Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Tənqidçinin «mən»i və tənqidin problemləri (Məqalə)
TƏNQİDÇİNİN «MƏN»i VƏ TƏNQİDİN PROBLEMLƏRİ


     Dəyərli və vaxtında nəşr edilmiş bu iki kitab haqqında təəssüratımı yazmazdan əvvəl, xatırlatmaq istərdim ki, hələ bir neçə il bundan əvvəl müasir sovet ədəbi-nəzəri fikrinin görkəmli nümayəndələrindən biri (B.Bursov) «tənqidin öz şəxsi «mən»inə marağı açıq-aşkar zəifləyib» - deyə haqlı narahatlığını bildirirdi. Yaxın keçmişin ədəbi tənqidi (Məmməd Cəfərin, Kamal Talıbzadənin bir sıra məxsusi məqalələri, «XX əsr Azərbaycan tənqidi» monoqrafiyası və iki-üç namizədlik dissertasiyası istisna olmaqla) yalnız müasir bədii prosesi diqqət mərkəzində saxlayır, öz fərdi sənətkarlıq, metodologiya və poetika məsələləri ilə epizodik hallarda məşğul olurdu. Daxili peşəkarlıq qayğılarına, şəxsi «yaradıcılıq təəssüratına» laqeyd münasibət, təbii ki, estetik fikirdə keyfiyyət amilinin taleyinə təsir edirdi.
     Bizə elə gəlir ki, yaşadığımız son illər həmin istiqamətdə zəifliyin, çatışmazlıqların bu və ya digər dərəcədə aradan qalxdığı, tənqiddə «özünüdərk», «özünütəhlil» sahəsində hərəkətin qüvvətlənməyə başladığı illər oldu. Fəal, ehtiraslı və vətəndaş püblisistliyə malik «mən» indi tənqidi təfəkkürə daha dərindən nüfuz etməyə çalışır. Mənən zəngin, daxilən narahat tənqidçi şəxsiyyətinin xalqın mənəvi «mən»i ilə, onun həyat tərzi və düşüncələri ilə bağlılığı bu gün, olsun ki, daha artıq dərəcədə özünü büruzə verir. Ədəbi tənqidin sosioloji və fəlsəfi fikirlə, bütün əlaqədar humanitar elmi istiqamətlə, birinci növbədə isə, ədəbiyyatşünaslıqla vəhdəti güclənir. Bir sözlə, estetik təfəkkür müasir ictimai təfəkkürün tərkib hissəsi kimi, hərgah belə demək mümkünsə, «ictimai məişətə» daxil olur, onun fəal ideoloji amil və stimul rolu, ədəbi-bədii yaradıcılığın həmhüquq bir qolu və sahəsi kimi mövqeyi cəmiyyətin mənəvi həyatında daha da artır.
     Qarşımdakı kitabların birincisini iki cəhətdən müasir Azərbaycan ədəbi tənqidinin məhz bu xüsusiyyətlərindən danışmaq üçün əsas verən səciyyəvi nümunələrdən biri hesab etmək olar. Əvvəla, ona görə ki, ədəbi-tənqidi prosesdə söylədiyim istiqamətdə baş verən dəyişikliklərin elmi müşahidəsi və konkret təhlili Yaşar Qarayevin kitabında toplanmış məqalələrin də qarşısında duran əsas məqsədlərdən biri kimi seçilmişdir. İkinci tərəfdən, həm də ona görə ki, müəllif bir tənqidçi kimi müşahidə etdiyi və nəzəri formulasını verməyə çalışdığı həmin xüsusiyyətləri bilavasitə öz metodoloji təhlil üsulunun keyfiyyətləri kimi də bir daha əyaniləşdirmək və təsbit etmək yolu ilə getmişdir.
     Kitabda artıq iyirmi ilə yaxın müddətdə müasir ədəbi prosesin və klassik irsin aktual nəzəri məsələləri ilə müntəzəm məşğul olan tənqidçi Yaşar Qarayevin müasir tənqidin və ədəbiyyatşünaslığın məhz metodologiya və sənətkarlıq, etika, poetika və problematika məsələlərindən bəhs edən məqalələri toplanmışdır. İki bölmədən ibarət hissələrə verilən «Realizmin gücü» və «Tənqidin nüfuzu» sərlövhələri altında toplanan başlıqlar, məncə, bu məqalələrin proqram məqsədi və elmi-nəzəri problem tərkibi haqqmda müəyyən təsəvvür yarada bilir: «Tənqidin nüfuzu», «Tənqidçinin müdrikliyi», «Tənqidçinin şəxsiyyəti», «Tənqidçinin sənətkarlığı», «Tənqidimiz və ədəbi əlaqələrimiz» və s. Göründüyü kimi, bu başlıqlar bir-birini tamamlayır və davam etdirir, məqalələr arasındakı ideya süjetini, monoqrafik vəhdəti yaxşı ifadə edir.
     Kitabdakı məqalələrin seçilməsində və təsnifində yalnız mövzu yox, janr və forma prinsipi də nəzərə alınmışdır: birinci bölmədə problemlər, ikinci bölmədə isə, əsasən, portretlər toplanmışdır.
     Yaşar Qarayev eyni elmi məqsədin izlənməsindəki ardıcıllığa, estetik məqsədin tamlığına yalnız ayrı-ayrılıqda bölmələr daxilində yox, hər iki bölmə arasında da nail olmağa çalışmışdır. Müasirlik baxımından və müasirlik uğrunda fəal mübarizə mövqeyindən ədəbi prosesin təhlili bütünlüklə kitabın əsas məqsədi kimi seçilmişdir.
     Kitabda tənqidi yaradıcılıq öz-özlüyündə, yəni xalis ədəbi- bədii hadisə kimi yox, həm də bütünlüklə ideoloji işin, müasir ictimai-siyasi fikrin ən mübariz xətti olan bir sahə kimi dərk və şərh edilir. Tənqidçinin zaman və epoxa, insan və cəmiyyət qarşısında peşəkarlıq məsuliyyəti, tənqidçi əməyinin fədakarlıq və və təndaşlıq mənası - Məmməd Arif, Məmməd Cəfər, Cəfər Cəfərov, Mehdi Hüseyn kimi yazıçı, tənqidçi və ədəbiyyatşünasların təmsil etdiyi prosesin konkret faktları və materialları əsasında izlənilir, təhlil və təbliğ olunur.
     Xüsusilə, Məmməd Arifə və Məmməd Cəfərə - tənqidimizin bu iki böyük nüfuz sahibinə həsr olunmuş məqalə-oçerkləri onların şəxsiyyətini və yaradıcılıq portretini, Azərbaycan ədəbi tənqidinin ümumi mənzərəsində tutduqları mövqeyi doğru-dürüst müəyyənləşdirən, yaradıcılıqlarını hərarətlə sevdirən və təbliğ edən, eyni zamanda, Azərbaycan tənqidinin müxtəlif nəsilləri arasındakı əxlaqi münasibətlərin, ənənə və varis - irs əlaqələrinin yaxşı ifadə edildiyi uğurlu nümunələr hesab etmək olar.
     Tənqidçinin sosioloji düşünmək və təhlil etmək mədəniyyəti, fəlsəfi və estetik hazırlığı, geniş mənada yazıçı və tənqidçi vətəndaşlığı, tənqidçi şəxsiyyətində səmimiyyət, qərəzsizlik və obyektivlik keyfiyyətləri, istedad tələbkarlığı həmişə də qayğıkeşlik, nəzakət və həssaslıqla birləşdirmək qabiliyyəti, tənqiddə böyük monoqrafik janrlar və formalar problemi - bütün bunları kitabdakı «Tənqidin nüfuzu» fəslinin əsas ideya-mövzu mündəricatı kimi müəyyənləşdirmək olardı.
     Tənqidçinin, eyni zamanda, həm ədəbi prosesin estetik inkişaf məntiqindən, həm də cəmiyyətin ən müasir ictimai və mənəvi ehtiyaclarından çıxış edə bilməsini əsl tənqidin şərti kimi bir neçə məqalədə irəli sürən Yaşar Qarayev bədii qanunauyğunluqların müşahidəsi və şərhi ilə bağlı ümumiləşdirmələrə xüsusi fikir verir, həm sözün geniş mənasında, müasir elmi-nəzəri kontekst, həm də bilavasitə milli ədəbi zəminin şərtləndirdiyi spesifik özünəməxsusluqla iki əsas komponent kimi həmişə müəllifin mudafiə etdiyi konsepsiyanın əsasında durur. Bu məqalələr ədəbiyyatımız haqqında mövcud nəzəri fikri yeni fakt və sənədlərlə zənginləşdirməyi əsas məqsəd kimi qarşıya qoymur, olsun ki, mövcud faktlara və sənədlərə yeni estetik baxım bucağı altın da nəzər salması ilə, perspektivli bir konsepsiya və konstruktiv nəzəri istiqamət vəd edən yeni ideyalar axtarışına cəhd ilə cazibəli və güclü görünə bilər. Təbii ki, bu axtarışlar real ədəbi prosesin, konkret bədii əsərlərin əyani təhlilindən doğulanda və elə bununla da şərtlənəndə özünü, həqiqətən, doğruldur.
     Tənqidçinin basmaqəlib, mühafizəkar ştamp və sxemlərdən yox, real ədəbi prosesdən, bu prosesin şərtləndirdiyi meyar və prinsiplərdən çıxış etmək meyli də həmin axtarışlarla bağlıdır və özü ilə bərabər, Yaşar Qarayevin məqalələrinə fəal polemik keyfiyyət də gətirir. Kitabın vulqar sosioloji, empirik və doqmatik təfəkkür tərzinə qarşı çevrilmiş nəzəri pafosu, demək olar ki, bütün məqalələrdə hiss olunur.
     Yaşar Qarayev siyasi, etik və estetik keyfiyyətlərin vəhdəti kimi başa düşdüyü xəlqiliyə, həqiqətən, demokratik, mütərəqqi bədii şüurun təzahürü kimi, partiyalığa isə, xəlqiliyin zirvəsi kimi düzgün estetik təfsir verir, həmin prinsiplərin məhz belə bir fəlsəfi-estetik mahiyyətə yiyələnməsi və ədəbi prosesə dialektik şəkildə tətbiq edə bilməsi üçün Azərbaycanda milli ədəbi tənqidinin və ədəbiyyatşünaslıq elminin keçdiyi yola, dəf etdiyi çətinliklərə obyektiv elmi xülasə verir.
     Milli ədəbi-bədii fikrin axtarışları haqqında müəllifin düşüncələri Azərbaycan mədəniyyətinin intibah dövründə, ədəbi keçmişimizin klassik realizm və romantizm mərhələlərindən bəhs etdiyi məqalələrdə daha geniş vüsət alır.
     Məlumdur ki, bizim ədəbiyyatşünaslığımızda «tənqidi realizm», «maarifçilik» və «intibah» sözlərinin ədəbi-tarixi istilah kimi yox, epitet və bənzətmə kimi işləndiyi hallar olub, «maarifçilik» özünün saf, hərfi, lüğəti mənasını onun termin mənası ilə eyniləşdirən, «realizm» anlayışını «mütərəqqi sənət» anlayışı ilə bərabərləşdirən meyllərə təsadüf edilib. Hətta Nizamini də realizmin Vaqifə qədərki «namizədləri» sırasına daxil edən, romantizmdən isə, az qala, başdan-başa «yaradıcılıq qüsuru» kimi bəhs edən ifratlar mövcud olub; bədii inkişafın ayrı-ayrı müstəqil istiqamətləri və nümayəndələri sənət, üslub və metodlar mübarizəsi mövqeyindən yox, yalnız (çox zaman) çılpaq «sinfi mənsubiyyət» mövqeyindən qarşılaşdırılıb və qiymətləndirilib. Bütün bunlar, xüsusən, XX əsr ədəbiyyatının zəngin, mürəkkəb və təzadlı (!) bir estetik vəhdət, sistem kimi inkişafı haqqındakı nəzəri təlimin tamlığına, bütövlüyünə xələl gətirib. Yəqin ki, belə bir vəziyyət bizim müasir ədəbiyyatşünaslıq qarşısında Azərbaycanda demokratik mədəniyyətin tarixi inkişafının yeni konsepsiyasını düşün- mək vəzifəsini irəli sürmüşdür. Haqqında danışdığımız kitabın «Realizmin gücü» adlanan bölməsində toplanmış məqalələr, məncə, məhz problemlərin belə perspektivli miqyasda və yeni şəkildə qoyuluşu baxımından ciddi nəzəri maraq doğurur.
     Bu bölmənin də problem tərkibi, axtarış və mübahisə ruhu haqqında ilk təsəvvürü elə burada toplanan məqalələrin sərlövhələri yarada bilir: «Realizm: mübahisələr və həqiqətlər», «Romantizm: mübahisələrin davamı», «Tənqidi realizm: estetik ideal və müsbət qəhrəman», «Sosialist realizminin mənşəyi». Zahirən bu məqalələrdəki mübahisələrin ünvanı mücərrəd görünə bilər - müəllif, adətən, ayrı-ayrı konkret adlarla yox, hamıya tanış, məlum adların birlikdə təmsil etdikləri tendensiyalarla geniş qəbul edilmiş, normalaşmış təmayüllərlə mübahisə edir. Həmin məqalələrin ən yaxşı cəhəti də elə məhz geniş yayılan, «dərslikləşən» elmi sxemlərin, «normativ» estetikanın hüquqlarını pozan cəhətlərdə, narahat axtarış cəhdlərindədir.
     Bunu xüsusi olaraq qeyd etmək istəyirəm ki, Yaşar Qarayevin söylədiyi fikir və mülahizələrin özləri bəzən tamam mübahisəlidir, bəzən bu fikir və mülahizələrdə, opponentlerlə mübahisələrdə açıq-aşkar bir subyektivlik özünü göstərir, lakin əsas məsələ burasındadır ki, belə bir subyektivlik və son dərəcə mübahisəli ideyalar yüksək elmi-nəzəri səviyyədə meydana çıxır. Söhbət diletant mühakimələrdən yox, düşünməyi və düşündürməyi bacaran, sözün müsbət mənasında, professional fikirlərindəki subyektivlikdən və mübahisəli cəhətlərdən gedir.
     Azərbaycanda realist bədii fikrin inkişaf tarixində özünü göstərən realizm tipləri hansılardır? Sosialist realizminin təşəkkülündə realist və romantik ənənənin iştirakı və rolu necə olub, bizim milli ədəbiyyatda maarifçi realizmdən və mütərəqqi romantizmdən sosialist realizminə keçidin daxili spesifikası və qanunauyğunluğu hansı əlamət və xüsusiyyətlərdə özünü göstərir?
     -«Realizmin gücü» bölməsinin müəllifini bu problemlər maraqlandırır.
     Realizmi bütünlükdə «mütərəqqi sənət» anlayışı ilə bərabərləşdirən elmi təsəvvürü Azərbaycan ədəbiyyatşünaslığında artıq təkzib olunmuş hesab etmək olar. Bu məqalələrdə daha müasir görünən mübahisələr isə, bütünlükdə realizmin tarixini yalnız tənqidi realizmin tarixindən ibarət edən tədqiqatçıların «bir tipdən və bir mərhələdən ibarət realizm» və «yeganə, vahid, universal metoddan ibarət klassik ədəbiyyat tarixi» konsepsiyası ilə müəllifin ardıcıl və prinsipial elmi mübahisələridir. Kitabda geniş istifadə olunan tipoloji analogiya və paralellər Yaşar Qarayevin Azərbaycan realizminin tarixi inkişaf yolunu milli ədəbi zəminlə, eləcə də Şərq regionu və rus mədəniyyəti ilə ideya-bədii əlaqələrin zənginliyi və əlvanlığı cəhətdən aça bilməsinə, məncə, yaxşı kömək göstərir. Bütün məqalələrdə ardıcıl müdafiə edilən vahid konsepsiya belə bir həqiqətin təsdiqinə xidmət edir ki, ən qədim və zəngin mədəniyyətli xalqların realizmi - tarixinə məxsus əsas mərhələlər və tiplər Azərbaycan milli realizminin də tarixinə yad deyil (yalnız az zəngin milli ədəbiyyatlar dünya ədəbi inkişafının vahid tipoloji təsnifinin klassik modelinə çox pis «sığışırlar»!). Halbuki, müəllifin bu məqalələrdə istifadə etdiyi tipoloji spektrin qövsi-qüzehində Azərbaycanda realist milli-ədəbi inkişafın hər cür boya və çalarlarını, yəni mərhələ və tip özünəməxsusluğunu bütün zənginliyi və mürəkkəbliyi ilə, həm də monolit məntiqi vəhdətdə, dialektik əlaqədə meydana çıxarmaq üçün perspektivli bir nəzəri imkan görünmədədir.
     Tənqidçinin elmi və metodoloji cəhətdən yanlış, yaxud köhnəlmiş tədqiqat prinsipləri ilə mübahisə prosesində təsdiq edə bildiyi belə konsepsiya dünya miqyasında estetik prosesin vahidliyi haqqında marksist dialektik təlim baxımından özünü tamamilə doğruldur və Şərq ədəbi inkişafının fərdi tipoloji qanunauyğun- luqları baxımından da inandırıcı görünür.
     Yaşar Qarayevin Azərbaycan realizminin tarixi inkişaf mərhələlərinə tətbiq etdiyi metodoloji prinsipin ən rasional cəhəti odur ki, o, formal «həyata bənzərlik» əlamətləri ilə, zahiri empirik detallarla, necə deyərlər, əylənmir, həmin metodun bədii nümunələrinin xalqın azadlıq hərəkatı, mənəvi-əxlaqi və fəlsəfi fikir tarixi ilə əlaqələrini tədqiqatın mərkəzinə çevirir, cəmiyyətin vətəndaşlıq tarixi ilə bədii tarixinin hərəkətini eyni vaxtda şərtləndirən müştərək obyektiv-ictimai amillərdən çıxış edir, realist üsluba milli-azadlıq hərəkatı ilə əlaqəsi baxımından təhlil verir: «Böyük realizm - bütünlükdə - xalq və onun taleyi bədii düşüncəsinin əsas hədəfi kimi seçiləndə yaranmışdır. Puşkinin dediyi kimi, «xalqın taleyi - insanın taleyi» vahid problem kimi dərk ediləndə və irəli sürüləndə yaranmışdır (kursiv bizimdir - E.)».
     Realizmi tədqiq etməyin estetik prinsipi kimi, müəllif, milli- ictimai idealların, konfliktin və süjetin, xarakterin təşkili prinsipini, üslub, dil və ifadə tərzini, nəzəri və fəlsəfi problemlərin konkret olaraq hər yeni bədii mərhələdə kəsb etdiyi mahiyyəti izləmək rolunu rəhbər tutur.
     Milli Azərbaycan ədəbiyyatı tarixində də bir metod və cərəyan kimi realizmi ideya və estetik cəhətdən maarifçiliyin hazırlaması haqqında Yaşar Qarayevin səmərəli mülahizəsi maraqlı görünür, Yaxın və Orta Şərq xalqlarının spesifik ədəbi inkişaf qanunauyğunluqları ilə də təsdiq olunur. Məncə, məsələnin məhz elə qoyuluşu M.F. Axundovun realist metodunu, onun göstərdiyi beynəlmiləl ədəbi təsirin Şərq hüdudlarını və Qərb mənbələrini öyrənməyə, bu realizmin sırf milli çərçivədən qat-qat geniş ədəbi əhəmiyyətini meydana çıxarmağa daha artıq kömək göstərir. Məhz bir maarifçi realist kimi «Axundov maarifçiliyinin ümum- bəşəri və ümumşərq əhəmiyyəti həm də onunla şərtlənir ki, o özü Şərq üçün klassik nümunələr (formalar) verir».
     Maarifçi realizmin müstəqil ədəbi-tarixi bir mərhələ kimi əsaslandırılmasını, milli intibahın spesifik təzahürü kimi, Azərbaycanda XIX əsrin irəli sürdüyü tarixi vəzifələrə cavab kimi yaranmasını belə sistemli, konseptual şəkildə açmasını müəllifin bir realizm tədqiqatçısı kimi ən mühüm nəzəri nəticələrindən biri hesab etmək olar.
     Yaşar Qarayev XX əsrin romantizmindən də Azərbaycanda demokratik mədəniyyətin, onun mürəkkəb və ziqzaqlı inkişafının tərkib hissəsi kimi bəhs edir, onu maarifçi realizmlə tənqidi realizm arasında qanunauyğun ara mərhələsi kimi əsaslandırmağa çalışır. Böyük Fransa inqilabı ilə klassik fransız romantizmi arasında münasibətləri şərtləndirən obyektiv qanunauyğunluğun tipoloji cizgilərini 1905 - 1907-ci illər inqilabı ilə mütərəqqi Azərbaycan romantizmi arasında da axtaran və maraqlı nəticələrə gələn müəllif hərarətlə romantik ədəbi üslubun ifadə etdiyi bədii-estetik gözəlliyin, parlaq vətəndaşlıq ideallarının müdafiəsinə qalxır. Bu hərarət və pafos kitabda romantizmə, romantizm «düşmənlərinin» münasibətini ifadə edən hər şeyə qarşı çevrilir. Realizmi ifadə edən əsl amillər kimi, müəllif romantizmin amil- lərinin də ayrı-ayrı ünsürlərdə yox, tarixi-ictimai proseslərin baş verdiyi bədii perspektivdə, romantik zaman və məkan hüdudlarında, konfliktin həllinin və xarakterin bədii təşkilinin prinsiplərində axtarır.
     XX əsr Azərbaycan tənqidi realizminin mərhələ və tip özünə- məxsusluğuna aid ən səciyyəvi cizgiləri müəllif maarifçi realizmlə konkret əyani müqayisələr fonunda daha aydın və qabarıq şəkildə verməyə nail olur. Bu müqayisələri realizmin hər iki tipini və mərhələsini təmsil edən yazıçıların dünyagörüşündə, bu dünyagörüşü şərtləndirən ictimai epoxalar arasında ən xarakter bədii obraz və problemlerin, inikas və təsvir üslublarının konkret şərhi prosesində aparır. XX əsrin əvvəllərinin demokratik-realist ədəbiyyatı tənqidi realizmin inkişaf etmiş klassik milli tipi kimi yenə də əyani təhlillərlə şərh oluna bilir.
     Bunu da qeyd etmək istərdim ki, kitabda tənqidi realizmin hüdudları formal (bəlkə də sxematik) bir şəkildə 1905-ci il inqilabının xronoloji sərhədləri ilə bağlanmır, bu metodun yalnız «inqilabdan yaranan» yox, həm də «inqilabı yaradan» nümunələrindən («Poçt qutusu», «Danabaş kəndinin əhvalatları» və s.) bəhs olunur. Müəllifə görə bizim nəsrimizin yeni janr-üslub istiqaməti, ideya-estetik manifesti də məhz bu əsərlərlə müəyyənləşməyə başlayır.
     Şərq orta əsrlərinin intibah xarakterinə, XX əsr romantizmi ilə orta əsrlərin klassik romantik poeziyası arasında münasibətlərə, həmçinin, bədii metodla dünyagörüşü arasında qarşılıqlı dialektik əlaqəyə, ictimai şəraitlə, xüsusi burjua münasibətlərinin ictimai-ədəbi zəmini ilə bir yaradıcılıq metodu kimi tənqidi realizmin formalaşması prosesi arasındakı qanunauyğunluqlara, qarşılıqlı ədəbi təsir problemlərinə dair mülahizələrdə də səmərəli görünən, bəzi ənənəvi meyar, anlayış və təsəvvürləri daha müasir və daha ixtisaslı nəzəri mövqedən dəqiqləşdirən, təkzib və təshih edə bilən rasional məqamlar vardır.
     Əlbəttə, Yaşar Qarayevin bir sıra fikirləri, yuxarıda yazdığım kimi, subyektiv səciyyəli və mübahisəlidir, eləcə də onun bir sıra mülahizələri tezis xarakteri daşıyır. Bu mülahizələrin şərhi və həlli prosesində haqqında danışılan dövrün fakt, sənəd mənzərəsi bütün genişliyi ilə əhatə oluna bilmir. Realizm, romantizm və sosialist realizmi arasında metod əlaqələrinə dair müşahidələri, eləcə də realizmin tarixi inkişaf mərhələlərinə kitabda verilən tipoloji təsnifi daha da dəqiqləşdirmək və təkmilləşdirmək üçün tədqiqatı davam etdirmək, mühüm elmi-nəzəri vəzifə kimi, müasir ədəbiyyatşünaslığın, o cümlədən, Yaşar Qarayevin özünün qarşısında durur.
     Müəllifin istər klassik realizm və romantizm problemlərinə, istərsə də müasir ədəbi prosesin hadisələrinə və nümayəndələrinə münasibətdə əxlaqi mövqeyi həmişə aydın və səmimidir. Bu isə, təbii ki, öz növbəsində, sağlam, prinsipial və qərəzsiz ideya mövqeyi üçün də çox yaxşı zəmin olur. Düzgün seçilmiş istiqamətlə mənzil başına doğru hərəkətdə, əbədi-elmi həqiqət axtarış- larında mümkün olan ayrı-ayrı ifratlar isə hər bir həqiqi tədqiqat və yaradıcılıq nümunəsi kimi, bu kitab üçün də təbii görünür.
     Nəhayət, bir məsələni də qısaca qeyd etməklə «Tənqid: problemlər, portretlər» kitabı haqqında mülahizələrimi sona yetirirəm. Adətən, biz fərdi üslub, məxsusi dəst-xətt, qələmin spesifikası dedikdə, nədənsə, bədii təsərrüfat yaradıcılannı - şairləri, nasirləri, dramaturqları nəzərdə tuturuq. Halbuki, məhz belə bir məxsusilik tənqidçi və ədəbiyyatşünas qələminin də kəsərini və təsirini şərtləndirən mühüm estetik cəhətlərdəndir. Bu mənada, Yaşar Qarayevin fərdi sintaksisi, obrazlı və dolğun təhkiyəsi, söylənilən mürəkkəb fikirlərin cümlələrdəki söz quruluşunda öz uyğun, həmahəng tərəf-müqabilini tapması, yəqin ki, bu kitabın da oxucularında razılıq hissi yaradacaqdır.

2.


     Yaşar Qarayevin yuxarıda haqqında bəhs etdiyimiz kitabı da daxil olmaqla, ilk kitablarında üstünlük dramaturgiyaya, teatra və ədəbi tənqidin öz məxsusi problemlərinə verilirdi. «Poeziya və nəsr» həmin kitabları problem və janr baxımından tamamlayır və davam etdirir.
     Lakin sonuncu kitab başqa bir cəhətdən - ümumən ədəbi-tənqidi fikrimizin inkişafında və tənqidçinin öz fərdi yaradıcılıq təkamülündə son on ilin əsas cizgilərini əks etdirməsi baxımından daha əlamətdar və əhəmiyyətli təsir bağışlayır. Daha doğrusu, «Poeziya və nəsr» yalnız poeziyanı və nəsri yox, öz məzmunu, təhlil tərzi, ideya-metodoloji axtarışlarının müasirliyi ilə bugünkü ədəbi tənqidi də xarakterizə edir. Tənqidimizdə son illər ideya-məfkurə və poetika-forma sahəsində baş verən bir sıra dəyişiklikləri, bu dövrü əvvəlki illərdən fərqləndirən məxsusi «mərhələ xüsusiyyətləri»ni biz bu kitabda qabarıq şəkildə müşahidə edə bilərik. Kitaba «Ön soz» yazmış akademik Məmməd Cəfərin dili ilə desək, kitabın müəllifi yazı tərzində, üslubunda, mühakimə, təhlil və tədqiqatlannda özünəməxsusluğu ilə fərqlənir. Sosioloji təhlillə bədii sənətkarlıq təhlilini vəhdətdə, paralel aparmaqda, bədii əsərin estetik dəyərini, bədii talantın sənətkarlıq xüsusiyyətlərini kəşf etməkdə, bədii duyğunun incəliklərini fəhm itiliyi ilə dərindən qavramaqda Yaşarın tənqidi xüsusilə diqqəti cəlb edir... Əsl ideyalı tənqid odur ki, orada yazıçı şəxsiyyəti, yazıçının gerçəkliyə münasibəti ilə yanaşı, tənqidçi şəxsiyyəti, onun tənqidçi idealı, həyat həqiqətinə və bədii həqiqətə münasibəti də aydın ifadəsini tapmış olsun. Bu keyfiyyət Yaşarın tənqidində güclüdür. Daha doğrusu, söhbət fəal ideya mövqeyi prinsipindən gedir, həyat və sənət hadisələrinə münasibətdə tənqidçi mövqeyinin aydınlığından və prinsipiallığından gedir. Bu mövqe kitabın bütün səhifələrində - həm klassik irsə, həm də ədəbi prosesin ən son hadisələrinə həsr olunan məqalələrdə özünü eyni səviyyədə büruzə verir və «Poeziya və nəsr»in vahid pafosunu təyin etmiş olur. Belə ki, tənqidçi bizim müasir ideallarımızın həyatiliyini və həqiqi gücünü klassik irsin ən yaxşı ənənələrinin təsdiqi ilə də yoxlamaq və möhkəmlətmək yolu ilə gedir, ən yeni poeziya və nəsr hadisələrini də bədii-tarixi tərəqqinin vahid inkişaf qanunauyğunluğunun fonunda öyrənir.
     Poeziyanın və nəsrin əsas, aparıcı hadisələri və mərhələləri müxtəlif məqalələrdə eyni ideya-bədii məqsəd baxımından əhatə olunduğu üçün bir-birini tamamlayır və kitabın xronoloji tamlığına, vahid monoqrafik xarakterinə xələl gəlmir. Bu «tamlıq» duyğusunu tənqidçinin təhlil tərzinin üslubu, forması da pozmur. Müəllif bütün təhlillərin ümumi süjetini bədii əsərdə cəmiyyət və fərd, xalq və şəxsiyyət konsepsiyası üzərində qurur, ədəbi fikrin tarixini məhz bu konsepsiyanın guşə daşında büllurlaşan humanist mənəvi mahiyyətin səciyyəsi baxımından açır və qiymətləndirir. Humanizm ideyası, mənəviyyat və əxlaq idealı kitabda milli bədii tərəqqinin əsas amili kimi ədəbi-tarixi hərəkatın ana xəttinə çevrilir. Məhz belə aspekt müəllifin əlində ədəbi prosesin intibah və maarifçilik, romantizm və realizm, sosialist realizmi və romantik bədii təmayül, müasir şer və mənəvi-əxlaqi axtarışlar nəsri kimi qovşaq məqamlarına ən yaxşı açar ola bilər. Bu «qovşaq məqamlarından» hər birini o, kitabdakı növbəti fraqmentin predmetinə çevirir. Şübhəsiz, bütün bu hallarda, tənqidçi «ədəbiyyat tarixi» yaratmır, lakin həmin tarixin hərəkət istiqamətini, «tarixi ünvanı- nı və taleyini» bizə dəqiq nişan verir.
     Nəhayət, kitabı ümumilikdə xarakterizə edən tamlıq və bütövlük müəllifin ədəbi-tarixi prosesə baxışındadır, rəhbər tutduğu meyarın, sadiq qaldığı prinsipin sabitliyindədir; onun «ədəbi qəhrəman» və «vətəndaş yazıçı» idealından yaranan estetik təsəvvürün özündədir. Belə ki, son yekun, nəticə etibarilə ədəbiyyatımızın bütün faktları və hadisələri ona məhz bu günə - bədii-estetik yüksəlişə gətirib çıxaran vahid bədii tərəqqinin tarixi qanunauyğunluğunun dərki üçün lazım olur: keçmişin bədii və əxlaqi irsin- də XX əsr üçün qiymətli olan hər şeyi üzə çıxarmaq, mənəvi-ideoloji tərbiyədə və ideyaların müasir döyüşündə Nizaminin də, Axundovun da, Sabirin də yerini və rolunu yenidən müəyyənləşdirmək üçün lazım olur. Elə buna görədir ki, tənqidçi vahid ədəbi prosesin iki hadisəsi və iki mərhələsi kimi, Nizamidən və Süleyman Rüstəmdən, Nəsimidən və Əli Kərimdən eyni bir kitabda və eyni bir konsepsiya daxilində danışa bilir və həm də bu zaman qeyri-tarixi və qeyri-təbii görünmür.
     Bədii fikrimizin bu günü və tarixi haqqında təhlili müəllif uzaq ədəbi keçmişdən - orta əsrlərdən başlayır, milli-mənəvi qaynaqlar, sosial-fəlsəfi köklər problemi baxımından əvvəlcə İntibah dövrünün, romantik şerin və realist nəsrin tarixinə nəzər salır. Məhz müasirlik baxımından belə bir «tarixi başlanğıc» təsadü- fi deyil. Klassik irsə gündən-günə artan maraq inkişafımızın müasir mərhələsi üçün səciyyəvi əlamətlərdən biridir. Kitabdakı «Klassik poeziya və intibah problemi» məqaləsi bu baxımdan, xüsusilə, əhəmiyyətlidir və Nizami Gəncəvinin ədəbi irsinin öyrənilməsi sahəsində görümlü işlərdən biridir.
     Məqalədə intibahın bir sıra ənənəvi məsələlərinə elmi maraq müasir metodoloji münasibət səviyyəsinə qaldırılır, onun hərtərəfli, kompleks elmi həllinin perspektivləri, mövzu və problemlər sistemi müəyyən edilir. «Orta əsrlər əleyhinə çevrilmiş orta əsrlər intibahı» kimi mürəkkəb tarixi mövzunu açmağa çalışan müəllif Azərbaycan və Şərq orta əsrlərinin sərhədlərini fəlsəfi və estetik məzmun baxımından yenidən müəyyənləşdirməyə kömək edən müşahidələr söyləyir. Şərqdə İntibahla Orta əsrlərin qarşılıqlı əlaqəsi haqqında yeni, maraqlı konsepsiya ilə çıxış edir. Müəllif İntibah bədii təfəkkürünün və dünya duyumunun bir çox cəhətlərini Nizaminin və Nizami dövrünün ictimai gözəllik və ideal insan axtarışlarında tapır və qərara gəlir ki, tipoloji ədəbi-bədii məzmun baxımından Şərq (Azərbaycan) orta əsrlərini Avropanın orta əsrləri ilə yox, İntibah mədəniyyəti ilə müqayisə etmək daha doğ- ru olar. Çünki müəllifə görə, Azərbaycanda orta əsrlərin bədii fikir və sənətlə yazılan tarixi, Qərb standartları ilə, salnamə və dərslik normativi ilə yazılan tarixlə düz gəlmir, Şərq humanizmi, ənənəvi mənada başa düşülən Şərq «Orta əsrlərini» məzmun və ideya baxımından parçalayır, «yalnız Nəsimi yox, bizim bütün böyük klassiklər orta əsrlər adlanan Zamana və Cahana sığmırlar». Bütün bunlar İntibahla orta əsrlər arasında qarşılıqlı əlaqə haqqında yeni, maraqlı və perspektivli mülahizələr irəli sürməkdə müəllifə kömək edir.
     Bədii-tarixi prosesin vahidliyi ideyası sonrakı məqalədə («Füzulidən Sabirə») orta əsrlər və yeni dövr arasında daxili bağlılığın, mənəvi varisliyin fasiləsizliyi ideyasının işığında davam etdirilir. Məqalənin pafosunu həmin mərhələləri ayıran yox, birləşdirən millərin müşahidəsi təşkil edir. «Füzuli tilsimi»nin buxov və çər- çivə yox, ənənə və zəmin rolu ön plana çəkilir. XX əsrin poeziyası məhz Füzuli sənətinin kamilliyinə qayıtmaq mənasında Füzulinin böyüklüyünə qayıtmaq dövrü, «tamamilə yeni tərkibdə, yeni nisbət və keyfiyyətdə Füzuli ilə qaynayıb-qarışmaq və sintez dövrü» elan olunur. Bu «sintez tərkibinin» digər ünsürü, başqa bir qütbü kimi isə məqalədə Sabir və «Molla Nəsrəddin» arasında daxili əlaqə, qarşılıqlı ünsiyyət məsələsi üzərində dayanılır.
     Ədəbi inkişafda bədii estafetin fasiləsizliyini bir estetik qanunauyğunluq kimi müəllif daha sonrakı məqalələrdə klassik romantizm ilə müasir romantik ənənə arasında, S.Vurğunla H.Cavid arasında və «iki Cavidin» özü arasındakı paralellərdə əyaniləşdirir. Romantika haqqında Vurğun konsepsiyası müasir sovet nəzəri fikrinin istinad etdiyi, üzərində yüksəldiyi nəzəri-estetik zəmin və təməl kimi əsaslandırılır. Məqalə klassik irsdən sosialist realizminə keçidin bir sıra çətinlikləri, xüsusən, «Cavid böhranı»nın estetik təbiəti məsələsinə müəyyən aydınlıq gətirir. Bu keçidin parlaq səhifələrindən birini və şerdəki klassik tipini ifadə edən Sü- leyman Rüstəm poeziyası da («Poetik nikbinliyin qaynaqları» məqaləsi) tədqiqata birinci növbədə məhz «qaynaqlar və ənənələr» probleminin kontekstində daxil edilir.
     Poeziyamızın müasir üslub əlvanlığına doğru yolda qət etdiyi «keçidlər»dən başqa biri Əli Kərimin yaradıcılığı timsalında («Həmişə səfərdə») açılır. Müəllifin təsəvvüründə təkcə şairin yaradıcılığı yox, bütünlükdə bizim poeziyamız «həmişə səfər» vəziyyətində dayanan müsafirə bənzəyir.
     Belə bir dialektikanı, «hərəkət ideyasını» nəzərdə tutan konseptual baxışı məqalələrdən birinin sərlövhəsi də ifadə edir: «Poeziyanm illəri və yolları». Bu yollara hesabat icmalı yox, nəzəri-estetik təsnif verən tənqidçi bugünkü şairi məhz səkkiz əsrlik poetik irsin və təcrübənin varisi olan bir sənətkar kimi tədqiq edir: «Şerin novatorluğu məhz ənənəyə münasibətin zəif olduğu yerdə zəif olur... Heç nə boşluqda bitmir, hər şey torpaqdan, novatorluq ənənədən göyərir». Tənqidçi ənənə ilə bağlılığın şerin gücünə yox, zəifliyinə çevrildiyi məqamlara da ciddi tənqidi münasibətini bildirir.
     Məlumdur ki, əxlaqi-fəlsəfi başlanğıc Şərq və Azərbaycan orta əsrlərində çox güclü olub. Odur ki, müəllif müasir mənəvi axtarışlar mövzusuna da bu mövzu ilə klassik irs arasındakı bir- başa əlaqədən, estetik körpüdən keçərək gəlir. «Nəsrin müasirlik axtarışları» məqaləsi müasir nəsr hadisələrini sağlam və ixtisaslı ideoloji və estetik əsasda, mürəkkəblik və əlvanlığı ilə tədqiq etməyin yaxşı nümunəsi kimi bir çox cəhətdən mühüm metodoloji əhəmiyyət kəsb edir. Əvvələn, tənqidçi bu mövzunun bədii ədəbiyyatda işlənməsi sahəsində bütün sovet nəsri üçün «müştərək ənənələri, qanunauyğunluqları» nəzərə alır. İkinci tərəfdən, belə tipoloji qanunauyğunluqları həmin nəsrlə məşğul olan ümumsovet tənqidində də izləyir: «əxlaqi axtarışlar» nəsrini tədqiq etməyin artıq sabitləşmiş ənənə və meyarlarına istinad edir. Uçüncü tərəfdən, bu nəsri antipodlara qarşı mübarizə kontekstində qiymətləndirir. Qəhrəman, yazıçı mövqeyi və estetik ideal problemi məqalədə konstruktiv bir şəkildə və professional səviyyədə şərh olunur. Tənqidçi doğru göstərir ki, «nəsrin hərəkəti təkcə qəhrəmanın yox, yazıçı fikrinin, onun ideya-bədii yaradıcılıq simasının öz hərəkətində və inkişafında da izlənməlidir. Analitik tədqiqatın mərkəzində bədii obrazla «iş görən» yazıçı «mən»inin və şəxsiyyətinin özü durmalıdır. Məsələ yalnız bu şəkildə durmamalıdır ki, bu və ya digər yazıçı sənət əsərində nümunəvi qəhrəmanı hansı səviyyədə yaradır, təqdim edir, bəlkə daha çox bu şəkildə durmalıdır ki, görək o belə nümunəvi insanı, şəxsiyyəti yaratmaqda, tərbiyə etməkdə cəmiyyətə nə dərəcədə xidmət edir? Çünki bunlardan ikincisi birincisindən qat-qat geniş ictimai və estetik məzmunu ifadə edir».
     Dövrün, gerçəkliyin və müasir ideallarımızın bədii təsdiqinə nasirlərimiz hansı tamlıq və bütövlük səviyyəsində nail olacaqdır? - məqalədə müasir nəsrin gələcək inkişafının istiqaməti onun məhz bu suala verəcəyi cavabla şərtləndirilir. Müsbət qəhrəman və estetik ideal həmçinin digər məqalələrdə - İlyas Əfəndiyev, Bayram Bayramov, İsa Hüseynov və başqa yazıçıların əsərlərinin təhlilində əsas yer tutur.
     Yenidən ədəbi keçmişə, klassik ənənəyə qayıdan müəllif Azərbaycanda maarifçi bədii hərəkatın yeni təsnifini verir, bu hərəkatla bədii ədəbiyyat arasında əlaqələrin məzmununu yeni, müasir baxımdan açır. Bütünlükdə həmin hərəkatın tarixi rolu və əhəmiyyəti üç cəhətdən - Azərbaycanda inqilabi-demokratik fikrin, yenitipli demokratik mədəniyyətin və realist ədəbi istiqamətin təşəkkülündə iştirakı və rolu baxımından qiymətləndirilir. Xüsusən, M.F.Axundovun «Kəmalüddövlə məktubları»nın şərhi yüksək elmi-nəzəri səviyyə etibarilə bu vaxta qədərki təhlillərdən fərqlənir.
     «Klassik poeziya və İntibah problemi», «Klassik nəsr və maarifçilik problemi», həmçinin, müəllifin kitaba düşməyən «Klassiki axtarıram» məqaləsi bədii inkişaf tariximizin üç mühüm mərhələsi (Nizami, Axundov, C.Məmmədquluzadə) haqda vahid konsepsiyanı ifadə edir. Ədəbi və tənqidi inkişaf üzərində maraqlı müşahidələr, bu kitabla bərabər, müəllifin son iki ildə yazdığı digər məqalələrin də («Milli mənəviyyatımızın böyük carçısı», «Ədəbi tənqid», «Yeni zirvələrə», «Müasirlik meyarı ilə» və s.) əsas məzmununu təşkil edir.
     Bütün bu məqalələrdə tənqidçi ədəbi-tənqidi Fikrimizin inkişafında məhz müasir mərhələnin ifadəsi olan estetik və metodoloji axtarışları qabarıq təmsil edə bilir.

1979.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (21.06.2014) | Müəllif: R.C E W
Baxış: 932 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more