Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Sarı pencək
SARI PENCƏK


    Belə günlərdə...
    Evimiz gəmiyə oxşayır,
    otağım kayuta.
    Fikrət Sadıq
    Əlbəttə, bu qəribə, hətta son dərəcə qəribə hadisə barədə yazmamaq da olardı – o qədər qeyri-inandırıcı bir əhvalatdır, fəqət, belə bir qəribəlik özü əlamətdar deyilmi? Bəzən bizə elə gəlir ki, günlərimiz həddən artıq adi keçir, günlərimiz birbirinin eynidir, dünən ilə bu gün arasında fərq yoxdur; əslində isə, elə bu gümanın özüdür günlərimizi eyniləşdirən: belə bir gümanı dağıtmaq əvəzinə, bəzən heç özümüz də bilmədən bir çox qəribə hadisələrin, vəziyyətlərin üstündən ötüb keçirik; bu əlamətdarlığı hiss etdikdə isə, hər şey bizə qeyri-inandırıcı görünür. Əgər yadınızdadırsa, 1968-ci il aprel ayının 6-da Bakıda axşamçağı bərk yağış başladı, hərçənd günorta hava çox mülayim, yaz ətirli idi. Həmin günü daha yaxşı yadınıza salmaqdan ötrü, xatırladım ki, yağışdan bir az qabaq futbol üzrə otuzuncu ölkə birinciliyinin ikinci turu sona yetmişdi və «Neftçi», qəzetlərin yazdığı kimi, gözəl oyun göstərərək Odessanın «Çernomorets» komandasının qapısından dörd cavabsız top keçirtmişdi.
    Iyirmi səkkiz yaşlı cavan bəstəkar S.Qayıblı, təəssüf ki, futbol azarkeşi deyildi; təəssüf ona görə ki, həmin gün futbol azarkeşləri arasındakı ruh yüksəkliyi, böyük ümidlər bu saat onun üçün naməlum bir şey idi və vaxtsız yağış onu daha artıq bədbinləşdirmişdi.
    Cavan bəstəkar S.Qayıblı həmin gün səhər yuxudan duranda ağlına gətirməzdi ki, axşam və xüsusən gecə belə bir dilxorçuluq içində olacaq, hərçənd ağlına gətirsəydi də, bu onun üçün elə bir sürpriz olmazdı. Görünür, özünü tək və tənha sanan adamların həyatında iqlim dəyişikliyi daha artıq rol oynayır, nəinki ailəlilərin, oğul-uşaqlıların həyatında.
    S. Qayıblının V. və B. küçələrinin kəsişdiyi tində yerləşən doqquzmərtəbəli təzə binadakı otağında pianino yox idi və o, hər dəfə işləmək üçün «P. M. klubu»nun arakəsməsində qoyulmuş pianinonun arxasında oturmalı olurdu. «P. M. klubu» X. küçəsində yerləşirdi və S. Qayıblının on altı kvadratmetrlik otağı ilə X. küçəsi arasındakı məsafə bəzən yerlə ay arasındakı qədər, bəlkə artıq olurdu, bəzən də bir göz qırpımlıq – bu baxırdı S. Qayıblının işləmək həvəsinə; işləmək həvəsi isə, məlum məsələdir ki, öz növbəsində bir sıra amillərdən asılıdır – biz onları sadalamayacağıq – hərçənd deyirlər ki, işləyən heç nəyə baxmaz, Qorki ay işığında oxuyub, Pavlov öləndə keçirtdiyi hissləri diktə edib. S. Qayıblı «P. M. klubu»nda rəsmi işdə idi: özfəaliyyət kollektivinin bədii rəhbəri. Həftənin tək günləri rəsmi işdə olurdu, həftənin tək günləri dilxorçuluq basırdı onu, çünki klub müdirinin bir müavini var idi, ona göz verirdi, işıq vermirdi, deyirdi ki, canım, o nədir elə yazmısan, hərdən radio ilə verirlər, dram-ba-ba-bam, dram-ba-ba-bam, hanı bəs bizim kamançamızın göz yaşları, hanı bizim tarımızın ahnaləsi, hanı bizim nağaranın gurultusu, hanı bizim klarnetin sümük oynatması? Sonra da məlum olurdu ki, müdir müavini dəyişik salıb, başqasının əsərinə qulaq asıb.
    S. Qayıblı yaradıcılıq ilə məşğul olmaq istəyəndə kluba iş qurtarandan sonra, axşamçağı gedirdi ki, nə cəfakeş müavin orda olsun, nə də bir başqa adam. Gözətçi onu tanıyırdı və dərhal içəri buraxırdı. Bu gözətçi siqaret çəkən idi, amma ömründə cibində siqaret olmazdı, hər dəfə S. Qayıblı ilə salamlaşandan sonra bir siqaret istəyirdi, ayrılanda da xudahafizləşib bir siqaret istəyirdi – adətkərdə idi. Həmin gün S. Qayıblı işləməyə gedəndə, nədənsə, birdən-birə ağlına gəldi ki, bu gözətçinin həmişə siqareti olur, amma ondan aldığı siqareti qənimət bilir və yaxud bu da, bir növ, rüşvət kimi bir zaddır.
    O, salamlaşıb içəri girəndə gözətçi adəti üzrə siqaret istədi, S. Qayıblı da cavab verdi ki, siqareti yoxdur. Gözətçi, elə bil, qulaqlarına inanmadı, gülümsünüb təzədən dedi ki, siqaret istəyirəm. S. Qayıblı yenə də cavab verdi ki, siqareti yoxdur, sonra cibindən bir «Avrora» çıxarıb qoydu damağına və pillələri yuxarı qalxdı; özü də öz tərsliyinə təəccüb etdi.
    O, pianinonun arxasında oturdu, amma qapağını qaldırmadı. Gözlərini tavana zillədi və siqareti axıra qədər çəkdi. Könlündən keçdi ki, bu saat, bax, beləcə təyyarədə oturaydı, uçaydı, buludların altından keçəydi, üstündən keçəydi, sonra da...
    Əlbəttə, indi o özünü məcbur edib pianinonu danqıldada bilərdi, fəqət heç vaxt işləmək üçün özünü məcbur etməzdi, sadəcə ona görə ki, bundan bir şey çıxmazdı. Cavan bəstəkar S.Qayıblı yenə bir siqaret yandırdı, arakəsməni o baş-bu başa addımladı: qəribə idi, o başa iyirmi üç addım oldu, bu başa otuz bir addım, halbuki, eyni addımlar idi.
    Ümumiyyətlə, həmin gün onun işləri elə əvvəldən qəribəliklərlə dolu idi. Səhər yerindən qalxan kimi, heç əl-üzünü yumamış aşağı düşdü, binalarından bir tin aralıdakı qəzet köşkünə gedib, dünəndən sifariş etdiyi «Bakinski raboçi» qəzetini aldı, tələsik otağına qalxıb yazı masasının siyirtməsində saxladığı on üç ədəd lotereya biletini çıxartdı və əlinə bir doldurma qələm alıb rəqəm-rəqəm yoxlamağa başladı.
    Özü xüsusi olaraq lotereya biletlərini nəhs ədəd almışdı – prinsipial olaraq xurafata düşmən idi, hərçənd bunun özü də elə bir növ xurafat idi. Adəti üzrə bu dəfə də heç nə udmadı və on üç ədəd lotereya biletinin on üçünü də ortadan cırıb mətbəxdəki zibil yeşiyinə atdı. Lap dəqiq yadındadır ki, lotereya biletlərini cırıb mətbəxdəki zibil yeşiyinə atdı. Sonra çay-çörək yeyib şəhərə düşdü. Günorta nəşriyyata – üç miniatür fortepiano pyesindən ibarət ilk palazqulağı kitabçasını buraxırdılar – dəyib sonra təzə univermağın yanından üzüaşağı enəndə yadına düşdü ki, aerozol almalıdır, evdə, deyəsən, taxtabiti baş qaldırır, əlini atıb döş cibindən portmanatını çıxartdı ki, görsün bu gün aerozol ala biləcək, ya yox. On üç ədəd təptəzə lotereya bileti... portmanatın içində idi.
    O, lotereya biletlərini portmanatın içindən çıxartdı: elə şax idilər ki, elə bil heç alınandan əl toxunmayıb. Ələddinin çırağını xatırladı. Tələbə vaxtı yarızarafat, yarıciddi ay arzulamışdı ha Ələddinin çırağını. S.Qayıblı təzə univermağın yanındakı 3538 nömrəli mərkəzi əmanət kassasına girdi və qabaqlar konservatoriya ilə üzbəüz binanın divarından asılan bir reklam yadına düşdü:
    Vətəndaşlar, pullarınızı əmanət kassasına qoyun.
    Sərfəli və etibarlıdır.
    O, pillələri yuxarı qalxıb divardan asılmış cədvələ yaxınlaşdı. Təzədən lotereya biletlərini bir-bir yoxlamağa başladı. 13910 dərəcəli 191 nömrəli bileti bir manata düşdü; əgər nömrəsi iki rəqəm də artıq olsaydı, «LUÇ» qızıl qol saatı udacaqdı. «LUÇ» qızıl qol saatı yüz altmış manata idi. Əlbəttə, yüz altmış manat bir manatdan daha artıq yerinə düşərdi – olacağa çarə yoxdur – gedib kassadan bir manatını aldı. Bu manatın bir tərəfi balaca cırılmışdı, papiros kağızı ilə yapışdırmışdılar. Manatı portmanatının içinə qoyub əmanət kassasından çıxdı. Indi də o başa iyirmi üç addım, bu başa otuz bir addım.
    Siqaretdən bir-iki qullab vurub gözucu pianinoya baxdı və qalxıb pillələri aşağı düşdü. Qapıdan ötəndə gözətçi adəti üzrə xudahafizləşib bir siqaret istəmək əvəzinə, yana-yana, az qala, ağlamsına-ağlamsına dedi ki, buna bir bax, bunun da gücü mənə çatır.
    Bir yağış yağırdı ki, gəl görəsən. Cavan bəstəkar S.Qayıblı pencəyinin boynunu qaldırıb divarların dibi ilə becidbecid evinə tərəf üz tutdu; necə hava olursa-olsun, ömründə trolleybusa minməzdi, necə ki, tramvaydan da, avtobusdan da zəhləsi gedirdi; guya ki, bu, eyniliklərə qarşı bir üsyan idi – eyni marşrutlar, eyni dayanacaqlar, hərçənd bu üsyan da indi öz növbəsində bir eynilik olmuşdu.
    Qəfil yağış küçələrə tənhalıq, sükunət gətirmişdi, küçələri bozartmışdı, boş küçələrin addım həsrətini də öldürmüşdü. Bu tənhalıqda bir az da xof qatışığı var idi, adamın canına üşütmə salırdı, adamın əti ürpəşirdi, elə bil qurbağa atıblar içinə. S.Qayıblının otağı səkkizinci mərtəbədə idi, özü də küncdə. Belə yağışlı, küləkli axşamlarda, xüsusən, gecələrdə otağın içi küçədən daha artıq uğuldayırdı. S.Qayıblının üstündə, yəni doqquzuncu mərtəbədə cavan bir şair olurdu, daha doğrusu, gənc şair Fərhad Xoşbəxt. Onun da otağı S.Qayıblınınkının eyni idi, hərçənd külfət sahibi idi.
    Hə, bu Fərhad Xoşbəxt öz otağına kayut deyirdi, S.Qayıblı da indi yorta-yorta öz kayutuna gedirdi.
    Otaq həmişəki kimi idi, eyni miz, eyni şifoner, eyni kitab dolabı, eyni divan, «Riqonda» markalı eyni radioqəbuledici, Ü.Hacıbəyovun divardan asılmış eyni fotosu, eyni pəncərə, eyvana açılan eyni qapı, bu otağın eyni spesifik tənhalığı. Bu cür yağışlı, küləkli axşamda belə bir eynilik cavan bəstəkar S.Qayıblı üçün ən ağır bir ərəfə idi: təpədən dırnağacan boşluq ərəfəsi. Radio uşaqlar üçün nağıl deyirdi, axırda da uşaqlara şirin yuxu dilədi. Sonra konsert başladı, kim isə – təzə bir müğənni «Şur»un «Zəminxarə» şöbəsini oxuyurdu. S.Qayıblı radionu söndürdü.
    Külək, yağışı şarappıltı ilə pəncərəyə vururdu, su çərçivənin arasından süzülüb damcı-damcı parketin üstünə tökülürdü. Fərhad Xoşbəxt öz pəncərə çərçivələrinin arasını pambıqla tıxamışdı və S.Qayıblıya da belə bir məsləhət vermişdi. Külək bayırda elə qıy vurdu ki, az qaldı içi qoğalla dolu boşqab mizin üstündən yerə düşsün. Qoğalları Novruz bayramı üçün anası kənddən göndərmişdi, indi quruyub qaxaca dönmüşdülər. Elə yerə düşsəydilər pis olmazdı, çilik-çilik olardı bu boşqab, içindəkiləri də tullayardı, nə vaxta qədər elə-beləcə mizin üstündə qalacaq? Başının üstündə Fərhad Xoşbəxtin ayaq səsləri eşidildi, zalım ayağını yerə basanda divarlar titrəyir. Bu addımlar da bu gecənin yeknəsəq ritmi idi. Həmişəki kimi bir qəhvə də dəmləyib qəndsiz içmək lazımdı ki, bu gecənin bu yeknəsəqliyi lap bütöv olsun, tam kvadratda; eyni fikirlər də öz-özünə gələcək, istəsə də, istəməsə də.
    Mətbəxə keçib qazı yandırdı, səhər su gələndə doldurduğu çaydanı qazın üstünə qoydu.
    Bu mətbəxdən haçan mətbəx iyi gələcək, bu soyuq iysizlik, divarlara, tavana, döşəməyə hopmuş bu buz kimsəsizlik nə vaxt çəkiləcək? Qulağının dalını görəndə? Doğrudan da, heç vaxt isinməyəcək bu mətbəx, bu otaq, bu mənzil? Niyə isinmir? Yaz keçər, yay keçər, payız keçər, qış gələr, ocaqçı Məmmədağa həftə səkkiz, mən doqquz, adambaşı bir manat yığa-yığa buxarlığı qızdırar, bu mənzil də isinər onda. S.Qayıblı fikirləşdi ki, bu hazırcavablığın heç yeri deyil və qəhvəyi rəngli linoleum çəkdiyi döşəməyə baxdı. Ayaqqabılarından bir az kənarda, zibil yeşiyinin yanında cırılmış bir lotereya bileti var idi.
    Cavan bəstəkar S.Qayıblı əyilib cırıq lotereya biletini döşəmənin üstündən götürdü, sonra ayağı ilə zibil yeşiyinin qapağını qaldırdı; qalan lotereya biletlərinin hamısı ortadan bölünmüşdü və hamısı da vedrənin içində idi. Sonra gedib arakəsmədəki asılqandan asılmış pencəyinin döş cibindən portmanatını çıxartdı: kənarı papiros kağızı ilə yapışdırılmış birmanatlıq portmanatın içində idi. Onun qəndsiz qəhvə içmək həvəsi də öldü və o, ilk dəfə həmin qəribə gecənin həmişəki yeknəsəqliyini pozdu – çaydanın altını keçirtdi.
    Yenə də Fərhad Xoşbəxtin addımları divarları titrətdi, o da otaqdan mətbəxə keçmişdi, sonra da nə isə döyəcləməyə başladı, Allah bilir, nə qayırırdı. Fərhad Xoşbəxtin əla planları var idi: gah blokun pilləkənlər qurtaran hissəsini kəsib evinə qatmaq istəyirdi, gah eyvanını uşaq otağı eləmək istəyirdi, gah tavandan qapı açıb otağından binanın taxtapuşuna nərdivan düzəltmək istəyirdi ki, taxtapuşda özünə bir otaq qayırsın. Amma bütün bunlar hamısı da, plan olaraq qalırdı və cavan bəstəkar S.Qayıblı çox gözəl bilirdi ki, plan olaraq da qalacaq, yoxsa ki, bu gecə bu cür yeknəsəq olmazdı.
    S.Qayıblı belə düşünürdü.
    O, eyvana çıxdı. Bütün binada onun eyvanı yeganə azad eyvan idi: nə boş şüşələr var idi (hamısı qapı-qapı gəzən butulkaalanda), nə açılıb-yığılan çarpayı, nə ayağından iplə dəmir barmaqlığa bağlanmış xoruz və yaxud toyuq, nə paltar sərmək üçün zivə, nə də başqa bir şey. Amma bu azadlıqda bir tənhalıq var idi və bu azadlıq eyni idi; əslində həmin tənhalığı da yaradan bu eynilik idi; eyni əşyasızıq, eyni genişlik.
    S.Qayıblı siqaret yandırıb eyvanın sürahisinə dirsəkləndi. Yağış yaman yağırdı, başının üstündə Fərhad Xoşbəxtin eyvanı olmasaydı, onu su aparardı. Amma bu yağış da həmişəki yağış idi, bu mənzərə də həmişəki mənzərə idi: qarşıdakı axarbaxarın üçdə iki hissəsini tutmuş böyük qara bina, yuxarıda təzə tikilmiş və birbirinin eyni olan binaların boz siluetləri, axar-baxarın qalan bir hissəsini təşkil edən xırda evlər və içi çəkmə təmiri emalatxanası olan köhnə məscid; həmişəki qaranlıq və tək-tək adamların həmişəki kimi yağışdan qaçışması.
    Qarşıdakı böyük qara binanın üçüncü mərtəbəsində yaşayan qız yenə də həmişəki kimi pəncərələrinin pərdəsini aralayıb S.Qayıblının eyvanına baxdı. Bu da Fərhad Xoşbəxtin addım səsləri kimi bu gecəki yeknəsəqliyin özünü ifadə tərzlərindən biri idi. Sonra qız pərdəni örtdü, həmişəki kimi, guya ki, utandı. Düz iki ildir beləcə utanır, amma bir şey çıxmır. On dəqiqədən sonra yenə pərdəni aralayıb S.Qayıblının eyvanına baxacaq.
    S.Qayıblı siqareti tullayıb otağa keçdi, divanda uzanıb səhər aldığı «Bakinski raboçi» qəzetinin dördüncü səhifəsinə baxdı: lotereya cədvəlindən aşağıda hava haqqında məlumat var idi, yazılmışdı ki, axşam mülayim şimal küləyi əsəcək, havanın hərarəti müsbət on beş-on altı dərəcə olacaq. Artıq bu təzad da adama təsir etmirdi, çünki bu təzadlar da eyniyyət şəklini almışdı.
    Qəzeti kənara atıb gözlərini tavana zillədi, sonra ayağa qalxdı: şəhərə çıxıb yağışın altında islanmaq lazım idi əməlli-başlı, bu otaqdan qaçmaq lazım idi müvəqqəti.
    Həmin gecəni cavan bəstəkar S.Qayıblının bütün ömründə ən əlamətdar gecə edən o qeyri-adi, qəribə hadisə də bu zaman baş verdi. S.Qayıblının neçə il bundan qabaq sarı məxmərdən tikdirdiyi məşhur bir pencəyi var idi. Məşhur idi ona görə ki, yay-qış həmişə əynində olardı və qəribədir ki, S. Qayıblının özünün də bu pencəkdən zəhləsi gedirdi, fəqət bu qızılı çalarlı sarı pencək əynindən əskik olmazdı; ona görə yox ki, başqa pencəyi yox idi – yox, var idi, elə bu yaxınlarda yaxşı bir krep-baston kostyum tikdirmişdi və bu gün günorta da həmin kostyumu geymişdi, çünki nəşriyyata gedəcəkdi: kitabçasının redaktoru çox zəhmli bir qadın idi və srağagün onun bu sarı məxmər pencəyinə elə bir sarsıdıcı nəzər salmışdı ki, S.Qayıblı öz-özünə söz vermişdi – bir daha sarı pencəkdə bu qadının gözünə görünməsin; ona görə bu sarı pencək əynindən əskik olmazdı ki, bu pencək onun yaşayışının ayrılmaz tərkib hissəsi olmuşdu, bu pencək ən bütöv yeknəsəqlik rəmzi idi.
    S.Qayıblı şifoneri açıb sarı pencəyi götürdü və cəld əyninə geydi ki, otaqdan qaçsın. O, otağın işığını keçirib arakəsməyə çıxdı və heyrətlə arakəsmədəki güzgünün qarşısında dayandı: qızılı çalarlı məşhur sarı məxmər pencək əynində deyildi, əynindəki... başqa pencək idi. S.Qayıblı gözlərini güzgüdən ayırıb əynindəki pencəyə baxdı, əlləri ilə pencəyin yaxasını yuxarı qaldırıb lap diqqətlə baxdı: ömründə onun bu rəngdə belə bir parçadan pencəyi olmamışdı, əynindəki pencəyin rəngi yaşıl idi. O, otağa girib işığı yandırdı və şifoneri açdı: bayaq sarı pencəyini götürdüyü asqı boş idi və hələ də tərpənirdi. S.Qayıblı əynindəki bu qəribə pencəyi çıxartdı və... o, yenə də qızılı çalarlı məşhur sarı məxmər pencəyi əlində tutmuşdu. Cavan bəstəkar S.Qayıblını soyuq tər basdı, bir neçə an sarı pencəyə baxdı və arakəsmədəki güzgünün qarşısına keçib ehtiyatla, yavaş-yavaş sarı pencəyi əyninə geydi. Əyninə geydikcə də sarı pencək gözgörəsi rəngini dəyişdi: indi tünd göy rəngli idi, nazik ağ milləri var idi.
    S.Qayıblı yenə də gözlərini aynadan çəkib əynindəki pencəyə baxdı, guya ki, arakəsmədəki güzgü onu aldadırdı, sonra keçib otağın işığında baxdı, sonra mətbəxə keçib mətbəxin işığında baxdı, sonra vanna otağına girib vanna otağının işığında baxdı: tünd göy rəngli miləmil pencək idi. Cavan bəstəkar S.Qayıblının ömründə belə pencəyi olmamışdı. Yenə arakəsmədəki güzgünün qarşısına gəldi, gözlərini güzgüdən çəkməyərək əynindəki pencəyi çıxartdı və pencək onun gözlərinin qabağında rəngini dəyişdi, sarı məxmər pencəyə çevrildi. S.Qayıblı otağa keçdi, əlindəki sarı məxmər pencəyi şifonerə qoydu, bir neçə dəqiqə dinməz-söyləməz sakitcə divanda oturdu. Başı gicəllənirdi, gözləri də qaralırdı elə bil.
    Sonra mətbəxə getdi, səhər su gələndə doldurduğu şüşəni götürüb əlüzyuyana əyildi və suyu başına, boynuna tökdü, üzünü yudu. Əl-üzünü, başını qurulamayıb məhrəbanı boynuna saldı, otağa keçib bir siqaret yandırdı və divanda oturub siqareti axıra qədər çəkdi.
    Hər şeyi başından çıxartmaq istəyirdi, hər şeyi; dünyada heç nə yox idi, bir o idi, bir də əlindəki siqaret, vəssalam. Sonra qalxıb əl-üzünü, başını quruladı, məhrəbanı bir tərəfə atıb, şifoneri açdı və sarı məxmər pencəyi götürüb bir göz qırpımında əyninə geydi və bir göz qırpımında da sarı pencək dəyişdi: qəribə bir parçadan çox yaraşıqlı bir pencək idi, elə bil əyninə biçilib-tikilmişdi, boz rəngdə, özündən də küknarvarı milləri var idi, həm də çıraq kimi yanırdı pencək.
    S.Qayıblı arakəsmədəki güzgünün qabağına gəldi. Əynindəki pencək o qədər yaraşıqlı idi ki, cavan bəstəkar S.Qayıblı bu yaraşıqdan vahiməyə gəldi. O, qapının zənginə diksindi, elə bil yuxudan ayıldı, fəqət yuxu deyildi bu, həqiqət idi. Əynindəki pencəyi çıxardıb qapını açmaq istədi, amma əynindəki yaraşıqlı pencəyi çıxara bilmirdi, pencək elə bil yapışqan idi, bədənindən ayrılmırdı, düymələri də. Əslinin donunun çalğaşıqlı düymələri kimi, bir düymə qalıncaya qədər açılır, sonra öz-özünə düymələnirdi. Zəng bir də çalındı və S.Qayıblı qapını açdı.
    Fərhad Xoşbəxt idi, salamlaşıb soruşdu ki, bir-iki mismar lazımdır, yoxundur? Sonra da S.Qayıblının əynindəki pencəyə baxıb dedi ki, mübarəkdir təzə pencəyin, əcəb pencəkdir, amma bilmirəm bunları neyləyirsən, onsuz da sarı pencəyi əynindən çıxartmırsan, sonra da soruşdu ki, sənə nə olub belə, gözümə birtəhər dəyirsən? S.Qayıblı dodaqaltı nə isə dedi, heç özü də bilmədi nə dedi, sonra mətbəxdən bir-iki paslı mismar tapıb Fərhad Xoşbəxtə verdi və Fərhad Xoşbəxt yuxarı – öz kayutuna qalxdı.
    S.Qayıblı Fərhad Xoşbəxtin ardınca qapını bağladı və yenə də pencəyi əynindən çıxartmağa çalışdı, amma pencək əynindən çıxmırdı. S.Qayıblı nə qədər çalışdısa da özündən küknarvarı milləri olan bu yaraşıqlı boz pencəyi əynindən çıxara bilmədi; bu pencək içi vakuum bir model kimi onun bədənindən ayrılmırdı. S.Qayıblı heç işıqları da keçirtməyə macal tapmadı, səkkizinci mərtəbədəki kayutundan baş götürüb qaçdı. Qapının ingilis kilidi «çık» eləyib bağlananda o, artıq küçədə idi – elə sürətlə düşmüşdü pillələri.
    Yağış dayanmışdısa da küçədə bir çovğun var idi. Külək boş küçələr boyu uğuldayırdı. Bakı küçələri heç vaxt həmin gecə kimi boş və kimsəsiz olmamışdı. Cavan bəstəkar S.Qayıblı gedirdi və hara getdiyini özü də bilmirdi. Elə bil səkkizinci mərtəbədəki kayutundan deyil, özü özündən qaçırdı, içindən qovurdular onu. Küçələrdəki bu uğultu onun içinə də dolmuşdu, beynini də qupquru qurutmuşdu; fikirsizliyin, boşluğun içində idi beyni.
    Sövq-təbii əlini pencəyinin cibinə salıb bir siqaret çıxartdı, qarşıdakı binalardan birinin girişində küləkdən daldalanıb siqareti yandırdı. Dumanlı şəkildə yadına saldı ki, bu pencəkdən xəbəri yoxdur, birinci dəfədir geyir bu pencəyi və heç vaxt bu pencəyin cibinə nə kibrit, nə də siqaret qoyub. Ona elə gəldi ki, əvəz-əvəz olsun deyə, bu siqareti də, bu kibriti də onun cibinə bayaqkı gözətçi qoyub.
    Kim isə onun üstünə qışqırdı ki, ay yoldaş, yavaş ol, niyə ayağının altına baxmırsan yeriyəndə, üstümüzə çıxmayacaqsan ki. O diksindi və yalnız indi özünü hansı bağda isə xudmani bir guşədə qalanmış balaca ocağın qarşısında gördü; az qalmışdı ocağın üstünə yerisin. Bura hansı bağ idi, indi də yadında deyil. Ola bilsin ki, dənizkənarı park idi, çünki havadakı uğultuya elə bil dəniz səsi də qatışmışdı.
    Cavan bəstəkar S.Qayıblının üstünə qışqıran və yəqin ki, bu ocağı da qalayan kişinin əynində köhnə sırıqlı var idi, üz-gözünü də tük basmışdı. Bəlkə o da dənizkənarı parkın gözətçisi idi, bəlkə də bir əyyaş idi. Ocağın kənarında çöməlib əlində çubuq tutmuşdu, çubuğun ucuna bir sosiska keçirtmişdi, sosiskanı ocaqda qızardırdı.
    Bu balaca ocağın qaranlıq içindəki qəfil parıltısı və qəfil istisi elə bil S.Qayıblının bütün daxilini silkələdi, elə bil beynindəki fikirsizliyi də qovub çıxartdı, içindəki uğultunu da.
    Ocağın kənarında çöməlib sosiska qızardan kişi S.Qayıblıya dedi ki, bu boranda nə olub belə, nə qovhaqovdur? Elə bil səni qamçılayırdılar, az qaldı ocağımı da dağıdasan. Sonra dedi ki, kim bilir, bəlkə də elə qamçılayırmışlar, amma adamı ki, həmişə başqası qamçılamır, bəzən adam özü də özünü qamçılayır, ya bilə-bilə, ya da qeyri-cür. Sonra da dərindən nəfəs alıb qızaran sosiskanın iyini içinə çəkdi və dedi ki, ya qamçılayırlar, ya da qamçılamırlar, dəxli yoxdur, sən də çöməl, qızış, həm də qonağım ol, balaca bir şüşəm də var.
    Cavan bəstəkar S.Qayıblı ocağın kənarında çöməldi, əllərini oda tutdu, bütün canına bir ilıqlıq işlədi. O, qəribə bir sərbəstlik, qəribə bir azadlıq hiss edirdi – niyə? – səbəbini özü də bilmirdi. Bu qəribəlik onun canına yayılmış ilıqlıqda idi. Cibindən bir siqaret çıxardıb yandırmaq istədi, sosiska qızardan kişiyə də təklif etdi. Kişi dedi ki, mənim xüsusi siqaretim var, sonra döş cibindən bir «Pamir» çıxartdı. Yan cibindən də Nuh-Nəbidən qalmış kələ-kötür bir müştük çıxartdı, siqareti müştüyə keçirib odda yandırdı.
    S.Qayıblı, nədənsə, birdən-birə əlində tutduğu siqareti odun üstünə tulladı və bu siqaretin alovlanmasına tamaşa etdi. Yanıb kül oldu bu siqaret. Bu siqaret «P.M. klubu»nun gözətçisinin payı idi.
    Sırıqlı geymiş kişi qızaran sosiskanın iyini yenə də ciyərinə çəkib: «Bəh-bəhbəh... » – dedi, sonra da başını yuxarı qaldırıb zülmət göyə baxdı, elə bil, qulaqlarını da şəkləyib küləyin, dalğanın səsinə bir müddət fikir verdi, «Pamir»dən dərin bir qullab vurub müştüyü ağzında saxladı, əlini də ocağın üstünə tutdu: «Bunun ayrı ləzzəti var». Yaman ürəkdən dedi. S.Qayıblı soruşdu ki, nəyin? Sosiska qızardan kişi balaca gözlərini qıyıb ona baxdı, özü də elə baxdı ki, yəni ey zahidi bizövq... Sonra da dedi ki, bax bu gecənin, bu ocağın, bu kababın.
    ...O, öz kayutuna qayıdanda gecə yarıdan keçmişdi. Asta addımlarla pillələri qalxdı. Qapını açıb arakəsməyə girdi. Işığı yandırdı. Bir müddət yerindəcə dayandı, sonra pencəyi çıxartdı; pencək adi pencək kimi əynindən çıxdı və elə həmin pencək olaraq da qaldı: özündən küknarvarı milləri olan yaraşıqlı boz pencək. Bir az baxdı əlindəki bu pencəyə, sonra cəld addımlarla otağa girib şifoneri açdı: qızılı çalarlı o məşhur sarı məxmər pencək asqıdan asılmışdı. Cavan bəstəkar S.Qayıblı başa düşdü ki, bu, təklifdir: özün seç – ya sarı pencək, ya da təzə pencək.
    O, sarı pencəyi asqıdan çıxartdı, yaraşıqlı boz pencəyi onun yerindən asdı və şifoneri bağladı. Bu kiçicik əməliyyatı elə bir sakitliklə və qanunauyğunluqla gördü ki, bir anlıq özü də sakitliyinə təəccüb etdi.
    Sonra sarı pencəyi mətbəxə apardı, zibil yeşiyinin qapağını qaldırıb bu qızılı çalarlı məşhur sarı məxmər pencəyi lotereya qırıntılarının üstündən vedrənin içinə basdı və vedrəni götürüb cəld addımlarla pillələri aşağı endi, həyətdə yan-yana düzülmüş zibil qablarının birinin içinə boşaltdı.
    O, geri qayıdanda pusquda dayanmış pişiklər zibil qabına cumdular, guya ki, yeməli bir şey olacaqdı.
    Cavan bəstəkar S.Qayıblı vedrəni aparıb yerinə qoydu, sonra elə bil bir daha xatircəm olsun deyə şifoneri açdı: yaraşıqlı boz pencək öz yerində idi. Fərhad Xoşbəxt də, deyəsən, daha çarpayısına uzandı – addımlarının səsi birdən-birə kəsildi.
    Külək də daha dayanmışdı deyəsən.
    Yağış çoxdan kəsmişdi.
    Qarşıdakı qara binanın üçüncü mərtəbəsində yaşayan qızın işığı sönməmişdi hələ. Qəribə qızdır bu qız. Maraqlı qızdır.
    S.Qayıblı divanda uzandı və həmişəkindən fərqli olaraq dərhal yuxuya getdi. Cavan bəstəkar S.Qayıblı sonralar bu hadisəni heç kimə danışmadı – bilirdi ki, heç kim buna inanmayacaq. Həmin məşhur sarı pencəyi isə «starıveşə» satdığını deyirdi, deyirdi ki, nə qədər elədim zalım oğlu «starıveş» otuz qəpikdən artıq vermədi.
    Dost-tanışları bunu eşidəndə xeyli gülürdü.
Noyabr, 1968.

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (15.01.2014) | Müəllif: R.C E W
Baxış: 1772 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more