Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Su
SU
(Absurd)
Unudulmaz Araz Dadaşzadənin xatirəsinə

Su harda – dirilik orda.
(Atalar sözü)

    Qadın bir küncdə oturub corab toxuyur və köhnə dəbli mebel elə bil ki, Nuh əyyamından qalıb və gözə görünməyən hörümçək torları o mebeli bürüyüb – düzülmüş həmin otağın Qadınla üzbəüz o biri küncündə paslanmış trubası divarın ortasından çıxmış köhnə kran var.
    Qadın (corab toxuya-toxuya). Vermirlər, verməsinlər! Cəhənnəmə versinlər! Üç gündü əlimi yumuram, üzümü yumuram. Yeziddilər də, yezid!
    Pauza.
    Qadın (corab toxuya-toxuya). Amma hünərin var supulu vermə! Vicdansızlar! Vermirlər, verməyin! Sizin suyunuz heç mənə lazım deyil! Mən heç rəhmətlik atamdan, o boyda kişidən minnət götürməmişəm, sizdən götürəcəm? (Bir anlıq toxumağına ara verib, əlini havada yelləyir.) Ay-hay!.. Yezidsiz siz, yezid! (Yenə corab toxumağında davam edir və bu vaxt krandan səs gəlir.) A-a-a... Deyəsən, vermək istəyirlər... Onsuz da, açıqdı kran. Özləri bilər. Verirlər versinlər, vermirlər verməsinlər! Mən day qurtardım! Adam nə qədər su dərdi çəkər? Üç gündü əl-üzümü yumuram! Əhməd Əli gəlmişdi, gördü də! Mənə nə var? Su gəlmişdi, mən də oturmuşdum, elə bil ki, iki qaloş bir-biri ilə danışırdı. Biri deyirdi sən keç, o biri deyirdi, yox, sən keç. Mənə nə var ki?! Özləri bilər! Hansı keçir, keçsin də, öz işləridi! (Krandan damcı-damcı su axmağa başlayır.) O-oo!.. Xoş gəlirsiz! Gözlərimiz aydın olsun! Bəxtəvər elədiz bizi! Ay-hay! Cəhənnəmə gəlirsiz! Gora gəlirsiz! Elə bilirsiz duracağam? Yox! Onu görməyəcəksiz! Qurtardı! Mənimki məndə, sizinki sizdə! (Eynəyinin qalın şüşəsi arxasından əlində toxuduğu coraba diqqətlə baxa-baxa) Bunnan sonra birin də toxuyacağam. Sonra birini də. Sonra da hərəsini üç qış geyəcəm. Bu elədi doqquz qış. Sonra da Allah kərimdi! Mənimki odu ki, həmişə doqquz qışın hazırlığın görüm. Onnan o tərəfi düzələr! Nə var ki?! Çətini ölənəcəndi! Ölənnən sonra hər şey düzələcək! (Krandan axan su yavaşyavaş çoxalır.) Qoy axsın! Nə qədər axır, axsın, durub bağlamayacağam! (Gülür.) Niyə bağlayıram e?! Su aydınlıq deyil? Qoy axsın də! Nə qədər axır, axsın! Indiyə qədər vermirdilər. Üç gündü nə əlimi yuya bilirdim, nə üzümü, hələ başqa şeyləri demirəm! Gəldi də, Əhməd Əli gəldi gördü göy gözləriylə! Bağlamayacam kranı! Qoy axsın. Yezidlər! Suyu əsirgəyirlər adamdan! (Gülür.) Amma... Amma həmişə on iki imama ağlayanda, gərək bir dəfə də yezidə ağlayasan də!.. (Qabağındakı kiçik qəzet mizinin üstündəki telefon zəng çalır. Hirslə dəstəyi götürür.) Bilirsən nə var? Su aydınlıqdı, onda cala öz bağına! Bildin?! Maşallah, o boyda bağın var, səhər motoskletdə bu başından çıxsan, axşam o başına güclə gedib çıxarsan! Mənə nə? (Dəstəyi aparatın üstünə atır.) Xox! Qorxdum səndən! Su yaranıb axmağa, göz yaranıb baxmağa! Qoy axsın! Heç yerimdən tərpənən də deyiləm! Bir dəfə, əlli il bundan qabaq, bağımızda balaca hamamımız vardı, orda çimirdim. Bir də gördüm ki, qonşudakı oğlan dırmaşıb öz hasarlarına, hasarları bizim hamamın böyründən keçirdi, hə, dırmaşıb hasara, boynunu uzadıb udquna-udquna hamamın yuxarısındakı balaca pəncərədən mənə baxır. Onda da elə hirsim tutdu ki! Cin vurdu beynimə! Amma özümü o yerə qoydum ki, guya, onu heç görmürəm. Həmişəkindən də iki dəfə artıq çimdim! O alçağın acığına! O əzabı ki, o alçaq çəkdi, qışqırıq salıb onu qovsaydım, heç həmin əzabın yüzdə birini də çəkməyəcəkdi! Ondan sonra görürdüm ki, gizlincə pusur məni, bütün işini-gücünü buraxıb avara olub. Haçan ki, çimmək üçün hamama girirəm, dırmaşır hasarlarına. Hava da ki, isti, elə olurdu bir gündə iki dəfə çimirdim, kefim istəyəndə, lap üç dəfə çimirdim. Axmaq oğlu, axmaq, lap ölürdü ayaq üstündə! Soxulcan kimi, çöpə dönmüşdü! (Kranın suyu şırhaşır axmağa başlayır.) Yox e, yox! Nə qədər axırsan ax! Yerimdən tərpəndi yoxdu! Əlli il bundan qabaq nənəm oxuyardı ki... Qoy görüm necədi? Qoy görüm... (Bir anlıq əlini saxlayıb fikirləşir.) Su gəlir... Su gəlir... Necəydi?.. Hə!
    Su gələr, axar, gedər,
    Bəndləri yıxar, gedər.
    Dünya bir akuşkadı,
    Hər gələn baxar gedər...
    Qoy baxsınlar! Odu, Əhməd Əli gəldi baxdı, getdi, nolsun? Gözləri bərələ qalmışdı, az qala pırtdıyıb hədəqəsindən çıxacaqdı, nolsun? Mən də baxıram! Nəyim kimdən əskikdi? Heç kimdən heç nəyim əskik deyil! Bu corabı da özüm geyəcəm! (Şırhaşır krandan axan su əlüzyuyanı tamam doldurur və yavaş-yavaş döşəməyə tökülməyə başlayır.) Qoy tökülsün! Heç vecimə də deyil! Nə olacaq? Dünyadan su əskik olacaq! Qurtaracaq dünyanın suyu? Nə qədər tutar bura? (Otağın dörd tərəfinə də divar boyu aşağıdan yuxarıyacan nəzər salır.) Çox tutsun, min vedrə tutsun! Lap iki min vedrə! Lap üç min! Nə olsun? Qurtaracaq bəyəm dünyanın suyu? Suçəkən də mən olacam, bərə gəzdirən də? Xeyr! Qoy axsın!
    Pauza
     (Telefon yenə zəng çalır. Diksinərək hirslə dəstəyi qaldırır). Hamısı özünsən! (Qışqırır.) Özünsən! Qurtardı! (Dəstəyi aparatın üstünə atır.) Bəyəm tək elə özüm susamışam? (Döşəməyə baxır. Krandan axan su yavaş-yavaş döşəməni doldurur. Ayaqları artıq suyun içindədi.) Ayaqlarım da susayıb, qoy indi qalsın bir az suyun içində, heç nə olmaz! Xəncərinin daşı düşməz! Bir də, axı nədi e? Nədi? Ayaqlarımın dərdini elə həmişə mən özüm çəkəcəm? It əyyamından qalıblar, özləri bilər! Vallah, mən day bu ayaqların əlindən zinhara gəlmişəm! Gah ağrıyır! Gah keyiyir! Gah yerimir! Mən day qurtardım, qurtardım! (Daha artıq bir cidd-cəhdlə corab toxumağa başlayır.) Bir az soyuqdu, amma eybi yox... Qış deyil ki... Bunnarı düz üç qış geyəcəm. Heç bu ayaqlara da verməyəcəm, bax belə özüm geyəcəm! Bəsdi özümü ayaqlarıma, əllərimə, gözlərimə nə bilim nəyimə qurban verdim! Sonra da ikisini toxuyacam, onnarın da hərəsi üç il, elədi doqquz il. Vəssalam! Əlli il bundan əvvəl bir dəfə çaydan keçirdik. Bax, elə bu ayaqlarımın ucbatından büdrəyib üzüstə suya yıxıldım. Əlimdə də bir nar varıydı, elə böyüküydü, az qala, qarpız boyda, özü də qıpqırmızı su götürüb apardı... O narı bir də heç vaxt görmədim... Eh, başım o qədər çəkib ki, mənim... Birdi, ikidi, beşdi, ondu bəyəm? Deməynən qurtarandı bəyəm? Hansını deyəsən? O nar da eləcə... Hərdən hiss eləyirdim ki, hardasa yanımdadı, lap yaxındadı, eləcə böyükdü, eləcə qıpqırmızıdı, amma ha baxırdım, görə bilmirdim. Bir dəfə, əlli il bundan qabaq olardı, birini gördüm, elə bildim odu, o qədər sevindim ki, az qaldı şadlığımdan ürəyim partdasın!.. Amma sonra gördüm ki, yox o deyil!.. Eləcə iridi, eləcə qıpqırmızı, adamın ovcuna yox, qucağına sığışan bir nardı, amma... (Dərindən köks ötürür.) o deyil! Dünyanın ən pis şeyi, bax, beləcə rəncidəhal olmaqdı! Sevinirsən, ürəyin az qalır sinəndən çıxıb göyə uçsun, elə bilirsən ki, əlli il bunnan qabaq həmin itirdiyindi, amma sonra baxıb görürsən ki, o deyil... (Döşəmədə su yavaş-yavaş qalxır və artıq Qadının topuqlarına çatıb.) Amma, sizə düzünü deyim gərək, dünyada ən pis şey, ən pis, ən pis, ən pis odur ki, evində oturduğun yerdə sənə su verməyələr, əlini-üzünü yumağa da su olmasın. Dinməzcə oturmusan evində, heç kimdə işin yoxdu, heç kimə bir pislik eləməmisən, heç kimə deməmisən ki, gözünün üstündə qaşın var, amma sənə su vermirlər! Özü də supulunu verə-verə! Hamısı onnandı ki, camaat canavar kimi burun-buruna dayanıb. Burun-buruna dayanmayanların da arasında heç kim heç kimin vecinə deyil. Hamı, bax, mənim bu ayaqlarım kimi, bir-birini incidir! Nə qədər ayaqqabı almışam bunnara?! Nə qədər uzunboğaz almışam?! Nə qədər şap-şap, nə qədər səndəl, nə qədər corab?! Nə qədər, hə, nə qədər?! Əhməd Əli görüb də, gözləriylə görüb! Yenə gəlmişdi, gözləri bərələ getdi! O ayaqqabıların, şap-şapların pulunu saxlasaydım, indi milyonçuydum! (Bir anlıq əlini saxlayıb, xəyala dalır.) Milyonum olsaydı, gedib bir gəmi alardım... Əlli ildi gözümü yumub o gəmini görürəm... Öz gəmimdi... Özü də qırmızı rəngdə, qıpqırmızı, o nar kimi... Gəmini alardım, çıxardım dənizə... Ordan gedərdim okeana... Hara baxırsan dalğalardı... On mərtəbə evlər boyda dalğalar... Ortada da o qırmızı, qıpqırmızı gəmi üzür... Çay deyil ki, keçəndə ayağım burxulsun... Gəmidə üzəcəydim... Lap uzaq başı gəmi batacaqdı, batıb öləcəydim, vəssalam! Nə olsun? Balıqlara yem olardım... Görəsən, balıq bilərdi ki, kimi yeyir? Yəni bu mənada ki, balıq bilərdi ki, kimi yeyir? Nə fərqi var? Deyirlər ki, balıq balasını da ovlayır. Aman-aman!.. Insandan murdar bir məxluq var dünyada? Balıq balasını yeyir, insan da o balığı yeyir! Tfu! Lənət olsun sənə, ey cəmi məxluqatın əşrəfi olan insan, min lənət! Sənə görə də durmayacağam yerimdən! Su-zad boş şeydir! Sənə görə durmayacağam!
    Pauza.
     (Corab toxumaqda davam edir). Amma bir şey var ki, balıq həmişə təzədir. Haçan tutursan, tut! Yayda da, qışda da, payızda da, yazda da, gecə-gündüz, nə vaxt tutsan da, təptəzədir! Amma çox axmaq heyvandı! Dünyadakı heyvanların ən axmağıdı! Min-min illərdi insan onu qarmaqla tutur, balıq hələ də başa düşmür, yenə də qarmağa gəlir. Özü gəlir e, öz tamahının ucbatından! Ceyran həndəvərdə canavar hiss eləyəndə, o saat götürülür! Bilir ki, bu o canavardı ki, min il bundan əvvəl onun ulusunu yeyib, həmişə də pusqudadı, onu da yemək istəyir, axıracan da belə olacaq! Canavar pusqudadı, ceyran səksəkədə! Elə canavar özü! Canavar bilir ki, əli tüfəngli insan onun qənimidi. Siçan pişikdən qaçan kimi, canavar da o tüfəngdən qaçır! Amma balıq?! Min illərdi özü öz xoşuyla gəlib keçir qarmağa! Ay aman!.. Belə də küt heyvan olar? (Krandan gur axan və köpüklənəköpüklənə döşəməyə tökülən suya baxır.) Yox e!.. Yox! Yox! Yox! Durmayacağam! Durub bağlamayacağam! Nə qədər axırsan, ax! Cəhənnəmə ax, gora ax! Xox! Qorxdum səndən! Mən onda ölmüşdüm, ölmüşdüm gəlib sənə yuxumu danışanda, başa düşdün?! Səfeh idim də, mən nə bilim?! Deyirdilər ki, adam pis yuxu görəndə səhər durub gərək suya danışsın. Su aydınlıqdı guya! Ay oldu, ha?! Yaman aydınlıqdı! Olmaz o aydınlıqdan! Düz əlli il bundan qabağıydı, səhər tezdən yerimdən durdum, gördüyüm o yuxunun qorxusundan üşünə-üşünə gəlib danışdım onu suya. Sonra nə oldu? Məni də öldürdü, o biri yazıqları da! (Telefon zəng çalır. Hirslə dəstəyi qaldırır.) Mən deyiləm! Bildin?! Başa düşdün?! Mən yoxam! Mən ölmüşəm! Əlli ildi bunu başa düşmürsən! Qan də! Qan! Nə vaxt qanacaqsan?! (Dəstəyi hirslə aparatın üstünə atır.) Hə, sizə nəyi danışırdım? Yuxu, su əhvalatını! Denən, ay səfeh, hər deyilənə inanarlar? Müsəlmanın sonrakı ağlı də! Eybi yox! Adam başına gələ-gələ öyrənər! Dama-dama göl olar! (Döşəməyə tökülən su artıq dizlərinə çatıb.) Qalxmayacağam! Bağlamayacam suyu! Bu dizlər kimindi, bu qıçlar kimindi, mənim deyil? Özüm bilərəm neyləyərəm?! Soyuq-zad deyil! Su pulunu vermişəm! Kimə nə borcdu? Gül kimi sudu də, nə olub bəyəm? Qoy qalsınlar suyun içində. Toxum deyil ki, cücərsin! Ayağımdı, qıçımdı, özüm bilərəm, istəyərəm bir il saxlayaram suyun içində! Mənə deyir ki, sözə bax e (yamsılayır), sənsiz mənim bir günüm olmasın! Yalan deyir e, elə bilir ki, mən də inanıram. Ay inandım, ha!.. Guya ki, tanımıram səni? Kim idi o qaloşları geyib yayın cırhacırında dəniz qırağına qaçan?! Bir adam ki, yalın ayağına qaloş geyə, ona inanmaq olar? Kim inanır, inansın, amma mən inana bilmərəm. Mən dünyagörmüşəm! Mən bu dünyanın hər üzünü görmüşəm! Yaxşısı pisindən çox olub, pisi də yaxşısından çox olub! Şair demişkən, qoca cadugərdi bu dünya, həmişə də cavanlıq donunda! Baxırsan, dünyadı də, gözəl, göyçək, adamın tamahı düşür! Abırlı, həyalı! Məsum! Incə! Nazənin! Amma əslində qoca köpəkdi! Dişlərini qıcıyıb mırıldayır! Ağzından da iylənmiş su axır! (Otağa dolan su artıq Qadının belinəcən qalxıb.) Ip gör necə islanıb e!.. Gödələcək quruyanda. Nə olsun, qoy gödəlsin. Onsuz da yuyulacaqdı də.
    Pauza.
    Ay qoca köpək! Elə bilirsən durub o kranı bağlayacam? Yox! Bağlamayacam! Ipi islatmaqla məni qorxudacaqsan? Xox! Baxarıq! Supulunu da vermişəm! Bir dənə yaşıl üçlük, bir dənə də göy beşlik! Qabaqlar ona bir dünya şey almaq olardı. Indi olub heç nə! Indi hər şey heç nə olub! Qabaqlar, heç olmasa, böyük-kiçik var idi, indi nə var? Heç nə! Hörmət-izzət, hamısı çıxıb gedib işinin dalınca! Kim kimədi? Dərəbəylikdi! Get dəniz kənarında bir dənə gəmi partlat – heç kimin vecinə deyil! Hamı oturub evində corabını toxuyur. Yəni o adamlar ki, corab toxuyur, oturub evində, onnar ki, toxumurlar, yüz cürə pəstəhadan çıxırlar! Balıq tuturlar! Suyu istəyir saf olsun, istəyir bulanıq, onnar üçün fərqi yoxdu. Əslində heç balıqlar üçün də fərqi yoxdu ki, bulanıqdı su, yoxsa yox, əlli il bunnan qabaq necə qarmağa keçirdilər, indi də eləcə qarmağa keçirlər... Amma suda toxumaq çətin olur... (Əlləri artıq suyun altında qalıb.) Eybi yox... Çətinlik görə-görə gəlmişəm də!.. Min çətinliyim olub bu kaftar dünyada, indi də olsun min birincisi! Əhməd Əlinin də gözləri elə bərələ qalmışdı. Elə bil, birinci dəfədi belə şeylər görür. (Suyun altında qalmış telefon zəng çalır. Əli ilə suda axtarıb dəstəyi tapır və qaldırır. Əsəbi.) Sən get öz dərdini çək, bildin?! Özünsən! Mən o yolları qayıdanda, sən hələ iməkləyə-iməkləyə təzəcə yola düzəlirdin! Mən o işə dördəlli girişəndə, sən hələ barmağını ağzına soxub əmzik əmirdin! Bildin?! (Dəstəyi suyun içinə atır.) Düz əlli il bundan əvvəl idi, bir dəfə qoz ağacının altında yatmışdım, yağış yağıb oyatdı məni. Bir damcı düz dodaqlarıma düşdü. Elə duzluydu, elə sərin idi, indiyəcən dadı damağımdadı! O da gəlib üstümə qışqırmağa başladı ki, qoz ağacının altında yatmazlar, adam zəhərlənər, başı ağrıyar. Bu baş kimindi? Mənimdi, yoxsa sənindi? Özüm bilərəm, sənə nə var, hə?! Mən qoz ağacının altında yatanda başım ağrıyıb eləmir, bildin? Mən qoz ağacının altında yatanda yağış yağır! O yağışın damlaları elə sərin, elə duzlu olur ki!.. Bunu sən başa düşməzsən! Bir də ki... Bilmirəm heç sizə deyim, yoxsa yox?.. Bir də ki... mən qoz ağacının altında yatanda səs eşidirəm... Həm səsdi, həm də elə bil ki, işıqdı... Çox tanış səsdi... Çox doğmadı... Birdən mənə elə gəlir ki... Mənə elə gəlir ki, o səsi çox qabaqlar eşitmişəm... Əlli il bundan qabaq yox e, çox-çox onnan qabaq... Hələ anadan olmamışdan qabaq... Hələ dünyaya gəlməmişdən qabaq... O vaxtlar ki, hələ mən yox idim, onda eşitmişdim o səsi... mən belə bilirəm, mən belə hiss edirəm də!.. Amma kimə deyəsən bunu? Deyəcəklər ki, dəlidi! Kimə deyəsən? (Əlini sudan çıxarıb barmağını krana tuşlayır.) Bunnara? Bunnarda insaf var bəyəm? Mürvət var? Pulunu da vermişəm, hər şeyi də yerində. Neçə gündü su vermirlər, hə? Üç gündən artıqdı! Qoy axsın indi! Xox! Qorxdum sizdən! (Kinayə ilə) Bu saat! Bu saat durub fincannan boşaldacam buranın suyunu! Gözləyin ha!.. Ay axmaqlar, dənizin də suyunu çömçə ilə boşaltmaq olar?! Elə bilirsiz ki, toxuya bilməyəcəm, hə? Elə bilirsiz ki, əlim suyun içindədi, ip islanıb, gözüm görmür, vəssalam də, hə?! Lap yaxşıca toxuyuram! Acığınıza üç il yox, beş il geyəcəm bu corabları, beş il! O birisini də beş il! O birisini də beş il! Bax, belə! Ölün indi! Gəbərin! Amma mən ölsəm də toxuyacam!
    Pauza.
    Mən öləndən sonra da bu corabı toxuyacam, bildiz?! Sizin ağlınız kəsən şey deyil bu! O biri corabları da toxuyacam! Dənizi isə çömçə ilə boşaltmaq olmaz! Amma bir şeyi də bilin: dənizdə balıq sevdası olmaz! (Suyun altından telefon zəng çalır. Əli ilə axtarıb dəstəyi tapır və sudan çıxarıb qulağına tutur.) Hə? Nə danışırsan?! (Daha artıq bir kinayə ilə) Ola bilməz!.. Əşşi, qoy görək!.. (Sakit halda) Bilirsən nə var? Sənə bir söz deyəcəm, papağını qoy qabağına, yaxşıca fikirləş! Qulaq as: su ki, var, hər şeyi təmizlər! Dünyada elə çirkab yoxdu ki, su onu təmizləməsin! (Dəstəyi suyun içinə atır.) Getdi düşdü görəsən aparatın üstünə? Qoy yoxlayım. (Əli ilə suyun içində axtarır.) Hanı bu? Bude... Hə, bude... Yoxsa ki, sənin zəngindən qorxuram?! (Su artıq boğazına qədər qalxıb.) Dəniz mənim üçün nə boydadısa, bir qazan su da milçək üçün o boydadı! Görürsən ki, o qazandakı suyun içinə milçək düşüb. Bu dünyada ki, bu qədər zibillik var, bu qədər üfunət var, bu qədər çirkab var – milçək üçün gözəl zibillik, gözəl üfunət, gözəl çirkab! – niyə bəs o milçək bunnarı qoyur bir kənara, gəlib özünü atır o qazanın içinə? Niyə? Siz də elə bilirsiz ki, qorxudacaqsız məni, hə? Suyu verəcəksiz, axacaq, axacaq, axacaq, mən də durub kranı bağlayacam. Hə? Elə helə bilin! Xox! Belə ki, səxavətliydiz, əvvəldən verəydiz də suyu, niyə vermirdiz? Indi məni qorxutmaq istəyirsiz? Qorxanam mən? Gəldi də, gəldi gördü Əhməd Əli öz gözləriylə! Rəngi elə qaçmışdı, gözləri elə bərəlmişdi, elə bil, ağ kağızı sifətinə yapışdırmısan! (Yalnız başı suyun üzərindədir və elə bil ki, Qadının bədəni heç vaxt olmayıb, təkcə elə başı olub və o baş həmişə elə eləcə tənha bir varlıq kimi suyun üzərində imiş.) Bir dəfə, əlli il bundan qabaq, elə bil, şeytan yolumdan azdırdı məni, gedib çıxdım köhnə dəyirmanın xarabalığına, dörd-beş oğlan uşağı yığışmışdı orda, arı bala gələn kimi, üstümə cumdular, o oramı əlləşdirdi, bu buramı əlləşdirdi, axırda da bir eşşək tapıb məni tərsinə otuzdurdular o yazıq heyvanın belinə, «çuş!» – deyib dalına bir təpik vurdular. Gəlib evə çıxanda, o vay-həşirin içində, o qırğın-qiyamətin içində, mənim təkcə bir istəyim var idi: bircə qurtum su içim! (Qadının başı təəccüblə ətrafa baxır.) Məniydim o? Hanı bəs? Nəyi əlləşdirirdilər eləcə o balaca uşaqlar? Hanı mənim bədənim? Sudu ki, hər tərəf!.. Mən toxuyacam e, toxuyacam, amma Əhməd Əli gələndə qapını necə açacaq? (Su yavaş-yavaş dolur.) Sudu... Su... Su... (Artıq ağzı-burnu da suyun altında qalır, yalnız gözləridi, ətrafa baxır və Qadının ağappaq saçları suyun üzünə yayılır. Suyun içindən telefonun zəngi eşidilir. Zəng çalır, çalır. Bir azdan Qadının başı suyun içində tamam yox olur. Telefonun zəngi isə elə hey çalır, çalır.)

S O N


24 sentyabr 1992.

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (17.01.2014) | Müəllif: R.C E W
Baxış: 747 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more