Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Tənqid və ədəbiyyatşünaslığımızın
TƏNQİD VƏ ƏDƏBİYYATŞÜNASLIĞIMIZIN YARADICILIQ MƏSƏLƏLƏRİ

     Tənqid və ədəbiyyatşünaslığımızla bağlı belə bir həqiqət bu gün, ictimai həyatda münbit bir zəmin yarandığı üçün, olsun ki, əvvəlki dövrlərdən qat-qat artıq dərəcədə diqqət mərkəzində dayanmışdır və əməli fəaliyyət tələb edir: ədəbiyyatın hərtərəfli öyrənilməsi, elmi-nəzəri tədqiqatın və təhlilin obyektivliyi, dövrün ədəbi fakt və hadisələrindən sərf-nəzər etməmək və eyni dərəcədə də həmin fakt və hadisələri şişirtməmək yalnız o zaman özünün tam təminatını tapa bilər ki, əsas götürülən metodoloji prinsiplər siyasi-ictimai quruluşun, hakim «aparat» təəssübkeşliyinin təzyiqinə məruz qalmasın, mövcud mənəvi sərvətin tam və mürəkkəb mənzərəsini ifadə edə biləcək ictimai fikrin effektli fəaliyyəti üçün şərait yaratsın. Bu da yalnız və yalnız demokratiya, yəni indiki halda fi k i r azadlığı sayəsində mümkündür, cəmiyyətin bütün mənəvi-ictimai komplekslərdən və siyasi qorxu hissindən azad olunduğu zaman əldə edilə bilər.
     Uzun illər boyu sovet ədəbiyyatının qadirliyi onun bədii- estetik səviyyəsindən qat-qat artıq dərəcədə mövzusunun aktuallığı və stalinizm aparatından gələn, sənətdə partiyalılığın göstəricisi kimi qələmə verilən vulqar-sosioloji və ortodoks dünyagörüşünü ifadə etməsi ilə müəyyənləşdirilirdi. Dövrün mühüm partiya sənədlərində və rəsmi-inzibatçı tənqiddə «formaca milli, məzmunca sosialist» şüarı ilə qəliblərə salınan sosializm realizmi ədəbi metodunda böyük bədii nailiyyətlər (!) əldə etmək üçün (yəni Stalin mükafatlarına layiq görülmək, ordenlər almaq, deputat seçilmək, ali partiya orqanlarında yer almaq, dərsliklərə salınmaq, partiya hesabat məruzələrində müsbət nümunələr kimi sadalanmaq...) xüsusi istedad tələb olunmurdu. Misal üçün, otuzuncu illərin sonlarında M.İ.Kalinin Moskva şəhəri incəsənət işçilərinin yığıncağında çıxış edərək dövrün estetik prinsipləri baxımından, bizcə, son dərəcə əlamətdar bir fikir söyləyirdi: «Biz dönə-dönə deyirik ki, sosialist realizmi əsasında bədii əsərlər yaratmaq lazımdır. Bu, teatra da aiddir, artistə də. Hərgah sənətkar sosializm realizmi bazası üzərində möhkəm dayanırsa, bu zaman, hətta ortabab istedada malik olsa da, onu müvəffəqiyyət gözləyir» («Pravda», 12 yanvar, 1939-cu il).
     Bu sözləri savadsız bir mühazirəçi yox, dövlət başcısı söyləyir və illər boyu görkəmli nəzəriyyəçi kimi təbliğ edilən M.İ.Kalininin bu biabırçı mülahizəsi, əslində, dövrün inzibati bədii-estetik prinsiplərinin məhz «ortabab istedad»a ehtiyacının nəticəsi idi, çünki bu inzibati prinsiplərin yaratdığı kütləvi məmulat qəliblərinə yalnız «ortabab istedad» pərçim olub qala bilərdi, əsl istedad isə həmin qəliblər çərçivəsinə sığışa bilməzdi, buna görə də məhv edilirdi (Cavid və Çəmənzəminli kimi), dözülməz mənəvi sıxıntılara məruz qalırdı (Cəlil Məmmədquluzadə və Bulqakov kimi), təqib olunur və ciddi nəzarətdə saxlanılırdı (Auezov və Axmatova kimi!).
     Uzun müddət sovet ədəbiyyatı «ilahiləşdirümiş» Qorki, «ilahiləşdirilmiş» Mayakovski, «ilahiləşdirilmiş» Şoloxov, «ilahiləşdirilmiş» «Polad necə bərkidi» bucağı altından öyrənilmiş, daha doğrusu, vəsf edilmiş və belə bir «öyrənmə» metodolojisinin rəsmi çərçivələrinə sığışmayan müəlliflər və əsərlər isə tar-mar edilmişdir. Qeyri-rəsmi «ədəbiyyat generalları» rütbəsi almış Semyon babayevskilər və onların müttəfiq respublikalardakı həmkarları bədii-estetik sahədə, əslində, o işi görmüşlər ki, həmin işi siyasi-ictimai həyatda Stalin başda olmaqla molotovlar, jdanovlar, mikoyanlar, beriyalar, vorosilovlar, bağırovlar və bir çox başqaları, sonrakı dövrlərdə isə brejnevlər və suslovlar görmüşlər.
     Bu gün isə geniş oxucu kütləsinə məlum olmuşdur ki, sovet ədəbiyyatının Şoloxov zirvəsi ilə bərabər (bu zirvə isə şübhəsizdir!), Bulqakov zirvəsi, Platonov zirvəsi, Pasternak zirvəsi də mövcuddur və ən başlıcası isə, geniş oxucu kütləsi bunu üçüncü, dördüncü ağızdan eşitmir, rəsmi təbliğatın təsirinə məruz qalmır, özü görür, bilavasitə özü oxuyur və özü də bu qənaətə gəlir, özü qəbul və yaxud inkar edir.
     Maksim Qorki XX əsr rus ədəbiyyatının, sovet ədəbiyyatının və ümumiyyətlə, dünya ədəbiyyatınm görkəmli simalarından biridir, lakin heç vəchlə ehkam deyil, onun ədəbiyyat və sənətlə, hətta ictimai həyatla («düşmən təslim olmursa, onu məhv etmək lazımdır») bağlı fikirləri mütləq bir həqiqət kimi qəbul oluna bilməz və Qorkinin böyük ədəbi nüfuzunun belə bir rəsmi məcburiyyətə ehtiyacı yoxdur. «Polad necə bərkidi» istedadlı, vicdanlı və fədakar bir qələmin məhsuludur, lakin o heç vəchlə sovet ədəbiyyatının rəsmi qəlibi, Bibliyası və Quranı deyil, çünki həmin «qəlib» əhvali-ruhiyyəsinin özü sənətin mahiyyətinə ziddir.
     Azərbaycan sovet ədəbiyyatı uzun müddət Caviddən, Çəmənzəminlidən, Müşfiqdən «azad» edilmiş bir ədəbiyyat idi, Azərbaycan sovet ədəbiyyatşünaslığı uzun müddət Cavidi, Cəmənzəminlini, Müşfiqi ifşa edən bir ədəbiyyatşünaslıq idi, Azərbaycan sovet tənqidi uzun müddət ədəbi prosesdə Cavid «Pantürkizmi», Müşfiq «xırda burjuaçılığı», Cəmənzəminli «müsavatçılığı» axtaran bir tənqid idi. «Xalq düşmənləri» - milyonlarla günahsız insanlar yalnız stalinçi üsuli-idarə tərəfindən, dəhşətli siyasi-ictimai mexanizm vasitəsilə «ifşa» olunub güllələnmirdi, sanki daha artıq bir şövqlə, daha artıq bir ruh yüksəkliyi və fəxarətlə sovet ədəbiyyatında, o cümlədən, Azərbaycan sovet ədəbiyyatında «ifşa» edilirdi, güllələnirdi, yəni dövrün dəhşətli qəddarlığı özünə layiq sönük və istedadsız bədii müttəfiqlərini və ideoloqlarını tapırdı, lakin bu sönüklük, istedadsızlıq, bədii-estetik qadirsizlik məktəb dərsliklərində məhz bədiiyyatın və estetikanın meyarına çevrilirdi, mühazirələrdə «formaca milli, məzmunca sosialist» ədəbiyyatın əldə edə biləcəyi (və əldə etdiyi!) uğurların göstəricisi kimi təqdim edilirdi, rəsmi partiya və dövlət sənədlərində isə artıq yalnız ədəbiyyatı yox, ümumiyyətlə, partiyanın (yəni Stalinin!), rəsmi ideologiyanın (yəni stalinizmin!) qazandığı mənəvi nailiyyətlər kimi qiymətləndirilirdi və həmin rəsmi qiymət bu tipli əsərləri ədəbiyyat tarixinin, dərsliklərin, nüfuzlu qəzet və jumalların, monoqrafiyalann hesabat məruzələrinin səhifələrinə möhürləyirdi. Yazıçı öz qəhrəmanlarının eyni zamanda həm ittihamçısı və həm də müdafiəçisi olmaq əvəzinə, onların (mənfi qəhrəmanların) cəlladına çevrilirdi, gerçəklikdə baş verən dəhşətli ədalətsizliyə qarşı üsyan eləmək əvəzinə, öz qəhrəmanlarını da - kəndlini, ziyalını, qulluqçunu «pantürkist», «ingilis casusu», «müsavatçı», «trotskici», «zinovyevçi», «buxarinçi» və s. və i. a. süni damğalarla məhşər ayağına çəkib «müsbət qəhrəman»ları vasitəsilə güllələdirdi. Stalin yalnız müxtəlif səviyyəli partiya və təsərrüfat iclaslarında deyil, daha artıq dərəcədə bədii ədəbiyyatda vəsf edilirdi, Mir Cəfər Bağırovun bədii surəti yaradılırdı, Beriya haqqında poema yazılırdı...
     Bütün bunlar ölkəmizin və indiki halda respublikamızın keçib-gəldiyi çox çətin və çox mürəkkəb siyasi-ictimai ədəbi həyat yolunun fakt və hadisələridir, acıdır, qeyri-təbiidir, hətta bəzən qeyri-real təsir bağışlayır, sanki hansı bir sürrealist sayıqlamanınsa içindəyik, lakin bütün bunlar, təkrar edirəm, elə bir reallıqdır ki, həmin reallığı görmək, göstərmək və nəticələr çıxarmaq lazımdır, əks-təqdirdə ədəbiyyata qiymət verən stalinçi- brejnevçi metodolojinin sövq-təbii irəliləyişi davam edəcək, həmin şərti reflekslər sayəsində otuzuncu illərin ədəbiyyata verdiyi qiymət (rəsmi qiymət!) bu gün də özünü müdafiə edəcək, şagirdlər bu gün də otuzuncu illərdə dərsliklərə salınmış və həmin dövrün ən naqis təmayüllərinin tam və ehtiraslı müttəfıqi və müdafiəçisi olan bədii cəhətdən sönük əsərlər vasitəsilə ədəbiyyatı öyrənib formalaşacaqlar...
     Dünənə qədər bir çox zəif əsərlər (zəif, lakin mükafatlı, ordenli, medallı!) ona görə sovet ədəbiyyatının «nailiyyəüəri» hesab olunurdu ki, misal üçün, kollektivləşdirmədən bəhs edilirdisə, deməli, rəsmi dairələrin və rəsmi siyasətin dediyini və istədiyini bədiiyyata tətbiq edirdi. Bu zəif əsərlər yalnız ona görə təriflənir və təbliğ edilirdi ki, onların rəsmi və qüdrətli müdafiələri var idi; bu əsərlər haqqında ona görə dissertasiyalar yazılırdı ki, həmin dissertasiyaların elmi-nəzəri səviyyəsindən asılı olmayaraq, alimlik dərəcəsi almaq təmin edilmiş olurdu; bu əsərlər haqqında ona görə monoqrafiyalar yazılırdı ki, həmin monoqrafiyalar da ağız dolusu təriflədikləri o əsərlər kimi mükafatlandırılırdı, maddi nemətlər gətirirdi, ədəbiyyat zabitləri, hətta generalları rütbələrinə çatdırırdı. Bu gün isə rəsmi dairələr və rəsmi siyasət həqiqəti deyir: kollektivləşdirmə zamanı böyük və faciəli əyintilərə yol verilmişdir. Deməli, həmin zəif əsərlərin rəsmi müdafiəsi də bədii səviyyəsi kimi puça çevrilmişdir, lakin... onlar yenə də ədəbiyyat tariximizi «bəzəyir», bir sıra f'ikir və mülahizələrin bədii-estetik əsasını təşkil edir, müasir ədəbiyyata tənqidçi- ədəbiyyatşünas münasibətində metodoloji prinsiplərin ilkin mərhələsi, başlanğıcı olur.
     Biz bu gün diqqəti bu cəhətə cəlb etməsək və konseptual əməli fəaliyyət proqramı hazırlamasaq, Azərbaycan ədəbiyyatının, ədəbiyyatşünaslığının və tənqidinin sabahkı perspektivləri şəxsən mənim üçün dumanlı görünür. Yuxarıda söylənən mülahizələr, əlbəttə, yalnız Azərbaycana yox, ümumiyyətlə, sovet ədəbiyyatına, ədəbiyyatşünaslığına və tənqidinə şamil ediləcək bir səciyyəyə malikdir, lakin bizim məxsusi problemimiz burasındadır ki, bu gün Azərbaycan ədəbi prosesi canlanma, vətəndaş ehtirası və mübarizə şövqü baxımından ümumittifaq ədəbi prosesindən çox geridə qalır, məhz buna görə də biz milli ədəbiyyatımızın, ədəbiyyatşünaslığımızın və tənqidimizin sabahı ilə bağlı narahatlıq hissi keçirir və həyəcanlanırıq.
     Yaxın keçmişimizin siyasi-ictimai həyatındakı müəyyən bir dövrü (hətta mərhələni!) bu gün biz «durğunluq dövrü» kimi qiymətləndiririk, lakin indi sanki o durğunluq siyasi-ictimai mündəricəsindən ayrılıb yenidənqurma dövründə Azərbaycan ədəbi prosesini səciyyələndirməyə başlayıb: ədəbiyyatşünaslar susub, tənqidçilər susub, yenə də sönük və «növbətçi» dissertasiyalar, məqalələr, resenziyalar, hərgah belə demək mümkünsə, ədəbi məmulat məhsulları...
     Nə üçün vəziyyət belədir? Axı, elə həmin «durğunluq dövrü» adlandırdığımız yetmişinci illərdə Azərbaycan ədəbi prosesi bugünkündən daha canlı, daha maraqlı idi!.. Doğrudan da, nə olub?
     Otuzuncu illərdən başlayaraq Azərbaycan ədəbi tənqidi həmişə ciddi tənqidə məruz qalmışdır, Stalin epoxasında da, Xruşşov dövründə də, Brejnev zamanı da ədəbi əsərlərə münasibət konyunkturasından asılı olmayaraq, Azərbaycan tənqidi daima tənqid edilmişdir, lakin maraqlı cəhət burasıdır ki (və biz əvvəllər də bu barədə yazmışıq), Azərbaycan ədəbi tənqidi ilə bağlı ən səviyyəli elmi-nəzəri tənqidi mülahizələri elə Azərbaycan tənqidinin özü söyləmişdir.
     Tənqidimizin dünəninə nəzər saldıqda, qəribə bir mənzərə ilə üzləşirik: tənqid bir küll halında zəifdir, lakin tənqidin bu zəifliyini elmi-nəzəri dəlillərlə sübuta yetirən, onun yüksək səviyyəli təhlilini verən də tənqiddir. Kimdir əlli-altmış-yetmişinci illərdə tənqidimizi təhlil edən, onun obyektiv qiymətini verən və vəzifələrini düzgün müəyyənləşdirən müəlliflər: M.Hüseyn, M.Arif, M.Cəfər, C.Cəfərov, K.Talıbzadə, Ə.Mirəhmədov... Daha sonrakı nəsillərin ayrı-ayrı nümayəndələri... Yəni Azərbaycan sovet ədəbi tənqidinin nümayəndələri.
     Deməli, Azərbaycan sovet ədəbi tənqidi ikili səciyyə daşımışdır: bir tərəfdən ümumi zəiflik və qadirsizlik, digər tərəfdən isə həmin zəifliyi və qadirsizliyi göstərə bilmək bacarığı və səriştəsi.
     Tənqidin simasını onun ümumi mənzərəsi müəyyənləşdirirsə, tənqidçi şəxsiyyətdir və onun ədəbi simasını yalnız bir fərdin yaradıcılığı səciyyələndirir və bu baxımdan Azərbaycan ictimai fikri Azərbaycan tənqidindən narazıdırsa, tənqidçi səxsiyyətlərindən, elə bilirəm ki, o qədər də narazı deyil. Bu mənada, Azərbaycan ədəbi tənqidini şəxsiyyətsizliyin istehsal etdiyi tənqid məmulatlarının həmləsindən qorumaq və şəxsiyyətlərin qol-qanad açması üçün şərait yaratmaq lazımdır. Bəs, bunu kim etməlidir? İlk növbədə... tənqidçilər!
     Bu yaxınlarda Azərbaycan Yazıçılar İttifaqı tənqidimizin ən görkəmli nümayəndələrindən biri Cəfər Cəfərovu ölümündən sonra öz sıralarına bərpa etməyi qərara almışdır və əlbəttə, bu qərar hamımızda dərin razılıq hissi doğurur, çünki Cəfər Cə fərov kimi işıqlı bir qələm sahibi də Yazıçılar İttifaqı üzvlüyünə bərpa edilməyəcəkdisə, onun İttifaqdan xaric olunması pislən məyəcəkdisə, onda biz ədəbi mühitimizdəki (və ümumiyyətlə, yaşadığımız cəmiyyətdəki!) hansı yeni nəfəsdən, mənəvi azadlıqdan və sosial ədalətdən danışa bilərik? Lakin eyni zamanda, orasını da xüsusi qeyd etmək istərdim ki, bu gün bu rəmzi (və lazımlı!) əməldən daha artıq dərəcədə ədəbi prosesdə Cəfər Cəfərov cəsarətini və prinsipiallığını bərpa etməyə, bunun üçün münbit zəmin yaratmağa və şəxsi nümunə göstər məyə ehtiyac var və bu ehtiyacı hiss etmək üçün çox da zəngin hissiyyata malik olmaq lazım deyil.
     Vaxtilə, Cəfər Cəfərov, yaxud Mehdi Hüseyn, yaxud Mikayıl Rəfıli tənqidinin müəyyənləşdirdiyi ziddiyyətli, mürəkkəb, sapıntılarla dolu, lakin canlı ədəbi proses, təəssüflər ki, məhz həmin canlılıq, ədəbi ehtiras və şövq mənasında bu gün bizə sanki əlçatmaz bir uzaqlıqdan görünür. Biz bu gün «Məlum olduğu üz rə, mənfi insan surətləri sadəcə bir yazıçı istedadı səviyyəsində də yaradıla bilər. Lakin müsbət surətlərin yaradıl- ması üçün, sənətkar özü mütləq yüksək mənəvi səviyyədə durmalı, zəngin və hərtərəfli bilik ehtiyatına, elmi idraka malik olmalıdır» («Ədəbiyyat və sənət məsələləri», Azərnəşr, 1958, səh. 224.) - deyən Mehdi Hüseyn vulqar sosiologizmindən (doğrudanmı Şeyx Nəsrullahı yaratmaq üçün «sadəcə bir yazıçı istedadı» kifayətdir və sənətkarın özünün «yüksək mənəvi səviyyədə» durmasına ehtiyac yoxdur?), «Mirzə Fətəli Axundov K.Marks, Engels kimi dahi mütəfəkkirlərin dövründə yaşamasına baxmayaraq, marksizmə, dialektik materializmə gəlib çata bilməmişdi , əsərlərində bir sıraməhdud, liberal, köhnə fikirlər də yürütmüşdü» («İ.V.Stalinin dilçiliyə dair dahiyanə əsərləri və sovet ədəbiyyatşünaslığının məsələləri», «İnqilab və mədəniyyət» jurnalı, 1952, N° 8, səh. 787.) - deyən Mikayıl Rəfıli doqmatizmindən, «Yalançı xəlqiliyin əsas nəzəri bünövrəsi onun xalq yaradıcılığına, xalq adət və ənənələrinə hörmət və məhəbbət pərdəsi altında yürütdüyü belə bir çürük fikirdir ki, guya, folklor öz məfkurəvi və ictimai məzmunu etibarilə yazılı ədəbiyyatdan üstündür» («Kommunist» qəzeti, 15 noyabr, 1953)
     -kimi qeyri-elmi və süni müqayisələr nəticəsində meydana çıxan Cəfər Cəfərov nihilizmindən uzaq olan, lakin məhz Mehdi Hüseyn, Cəfər Cəfərov, Mikayıl Rəfili (yaxud Əli Nazim, Məmməd Arif!) fədailiyi ilə ədəbiyyatın, tənqidin və ədəbiyyatşünaslıq elminin inkişafına, yeni və həqiqi ədəbi meyarların müəyyənləşdirilməsinə xidmət edən canlı ədəbi prosesə son dərəcə ciddi mənəvi ehtiyac içindəyik.
     Bu gün ədəbi tənqidimiz elə bil ki, bir mürgü mərhələsi keçirir, hətta ədəbi həyatımızın böyük hadisələri belə ona təsir etmir, belə bir vətəndaşlıq biganəliyinin sanki poladlaşmış zirehini dəlib keçə bilmir.
     Biz «ədəbi həyatımızın böyük hadisələri» dedik... bu cür hadisələr gec-gec də olsa baş verir, lakin həmin hadisələrin elmi- estetik şərhi verilmədiyinə və milli-vətəndaşlıq əhəmiyyəti açılmadığına görə geniş oxucu kütlələri üçün sönük romanlar və bəsit monoqrafiyalar nəşrindən fərqlənmir. Misal üçün, Əziz Mirəhmədovun redaktorluğu və ön sözü, Turan Həsənzadənin tərtibi, Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşlarının səyi ilə «Molla Nəsrəddin» jurnalının tam nəşrinin birinci cildi 1986- cı ildə «Elm» nəşriyyatında çapdan çıxdı. Cəmi 3000 tirajı olan və jurnalın 1906 - 1907-ci illərdə çıxmış 88 nömrəsini ehtiva edən bu nəfis nəşr son onilliklərdə ədəbi həyatımızın ən fərəhli və əhəmiyyətli hadisələrindən biridir. Cild çapdan çıxdı, bir müddət nə üçünsə «yasaq» edildi, cürbəcür şayiələr yayıldı, o tənqidçilər özləri dəhliz və çayxana söhbətlərinin iştirakçısı oldu, tənqid, daha geniş götürsək, Azərbaycan ictimai fikri isə bu nəşrlə bağlı öz nüfuzlu sözünü demədi.
     Yaxud, birinci cildi hələ 1964-cü ildə, sonuncu - dördüncü cildi isə iyirmi üç ildən sonra (!), 1987-ci ildə nəhayət ki, nəşr olunmuş, 50 mindən artıq söz və ifadəni ehtiva edən «Azərbaycan dilinin izahlı lüğəti»ni misal çəkək. Ayrı-ayrı resenziyalar yazıldı, lakin bir küll halında ədəbi tənqid bu nəşri də biganəliklə qarşıladı. Elmlər Akademiyası da, Yazıçılar İttifaqı da, Universitet də, digər ali məktəblər, elmi müəssisələr, yaradıcılıq təşkilatları da xüsusi müzakirələr keçirmədi, bu nəşri ədəbi ictimaiyyətin diqqət mərkəzinə çəkmədi. Belə bir biganəlik şəraitində «Azərbaycan dilinin izahlı lügəti»nin ikinci və daha mükəmməl nəşrinin perspektivləri dumanlı görünmürmü?... Buradakı çatışmazlıqlar aradan qaldırılacaqmı və ümumiyyətlə, gələcək nəşr olacaqmı?
     Tənqid o zaman yalnız ədəbiyyatın yox, ümumiyyətlə, xalqın təəssübünü çəkə bilər ki, onun maraq dairəsi də xalqın maraq dairəsi qədər geniş və hərtərəfli olsun. Bu baxımdan səciyyəvi bir məsələyə toxunsaq, elə bilirəm ki, yerinə düşər.
     Bu gün dünyanın elə bir mədəni xalqı yoxdur ki, Bibliya onun dilinə tərcümə edilməsin və inqilabi yenidənqurma prinsipləri mənəvi bir stimul kimi özümüzü özümüzlə üzbəüz oturdub bizi də düşünməyə sövq edir ki, məsələyə vulqar-sosioloji dünyagörüşünün, hərgah belə demək olarsa, estetik-bürokratik çərçivələri məhdudluğundan yox, mənəvi-estetik azadlıq baxımından yanaşaq, Bibliyaya dini təbliğ edən bir kitab kimi yox, tərcümə edildiyi dili zənginləşdirən bəşəri bir abidə kimi baxaq. İndiyə qədər Azərbaycan dilçiliyi, ədəbiyyatşünaslığı, ümumiyyətlə, Azərbaycan ictimai fikri Bibliyanın Azərbaycan dilinə tərcüməsindən, tamamilə, sərf-nəzər etmişdir, halbuki, Bibliya hələ keçən əsrin ortalarından etibarən, ayrı-ayrı hissələr şəklində, eləcə də tam «Əhdi-ətiq» və tam «Əhdi-cədid» (Bibliya bu iki hissədən ibarətdir) Azərbaycan dilinə tərcümə edilmişdir və edilməkdədir. Mirzə Fərruxun və Feliks Zarenbanın tərcüməsi və Karl Qotlib Pfanderin redaktəsi ilə «Mattaya görə incil» Azərbaycan dilində hələ 1842-ci ildə Londonda nəşr olunmuşdur və bundan sonra «Yəhyaya görə incil», «Lukaya görə incil», «İncilin dörd qismi və Zəbur kitabı», «İncilin dörd qismi və həvarilərin işləri», «Əhdi-ətiq» və bir neçə dəfə «Əhdi-cədid» müxtəlif tərcümələrdə Azərbaycan dilində Leypsiqdə, Londonda, İstanbulda, Berlində, Urmiyada nəşr olunmuşdur. Bu tərcümələr dilçilik və üslubiyyat baxımından son dərəcə zəngin bir xəzinədir və Azərbaycan poetika elminin inkişafında, şübhəsiz, mühüm rol oynaya bilər. Lakin... biz axtarmırıq, təşəbbüs göstərmirik, səxsiyyətə pərəstiş dövrünün qorxusu və durğunluğun yuxusu keçib-getmək, qurtarmaq bilmir...
     «Əhdi-cədid» sonuncu dəfə Azərbaycan dilində tam şəkildə M.Mixaelinin tərcüməsində və Q.Klarkın redaktəsində Bibliya Tərcümə İnstitutu tərəfindən 1982-ci ildə nəşr edilmişdir və müasir Azərbaycan ədəbi dilinin həm leksikası, həm sintaksisi, həm də üslubiyyat baxımından maraqlı tədqiqat obyekti ola bilər.
     Bir məsələni xüsusi qeyd etmək istəyirəm: «Bibliya»nın da, «Quran»ın da Azərbaycan dilinə tərcümə edilməsi, nəşr olunması qəti surətdə dinin təbliği yox, əksinə, nadanlığa və cahilliyə qarşı, dindən xəbəri olmayan dini fanatiklərə, dindən xəbəri olmayan, amma əhalinin məlumatsızlığından istifadə edib dini şəxsi gəlir mənbəyinə çevirən kəmfürsətlərə qarşı mübarizə deməkdir. Elmi ateizmdən imtahan verən tələbə hərgah, deyək ki, «Quran»ı bilavasitə özü oxumayıb, özü dərk etməyibsə, «əla» qiymət də alsa, əslində, həmin «əla» yalançı bir qiymətdir. Nəinki tələbə, bəzən, hətta elmi ateizmdən dərs deyən müəllim, dissertasiya müdafiə edən alim də «Bibliya»nı, yaxud «Quran»ı oxumayıb...
     Necə olur ki, «Quran» rus dilində dəfələrlə nəşr edilir (akademik İ.Y.Kraçkovskinin tərcüməsində sonuncu nəşr: «Nauka» nəşriyyatı, Moskva, 1986), rusdilli elmi və ədəbi ictimaiyyət bu qədim Şərq abidəsi ilə tanış ola bilir, rus tərcümə dili və nəzəriyyəsi inkişaf edir, amma biz özümüzü belə bir tanışlıqdan və inkişafdan məhrum edirik? Yaxud necə olur ki, biz Zərdüştü ulu babamız adlandırırıq, bu barədə bədii əsərlər yazırıq, amma indiyə qədər «Avesta»nı Azərbaycan dilində nəşr edə bilməmişik və Azərbaycan ədəbi tənqidi, ümumiyyətlə, ictimai f'ikri imkan ilə iddia arasındakı belə bir acınacaqlı təzada dözür, öz vətəndaş sözünü demir?
     Bu mənada biz tənqidlə bağlı söylədiyimiz mülahizələri eyni dərəcədə ədəbiyyatşünaslığımıza da aid edirik və elə bilirik ki, müasir dövrdə inqilabi yenidənqurma prinsiplərinin verdiyi imkanlardan ümumi mədəniyyətimizin inkişafı naminə effektli istifadə edə bilmək üçün tənqidlə ədəbiyyatşünaslığın müştərək fəaliyyətinə daha artıq bir ehtiyac var.
     Müharibə qurtardıqdan sonra, İ.V.Stalinin olümünə qədər dövrün bədii-estetik siyasətini müəyyənləşdirən, ədəbi tənqidin, ümumiyyətlə, ədəbi prosesin və ictimai elmlər üzrə tədqiqat metodolojisinin rəhbərliyə götürdüyü bir sıra vulqar-sosioloji mahiyyəti, bədiiyyatın və ictimai fikrin təbii inkişafı qarşısına qorxulu siyasi sədd çəkən, Stalin despotizmi üsuli-idarəsinin ədəbiyyatda, incəsənətdə ifadəsinə çevrilən qərarlar qəbul edilmişdir. Bunların «Zvezda» və «Leninqrad» jurnalları haqqında, yaxud «V.Muradelinin «Böyük dostluq» operası haqqında» kimi bir qismi kütləvi siyasi kompaniyaya çevrildikləri üçün daha artıq məşhurdurlar. Nisbətən az «məşhur», lakin sənətə az ziyan vurmayan «Dramatik teatrların repertuarı «Krokodil» jurnalı haqqında» (iki dəfə: 1948 və 1951-ci illərdə), «Znamya» jurnalı haqqında, «Demyan Bedninin əsərlərinin mətninin kobud siyasi təhrifləri faktları haqqında», «M.İ.Mixaylovun əsərlərinin nəşrində Çkalov və Çita nəşriyyatlarının buraxdıqları səhvlər haqqında» və s. qərarlar da kiçik resenziyalardan tutmuş böyük monoqrafiyalaracan ədəbi tənqidin və ədəbiyyatşünaslıq elminin bədii-estetik meyarlarını müəyyənləşdirir, elmi-nəzəri prinsiplərin əsasını təşkil edirdi. Hərgah biz dilçilik sahəsində Stalin kompaniyasını, eləcə də Siyasi Büro üzvlərinin müxtəlif çıxış və məruzələrindən sonra ədəbi tənqiddə baş verən çaxnaşmanı da nəzərə alsaq, o zaman ədəbiyyatı əhatəyə alan qaranlıq mühitin səbəblərini bu gün özümuz üçün dəqiq aydınlaşdırmış olarıq.
     Misal üçün, XIX partiya qurultayında G.M.Malenkovun hesabat məruzəsindən sonra, bütün sovet ədəbi tənqidində və ədəbiyyatşünaslığında olduğu kimi, Azərbaycan sovet ədəbi tənqidində və ədəbiyyatşünaslığında da tipiklik problemi ilə bağlı «nəzəriyyələr» hökm sürməyə başladı, alimlər bu «nəzəriyyələrin» müddəalarını əsaslandırmaq üçün bir-biri ilə bəhsə girdi, «surəti şüurlu surətdə böyütmək» estetik çağırışa çevrildi, tipiklik estetik yox, siyasi problem kimi meydana çıxarıldı.
     Aydındır ki, dünənə kimi yazılan ədəbiyyat tarixlərində bütün bu qərarlar, məruzələr, «nəzəriyyələr» elmi-metodoloji əsas idisə, bu gün yazılan ədəbiyyat tarixlərində onların bədiiyyata vurduğu zərər tədqiq obyektinə çevrilməlidir, ədəbiyyat tarixlərinin quruluşu və mündəricatı doqmalardan azad şəkildə işlənməlidir. Bütün bu qərarlar, məruzələr, «nəzəriyyələr», hərgah, belə demək mümkünsə, bədii-estetik repressiya idi, lakin bu gün siyasi repressiyaya məruz qalmış və məhv edilmiş milyonlarla insan bəraət qazanırsa, bədiiyyatın bəraəti prosesi bizdə ləng gedir, özümüz özümüzü illərlə beynimizi qamarlayıb kök salmış doqmalardan qurtara bilmirik.
     Bizdə Azərbaycan ədəbiyyatı tarixi ilə bağlı mötəbər sovet nəşrlərinin sayı çox azdır: F.Köçərlinin «Azərbaycan ədəbiyyatı tarixinə dair materiallar» (Bakı, 1925, IV hissə), eyni əsərin təkmilləşdirilmiş ikicildlik nəsri (Bakı, 1978), ikicildlik «Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi» (Bakı, 1944), üçcildlik «Azərbaycan ədəbiyyatı tarixi» (Bakı, 1957 - 1961), ikicildlik «Azərbaycan sovet ədəbiyyatı tarixi» (1966 - 1967), rus dilində «Azərbaycan sovet ədəbiyyatı tarixinin oçerkləri» (Moskva, 1965)...
     Son iyirmi ildən artıq bir dövrdə, dərslikləri nəzərə almasaq, təzə heç nə yazmamış və heç nə nəşr etdirməmişik. Düzdür, vaxtilə yazılmış və indiyə qədər nəşr edilməmiş, misal üçün, Əmin Abidin «Azərbaycaın türklərinin ədəbiyyat tarixi» kimi bəzi əsərlərə də malikik, lakin bu mühüm sahədə əldə etdiklərimizin mənzərəsi belə bir məhdudiyyət içindədir.
     Buna görə də həm dövrün tələbləri baxımından, həm də həmin məhdudiyyətə görə Nizami adına Ədəbiyyat İnistitutunun hazırlamaqda olduğu yeddicildlik «Azərbaycan ədəbiyyatı tarixi»nin taleyi bizi dərindən düşündürür, həmin nəşrin plan- prospekti haqqında bəzi mülahizələrimizi bildirməyə sövq edir. Qeyd etmək istəyirəm ki, plan-prospekt hələ 1973-cü ildə Respublika Akademiyasının Rəyasət Heyəti tərəfındən təsdiq edilmişdi və o vaxtdan bəri illər bir-birini əvəz edir, yeddicildlik «Azərbaycan ədəbiyyatı tarixi»nin hələlik heç bir cildi nəşr edilməsə də, ətrafındakı söz-söhbət davam edir, müəlliflər öz hissələrini hazırlayırlar.
     Bizə elə gəlir ki, bu fundamental nəşrin elmi-nəzəri konsepsiyasına yenidən, həm də çox ciddi nəzər salınmalıdır və yəqin ki, belə də olacaqdır, çünki «inkişaf etmiş sosializm» ovqatı ilə işlənmiş konsepsiyanı, təbii ki, bu gün zaman özü təkzib edir.
     Hazırlanan nəşrin elmi-nəzəri konsepsiyasının naqisliyi ilk növbədə cildlərin bölgüsündə özünü bariz şəkildə göstərir. Birinci cild: Ən qədim dövrlərdən XIII əsrə qədərki dövr ədəbiyyatı. İkinci cild: XIII-XVIII əsrlər ədəbiyyatı. Üçüncü cild: XIX əsr ədəbiyyatı. Dördüncü cild: XX əsr, 1900-1917-ci illər ədəbiyyatı. Beş, altı və yeddinci cildlər isə Azərbaycan sovet ədəbiyyatına həsr olunub (qismən də Cənubda yaranan ədəbiyyata).
     Deməli, «Azərbaycan ədəbiyyatı tarixi», deyək ki, Nəsiminin, Xətainin, Füzulinin, Məsihinin, Saib Təbrizinin, Vidadinin, Vaqifin, müxtəlif əsərlərin və müxtəlif bədii-estetik təmayüllərin onlarla digər böyük nümayəndələrinin yaradıcılığını, Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım kimi klassik aşıqların sənətini, «Koroğlu» kimi qəhrəmanlıq, «Əsli və Kərəm» kimi məhəbbət dastanlarını, mürəkkəb və Azərbaycan tarixi kontekstində son dərəcə zəngin dövrləri (yalnız elə Səfəvilər dövrünü xatırlamaq kifayətdir!), ədəbiyyatımızın bir sıra mühüm ideya- mövzu xüsusiyyətləri əldə etməsini, poeziyamızın dini və dünyəvi motivlər arasında haçalanmasını, məhəbbət lirikasının və ümumiyyətlə, klassik şer ənənələrinin inkişaf etdirilməsini, lirik şerin və bədii nəsrin yeni nümunələrinin meydana çıxmasını, ictimai-siyasi lirikanın güclənməsini, nəhayət, Azərbaycan ədəbiyyatında sufizm ideyalarını, hürufizm və onun fəlsəfi-estetik mahiyyətini, Həsənoğludan Vaqifə qədər Azərbaycan ədəbi-bədii dilinin inkişafını yalnız bir cilddə - II cilddə ehtiva edəcəksə, 1941-1960-cı illər arasında yaranmış ədəbiyyata da ayrıca bir cild - VI cild həsr olunacaqdır. Elə bilirik ki, bu cür tənasübün naqisliyi göz qabağındadır və onu sübut etməyə ehtiyac yoxdur.
     Ümumiyyətlə, yeddicildliyin son üç cildinin süni şəkildə 1917-1941, 1941-1960, 1960-1980-ci illərə bölünmüş sovet ədəbiyyatına həsr olunmasını biz məhz nəşrin elmi-nəzəri konsepsiyasının naqisliyi ilə izah edirik. Yaxın keçmişimizdə aşığm oxuduğu və bu gün parodiya kimi səslənən «İşıqlıdır lampaları kolxozun!..» misralarının əhvali-ruhiyyəsindən, bədii əsərlərdə haqqında bəhs olunan kolxozlara «Şən həyat» adı vermək konyunkturasından qidalanan konsepsiyaların mənbəyini biz özümüz öz beynimizdə boğub məhv etməliyik, «Azərbaycan ədəbiyyatı tarixi»nin üç cildi o zaman sovet ədəbiyyatına həsr oluna bilərdi ki, bu nəşr, - heç olmasa iyirmi, iyirmi beş cilddən ibarət olsun. Yaxud ayrıca üçcildlik, hətta beşcildlik «Azərbaycan sovet ədəbiyyatı tarixi» hazırlamaq olar ki, orada yeni ədəbiyyatm yaranması bütün mürəkkəbliyi, məhrumiyyətləri, siyasi damğaları və stalinçi təhrikləri ilə bərabər dəqiq elmi-nəzəri analizdən keçirilsin.
     Bizə elə gəlir ki, «Azərbaycan ədəbiyyatı tarixi»nin yeddi- cildlik çərçivəsi saxlanacaqsa, Azərbaycan sovet ədəbiyyatı küll halında bir cilddə də tədqiq oluna bilər və burada təbii ki, ideologiya sahəsində partiya sənədləri və yaradıcılıq problemləri, ümumiyyətlə, bədii ədəbiyyatla bağlı yürüdülən siyasət, indiyə qədər «sosialist realizminin inkişafında yeni mərhələlər» kimi qiymətləndirilmiş dövrlər və bədii hadisələr, illər boyu «marksist-leninçi estetikasının inkişafı» kimi qələmə verilən, əslində isə belə bir inkişafdan qoyan təmayüllər, tamamilə, yeni elmi-nəzəri baxım bucağı altmdan işıqlandırılmalıdır, vaxtilə klassika səviyyəsinə qaldırılmış ayrı-ayrı konyunktur səciyyəli zəif əsərlər həqiqi qiymətlərini almalı, onların yalnız tənqidimizin yox, ümumiyyətlə, ictimai fikrimizin formalaşmasında oynadıqları ziyanlı rol açılmalıdır.
     Əlbəttə, yeni elmi-nəzəri baxım yalnız sovet dövrü ədəbiyyatımızın tədqiqində yox, bütün nəşrdə özünü qabarıq göstərməlidir. Dünənə qədər biz hansı böyük klassikimizinsə böyüklüyünü sübuta yetirmək üçün, ilk növbədə, onun mütləq realist olduğunu, yaxud mütləq ateist olduğunu isbat etməyə çalışırdıq, yəni elmi obyektivlikdən tamam kənara çıxırdıq. Bu gün isə belə bir adi həqiqəti söyləmək imkanımız var ki, böyük şair olmaqla və böyük şair kimi qiymətləndirilməklə bərabər, eyni zamanda, dindar olmaq da mümkündur və o klassikin dindarlığı onun böyük şairliyini yerə vurmur. Eləcə də Nizamini, yaxud Vaqifi, az qala, sosialist realizmi ədəbiyyatının nümayəndəsi kimi qələmə vermək də vacib deyil və bu mənada ədəbiyyatşünaslıq elminə zərər vurmamaq olar.
     Bizə elə gəlir ki, bu cəhətə XIX, xüsusən də XX əsr Azərbaycan ədəbiyyatına həsr olunmuş cildlərdə xüsusi fikir verilməlidir. İndiyə qədər biz XX əsr Azərbaycan publisistikasının «inqilabi-demokratik publisistika», «maarifçi-demokratik publisistika» və «burjua publisistikası» deyə təcrid edilmiş şəkildə üç yerə ayırmış, «Füyuzat», «Şəlalə» və başqa nəşrləri daima siyasi ibarələrlə damğalamış, müxtəlif çalarları, keçidləri, oyanış dövrünün məxsusiliyindən doğan xüsusiyyətləri görməmişik, daha doğrusu, görməyə və göstərməyə ehtiyat etmişik. M.Ə.Rəsulzadənin, Ə.Hüseynzadənin, Ə.Ağayevin yaradıcılığmı və fəaliyyətini marksist-leninçi dünyagörüşünə əsaslanıb birtərəfli və obyektiv tədqiq etməmişik. Bəzən olmayan yerdə «realizmə zidd təmayüllər» axtarmışıq, tənqidi realizmin ideya-estetik prinsiplərini qabarıq nəzərə çatdırmaq üçün maarifçi realizmin, yaxud romantizmin mahiyyətini və rolunu kiçiltmişik. Maarifçi realizmin özünü «maarifçi demokratlar» və liberal-burjua maarifçiləri» deyə iki qəti bölgüyə ayırmış və süni şəkildə bir-birindən təcrid etmişik və sairə.
     İctimai elmlər sahəsində stalinçi ideoloji metodlarm nəticəsində meydana çıxmış bu naqis elmi-metodoloji prinsiplərdən yaxa qurtarmaq bu gün ədəbiyyatşünaslığımızın qarşısında duran vətəndaşlıq borcudur, bunu bizdən Azərbaycan ədəbiyyatının qədimliyi və zənginliyi tələb edir, «elm» anlayışının mahiyyəti tələb edir, nəhayət, bunu bizdən sənət əsərlərinə həqiqi münasibət tələb edir. Yeddicildlik «Azərbaycan ədəbiyyatı tarixi»nin elmi-nəzəri konsepsiyası da məhz bu tələblər baxımından işlənməlidir.
     Təcrübə göstərir ki, klassik Azərbaycan ədəbiyyatının tədqiqi və nəsri zamanı kompaniyaçılığa uyduqda da ölçü hissi itirilir və belə bir vəziyyət ədəbiyyatşünaslıq elminin hərtərəfli inkişafında və mənəvi sərvətimizin üzə çıxarılmasında birtərəfliyə gətirib çıxarır. Məni çox düşündürən və narahat edən belə bir fakta diqqəti cəlb etmək istəyirəm: Nizami Gəncəvi haqqında Azərbaycan KP MK-nın məlum qərarından sonra, yalnız səksəninci illərdə respublika nəşriyyatları Nizami Gəncəvinin öz əsərləri, eləcə də «Nizami Gəncəvinin həyat və yaradıcılığının ümumtəhsil məktəblərində tədrisi məsələləri»ndən tutmuş «Nizaminin «Həft peykər»i və XIV-XVI əsrlərin farsdilli ədəbiyyatında nəzirə ənənələrinəcən dahi şairimizin yaradıcılığı haqqında tədqiqatlar 60-a yaxın adda 300000-nə qədər tirajla nəşr edilmişdir. Bu, öz-özlüyündə yəqin ki, fərəhli bir haldır, lakin bu, o zaman daha artıq fərəhli ola bilərdi ki, doğma dilimizdə yazan Nəsimi də, Xətai də, Füzuli də, sonrakı böyük ədiblərimiz də eyni ehtiras və şövqlə nəşr edilsin, tədqiq olunsun. Yoxsa ki, Füzulinin beşcildlik əsərlərini otuz ilə (!) nəşr ediriksə, Nizaminin və nizamişünaslığın bu dərəcədəki nəşri aludəçilik kimi qiymətləndirilə bilməzmi?
     Nizami dahi Azərbaycan şairidir. Nizamini öyrənmək və nəşr etmək, onun haqqında film çəkmək və əsərlərini səhnələşdirmək bizim ədəbiyyatşünaslığın, ədəbi ictimaiyyətin vətəndaşlıq borcudur, lakin bu iş bizim anadilli başqa böyük klassiklərimizin öyrənilməsi və nəşri bahasına görülməməlidir. Hərgah Azərbaycan Elmlər Akademiyası nəşriyyatının klassik ədəbiyyatımıza ayrılmış planında həcm etibarilə mütləq əksəriyyət yalnız Nizamiyə aid olacaqsa, o zaman ədəbiyyatşünaslıq elmimizin hərtərəfli inkişafı və klassik ədəbiyyatımızın geniş ictimaiyyətə çatdırılması perspektivləri, şəxsən məndə ciddi narahatlıq doğurur.
     Hərgah bu gün biz Nizami dilinin lüğətini nəşrə hazırlamaq sahəsində gərgin bir işə başlamaq istəyiriksə, bu da öz-özlüyündə, əlbəttə, gözəl hadisədir, şərqşünaslıq elminə dəyərli bir töhfədir. Lakin indiyə qədər biz «Dədə Qorqud»un dilinin lüğətini, yaxud Füzulinin dilinin lüğətini nəşr etdirə bilməmişiksə, kağız qıtlığı və mətbəə çətinlikləri şəraitində Nizami dilinin lüğətinin qabağa düşməsini mən düzgün hesab etmirəm. Axı, Azərbaycan dilinin, misal üçün, Xətai dilinin lüğətinin öyrənilməsinə ehtiyacı qat-qat artıqdır, nəinki fars dilinin (dəfələrlə və müxtəlif şəkildə izahlı lüğətləri nəşr edilmiş bir dilin!), Nizami dilinin lüğətinin öyrənilməsinə olan ehtiyacı.
     Əlbəttə, ideal variant bu olardı ki, biz Nəsimini də, Xətaini də, Füzulini də, milli eposlarımızı və ilk növbədə, «Dədə Qorqud»u da bu gün Nizami qədər nəşr və tədqiq edə bilək, lakin indiki imkanlar məhdudluğu şəraitində aludəçiliyə varmaq, dediyim kimi, bu, birtərəfliyə gətirib çıxarır, milli ədəbiyyatımızı sıxışdırır.
     İndi yaşadığımız cəmiyyətdə ictimai yeniləşmə, ədəbi-estetik təmizlənmə prosesi ittifaq miqyasında artıq elə bir surət əldə etmişdir ki, geridə qalmaq olmaz (çünki sonra yetirmək mümkün olmayacaq!), Azərbaycan ictimai fikri, o cümlədən, tənqid və ədəbiyyatşünaslıq da öz yaradıcılıq fəaliyyətini bu sürətlə həmahəng kökləməyi bacarmalıdır. Bu gün biz elə etməliyik ki, böyük şairimizin səksən il bundan əvvəl taziyanədə ifadə etdiyi «əcnəbilər seyrə balonlarla çıxır, biz hələ avtomobil minməyiriz» - mənəvi yanğısı sabah tənqid və ədəbiyyatşünaslığımızı səciyyələndirən misralara çevrilməsin. Daha artıq vətəndaş cəsarəti, daha artıq milli-mənəvi təəssübkeşlik və bəşəri ehtiva, daha artıq öyrənmək və öyrəndiklərini yüksək elmi-nəzəri səviyyədə müasirlərinlə bölüşdürmək ehtirası, daha artıq obyektiv prinsipiallıq şövqü, daha artıq özünətələbkarlıq - yalnız bunlar müasir Azərbaycan əbədi prosesinə canlanma gətirə bilər. Belə bir canlanmaya isə respublikamızın, az qala, yetmişillik tarixi ərzində bu gün bütün əvvəlki dövrlərə nisbətən qat-qat artıq ehtiyac var, çünki ehkamların yox, qərarların yox, həqiqətin əsasında əldə oluna biləcək nəticə realdır, bu gün buna yetmiş ildə olmayan bir imkan verilmişdir.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (23.07.2014) | Müəllif: R.C E W
Baxış: 629 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more