Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Tənqidimizin metodoloji problemləri (Məqalə)
TƏNQİDİMİZİN METODOLOJİ PROBLEMLƏRİ
BİRİNCİ MƏQALƏ


     Müasir ədəbiyyatın tədqiqində və təhlilində metodoloji prinsiplər get-gedə daha artıq nəzəri-estetik rol oynamağa başlayır, çünki dövr mürəkkəbləşdikcə, təbii ki, həmin dövrün ədəbiyyatı da mürəkkəb dünyagörüşünü, psixologiyanı, etik-estetik xüsusiyyətləri, ictimai münasibətləri daha artıq dərəcədə özündə əks etdirir. Ədəbiyyat bütün dövrlərdə ictimai inkişafın qanunauyğunluqları ilə qoşa addımlamışdır və həmin ədəbiyyatın özünün inkişafında qanunauyğunluqları, onun məxsusiliyini, spesifikasmm mahiyyətini açmaqda, bədii-estetik və ictimai simasını müəyyənləşdirməkdə metodoloji prinsiplər, geniş mənada, üslüblar estetikanın kateqoriyası səviyyəsinə yüksəlir.
     Müasir ədəbiyyatın nəzəri təsnifatı, onun tipikləşdirilməsi ədəbi tənqidin metodoloji məharəti və dəqiqliyi ilə ən sıx əlaqədədir, çünki nəzəri müddəalar, elmi nəticələr və bu zaman bədiiliyə verilən qiymət bilavasitə tənqidin öz tədqiq və predmetinə yanaşma üsulunun, yəni metodoloji prinsiplərə riayətinin sayəsində yaranır. Qəribədir ki, tənqidin bu dərəcədə mühüm tərkiblərindən biri olmağına baxmayaraq, biz tənqidin tənqidində nəzəri dolğunluqdan, faktik dəqiqlikdən və s. danışırıq, lakin onun metodoloji mündəricatına lazım və layiq olan tərzdə fikir vermirik. Belə bir naqis cəhət bir tərəfdən üslub müxtəlifliyi baxımından tənqidimizin bir küll halında yeknəsəqliyinə gətirib çıxarır, təravətini azaldır, əyanilik yaradır, digər tərəfdən isə, metodoloji qüsurlara səbəb olur.
     Biz bu yazımızda müasir Azərbaycan ədəbi tənqidinin elmi-nəzəri təsnifatını vermək, ümumi vəziyyətini və vəzifələrini müəyyənləşdirmək fikrində deyilik, bunlar tənqidimizin qlobal problemləridir və son zamanlar haqlarında da az yazılmır, lakin tənqidimizin heç də az əhəmiyyəti olmayan spesifik problemləri də vardır ki, bunlardan ən mühümü, bizcə, onun metodoloji mənzərəsidir. Məhz bu baxımdan, tənqidimizdə təsadüf etdiyimiz kəsir və çatışmazlıqlara konkret münasibətimizi bildirmək istəyirik.
     Aydındır ki, istedadlı və istedadsız ədəbiyyat olduğu kimi, istedadlı və istedadsız tənqid də mövcuddur və biz yuxarıda yazdığımız metodoloji qüsurları istedadlı tənqidçilərimizin də yaradıcılığında müşahidə etdikdə daha artıq narahat oluruq, çünki tənqidin vəzifəsi ədəbiyyatın inkişafı üçün münbit zəmin yarat- maqdan ibarətdir və həmin inkişafa da, təbii ki, istedadlı tənqid təsir edir, istedadsız tənqid yox.
     Akif Hüseynov son illərdə yazdığı məqalələrdə müasir ədəbiyyatımızın, xüsusən, nəsrimizin problemlərini elmi-estetik fikrin bu gün əldə etdiyi nəzəri yüksəklik səviyyəsindən işıqlandırmağa çalışır və bu zaman yalnız Azərbaycan deyil, Ümumittifaq, bəzi hallarda isə, dünya ədəbi prosesinin təcrübəsindən istifadə etmək istəyir. Bu, əlbəttə, təqdir olunası bir cəhətdir, çünki ədəbi tənqidimizin ümumi mənzərəsində məhz belə bir cəhdin çatışmazlığı dünən olduğu kimi, bu gün də nəzərə çarpır, bizi narahat edir və düşündürür.
     Ədəbi proses çox geniş bir məfhumdur, cari dövrün bədii ədəbiyyatını, tənqidini, müxtəlif ədəbi tədbirləri özündə birləşdirir və bunların bir-biri ilə, eləcə də təbii ki, cəmiyyətlə qarşılıqlı münasibətlərini özündə əks etdirir. Həmin qarşılıqlı münasibət nə qədər yüksək intellektual və emosional keyfiyyətlərə malikdirsə, nə qədər artıq dərəcədə vətəndaşlıq qayələri ilə nəfəs alırsa, ədəbi proses də bir o qədər canlı olur və milli mədəniyyətin inkişafında effektli rol oynayır. Eyni zamanda, ədəbi prosesin ehtiva dairəsi də nə qədər vüsətlidirsə, onun məzmunu bir o qədər geniş, dolğun və əhatəlidir.
     Bu mənada, milli ədəbiyyatın, daha geniş götürsək, milli mədəniyyətin inkişafı naminə digər xalqların ədəbi prosesinin təcrübəsini öyrənmək, ona nəzəri «müdaxilə» etmək bir tərəfdən milli ədəbi prosesi zənginləşdirir, digər tərəfdən isə, milli mənəvi sərvətin bəşəri mahiyyət daşımasına sövq edir. Bu, çox incə məsələdir, çünki kiçicik bir ehtiyatsızlıq, hissə qapılmaq metodoloji yanlışlıqlara gətirib çıxarar. Bədiiliyin qiyməti verilərkən qeyri- elmi müqayisələr ədəbi meyarlara çevrilir.
     Doğrusu, Akif Hüseynovun «Həyatımız və nəsrimiz» silsilə məqalələrində («Azərbaycan» jurnalı, 1983, N 8,9) hiss etdiyimiz belə bir yanlış metodologiyanın əlamətləri bu qeydləri yazmağımıza səbəb oldu. Biz «əlaməüər» deyirik, çünki, həqiqətən, söhbət bu məqalələrin mahiyyətini təşkil edən yanlış metodologiyadan yox, onun məhz əlamətlərindən gedir və biz ona görə bu əlamətlərə indidən prinsipial münasibət bəsləyirik ki, sabah onlar aparıcı metodologiyaya çevrilməsin.
     Akif Hüseynov 1982-ci ilin nəsrinə həsr olunmuş bu icmal səciyyəli və ümumilikdə bir sıra tutarlı mülahizələri, dəqiq müşahidələri ilə diqqəti cəlb edən məqalələrinin başlanğıcında «klassik icmal nümunələrinin» ümumiləşdirmək gücündən söhbət açır və inanmaq istəyir ki, onun söyləyəcəyi mülahizələr diqqəti nəsrimizin «vətəndaşlıq ruhunun qabarıqlığına və estetik yetkinliyinə yönəltmək baxımından əhəmiyyətsiz olmayacaq».
     Göründüyü kimi, məsələ çox ciddi qoyulur və biz bilirik ki, Akif nəzəri cəhətdən hazırlıqlı, aktiv və zəhmətkeş tənqidçilərimizdən biridir, buna görə də bizim fikir mübadiləsi aparmaq ehtiyacımız daha da artır, çünki söhbət səriştəsiz bir müəllifin təsadüfi fikirlərindən yox, təcrübəli tənqidçinin mülahizələrindən gedir.
     Akif Hüseynov səksən ikinci ildə çap olunmuş bir sıra nəsr əsərlərimizin geniş təhlilini verdikdən sonra, belə bir ümumiləşdirilmiş fikir söyləyir: «İttifaq miqyasında, məsələn, Pribaltika nəsrinin, gürcü nəsrinin müvəffəqiyyətləri, yüksək nüfuzu müqabilində bizim nəsrin mövqeyi xeyli adi görünür. Bu hal ciddi təşviş doğurmalıdır. Axı, niyə belə olsun?! Niyə bizim nəsr də qabarıq seçilən boyaları, təravətli tapıntıları ilə, tam halda sıçrayışı ilə geniş miqyaslarda dərin hörmət qazanmasın, mötəbər ədəbi kürsülərdə bizim nəsrin də nailiyyətləri ön mövqelərə çəkilməsin?!».
     Belə bir müstəqim müqayisə, Pribaltika və gürcü nəsrini müasir Azərbaycan nəsrinə qarşı qoymaq və bu qeyri-elmi müqayisədə üstünlüyü Pribaltika və gürcü nəsrinə vermək cəhdləri metodoloji baxımdan bizə qəribə və əsassız görünür.
     Bu gün Azərbaycan nəsri və bu nəsrə sovet tənqidinin münasibəti Ümumittifaq ədəbi prosesinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Ümumittifaq tənqidində «yeni Azərbaycan nəsri» anlayışı yaranmışdır, müxtəlif nəslə mənsub olan nasirlərimiz dövrün aktual problemlərini qaldırır və onların bədii həllini verməyə çalışırlar. Q.Lomidze, S.Zalıgin, Z.Kedrina, L.Anninski, V.Oskotski, P.Ulyaşov, Y.Surovtsev, A.Marçenko, Y.Şklovski və bir çox başqaları kimi tanınmış tənqidçilər, yazıçılar həmin nəsrin bədii-estetik xüsusiyyətlərini öyrənir, yüksək meyarlar səviyyəsindən təqdir və təkdir edirlər.
     Əlbəttə, deyək ki, Litva romanı güclü romandır, əlbəttə, son illərdə gürcü nəsrinin maraqlı nümunələri çap olunub, lakin bunlar nə üçün Azərbaycan nəsri hesabına qiymətləndirilməlidir?! Həm Litva, yaxud eston nəsrinin, həm gürcü nəsrinin, həm də Azərbaycan nəsrinin öz yeri var, öz məxsusi məziyyətləri və məxsusi də çatışmazlıqları var. Bu gün Ümumittifaq ədəbi tənqidi bir tərəfdən Litva nəsrinin zehni inkişafından danışırsa, o biri tərəfdən Azərbaycan nəsrinin emosionallığını nəzərə çatdırır, yaxud gürcü nəsrinin əsatirlərə meyli tədqiq olunur. Bunlar nə üçün qarşılaşdırılmalıdır?
     Qarşılıqlı ədəbi əlaqələrin və təsirin getdikcə daha artıq bir rol oynadığı zamanda, söz yox ki, biz digər respublikaların ədəbiyyatının təcrübəsindən xəbərdar olmalıyıq, qarşılıqlı surətdə öyrənməli və öyrətməliyik, lakin bu «öyrənmək» özümüzünkünü görməmək, kiçiltmək hesabına olmamalıdır.
     Akif «mötəbər ədəbi kürsülər»dən danışır və bu yerdə biz onun patriotik hisslərini başa düşürük, lakin bu «mötəbər ədəbi kürsülər»dən indiyə qədər olduğu kimi, nə üçün, əsasən, rus tənqidçiləri, digər respublikaların tənqidçiləri çıxış edirlər, bəs, bizim öz tənqidçilərimiz, o cümlədən, Akif Hüseynovun özü həmin «mötəbər ədəbi kürsülər»də niyə görünmürlər?
     Yaxşı, deyək ki, bizim nəsrin nailiyyətləri Akif üçün «ön mövqelərdə» dayanmır, bəs, o ki, Pribaltika nəsrini, gürcü nəsrini Azərbaycan nəsrinin hesabına bu qədər qiymətləndirir, nə üçün Ümumittifaq mətbuatında, «mötəbər ədəbi kürsülər»də, heç olmasa, bu barədə danışmır, eston romanını, yaxud Latviya novellasını təhlil etmir? Axı, onun başqa respublikalardan olan həmkarları bu işlə ciddi məşğuldurlar. Məgər osetin Nəfi Cusoytı, yaxud dağıstanlı Kazbek Sultanov, yaxud özbək Ləziz Kayumov Azərbaycan nəsri ilə, digər respublikaların nəsri ilə əlaqədar mərkəzi mətbuatda çıxış etmirlərmi?
     O ki, qaldı «tam halda sıçrayışa», ədəbiyyat, hər halda, mənəvi sərvətdir, xalq təsərrüfatı deyil və ondan «tam halda sıçrayış»ı ummaq da düzgün deyil. Bütün dövrlərdə, bütün epoxalarda həmişə yüksək səviyyəli əsərlərlə bərabər, səviyyəsiz əsərlər də yaranıb, ədəbiyyat heç vaxt yalnız və yalnız «tam halda sıçrayış»a zəmin yaradan şedevrlərdən ibarət olmayıb.
     Akif Hüseynovun haqqında bəhs etdiyimiz qəti mülahizəsindən sonra qarşıya təbii bir sual qoyur: «Bunun səbəbi nədir?». Biz maraqla bu suala Akifin özünün cavabını oxumağa başlayırıq, çünki, doğrudan da, maraqlıdır, müəllif bu yanlış müddəasının səbəbini nədə görür?
     Oxuyuruq: «Bəzən güman edildiyi kimi, tənqidimizin acizli- yindəndirmi, nailiyyətlərimizin kifayət dərəcədə təbliğ olunmamasındandırmı?». Müəllif tələsik bu sualın üzərindən keçir: «Yox, görünür, hər şeydən əvvəl, nəsrin özündədir, nailiyyətlərimizin cazibəsinin zəifliyindədir. Bəlkə, istedadlarımız azdır, onların potensial imkanları məhduddur? Buna da inanmaq olmur (Təəccüblüdür, çünki o mövqedə ki, Akif dayanıb, gərək buna inansın!). Bizdə, yuxarıda dediyim kimi, həqiqət hissinə sadiq qalmağa çalışan, yaradıcılığa vicdan meyarı ilə yanaşan sənətkarlar vardır. Bu, çox mühüm keyfiyyətdir, müasir mərhələdə nail olduğumuz və sabaha inamımızı artıran, bəlkə də, ən dəyərli bədii sərvətimizdir (Əlbəttə, «həqiqət hissinə sadiq qalmaq», «yaradıcılığa vicdan meyarı ilə yanaşmaq» öz-özlüyündə «bədii sərvət» ola bilməz, həmin keyfiyyətlərin dolğun bədii təcəssümü «bədii sərvət»ə çevrilə bilər). Tənqidimiz nəsrimizin çətinliklərinə, onun zəifliklərinə diqqətini artırmalıdır, yazıçılarımızın nəzərini xalq həyatına, cəmiyyət həyatının köklü problemlərinə yönəltməlidir. Nəsrin estetik təravəti də bizi ciddi düşündürməlidir».
     Göründüyü kimi, tənqidçi, əslində, istər-istəməz yenə də təqsirin bir hissəsini tənqidin üstünə yıxır, lakin biz də başqa bir ifrata varıb, tənqid ilə nəsri müqayisə etmək və tənqidin hesabına nəsrə üstünlük vermək fikrində deyilik. Məsələ burasındadır ki, bizcə, müəllif «Pribaltika nəsrinin, gürcü nəsrinin müvəffəqiyyətləri, yüksək nüfuzu müqabilində bizim nəsrin mövqeyi xeyli adi görünür» - hökmü ilə əlaqədar qarşıya qoyduğu, «Axı, niyə belə olsun?!», «Bunun səbəbi nədir?» suallarına cavab verə bilmir. Akifin şikayət etdiyi «nailiyyətlərimizin cazibəsinin zəifliyi», «nəsrimizin çətinlikləri», «onun zəiflikləri», «nəsrin estetik təravəti» kimi anlayışlar çox ümumi mahiyyət daşıyır və bizim nəsrimizin «mövqeyinin xeyli adi» görünməsini bu ümumi sözlərlə izah eləmək, əlbəttə, tənqidçinin özünün «mövqeyinin xeyli adiliyinə» gətirib çıxarar və biz bunu istəməzdik, çünki söhbət «adi» yox, istedadlı tənqidçidən gedir.
     «Yazıçılarımızın nəzərini xalq həyatına, cəmiyyət həyatının köklü problemlərinə yönəltməyə» gəldikdə isə, öz-özlüyündə biz bu fikirlə mübahisə etmirik, bu, Azərbaycan nəsri üçün də, Pribaltika nəsri üçün də, gürcü nəsri üçün də vacibdir, çünki uğurlu əsərlərə malik olub-olmamasına baxmayaraq, ümumiyyətlə, həmişə ədəbiyyat üçün vacib olub.
     Digər tərəfdən isə, Akif özü birinci məqaləsində «keçən ilin nəsr nümunəsinə» bədii təsvirin inandırıcılığı və kəsərliliyi baxımından nəzər salaraq, nəsrimizin əldə etdiyi müvəffəqiyyət kimi üç əsas cəhəti müəyyənləşdirir:
     1.«...qəhrəmanların ömür yolunu cəmiyyət həyatının konfliktləri fonunda əks etdirməyə meyl güclənmişdir və bu, hazırda nəsrimizin ən perspektivli xüsusiyyətlərindəndir».
     2.«İndi ədəbi prosesdə daha artıq mənəvi yanğı, yazıçı mövqeyinin qətiyyətliliyi duyulur, bütünlükdə nəsrimizin etik mövqeyinin fəallığı diqqəti cəlb edir».
     3.«Onu da razılıq hissi ilə deməliyəm ki, sənətkarlarımız qarşıda duran vəzifələrin böyüklüyünü, ciddiliyini getdikcə dərindən anlayıb: bədii sözü xalqın, zamanın səsi, həqiqətin səsi kimi ucaltmaq zərurəti indi daha artıq dərəcədə hiss olunur».
     Biz bu nəzəri təsnifat ilə, tamamilə, razıyıq və bunu Akif Hüseynovun dəqiq tənqidçi müşahidəsinin nəticəsi hesab edirik. Lakin burası da var ki, bu uğurlu cəhətlərin hər üçü «yazıçılarımızın nəzərini xalq həyatına, cəmiyyət həyatının köklü problemlərinə yönəltmək» məsələsi ilə ən sıx əlaqədədir və biz Akifin öz təsnifatından belə bir düzgün nəticə çıxarırıq ki, xalq həyatına, «cəmiyyət həyatının köklü problemlərinə Azərbaycan nəsrinin müdaxiləsi bu gün dünənə nisbətən daha hərtərəfli və daha dərindir, çünki nəsrimiz üçün, yuxarıda yazdığımız kimi, çox mühüm və gərəkli olan bu cəhət, şəksiz, inkişafdadır».
     Təəssüf ki, bu cür uyğunsuzluq, mülahizələrin bir-birini tamamlaması əvəzinə pərakəndəliyə gətirib çıxarması hallarına biz Akifin məqalələrində ara-sıra rast gəlirik. Misal üçün, tənqidçi, Ə.Əylislinin «Gilənar çiçəyinə dediklərim» povestini təhlil edərkən, bir sıra ciddi iradlarını söyləyir: «Yazıçı çox vaxt şəri, eybəcərliyi hazır vəziyyətdə alır, onu proses kimi izləmir, onu quran amilləri açmır». Biz tənqidçi ilə razıyıq, qəhrəmanları süni şəkildə «yaxşılara» və «pislərə» bölmək olmaz, yəni, belə adi bir həqiqət ki, yazıçı öz qəhrəmanlarının həm ittihamçısı, həm də vəkili olmalıdır. Bu cür süni bölgüdən bizim nəsrimiz də az zərər çəkməyib...
     Tənqidçinin ikinci bir iradı: «...müəyyən özünütəkrar meyli də nəzərə çarpır. Müəllifin nəinki eyni fikrə, həm də eyni ifadə vasitəsinə, eyni obrazlar sisteminə dönə-dönə üz tutduğunu müşahidə edirik». Biz bu iradla da razıyıq və vaxtilə bu barədə yazmışıq.
     Tənqidçinin üçüncü bir iradı: «Ə.Əylislmm hekayə və povestiərimn emosional təsiri çox güclüdür, ancaq bunlarda gerçəkliyə sosial nüfuz dolğun deyil». Bu fikri bir də yenidən oxuyuruq və əlbəttə, təəccüblənirik: bu nə deməkdir, necə iraddır? Məgər, bədii əsərdə «gerçəkliyə sosial nüfuz», onun «emosional təsirini» müəyyənləşdirən mühüm şərtlərdən biri deyilmi? Necə ola bilər ki, «gerçəkliyə sosial nüfuz dolğun» olmasın, amma «emosional təsir çox güclü» olsun? Hər- gah gerçəkliyə sosial nüfuz dolğun deyilsə, o zaman, demək, həmin əsərlərin emosional təsir gücü də zəifdir. Yox, hərgah «hekayə və povestlərin emosional təsiri çox güclüdürsə», o zaman bunlarda «gerçəkliyə sosial nüfuz» da dolğun olmalıdır. Təkrar edirik ki, «gerçəkliyə sosial nüfuz» emosional təsirin fövqündə dayanmır, əksinə, həmin təsiri yaradır.
     Yaxud başqa yerdə Akif Hüseynovun belə bir fikri ilə rastlaşırıq: «...nəsrimizin aparıcı personajlarının çoxusu, xüsusilə, bu cəhətdən axsayırlar» («şüur aydınlığı və mühakimə sərrastlığı» nəzərdə tutulur.). Təbii ki, yenə də təəccüblənirik: axı, necə ola bilər ki, həmin personajlar bir tərəfdən nəsrimizdə aparıcı mövqedə dayansınlar, digər tərəfdən isə, «şüur aydınlığı və mühakimə sərrastlığı» etibarilə «axsasınlar».
     İstər-istəməz, biz, keçən il Akif Hüseynovun «Nəsrimiz və keçmişimiz» silsilə məqalələrində söylədiyi və hafizəmizdə qalmış bir fikrini xatırlayırıq. Akif Çingiz Hüseynovun «Labüdlük» adlı əsərini təhlil edərkən yazırdı: «Povestdə qüsurlar da yox deyildir, hətta deyərdik ki, əsərin kəsirləri onun məziyyətlərindən irəli gəlmişdir» («Azərbaycan», jurnalı, 1982, N° 10, səh.187). Bu nə deməkdir? Təkrar-təkrara çevrilə bilər, kəmiyyət keyfiyyətə təsir edər, amma bədii əsərin məziyyətlərinin qüsurlar doğurmasını, doğrusu, birinci dəfə eşidirik... Tənqidçi bu qəribə fikrini belə açırdı: «Faktlara aşkar tendensiyalı münasibət müəyyən hallardan onların «ehtirassız» oxunuşuna imkan verməmişdir. Müəllif mövqeyinin aşkar qətiliyi, fikirlərin təqdimindəki şərti konstruksiya təsvirləri şərhlərin «sərbəstliyini» (burada və yuxarıda dırnaq müəllifindir) nisbətən zəiflətmişdir. Assosiativ üsluba, düşüncələr axarına hədsiz meyl bəzən haradasa əsərin qavranılmasını çətinləşdirmişdir».
     Burada hansı məziyyətlər nəzərdə tutulur? «Faktlara aşkar tendensiyalı münasibət»in, yoxsa «assosiativ üsluba, düşüncələr axarına hədsiz meyl»in? Axı, tənqidçinin fikrinə görə «Labüdlük» əsərinin qüsurlarını yaradan məhz bunlardır.
     Təəssüf ki, bu cür misalların sayını artırmaq olar və Akifin məqalələrində olduğu kimi, digər istedadlı tənqidçilərin də yazılarında ara-sıra bunlara təsadüf edirik. Lakin əsas mövzumuzdan yayınmayaq və bu məqaləni yazmağımıza səbəb olmuş həmin qeyri-elmi və qeyri-obyektiv müqayisənin üzərinə qayıdaq.
     Biz yuxarıda yazdıq ki, Akif Hüseynovun məqalələrində həmin yanlış təmayülün əlamətlərinə təsadüf edirik və deməliyik ki, bu əlamətlər müxtəlif şəkildə özünü göstərir. Misal üçün, tənqidçi, bəzən, Azərbaycan nəsrinin ayrı-ayrı nümunələrini digər respublika ədəbiyyatının nümunələri ilə qarşılaşdırır və bu zaman biz hissəqapılma hallarını müşahidə edirik. Elə həmin «Nəsrimiz və keçmişimiz» silsiləsindən ikinci məqaləsində Akif Hüseynov F.Eyvazlının Qaçaq Kərəmdən bəhs edən «Kərəm meydanı» povestini təhlil edir və biz bütünlükdə, bu əsaslı təhlili qəbul edirik, lakin birdən-birə yenə də belə bir fikirlə rastlaşırıq: «Povestdə məşhur «Data Tutaşxia» romanının müəyyən təsiri duyulur». Doğrusu biz Akifdən fərqli olaraq, bu əsərlər arasında da bir bənzəyiş, səsləşmə hiss etmədik, lakin əsas məsələ bu da deyil; daha sonra oxuyuruq: «Əlbəttə, qaçaq mövzusuna müraciət edərkən, Ç.Amirecibinin təcrübəsindən yan keçmək çətindir...».
     Əlbəttə, «Data Tutaşxia» son illərdə sovet ədəbiyyatında yaranmış diqqətəlayiq əsərlərdən biridir, lakin bununla bərabər, qaçaqçılığın Azərbaycan xalqının tarixində daha böyük rolu var, həmin milli ictimai hadisənin parlaq ənənələri yaranmışdır, o ənənələr müxtəlif əfsanələrdə, rəvayətlərdə «Koroğlu» kimi, «Qaçaq Nəbi» kimi eposlarda, dastanlarda yalnız qaçaqların deyil, ümumiyyətlə, xalqın böyüklüyündən xəbər verir və daha münasib (və daha obyektiv!) olmazdımı ki, tənqidçi Azərbaycan yazıçısının diqqətini Ç.Amirecibinin təcrübəsindən daha əvvəl məhz həmin milli instituta, ənənələrə, dastanlara cəlb etsin?
     Akif yazır: «...yaxşı olardı ki, həmin əsər bizdə də Data Tutaşxia vüsətində və əzəmətində (aydındır ki, söhbət təqliddən, yaxud analoji nümunədən yox, bizim öz mühitimizin dataların bütün orijinallığı ilə meydana çıxarmaqdan gedir - A.H.) obrazlar yaranması üçün örnəyə çevriləydi, biz də xalq ruhunun bu dərəcədə dolğun təcəssümü, haqqın, ədalətin bu dərəcədə ehtiraslı axtarışı ilə təsirlənəydik».
     Məlum deyil, nə üçün biz «öz mühitimizin» hazır Koroğlularının, Qaçaq Nəbilərinin, Qacaq Kərəmlərinin obrazlarını «bütün orijinallığı ilə meydana» çıxarmamalıyıq, «öz mühitimizin Datalarının» surətini yaratmaq üçün çalışmalıyıq? Tənqidçi əmindirmi ki, yalnız bu zaman «xalq ruhunun dolğun təcəssümü» ilə rastlaşacağıq, bunun əksi ilə yox?
     Biz qeyd etdik ki, «Data Tutaşxia» uğurlu əsərdir, lakin bu uğur əsas verirmi ki, həmin əsər bizim ədəbiyyatımız üçün, yəni şanlı qaçaqçılıq tarixinə malik bir xalqın ədəbiyyatı üçün qaçaq surətlərinin yaranmasında örnəyə çevrilsin? Biz qəti surətdə əminik ki, konkret olaraq Data Tutaşxianı etalon kimi götürüb Qaçaq Nəbinin parlaq bədii surətini yaratmaq mümkün deyil, çünki bu zaman Qaçaq Nəbi, yaxud Qaçaq Kərəm özləri ilə Data arasındakı bir surətə çevriləcəklər, xəlqilik zərər çəkəcək, sünilik üstələyəcək.
     Ç.Amirecibinin «Data Tutaşxia»sı, bizcə, ilk növbədə ona görə uğurlu bir əsər çıxıb ki, orada konkret olaraq nə Şillerin, nə Lev Tolstoyun, nə də, deyək ki, Bestujev Marlinskinin yaratdıqları surətlər örnək götürülməyib, gürcü yazıçılarının, gürcü folklorunun təcrübəsi əsas götürülüb və buna görə də, məhz milliliyi ilə bəşəri yüksəkliyə qalxan bir obraz yaradılıb.
     Akif yazır ki, «Ç.Amirecibinin təcrübəsindən yan keçmək çətindir», bəs, biz nə deyirik? Həmin təcrübədən sərf-nəzər edilməlidirmi? Yox, biz deyirik ki, həmin təcrübə öyrənilsin, yüksək qiymətləndirilsin, lakin onun bizim qaçaqçılıqdan bəhs edəcək gələcək əsərlərimiz üçün konkret örnəyə çevrilməsini tələb etməyə ehtiyac yoxdur. Burasını da qeyd edək ki, gürcü yazıçıları hələ Ç.Amirecibidən əvvəl azərbaycanlı qaçaqların (misal üçün, Qaçaq Kərəmin) həyatından az yazmayıblar və görünür, bu da «Data Tutaşxia»nın meydana çıxmasında az rol oynamayıb. Lakin Amirecibinin, bizcə, əsas xidməti ondadır ki, Datanı əsl gürcü tipajına çevirə bilib, onu gürcü təfəkkür tərzinin, psixolojisinin bədii təcəssümçüsü yüksəkliyinə qaldırıb.
     Burada biz çox vacib saydığımız bir məsələyə toxunmaq istəyirik. Müasir dövrdə qarşılıqlı ədəbi əlaqələrin və ədəbi təsirin əhəmiyyəti hamımıza yaxşı məlumdur. takin bizim ədəbi tənqiddə bu məsələnin əhatə olunması bəzən birtərəfli təsir bağışlayır, çünki biz bir sıra hallarda öz ədəbiyyatımıza təsirin şərhçilərinə çevrilirik, bunun əksindən isə sərf-nəzər edirik. Yeri gəlmişkən deyək ki, bu məsələ ilə bağlı Azərbaycan ədəbiyyatşünaslıq elmi qarşısında da məsul vətəndaşlıq vəzifələri dayanır.
     Bizim ədəbiyyatşünaslığımız indiyə qədər bu sahədə az iş görməmişdir, ədəbi əlaqələr, xüsusən, rus-Azərbaycan ədəbi əlaqələri ilə bağlı bir sıra yüksək elmi-nəzəri səviyyəli monoqrafiyalar yazılmış, bəhrə verən axtarışlar aparılmışdır və bu gün də həmin tədqiqlər, axtarışlar davam edir. Lakin ədəbi əlaqələrlə məşğul olduqda, «qarşılıqlı» anlayışının daşıdığı mənanı unutmaq olmaz (söhbət «qarşılıqlı surətdə zənginləşmə»dən gedir). Bizdə indiyə qədər aparılmış tədqiqatların, yazılmış əsərlərin böyük əksəriyyəti yalnız Azərbaycan ədəbiyyatına təsirdən bəhs edir, bunun qarşılığı isə, yəni digər qardaş xalqlar ədəbiyyatına Azərbaycan ədəbiyyatının, folklorunun, milli xarakter və psixologiyasının, ədəbi prosesinin təsiri, Azərbaycan yazıçılarının, maarifçilərinin, ictimai xadimlərinin, alimlərinin bu sahədə gördükləri iş layiq olduğundan qat-qat az tədqiq edilib, bir çox hal- larda isə, adicə olaraq, diqqətdən kənarda qalıb.
     Misal üçün çox da uzağa getməyək, «Molla Nəsrəddin» jurnalı vasitəsilə, eləcə də, ümumiyyətlə, XIX-XX əsr Tiflis ədəbi mühitində Azərbaycan ictimai fikri, maarifçiliyi, Azərbaycan ədəbiyyatı, jurnalistikası, bir tərəfdən başqa xalqlardan əxz etmişdirsə, öyrənmişdirsə, digər tərəfdən də vermişdir, öyrətmişdir, bizim ədəbiyyatşünaslıq isə, bu əxzetmə, öyrənmə prosesini tədqiq edir (yaxşı da edir!), lakin bunun qarşılığını, necə deyərlər, könülsüz araşdırır və bu yerdə metodoloji qüsur nəzəri fikrin ictimai-sosial kəsirinə, çatışmazlığına gətirib çıxarır.
     Biz, bu məqalədə ədəbi tənqidimizdə müşahidə etdiyimiz metodoloji baxımdan qüsurlu cəhətlərin birinin üzərində dayandıq və mülahizələrimizi Akif Hüseynovun məqalələrindən çıxış edərək söylədik. Lakin aydındır ki, söhbət Akifin məqalələrinin timsalında, ümumiyyətlə, tənqidimizdən gedir, çünki istedadlı tənqidçinin «mən»i, əslində, onun təmsil etdiyi ədəbi tənqidin «mən»i, səviyyəsində durur. Lakin həmişə belə olurmu? Tənqidçinin «mən»i hansı xüsusiyyəti ilə oxucunun «mən»indən seçilir? Tənqidçi «mən»i ədəbi tənqidimizdə öz metodoloji vəzifəsini necə yerinə yetirir?
     Bu barədə ikinci məqalədə söhbət açmağa çalışacağıq.

İKİNCİ MƏQALƏ


     Bədii əsər haqqında oxucu fikri ilə tənqidçi fikrini fərqləndirən belə bir məlum həqiqət vardır ki, oxucunun fikri, səviyyəsindən asılı olmayaraq, bir fərdin fikridir, bir fərdin təqdiri və yaxud təkdiridir, lakin tənqidçinin fikri ictimai fikrin ifadəsidir, tənqidçinin verdiyi qiymət ictimai fikrin söylədiyi mülahizədir və onda bu və ya digər dərəcədə mütləqlik vardır.
     Oxucunun «mən»indən fərqli olaraq, tənqidçinin «mən»i yalnız bir fərdi - tənqidçini ifadə etmir, həmin fərdin simasında, ümumiyyətlə, tənqidin «mən»ini ifadə edir və yalnız belə olduq- da tənqid bir küll halında, yəni ictimai fikrin mühüm tərkib hissəsi kimi özünü təsdiq etmək iqtidarında olur.
     İctimai fikrin və o cümlədən, ədəbi tənqidin təbiətindəki dinamiklik ilə onun inkişaf qanunauyğunluqları arasında ən sıx bir əlaqə mövcuddur. İctimai fikir get-gedə daha zəngin təcrübəyə əsaslanır, daha yüksək elmi-nəzəri səviyyə əldə edir, irəliləyir və heç vaxt haçansa keçdiyi mərhələ səviyyəsinə enmir.
     Oxucu səviyyəsi müxtəlifdir və hər hansı bir oxucu bədii əsəri qavramaqda, deyək ki, iyirmi il bundan əvvəlki ictimai- estetik meyarlarından çıxış edə bilər (əlbəttə, belə olmasa, daha yaxşıdır!), lakin tənqidçi üçün belə bir «geriləmə» yolu yoxdur.
     Tənqidin inkişaf qanunauyğunluqlarının sabitliyi belə bir metodoloji prinsipi ön plana çəkir ki, tənqidçinin «mən»i tənqidin ümumi səviyyəsini özündə təcəssüm etdirməlidir. Tənqidçi «mən»inin söylədiyi mülahizələrdəki nəzəri-estetik «eniş-yoxuş»ların əsas müstəvisini, məhz tənqidin ümumi səviyyəsi təşkil etməlidir. Tənqidçinin təhlil bacarığı, inandırmaq qabiliyyəti onun «mən»ini nəinki, ümumiyyətlə, tənqidin «mən»i səviyyəsinə yüksəldir, onu bu yüksəklikdə mühafizə edir, saxlayır, hətta bu zaman ilk baxışda çox fərdi və fərdi olduğu üçün də lazımsız görünən replikalar, istinadlar və s. belə, həmin fərdi səciyyəsini itirir, tənqidçinin «mən»ini tənqidin «mən»indən ayırmır. Akif Hüseynov birinci məqalədə haqqında bəhs etdiyimiz «Həyatımız və nəsrimiz» icmalında Sabir Əhmədovun «Azığa doğru» romanını təhlil edərkən yazır: «Xeyli müddətdir ki, nəsrimizi müntəzəm izləyirəm, yəni demək istəyirəm ki, özümü müəyyən dərəcədə professional oxucu saya bilərəm, ancaq mənim üçün də əsərdə çox şey qaranlıq qaldı» («Azərbaycan», jurn., 1983, N» 9, səh. 181.).
     Tənqidçinin bu sözlərində tamam fərdi bir xasiyyətnamə var, lakin qəribədir, həmin sözlər müəllifin «Azığa doğru» romanına verdiyi təhlil kontekstində öz fərdi xüsusiyyətini itirir, qeyri-təvazökar və şit səslənmir. Nə üçün? Ona görə ki, Akif «Azığa doğru» romanını tutarlı və səmimi, obyektiv təhlil edir, istedadlı yazıçının uğuruna sevinə-sevinə, uğursuzluğuna ürəkdən təəssüf edə-edə mülahizələrini söyləyir, nəzəri müd- dəaları dəqiq və dolğundur, inandırır və buna görə də biz «professional oxucu» mühakimələri ilə deyil, həmin «professional oxucunun» tənqidimizin ümumiləşdirilmiş «mən»i səviyyəsindən söylənən fikirləri ilə rastlaşırıq: yəni bu yerdə tənqidçinin iddiası ilə təhlil qabiliyyəti, elmi-nəzəri imkanları arasında bir vəhdət müşahidə edirik.
     Lakin həmişə belə olmur.
     Professor Arif Hacıyev «1982-ci ildə dövri mətbuatda çap olunan povest və romanlar barədə mülahizələr» kimi təqdim etdiyi «Söhbət nəsrdən gedirsə...» adlı məqaləsini («Azərbay- can», jurn., 1983, N 7.) naməlum oxucu ilə telefon söhbətindən başlayır:
     -Bəli.
     -Danışan kimdir?
     -Kim lazımdır?
     -Arif Hacıyev.
     -Eşidirəm sizi.
     -Siz «Azərbaycan» jumalındakı sorğuda iştirak etmisiniz?
     -Bəli...
     -Bəs, niyə yalnız jurnalda işləyənlərin adını çəkmisiniz?
     Mən bu söhbətdən bir şey anlaya bilməyib soruşdum:
     Bağışlayın, mən kiminlə danışıram?
     Bunun zərrə qədər əhəmiyyəti yoxdur (doğrudan da, bunun nə əhəmiyyəti var?).
     Niyə bir çox başqaları kimi yenə də eyni adamların adlarını çəkirsiniz. Niyə axı?
     -Sualınız çox qəribədir. Xahiş edirəm, adınızı deyin, görüşək, söhbət edək.
     -Buna ehtiyac yoxdur. Siz elmlər doktorusunuz. Bir az qeyrətli olmaq lazımdır».
     Bu dialoq bizə, doğrusu, pis təsir edir, çünki görüruk ki, söhbət tərbiyəsiz, qanacaqsız bir adamdan - «oxucu»dan gedir və təəccüb edirik ki, hörmətli professor nə üçün elementar mədəniyyəti olmayan bu cür aşağı səviyyəli oxucu tipajına müraciət edir? Axı, bu kobud, mərifətsiz dialoq hansı elmi-nəzəri söhbətə sövq edə bilər, hansı ciddi mübahisəyə səbəb olar?
     Arif Hacıyev isə bu suallar ətrafında düşünür. «...Doğrusu, bu telefon söhbətindən sonra karıxmış vəziyyətdə qaldım. Sorğuya cavablarıma qarşı belə bir münasibət gözləmirdim. Görəsən, bunun səbəbi nədir? Mənim «qeyri-obyektivliyimmi?» Yoxsa onun subyektivliyi? Bəlkə, mən onun sevdiyi yazıçıların adlarını çəkməmişəm? Yaxud da, əksinə, sevmədiyi yazıçılardan söz açmışam?».
     Əlbəttə, biz başa düşürük ki, tənqidçi ədəbi priyomdan istifadə etmək istəyib, istəyib ki, məqaləsi canlı olsun, oxunaqlı olsun... lakin... lakin tənqidçi indi də özünü bir insan kimi xarakterizə etməyə başlayır:
      «Bəlkə, o (həmin «oxucu» nəzərdə tutulur) güman edir ki, mən adlarını çəkdiyim müəlliflərlə dostam?
     Yox, qətiyyən belə deyil!
     Hamı bilir ki, mən təbiətim etibarilə bir az qaraqabağam, hətta deyirlər ki, adamayovuşmazam».
     Sonra məlum olur ki, tənqidçi, misal üçün, Çingiz Hüseynova «siz» deyə müraciət edir, yaxud İsi Məlikzadəni görsə tanımaz və s. Doğrusu, biz tənqidçinin şəxsi keyfiyyətləri, xasiyyəti, tanış- bilişləri haqqında bu etiraflan oxuduqca, daha artıq təəccüb və təəssüf hissi keçirməyə başlayırıq: axı, bütün bunlar kimə və nəyə lazımdır? Axı, mətbuat tənqidçinin şəxsi gündəliyi deyil, söhbət oxucuya yazılmış şəxsi məktubdan da görünür, söhbət tam bir il müddətində çap olunmuş Azərbaycan roman və povestlərinə qiymət vermək iddiasından gedir.
     Daha sonra Arif Hacıyev yazır: «Düzdür, haradasa mən həm də bir az tənqidçiyəm - bu isə məndən tələb edir ki, öz fikir və mülahizələrimdə dəqiq olum, ardıcıl mövqe tutum, ikibaşlı danış- mayım, nəsə başqa məqsəd güdməyim».
     Məgər tənqidçinin «nəsə başqa məqsəd güdməməsi», yaxud «Fikir və mülahizələrində dəqiq olması» əlinə qələm alan hər hansı bir kəs üçün elementar tələb deyilmi? Bunu xüsusi qeyd etməyə və bu əlifba ətrafında söhbət aparmağa ehtiyac varmı? Tənqidçi «mən»ini bu dərəcədə adiləşdirmək nə qədər məqsədəuyğundur? Elə bilirik ki, bu təbii suallara uzun-uzadı cavab verməyə ehtiyac yoxdur.
     Hörmətli Arif Hacıyev - «mən həm də bir az tənqidçiyəm» - deyə təvazökarlıq etmək istəyir, amma bu istək, bizcə, indiki halda tamam əks effektə gətirib çıxarır. Biz Arif Hacıyevi Azərbaycan ədəbiyyatının nəzəri problemləri ilə, xüsusən, Azərbaycan renessansı problemləri ilə məşğul olan ciddi bir ədəbiyyatşünas kimi tanıyırıq və eyni ciddiliyi onun tənqidi məqalələrində də görmək istəyirik. Biz istəyirik ki, qələm dostumuz Arifin tənqidçi «mən»i, ümumiyyətlə, ədəbi tənqidin «mən»i səviyyəsindən aşağı enməsin, əksinə, ədəbi tənqidin «mən»ini daha da zənginləşdirsin. Doğrudan da, o yerdə ki, Arif «mən müasir ədəbiyyatın yetkinlik səviyyəsini ümumən cəmiyyətimizin öz inkişafındakı daha yüksək mərhələsi ilə əlaqələndirirəm» deyərək, bu fikrin elmi-nəzəri təsnifatını verir, onun tənqidçi «mən»i ucalır, çünki öz sözləri ilə desək, «təhlil və qiymət kriteriyaları» aydındır, tutarlıdır, məntiqi ilə inandırır.
     Əlbəttə, bu dediklərimizdən belə çıxmamalıdır ki, biz bütün tənqidçiləri emosiyadan məhrum akademik təhkiyəyə dəvət edirik, əksinə, qoy bizim tənqidimiz müxtəlif üslublarda yaranmış rəngarəng məqalələrlə zəngin olsun, qoy sırf akademik yazılarla bərabər, canlı dillə yazılmış, şövqlə yazılmış məqalələr də çap edilsin, tənqidçilərimiz müxtəlif formalardan, o cümlədən, oxucu ilə dialoq, mübahisə formasından istifadə etsin, lakin bütün bunlar elə bir səviyyədə olsun ki, tənqidçinin «mən»i kiçilməsin, adiləşməsin, nəinki tənqidin «mən»i səviyyəsində dayana bilsin, hətta həmin səviyyəni daha da qaldırsın.
     Arif Hacıyev «Mən Ümumittifaq ədəbi meyarlarını əsas götürürəm» deyir, lakin bizə elə gəlir ki, bu sözləri bu cür müstəqim surətdə söyləməkdənsə, həmin nəzərdə tutulan meyarlarla bədii əsərlərin təhlilini vermək daha maraqlı və əlbəttə, daha məqsədəuyğun olardı. Bu aydın məsələdir ki, yalnız «mən Ümumittifaq ədəbi meyarlarını əsas götürürəm» - deməklə oxucunu, ədəbi ictimaiyyəti, yazıçını inandırmaq mümkün deyil, biz tənqidçinin verdiyi təhlil prosesində o meyarları görməli, hiss etməli və «bax, tənqidçi Ümumittifaq ədəbi meyarlarını əsas götürür» deməliyik.
     Daha sonra Arif Hacıyev yenə «oxucu»nun dili ilə özünə belə bir sual verir: «Yəni Siz Ümumittifaq səviyyəli xülasələr, icmallar yazmaq fikrindəsiniz?». Həmin «oxucu» sualına isə belə cavab verir: «Əsla! İndi Belinski dövrü deyil, şərait və forma dəyişib. Tək bir tənqidçinin təfəkkürü ilə bu işin (hansı işin? «Ümumittifaq səviyyəli xülasələr, icmallar yazmaq» işininmi?) öhdəsindən gəlmək olmaz».
     Sualı verən «oxucu»nu bilmirik, amma biz qələm dostumuzun bu cavabından nəinki qane olmuruq, hətta təəccübümüzü gizlədə bilmirik: düzdür, «indi Belinski dövrü deyil», şərait də dəyişib, lakin bütün bunlarla bərabər, bizə aydın deyil ki, nə üçün bu gün «Ümumittifaq səviyyəli xülasələr, icmallar» yazılmamalıdır? Məgər dövrün dəyişməyi Ümumittifaq səviyyəli, yəni yüksək elmi-nəzəri və metodoloji səviyyəli icmalları inkar edirmi? Biz birinci məqaləmizdə Akif Hüseynovun yazdığı icmal məqalələrdəki bir sıra ciddi hesab etdiyimiz yanlış mülahizələrə öz tənqidi münasibətimizi bildirdik, lakin ona irad tutmaq olarmı ki, nə üçün icmal yazır və nə üçün «Ümumittifaq səviyyəsinə» qalxmağa çalışır? Tamam əksinə, biz tənqidimizdəki bu təmayülü qiymətli hesab edirik və ədəbiyyatımızın mənafeyi naminə onun inkişafını arzulayırıq.
     Arif Hacıyev «dünya ədəbiyyatı kontekstini» bu mənada başa düşmür ki, «azərbaycanlı bir yazıçının əsərinin mütləq, bu və ya digər qardaş xalqın yazıçısının əsəri ilə müqayisəsi göstərilsin». Biz hörmətli professorla, tamamilə, şərikik və daha sonra oxuyu- ruq: «Mənim fikrimcə, kontekst- müəyyən bir tarixi dövrdə Ümumittifaq ədəbiyyatı ilə səsləşmədir. Səsləşmə anlayışı altın- da ümumi axtarışlar, problemlər başa düşülür, əsərlərin və müəlliflərin adlarını sadalamaq yox!».
     Biz bu yerdə də Arif Hacıyevin fikrinə şərik çıxırıq, çünki adicə olaraq «əsərlərin və müəlliflərin adlarını sadalamaq», doğrudan da, Ümumittifaq ədəbiyyatı kontekstini yalnız üzdən təqdim etməkdir, bu yolla yalnız zahiri effektə nail olmaq mümkündür. Lakin... birdən-birə Arif Hacıyevin özü iyirmi (!) yazıçının adını dalbadal saymağa başlayır və mötərizəyə alınmış belə bir yarıistehzalı cümlə ilə həmin uzun siyahını sona çatdırır: «Azərbaycan yazıçılarının adlarını çəkməkdən qorxuram, çünki oxucu deyə bilər ki, hamısının adını çəkim».
     Biz düşünürük: bəs deyilmi? Oxucunun adından bu dərəcədə sui-istifadə etmək olarmı və tənqidçinin belə bir dedi- qoducu «oxucu» səviyyəsinə enib, mülahizələr söyləməyə haqqı varmı? Axı, tənqidçi - artıq neçənci dəfədir ki, təkrar edirik - ədəbi tənqidi təmsil eləməlidir, belə bir «oxucu» - tənqidçi mübahisəsini yox.
     Dediyimiz kimi, tənqidin bədii əsərlərə Ümumittifaq ədəbi meyarları ilə yanaşmaq meyli təqdir olunmalıdır, lakin bu zaman da biz bəzən həmin meyarların özlərinin düzgün şərh olunmaması hadisəsi ilə rastlaşırıq. Məsələn, istedadlı cavan tənqidçimiz Vaqif Yusifli Azərbaycan romanından bəhs edən «Roman haqqında mülahizələr» adlı polemik qeydlərində yazır: «Təsadüfi deyil ki, Ümumittifaq ədəbi tənqidində də nəsrin inkişafı, romanın inkişafı kimi nəzərə alınır» («Azərbaycan» jurn., 1982, N° 5). Əv- vəla, bizə məlum deyil, belə bir janr müqayisəsi hansı metodolo- ji ehtiyacdan irəli gəlir. İkincisi, məgər «Ümumittifaq ədəbi tənqidində nəsrin inkişafı» povestin də, hekayənin də «inkişafı kimi nəzərə» alınmırmı? Ümumittifaq ədəbi tənqidi nə vaxt «nəsrin inkişafını», deyək ki, Ç.Aytmatovun povestlərindən, yaxud Y.Kazakovun hekayələrindən kənar təsəvvür və təqdim edib? Məgər «Ümumittifaq ədəbi tənqidində nəsrin inkişafı» həmişə, deyək ki, F.Abramovun romanlarının, T.Pulatovun povestlərinin, Y.Nagibinin hekayələrinin müştərək «inkişafı kimi nəzərə» alınmayıbmı? Əlbəttə, məhz belədir.
     Təxminən eyni yanlış metodoloji müqayisə ilə Arif Hacıyevin də məqaləsində rastlaşırıq. O yazır: «Roman və povest elə janrlardır ki, bir sıra keyfiyyətlərinə görə milli ədəbiyyatın Ümumittifaq və müasir dünya ədəbiyyatı prosesində mövqeyini ifadə edə bilər». Bu fikirlə mübahisə etmirik, lakin sonra oxuyuruq: «Bax, elə buna görə də roman və povest nəsrin ən çətin və məsuliyyətli janrlarıdır».
     Aydın deyil, hansı elmi-nəzəri ehtiyac nəticəsində nəsrin janrları arasında belə bir müqayisə aparılır və indiki halda olduğu kimi, misal üçün, hekayənin hesabına povestə üstünlük verilir? Məgər ədəbiyyatın və o cümlədən də, nəsrin janrlarını «çox məsuliyyətli» və «az məsuliyyətli» deyə, iki yerə bölmək olarmı?
     Tənqidçi inandırmalıdır, onun irəli sürdüyü mülahizələr əsaslandırılmalıdır, çünki yalnız bu zaman söhbət hər hansı «filankəsin» fikirlərindən yox, tənqidin münasibətindən, tənqidin verdiyi qiymətdən gedə bilər. Tənqidçinin «mən»i adiləşdikcə, tənqidin «mən»indən ayrılıb oxucunun «mən»i ilə eyniləşdikcə, onun verdiyi ədəbi qiymət də göydən asılı qalır, əsaslandırılmır və buna görə də inandırmır.
      «Söhbət nəsrdən gedirsə...» məqaləsində biz, bu xoşagəlməz hadisənin, necə deyərlər, tipik nümunəsi ilə rastlaşırıq. Arif Hacıyev Tacəddinin «Gilasın gur çağında» povestindən bəhs edərək yazır: «Əlbəttə, «Gilasın gur çağında» povesti ortabab əsərdir (göründüyü kimi, «əlbəttə» ilə tamam qətiləşdirilmiş bu hökm əsərin «ortabablığı» haqqında heç bir mübahisə yeri qoymur), lakin bu əsərdə müəllifın xalq həyatına bələdliyini sezmək olur, digər tərəfdən, yazıçı hadisələrin psixoloji aspektdən işıqlandırılmasına da az diqqət yetirməmişdir».
     Təbii ki, bu qəti hökmlə bərabər söylənən bu mülahizələr, bizi çox maraqlandırır. Bu necə «əlbəttə... ortabab əsərdir» ki, burada «müəllifin xalq həyatına bələdliyini sezmək olur, burada hadisələrin psixoloji aspektdən işıqlandırılmasına da az diqqət» yetirilmir? Lakin bu təbii sual tamam cavabsızdır, çünki biz həmin povest haqqında cəmi kiçik bir abzas oxuyuruq ki, bu da əsərin məzmunundan xəbər verən iki cümlədən ibarətdir: «Şərab zavodunda dövlət əmlakını dağıdan bir neçə adam törətdikləri cinayətin izini itirmək üçün spirt dolu sisternləri yandırmaq və şayiə yaymaq istəyirlər ki, gözətçi budkasındakı elektrik plitəsindən bura yanğın düşüb. Onları yalnız bu şayiə xilas edə bilərdi». Vəssalam.
     Əlbəttə, bu yerdə biz adi bir oxucu kimi soruşmaqda haqlıyıq: hörmətli tənqidçi, axı, hansı əsasa görə Sizə inanaq ki, haqqında danışdığınız əsər «ortabab»dır? Bəlkə «ortabab»dan da pisdir? Bəlkə, əksinə, «ortabab» deyil, artıqdır? Bir də axı, biz heç bilmədik ki, Sizin üçün bu dərəcədə qəti, mübahisəsiz «ortabab»ı müəyyənləşdirən bədii-estetik meyarlar nədən ibarətdir...
     Aydındır ki, biz qəti mülahizələrin, hətta hökmlərin belə əleyhinə deyilik, lakin belə bir elementar şərtlə ki, həmin mülahizələr, hökmlər əsaslandırılmalıdır. Əksinə, bir sıra məqalələr- də təsadüf etdiyimiz tənqidçi «mən»inin tərəddüdləri bizi narahat edir. Misal üçün, Vaqif Yusifli «Roman haqqında mülahizələr»ini «polemik qeydlər» adlandırmaqla da kifayətlənmir və haqqında bəhs etdiyi romanlardan birinin müfəssəl təhlilini verdikdən sonra yazmağı lazım bilir ki, həmin «roman haqqında bu qeydlərimizi biz polemik sayırıq və başqa tənqidçi bunlarla razılaşmaya da bilər».
     Bizə elə gəlir ki, öz təhlilinə belə bir «ehtiyatlı» münasibət tənqidçinin demokratizmindən daha artıq, onun tərəddüdündən, qeyri-qətiliyindən, bir sıra hallarda isə ehtiyac olmadan özünü müdafiədən, tənqidi mülahizələrinə bəraət qazandırmaq cəhdindən xəbər verir. Əlbəttə, bu zaman tənqidçinin «mən»i ilə tənqidin «mən»i arasında haçalaşma prosesi baş verir, tənqidçinin «mən»i tənqidin «mən»i, yəni ictimai fikir səviyyəsindən fərdi oxucu «mən»inin səviyyəsinə enir və bu zaman tənqidin əsas vəzifəsi - bədii keyfiyyət uğrundakı mübarizə işi, əlbəttə, zəifləyir.
     Bu yerdə biz yenə də hörmətli Arif Hacıyevin məqaləsinin üzərinə qayıtmalı olacağıq. O yazır: «Əgər mətbuatda çap olunmuş bütün əsərlərdən yalnız keyfiyyət tələb etsək, bu, sadəlövhlük olardı».
     Qəribədir, bəs, ədəbi tənqid «mətbuatda çap olunmuş bütün əsərlərdən» keyfiyyət tələb etməyəcəksə, nə tələb edəcək?
     Biz Akif Hüseynovun nəsrimizin «tam halda sıçrayışı» barədə mülahizəsi ilə mübahisə edərkən yazdıq ki, ədəbiyyat yalnız və yalnız şedevrlərdən ibarət olmur və belə bir «tam halda sıçrayış» da mümkün deyil. Ədəbiyyatın simasını istedadlı əsərlər müəyyən edir və sönük əsərlərlə bərabər, sayca bəlkə, xeyli az olan məhz, bu istedadlı əsərlər ədəbiyyatın ümumi inkişafından xəbər verir. Lakin bu o deməkdirmi ki, ədəbi tənqid istisnasız olaraq bütün əsərlərdən keyfiyyət tələb etməsin? Hərgah ədəbi tənqid məhz «bütün əsərlərdən» keyfiyyət tələb etməsə, yaxşı ilə pisi ayıran estetik meyarlar korşalmazmı? Hərgah ədəbi tənqid bütün əsərlərdən keyfiyyət tələb etməsə, yalnız yüksək bədiiliklə yazılmış əsərlərə keyfiyyət meyarları ilə yanaşsa, o zaman zəifin qiymətini kim verəcək və zəifin məhz zəif olduğu necə müəyyənləşəcək?
     Vaqif Yusifli «Roman haqqında mülahizələr»ində belə bir fikir irəli sürür: «Romana artan maraq oxucuların sayına da təsir göstərir. Lakin həqiqi istedadın məhsulu olan romanlarımız azdır. Belə çıxır ki, geniş oxucu kütləsi, bir növ, ortabab səviyyədə yazılan romanlara artıq adət edib və bundan yaxşısını da gözləmir, yaxud uzun illərdir ki, belə əsərlər elə öz səviyyələrinə uyğun oxuculara «xidmət edir».
     Əlbəttə, hərgah biz, «bütün əsərlərdən» keyfiyyət tələb etməyəcəyiksə, onda gərək razılaşaq ki, burada hər şey öz dialektik tənasübündədir: oxucu da «ortabab səviyyədə yazılan romanlara artıq adət edəcək».
     Vaqif «roman axını»ndan şikayət edərək yazır ki, «bu axında yaxşı ilə pisi ayırd etməyə və xüsusilə, yaxşının estetik də- yərini üzə çıxarmağa gələndə, tənqid bir qədər inamsız görünür». Biz cavan tənqidçiyə haqq veririk, tənqidin belə bir «inamsızlıq» vəziyyətinə «bütün əsərlərdən yalnız keyfiyyət tələb etsək, bu, sadəlövhlük olardı» - deyə bəraət qazandırmaq cəhdi bizi daha artıq narahat edir.
     Arif Hacıyev məqaləsini belə bir patetik-fəlsəfi sonluqla bitirir: «Üç roman, on bir povest, üstəgəl kinopovest və mənsur poema... (Söhbət 1981-ci ildə mətbuatda çap olunmuş əsərlərdən gedir.) Bunlardan bədii mədəniyyətimizin xəzinəsinə daxil ola biləcək hansı əsərin adını çəkmək olar? Elə əsər varmı ki, on illərlə yaşasın? İnanmaq istərdik ki, belə əsər var, amma özümüzü aldatmayaq: hər halda, bu suala zaman özü cavab versə yaxşıdır».
     Əlbəttə, illər keçəcək və bizim təhrikimizdən asılı olma- yaraq, zaman bu suala cavab verəcək. Lakin biz istərdik ki, müasir tənqidimiz də bu suala cavab vermək iqtidarında olsun (həm də özümüzü aldatmamaq şərtilə!). Həmin iqtidarın təminatı isə obyektivlikdə, yüksək elmi-nəzəri səviyyədə və metodoloji dəqiqlikdədir.

1983.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (25.06.2014) | Müəllif: R.C E W
Baxış: 618 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more