Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-«Quyu» müəllifinə məktub (Məqalə)
«QUYU» MÜƏLLİFİNƏ MƏKTUB


     Hörmətli İsi Məlikzadə!
     Sizin «Azərbaycan» jurnalında çapdan çıxmış «Quyu» povestinizi oxuduqdan sonra, məndə əsəriniz barədə fikir söyləməyə, həm də öz düşüncələrimi məhz müəlliflə bölüşdürməyə daxili bir ehtiyac yarandı və «Quyu»nun mənə, bir oxucunuz kimi, bədii-emosional təsiri bu cümlələrin yazılmasına səbəb oldu. Əlbəttə, açıq məktub epistolyar janrın elə bir formasıdır ki, buradakı fikir və mühakimələr, təkdir və təqdir, arzular yalnız ünvan sahibinin deyil, ictimaiyyətin, indiki halda ədəbi ictimaiyyətin, geniş oxucu kütləsinin nəzərinə çatdırılır və buna görə də mənim məktubum, əslində, Sizə şəxsi məktub səciyyəsi daşısa da, məhz bu keyfiyyətə görə açıq məktub şəklini almışdı. Məsələ burasındadır ki, son zamanlar bizim jurnallarımızda bir sıra povestlər (Sizin əsəriniz kiçik povest janrında olduğu üçün, mən də yalnız kiçik povestləri xatırladıram), həm də maraqlı fikir söyləməyə, ümumiyyətlə, müasir nəsrimizin problemləri ətrafında fikir mübadiləsi aparmağa bədii obyekt ola biləcək povestlər çap edilmişdir, lakin, nədənsə, ədəbi tənqid susur və hərgah belə bir «sükunət» fikirləşmə, araşdırma, bir sözlə, hazırlıq mərhələsidirsə, çox uzanmış olsa da, dözmək olar, yox, hərgah bu «sükunət» laqeydliyin, bir tənqidçi sevincini bölüşdürməyə, bir tənqidçi təəssüfünü açıq və prinsipial surətdə söyləməyə qadirsizliyin və cəsarətsizliyin təcəssümüdürsə, əlbəttə, bizi narahat etməli, düşündürməlidir.
     İki misal çəkmək istəyirəm.
     Siz yəqin ki, Sabir Əhmədovun «Qanköçürmə stansiyası» povestini oxumusunuz. Bu əsərin çap olunmasından beş aydan artıq bir vaxt keçmişdir, lakin ədəbi tənqid susur. Nə üçün? Bu istedadlı yazıçının povesti fikir söyləməyə əsas vermirmi? Yəqin Siz də razı olarsınız ki, belə deyil, əsər prinsipial, birtərəfli yox, hərtərəfli, əhatəli və əsaslandırılmış, özünü doğrulda biləcək ədəbi söhbət aparmaq, buradakı məziyyət və çatışmazlıqları göstərmək üçün kifayət qədər münbit bir zəmin yaradır.
     Yaxud Anarın «Əlaqə» povestinin çap olunduğu vaxtdan üç ay keçmişdir, lakin tənqid susur. İndiyə qədər əsas etibarilə real, olumlu əsərlərini oxuduğumuz bir yazıçının birdən-birə elmi-fantastik janra müraciət etməsi, yaradıcılığın psixologiyası baxımından, həm də müasir bədii təsərrüfatımızda bu janr qıtlığını nəzərə alsaq, maraqlı bədii fakt deyilmi? Məncə, belədir.
     Hörmətli İsi Məlikzadə! Elə bilirəm ki, mənim «şəxsi məktub»umun «açıq məktub» formasında meydana çıxmasının səbəbi aydındır, lakin, əlbəttə, formasından asılı olmayaraq, bu məktubun əsas səbəbi Sizin «qazdığınız» «Quyu»dur və lap əvvəldən deyim ki, yaxşı «Quyu» qazmısınız, suyunun mət kimi şipşirin, göz yaşı kimi dupduru olması barədə bir söz deyə bilmərəm, amma bu quyu bədii-psixoloji mənada gələcəyin daha dərin «Quyu»larından xəbər verir, Sizin yaradıcılığınızdakı inkişafı, bədii- estetik kamilliyə doğru keyfiyyət dəyişikliyini əyani şəkildə göstərir, çünki Sizin bu əsərinizdən danışmaq - öz janrında müasir Azərbaycan ədəbiyyatının yaxşı nümunələrindən biri haqda söhbət açmaqdır.
     Sizin əsas yaradıcılıq qələbəniz, məncə, ondadır ki, hamımızın yaxşı bələd olduğu, yaxşı tanıdığı hisslərə, duyğulara, ictimai və əxlaqi qayğılara yeni gözlə baxa bilmisiniz və buna görə də umudların aqibətini kəşf etmisiniz; Siz quraşdırmamısınız, malalamamısınız və buna görə də umudların sütül kişilik həvəsinə, təmizliyə, mənəvi paklığa doğru hələ sövq-təbii meylinə qazılan quyunun qaranlığını, xofunu, çirkabını, sosioloji-etik eybəcərliyini göstərə bilmisiniz.
     Umudun təmizlik meyli mərdlik həvəsi ilə onun əhatə olunduğu məhdud mühitin arzu və istəkləri, qayğı və əməlləri bir-birilə bu cavan oğlanın başa düşə bilmədiyi dərəcədə təzaddadır və məhz bu naqis qayğı və əməllər, istək və arzular umudların təmiz, lakin yaş, sütül hisslərini hər an qurd kimi didib-dağıtmağa hazırdır və bəzən didib dağıdır da. Bu, Sizin əsərinizin son dərəcə prinsipial və bədii-estetik mənada perspektivli bir cəhətidir və bu yerdə, mən istərdim ki, Siz əsərinizin sonluğuna diqqət yetirəsiniz, onu yenidən və daha tutarlı işləyəsiniz. Düzdür, motosikletin hasara dəyməyi və xüsusən də qayıdıb gəlmiş Patronun nəhayət ki, hürməyi yaxşıdır, amma mənə elə gəlir ki, Umudun mənəvi- əxlaqi quyuya düşməsi, onun bütün tərəddüdlərinin, təmiz hisslə- rinin «kartof-soğan doğramaq, borş bişirməkdən» gələcəkdə onu gözləyən işıqlı dünyaya, «daha böyük, daha vacib işlərə» doğru həvəsinin çirkaba batması indiki halda labüddür, çünki həmin quyunun və ümumiyyətlə, quyuların özünəçəkmə qabiliyyəti Umudun və umudların itələmə, özündənetmə qabiliyyəti müqabilində çox güclü, sərt və amansızdır. Umud üsyankar deyil, o, qurbandır və hərgah belə olarsa, mənə elə gəlir ki, quyuların zülməti daha artıq qorxudar bizi, son dərəcə aktual mahiyyətli ictimai-əxlaqlı bir bəla kimi diqqətimizi daha artıq cəlb edər.
     Əlbəttə, bu, eləcə də aşağıda söylənənlər resept yox, arzudur.
     Sizin əvvəlki və uğurlu povestinizin - «Evin kişisi» əsərinizin qəhrəmanı Qaçay yada düşür. Məktəbi qurtarandan sonra milis nəfəri işləyən bu yeniyetmə rayonlu balasının xasiyyətini, hərəkətlərini, düşüncə tərzini xatırlayıram və bir daha yəqin edirəm ki, bu surət də xalis həyat adamının prototipi idi və məhz buna görə də o təbii idi, - əsərinizin başlanğıcından sonuna kimi; məhz buna görə o, son zamanlar ədəbiyyatda tez-tez rast gəldiyimiz milisioner surətlərindən heç birinə bənzəmirdi, onun düşdüyü situasiya da ilk baxışda qəribə idi: evdə qalıb yavaş-yavaş qarıyan böyük bacısı Ağca üçün xanəndə Cahidin elçisi gəlmişdi və anası, Ağcanı da rayonun başqa qızları kimi «yaxşı köçürmək», «importnı» mebellə yola salmaq istəyirdi və bu «importnı» mebeli Qaçay almalı idi, çünki cəmi bircə aydır işə girməsinə baxmaya- raq, artıq «evin kişisi» o idi. Bu yerdə də əsərinizdə komik bir təzad meydana çıxır və yenə də bu yerdə Qaçay ilə Umud bir-birinə çox yaxınlaşır: bir tərəfdən Qaçay «evin kişisi» olması ilə öyünür, fəxr edir, özü də özünü inandırmağa çalışır ki, doğrudan da, belədir, «evin kişisi» odur, digər tərəfdən isə, «evin kişisi» olmaq üçün Qaçay heç bir real imkana malik deyil, nə tədbiri var, nə də pulu, nə ağsaqqallığı var, nə də kəmfürsətliyi, nə acıqlana bilir, nə də iş düzəldən yağlı şirin dili var.
     Düzdür, milisioner Qaçayın qayğısı sırf məişət qayğısı idi, lakin həmin povestinizin müvəffəqiyyəti də məhz burasında idi ki, o məişət qayğıları yalnız «evin kişisini» yetişdirmirdi, o qayğılar bizim gözlərimizin önündə - on-on beş jurnal səhifəsində vətəndaş yetişdirirdi və bu, təbii görünürdü, biz inanırdıq ki, Qaçay daha mübariz olacaq, daha təşəbbüskar və prinsipial olacaq, çünki Qaçayın daxilində nəinki «evin kişisi», hətta «elin kişisi» olmaq başlanğıcı, rüşeymi var idi. Umudda isə belə bir başlanğıc yoxdur, varsa da, çox davamsız və miskindir; bu belə xarakterdir və bu xarakteri bu şəkildə yaratmaq da Sizin yaradıcılıq nailiyyətinizdir, lakin Umudun da Qaçay kimi, bir az təmtəraqlı da desək, «üsyan» etməsi, yeni əsərinizin bədii məntiqinə uyğun deyil.
     Məncə, ən çox nail olduğunuz surət Xalıqdır. Deyə bilmirəm ki, o təzədir, amma yenə də tanıdıqlarımızın arasında Sizin, heç kimin yox, məhz Sizin seçdiyinizdir, birtərəfli yox, hərtərəfli işlədiyiniz, tanıyaraq, duyaraq, necə deyərlər, dabbaqda gönünə bələd olaraq işlədiyiniz tipajdır. Onun - bu əxlaqsız kişinin, nadanın və eyni zamanda, lotunun, öz işini çox yaxşı bilən kəmfürsətin və eyni zamanda, burnunun ucundan uzağı görə bilməyən bədbəxtin, etik kateqoriyalar bölgüsündə «pis adamlar» cərgəsindəki oğulun qoca anası ilə münasibətini tələb olunan bədii-estetik səviyyədə yaratmağa nail olmusunuz. Mən yalnız bunu arzu edərdim ki, bu yerdə Pirinin şərhlərini («Anasını bu qədər istəyən adam görməmişəm» və s.) yığışdırasınız, əksinə, Piri kimi bir dəyyus da Xalıq - Minnət münasibətinə sözün əsl mənasında bir insan kimi heyran olur. Bu münasibətin təsvirində, məncə, bir zərgər işi aparmaq lazımdır, burada incə, son dərəcə incə cizgilər, ştrix və detallar vasitəsilə «əməliyyat» aparmaq, bütün müstəqimlikləri, birbaşalıqları yıgışdırıb ağ kağızdan güclə sezilən akvarel işi aparmaq lazımdır. Məcid kişi ilə Umudun bir-birinə münasibəti də yaxşı işlənib, çox həyatidir və onların bir-biri ilə söhbətindəki həqiqi kolorit bir oxucunuz kimi mənə ləzzət verdi və ən çox da xoşuma gəldi ki, Siz demirsiniz «Ay oxucularım, bax, gör zəhmətkeş ata öz oğlunu necə çox istəyir»; ata oğlunu məzəmmət edir, döyür, dolayır və bunlar hamısı da gizli bir məhəbbətdəndir. Yaxşı yazmısınız! - Pirinin fəlsəfi mühakimələrini (bir az da artırmaq olar) və xüsusən, Əsli ilə intim münasibətlərini yaxşı təsvir etmisiniz, yaddan çıxmır, lakin istərdik ki, bir cəhətə diqqət yetirəsiniz: Piri özü də quyuların qurbanıdır, quyuları yaradan, bünövrəsini qoyan deyil və olmamalıdır, çünki bunun üçün onun nə ağlı, nə konyunktura qabiliyyəti (onun konyunkturası çox məhəlli səciyyə daşıyır), nə cəsarəti var: o, öz imkanı ilə iddiası arasındakı təzaddan da əzab-əziyyət çəkmir, çünki adicə olaraq, ya obyektiv, ya da subyektiv səbəbə görə onun üçün belə bir təzad dərdi mövcud deyil. Piri və ümumiyyətlə, pirilik, öz-özlüyündə, çılpaq şə- kildə götürüldükdə, ictimai bəla deyil, o, ictimai bəladan öz mə- nafe və mənfəəti üçün istifadə edən mikrobdur, parazitdir, ancaq qurd deyil, quyulardan müftə su içəndir, bu quyuları qazan və onlara su dolduran deyil, əlbəttə, bu da ictimai şikəstlikdir, naqislikdir, lakin o, xalqların ictimai bəlasının törəməsidir, artıq deyil, hərgah başqa bir şəraitdə yaxşılıqlar təcəssümü, düzlük, kişilik, təmizlik güzgüsü - büllur bulaqlar daha mənfəətli və daha əlverişli olarsa, pirilər o saat məhz oradan müftə su içməyə başlayacaqlar, xalıqlar isə, bunu bacarmayacaqlar, əgər bacarsalar, onda, demək, Xalıq yox, piridirlər. Bu mənada, Patron çox rəmzidir və mənə elə gəlir ki, xalıqlardan fərqli olaraq, pirilərin axırı Patronun aqibətidir.
     Bədii cəhətdən dürüst və aktual yaratdığınız Minnət qarı xüsusi əhəmiyyətə malik surətdir və bu əhəmiyyətə, mənə elə gəlir ki, xüsusi də vurğu vurmaq lazımdır. İnsanlar yalnız iki yolun yolçusu deyillər və iki antaqonist hissəyə bölünmürlər: xeyir yolçuları və şər yolçuları, quyuqazanlar və quyularla mübarizə aparanlar; üçüncü bir yol da var: qarışmayanlar və bu qarışmayanların - quyulara düşməyənlərin və eyni zamanda, bu quyuları görməyənlərin, yaxud özlərini görməməzliyə vuranların ictimai-fəlsəfi mahiyyətini Minnət qarı surəti yaxşı bir bədiiliklə, sosioloji-etik dəqiqliklə təmsil edə bilir.
     Əsli və Piri əhvalatını səliqə ilə qələmə almısınız, belə hallarda çox tələb olunan əndazə hissini itirməmisiniz, xüsusən, yataq səhnəsi ustalıqla işlənib, amma mənim üçün bir qaranlıq cəhət var: Əsli quyuqazandı, quyuya düşəndi, quyuyla mübarizə aparandı, quyudan qidalanandı, yoxsa Minnət qarıdı? Bilmirəm, bəlkə də belə olmalıdır, amma, hər halda, Əsli ilə əlaqədar bir naməlumluq var və bu naməlumluq bir o qədər də xoşa gəlmir.
     Bu yerdə yenə də Sizin əvvəlki povestlərinizdən birini - «İki günün qonağı» əsərinizi xatırlamaq yerinə düşər. Həmin povestin süjetindəki motivlər bizə tanış idi: kənddə böyüyüb, məktəbi kənddə qurtarıb şəhərə getmiş İslam institutu bitirdikdən sonra orada da qalmışdı, kəndə vəfasız çıxmışdı, qoca atasını, anasını yoluxmağa kəndə təsadüfdən-təsadüfə gəlirdi və belə bir vəfasızlıq onun özünü də sıxırdı.
     Tanış motivlər idi, düzdür, lakin mən deyə bilmərəm ki, İslam hansı bir qəhrəmanınsa təkrarıdır, adaptasiyasıdır. Yox, belə deyildi və bu təbii ki, yaxşı cəhət idi: İslam bizim tanıdığımız ədəbi qəhrəmanlardan heç birinə oxşamırdı. Lakin (əsas məsələ də bundadır!) mən bunu da deyə bilmərəm ki, İslam, ümumiyyətlə, kimdir? Doğrudan da o, kim idi? Böyük uşaq idi, yoxsa şəhər mühitində bütün romantizmini itirmiş rasionalçı idi, bəlkə o bir sınıq, yaxud həyatda ümidlərini itırmiş bir pessimist idi? Bəlkə İslam bütün bu cəhətləri özündə birləşdirən mürəkkəb bir xarakterdir? Məsələ də burasında idi ki, əsərdə belə bir mürəkkəblik yox idi, çünki məqsəd qeyri-müəyyən idi, Sizin yazıçı sözünüz aydın eşidilmirdi.
     Bu mənada, «Quyu»da bədii-estetik bir dəqiqlik, dürüstlük var və Əsli də özü-özlüyündə Sizin əsərinizin aparıcı surətlərindən deyil, lakin povestinizin yüksək bədii-emosional təsiri qarşı- ya yüksək də tələblər qoyur və məhz bu tələblər zirvəsindən Əsli surətinə yenidən qayıtmağa, onun hiss və həyəcanlarını təzədən oxumağa bir ehtiyac hiss olunur.
     Umud - Tubu xətti də nisbətən zəifdir, bədii cəhətdən tamamlanmayıb, ətə-qana dolmayıb. Tubu aktuallıq, müasirlik (zaman mənasında) xatirinə yaradılmış şablon mexanizator (yaxud satıcı, pambıqçı, toxucu, operator və s.) surətidirsə, ona Sizin povestinizin heç bir ehtiyacı yoxdur, yox, hərgah o, başqa bədii yük daşıyırsa (və mənə elə gəlir ki, məhz belədir!), həmin bədii məqsədi qabarıqlaşdırmaq əsərinizin xeyrinə olardı. Tubunun çimməyi və Umudun onu lüt görməsi də nə isə bir o qədər xoşa gəlmir. Yəqin ona görə ki, çox tanış, çox oxudugumuz əhvalatdır və elə bunun üçün də Umud qobunun yanına gələn kimi, bilirik ki, burada lüt qız görəcək. Bəlkə fikirləşib povestinizdəki həmin əhvali-ruhiyyəni yarada biləcək nəsə başqa bir bədii vasitə tapmaq lazımdır?
     Umud - Solmaz xəttini də gücləndirməyə bir ehtiyac var və bəlkə burada da sözçülük yox, danışan, nəql edən yox, göstərən kiçik detallar tapmaq çox yerinə düşərdi. Umudun Solmaza mək- tubu da tanışdır.
     Sizin üslubunuza, necə deyərlər, təhkiyeyi-kəlamınıza gəlincə, mütləq, həm də sevinərək deməliyəm ki, bu povest irəliyə böyük addımınızdır. Burada bir məxsusilik hiss olunmaqdadı və burada bədii-estetik baxımdan pintilik yoxdu, pərakəndəliyə, demək olar ki, rast gəlmirik. Siz insanları tanıyan, həyatı bilən yazıçısınız və deməliyəm ki, Sizin indiyə qədərki heç bir əsərinizdə həyatilik, bədii-estetik mənada, ustalıqla, bu dərəcədə vəhdətdə özünü göstərməmişdir.
     Bir-iki qeydim var.
     Cümlələri nə qədər «fikirləşdi ki», «düşündü ki», «anladı ki», «bilirdi ki» «xəyalına gəlırdi ki», «inandı ki» və s. ilə başlamaq olar? Bu, Sizin təhkiyənizə lazım olmayan bir yüngüllük gətirir, inandırıcılığı azaldır (hər halda, mənə belə gəlir). Xüsusən, «an- ladı ki»lər yerində işlənmir: «anladı ki, Xalıq öz vəzifəsini pisləyə-pisləyə tərifləyir», «anladı ki, döşəkçənin üstündə yumaq kimi büzüşmüş bu kündəsifət məxluq Minnət qarıdır», «anladı ki, bu gün Tubudan yox, onun yanındakı qızlardan utanır», «anladı ki, söhbət onun barəsində gedir» və s. və i. a... Burada «anlamaq» felinin tələb etdiyi müşkül bir şey yoxdur, bütün bunlar o saat hiss olunan və görünənlərdir.
     Bəzən yerində işlənməyən ayrı-ayrı sözlər ümumi stilistikadan kənara çıxır, məs.: «Umud bu şəhərdə olmamışdı, bura gəlməyinə yaman sevindi (kursiv mənimdir -E.)». Kiçik bir şəhərin Umudu «yaman sevindirməyi» bu surətin bədii-estetik sanbalını kiçildir və bunlar xırda məsələlər deyil.
     Əsərin həyatiliyinə yad bəzi təsvirləriniz var, məs.: «Umud Solmazı yenə də qatmaqarışıq, dumanlı yuxularında arayacaq. Qorxa-qorxa onun yumşaq barmaqlarından tutacaq. Ancaq qızın şabalıdı saçlarının ətrini, əllərinin hərarətini duymayacaq. Çünki yuxuların ətri yoxdu, yuxularda isti-soyuq bilinmir. Qov kimi yüngülləşdirən bu dumanlı-pərdəli yuxularda ömür sürmək, səadət axtarmaq Umudu təngə gətirməzmi, ilahi?...
     Yaxud: «Deyirlər tənhalıq dəhşətdir. Görəsən, Patron (söhbət, hər halda, Umuddan gedir-.E.) da bu dəhşəti duyurmu? (kursivlər mənimdir -E.)». Hörmətli İsi Məlikzadə! Əlbəttə, kiçik bir məktubda bugünkü ədəbiyyatımızın maraqlı və müsbət hadisələrindən biri kimi Sizin yeni povestinizin hərtərəfli təhlilini vermək mümkün deyil və bu mənim məqsədim də olmamışdır (bu, ədəbi tənqidin vəzifəsidir!), lakin nəticə olaraq bunu demək istəyirəm ki, istedadlı nümayəndəsi olduğunuz «altmışıncı illər nəsli»nin yaradıcılığı artıq müasir Azərbaycan nəsrinin güclü qollarından birini təşkil edir və Sizin povestiniz bir daha sübüt edir ki, məxsusi bədii-estetik boyalarla - yeni keyfiyyətli təhkiyə, orijinal təsvir vasitələri ilə dövrün mürəkkəb ictimai-əxlaqi problemlərini qaldıran və həll edən «altmışıncı illər nəsli», doğrudan da, elə bir yetkinlik dövrünə gəlib çatmışdır ki, ən uca tribunalardan belə, özünü ifadə və təsdiq edə biləcək bədii qüdrətə malikdir.

Bu qədər.
Hörmətlə, Sizin Elçin.
10.04.77.
Dubultu.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (20.06.2014) | Müəllif: R.C E W
Baxış: 697 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more