Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Təzadların faciəsi (Məqalə)
TƏZADLARIN FACİƏSİ


     Son illərdə Azərbaycanın teatr həyatında, hərgah belə demək mümkünsə, canlanma nəzərə çarpır. S.Vurğun adına və Kirovabadda C.Cabbarlı adına teatrların İkinci səhnəsinin açılışı, Bakıda Aktyor studiyasının yaranması, digər şəhərlərimizdə bir sıra Poeziya teatrlarının təşkil olunması zəngin teatr ənənələrinə malik Azərbaycan səhnəsindəki həmin canlanmanın, bizcə, perspektivləri işıqlandıran bir təzahürüdür. Bu günlərdə isə yeni bir əhəmiyyətli hadisənin şahidi olduq: aparıcı dram teatrımızın - M.Əzizbəyov adına Akademik teatrın İkinci səhnəsi fəaliyyətə başladı. Teatrın müdiriyyəti bu mühüm məsələyə ciddi yanaşmış, yeni tipli və yaraşıqlı bir səhnə təşkil edə bilmişdir. Yaxşı ki, bu ciddi münasibət repertuarın seçilməsində də özünü göstərmişdir: teatr İkinci səhnənin kameralı səciyyəsindən ehtiyat etməmiş və ilk tamaşa üçün Jan Anuyun monumental «Medeya» faciəsini seçmişdir. Bu əsərin həcmi kiçik, iştirakçıları azdır, burada məkan və zaman da məhduddur, lakin oradakı monumentallıq, epik vüsət insan hisslərinin mürəkkəbliyində, psixoloji çarpışmalarında, hadisələrin gərgin dinamikasında və emosional təsirindədir.
     Qədim yunan mifologiyasının tərkib hissələrindən biri olan Medeya əhvalatı «İliada»dan bu tərəfə həmişə dünya ədəbiyyatının diqqət mərkəzində olmuşdur və J.Anuyun «Medeya»sı bu mövzunun XX əsr üçün müasir yozumunun, həm də istedadlı yozumunun bəhrəsidir. J.Anuyun «Medeya»sında surətlərin bir-birinə və həyata münasibəti «Evripidin, yaxud Senekanın ideyaları»- na nisbətən daha çoxmənalı, çoxlaylıdır.
     Medeya başdan-başa təzadlarla dolu, son dərəcə mürəkkəb daxili çılğın hiss-həyəcanlara, qızğın ehtiraslara malik bir qadındır və əslində, özü də bu mürəkkəbliyin, çılgınlığın qurbanıdır. Medeyanın ehtirasları «adi həyat» çərçivələrinə və adi təfəkkürə sığışmır: o, misal üçün öz uşaqlarını dəlicəsinə sevmə- yə və eyni zamanda, intiqam naminə bu uşaqları öz əli ilə öldürməyə qadirdir.
     Medeya qızıl dəri ardınca Kolxidaya gəlmiş arqonavtların başçısı Yazonu sevirdi və bu məhəbbətin uğrunda atasına xəyanət edib, qardaş qatili olub, qoca Paleasın başına müsibət gətirib, Fazis və Pont sahillərində, Lemiosa və Fasalliyada qanlı cinayətlər törədib. Bir vaxtlar Medeyanın «kərpicləri qızıldan sarayı» var idi, hokmdar qızı idi, indi isə, «xoşbəxtlik ətrafı dolaşdığı» bir vaxtda dünyanın ən tək, kimsəsiz və bədbəxt adamıdır. «Bütün dünyanın üz döndərdiyi» bu qadın hər yerdən qovulur, hamı ona lənət yağdırır. Hətta Korinfdə analar öz uşaqlarını onun adı ilə hədələyir.
     Medeyanın ürəyini doldurmuş, bütün varlığına hakim kəsilmiş nifrət intəhasız, sonsuzdur və bu qadın ilk növbədə özünə nifrət edir. Medeya Kreona yalvarır ki, onu öldürsün və ilk baxışda bu yalvarış süni təsir bağışlayır, çünki Medeya hərgah bu qədər ölmək arzusundadırsa, qalxıb bir qayadan özünü atsın, vəssalam. Yox, məsələ də burasındadır ki, Medeya bu cür «sadə» intihar yolu seçməyə qadir deyil, Medeya ürəyindəki nifrətin və intiqam hissinin nəyə qadir olduğunu bilir, özü özündən qorxur və Kreona da ona görə belə yalvarır ki, həmin nifrətin və intiqam hissinin törədəcəyi cinayətin baş verməsini istəmir. Bu nifrət və intiqam hissini yalnız Yazonun onu atması və Korinf şahı Kreonun qızı Kreuza ilə evlənməsi doğurmamışdır, əsas səbəbkar, ümumiyyətlə, dünyadakı etibarsızlıq, vəfasızlıq, hiylə-fəsaddır və Medeya özü də bu dünyanın bir parçasıdır. Medeya başa düşür ki, Yazonun ardınca Korinfə «cinayətin qanlı izi ilə» gəlmişdir və Yazondan ayrılmaq da qan bahasına başa gələcək. Ən başlıca məsələ isə burasındadır ki, Medeya yalnız məhəbbətinin intiqamını almır, dünyanm riyakarlığma qarşı üsyan edir və «Medeya» tamaşasmın quruluşçu rejissoru Mərahim Fərzəlibəyov bu cəhətə xüsusi fikir vermişdir.
     M.Fərzəlibəyov son iki ildə H.Ərəblinski adına Sumqayıt teatrının və M.Əzizbəyov adına Akademik teatrın səhnələrindəki bir sıra maraqlı tamaşaların quruluşunu vermiş bir rejissor kimi tanınmışdır və onun səhnəni duymaq, tamaşaları küll halında mənalandırmaq və həmin vahid məna daxilində yaddaqalan mizanlar qurmaq, yeni təsvir vasitələrindən istifadə etmək bacarığı bu cavan rejissorun sənəti barədə ədəbi ictimaiyyətdə nikbin fikirlər oyatmışdır. M.Fərzəlibəyovun yaradıcılığına belə bir diqqət bir də onunla izah olunur ki, bu gün Azərbaycan səhnəsinin istedadlı rejissorlara ehtiyacı böyükdür. Quruluşçu rejissor «Medeya»da öz yaradıcılıq prinsiplərinə sadiq qalmışdır və bu əsərdəki hisslərin, ehtirasların təzadlı səciyyəsindən bacarıqla istifadə edərək uğurlu bir tamaşa yarada bilmişdir. Burasını da qeyd etmək vacibdir ki, söhbət Böyük səhnədən getmir, imkanları nisbətən məhdud olan kiçik səhnədən gedir və M.Fərzəlibəyov həmin səhnənin spesifikasına uyğun olaraq, «Medeya» tamaşasında monumentallıqla kamerallıq arasında bədii-estetik vəhdət yarada bilmişdir və bu işdə əsas ağırlıq Medeya rolunun ifaçısı Amalya Pənahovanın üzərinə düşmüşdür.
     M.Əzizbəyov adına Akademik teatrın altmış-yetmişinci illərdəki lirik psixoloji səhnə uğurlarının bir çoxu A.Pənahovanın adı ilə bağlıdır və son zamanlarda bız aktrisanın zəngin yaradıcılıq imkanlarının yeni və maraqlı səhnə təcəssümü ilə tanış oluruq. Bir müddət bundan əvvəl «Xurşidbanu Natəvan» tamaşasında baş rolun ifaçısı A.Pənahova lirik-psixoloji incəlikləri göstərmək bacarığı ilə bərabər, istedadının epik imkanlarını da nümayiş etdirdi və psixoloji lirika ilə epik vüsətin belə bir qarşılıqlı əlaqəsi və təsiri «Medeya»da da yaxşı nəticə vermişdir.
     Medeyanın hisslər aləmi nəinki bu zərif vücuda, hətta yerə- göyə sığışmır və A.Pənahova qəhrəmanının çılğın monoloqlarını söyləyərkən hərdənbir ayaqları üstə qalxır və bu sadə hərəkət məhz həmin sığışmazlıqdan xəbər verir: Medeya özü də hissləri ilə bərabər, dünyaya sığışmır. Saysız cinayətlər törənib, lakin xoşbəxtlik gətirməyib və bu cinayətlər yanğısı ilə bərabər, bədbəxtliyin yanğısı da Medeyanı - A.Pənahovanı yandırıb-yaxır.
     Düzdür, Medeyanın hisslər aləmi, ehtirasları naqisliklərlə doludur və bu naqis hisslərin özləri belə, bir-biri ilə mübarizə aparır, lakin Medeyanın daxilindəki təmizlik, paklıq tamam məhv olmamışdır, hətta bu qədər cinayətlərdən sonra da hərdənbir Medeyanın ürəyində təmiz, lakin çox cansız, çox kövrək və taqətsiz hisslər baş qaldırır, çünki hələ də bu ürəyin harasındasa bir ümid işığı yanmaqdadır: bəlkə hər şeyi yenidən başlamaq mümkündür, təmiz bir həyat yaşamaq olar?
     A.Pənahova bu hisslər çarpışmasını, incəlikləri duya-duya məharətlə açır. Medeya öz doğma Kolxidasından didərgin düşmüşdür və onun ürəyində heç kimin ağlına gəlməyəcək bir nostalgiya var və bu nostalgiya onillik didərginlikdə yalnız vətənin deyil, yaxşı əməllərin, xeyir işlərin, heç olmasa, kiçicik bir xoşbəxtliyin nostalgiyasına çevrilib. A.Pənahova Medeyanın təbiətindəki və taleyindəki bu layları bir-bir qaldırır və göstərə bilir, həm də bu zaman əlvan, təzadlı, yağlı boyalardan da, güclə seziləcək akvareldən də istifadə etməyi bacarır.
     Medeya cinayətkardır, söz yox, lakin Medeya, eyni zamanda, cəmiyyətlə bərabər, özünü də ittiham etmək qüdrətinə malikdir. Medeya bəraət axtarmır, bəlkə də ona görə ki, artıq heç bir bəraətin onun üçün əhəmiyyəti yoxdur və bu tamaşanın ikinci yarısında, Yazonla görüşdən sonra tamam aydın olur. Medeya yeni bir cinayət işlədir və özü də məhv olur, lakin qəribədir, biz tamaşa zalını bədbin bir ovqatla tərk etmirik. Biz təsirlənmişik, həyəcanlanmışıq, biz insan xisləti barədə dərin düşüncələrə dalmışıq, lakin bədbin deyilik, həm də ona görə yox ki, quruluşçu rejissor tamaşada nikbin bir final yaratmağa çalışmışdır, ona görə ki, A.Pənahovanın oyunu xeyir ilə şərin əbədi vuruşunda xeyirin müttəfiqidir.
     Yeri gəlmişkən, qeyd edək ki, həm pyesdə, həm də tamaşada final süni təsir bağışlayır, müstəqim, birmənalıdır, halbuki «Medeya»nın İkinci səhnədə müvəffəqiyyətini təmin edən ümdə cəhət məhz müstəqimlikdən, birbaşalıqdan uzaqlıq, hisslərin, psixologiyaların çoxmənalı ehtivası və bu zaman meydana çıxan təzadlardan bacarıqla istifadədədir.
     Yazon da bu cür təzadlar içində öz gələcəyini axtarır. Medeyanın: «Dünyada Yazonsuz yaşamaq necə asan olardı!» - iddiasına Yazon ürəyinin dərinliklərindən gələn bir hisslə «Mənə də Medeyasız!» - deyir və bu asanlıq naminə Pelaskiyə qızları ilə rəqs edir, bir vaxtlar Medeyanı sevdiyi qədər heç zaman sevə bilməyəcəyi Kreuza ilə evlənmək istəyir, Medeyadan qaçır, əslində isə özündən qaçmaq istəyir. Medeya bütün cinayətləri, xəyanətləri Yazonun uğrunda edib, Yazon isə, Medeyanın özünə xəyanət edir, lakin bu xəyanətin bəraəti var: bu xəyanət «yaşamaq, asayişi qorumaq, Korinf əhli üçün qanunlar tərtib etmək və xam xəyallara aldanmadan bəşər oğluna layiq bir dünya qurub yaratmaq və orada ölümü gözləmək» naminədir.
     Yazon rolunun ifaçısı Nurəddin Quliyev belə bir mürəkkəblik qarşısında özünü itirmir və bu mürəkkəbliyin səhnə təcəssümünü verməyə çalışır. Medeya bütün cinayətləri Yazona görə edibsə də, indi Yazon onun əməllərindən dəhşətə gəlir və N.Quliyev bu daxili dəhşəti, sarsıntını yaxşı göstərir. Yazon yorulub və bütün varlığı ilə xoşbəxtlik həsrətindədir və aktyor bu həsrəti də təbii oynaya bilir. Lakin bütün bunlarla bərabər, Yazonun Medeyaya həm də bir insan kimi yazığı gəlir, ürəyində bu didərgin, kimsə- siz və çılgın qadına rəhm hissi baş qaldırır. Digər tərəfdən isə Yazon hələ də Medeyanı sevir, bu sevgini özünə belə etiraf etməyə cəsarəti çatmır, amma sevir. Yazon qəhrəmandır, amma özü də yaxşı bilir ki, Medeya həm cəsarətlidir və bəlkə haradasa bu cəsarəti qısqanır. Yazon özündən qat-qat artıq Medeyanı ittiham edir və bu da, əslində, həmin daxili cəsarətsizlikdən gəlir. Yazonun psixologiyasındakı bir-birinə zidd, eləcə də biri o birini doğuran bu hissləri açmaq və göstərmək üçün N.Quliyev ilə quruluşçu rejissor daha səmərəli işləməlidirlər.
     Səhnəmizin görkəmli ustalarından Sofa Bəsirzadə dayə rolunda təbii və yaddaqalandır. Dayə Medeyaya nisbətən tamam sadə təbiətə malikdir, əgər, belə demək mümkünsə, adi insandır və S.Bəsirzadə tamaşadakı belə bir təbiətlər təzadını yaxşı göstərə bilir. Ümumiyyətlə, qeyd etməliyik ki, quruluşçu rejissor, J.Anuyun faciəsində xüsusi məna kəsb edən bu təzaddan yaxşı istifadə edə bilmişdir. Medeyanın kəskin ehtiraslar burulğanında çırpınan təbiəti və bu ehtirasların qurbanı olan taleyi S.Bəsirzadənin ifasın- da dayənin təbii sadəliyi, adiliyi fonunda daha təsirli və ağır silqətlidir.
     Belə bir təzad səhnənin tərtibatında da özünün mənalı bəhrəsini vermişdir. Rəssam Solmaz Haqverdiyeva Medeyanın faciəsini ilk baxışda bu faciənin tələb etdiyi ağır dekorlarla, tutqun rənglərlə əks etməmişdir, belə birbaşalıqdan qaçmışdır, səhnədə zövqlə işlənmiş bir ağlıq hökm sürür və bu süd ağlığı mənəvi təmizlikdən xəbər verir.
     Medeyanın işlədiyi günahlar səhnənin bu süd ağlığı əhatəsində daha müdhiş və tükürpərdicidir, eyni zamanda, daha artıq fəlsəfi dərinliyə malikdir: dünyada belə bir süd ağlıgı mövcud ikən, insan nə üçün cinayətkar hisslərin əsiri olmalıdır, cinayətkar bir intiqam alovunda yanmalıdır, hətta körpə uşaqlar belə, qurban verilməlidir?
     Rəssam antik sütunlar üçün də maraqlı səhnə həlli tapmışdır: ağır dekorlar, taxta əvəzinə ağ ipəkdən istifadə edilmişdir və bu, bir tərəfdən həqiqi antik sütunlar illüziyası yaradırsa, digər tərəfdən də bədii materialına görə, gərgin, ağır tamaşaya estetik bir yüngüllük, yaxşı mənada bir çəkisizlik gətirir. S.Haqverdiyeva İkinci səhnəni duya bilmiş və səhnə ilə tamaşaçı arasında bir məhrəmlik əhvali-ruhiyyəsi yaratmaq üçün az iş görməmişdir.
      «Mən qan tökməkdən yorulub bezmişəm» - deyə şah Kreon əsaların köməyilə gəzir, amma bu şikəstlik Kreonun «qan tökməkdən yorulub bezməyinin» əyani səhnə təcəssümü deyil, belə olsaydı, rejissor yüngül yolla getmiş olardı, əksinə, bu fiziki şikəstlik Kreonun özünün də qəddarlığını, amansızlığını, qana hərisliyini qabarıq nəzərə çarpdıran bir təsviri vasitəyə çevrilir və rejissorun tamaşanın ümumi ruhuna müvafiq olaraq təzadlardan istifadə etmək bacarığını bir daha nümayiş etdirir.
     Kreon rolunun ifaçısı Ramiz Novruzov da N.Quliyev kimi əzizbəyovçu artistlərin cavan nəslinə mənsubdur və yeri gəlmişkən, biz Əzizbəyov teatrının cavan aktyor nəslinin yetişdirilməsində və bu cavanlara etimad göstərilməsində təqdirəlayiq fəaliyyətini qeyd etmək istəyirik. «Medeya»da Kreonun səhnəyə yalnız bir gəlişi var və R.Novruzov bu bir gəlişlə Kreon surətinin yadda qalmasına nail olur. Aktyor yaxşı zahiri imkanlara malikdir, gözləri və ümumiyyətlə, mimikası, ifadəli səsi və hərəkətləri effektlidir. Lakin burada da rejissor aktyorun imkanlarından daha səmərəli istifadə edə bilərdi, belə ki, Kreonun daxili aləminə daha artıq sirayət etmək lazım idi. Biz Kreonun daxili aləminin açılmasında, psixoloji portretində daha artıq bir hərarətə ehtiyac hiss etdik və rejissor da, aktyor da bu barədə düşünməlidir.
     Jan Anuyun faciəsi bu yazıçı üçün səciyyəvi olan patetik, bir az təmtəraqlı dildə yazılmışdır. «Medeya»nın antik mövzusu və çılğın ehtiraslarla dolu məzmunu belə bir təhkiyə üslubunu süni səslənməyə qoymur, lakin tərcümə üçün çətinliklər törədir. İstedadlı cavan tərcüməçi Natiq Səfərov bu çətin işin öhdəsindən müvəftəqiyyətlə gəlmişdir və biz hərdən, xüsusən, Medeyanın dilində tamaşanın ümumi ruhuna yad səslənən sözlər eşidiriksə də, bu, yaradıcı əməyin bəhrəsidir.
     Tamaşanın sonunda Medeya öz uşaqlarını öldürdükdən sonra, Yazona «Bu - mənəm, bu - müdhiş Medeyadır! İndisə unut məni, görüm necə unudacaqsan!» - deyir və intihar edir. Yazon sarsılmışsa da, ümidsiz deyil və alov içində yanan Medeyaya baxa- baxa: «Bəli, mən səni öz yaddaşımdan həmişəlik siləcəyəm!» - deyir.
     Bilmirik Yazon verdiyi sözə əməl edə biləcək, yoxsa yox, lakin biz Medeyanı unutmuruq və Akademik teatrımızın İkinci səhnəsi ilə yeni-yeni uğurlu görüşləri gözləyirik. Eyni zamanda, biz arzu edirik ki, «Medeya» ciddiliyi bu gün yeni yaranmış İkinci səhnə ilə həmişə birgə olsun, qoşa addımlasın, janrından - komediyadırmı, faciədirmi? - asılı olmayaraq. İkinci səhnədə tamaşaya qoyulan əsərlər sənətə ciddi bədii-estetik münasibətin təzahürünə çevrilsin, «səhnə kiçikdir, əsas səhnə deyil» - deyə zəif əsərlər, «dramaturji məlumat» buraya yol tapmasın.

1982.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (24.06.2014) | Müəllif: R.C E W
Baxış: 457 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more