Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Tənqidin vətəndaşlığı (Məqalə)
TƏNQİDİN VƏTƏNDAŞLIĞI
1.

     Son zamanlar müasir ədəbi tənqid haqlı, prinsipial və kəskin tənqidə məruz qalır, onun «mülayimliyi və vəzifə pərəstişkarlığı», «müəlliflərin heysiyyətinə və təkəbbürünə xidmət «sahəsinə» çevrilməsi «sağlam əxlaqa ziyan vuran» naqis cəhətlər kimi müəyyənləşdirilir.
     Bu naqis cəhətləri doğuran ən ümdə, ilkin səbəb nədir? Biz bu suala çavab verərkən, görünür, ən əvvəl tənqidimizdə bir küll halında, sabitləşmiş bir tendensiya kimi Vətəndaşlığın çatışmazlığı barədə düşünməliyik.
     Bu çatışmazlıq bir tərəfdən ədəbi tənqidin bədii ədəbiyyata, sənətə verdiyi qiymətdəki cəsarətsizlikdə özünü göstərirsə, digər tərəfdən də onun aktiv mənəvi bir qüvvə kimi cəmiyyətin həyatına səmərəli şəkildə müdaxilə edə bilməməsində nəzərə çarpır.
     Biz bu barədə, tənqidin müasir ədəbiyyata münasibəti haqqında bu yaxınlarda artıq yazmışıq, lakin qarşıda duran problemlər o qədər çox, mürəkkəb və həll olunasıdır ki, bir məqalə ilə, beş məqalə ilə kifayətlənmək mümkün deyil, çünki biz özümüz öz nöqsanlarımız, çatışmazlıqlarımız barədə dərindən düşünməsək, onları, necə deyərlər, götür-qoy etməsək, elə bilirəm ki, yerimizdə saymış olacağıq, yüksək bədii-estetik səviyyə uğrundakı mübarizə yollarında Azərbaycan ədəbi tənqidi az iş görməmişdir və bu baxımdan o, inqilabdan əvvəlki dövrlərə, inqilabi- demokratik və maarifçi ideyalara, M. F. Axundova, V. Q. Belinskiyə, N. A. Dobrolyubova, F. Köçərliyə aparıb çıxaran parlaq ədəbi ənənələrə malikdir.
     İyirminci illərin əvvəllərindən etibarən, bizim ədəbi tənqidimiz bir sıra vulqar sosioloji təmayüllərə baxmayaraq, bir küll halında həmişə yüksək bədii estetik əsərlər uğrunda mübarizə aparmışdır. Ə. Nazim, H. Zeynallı, M. Quliyev, B. Çobanzadə, A. Musaxanlı və başqaları kimi tənqidçilərimizin əsərlərini bu gün yenidən oxuyarkən də, biz onların tamam müxtəlif qələm sahibləri olmalarına baxmayaraq, böyük ədəbiyyat uğrunda apardıqları vətəndaş mübarizəsinin şahidi oluruq. Bu gün fəaliyyət göstərən tənqidçilərimizin bilavasitə müəllimləri olmuş M. Arif, M.Hüseyn, Mir Cəlal, C. Cəfərov, Ə.Sultanlı, H. Araslı, F. Qasımzadə, M. Təhmasib, M. Rəfili, C. Xəndan, M. Quluzadə, M. Məmmədov kimi tənqidçi-ədəbiyyatşünaslarımız yalnız ədəbi tənqidin yox, Azərbaycan ədəbiyyatının da inkişafında, bu ədəbiyyatın öz qədim və zəngin tarixinə layiq şəkildə nüfuz qazanmasında, mənəvi bir stimul kimi, cəmiyyətdə gedən ictimai proseslərin aktiv iştirakçısına çevrilməsində böyük rol oynamışlar, çünki onların ədəbi amalları dəqiq və aydın idi: həqiqi ədəbiyyat xalqı ifadə etməlidir, həm də bu bədii ifadənin arxasında həyat həqiqətlərinə sənətkar sədaqəti dayanmalıdır.
     Homerdən bu tərəfə tarix o əsərləri yaşadıb ki, onlarda nə «təmtəraqlı sözçülük», nə də konyuktorçuluq olub. Tarix o əsərləri əsrlərdən əsrlərə yetirib ki, onlar məhz «həyat həqiqətlərini» ifadə ediblər, məhz bədii kəşflərin bəhrələridir.
     Həyat həqiqəti ilə bağlı sənət üçün, o cümlədən, ədəbiyyat, eyni zamanda da ədəbi tənqid üçün yeganə bir meyar var: həqiqəti olduğu kimi əks etdirmək lazımdır, onun problematikasına qara yaxmaq olmaz, eləcə də şəkər qatmaq olmaz.
     Ədəbi tənqidin bədii ədəbiyyata verdiyi qiymət elmi-nəzəri hazırlıqla bərabər, metodoloji əsas kimi məhz həmin meyara arxalanmalıdır və təbii ki, bu meyardan çıxış edərək mülahizələri, qənaətləri bədii təcrübənin təhlilinə, ideya-estetik xüsusiyyətlərinin elmi təsnifatına tətbiq etmək üçün tədqiq və təhlil obyektini - sənəti analitik təfəkkür süzgəcindən keçirmək lazımdır. Bizim tənqidi yazılarımızın qüsuru isə məhz bu nöqtədə özünü büruzə verir.
     Tanınmış rus tənqidçisi Yevgeni Sidorov sovet tənqidinin müasir poeziyaya münasibətindən, bu poeziyanın bədii-estetik problematikasını nə dərəcədə və hansı səviyyədə ehtiva edə bilməsindən bəhs edərkən yazır ki, ədəbi tənqiddə «empirizm öz yerini analitik baxışa verməlidir» («Pravda», 13 mart 1986).
     Bizə elə gəlir ki, belə bir empirizm müasir tənqidin, o cümlədən, Azərbaycan tənqidinin yalnız poeziyaya yox, ümumiyyətlə, ədəbiyyata münasibətini səciyyələndirir və təbii ki, bu cəhət tənqidin təhlil vüsətini sönükləşdirir, onun ictimai-fəlsəfi düşüncələrini məhdudlaşdırıb, yaradıcı fantaziyasını ümumiləşdirilmiş mülahizələr və ədəbi qiymətdən kənara çəkir. Tənqid özü empirizm çərçivələrində qapanıb qaldıqda ədəbiyyatdan dünyaya analitik baxışın bədii-estetik ifadəsini necə tələb edəcək, bu yolda hansı elmi-nəzəri gücə, köməyə arxalanıb mübarizə aparacaq?
     Bu gün bizim tənqidimizin ağır «tərif xəstəliyi»nə tutulmasının da bir obyektiv səbəbi elə analitik təfəkkür vüsətinin çatışmazlığı, analitik təhlil qabiliyyətinin zəifliyi deyilmi? Elə bilirik ki, məhz belədir.
     Tərif... Tərif... Yaxşı əsər də təriflənir, pis əsər də... İstedadlı tənqidçimiz də tərifləyir, istedadsız tənqidçimiz də... Bəzən də (indi bu da azalıb) ədəbi tənqid məqalənin və ya resenziyanın sonunda stereotip və təbii ki, tamam təsirsiz bir «irad abzası» ilə kifayətlənir, dərhal da «lakin bu arzumuz əsərin ümumi müsbət təsirinə qəti surətdə xələl toxundurmur» - deyə həmin sönük «irad abzası» da dəf edilir.
     Bəzən biz ədəbi tənqid adı altında çox təəssüf ediləcək, ağır hallara rast gəlirik. Misal üçün, yazıçı, deyək ki, meşşanlığı göstərmək istəyir, lakin bu təsirin özü meşşanlıq əhval-ruhiyyəsi səviyyəsində olur, həmin səviyyə müəllifin özünün məqsəd və zövqü üçün səciyyəvi cəhətə çevrilir, ara sözləri, şit zarafatları və kütbeyin «yumor», bayağılıq səhnəyə, televiziya ekranına, kitablara, mətbuata gəlib çıxır və «tənqid» də elə həmin səviyyədən təhlil edir, tərifləyir...
     Deməliyəm ki, belə bir «tərif xəstəliyi» yalnız Azərbaycan ədəbi tənqidinin bəlası deyil, təəssüf ki, ümumiyyətlə, müasir sovet ədəbi tənqidi üçün səciyyəvi bir naqislikdir. Elə həmin Yevgeni Sidorov «Voprosı literaturı» jurnalının səhifələrində ədəbi tənqidin bu naqis cəhətindən bəhs edərək, məqalələrini «lirik ekstaz üslubunun» nəticələri adlandırır (1984, N° 3, səh. 42). L.Anninski isə bu cür yazılara «komplimentar tənqid» (həmin nömrədə, səh. 55) deyir. Göründüyü kimi, tərif məmulatının artıq öz terminologiyası yaranır, lakin xəstəlik isə uzanır, zəiflədir, əldən salır...
     Viktor Astafyev «Literaturnaya qazeta»nın səhifələrində bu yazıçıya xas olan bir maksimalizm ilə «pis ədəbiyyatı yaxşı ədəbiyyatdan seçə bilməyən oxucu kütlələri yaranıb» - deyə yalançı, istedadsız sənətin həqiqəti üstələdiyini yazır, narahatlığını bildirir (11 dekabr, 1985). Həmin maksimalizmə baxmayaraq, bu müşahidədə həqiqət yoxdurmu? Təəssüf ki, var və belə bir vəziyyətə gətirib çıxaran əsas səbəblərdən biri də tənqiddəki Vətəndaş ehtirasının zəifliyidir.
2.

     Tənqidin vətəndaşlığı yalnız onun bədii ədəbiyyata verdiyi qiymətlə ölçülmür, eyni zamanda, cəmiyyətin yaşadığı, çalışdığı, fəaliyyət göstərdiyi ictimai-mədəni həyatın vacib problemlərinə səriştəli, nüfuzlu, ciddi müdaxiləsi ilə müəyyənləşdirilir. Təsadüfi deyil ki, bütün böyük tənqidçilər böyük də ictimai xadim olmuşlar, yalnız öz-özlüyündə bədii ədəbiyyatın deyil, bütövlükdə xalqın təəssübünü çəkmişlər, xalqın hərtərəfli inkişafı naminə əllərindən gələni əsirgəməmişlər.
     Bu baxımdam vəziyyətə ötəri bir nəzər salaq.
     Bu gün gözəl Azərbaycan dili bəzən səhnədə, televiziya ekranında eybəcər hala salınır, naməlum və bayağı dialekt sözlərindən ibarət, obıvatel mahiyyətli bir «ünsiyyət vasitəsinə» çevrilir, sözlərin təhrifi, tələffüzlərin lağlağılığı sadəlövh tamaşaçıda gülüş doğurur, zövqlər korşalır, tənqid isə dözür... Bizim üçün ana dilimizdən əziz, qiymətli nə ola bilər və həmin dildə yaranan mənəvi zənginliyi araşdıran, həmin dilin özündə yazan, düşünən tənqid belə bir ciddi məqamda nə üçün inertlik göstərir? Bəzən Azərbaycan dili rəsmi məlumatlarda, xarici xəbərlərdə elə bir vəziyyətə salınır ki, oxuyub heç nə başa düşə bilmirsən...
     Bu gün orta məktəb, xususən, ibtidai siniflər üçün Azərbaycan dilində yazılmış və bu dilə tərcümə edilmiş dərsliklərin səviyyəsi bədii zövq və dil baxımından çox aşağıdır, bu barədə ara- sıra söhbətlər gedir, lakin tənqid bir vətəndaş ehtirası ilə həyəcan təbilini vurmur. Nə üçün? Axı, bu dərsliklər gələcəkdə formalaşmağın ilkin və çox mühüm mərhələlərini təşkil edir.
     Bu gün saysız-hesabsız, səsli və səssiz «müğənnilər» peyda olub və onlar televiziya ekranlarına, konsert salonlarına, toy mağarlarına Azərbaycan müğənnilik məktəbinə, milli vokal sənətinə tamamilə yad bir nəfəs gətiriblər, kimisi hind musiqisini yamsılayır, kimisi fars zənguləsi vurur. Yaxud bir dəstə aşıq səhnədə yığışıb bir-birinə macal vermədən gözəl aşıq sənətinə tamamilə yabançı ruhlu xor oxuyurlar. Yaxud Azərbaycan qadın rəqslərinin incə, zərif ritmləri, ədaları get-gedə arxa plana keçir, qızlarımız səhnədə oğlanlardan artıq bir hay-küylə atılıb-düşürlər, bəzən də bunun əksinə, ərəb rəqqasələrini yamsılayırlar. Ədəbi tənqid, sənətşünaslarımız isə susur.
     Azərbaycan ədəbiyyatı hələ də əhatəli və layiqli şəkildə başqa dillərdə, o cümlədən, rus dilində oxuculara çatdırılmamışdır. Bu gün rusdilli oxucu Füzuli kimi dahini, yaxud Vaqif kimi gözəl sənətkarı, yaxud elə sovet dövrünün Cabbarlı kimi böyük dramaturqunu layiq olduqları səviyyədə tanımır və belə bir məqamda ədəbi tənqidinı, necə deyərlər, dişsizliyini Vətəndaşlığın çatışmamazlığından başqa nə ilə izah etmək olar?
     Biz bədii ədəbiyyatdan danışırıq, bəs tənqidin özü? İndiyə qədər bizim yalnız üç nüfuzlu tənqidçimizin - M.Arifin, C.Cəfərovun və M.Rəfilinin seçilmiş əsərləri rus dilində nəşr edilib. Halbuki, əgər biz öz ədəbiyyatımızı bütün vüsəti ilə rusdilli ictimaiyyətə, rus dili vasitəsilə başqa dilli auditoriyalara təqdim etmək istəyiriksə, həmin ədəbiyyatın tarixini, faktik zənginliyini göstərən, poetikasını açan, ideya-estetik zənginliyinin, rəngarəngliyinin səriştəli elmi təsnifatını verən ən yaxşı tənqidi məqalələrimizi, tədqiqatlarımızı rus dilinə (biz hələ başqa dilləri demirik) tərcümə etməliyik. Rusdilli auditoriya bizim, deyək ki, Məmməd Cəfər kimi mötəbər bir qələm sahibimizin seçilmiş əsərləri ilə tanış deyil və aydındır ki, bu, Ümumittifaq miqyasında, ümumiyyətlə, Azərbaycan ədəbiyyatı ilə, onun problematikası ilə yaxından tanışlığın, təmasın zərərinədir. Yaxud bizim, ayrı-ayrı dəyərli monoqrafiyalanmız, nə üçün rusdilli ictimaiyyətə təqdim olunmur? Misal üçün, XX əsr Azərbaycan ictimai fikrində C.Məmmədquluzadə yaradıcılığı və fəaliyyəti, «Molla Nəsrəddin» jurnalının nəşri və «Molla Nəsrəddin» ədəbi məktəbinin yaranması hadisələri bütün demokratik Şərq mənəvi dünyasının ən əlamətdar və qiymətli faktlarındandır və bizim ədəbiyyatşünaslıqda Əziz Mirəhmədovun bu məsələlərə həsr olunmuş «Azərbaycan Molla Nəsrəddini» (Bakı, «Yazıçı», 1980) kimi sanballı, ciddi bir tədqiqat əsəri var. Bu əsər və bu tipli digər monoqrafiyalar nə üçün rus dilinə tərcümə olunmur? Kim gəlib bizim bu rusdilli tənqidçilərimizin yerinə bu işi görəcəkdir?
     Burasını da qeyd edək ki, bu sahədə az da olsa, ayrı-ayrı uğurlu nümunələrə malikik. Misal üçün, rus dilində nəşr edilmiş «Azərbaycan intibahı problemləri» (Bakı, «Elm», 1984, tərtibçi Arif Hacıyev) kitabı qaldırılan məsələnin məhz Azərbaycan ədəbiyyatı tarixi və ictimai fikri kontekstində işıqlandırılması, «Azərbaycan intibahı» anlayışının spesifikasının açılması baxımından razılıq doğurur və elə bilirik ki, ədəbiyyatımızın da, ictimai fikrimizin də qədimliyi və zənginliyi barədə rusdilli auditoriyaya az şey demir. Lakin, atalar demişkən, bir güllə bahar olmaz.
     Bizdə tərcümənin digər sahələrindəki rolu, demək olar ki, unudulub və biz bu məqamda da sükut edirik. Misal üçün, ayrı- ayrı vaxtlarda M.F.Axundov adına akademik teatrımızın səhnəsində rus və Qərb opera klassikasının «Qaratoxmaq qadın», «Riqoletto», «Faust», «Bogema» və s. kimi seçmə əsərləri tamaşaya qoyulmuşdur (yeri gəlmişkən, təəssüfümüzü bildirək ki, bunlar opera teatrımızla bağlı keçmişlərin hadisəsidir...), lakin bu böyük sənət əsərlərinin heç biri Azərbaycan dilinə çevrilməmişdir. Nə üçün Azərbaycan oxucusu S.Vurğunun parlaq tərcüməsində A.S.Puşkinin «Yevgeni Onegin» poemasını öz doğma dilində oxuyub bədii-estetik zövq alır, mənən zənginləşir, amma P.İ.Çaykovskinin «Yevgeni Onegin» operasına ana dilində qulaq asmaq sevincindən məhrumdur? Nə üçün bizim musiqili komediya teatrımız Ştrausun, Kalmanın, Leqarın, Dunayevskinin dünya operetta səhnələrini gəzən və sevinc, şuxluq bəxş edən operettalarını Azərbaycan dilində tamaşaya qoymur? Ədəbi tənqidimiz, sənətşünaslarımız belə bir vəziyyətə niyə dözür? Bəzi hallarda isə elə həmin musiqili komediya teatrında tamaşaya qoyulan ayrı-ayrı zövqsüz, sönük xalturanı tərifləyirik...
     Əlbəttə, ədəbi-ictimai həyatımızla bağlı yuxarıda toxunduğumuz problemlər (onlar göstərildiyindən qat-qat artıqdır) həlli asan məsələlər deyil və bu məsələlərin həlli də yalnız ədəbi tənqiddən asılı deyil. Lakin elə bilirik ki, bu mülahizə tənqidin vətəndaş mövqelərinin zəifləməsi üçün bəraət ola bilməz və olmamalıdır.
3.

     Ədəbi tənqidin Vətəndaşlığı üç cəhəti üzvi surətdə, bir-birinin davamı kimi özündə birləşdirə bilməsindən - dünənin mənəvi sərvətini qiymətləndirmək bacarığından, bugünkü fəal fəaliyyətindən və sabahı düşünməsindən, sabaha aparan yolların ədəbi- estetk istiqamətini müəyyənləşdirə bilməsindən çox asılıdır.
     Bu gün bizim klassik ədəbiyyatımız, ictimai fikir abidələrimiz, folklorumuz on il, hətta beş il bundan əvvələ nisbətən daha artıq nəşr edilir, lakin ədəbi tənqidin bu nəşrləri qiymətləndirməsi, həm də tələbkarlıqla, işgüzarcasına, heç bir kitabdan sərf-nəzər etmədən qiymətləndirməsi, obyektiv, elmi təqdiri, yaxud təkdiri istənilən səviyyədə deyil və burada da bir şövqsüzlük, təşəbbüskarsızlıq özünü göstərmədədir. Misal üçün, demək olar ki, eyni vaxtda üç bayatı kitabımız nəşr edilib: «Azərbaycan bayatıları» (Bakı, Elm, 1980, tərtibçilər B.Abdullayev, E.Məmmədov, Q.Babazadə), «İraq-Kərkük bayatıları» (Bakı, «Yazıçı», 1984, tərtibçi Q.Paşayev) və «Bayatılar» (Bakı, «Yazıçı», 1985, tərtibçilər V.Vəliyev, Q.Paşayev). Söz yox ki, folklorumuzun bu incilərinin nəşri ədəbi həyatımızda çox qiymətli hadisədir. Lakin ədəbi tənqidimiz bu qiymətli hadisəni necə görüb, necə işıqlandırmışdır? Çox sönük... Ayrı-ayrı resenziyalar çap olunub, lakin bir vətəndaş şövqü ilə ümumiləşdirici mülahizələr söylənməyib, elmi müqayisələr aparılmayıb, bu nəşrlərin ümumi əhəmiyyətindən sərf-nəzər edilib.
     Yaxud «Elm» nəşriyyatı 1982-84-cü illərdə Respublika Əlyazmalar Fondunun hazırladığı «Keçmişimizdən gələn səslər» (baş redaktoru C.Qəhrəmanov) adlı kitab nəşr etmişdir. Bu nəşrlərdə Rövşəni, Kişvəri, Hidayət və başqaları kimi nisbətən az tanınan şairlərin «Divan»larından nümunələr, Əlinin məşhur «Qisseyi-Yusif» pomanından parçalar, bir çox digər qiymətli abidələr oxuculara çatdırılmış, müxtəlif əlyazmaların faksimilesi verilmişdir. Lakin ədəbi həyatımızda hadisə hesab olunası bu əhəmiyyətli nəşrlər bir küll halında ədəbi tənqidin diqqətini cəlb etmişdirmi? Yox, cəlb etməmişdir. Buna görə də həmin nəşrin 1984-cü ildən bəri növbəti buraxılışlarının çap edilməməsində tənqidin günahı heç də az deyil. Burasını da qeyd edək ki, «Keçmişdən gələn səslər»in bütün buraxılışlarının tirajı cəmi 600 nüsxədir. Görünür, burada bir qanunauyğunluq var: bir halda ki, ədəbi tənqid özü bu nəşri beləcə soyuq qarşılayır, daha onun tirajı barədə niyə narahat olursan... «Elm» nəşriyyatı 1983-84-cü illərdə Azərbaycan dili tarixi, onomastika, mənbəşünaslıq, mifologiya problemlərindən bəhs edən bir sıra çox maraqlı məqalələrdən ibarət «Azərbaycan filologiyası məsələləri» adlı iki toplu nəşr edib (məsul redaktorları T.Hacyev və F.Cəlilov), lakin bu gərəkli nəşrin də tirajı yalnız 1.000 nüsxədir və çapı da poliqrafik baxımdan elədir ki, bəzi səhifələri oxumaq mümkün deyil... Maraqlı və aktual məqalələrdən ibarət «Türk dillərinin yazılı abidələrinə aid tənqidlər» (Bakı, ADU nəşriyyatı, 1985) toplusu cəmi 500 tirajla nəşr edilir, tənqid isə öz növbəsində bu nəşri görmür, susur...
     Təəssüf ki,bu cür misalların sayını xeyli artırmaq olar. Əlbəttə, bizim təəssüfümüz ədəbi tənqidin təşəbbüskarsızlığına aiddir. Bu kitabların nəşri isə, qeyd etdiyimiz kimi, əhəmiyyətli hadisədir və biz arzu edirik ki, onlar daha çox, daha səliqəli, daha artıq tirajla çap olunsun, klassik ədəbiyyatımız da, klassik Azərbaycan ədəbi fikrini ifadə edən poetika kitabları da, risalələr də, təzkirələr də qat-qat artıq çıxsın, çünki keçmişi öyrənməyi və qiymətləndirməyi bacarmadan gələcəyin mənəvi sərvətinin yaranması prosesində fəal iştirak etmək mümkün deyil. Aydın məsələdir ki, tənqid də bu yaradıcı prosesin fövqündə dayana bilməz və dayanmamalıdır.
     Azərbaycan ədəbyyat və incəsənətinin magistral xətt üzrə irəliləyişi onun məhsuldarlığı, dövrün artmış tələblərinə cavab verən bədii-estetik səviyyəsi ədəbi tənqidin nüfuzlu söz deyə bilməsi, vətəndaşlıq prinsipiallığı, obyektivliyi və təşəbbüskarlığı ilə çox bağlıdır. Həmin magistral xətt üzrə irəliləyiş o zaman daha sürətli və daha keyfiyyətli olar ki, nəzəriyyə təcrübəni nəinki ehtiva etsin, həm də təcrübəni gələcəyin ideya-bədii və estetik zirvələrinə doğru istiqamətləndirməyi bacarsın.
1986
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (23.07.2014) | Müəllif: R.C E W
Baxış: 612 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more