Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Şəxsiyyət və istedad
ŞƏXSİYYƏT VƏ İSTEDAD
(Cəfər Cabbarlının həyatı və yaradıcılığı haqqmda düşüncələr)
1.CABBARLI BƏŞƏRİDİR

     Bakının yüz kilometrliyində, Böyük Qafqaz sıra dağlarının ətəyində səfalı, gözəl bir kənd var (indi o kənd kiçik bir rayon mərkəzi olub) və artıq neçə onilliklərdir ki, bu kəndi tanımayan, onun adını eşitməyən azərbaycanlı tapmaq mümkün deyil.
     Yox, bu kənddə neft yataqları kəşf olunmayıb, orada qızıl da yoxdur, pambıq da əkmirlər, əksinə, dağın-daşın içindədir, zəhmətkeş camaatı sadə, təmtəraqsız və iddiasız bir həyat keçirir.
     O balaca Xızı kəndi, o dağlılar diyarı XX əsr Azərbaycan ədəbiyyatına sərt və eyni zamanda ən həzin hisslər məskəni olan o dağların yetirməsi kimi, tanrıdan vergili zəngin hissiyyatlı, iti gözlü, geniş ürəkli, həm məğrur, həm də kövrək, bu dağlara vurulmuş və həmin vurğunluq hissi ilə bütün Azərbaycanı öz içində yaşadan iki şəxsiyyət vermişdir: Cəfər Cabbarlı və Mikayıl Müşfiq.
     Qəribədir, bu sənətkarların həm şəxsi, həm də yaradıcılıq taleləri bir-birinə çox bənzəyir.
     Hər ikisi az yaşamışdır: Cabbarlı cəmi otuz beş il, Müşfiq isə vur-tut iyirmi doqquz il, amma hər ikisinin odlu-alovlu, ehtiraslı yaradıcılığı bütün xalqın ürəyinə yol tapmış, millətə, vətənə xidmət etmiş və elə buna görə də bu gün mənəvi bir qüvvə, bədii-estetik bir dayaq kimi, bizimlə bir yerdədir, hər bir azərbaycanlının yaxını və doğmasıdır.
     Müşfiq qısa və faciəli ömrünün sonlarında öz şerinə xitabən yazırdı:
Varlığın rəngi sənsən, ahəngi sənsən!
Çiçəklərin, nurların çələngi sənsən.
Bülbülün qarşısında açıl, şirinləş
qızıl gül kimi!
Hər şey dərinləşmədə, sən də dərinləş bir könül kimi!
     Bu rənglər aləmi, bu ahəng, həmin çiçəklər, o nur eynilə də Cabbarlı yaradıcılığı üçün xas olan bir cəhətdir və bütün bunlar o yaradıcılığa genetik olaraq o saf Xızı dağlarından süzülüb gəlib, amma fikir verin və mənim üçün də bu çox vacib bir məqamdır: dərinliyin meyarı o sıldırım yarğanlar, dibi görünməyən dərələr yox, könüldür, xislətin dərinliyidir.
     Elə bu dərinliyə görə də Cabbarlı düşüncələri və hissiyyatı, Cabbarlı sevinci və kədəri, Cabbarlı çağırışı və harayı coğrafi sərhədlər və milli çərçivələr məhdudluğu tanımır, o bəşəri yüksəkliyin, bəşəri aliliyin ifadəsidir.
     Hər dəfə Cəfər Cabbarlı haqqında düşünərkən, onun əsərlərini təzədən vərəqləyərkən, bu adamın, bu sənətkarın çox zəngin daxili aləmində hökm sürən hissiyyatın, fikirlərin, qayğıların, istək və arzuların dərin ümumbəşəri mahiyyəti mənə təsir edir.
     Belə bir ümumbəşəri mahiyyət onun ilk əsərlərindən («Vəfalı Səriyyə», «Solğun çiçəklər», «Nəsrəddin şah», «Trablis müharibəsi», «Ədirnə fəthi») tutmuş «Od gəlini», «1905-ci ildə» kimi klassik pyeslərinə qədər, hər zaman Cəfər Cabbarlı yaradıcılığının ideya istiqamətini təyin etmiş və bu yaradıcılıqdakı bədii-estetik qadirliyin əsas kütləsi olmuşdur.
     Böyük Ədəbiyyat dediyimiz mənəvi sərvət məhz belə bir ümumbəşəri mahiyyət tələb edir və tarix minilliklər boyunca bunu həmişə nümayiş etdirib.
     Onun «Aydın» və «Oqtay Eloğlu» kimi romantik dramları isə gənc, emosional və olduqca istedadlı bir qələm sahibinin bəşəri hissiyyat və bəşəri düşüncələrlə dolu daxili aləminin ifadəsidir.
     Hətta iyirminci illərin sonu, otuzuncu illərin əvvəllərində «yeni dövr», «sovet quruculuğu» aludəçiliyi ilə qələmə alınmış «Sevil», «Almaz», «Yaşar» kimi pyeslər də zəmanənin başqa bu tipli əsərlərindən müəllifin bəşəri yüksəkliyə qalxa bilməsi ilə fərqlənir və buna görə də onların həyatı ideoloji baxımdan bəhrəsi olduqları epoxanın süqutu ilə sona yetmədi.
     İmperiya tarımar oldu, bu əsərlər isə qalır və qalacaqdır. Nə üçün?
     Mən irəlidə, yeri düşdükcə, bu suala cavab verməyə çalışacağam, amma indi bu «nə üçün?» sualına cavabların, fikrimcə, çox vacib olan birini diqqətinizə çatdırmaq istəyirəm: «Sevil»də də, «Almaz»da da, «Yaşar»da da köhnə ilə yeninin mübarizəsində yeni ilə müttəfiqliyin, coşğun «yeni həyat» təəssübkeşliyinin arxasında konkret ideoloji çağırışdan (inqilabi sovetləşdirmə istəyindən) qat-qat artıq dərəcədə bəşəri tərəqqi ideyaları dayanır.
     Bəlkə də bu təhtəlşüur belə idi, sövq-təbii xarakter daşıyırdı, amma belə idi.
     Hətta ortodoks Almaz («Almaz») və Yaşar («Yaşar») şüarçılığını ilk baxışda tamam konyuktur fanatik səciyyəli fiki r və mülahizələri də yalnız dövrün həmin konyukturası və müəllifin fanatizmi ilə izah etmək, elə bilirəm ki, düzgün deyil, çünki həmin şüarçılığın, həmin fikir və mülahizələrin «maraq dairəsi» daha genişdir və o, əslində bəşəri dayaqlar üzərindədir.
     Cabbarlının lirik qəhrəmanı məşhur «Ana» şerində:
Cahanda yox elə bir qüvvə baş əyim ona mən,
Fəqət nə güclü, zəif bir vücud var, yahu,
Ki, hazıram yıxılıb xaki-payinə hər gün,
Öpüm ayağını icz ilə. Kimdir o? Nədir o?
Ana! Ana!..
     deyirsə, onun səhnə qəhrəmanı Elxan («Od gəlini»): «-Mənəm yer üzündəki həyat və səadətin carçısı!» və yaxud başqa bir qəhrəmanı Aydın: « Mən elə bir dünya istəyirəm ki, orada millətlər azad, istila zənciri yox, altun yox, şəşəə, dəbdəbə, fərman yox...» deyirsə, həmin Ana və həmin «Mən» yalnız azərbaycanlı, hətta yalnız Şərq Anası və Şərq «Mən»i deyil; bu Ana ümumbəşəri Anadır, bu «Mən» insandır.
     Heyvani ehtirasların, həyatın, yaşayışın mayasındakı ədalətsizliyin, daimi ictimai haqsızlığın qurbanı Gültəkinin («Aydın»), hansısa bir sinfə, hansısa bir zümrəyə, ictimai quruluşa qarşı yox, bütün dünyaya qarşı üsyan qaldıran, ancaq öz mübarizə yolunu müəyyənləşdirə bilməyən, əslində, özünü axtaran, ancaq tapa bilməyən Aydının, riyakarlıq, əxlaqi çirkab və ictimai eybəcərlik içində çaşan və itib-batan Balaşın («Sevil») faciləri bu gün bizə ona görə bir daha təsir edir, hətta bizi sarsıdır ki, həmin faciələr məhəlli deyil, bəşəri məzmun daşıyır; bu faciələrin daxili kütləsini iztirabları, sarsıntıları, mənəvi təlatümləri bəşəri hiss və həyəcanlar yaradır.
     Dar ağacından asılan Elxanın («Od gəlini») mənəvi parıltısı, Hacı Əhməd («Almaz») və İmamyarın («Yaşar») dövrün yaratdığı labüdlük sövqü ilə məğlubiyyətə məhkumluğu, Mirzə Səməndər («Almaz») və Mirzə Cavad («Aydın») kimi «millət qəhrəmanları»nın gülüş hədəfinə çevrilməsi, Gülüşün, Sevilin («Sevil»), Almazın bəzən bədii-estetik səviyyə bahasına ictimai-əxlaqi yüksəlişi bu gün də bizi ona görə laqeyd buraxmır ki, bütün bu qalibiyyət və məğlubiyyətlərin əsasında yalnız konkret Elxanın və konkret Sevilin, yalnız konkret İmamyarın və konkret Mirzə Səməndərin deyil, heç bir lokal sərhəd tanımayan elxanların və sevillərin, imamyarların və mirzə səməndərlərin — xeyirlə şər, ictimai haqsızlıqla ədalət arasındakı bəşəri mübarizəsi dayanır.
2.CABBARLI MİLLİDİR

     Dar Cabbarlı yaradıcılığında əlamətdar cəhətlərdən biri mənim üçün burasıdır ki, bu yaradıcılığın ümumbəşəri mahiyyəti onun son dərəcə milli səciyyə daşımasından irəli gəlir və Cabbarlı sənəti milli ilə bəşərinin belə bir dialektik bağlılığı üçün həqiqətən xrestomatik bir göstərici səviyyəsindədir.
     Dar Cabbarlı dramaturgiyası başdan-başa milli xarakterlər qalereyasından ibarətdir və bu xarakterlərin əldə etdiyi bəşəri mahiyyətə, bəşəri yüksəkliyə aparan yollar məhz həmin millidən keçir.
     Dar Cabbarlı bəşəriliyinin bünövrəsi, təməli — millidədir.
     Dar Cabbarlı böyük həmkarı Hüseyn Cavidlə bir vaxtda yazıb-yaratmışdır və Cavid dramaturgiyası başdan-başa romantikadır, hətta mən buna sadəcə romantika yox, elitar romantika deyərdim, təmiz, şəffaf romantika və bu romantika tamam bəşəri bir səciyyə daşıyır.
     Dar Cavid romantikası həmişə göylərdədir, Şeyx Sənan donuz otarmağa razı olarkən belə, o romantika yerə enmir və buna görə də Cavid dramaturgiyasının ünvanı konkret deyil, bu ünvan — bütöv yer kürrəsidir.
     Dar Cabbarlı dramaturgiyasının isə ünvanı — ilk növbədə Azərbaycandır və bundan sonra bəşəri mahiyyətdir.
     Dar Yəqin elə buna görə də, Cabbarlı romantikası - əgər belə demək mümkünsə, - realizmlə yoğrulmuş, reallığa qarşı üsyandan doğmuş və bunu daima hiss etdirən, bəzi məqamlarda isə bütün çılpaqlığı ilə göstərən bir romantikadır və ilkin mərhələsində millidir.
     Dar Cabbarlı romantikası Cabbarlı bəşəriliyinə aparan yolun başlanğıcıdır.
     Dar XX əsrin ilk onilliklərində Azərbaycan mədəniyyətinin böyük nümayəndələri Mirzə Ələkbər Sabir poeziyada, Cəlil Məmmədquluzadə nəsrdə və komedioqrafiyada, Üzeyir Hacıbəyov musiqidə və Əzim Əzimzadə rəssamlıqda nə qədər dolğun, gerçək və canlı milli xarakterlər, koloritli milli tiplər yaratmışlarsa, iyirminci-otuzuncu illərdə bu işi Mirzə Fətəli Axundov realist ənənələrinin davamçısı olan realist və romantik Cəfər Cabbarlı görmüşdür.
     Dar Onun qələmə aldığı Dovlət bəy, Balaxan («Aydın»), Məmmədəli bəy, Əbdüləli bəy («Sevil»), Salamov («1905-ci ildə») kimi surətlər keçən əsrin sonlarından başlayaraq Azərbaycanda kapitalizmin sürətli inkişafı nəticəsində yaranmış kapital aləminin, snobçuluq mühitinin tipik və tamamilə milli səciyyə daşıyan nümayəndələridir.
     Dar Salamov, heç şübhəsiz ki, azərbaycanlıdır, heç şübhəsiz ki, məhz XX əsr Bakı mühitinin yetişdirməsidir. Ancaq Cabbarlı qələminin qüdrəti, Cabbarlı istedadının dərinliyi də burasındadır ki, Salamovun əməlləri və ümumiyyətlə, onun mənəvi aləmi konkret azərbaycanlı kapitalistin deyil, konkret milli mənsubiyyətli iş adamının deyil, ümumiləşdirilmiş kapitalistin, ümumiləşdirilmiş iş adamının, ümumiləşdirilmiş cahil və nadanın əməlləri və mənəvi dünyasıdır.
     Dar Bir bədii surət kimi, Hacı Əhmədin, İmamyarın, Mirzə Səməndərin düşüncə tərzindəki, rəftarındakı, güzəranındakı milli kolorit adamı heyran edir, elə buna görə də bu surətlərin emosional təsir dairəsi milli çərçivə ilə məhdudlaşmır və biz dövrün, zəmanənin əmrinə görə məğlubiyyətə məhkum bir sinfin tipik nümayəndələrini görürük.
     Dar Eyni cəhəti, hətta Cabbarlının «inqilabi» qəhrəmanlarında da sezmək mümkündür; misal üçün, Sevil azərbaycanlı qadındır, məişəti, əxlaqı, dünyagörüşü etibarilə milli xarakterdir, onun çadranı atması və həmin çadranın təcəssüm etdiyi ətalət və itaət dünyasına qarşı üsyanı bu bədii surətin milli özünüifadəsidir və məhz bu milli özünüifadə, xarakterin milliliyi onun arzu və istəyini ümumiləşdirir, konkret bir fərdin yox, konkret bir milli mənsubiyyətli insanın yox, bəşəri mahiyyətli qadının azadlıq mübarizəsindən xəbər verir.
     Dar Oqtay deyir: «Mən avropalı deyiləm və olmaq da istəmirəm.»
     Dar Bu, həqiqətdir.
     Dar Hətta Oqtay avropalı (coğrafi baxımdan yox, «Qərb adamı» mənasında) olmaq istəsə belə, bu mümkün deyil (necə ki, Hamlet qeyri «Qərb adamı» ola bilməz!), çünki o qanı ilə, canı ilə azərbaycanlıdır, ancaq eyni zamanda, Oqtay arzu və istəkləri, Oqtay üsyanı bəşəri mahiyyət daşıyır və bu mahiyyət azərbaycanlını da, yaponu da, meksikalını da və həmin «Qərb adamı»nın özünü də birləşdirir.
     Dar Bu mənada Cəfər Cabbarlı dramaturgiyası da bir küll halında, təbii ki, XX əsr Azərbaycan ədəbiyyatının hadisəsidir, amma eyni zamanda bəşəri düşüncələrin bədii-estetik illüstrasiyasıdır.
     Dar Cabbarlı milliliyini izah etmək, əlbəttə, asandır, bu genetik bir şeydir və böyük də istedadla yoğrulub.
     Dar Ancaq mən kömürçü Qafar kişinin ailəsində dünyaya göz açmış, uşaqlığını dünyanın yaddan çıxardığı dağın-daşın arasında, kasıbçılıq içində, yazı-pozu işindən tamam uzaq bir diyarda keçirmiş bu adamın yaradıcılığındakı həmin bəşəri mahiyyət barədə düşündükcə, doğrusu, hər dəfə heyrət edirəm.
3.CABBARLI MÜASİRLİYİ

     İyirminci-otuzuncu illərdə bir tərəfdə güclü-qüdrətli Hüseyn Cavid romantikası, o biri tərəfdə isə coşğun, ehtiraslı və vətəndaş qayəli Cabbarlı romantik-realizmi Azərbaycan dramaturgiyasını milli ədəbiyyatın və ümumiyyətlə milli mədəniyyətin qabaqcıl, işıqlı, bədii-estetik cəhətdən qüdrətli qollarından birinə çevirmişdi.
     Cabbarlının vəfatından altmış beş il keçib, ancaq bu günün özündə belə, biz onun (otuz beş il yaşamış cavan bir adamın!) əsərlərində yeni cəhətlər görürük, yeni detallar, akvarellə işlənmiş ştrixlər tapırıq və bu mənada, yəni həm fikir, düşüncə baxımından, həm də bədii-estetik baxımdan o həmişə müasirdir.
     Neçə onilliklərdir ki, Cabbarlının hər hansı əsərinin tamaşası mədəni həyatımızda hadisəyə çevrilir, çünki hər dəfə yeni rejissor yozumları ilə (əlbəttə, bu imkanı Cabbarlı dramaturgiyası yaradır!), surətlərin yeni gözlə «oxunması» faktı ilə (bu da, şübhəsiz ki, ədəbi materialdan gəlir!) qarşılaşırıq, mübahisələr edirik, bir sözlə, dəfələrlə oxuduğumuz, baxdığımız Cabbarlı sənətinə marağımız ölü yox, diri bir maraqdır, canlıdır, həvəsli, şövqlüdür.
     Əlbəttə, bütün bunlar Cabbarlı dramaturgiyasının təbiətindəki müasirlikdən irəli gəlir və bu müasirlik həmin dramaturgiyada estetik bir kateqoriyadır.
     Sənətkarın müasirliyi, təbii ki, yalnız onun yaşadığı dövrlə nisbətdə deyil, gələcək on illərin, gələcək əsrlərin zaman müqavimətinə sinə gərməsi ilə ölçülür: Şekspir müasirliyi! Molyer müasirliyi! İbsen müasirliyi!
     Sənətkarın müasirliyi sənətkarın istedadının ifadəsidir.
     İstedad isə, zamandan güclüdür.
     Onuncu illərin sonlarında, iyirminci, otuzuncu illərdə yazılmış «Aydın», «Od gəlini», «1905-ci ildə» kimi pyeslər altmış il, qırx il, iyirmi il bundan əvvəlki kimi, bu gün də bizim üçün müasir dövrün (müasir inkişafın! müasir qayğıların! müasir iztirabların! müasir sevincin! müasir estetikanınL) ağırlığına tab gətirən, bu çəkinin, yükün (daima artan yükün!) altında əzilməyən əsərlərdir və məndə çox dərin bir inam vardır ki, uzun illər bundan sonra da belə olacaq.
     Həmin inamı «insan dostunun dostu, insan düşməninin düşməni» Elxanın «azad bəşəriyyət və azad diləkli yeni bir aləm» uğrundakı mübarizə ehtirası, Balaşın («Sevil») aqibətindəki insani kədər, Solmazın («Od gəlini») məhəbbəti, Səriyyənin («Vəfalı Səriyyə») və Saranın («Solğun çiçəklər») bu qoca dünyadakı gücsüzlüyü, Gültəkinin, Aydının, Oqtayın, Aqşinin («Od gəlini») psixoloji sarsıntıları, Ağamyanın, Qubernatorun («1905-ci ildə»), İmamyann riyakarlığı, İmamverdinin («1905-ci ildə») sadəlövhlüyü, bir sözlə, xislətin hərtərəfli ifadəsi və ən əsası da budur!bütün bunların yüksək bədii inikası yaradır.
     Cabbarlı yaradıcılığının əsasını elə bədii münaqişələr, elə ideyalar təşkil edir ki, onlar həmişə sənət üçün müasir səslənir, onun qaldırdığı problemlərin bir çoxu hər zaman insan qarşısında dayanmış və dayanacaqdır.
     Yeni ilə köhnənin, azadlıqla istismarın, eqoizmlə altruizmin mübarizəsi, bu mübarizənin müxtəlif insan xarakterləri ilə, həyati situasiyalarla, təbii detal və ştrixlərlə zəngin bədii-estetik təsviri və humanist bir platforma Cabbarlı sənətinin uzunömürlüyünü təmin edən cəhətlərdir.
4.CABBARLI AKTUALLIĞI

     Cabbarlı dramaturgiyasında mövzu aktuallığı ilə estetik bir kateqoriya kimi müasirlik arasında çox sıx bir vəhdət mövcuddur.
     Onuncu illər...
     Azərbaycanda neft istehsalı ilə əlaqədar kapitalizmin sürətli inkişafı, milli burjuaziyanın möhkəmlənməsi ilə bərabər, yeni (və nadan!) «xozeyin»lər zümrəsinin peyda olması, milli özünüdərkin güclənməsi və bütün bunların doğurduğu ictimai haqsızlıqlar, mənəvi eybəcərliklər, daxili sıxıntı və sarsıntılar, vətəndaş qayələrinin daha güclü şəkildə oyanması...
     Bir-birinin ardınca «Trablis müharibəsi və ya Ulduz», «Ədirnə fəthi», «Aydın», «0qtay Eloğlu» kimi dram və faciələr yaranır və bir tərəfdən «altun» sahibləri dövlət bəylərin, balaxanların, o biri tərəfdən isə zəngin hissiyyat dünyalarında çırpınan, bəlkə də təhtəlşüurla cəmiyyətdə öz yerlərini axtaran, amma tapa bilməyən «altun» düşmənləri aydınların və oqtayların, bir tərəfdən xislətin riyakar dərinliklərinə çökən, səlahiyyət əldə edib, amma bu səlahiyyətdən xalqın mənafeyi naminə istifadə etməyən harislərin və kamil paşaların, o biri tərəfdən isə dəyişən (və döyüşən!) dünyada mənəvi saflığını qorumağı bacaran, öz xalqının taleyi və tarixi qarşısında məsuliyyətini hiss edən ramizlərin və ənvər paşaların, «yeni» əxlaq meyarları üçün heç vəchlə göstərici ola bilməyən, dövrün gözlənilməz mənəvi və fiziki ağırlıqlarına tab gətirməyən romantik gənc qadınların gültəkinlərin və firəngizlərin həyatdakı prototipləri qədər təbii və tipik surətləri ilə rastlaşırıq.
     İyirminci illər...
     Kommunist ideolojisinin ortaya atdığı və qızışdırdığı «sinifi» ölüm-dirim mübarizəsi, inqilabi əhval-ruhiyyə, fanatik bir «yeni dünya» quruculuğu...
     «Od gəlini» faciəsi yaranır və səhnəmizdə, yalnız dramaturgiyamızın yox, ümumiyyətlə Azərbaycan ədəbiyyatının ən maraqlı surətlərindən biri olan Elxanın, bir az təmtəraqlı da olsa, deyəcəyəm, romantik-monumental obrazı ucalır.
     Qadın azadlığı məsələsi dövrün ən mühüm və həqiqətən də böyük əhəmiyyətli siyasi-ictimai-etik problemlərindən birinə çevrilir və «Sevil» əsəri meydana çıxır. Sevil səhnədə öz çadrasını həyatdakı prototipləri ilə eyni zamanda atır və yüz minlərə nümunə olur.
     Yaxşı yadımdadır, əllinci illərin sonlarında bir qış axşamı böyük rejissor və teatr xadimi Adil İsgəndərov bizə gəlmişdi, atamla həmişə olduğu kimi, yenə də sözdən, sənətdən danışırdılar və söhbət teatrdan, dramaturgiyamızdan, Cəfər Cabbarlıdan düşəndə, Cabbarlı istedadını çox yüksək qiymətləndirən İlyas Əfəndiyev belə bir gənclik xatirəsini danışdı ki, iyirminci illərin sonlarında, otuzuncu illərin lap əvvəllərində çadra ilə bağlı hakim ideologiya nə qədər inzibati tədbirlərə əl atırdısa da, nə qədər təbliğat aparırdısa da, Sevilin nümunəsi qat-qat artıq dərəcədə effektli oldu, səhnədəki Sevil elə bir coşğun və kütləvi əhvali-ruhiyyə yaratmışdı ki, gənc qızlar sözün əsil mənasında «sevilçiliklə» (atamın işlətdiyi bu söz indiyə qədər yadımda qalıb!) məşğul idilər, fabrik və zavodlarda, məktəblərdə, hətta küçənin ortasında Sevil kimi çadralarını atırdılar.
     Sevil Şərq qadınının taleyi ilə bağlı bu böyük ictimai hadisəni həqiqətən bir milli ritual səviyyəsinə qaldırmışdı və bu, şübhəsiz ki, dünya ədəbiyyatı tarixində az təsadüf olunan bir haldır.
     Otuzuncu illər...
     «Yeni həyat» uğrunda mübarizə gedir və bu «yeni həyatın ən əsas atributlarından biri məcburi-inzibati Stalin kolxoz quruculuğudur. İnsanlar qolçomaq adıyla ifşa olunur, düşmən donuna geyindirilir, dünənki ağsaqqal bu gün kolxozu qəbul etmədiyi üçün, xalqın əleyhdarı kimi qələmə verilir...Bəli, bütün bunlar belə idi, amma o dövrlə bağlı mənim bu xarakteristikam indinin, yəni altmış ildən sonranın, necə deyərlər, post-imperiya dövrünün diaqnozudur, o zaman isə cəmiyyətdə bu hadisələrə qarşı münasibət birmənalı deyildi, xüsusən gənclik arasında inqilabın «gözəl gələcək» perspektivlərinə inamdan doğan ideoloji bir həvəs, bir coşğunluq, bir yeniləşmə əhvali-ruhiyyəsi də bir gerçəklik idi.
     Və o zaman «Almaz», «Yaşar» səhnəyə gəlir, səhnədəki mübarizə həyatdakı mübarizə ilə üst-üstə düşür, qolçomaq Hacı Əhməd maskalanmış İmamyara çevrilir və əlbəttə, bu əsərlərlə bağlı, bu surətlər və onlara müəllif münasibəti, ümumiyyətlə, müəllif mövqeyi ilə bağlı mübahisələr aparmaq olar, nəyisə qəbul edib, nəyisə qəbul etməmək olar, amma bir həqiqət var: onlar aktual əsərlər idi.
     Ancaq bu aktuallıq lazımlı bir aktuallıq idimi, ayrı-ayrı məqamlarda sənətin əleyhinə, ilk növbədə, böyük Cabbarlı istedadının əleyhinə işləmirdimi? bu başqa məsələdir və mən irəlidə yeri gəldikcə bu məsələyə toxunacağam.
     Cabbarlı inqilabi keçmişə nəzər salır, «1905-ci ildə» əsərini yazır və çox koloriti, eyni zamanda siyasi-ictimai məzmun daşıyan bədii surətlər yaradır, Azərbaycan dramaturgiyası Salamov və Ağamyan kimi «mədən sahiblərinin» (yeni «xozeyinlərin»!), Qubemator kimi rus müstəmləkəçilik siyasətinin yetişdirmələri və icraçılarının parlaq bədii obrazlarına sahib olur.
     Bu əsər, şübhəsiz ki, sidq-ürəkdən kommunizm ideyalarına və işıqlı gələcəklə bağlı bolşevik sözünün, xalq qarşısmda bolşevik öhdəliklərinin həqiqiliyinə inanan bir müəllifin qələmindən çıxmışdır, ancaq eyni zamanda bu müəllif rus müstəmləkəçiliyinin strateji Qafqaz marağını, rus imperiyasının Qafqazda yürütdüyü riyakar siyasətin mahiyyətini bütün incəliklərinə qədər duyur və bunu yüksək bədiiliklə göstərirdi.
     Azərbaycan rməni münasibətlərindən məharətlə istifadə edən Qubernator bu tipik və səlahiyyətli rus müstəmləkəçisi bir tərəfdən azərbaycanlıları ermənilərə qarşı qızışdırır, imperatorun azərbaycanlıları dəstəklədiyini və həmişə də dəstəkləyəcəyini deyir (onun azərbaycanlı milyonçu Salamova dediyi sözlər: «-Əlahəzrət imperator öz sadiq təbəələri olan müsəlmanlara qarşı böyük bir iltifat bəslədiyini və ayrılıqda sizə, sədaqətinizə qarşı ali nişan iltifat etdiyini bildirir.»), o biri tərəfdən isə erməniləri silahlandırır, onları azərbaycanlılara qarşı terrora sövq edir, azərbaycanlıları həqarətlə tatar adlandırır (onun erməni milyonçu Ağamyana dediyi sözlər: «Ancaq... bu tatarlarla bir qədər ehtiyatlı olunuz. Özünüz görürsünüz vəhşi millətdirlər. Mən (yəni rus imperiyası), əlbəttə, hər şeydə sizə kömək etməyə hazıram: silahla da, hətta lazım gəlsə, adamla da.»), erməniləri öldürdüb, azərbaycanlıların törətdiyi qətl kimi, azərbaycanlıları öldürdüb, ermənilərin əməli kimi qələmə verir, silahlı qarşıdurma yaratmaq üçün təxribat törədir, atəş açdırır və əlinə tüfəng götürüb azərbaycanlıların üstünə gedən sadə erməni kəndlisi Allahverdi də, nəhayət, qəflət yuxusundan ayılaraq məşhur sözlərini deyir: «Atan kazaklardır...»
     On illiklər bir-birini əvəz etdi, ictimai formasiyalar dəyişdi, əsrin sonuna gəlib çatdıq, amma o kəndli Allahverdinin əsrin əvvəllərində dediyi o söz bu gün də eyni dərəcədə (bəlkə də daha artıq!) öz aktuallığını saxlamaqdadır.
     İmperiya artıq erməni azərbaycanlı qırğınına nail olub və rus opponenti ilə mübahisə zamanı Qubemator birdən-birə (və gözlənilmədən!) ürəyini açır: «Siz nə istəyirsiniz? İstəyirsiniz bu iki vəhşi milləti (söhbət azərbaycanlılarla ermənilərdən gedir) birləşdirək ki... bizi, Rusiyanın doğma oğullarını qırsınlar? Mən ağalıq sürmək istəyən böyük bir imperiyanın bir əsgəriyəm. İmperiyanın siyasəti öz bayrağını bir yandan Bəndərbuşirə, bir yandan da Bosfor sahilinə sancmaqdır. Bu yollara kimsə mənim üçün odekalon səpməyəcəkdir. Bu yol süngi ilə açılmalıdır ki, onun da məhsulu sümükdür və qan... Onların ancaq bir allahı var: pulemyot. Siyasətdə mərhəmət olmaz. Mən (yəni rus imperiyası.) onu öldürməsəm, o məni (rus imperiyasını) öldürəcəkdir. Onlar birləşəcəkdilər. Mən patron altında doğma oğlanlarımın başını qoymalı idim. İndi isə özləri bilərlər: çayın daşı, çölün quşu.»
     Bu pyes sözdə imperiya müstəmləkəçiliyini «ifşa» edən, əməldə isə elə həmin imperiya müstəmləkəçiliyini qorxunc bir cidd-cəhdlə davam etdirən rus bolşevik terrorunun tüğyana başladığı bir dövrdə 1931-ci ildə tamaşaya qoyulmuşdur və həmin dövrdə səhnədən (sovet səhnəsindən!) rus müstəmləkəçiliyinə qarşı hansısa bir Ezop dili ilə yox, bilavasitə, müstəqim surətdə bu sözləri səsləndirmək, təkrar edirəm, dövrün müdhiş kontekstində ciddi vətəndaş cəsarəti tələb edirdi.
     Əlbəttə, dövrlə, zamanın tələbi ilə bu cürə intensiv təmas, bu aktuallıq konyukturaya çevrilsəydi (hətta «Almaz»da, «Yaşar»da belə!), bu gün biz Cabbarlı yaradıcılığının ideya-mənəvi müasirliyindən danışa bilməzdik; bu gün biz müasir səhnəmizin repertuarında, kitab mağazalarında, kommunizm ideologiyasına əlvida demiş müstəqil Azərbaycan Respublikasının ali və orta məktəb dərsliklərində Cabbarlı yaradıcılığına təsadüf etməz və ən əsası isə, buna mənəvi ehtiyac duymazdıq; bu gün Azərbaycan ədəbiyyatşünaslığı Cabbarlı yaradıcılığına mütəmadi müraciət etməz, həmin yaradıcılığı müasir ədəbi proseslə, müasir bədiistetik meyarlarla əlaqədə öyrənə bilməzdi.
     Bizim Cabbarlı yaradıcılığına bu qədər bağlılığımızı, düşünürəm ki, bəlkə də çox dərəcədə həmin yaradıcılığın mənəvi təmizliyi, saflığı şərtləndirir.
     Sənətkar qələminin mənəvi təmizliyinin sayəsində, biz mənəvi paklıq, saflıq baxımından Azərbaycan ədəbiyyatındakı bir sıra parlaq bədii surətlər ilə Cabbarlı yaradıcılığında rastlaşırıq.
     Cabbarlı yaradıcılığındakı mənəvi təmizlik mənim üçün ikili xarakter daşıyır: sənətkarın özünün mənəvi təmizliyi və yaradıcılığının, sənətinin mövzusu olan mənəvi təmizlik.
     Cabbarlıda zəif yazı tapmaq olar (yazıcılar sanballı əsərlərini 35-dən sonra yazırlar, Cabbarlı isə 15 ilə 35 yaş arasında yazıb!), hissə qapılması, aludəçiliyi ilə də qarşılaşa bilərik, amma Cabbarlıda falş tapmaq mümkün deyil, çünki o nə yazıbsa, içindən gələn bir inamla, içindən gələn odla-alovla, içindən gələn bir təbiiliklə yazıb.
     Hətta Almaz əqidəsi, Almaz istəyi, Almaz çağırışı və mübarizəsi də dövrün konyukturasının yox, müəllif inamının ifadəsidir və buna görə də Almaz bir bədii surət kimi Mirzə Səməndərə, Hacı Əhmədə, Şərifə («Almaz») (zəmanənin «mənfi» qəhrəmanlarına!), hətta epizodik Ocaqquluya («Almaz») belə uduzsa da, həmin sidq-ürəkdən gələn yazıçı inamının sayəsində dövrün bir çox başqa eyni tipli, oxşar surətlərindən fərqli olaraq sönük bir müqəvvaya çevrilmir.
     Almazın səhnədə söylədiklərinin demək olar ki, hamısı əqidənin dedikləridir, biz onun dilindən insani hissiyyatın, xüsusən də qadın hissiyyatının əqidədən azad ifadəsini çox az eşidirik, Almaz ifrat bir feministdir. Onun nişanlısı Fuadla dialoqu:
     «FUAD. Axı, Almaz, mən kişiyəm, sən qadın.
     ALMAZ. Unut artıq. Mənimçün dünyada kişi-arvad yoxdur. İnsan var: insan hər bir işdə azad və sərbəst olmalıdır.
     FUAD. Axı kişi ilə arvad arasında bir fərq var, ya yoxdur?
     ALMAZ. Var. Sənin cəmiyyətin kişiyə hər bir cinayəti bağışlayır, qadına yox.
     FUAD. Cəmiyyətə tabe olmaq gərəkdir, yox? Bizim ki, şüarımız kollektivlikdir.
     ALMAZ. Mən sənin çürük meşşan cəmiyyətinə qarşı mübarizə aparıram. O haqsızdır. Mən onun ardınca getməli deyiləm. O cəmiyyətin özünü yıxmaq lazımdır.»
     Almaz qadınlara beləcə yol göstərir, insanları «yeni dünya»ya səsləyir və bu cürə quru danışıqlara, daimi əqidə ifadələrinə baxmayaraq, «Almaz»ı bədii məğlubiyyətdən, bədii iqtidarsızlıqdan qurtaran əsas məsələ burasındadır ki, Almazın təsəvvüründə, Almazın daxili aləmində o «yeni dünya»nın əsas kütləsini mənəvi təmizlik təşkil edir, onun sosial mübarizəsinin, siyasi-ictimai fəaliyyətinin də arxasında Almaz fanatizmindən qat-qat artıq dərəcədə müəllifin almazçılıq hadisəsinə dərin inamı dayanır.
     Dövrün bir sıra rəsmi «ədəbiyyat generallarından» fərqli olaraq, Cabbarlının hakim ideologiya ilə müttəfiqliyini onun həmin ideologiyaya dərin inamı və cəhalət və nadanlığa, ətalət və əzvaylığa qarşı onun ifadələri ilə desək, «məişətdə, şüurlarda inqilab» ehtirası müəyyənləşdirirdi.
     Elə bu mühüm cəhətə görə Cabbarlı dünyasının «dəyişməsi», o dünyada tamam zidd qütblərin bir-birini əvəz etməsi də bizə konyukturanın yox, təbii inkişaf dinamikasının ifadəsi kimi görünür.
     1919-cu ildə 20 yaşlı vətənpərvər Cabbarlı Azərbaycan Demokratik Respublikasının sovet terminologiyası ilə desək, «burjua dövlətinin» Bayrağı haqqında yazırdı:
Buraxınız, seyr edəyim, düşünəyim, oxşayayım,
Şu sevimli üç boyalı, üç mənalı bayrağı.
Mələklərin qanadımı üzərimə kölgə salan?
Nə imiş bu, aman Allah?! Od yurdunun arpağı!
Göy yarpaqlı, al çiçəkli, yaşıl otlar topasımı?
Xayır, xayır! Çiçək solur, otlar yerdə tapdanır.
Fəqət bizim bayrağımız ucaları pək seviyor,
Yuldızlardan, hilaldan da yüksəklərdə fırlanıyor.
     Düz 12 ildən sonra isə, 1931-ci ildə tamaşaya qoyulmuş «Almaz»ın qəhrəmanı öz aləmində səhvə yol verir və həmin səhvini səhnədən belə etiraf edir:
     «Bəli, özümü təqsirli bilirəm, çünki mən bu invalid çuxası geymiş qolçomaq hacı əhmədlərə, şəriflərə, mirzə səməndərlərə qarşı mübarizədə ancaq Kommunist Partiyasının rəhbərliyi ilə və yoxsul kəndliləri təşkil etmək yolu ilə iş görülə biləcəyini yaxşı düşünməmişdim. Mən təkbaşına mübarizə aparmışdım. Mən başa düşməmişdim ki, bu mübarizəni ancaq mən aparmıram, fəhlə sinfi partiyanın rəhbərliyi altında aparır. Mən səhvlərimi boynuma alıram. Ancaq bu səhvlərim düşmənlərimi sevindirməsin. Mübarizə davam edir! Səhvlər mənə çox şey öyrətdi».
     Bu Almaz mübarizəsi mahiyyəti etibarilə həmin «burjua respublikasına» qarşıdır və Almaz Kommunist Partiyasının rəhbərliyi ilə daha qlobal mübarizə əzmindədir:
Hey, sən!
Əski dünya, təslim ol!
Sənə qarşı yürüş var!
Maşınlara od buraxın,
Vuruş var ha,
Vuruş var!
     Hansısa başqa bir yazıçıda bu cür daban-dabana zidd əqidə ifadəsi konyukturadan xəbər verə bilərdi, ancaq Cabbarlı yaradıcılığını və ümumiyyətlə, Azərbaycan ədəbiyyatında Cabbarlı hadisəsini səciyyələndirən dəruni bir inam (tarixilik baxımından faciəli bir inam! amma bütün böyük istedadlar kimi, Cabbarlı istedadı da bunun fərqində deyildi!) Cabbarlı dünyagörüşündəki belə bir metamarfozanı təbii edir.
     Hələ ilk səhnə qəhrəmanlarının Səriyyənin və Saranın, Ulduzun («Trablis müharibəsi») və Rüfətin («Ədimə fəthi»), sonralar yaradıcılıq yolunun sonuna kimi qələmə alınmış Aydının və Gültəkinin, Solmazın («Od gəlini») və Elxanın, Gülüşün və Sevilin, Almazın, Yaşarın və Sonanın hiss və həyəcanını, sevinc və kədərini, istək və arzularını dediyimiz həmin ikili xarakterli mənəvi təmizlik, saflıq doğurur.
     Cabbarlı istedadının daxili təmizliyi ayrı-ayrı formalarda, ayrı-ayrı xarakterlərdə, ayrı-ayrı bədii talelərdə öz ekvivalentini səhnəyə gətirir.
     Bəs Altunbayın («Od gəlini»), Aslan bəyin («Oqtay Eloğlu»), Dilbərin («Sevil»), Kərbəlayı Fatmansanın («Almaz»), Qubernatorun, Salamovun, Ağamyanın var-dövlət hərisliyini, pozğunluğunu, riyakarlığını, xudbinliyini yüksək bədii səviyyədə təqdim etmək üçün, sənətkar qələminin mənəvi təmizliyi vacib deyilmi?
     Əlbəttə, vacibdir.
     Gərək bir sənətkar kimi, ən uca mövqeyə, ən təmiz hiss və həyəcanlara sahib olasan ki, Dövlət bəytək heyvani ehtiraslar dəlisini, yaxud Salamovtək cəhalət içində itib-batmış bir nadanın mənəvi puçluğunu, yaxud da Qubernatortək genetik riya təcəssümünü bu qədər dolğun və inandırıcı surətdə göstərəsən.
5. CABBARLI POETİKASI

     Cabbarlı qələmi Azərbaycan dramaturgiyasında tam bir surətlər qalereyası yaradıb və bu qalereyadakı eksponatlar (əslində, tamam canlı məxluqlar!) bir-birini təkrarlamadığı kimi, onlar bədii-estetik təqdimat baxımından da rəngarəngdirlər.
     Aydının, Oqtayın, Elxanın təbiətindəki romantik əhvali-ruhiyyə və Hacı Əhmədin təsvirindəki sərt realizm, Ocaqqulunun xarakterindəki komizm və Səriyyə, Sara melodraması, Gültəkinin, Firəngizin təsvirindəki sentimentalizm, eləcə də Sevili, Almazı, Yaşarı, Gülüşü bir bədii surət kimi, ətə-qana dolmağa mane olan (və zamanın sınağından çıxmayan!) sosializm-realizmi bütün bunlar Cabbarlı yaradıcılığını bir küll halında götürsək, onun estetik komponentləri olub bir-birini tamamlayır, həmin yaradıcılığın estetik spesifikasmı müəyyənləşdirir.
     Cəfər Cabbarlı yaradıcılığı öz dövrünün bəhrəsi idi, daha geniş götürsək, Cəfər Cabbarlı yaradıcılığı XX əsrin hadisəsidir və bu yerdə söhbət siyasi mövqedən, ictimai istiqamətdən yox, sənətkarlıq xüsusiyyətlərindən, bədii-estetik təsvir vasitələrindən gedir.
     Təbii ki, bu cəhət yalnız o zaman qabarıq şəkildə özünü göstərə bilər ki, həmin yaradıcılıq böyük istedadla bərabər, ədəbi dünyagörüşünün genişliyinə, zəngin mütaliəyə, fikrin, təfəkkürün çevikliyinə söykənsin.
     Onun kömürçü övladının, dağlar oğlunun Azərbaycan dilinə tərcümə etdiyi əsərlərə fikir verin: «Hamlet»! «Otello»! Şillerin «Qaçaqlar»ı! Bomarşenin «Fiqaronun toyu»! Lev Tolstoyun «Uşaqlıq» povesti. Uellsin «Yeraltı dünya»sı! Lonqfello!..
     Hətta onun sovet ədəbiyyatından tərcümələri də bu ədəbiyyatın konyuktura nəticəsində yox, ideoloji fanatizmlə (və şəksiz istedadla!) yazılmış Slavinin «Müdaxilə» və Afinogenovun «Qorxu» kimi əsərləri idi.
     Mən Cabbarlı ədəbi bioqrafiyası ilə bağlı bu faktları ona görə xatırladıram ki, bunlar onun nə dərəcədə hazırlıqlı bir qələm sahibi, nə dərəcədə müasir ziyalı və hansı zövq sahibi olduğu barədə təsəvvür yaradır.
     Üç sözlə xarakter yaratmaq (misal üçün, Mirzə Səməndərin «Qurban olum Məhəmmədin şəriətinə!»sözləri kimi), dialoqları qurmaq bacarığı, süjetin daxili dinamikasını hiss etmək məharəti, sərrast tapılmış replikalar («Atan kazaklardır!»), akvarellə işlənmiş detallar, cizgilər, incə yumorlu (Ocaqqulunun qatırı kimi!) şarja, lağlağıya adlamağa, romantik hissiyyatın (Aydın, Oqtay, Elxan hissiyyatı!) patetikaya keçməsinə, təbii, natural bir sadəliyin (İmamverdi və Allahverdi sadəliyinin!) primitivliyə yuvarlanmasına imkan verməyən bədii-estetik əndazə duyğusu bütün bunlar Cabbarlı poetikasını səciyyələndirən cəhətlərdir.
     Novatorluq Cabbarlı istedadının tərkib hissəsi idi və bu mənada Cabbarlı yeni nəsillərin sənətkarı idi və bu yerdə söhbət müəyyən bir dövrün yox, bütün dövrlərin yeni nəsillərindən gedir; yəni illər keçir, nəsillər bir-birini əvəz edir və Cabbarlı əvəz olunandan çox, əvəz edənin sənətkarıdır.
     Buna görə də müasirlərinin yazdığı və söylədiyi kimi, Aydının, Oqtayın, Elxanın monoloqları bütün Azərbaycan gəncliyi arasında dillər əzbəri olmuşdu, halbuki gəncliyin xarakterik xüsusiyyəti şer əzbərləməkdir.
     Dünən də, bu gün də (və yəqin sabah da belə olacaq!) gənclik öz övladlarına Elxan, Solmaz, Sevil, Gülüş, Almaz, Aydın, Oqtay, Gültəkin, Yaşar, Sevər adını qoyur və bu adların əksəriyyətini Cabbarlı özü yaratmışdı.
      (Yeri düşmüşkən deyim ki, Azərbaycan ədəbi dilinin inkişafında, milli dilin zəminində yeni söz yaradıcılığı sahəsində, ədəbi və elmi ictimaiyyətdə belə bir təmayülün yaranmasında, bir stimul rolu oynamasında Cabbarlının mühüm xidmətləri var.)
     Cabbarlının yaratdığı, səhnəyə gətirdiyi bu adlar öz qəhrəmanlarının bədii-estetik siqlətləri sayəsində millətin məişətinə daxil olub və onlar nəinki bizim əqidə dostumuz və məslək sirdaşlarımızdırlar, onlar bizim ailə üzvlərimizə çevrilmişlər.
     Cəfər Cabbarlı qısa ömründə «Vəfalı Səriyyə» və «Solğun çiçəklər»in melodramatik (və hərarətli! istiqanlı!) aləmindən «1905-ci il»in sərt realizminəcən, digər hallarda uzun illər tələb olunan böyük yaradıcılıq yolu keçmişdir, ancaq Cəfər istedadı bu yaradıcılıq metodlarının, cərəyanların heç birinin çərçivələrinə sığışmır.
     Cəfər Cabbarlı romantikdir?
     «Yox»demək mümkün deyil, «Bəli!»
     Cəfər Cabbarlı realistdir?
     Bəli!
     Cəfər Cabbarlı sentimentaldır?
     Bəli!
     Cəfər Cabbarlı lirikdir?
     Bəli!
     Satirikdir?
     Bəli!
     Bu sual-cavabı beləcə davam etdirmək olar...
     Cabbarlı böyük dramaturqdur, bəli, ancaq eyni zamanda şairdir, nasirdir, tənqidçidir, tərcüməçidir.
     Cabbarlının lirikası, məşhur «Qız qalası» poeması, Sabir ədəbi məktəbinin nümayəndəsi kimi, satirik əsərlər yazması, hekayələri, Azərbaycan kino sənətinin görkəmli xadimlərindən biri kimi fəaliyyəti, ədəbi tənqidlə məşğul olması XIX və XX əsr Azərbaycan maarifçilərinə, ziyalılarına xas olan bir ənənəyə vətəndaş sadiqliyinin bəhrəsi və nəticəsi idi: xalqı maarifləndirmək üçün, mədəniyyəti inkişaf etdirməkdən ötrü bütün imkanları səfərbərliyə almaq, hər bir sahədə əlindən gələni əsirgəməmək.
     Sənətkar və vətəndaş Cabbarlının xoşbəxtliyi onda idi ki, onun istedadı həmin səfərbərliyə alınan imkanları artırır və effektli edirdi.
     Misal üçün, onun Azərbaycan kinosu ilə bağlı fəaliyyətinə nəzər salaq: bir tərəfdən milli dramaturgiyamızın klassikasını kinoya gətirir M.F.Axundovun «Hacı Qara»sı və C.Məmmədquluzadənin «Ölülər»i əsasında kinossenarilər yazır, bir tərəfdən öz əsərlərini «Sevil»i, «Almaz»ı, «1905-ci ildə»ni ssenariləşdirir, bir tərəfdən də kinorejissor kimi «Hacı Qara»nı, «Sevil»i, «Almaz»ı çəkir.
     Yalnız elə bu kino yaradıcılığı kifayətdir ki, Cabbarlının adı həmişəlik Azərbaycan mədəniyyəti tarixinə həkk olunsun.
     Yaxud Cabbarlı poeziyasını götürək.
     Mən həmişə bu fikirdə olmuşam ki, Cabbarlı dramaturgiyasının qadirliyi onun poeziyasını kölgədə qoymuşdur, halbuki, şair Cabbarlı özü-özlüyündə də XX əsr Azərbaycan ədəbiyyatında maraqlı və dəyərli bir hadisədir.
     Cabbarlının ümumi yaradıcılıq və fəaliyyətindəki çoxcəhətlik, üslublar, formalar rəngarəngliyi onun poeziyası üçün də xas olan bir cəhətdir: vətəndaş şair, incə bir lirik, ağlaya-ağlaya gülən, lağa qoyan satirik...
     Budur Cabbarlı gənc və ehtiraslı şair-vətəndaş üzünü bütün Şərqə tutub:
Ey Şərq, sənin üstündə cahan çarpışıyorkən,
Aləm səni bölməklə səadət bölüşüyorkən,
Övladın əsarətdə, yazıq, can çəkişiyorkən,
Hala da sükut etmədəsən, ey evi bərbad!
Kimdən, əcaba, ummadasan dərdinə imdad?
     Bəs nə etməli? Çıxış yolu nədədir? Bu ətalətin sonuna necə çıxmalı?
Döndər günəşin atəşə, saç Qərbə, Şimalə!
Topla nə gücün varsa, giriş qəti cədalə!
Ya haqqını al, ya əbədi öl, laməhalə,
Qoy gülləri ya qan sulasın, yaxud ədalət,
Qoy ya bəşəriyyət yaşasm, yaxud əsarət!
     Bu isə, artıq lirik Cabbarlıdır:
Mən bir solmaz yarpağam ki, çiçəkləri bəzərim,
Mən bir susmaz duyğuyam ki, ürəkləri gəzərim,
Mən səninçin ömrüm boyu cəfalara dözərim,
Sənsiz güllər açılmasm, axar çaylar dayansın,
Oxu bülbül, bəlkə yarım oyansın!..
     Bu da satirik Cabbarlıdır və millətə məhəbbəti ona nəinki ayrı-ayrı tiplərə, hətta əsrin əvvəllərində bütün millətə xitabən gülmək səlahiyyəti verib:
Milyonerlər Zinkanm eşqində olmuşlar cünun,
Hacılar Arşaq dad eləyirlər qəlbi xun,
Əcnəbilər kəndarmda binəvalar gör zəbun.
Cümləsin mən əcnəbilərçin gəda görməkdəyəm,
Milləti-məhzunu binitqü nida görməkdəyəm.
     İllər keçir...
     Cabbarlı isə daima öz xalqı ilə təmasdadır və bu planlaşdırılmış, əvvəldən hazırlığı görülmüş görüşlər deyil, müasir Azərbaycan mədəni həyatının təbii hadisələridir: ilk Azərbaycan baleti «Qız qalası»nın altmış ildən sonra yenidən premyerasıdır və bu gözəl baletin libretto müəllifi Cəfər Cabbarlıdır; konsertdə oturub ilk Azərbaycan romansına unudulmaz Asəf Zeynallının şedevrinə «Ölkəm»ə qulaq asırıq və Cəfər Cabbarlı yenə də bizimlədir, bu sözləri onun ürəyinin diqtəsi ilə onun qələmi yazıb; böyük Fikrət Əmirovun «Sevil» operasına gedirik, ariyalarına qulaq asırıq Cəfər yenə bizimlədir; Azərbaycan ədəbiyyatşünaslığına yeni qüvvələr gəlir, gənc bir alim ilk dissertasiyasını müdafiə edir və onun mövzusu Cəfər Cabbarlının yaradıcılığıdır...
     Hətta bəzi məqamlarda demək olar ki, Cabbarlı təzədən bizə qayıdır: dünənə qədər sovet ədəbiyyatşünaslığı «Trablis müharibəsi» və «Ədimə fəthi» əsərlərini «mürtəce romantizm» nümunələri hesab edirdi, onlarda «pantürkizm» ideyalarının ifadəsini görürdü və o əsərlərin nəşri də, tamaşası da yasaq edilmişdi, bu gün isə onlar yenidən oxucuları ilə, tamaşaçıları ilə görüşür.
     Cabbarlı ilə bağlı bu cürə misalları çox göstərmək olar və çox da əlamətdardır ki, bu zaman biz ilkinlik məfhumu ilə tez-tez rastlaşırıq və bu da təsadüfi deyil, çünki tarixən Şərq mahiyyətli qədim və zəngin Azərbaycan ədəbiyyatının, Azərbaycan mədəniyyətinin XIX və XX əsrlərdəki inkişafını Şərq ənənələri ilə Avropa təmayülünün bədii-estetik vəhdəti səciyyələndirir.
     Elə bilirəm ki, ədəbiyyatımızın, mədəniyyətimizin bir sıra sahələrindəki belə bir Cabbarlı ilkinliyini də Mirzə Fətəli Axundov, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov, Hüseyn Ərəblinski ilkinliyi kimi, bu cəhət səciyyələndirir.
     Coxcəhətli yaradıcılığa həsr olunan enerji, əsəb gərginliyi, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafı naminə müxtəlif sahələrdə var gücü ilə çalışmaq Cabbarlı kimi fiziki cəhətdən zəif bir adamın səhhətinə, əlbəttə, təsir edəcəkdi.
     Dövr mürəkkəb və ziddiyyətli idi və bu mürəkkəbliyin də, bu ziddiyyətin də arxasında müdhiş bir qorxu dayanırdı və nəinki siyasi avantüristlər, cidd-cəhdlə özünü gözə soxmaq istəyən çinovniklər, hakim (və inzibati!) ideologiyanın icraçıları, hətta daima həmin müdhiş qorxudan ürkən ayrı-ayrı yazıçılar, tənqidçilər, mədəniyyət xadimləri də Cabbarlı yaradıcılığına vulqar sosioloji iradlar irəli sürürdülər, ədəbi məhkəmələr qurulurdu və Aydın, Sevil, Almaz, Elxan həmin məhkəmələr qarşısında cavab verirdi, bir tərəfdən də avam millətbazlıq «cəbhəsindən» əsassız ittihamlar irəli sürülürdü.
     Məlum məsələdir ki, bütün bunlar ürəyi sevincə batırıb çıxarmırdı və ürək ağrıyırdı, ancaq biz Cabbarlı yaradıcılığını yenidən nəzərdən keçirdikcə, fəaliyyətini yenidən izlədikcə görürük ki, heç bir ürək ağrısı onun vətəndaş xidmətinin, qələminin qarşısını ala bilmirdi, çünki ədəbiyyat, yazmaq onun üçün mənəvi bir maqnit kimi bir şey idi, o, xalqın taleyi ilə bağlı böyük amalların yaratdığı borc duyğusu qarşısında məsuliyyət hissilə yaşayan bir insan, bir sənətkar idi.
     Cabbarlı hələ 1932-ci ildə dostu görkəmli teatr rejissoru Aleksandr Tuqanova göndərdiyi bir məktubda yazırdı: «Mən yaman əldən düşmüşəm. Bu günlərdə xəstə idim, amma yatmağa vaxt var ki?! Məsuliyyət böyük məsələdir. Heç kimin önündə utanmamaq, öz vəzifən və vicdanın qarşısında məsuliyyət daşımaq budur əsas məsələ».
     Belə bir məsuliyyət hissi Cabbarlı yaradıcılığının təbiətini, onun ictimai mündəricəsini və bədii qüdrətini müəyyən edən cəhətdir.
     Buna görə də vətəndaş Cabbarlının gördüyü işi bu gün onun öz yaradıcılığı davam etdirir.
     Tale nəinki onun ömrünə çox tez son qoydu, hətta bu vaxtsız gedişin özünü də dramatikləşdirdi: Cəfər Cabbarlı 1934-cü ildən 1935-ci ilə keçən Yeni il gecəsi vəfat etdi.
     O vaxtın adamları söyləyirlər ki, bu xəbərdən bütün Azərbaycan sarsılmış və bütün Azərbaycan matəmə batmışdı.
     35 yaşlı bu adamın ölümü elə bil ki, bütün milləti yetim qoymuşdu.
     Deyilənə görə, onun dəfni zamanı Bakı, o vaxta kimi, belə bir izdiham görməmişdi.
     Onun dəfni zamanı bütün Bakı ağlayırdı.
     Mən bu yazını başlayarkən Mikayıl Müşfiqin şerindən bir misal gətirdim və indi də bu yazının nöqtəsini qoymaq istəyərkən onun Cabbarlının ölümü münasibətilə yazdığı şeri və xüsusən də bu parçanı xatırlayıram:
Göylər bir-birinə dəyib ağlasın,
Buludlar başmı əyib ağlasın,
Dan yeri ağlasın, şəfəq sökülsün,
Ulduzlar göz yaşı kimi tökülsün,
Günəş göy üzündə yansın, yaxılsın,
Qəmli buludlara iltica qılsm.
Qoy göylər görünsün bir çəmən kimi.
Ağarsın dan yeri yasəmən kimi!..
Öldü! guruldasın, çaxsm buludlar,
Qəbrinə çiçəklər taxsın buludlar!..
     Bu sözləri 27 yaşlı Müşfiq yazmışdı.
     Cəmi ikicə il keçəcəkdi və 29 yaşlı şair «xalq düşməni» kimi güllələnəcəkdi.
     Müşfiqin ölümünə şer yazan olmayacaqdı.
     Müşfiq mətbuatda yalnız lənətlənəcəkdi və dünənə kimi onunla qələmdaş olmuş insanlar onu «ifşa» edəcəkdilər.
     Bu mənada Cabbarlının «bəxti» gətirmişdi.
     Əlbəttə, bu qapqara bir müqayisədir.
     Bəli, Cabbarlı heyrətamiz dərəcədə populyar idi.
     Televiziyanın olmadığı bir vaxtda, sovet informasiya orqanlarının əsas etibarilə partiyanın qərar və sərəncamlannı dərc edərək Stalin hakim ideologiyasını təbliğ etdiyi, eyni zamanda qızğın «ifşaçılıqla», sinfi mübarizələrlə məşğul olduğu bir dövrdə belə bir Cabbarlı populyarlığı, əlbəttə, qəribə (və əlamətdar!) bir hadisədir.
     Mən, onu yaxından tanıyan adamlardan, onun dostlarından xatirimə Əlili, Ağasadıq Gəraybəyli, Qulam Məmmədli, Əli Səbri, Abbas Zamanov, Məmməd Arif və başqaları kimi ədəbiyyat, sənət adamları gəlir dəfələrlə eşitmişəm ki, Cabbarlı son dərəcə sadə, iddiasız, heç kimdə işi olmayan, gözütox bir adam olub.
     Onun işlədiyi vəzifələrə fikir verin: qəzetlərdə, Xalq Ərzaq Komissarlığında tərcüməçi, Milli Dram Teatrında bədii hissə müdiri...
     Vəssalam!
     Cəfər Cabbarlı bəzi ədəbiyyat, sənət adamları kimi, özü öz populyarlığının rejissoru olmayıb, buna görə də onun bu dərəcədə populyarlığı mənim üçün çox təsirli bir hadisədir.
     Cabbarlıdan sonrakı dövrdə teatrla, xüsusən Azərbaycan Akademik Milli Dram Teatrı ilə ən çox bağlı yazıçı İlyas Əfəndiyev olub və İlyas Əfəndiyev həmin teatrda iyirmi tamaşasının bütün məşqlərində iştirak edib, daima teatrın Bədii şurasının üzvü olub.
     Və İlyas Əfəndiyev deyirdi ki, elə bil, Cəfərin ruhu həmişə teatrdadır.
     Mən şübhə etmirəm ki, nəsillər bir-birini əvəz edəcək, teatra yeni dramaturqlar, yeni artistlər, rejissorlar gələcək, amma o Cəfər ruhu həmişə o teatrda olacaq.
     Mən şübhə etmirəm ki, Cabbarlı populyarlığı daimidir, çünki bu populyarlığın arxasında rəsmi «populyarlıq maxinasının» fəaliyyəti, rəsmi sovet təbliğatı yox, Cabbarlının yaradıcılığı dayanıb.
     Cabbarlını sovet hakim ideologiyası «Cabbarlı vəzifəsinə» təyin etməyib.
     «Cabbarlı» sovet nomenklaturası deyil, sovet təyinatlı sürrealist bir vəzifə deyil, Cabbarlı sənətkardır.
     Cabbarlı ədəbi hadisədir.
     Və Azərbaycan ədəbiyyatında bu «Cabbarlı hadisəsi»ni Cabbarlı yaradıcılığının özü yaradıb.
1999.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (29.08.2014) | Müəllif: R.C E W
Baxış: 786 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more