəldi ki, bir balaca başını buladı, yəni ki, bu nə müştəri axtarmaq dəsgahıdı, kişi? Əlbəttə, ustanın öz halal puluna aldığı mişar-rəndəni satmasının heç kimə dəxli yox idi, amma hər halda bu gəlinin bu cür gülümsəyib başını bulaması adamı bir balaca naqolay vəziyyətə salırdı. Bir az keçdi və göyün üzü yenə tutuldu. Bağçadakıların çoxu – uşaqlı analar, qoca arvadlar yavaş-yavaş durub getdi və bu zaman iyirmi beşiyirmi altı yaşlarında bir oğlan Əliabbas kişiyə yaxınlaşıb alətlərə baxdı, salamsızkalamsız soruşdu:
    – Neçiyədi, kişi, bu zubul?
    Əliabbas kişi istər-istəməz ilk növbədə bu oğlanın əllərinə baxdı və oğlan da həmin baxışların mənasını başa düşdü; onun belə bir inamsızlıqdan xoşu gəlmədi:
    – Nədi, kişi, əlimə baxırsan görəsən ustayam, ya yox? Ustayam, özü də lap yaxşısından, lap kefin istəyəndən, əlimdə də, bax, görürsən, bir dənə döyənək də yoxdu. Əlcəklə işləyirəm mən, elektriklə işləyirəm. Sənin bu zubulun da heç kimə lazım deyil indi, dükanlar doludu elektrik dreli ilə, on üç manat əlli qəpiyə biri...
    Əliabbas kişi bu şəstli oğlana:
    – Get, bala, get, – dedi. Get al elektrik dreli. Səni qısnayan var ki, gəl bu zubulu al?
    Oğlan bir söz demədi, əlini o tərəf-bu tərəfə yellədi və çıxıb getdi.
    Bu oğlan bəlkə də usta idi və bəlkə, doğrudan da, kefin istəyən usta idi, amma onun ürəyi usta ürəyi deyildi.
    Üçüncü gün həmin oğlan Əliabbas kişinin çəkic-mişarı ilə maraqlanan yeganə adam oldu.
    Dördüncü gün Əliabbas kişi həyətə çıxıb alətxananı açdı, torbasını götürdü və hərəsi öz pəncərəsindən həyətə baxan Anaxanımla Məsmə bu dəfə mənalı-mənalı bir-birinə baxdı, yəni ki, ağbirçək vaxtımızda görəcək günlərimiz varmış. (Tramvaysürən Ağamehdinin anası və məhəllənin ən birinci qiybətçisi tın-tın Firuzə şayiə yaymışdı ki, usta Əliabbasın oğulları, gəlinləri ona yaxşı baxmırlar, kişi də naəlac qalıb öz çəkicini, kəlbətinini satır; düzdür, bu söhbəti eşidən məhəllə arvadları tın-tın Firuzənin ağzından vurmuşdu, amma hər halda yaxşı söz-söhbət deyildi bu.)
    Əlbəttə, Anaxanım da, Məsmə də həmin günün macərasını bilsəydilər, indi birbirlərinə bu cür mənalı-mənalı baxmazdılar və dilxor da olmazdılar. Əliabbas kişi həyət qapısından çıxıb təzə bağçaya getmək əvəzinə, torbanı qapının ağzındakı yarımçıq skamyanın üstünə qoydu, qollarını çırmalayıb skamyanı düzəltməyə başladı və ən qəribəsi də bu oldu ki, mismarlar düz getdi, balta da öz işini neçə-neçə illər bundan əvvəlki kimi, səliqəli gördü, çəkic də, rəndə də, kəlbətin də Əliabbas kişinin qupquru quruyub qaxaca dönmüş əli nə istədisə, onu elədi. Bir saat-saat yarımdan sonra skamya hazır oldu və Anaxanıma da, Məsməyə də elə gəldi ki, qayınataları yenə iyirmi-otuz il bundan qabaqkı usta Əliabbasdı. Səhəri gün Əliabbas kişi evin qapı-pəncərəsinə əl gəzdirməyə başladı, sonra həyətin şüşəbəndini səliqəyə saldı, sonra qonşulara baş çəkdi, sürahilər təzələndi, pəncərə çərçivələri sahmanlandı, həyətlərin ikinci mərtəbəyə qalxan taxta pilləkənləri qaydaya düşdü və yavaş-yavaş yay keçib getdi, payız başladı, gecə yatanda kişilər arvadlarının yanına keçdi, Cavanlar damdan evə köçdü, yüz yaşlı xartutun meyvəsi çoxdan yeyilib qurtardı, yarpaqları saralmağa başladı, Əliabbas kişinin isə yenə qolları güclü, hərəkətləri cəld, sərrast idi. Elə bil şeytan ustanı çaşdırıb yoldan eləmək istəyirmiş ki, işi-gücü burax, gəl otur, ölümünü gözlə. Bütün məhəllə və o cümlədən də Əliabbas kişinin oğul-uşağı ustanın birdən-birə beləcə cavanlaşmasına məəttəl qalmışdı, hətta Əliqulu bu işdən o qədər vəcdə gəlmişdi ki, kişinin şəninə poema yazmağa başlamışdı və bir gün məhəlləyə xəbər yayıldı ki, qəzetdə Əliqulunun poemasından bir parça çap olunub. Əliqulu şeri qırıq-qırıq misralarla yazırdı və məhəllədə bu şerlərə barmaqarası baxırdılar, amma camaat ki, qəzetdə Əliqulunun imzasını, bir neçə misrada Əliabbas kişinin adını gördü, bu cavan şairin hörməti məhəllədə birə-on artdı, Anaxanım da, Məsmə də Əliqulunun şerini qəzetdən kəsib uşaqların, qohum-əqrəbanın şəkillərini yığdıqları alboma qoydular; Əliabbas kişinin özü isə qəzetə baxdı və təkcə başını buladı. Qəssab Ağanəcəfin arvadı Balacaxanım küçə qapıları ağzında dayanıb tum çırtlaya-çırtlaya başına toplaşmış cavan məhəllə qızlarına göz vurub deyirdi:
    – Kişi yaman dirilib!.. Bir də gördün sabah özünə cavan bir arvad alıb!.. Hər səhər də yorğan-döşəkdən qalxanda arvadın gözlərinin altı qapqara...
    Balacaxanım bu sözləri deyirdi və bərkdən şaqqanaq çəkib gülürdü. Əliabbas kişi gecələr daha o dörd misranı bir o qədər də tez-tez yadına salmırdı:
    
    Yatıram yanım ağrır,
    Dururam canım ağrır.
    Sən yadıma düşəndə,
    Tamam əndamım ağrır.
    Əlbəttə, ona görə yox ki, Tubuxanım daha gec-gec yadına düşürdü; ona görə ki, əli-ayağı ağrıyanda yenə də əvvəllərdəki kimi işin çoxluğundan ağrıyırdı, qocalıqdan yox.
    Hamı bu fikirdə idi ki, Əliabbas kişi də, həyətlərindəki xartut kimi, yüzü ötəcək. Balacaxanım hərdən gəlib Əliabbas kişigilin küçələrinin ağzındakı skamyada otururdu. Məhəllənin qızları iş-gücdən on dəqiqə də olsa vaxt tapıb onun başına yığışırdı və Balacaxanım ləzzətli söhbətlər edə-edə, bərkdən şaqqanaq çəkib güləgülə o qədər tum çırtlayırdı ki, bütün səki tum qabığı ilə dolurdu. Bir dəfə də tərstərs bir ona, bir də səkinin üstündəki tum qabıqlarına baxan Əliabbas kişiyə dedi:
    – Süpürəcəyəm, ay Əliabbas dayı, süpürəcəyəm hamısını. Neyniyim, bizim qapının ağzında bir skamya düzəltmirsən də mənimçün...
    Balacaxanım beləcə gileyləndi, gülümsədi və qızıl dişləri gün işığında parıldadı. Balacaxanım ağzındakı sapsağ dişlərinin hamısını qızıl karonkaya saldırmışdı və tıntın Firuzə də bu qızıl dişlərin paxıllığından yanıb-yaxılırdı. Əlbəttə, Balacaxanım söz idi deyirdi və heç vəchlə gözləmirdi ki, Əliabbas kişi deyəcək:
    – Neynək, sizin də qapının ağzında səninçün bir skamya düzəldərəm...
    Balacaxanım elə bil ömründə bu cür sidq-ürəkdən sevinməmişdi:
    – Doğrudan? Çox sağ ol, ay Əliabbas dayı! Amma eləsini düzəlt ki, heç bir məhəllədə belə skamya olmasın! Balaca bir talvarı da olsun, Əliabbas dayı, yayda gün düşməsin üstümüzə...
    Yay vaxtları səhərdən qəssab Ağanəcəf axşam işdən qayıdanacan Balacaxanım küçə qapısı ağzında dayanıb o qızla, bu gəlinlə söhbət edirdi, laqqırtı vururdu və hamı təəccüb edirdi ki, hərəsi bir-birindən bir yaş böyük beş uşağın xörəyini kim və necə bişirir. Tın-tın Firuzə belə deyirdi ki, guya qəssab Ağanəcəf yazıq, gündüzlər kolxoz bazarında ət satır, axşamlar da qonşular görməsin deyə gizli-gizli sabahın xörəyini bişirir; bu barədə bir söz deyə bilmərik, amma bir həqiqət vardı ki, hamı qəssab Ağanəcəfdən çəkinirdi, qəssab Ağanəcəf isə Balacaxanımdan qorxurdu.
    Əliabbas kişi:
    – Neynək, – dedi, – talvar da düzəldərəm. – Əlbəttə, məsələ onda deyildi ki,
    Balacaxanım həmin talvarlı skamyada oturub laqqırtı vuracaqdı, məsələ onda idi ki, Əliabbas kişinin əllərinin bir bəhrəsi də artacaqdı. – Taxta lazımdı bir az... Balacaxanım:
    – A-a-a... – dedi. – Nə var ona?.. Ağanəcəfə deyərəm, lap bir vaqon taxta tökdürər bura...
    Əliabbas kişi səhəri gündən işə başladı, qəssab Ağanəcəfgilin küçə qapısı ağzında skamya düzəltdi, balaca bir talvar üçün taxta dirəklər hazırladı və onun cəmi bircə günlük işi talvarı düzəltmək qalmışdı ki, Balacaxanım tın-tın Firuzə kimilərin acığına, elə bil toya gedirdi, geyinib-kecinib otursun bu talvarlı qiyamət skamyada. Bütün məhəllə bu fikirdə idi ki, bu skamya Əliabbas kişinin sonradan-sonrakı ustalığının şah əsəridi.
    Həmin oktyabr səhəri Bakıya elə bil təzədən yay qayıtmışdı və yüz yaşlı xartutun həyətə səpələnmiş xəzəli ilə belə bir isti heç uyuşmurdu. Çayniki qazın üstünə qoyub səhər-səhər tabaqçada qənd doğrayan Anaxanım şüşəbənddən həyətə baxırdı. Arvadın gözü qayınatasının alətxanasına sataşdı, sonra kişinin yatdığı evin qapısına tərəf boylandı və necə oldusa, birdən-birə Anaxanımın ürəyini bir nigarançılıq bürüdü.
    Əliabbas kişi həmişə bu vaxtlar həyət-bacada dolaşardı. Bir müddət keçdi, kişilər oyandı, uşaqlar tələm-tələsik çay-çörəklərini yeməyə başladılar ki, məktəbə gecikməsinlər.
    Əliabbas kişi həyətə çıxmadı.
    Anaxanım çəkinə-çəkinə qayınatasını işə getməyə hazırlaşan Ağamuxtardan xəbər aldı. Ağamuxtar arvadının gözlərinin içinə baxdı, bir söz demədi və həyətə düşüb atasının yatdığı otağa girdi.
    Əliabbas kişi gecə yuxuda ikən keçinmişdi.
    Həmin gün bütün məhəllə gecə yarısına kimi Əliabbas kişigilin həyətinə gəlibgetdi, yüz yaşlı xartutun altında düzülmüş stullarda, kətillərdə oturub bir stəkan çay içdi, Ağamuxtarla Fətullaya başsağlığı verdi.
    Çoxadamlı o həyət elə bil, kişinin getməyilə yetimləşmişdi. O isti payız günü yüz yaşlı tut ağacı da tək-tənha idi.
    Səhər isə məhəllə görünməmiş bir hadisənin şahidi oldu: Balacaxanımın küçə qapısı ağzındakı skamyanın üstündə çox yaraşıqlı bir talvar var idi. Bütün məhəllə, qəssab Ağanəcəf də, ağlamaqdan gözləri qızarmış Balacaxanım da, Əliabbas kişinin oğul-uşağı da bu işə heyrət etdilər.
    Məhəllənin lap balaca uşaqları arasında belə bir inam vardı və ümumiyyətlə, məhəllədə belə bir şayiə gəzirdi ki, Əliabbas kişinin çəkic-mişarı, rəndə-kəlbətini gecə öz-özünə gəlib ustanın yarımçıq qalmış işini qurtarıbdır.
    Sentyabr, 1976.

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (15.01.2014) | Müəllif: R.C E W
Baxış: 6207 | Reytinq: 3.4/40
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more