Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-«Sübh şəfəqi»nin işığı (Məqalə)
«SÜBH ŞƏFƏQİ»NİN İŞIGI
(Hüseyn Cavid yaradıcılığı və Avropa intibahı)


...Təbiətləri etibarilə intiqam hərisi olan
qadınlar arasında mən səni o dərəcədə
bağışlaya bilərəmmi ki, nə dərəcə onlar sən-
dən intiqam alardılar?
(Ciraldi Çinto.
«Ekatommiti», Altıncı dekada, VI novella.)
Mərhəmət! Ya rəbb, mərhəmət, inayət!
Təhəmmül ver!
(Hüseyn Cavid. «Ana»)


     Ayrı-ayrı xalqların onu Renessans, İntibah, Vozrojdeniye, Kvinkviçento, Rinaşimento, Veratsunund... adlandırmasından asılı olmayaraq, o, «sübh şəfəqi» idi və işığı coğrafi sərhədlər, milli müxtəlifliklər tanımırdı, insanın xislətini aydınlaşdırırdı və zəngin bədii təfəkkür sahiblərini bu xislətin mürəkkəbliyinə, ziddiyyətinə, qeyri-müstəqimliyinə, çoxmənalığına varmağa, xislətdəki saysız layları bir-bir, həm də istedadla açmağa sövq edirdi.
     Professor Mikayıl Rəfili «Nizami» monoqrafiyasında Adam Metsin və akademik V.V.Bartoldun İntibah haqqında elmi-nəzəri fikirlərini tədqiq edərək yazırdı ki, «İntibah» məfhumu Metsə və Bartolda goründüyündən daha geniş, daha mürəkkəbdir» və Rəfili bu genişliyi, mürəkkəbliyi açıb göstərməyə çalışır və bu alimə xas olan bir impulsivliklə İntibah «doğrudan da «sübh şəfəqi» idi» deyirdi.
     «Sübh şəfəqi» Hegelin ifadəsi idi və o, «Tarixin fəlsəfəsi» əsərində yazırdı: «...elmlərin dirçəlişini, incəsənətin çiçəklənməsini, Amerikanın kəşfini və Ost-Hindistan yollarının tapılmasının uzun-uzadı fırtınalardan sonra, ilk dəfə yenə də gözəl bir günün xəbərini verən sübh şəfəqinə bənzətmək olar. Həmin gün orta əsrlərin uzunmüddətli, zəngin iz qoyub getmiş və dəhşətli gecəsindən sonra, nəhayət ki, açılmış ümuminin təntənəsi günü idi».;
     Bədii-fəlsəfi təfəkkür məhsulu olan bu fikirdə bizim üçün ən əlamətdar odur ki, «sübh şəfəqi» yalnız İtaliyaya, yalnız İspaniyaya, yaxud Portuqaliyaya məxsus deyildi, «sübh şəfəqi» ümuminin mənəvi sərvəti idi.
     İntibahın qəhrəmanı dövründən və mənsub olduğu xalqdan, bu novellada italiyalı, o poemada azərbaycanlı, o biri povestdə çinli, komediyada ispan, faciədə ingilis olmasının, bu əsərdə şah, o biri əsərdə nökər, bir yerdə rahib, o birisində təlxək olmasının fərqinə varmadan böyük hərfli İnsandır və bu təbii bir haldır, çünki İntibah ümuminin nail olduğu mənəvi sərvət olduğu üçün, onun qəhrəmanı da öz məxsusi sevinci və kədəri ilə, qayğısı və güzəranı ilə, istəyi və imkanı ilə bərabər, ümuminin nümayənäəsi idi.
     Bizim ədəbiyyatşünaslıqda Azərbaycan İntibahı, xüsusən, son üç-dörd ildə intensiv və səmərəli şəkildə öyrənilir, tədqiq edilir və onun elmi təsnifatı verilir. Vaxtilə M.Rəfilinin, sonralar M.Cəfərin, Z.Quluzadənin, A.Hacıyevin, Ə.Ağayevin, Y.Qarayevin, R.Əliyevin, Q. Əliyevin, A.Rüstəmovanın monoqrafiya və məqalələri, eləcə də ayrı-ayrı dövrlərdə Ş.Nutsibidzenin, İ.Braginskinin, V.Nikitinanın, N.Konradın və başqalarının müxtəlif fikir və mülahizələri Azərbaycan İntibahının üfüqlərini əsrlərin elmi-nəzəri qaranlığı altından yavaş-yavaş işıqlandırma- ğa başlamışdır. Bu, əlbəttə, vacib bir məsələdir, mən deyərdim ki, bu gün Azərbaycan ədəbiyyatşünaslığı qarşısında duran vətəndaşlıq vəzifəsidir, lakin bütün bunlarla bərabər, bu zaman məhz İntibah məfhumunun genişliyinə, zənginliyinə görə onunla əlaqədar bir sıra digər mühüm problemlər kölgədə qalmamalı, yəni İntibah kompleks şəkildə öyrənilməlidir və Azərbaycan intibahşünaslığı da bu kompleks öyrənmənin, tədqiqin, təbii ki, əsas ixtisaslarından biri olmalıdır.
     İntibahın öyrənilməsi ədəbi əlaqələrin öyrənilməsi ilə ən sıx surətdə bağlıdır və son illərdə Azərbaycan İntibahı ilə əlaqədar dəyərli əsərlər yazmış professor Arif Hacıyevin «Azərbaycan renessansını türkdilli, farsdilli, ərəbdilli xalqların (eləcə də başqa dilli xalqların!), həmçinin Çin və Hindistan İntibahları ilə əlaqədə götürüb tədqiq etmək lazımdır kimi çağırışlarını biz düzgün elmi metodologiyanın doğurduğu xeyirli çağırışlar hesab edirik.
     Kölgədə qalmış, demək olar ki, hələ heç toxunulmamış sahələrdən biri Avropa İntibahı və Azərbaycan ədəbiyyatı mövzusudur və bu baxımdan biz Cavid yaradıcılığını araşdırdıqda çox maraqlı ədəbi hadisələrlə rastlaşırıq.
     Cavidin «Şeyx Sənan»ında, «Xəyyam»ında, eləcə də bir sıra başqa əsərlərində Avropa İntibah nəsri və poeziyası ilə səsləşən motivlər çoxdur, lakin bu yazımızda biz yalnız «Ana» dramının üzərində dayanacağıq.
     Bir az aşağıda haqqında bəhs edəcəyimiz İntibah novellası humanist dünyagörüşünün katolik etikaya qarşı amansız mübarizəsinin əyani, həm də əlamətdar nümunəsidir. Katolik əxlaq əsrlər boyu günahkarlığın insan xisləti ilə əkiz olduğunu təlqin edirdi və təbii ki, Avropa İntibahını meydana gətirmiş humanizm dünyagörüşü belə bir ortodoksal təlimi rədd edirdi. Bu humanist dünyagörüşü, təfəkkürü passiv deyildi, aktiv idi, mübariz və cəsarətli, hətta, belə demək eybəcər görünmürsə, davakar idi və humanizmin məhz bu mübarizliyi və cəsarəti nəticəsində orta əsrlərin cəhalət və nadanlığı içindən Avropa İntibahının «sübh şəfəqi» doğmuşdu.
     Feodal-katolik təfəkkür bu «sübh şəfəqi»nin qarşısmda nə edə bilərdi? O, aciz idi...
     «Dekameron»un, yaxud Sakketti qələminin işığı ilə ziyalanmış bu «sübh şəfəqi»nə asketik əxlaq, ya da dini qorxu necə sədd çəkə bilərdi?
     Vatikan kitabları qadağan edirdi, lakin həmin kitablardakı antikrelikal xətti daha da inkişaf etdirən yeni-yeni kitablar yaranırdı; feodal istidbadı əlindən gələni edirdi, dini obskurantizm hücuma keçirdi, Mazuçço Quardtinin, yaxud Podjo Braççolininin qəhrəmanları isə gülürdü, küt cəmiyyəti ələ salırdı, lazım olanda göz yaşı axıdırdı və bütün bunlarla da insanı mənən kamilliyə çağırırdı.
     Ciraldi də o «sübh şəfəqi»ni ziyalandıran bədii təfəkkür sahiblərindən biri idi.
     Cambatista Ciraldi Çintio (1504-1573) Ferrar zadəganlarından idi və yazıçılığından əlavə dövrünün görkəmli humanist alimlərindən biri kimi İtaliyanın məşhur Ferrar universitetində fəlsəfəni və təbabəti tədris edirdi, sonra Ferrar hakimləri ilə ixtilaf nəticəsində (başqa cür necə ola bilərdi?!) doğma şəhərindən koçmüş, İtaliyanın Mantu, Turin kimi şəhərlərində yaşamış, dərs demişdi; o, yalnız 68 yaşında ikən yenidən Ferrara qayıtdı və elə bil, doğma torpaqda dəfn olunmaq üçün geri dönürmüş kimi bircə ildən sonra orada vəfat etdi.
     Ciraldi d'Este sülaləsindən olan Ferrar hersoqu II Erkolenin katibi vəzifəsində işləmişdir və ümumiyyətlə, 1560-cı ilə qədər d'Estelərin sarayında yaşamışdır.
     Mən xeyli müddət Bakı və Moskva kitabxanalarında II Erkole haqqında məlumat axtardım, müxtəlif ədəbiyyatları vərəqlədim, amma demək olar heç nə tapmadım. Xəyal isə məni XVI əsrə, d'Estelərin sarayına aparır... Budur, II Erkole görünür... Hamı kimi, Ciraldi də ona təzim edir, baş əyir. Hamı Erkoleni tərifləyir, ona yaltaqlanır, onun müsbət (!) təbəssümünü üzərində hiss edəndə xoşbəxt olur. Erkole bütün saray adamları kimi, Ciraldiyə də əmr edir, Ciraldiyə də göstərişlər verir, amma... amma bu II Erkolenin adını tarix yalnız ona görə hifz eləyib ki, Ciraldi onun katibi olmuşdur...
     Lakin biz XVI əsrə bu uzaq səfərdən qayıdaq və hersoq katibinin yox, böyük yazıçının əsərlərinə müraciət edək.
     Ciraldi novellalar toplusu olan məşhur «Ekatommiti» kitabını hələ 24 yaşında ikən yazmağa başlamışdır və yalnız 1565-ci ildə onu bütöv şəkildə çap etdirmişdir.
     «Ekatommiti» (yunan dilində «Yüz hekayə» deməkdir) meydana çıxarkən Avropa İntibahı novellası artıq Covanni Bokkaççonun (1313-1375) «Dekameron», Franko Sakkettinin (1335- 1410) «Üç yüz novella», Quardatinin (1420-1476) «Novellino», Podjo Braççolininin (1380-1459) «Fatseti» kimi şah əsərlərə malik idi, Ciraldinin müasirləri Anolo Firentsuolu (1493-1545) «Mə- həbbət haqqında hekayətlər»ini, Françesko Qoatssini (1503-1584) «Gecə qonaqlıqları»nı yazmışdı.
     Ciraldi zəngin ənənələrə malik böyük bir məktəbin yetişdirməsi idi və yuxarıda göstərdiyimiz xronologiya, əlbəttə, «Ekatommiti»nin xeyrinə idi, istinad etməyə, bəhrələnməyə, öyrənməyə imkan var idi, amma digər tərəfdən, «Ekatommiti»nin yarandığı dövr «Dekameron»un, yaxud «Uç yüz hekayə»nin meydana çıxdığı dövrdən fərqlənirdi və bu fərq isə «Ekatommiti»nin xeyrinə deyildi.
     Xeyir ilə şərin mübarizəsində xeyirin müvəqqəti məğlubiyyətləri olur və bunu tarixdən yaxşı bilirik...
     XVI əsrin əvvəllərində feodal-katolik ideologiya ilə mübarizədə İntibah Humanizmi (İntibahı yaratmış və onu inkişaf etdirən mənəvi qüvvə!) artıq yavaş-yavaş zəifləyirdi, öz mübarizliyini nisbətən itirirdi və bu da təbii ki, demokratik və respublikaçı ənənələrdən uzaqlaşdırmaqla bərabər, bədiiyyatın estetikasına da mənfı təsir edirdi. Novella bilavasitə göstərməkdən daha çox, əxlaq dərsi verməyə başlayırdı, didaktikaya uyurdu, məsələn, «Dekameron» novellalarına xas olan dinamika, oynaqlıq, şuxluq get-gedə quru nəsihətçiliklə əvəz olunurdu.
     Lakin belə bir ümumi tənəzzülə baxmayaraq, böyük hərfli İstedad öz işini görürdü və o, «sübh şəfəqi»nə layiq işıqla parlamağı bacarırdı.
     Ciraldi İstedad idi və «Ekatommiti» də İntibah ideyaları ilə, İntibah əhvali-ruhiyyəsi ilə nəfəs alan İstedadın bəhrəsi idi.
     Bəli, Ciraldi novellalarında biz quru nəsihətçiliklə rastlaşırıq, bəzən bu nəsihətçilik, əxlaq dərsi oxumaq, didaktika hərəkəti, xarakterin canlılığını üstələyir. Bəli, bəzən həmin novellalarda söz bədiiliyin ziyanına olaraq müstəqim, birbaşa deyilir, lakin bütün bunlarla bərabər, bir küll halında Ciraldinin novellaları İnsanı göstərə bilir və onu yaşamağa çağırmağı bacarır, həm də bu çağırış effektlidir; bir küll halında bu novellaların bədii-estetik səviyyəsi İntibah sənətinin yüksəkliyi ilə ayaqlaşır.
     ...Gənclik çox zaman sabitləşmiş, əsrlərin sınağından çıxmış həqiqətləri də, bədii-estetik həqiqətləri də inkar edir və bununla da özünü təsdiq etmək istəyir. Hələ universitet tələbəsi olarkən mən böyük bir çılğınlıqla və sadəlövh dəlillərlə (daha doğrusu, bu gün mənə sadəlövh görünən, o vaxt isə təkzibolunmaz hesab etdiyim!) Şekspir sənətinin zəifliyini və həmin sənətə verilən bəşəri qiymətin yanlışlığını sübut etməyə cidd-cəhd edirdim. O vaxt məhz Lev Nikolayeviç Tolstoyun simasında (!) öz böyük müttəfiqimi tapmışdım. L.N.Tolstoyun Şekspir sənətinə iradlarından biri də ondan ibarət idi ki, onun əsərlərinin, xüsusən «Hamlet», «Romeo və Culyetta», «Otello» kimi məşhur faciələrinin süjeti orijinal deyil, Avropa İntibahı novellalarından gəlir. Əlbəttə, dahilərin (L.N.Tolstoy kimi!) səhvləri də öz böyüklüklərinə uyğun olur. Düzdür, həmin Şekspir əsərlərinin süjeti orijinal deyildi, lakin bu «qeyri-orijinal» süjetlər Şekspir dühası ilə dünya sənətinin ən orijinal, ən novator mahiyyətli mərhələsini təşkil etdi. Mən bu məlum məsələləri ona görə xatırlayıram ki, «Otello»nun ilkin mənbəyi məhz Ciraldinin novellalarından biridir. Şekspir «Ekatommiti»nin üçüncü dekada, VII novellası əsasında «Otello»nu yazmışdır.
     İndi isə «Ekatommiti»nin altıncı dekada, VI novellasını nəzərdən keçirməzdən əvvəl Cavidin «Ana» dramını xatırlayaq.
     Hüseyn Cavid 28 yaşında ikən dramaturgiyaya müraciət edir və «Ana» dramını yazır. O vaxt Cavid artıq tanınmış bir şair idi və yəqin ki, o vaxt heç kimin ağlına gəlməzdi ki, Cavid istedadının yönümünə ən uyğun bir janr kimi, məhz dramaturgiya bu şairin yaradıcılığının əsasını təşkil edəcək, gələcəkdə «Cavid teatrı» deyilən mənəvi bir sərvət yaranacaq ki, Azərbaycan ədəbiyyatının və fəlsəfi-estetik fikrinin zənginliyindən, çoxcəhətliliyindən xəbər verəcək, Azərbaycan romantizmi bu dramaturgiyanın sayəsində özünün yüksək zirvələrini fəth edəcək.
     Lakin bütün bunlar hələ irəlidədir, gələcəyin hadisələridir, indi qarşımızdakı Cavidin ilk dram əsəridir və olsun ki, bu pyesdə bir sıra dramaturji nöqsanlar tapmaq mümkündür. Səlmadan və İsmətdən başqa digər surətlər xarakter səviyyəsinə qaldırılmayıb, onların hərəkətlərində, mülahizələrində sadəlövhlük özünü büruzə verir, buradakı zaman, məkan eyniliyi hadisələrin dinamikası müqabilində məhdud və qeyri-təbii görünür, ola bilər. Lakin, eyni zamanda, Cavidin bu ilk dram əsərində də gələcək bütün əsərlərində olduğu kimi, böyük humanist ideyalar özünün əyani təcəssümünü tapmışdır.
     Ananın - Səlmanın «yalnız varı-yoxu tək bir oğlu» var və Səlma «bir ildən fəzlədir» ki, səfərdə olan oğlunun yolunu gözləyir. Qanpolad nişanlıdır və nişanlısı çərkəz qızı İsmət də Səlma ilə birlikdə onun yolunu gözləyir. Orxan adlı bir dəliqanlı İsmətə vu- rulmuşdur, amma İsmət öz nişanlısına sadiqdir. Qanpolad anasının və nişanlısının yanına qayıdarkən, Orxangil ona basqın edirlər və Orxanın «qardaşı və qonağı» Murad onu öldürür. İsmətin qardaşı Səlim öz dostu ilə birlikdə Muradı izləyir və onu öldürüb Qanpoladın intiqamını almaq istəyir və əsərin məğzini təşkil edən hadisə də bu zaman baş verir: Səlma əvvəlcə, bilmədən öz oğlunun qatilini evində gizlədir, sonra hər şeyi bilir, lakin yenə qatili öldürməyə izin vermir və Muradı xilas edir.
     Biz qısa və quru şəkildə «Ana»nın fabulasını söylədik. İndi isə «Ekatommiti»nin altıncı dekada, VI novellasını nəzərdən keçirək. Fondi şəhərində yaşayan Ananın - Liviyanın «dünyada hamı- dan və hər şeydən çox istədiyi yeganə bir oğlu» var və Şipione adlı bu cavan oğlan qadın üstündə başqa bir cavan oğlanla dalaşır və həmin cavan oğlan Şiponeni öldürür. Şəhərin keşikçiləri qatili izləyir və onu ölüm hökmü gözləyir və bu zaman bu İntibah novellasının məğzini təşkil edən bir hadisə baş verir. Liviya, əvvəlcə bilmədən öz oğlunun qatilini evində gizlədir, sonra hər şeyi bilir, lakin yenə qatili öldürməyə izin vermir və onu xilas edir.
     Göründüyü kimi, eyni fabuladır.
     Fabula eyniliyindən əlavə, «Ana» ilə Ciraldinin novellası arasında çox maraqlıı, oxşar məqamlar var. Bunların bəzisi xırda, bəzisi əsaslıdır, lakin hər halda, diqqəti cəlb edir. Liviya oğlunun öldürülməsi xəbərini eşidərkən deyir: «Heyhat, bu dəhşətli bədbəxtlik, elə bil ki, əvvəlcədən mənim ürəyimə dammışdı». Səlma da hələ oğlunun yolunu gözləyərkən belə deyir.
Hər gecə gördüyüm qanlı röyalar,
Göstərir ki, qorxulu bir xəbər var.

     Qatil qətldən sonra qaçaraq Liviyanın evinə girir və imdad istəyir və Murad da məhz belə edir və bizim üçün əlamətdar cəhət burasındadır ki, hər iki Ana qatilə «oğlum» - deyə müraciət edərək onu təhlükədən qurtarmaq istəyir.
     Səlma Murada öz evində sığınacaq verərkən belə fikirləşir:
Həm qərib, həm kimsəsiz, həm köməksiz...
Bütün dünya toplanıb gəlsə hərgiz,
Allah şahid, mən onu verməm ələ...

     Liviya da eyni ilə bu cür düşünür.
     Liviya da, Səlma da oğullarının qatillərinə hələ qətldən xəbərsiz olduqları vaxt söz veriblər ki, qorxmasın, onu olüm ayağına verməyəcəklər və sonradan həm Liviya, həm də Səlma məhz verdikləri bu sözə görə öz hərəkətlərinə bəraət qazandırırlar.
     Novelladakı qatil də, Murad da böyük sarsıntı içindədirlər və dərin peşmançlıq hissi keçirirlər. Novellada qatil Liviyaya deyir: «...mən ən böyük məmnuniyyət hissilə sizin hüzurunuzda ölməyə hazıram» və onu öz anası sanır. Cavidin dramına diqqət edək; Murad: «-Yaşatma, öldür, ana!».
     Liviya da, Səlma da yana-yana taleyin dönüklüyündən, dünyanın mərhəmətsizliyindən, bir ana kimi qismətlərinin dəhşətindən söz açırlar və ümumiyyətlə, hər iki surət eyni təfəkkürlüdür.
     «Ana» ilə Ciraldinin novellası arasındakı bu cür paralellər çoxdur və bizim fikrimizcə, bu yazıda onların sayını artırmağa daha ehtiyac yoxdur.
     Cavid bəlkə bu İntibah novellasını rus dilində oxuyub? Bəlkə həmin novella ilk dəfə türk dilinə tərcümə olunub və Cavid Türkiyədə olarkən bu novella ilə tanış olub? Kim bilir ... Yəqin ki, belə bir son dərəcə maraqlı Cavid-Avropa əlaqələri özünün gələcək elmi-nəzəri araşdırmasını gözləyir.
     Mən fikirləşirəm: bəlkə Cavid heç o novellanı oxumayıb?
     İntibah mədəniyyəti folklorun havası ilə nəfəs alıb, folklorun gözləri ilə görüb və xeyir ilə şərin mübarizəsində folklorun mövqeyi ilə öz movqeyini müəyyənləşdirib. Bu xüsusiyyət intibah dövrü İtaliya novellalarında özünü qabarıq şəkildə göstərmədədir. Həmin novellanın tədqiqatçısı mərhum E.Yeqarman yazır: «İtaliya novellası ozünün yüz illik inkişafı boyu mövzu və obrazlarını folklordan, həm keçmişdə, həm də cari dövrdə yaranan folklordan gotürmüşdür və daha çox kütləvi olan mövzu və obrazların variasiyalarını yaratmaqdan yorulmamışdır».
     Folklorşünaslıqda isə müxtəlif süjetlərin bir xalqdan o biri xalqa keçmə hadisəsi yaxşı məlumdur və belə bir maraqlı (həm də əlamətdar!) hadisə bir sıra hipotezalarla, nəzəriyyələrlə izah edilir.
     Vilhelm və Yakov Qrimm qardaşları gözəl nagıllarını yazmaqla bərabər, nəzəriyyə ilə də məşgul oldular və yer üzünün bütün xalqlannı, əslində, eyni mənşəli hesab etdilər, mifoloji nəzəriyyə yaratdılar. Onların həmyerlisi T.Benfey iqtibas nəzəriyyəsini irəli sürdü və bütün süjetlərin ilkinci Vətəni Hindistanı hesab etdi.
     Bəşəriyyət min-min kilometrlərlə uzaq məsafələrdə yaşayan xalqların oxşar süjetlər şəklində meydana çıxmış eyni təfəkkür tərzini, eyni dünya gorümünü, eyni bədii-estetik zovqünü izah etməyə çalışırdı, anlamağa, başa düşməyə çalışırdı.
     Antropoloji nəzəriyyə meydana çıxdı və bu nəzəriyyə bir-biri ilə əlaqəsi olmayan xalqların folklorundakı oxşar süjetləri həmin xalqların sosial-ictimai inkişaf mərhələləri arasındakı yaxınlıqla, dogmalıqla yozdu (akad. V.M.Jirmunski sovet ədəbiyyatşünaslığında bu nəzəriyyənin yeni məzmununun təhlilini vermiş və marksist estetikanın işləyib hazırladıgı tarixi-mənəvi, tarixi-tipoloji və tarixi-genetik cəhətləri əsas gotürmüşdü).
     Lakin mən, necə deyərlər, fikirlərin cilovunu çəkirəm. Dogrudan da, bu ekskurslar nə üçündür? Axı, Azərbaycan folklorunda belə bir süjet yoxdur! Hər halda, mən nə dastanlarımızda, nə də nağıl və məsəllərimizdə belə bir motivə rast gəlməmişəm...
     Cavid Ciraldinin novellası ilə tanış idi.
     Cavid də bir ədəbi mənbə kimi Avropa İntibahı novellalarından istifadə edən bütün boyük dramaturqlar kimi (Şekspir, Şiller, Lope de Veqa və başqaları), mexaniki yox, yaradıcı yolla getmişdir və İntibah novellası əsasında ozünün orijinal səhnə əsərlərini yaratmışdır.
     Ciraldinin bu novellasında Avropa İntibahının son mərhələsi üçün səciyyəvi olan yuxarıda gostərdiyimiz kəsir cəhətlər «Ekatommiti»dəki digər novellalara nisbətən ozünü daha artıq büruzə verir. Həmin novellada Ciraldi təsvir olunan hadisənin bədii- estetik təsir gücünü zəiflədən bir neçə uzun-uzadı eklektik monoloqlar söyləyir və bu zaman canlılıq, təbiilik arxa plana çəkilir, didaktika ozünü büruzə verir.
     «Ana»da isə belə bir müstəqimlik yoxdur, müəllif nağıl etmir, gostərir: personajlar mühakimə yürütməyi oxucunun - tamaşaçının ixtiyarına verir, özləri isə hərəkətdədir. Nə Səlma, nə də digər surətlər bütün əsər boyu bircə dəfə də olsun Ana məfhumunun böyüklüyündən, müqəddəsliyindən söz açmırlar, yalnız bircə yerdə Murad ozünü saxlaya bilməyib: «Aman! Ah, nə qadınsan!» - deyir, lakin biz şahidi olduğumuz hadisəyə gorə Səlmanın timsalında ana məfhumunun zənginliyi ilə əyani şəkildə qarşıla- şır, bunu əyani səkildə hiss edir, duyur və bu boyüklüyə ehtiram bəsləyirik. Novellada Liviyanın oglu Şpione ilə qatil yüngül əxlaqlı bir qadın üstündə dalaşırlar və müəllif bu hadisəni bir cümlə ilə söyləyir. «Ana»da isə tamam yeni - Qanpolad - İsmət - Orxan xətti var və bu xətt bir tərəfdən mənəvilik, paklıq nümayiş etdirir və bu, təmizliyə, paklıga çağırırsa, digər tərəfdən əsərin ümumi təsir gücünü artırır və bu məhəbbət xəttinin sonunda ananın faciəsi daha qabarıq gorünür. «Qanpoladsız hər şey gözümdə məhzun» deyən İsmət romantik hisslərlə yaşayan bir qızdır, lakin o öz ehtirasları, hərəkəti və düşüncəsi ilə həm də həyatidir və buna gorə də əsərə canlılıq, təbiilik gətirir. Akademik Məmməd Cəfər haqlı olaraq yazır ki, İsmət surətində «real cizgilər qüvvətlidir» və ümumiyyətlə, mən qeyd etmək istəyirəm ki, «Ana»nın ideyası bilavasitə həyatdan gəldiyi üçün, buradakı romantizm nəfəs alan, yaşayan, əgər belə demək mümkünsə, real romantizmdir (L.Q.Belinskinin məşhur - «romantizmin mahiyyəti onun ideyasındadır» təlimi yada düşür).
     Lakin biz oz movzumuza qayıdaq.
     Ciraldinin novellası ilə Cavidin dramı arasındakı bu cür müxtəlifliklər, yaradıcı əlaqələr çoxdur, lakin ən əsas fərq, bizcə, hər iki əsərin sonlugu ilə bağlıdır. Novellada Liviya qatilin xahişi ilə onu oğulluğa gotürür, hətta oz adını da ona verir və omrünün axırına qədər bu cavanla bir yerdə qalır, əvvəllər tanımadığı qatili öz doğma oğlu kimi sevir və Ciraldi, bütün bunların hamısını informasiya şəklində bizə çatdırır. «Ana»da isə Səlma müqayisəolunmaz dərəcədə canlıdır, onun daxilində gərgin və təzadlı hisslər burulğanı baş qaldırır:
Ax, bu xain qonaq aman istərkən,
Neçün mən ona yer verdim, bilmədən?
Oğlumun köksünü yarsın da gəlsin,
Bir cəllad kəndini əmanda bilsin?
Xayır, xayır, bu mümkün deyil əsla.
Sağ buraxmam! Mənim pəncemdə hala
Omın həddini bildirir bu əllər.
Qəlbində yerləşsin gərək bu xəncər!
Gərək bulsun cəzasını...

     Lakin Səlma anadır və onun oğlunun qatili də oğlu kimi cavan və dəliqanlıdır və bu cavan dəliqanlının da anası var yəqin...
Ah, fəqət
Oğlumun ruhu bəlkə eyler nifrət.
Bəlkə məndən inciyir, çünki indi
Qan tökməyə əsla riza vermədi.

     Düzdür, Qanpolad axır nəfəsində Səlmanı qan tökməkdən çəkindirmək istəyir, lakin Cavid qələminin gücü burasındadır ki, Səlma oğlunun iradəsinə istinad edərkən belə, əslində, bu onun öz ana qəlbinin səsi, nidasıdır. Səlma əlbəttə, bir tərəfdən
Ya rəbb, ədalət! Məni öldür, qurtar,
Hər yer mənə zindan kimi oldu dar

     -deyir, Qanpoladın Orxanı və İzzəti «İlk atəşlə yerə sərdiyini» eşidib: «Sizə halal olsun, oğlum, Qanpolad» - deyə oğlunun igidliyini alqışlayır, Qanpolad intiqamının alınmasını istəyir, digər tərəfdən isə
Həm mültəci, həm qərib, həm müsafir,
Xayır, vicdanım olmaz buna qadir

     -deyə Muradı xilas edir. Hətta Murad: «Xayır, bu qan yerdə qalmaz, bax!» - deyə özü xəncəri öz ürəyinə «saplamaq istərkən» belə, Səlma «şiddətlə onun qolundan vurur», oğlunun qatilinin özünü öldürməsinə də mane olur.
     Səlma surətinin yadda qalmasını, bədii-estetik təsir gücünə malik olmasını şərtləndirən əsas cəhət, bizcə, burasındadır ki, o, müqəvva deyil, yuxarıda yazdığımız kimi, canlı insan surətidir. Səlmanın ürəyi intiqam hissilə yana-yana Muradı xilas edir və biz başa düşürük ki, Səlma bu qatili, necə deyərlər, çılpaq əlləri ilə boğub öldürər və «uf» deməz.
Xayır, gecikdirməsi pək səmərsiz.
Burdan bu qanlı dəf olsun gərək tez!
Yoxsa xain parcalanır əllərdə...

     Səlma bilir ki, Murad xaindir, lakin Cavid humanizmi böyük Ananın timsalında, hətta xaini belə bağışlaya bilir:
     Səlma:
Yetər,
Yetər, get, durma, get!
Haydı, çəkil get!
Artıq sovuş!
Durmaq vaxtı deyil,
Get!

     -deyə, Muradı qaçırır, əslində isə, onu qovur.
     Əlbəttə, belə bir sonluq Ciraldinin novellasındakı sonluğa nisbətən əsaslandırılmışdır və daha həyatidir. Səlmanın son monoloqu bunu yaxşı ifadə edir. Diqqət edin, bu sözlərdə nə qədər insani bir yanğı var, sozlər nəsihətçilikdən, didaktikadan nə qədər uzaqdır.
Get, namərd qonaq, get!
Aləaq mültəci. Get, miskin hərif, get!
Cəllad, yırtıcı!
Get, vicdansız! Kəndini qurtar, yaşa!
Ancaq vicdansızları bəslər dünya.
Get gozüm görməsin!
Uzaqlaş, dəff ol! Nə haqsızlıq etdinsə,
Allahdan bul!
Get, əkil get, dinsiz, Allahsız, xain,
Murdar izin bu torpaqdan silinsin!

     Səlma Muradı öldürməyə qoymadı, Liviyadan fərqli olaraq onu qovdu, Murad qatildir və Səlma anadır:
Oğlumu söndürdün, yandırdın məni,
Get, kama yetirməsin Allah səni!

     Bəli, Səlma surəti təbiiliyi, həyatiliyi ilə Liviya surətindən seçilir. Başqa nə cür ola bilər? Əlbəttə, belə də olmalıdır. Ciraldinin novellası ilə Cavidin dramı müxtəlif epoxaların, müxtəlif ictimai və bədii-estetik inkişaf mərhələlərinin bəhrəsidir. Burası da yəqin tamam aydındır ki, biz, Səlma surəti Liviya surətindən təbiidir - həyatidir dedikdə, ədəbiyyatda Səlmanın təxminən 400 il əvvəlki sələfini heç vəchlə qiymətdən, gözdən salmaq istəmirik, Söhbət Cavidin İntibah novellasına məhz yaradıcı münasibətindən gedir. Söhbət istedaddan və «sübh şəfəqi»ndən gedir.
     ...O elə bir «sübh şəfəqi» idi ki, işığı əsrlərin süzgəcindən süzülüb gəlsə də, öz ilkin ehtirası ilə, ilkin şovqü ilə parıldayır. Əsrlər bir-birini əvəz edir, o İşıq isə həmişə İstedadı ozünə çəkir. Çünki onu da İstedad alovlandırıb.

1982.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (24.06.2014) | Müəllif: R.C E W
Baxış: 648 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more