Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Qızıl
QIZIL
Cəfər Cabbarlının xatirəsinə


    Z a m a n – 1914-cü il avqustun 2-si, axşam.
    M ə k a n – Bakı şəhəri.
    Addım səsləri eşidilir.
    S ə k i n ə x a n ı m. Kimdir gələn, Məleykə?
    M ə l e y k ə x a n ı m. Doktor Mahmud bəydir, ana.
    S ə k i n ə x a n ı m. Allaha şükür... Tez gəlsin içəri.
    Addım səsləri yaxınlaşaraq kəsilir.
    D o k t o r M a h m u d b ə y. Salaməleyküm, xanımlar.
    S ə k i n ə x a n ı m. Salaməleyküm, həkim! Buyurun, buyurun, əyləşin. Kürsünü yaxın çək, qızım.
    D o k t o r M a h m u d b ə y. Zəhmət çəkməyin.
    S ə k i n ə x a n ı m. Həmişə köməyimizə yetmisiz, həkim. Aslan bəyi uşaqlıqda ölümdən siz qurtardınız. Allah sizin canınızı həmişə sağ eləsin, Mahmud bəy. Kişi əldən gedir, həkim, gərək yenə də əlinizdən gələni əsirgəməyəsiniz. (Özünü saxlaya bilməyib hıçqırır...)
    D o k t o r M a h m u d b ə y. Nə olub, xanım?
    S ə k i n ə x a n ı m. Kişinin vəziyyəti çox ağırdır, həkim. Dünən günortadan özünü pis hiss edirdi. Axşamdan bərk qızdırdı. Səhərə kimi gözümüzü yummamışıq, həkim. Səhər tezdən mən düşdüm aşağı ki, mətbəxə baş çəkim, qayıdanda gördüm Kəbleyi yerində yoxdur. Məleykə ilə bütün otaqları bir-birinə vurduq, tapa bilmədik. Nökər-qulluqçudan da gördüm deyən olmadı. Təzədən bu otağa qayıdanda gördük ki, uzanıb yerində. Deyəsən, zirzəmiyə düşübmüş...
    D o k t o r M a h m u d b ə y. Zirzəmiyə? Niyə?
    S ə k i n ə x a n ı m. Heç baş aça bilmirik, həkim. Heç başa düşə bilmirik ki, səhər sübhdən o cür xəstə-xəstə soyuq zirzəmiyə niyə düşmüşdü. Özü də dal qapıdan... Indi, həkim, səhərdən bəri heç bir söz demir... Heç bir sözə cavab vermir...
    D o k t o r M a h m u d b ə y. Zirzəmidən qayıdandan sonra?
    S ə k i n ə x a n ı m. Bəli, həkim...
    D o k t o r M a h m u d b ə y. Gecə necə, danışırdımı?
    S ə k i n ə x a n ı m. Danışırdı, həkim... Qorxu düşmüşdü canına... Deyirdi axırım çatıb... Indi elə-eləcə baxır adama, vəssalam. (Ağlamsınır.) Özü də... bizi yaxına buraxmır, həkim... Heç qoymur ki, əlimiz onun yorğanına toxunsun...
    D o k t o r M a h m u d b ə y. Necə yəni yaxın qoymur, xanım? Məleykə xanım bərkdən hönkürüb ağlayır.
    S ə k i n ə x a n ı m (ağlamsına-ağlamsına). Sakit ol, qızım, sakit ol... Yazıq qız səhərdən əzabəziyyət çəkir... Kəbleyiyə yaxın durmaq mümkün deyil, həkim... O saat qışqırır, vurnuxur yerində... Bilmirəm nə edək, həkim. Ömründə belə işə düşməmişdik, həkim. (Ağlayır.)
    D o k t o r M a h m u d b ə y. Həyəcanlanmayın, xanımlar. Izn verin bir xəstəyə baş çəkək.
    S ə k i n ə x a n ı m. Buyurun, buyurun bura, həkim, bu otaqda yatır.
    M ə l e y k ə x a n ı m. Biz də gələkmi, doktor?
    D o k t o r M a h m u d b ə y. Nə olar, gəlin.
    S ə k i n ə x a n ı m. Buyurun içəri, həkim... Addım səsləri.
    D o k t o r M a h m u d b ə y. Salaməleyküm, Kərbəlayi Muxtar, axşamınız xeyir.
    Pauza.
    M ə l e y k ə x a n ı m. Ata, doktor Mahmud bəy gəlib.
    Pauza.
    D o k t o r M a h m u d b ə y. Kərbəlayi Muxtar, nə olub sizə?.. Heç nədən çəkinməyin. Bu saat müayinə edərik sizi, hər şey düşər qaydasına.
    S ə k i n ə x a n ı m. Allah sizdən razı olsun, həkim.
    K ə r b ə l a y i M u x t a r (bərkdən). Yox!..
    D o k t o r M a h m u d b ə y. Kərbəlayi Muxtar...
    K ə r b ə l a y i M u x t a r (bərkdən qışqırır). Yo-ox!..
    M ə l e y k ə x a n ı m (həyəcanla). Ata!..
    K ə r b ə l a y i M u x t a r. Yo-ox!..
    D o k t o r M a h m u d b ə y. Kərbəlayi Muxtar, siz uşaq deyilsiniz ki, həkimdən qorxursunuz!
    Ikicə dəqiqə müayinə edəcəyəm sizi, vəssalam. Yorğanı aşağı çəkin.
    K ə r b ə l a y i M u x t a r. Yo-x-ox!..
    S ə k i n ə x a n ı m. Kəbleyi...
    K ə r b ə l a y i M u x t a r. Yo-ox!.. Yo-ox!..
    D o k t o r M a h m u d b ə y. Ikicə dəqiqə çəkəcək...
    K ə r b ə l a y i M u x t a r (daha da bərkdən qışqırır). Va-a-ay!..
    M ə l e y k ə x a n ı m. Ata!..
    S ə k i n ə x a n ı m. Kəbleyi!..
    K ə r b ə l a y i M u x t a r. Va-ay! Va-ay!..
    D o k t o r M a h m u d b ə y. Yox, belə mümkün deyil.
    M ə l e y k ə x a n ı m. Bəs, necə olsun, doktor?
    S ə k i n ə x a n ı m. Kişi əldən gedir, həkim...
    D o k t o r M a h m u d b ə y. Bu cür müayinə etmək mümkün deyil, xanım. Xəstə çox həyəcanlıdır, həddən ziyadə.
    Səkinə xanımla Məleykə xanım hıçqıra-hıçqıra ağlayırlar.
    S ə k i n ə x a n ı m. Keçək o biri otağa?
    D o k t o r M a h m u d b ə y. Buyurun...
    Addım səsləri.
    S ə k i n ə x a n ı m. Necə olacaq, həkim?
    D o k t o r M a h m u d b ə y. Xəstənin əsəbləri çox pozulub, xanım.
    S ə k i n ə x a n ı m. Özü də qızdırma içindədir, sifəti dəyişib tamam... Gözləri də birtəhər olub, həkim, gördünüz gözlərini?..
    D o k t o r M a h m u d b ə y. Elədir, görkəmi çox pisdir. Ancaq müayinə etdikdən sonra bir kömək göstərmək mümkündür.
    M ə l e y k ə x a n ı m. Sinəsinə fikir verdinizmi, doktor, gördünüzmü necə şişib?..
    D o k t o r M a h m u d b ə y. Nəsə bir anormallıq var, düzdür. (Fikirli) Doğrudur...
    Addım səsləri.
    S ə k i n ə x a n ı m. Gələnlər kimdir, Məleykə?
    M ə l e y k ə x a n ı m. Hacı Kazımağagildir, ana.
    S ə k i n ə x a n ı m. Yenə qoçusuyla?
    M ə l e y k ə x a n ı m. Qoçusuyla, bir də Çəpiş bəylə...
    Addım səsləri tələsik yaxınlaşaraq kəsilir.
    H a c ı K a z ı m a ğ a (hövsələsiz). Salaməleyküm, bacılar! Bu nə xəbərdir şəhərə yayılıb?! Kəbleyiyə nə olub?
    S ə k i n ə x a n ı m. Kəbleyi bərk xəstədir, Hacı...
    H a c ı K a z ı m a ğ a. Ba-a!.. Xəstə onun düşmənləri olsun! Işə bax ha?.. Nədir xəstəliyi, bacım? Mahmud bəy, salaməleyküm, nə olub Kəblə Muxtara?
    D o k t o r M a h m u d b ə y. Məlum deyil.
    H a c ı K a z ı m a ğ a. Necə məlum deyil? Nöşün?
    S ə k i n ə x a n ı m (ağlamsına-ağlamsına). Kəbleyi qoymur ey, həkim baxsın. Heç kimi buraxmır ki, çarpayısına yaxınlaşsın.
    H a c ı K a z ı m a ğ a. Ba-a!.. Işə bax ha-a!.. Yəni ağırdır, bacım?
    S ə k i n ə x a n ı m (ağlayır). Ağırdır, Hacı...
    H a c ı K a z ı m a ğ a. Bay səni!..
    Ç ə p i ş b ə y. Dağ da yerindən qoparmış!.. Ey gidi dünya!..
    H a c ı K a z ı m a ğ a. Puf!.. Alə, Çəpiş bəy, keç o tərəfdə dur demirəm sənə səhərdən? Araq iyi öldürdü məni...
    Q o ç u H ə s ə n q u l u. Tez elə, alə, çekil yanından qədeşin!
    Ç ə p i ş b ə y. Çəkildim.
    H a c ı K a z ı m a ğ a. Zalım balası, yayın istisində bir belə də araq dümləmək olar?.. Bacım, yəni heç kimi yavuq buraxmır?
    S ə k i n ə x a n ı m. Heç kimi...
    H a c ı K a z ı m a ğ a. Yəni bu həkim Mahmud bəyi də? Alə, bu ki, Allahın ən sakit bəndəsidi!..
    S ə k i n ə x a n ı m (ağlayır). Heç kimi, Hacı, bizi də...
    H a c ı K a z ı m a ğ a. Ba-a!..
    D o k t o r M a h m u d b ə y. Həyəcanlanmayın, xanım.
    H a c ı K a z ı m a ğ a (yavaşdan). Mahmud bəy, yəni Kəbleyinin işi xarabdı?
    D o k t o r M a h m u d b ə y. Görkəmi yaxşı deyil.
    H a c ı K a z ı m a ğ a (daha da yavaşdan). Yəni deyirsən lap o dünyalıqdı?
    D o k t o r M a h m u d b ə y. Sizin gözünüz gülür, elə bil, sevinirsiniz?
    H a c ı K a z ı m a ğ a (acıqlı). Bu nə sözdü, Mahmud bəy? Mənnən zarafat olmaz ha!.. Kəblə Muxtarla mən qırx ilin dostuyuq, tonnan duz-çörək kəsmişik, kampanion olmuşuq!.. (Bərkdən) Bacım, bəlkə Həsənquluya deyim, Kəbleyinin əl-qolunu tutsun, həkim ona baxsın?
    M ə l e y k ə x a n ı m. Yox, yox!..
    D o k t o r M a h m u d b ə y. Belə yaramaz, Hacı!
    Q o ç u H ə s ə n q u l u. Nöş yaramaz, alə? Alə, qədeşə yaramaz deyirsən?!
    H a c ı K a z ı m a ğ a. Kəs səsini!
    Q o ç u H ə s ə n q u l u. Baş üstə, qədeş!
    S ə k i n ə x a n ı m. Bircə qurbanı olduğum Aslan bəy gəlib çıxsaydı!..
    H a c ı K a z ı m a ğ a. Aslan bəy? Bəyəm Aslan bəy gəlir, bacım?
    S ə k i n ə x a n ı m. Bir həftə bundan əqdəm Fitilbörkdən qatara minib çıxıb. Bu gün-sabah burda olsun gərək.
    H a c ı K a z ı m a ğ a (yavaşdan). Paho!.. (Bərkdən) Nə tez təhsili sona yetdi?.. Mərhəba!.. Bacım, bəlkə mən Kəbleyiyə təsir edə bildim?
    Kiçik pauza.
    S ə k i n ə x a n ı m. Gedək, həkim?
    D o k t o r M a h m u d b ə y. Nə olar, gedək.
    S ə k i n ə x a n ı m (Hacı Kazımağaya). Buyurun içəri.
    Addım səsləri.
    H a c ı K a z ı m a ğ a. Kəbleyi, olmasın azar?
    Pauza.
    Kəbleyi, mənəm, Hacı Kazımağadı...
    M ə l e y k ə x a n ı m. Ata, Hacı Kazımağa gəlib.
    Pauza.
    H a c ı K a z ı m a ğ a. Kəbleyi, and olsun Allaha, eşidəndə ki, düşmüsən yorğan-döşəyə, kontorda yer titrədi ayağımın altında!..
    Q o ç u H ə s ə n q u l u (yavaşdan). Canuva can, qədeş!
    H a c ı K a z ı m a ğ a. Kəbleyi, ay Kəbleyi!..
    Pauza. Alə, səndə nə var ki, düşmüsən yorğan-döşəyə?.. Əyib döyül?.. Dayan, mən özüm səni bir balaca dikəldim, Mahmud bəy baxsın sənə. Bax, belə, bax...
    K ə r b ə l a y i M u x t a r (bərkdən tüpürür). Tfu!
    H a c ı K a z ı m a ğ a (özündən çıxmış halda). Alə, mənim üzümə tüpürürsən?
    M ə l e y k ə x a n ı m. Ata!..
    Q o ç u H ə s ə n q u l u. Alə, qədeşin üzünə tüpürürsən?!
    H a c ı K a z ı m a ğ a. Mənim a-a!..
    Q o ç u H ə s ə n q u l u. Sən öləsən, qan tökəcəyəm!..
    H a c ı K a z ı m a ğ a. Alə, dünənəcən baqqal idün, uçastokun fantan vurdu, qudurdun? Üzümə tüpürürsən, hə?!
    D o k t o r M a h m u d b ə y. Sakit olun, ağalar!
    H a c ı K a z ı m a ğ a. Qurban olasan burdakı arvad-uşağa!.. Yoxsa...
    S ə k i n ə x a n ı m. Hacı...
    H a c ı K a z ı m a ğ a. Yaxşı, bacım, onda mən keçdim o biri otağa. Alə, Həsənqulu!
    Q o ç u H ə s ə n q u l u. Bəli, qədeş!
    H a c ı K a z ı m a ğ a. Gəl dalımca. vQ o ç u H ə s ə n q u l u. Baş üstə, qədeş!
    Addım səsləri. Çəpiş bəy gülür.
    D o k t o r M a h m u d b ə y. Nəyə gülürsünüz, Çərkəz bəy?
    Ç ə p i ş b ə y. Əvvəla, Çərkəz bəy yox, Çəpiş bəy, doktor. Çərkəz bəy atası ölənə qədər idi. Ikincisi də, dünyanın işlərinə gülürəm, doktor Mahmud bəy. Dünyanın işlərinə də iki cür gülmək mümkündür. Birincisi mənim kimi gülmək, ikincisi də «Molla Nəsrəddin»in naşiri və sizin əziz dostunuz Mirzə Cəlil kimi gülmək.
    D o k t o r M a h m u d b ə y. Hər halda yaxşı deyil. Ağır xəstə var.
    Ç ə p i ş b ə y. Mənə yox də, doktor... Ağır xəstə o deyil, ağır xəstə bu dövrandır...
    S ə k i n ə x a n ı m. Çərkəz bəy, biz nə hayda, siz nə hayda...
    Ç ə p i ş b ə y. Bağışlayın, xanım. Üzr istəyirəm iki min dəfə.
    M ə l e y k ə x a n ı m. Ata, izn ver, heç olmasa, başının altını düzəldim. Boynun yastıqdan düşüb...
    K ə r b ə l a y i M u x t a r. Yox!..
    D o k t o r M a h m u d b ə y. Zənənləri incitmək yaramaz, Kərbəlayi Muxtar...
    K ə r b ə l a y i M u x t a r. Yox!..
    S ə k i n ə x a n ı m. Ay kişi, belə münasibət olmaz axı... Niyə qoymursan sənə yaxın duraq? Nə olub axı?..
    K ə r b ə l a y i M u x t a r. Yox!.. Yox!.. (Qışqırır.) Va-ay!..
    H a c ı K a z ı m a ğ a (o biri otaqda). Gör nə böyürür! Öküz oğlu öküz! Elə bil üç yaşında dananın xayası qalıb qapı arasında!
    Q o ç u Hə s ə n q u l u. Qan tökəcəyəm, qədeş!
    H a c ı K a z ı m a ğ a. Kəs səsini, səfeh oğlu səfeh!
    Q o ç u H ə s ə n q u l u. Qədeş...
    H a c ı K a z ı m a ğ a. Kəs!
    Q o ç u H ə s ə n q u l u. Baş üstə, qədeş...
    S ə k i n ə x a n ı m. Ay Allah, bu nə pis gündü belə biz düşmüşük!.. Bu nə dərddi belə!..
    M ə l e y k ə x a n ı m. Ay ata!..
    D o k t o r M a h m u d b ə y. Sakit olun, xanımlar, sakit olun. Gəlin bu biri otağa, gəlin.
    Addım səsləri.
    H a c ı K a z ı m a ğ a. Noldu, Mahmud bəy, bu nə qışqırıqdı belə?
    D o k t o r M a h m u d b ə y. Kərbəlayi Muxtar heç kimi özünə yaxın buraxmır.
    H a c ı K a z ı m a ğ a. Bay səni!
    Addım səsləri.
    S ə k i n ə x a n ı m. Kimdi gələn?
    M ə l e y k ə x a n ı m. Karapetovdur, ana.
    H a c ı K a z ı m a ğ a. Nə, Karapetov? Ay səni, tülkü oğlu tülkü!.. Alə, Həsənqulu!
    Q o ç u H ə s ə n q u l u. Bəli, qədeş!
    H a c ı K a z ı m a ğ a. Gəl dur yanımda.
    Q o ç u H ə s ə n q u l u. Baş üstə, qədeş!
    Addım səsləri yaxınlaşaraq kəsilir.
    K a r a p e t o v. Axşamınız xeyir, xanımlar! Salaməleyküm, ağalar!
    H a c ı K a z ı m a ğ a (heç kimə macal vermir). Alə, Karapetov, səndən nə əcəb? Balam, bu Kəbleyinin daldasında yüz cür fırıldaq, fitnə-fəsad düzəldən sən deyildün? Indi nə olub, ürəyün yanır?
    K a r a p e t o v. Xacı, yaxşı deyil, ayıpdı, biz din ayrı qardaşıq Kəbla Muxtarla!
    H a c ı K a z ı m a ğ a. Ay sən öləsən, Vartan! Burnuva başsız mədən iyi, paroxod iyi gəlib, indi qardaş olmusan?! Kəbleyinin milyonları çəkib gətirib səni? Belə sənin kəlləpaça başun haqqı!.. Karapetov. Xacı...
    H a c ı K a z ı m a ğ a (aman vermir). Alə, Vartan, adamı yoxdu bəyəm Kəbleyinin? Ürəyindən keçir ki, uçastokundan-zadından qoparasan? Istəyirsən yenə camaatı tovlayıb milyonları cibiştanuva yığasan? Ay sən öləsən!
    K a r a p e t o v. Ara, mən sən deyiləm ki, bu yazıq Çəpiş bəyin atasının var-yoxuna saxib oldun, özün də elədin kloun... Indi də gəlib buranı kəsdirmisən ki, müftə para keçsin əlinə.
    H a c ı K a z ı m a ğ a. Alə, ay hanbal Vartapetin oğlu, sən mənim üzümə qabarırsan?! Itil burdan! Tez!
    K a r a p e t o v. Xacı, mən sənin evinə gəlməmişəm. Xanım, əriniz Kabla Muxtarın – Allax onun ömrün uzun eləsin – advokatlarıyla bir-iki danışığım var sabax. Amma əvvəl sizlə bir-iki sözüm var.
    H a c ı K a z ı m a ğ a. Nə? Mən ölmüşəm bəyəm, Vartan?! Alə, Həsənqulu, bunun mitilini at bayıra!
    K a r a p e t o v. Xacı, ayıpdı...
    D o k t o r M a h m u d b ə y. Axı, belə yaramaz, Hacı Kazımağa!
    H a c ı K a z ı m a ğ a. Alə, Həsənqulu, eşitmirsən?! Bas bunu bayıra!
    Q o ç u H ə s ə n q u l u. Alə, dığa, bas bayıra! Tez elə, tez!..
    K a r a p e t o v. Xanım, bura kimin evidi? Mən kimin evinə gəlmişəm?
    S ə k i n ə x a n ı m. Ay kişilər...
    H a c ı K a z ı m a ğ a (aman vermir). Həsənqulu!
    Q o ç u H ə s ə n q u l u. Alə, dığa, tez elə, çaxaram başuva patronları! Bas bayıra!
    K a r a p e t o v. Yaxşı! Yaxşı, Xacı! Bizimki qalsın soraya! Bunun altın çox çəkərsən! Yaxşı, qoçu Xasanqulu! Sabah Ohanı göndərrəm, doğrar səni, onda bilərsən qoçu Ohan kimdi!.. Yaxşı, getdim mən...
    H a c ı K a z ı m a ğ a. Bir dənə qara daş da dalunca!
    Addım səsləri uzaqlaşır.
    S ə k i n ə x a n ı m. Ay kişilər, burada dağ boyda kişi əldən gedir, siz nə haydasız?
    H a c ı K a z ı m a ğ a. Kafirdir, bacım, müsəlmançılıqda yaraşmaz bizə ki, bu günümüzdə kafir üzü görək, kafir sözü eşidək...
    Kiçik pauza.
    Nolub sənə, udmusan saruvu?
    Q o ç u H ə s ə n q u l u. Qədeş...
    H a c ı K a z ı m a ğ a. Nə qədeş?
    Q o ç u H ə s ə n q u l u. Qoçu Ohan...
    H a c ı K a z ı m a ğ a. Alə, mən ölmüşəm ki, sən Ohandan qorxursan? Ala, tut bu əlli manatı, tut!
    Pulun xışıltısı eşidilir.
    Qoçu Gülbalaya da de gəlsin sabah, adamlarını da gətirsin.
    Q o ç u H ə s ə n q u l u (sevincək). Baş üstə, qədeş! Allah vurmuşdu Ohanı! Qoçu Ohan... Mən ölüm, bir qoçuya bax! Alə, o, mənim qabağımda qoçuluq eliyə bilər?! Qarnın tüstülədəcəyəm sabah onun, qoy bir keçsin əlimə!
    S ə k i n ə x a n ı m. Mahmud bəy, bir çarə qılın bizə! Nə edək Mahmud bəy?..
    D o k t o r M a h m u d b ə y. Xanım, gərək xəstəyə baxasan ki, biləsən nə lazımdır...
    M ə l e y k ə x a n ı m. Bəs, necə olsun, doktor?
    D o k t o r M a h m u d b ə y. Atanıza nevrepatoloq köməyi gərəkdir, xanım. Doktor Ditrixsonu dəvət edin, bəlkə kömək edə bildi. Bəlkə atanızı razı sala bildi ki, müayinə edək.
    H a c ı K a z ı m a ğ a. Sən Allah, Mahmud bəy, bu kafirləri soxma ortaya!..
    S ə k i n ə x a n ı m ( sıxıla-sıxıla). Bəlkə... bəlkə qubernatorun arvadı Kəbleyiyə təsir etdi? Kəbleyi onun sözünü yerə salmaz... Xətrini çox istəyir...
    H a c ı K a z ı m a ğ a. Hə, bax, bu başqa məsələ!.. (Yavaşdan) Kəbleyi onun xətrini lap canıdildən istəyir... Ağzı nədi istəməsin?..
    Q o ç u H ə s ə n q u l u. Canuva can, qədeş!
    S ə k i n ə x a n ı m. Necə bilirsiz, həkim?
    D o k t o r M a h m u d b ə y. Məncə, ancaq doktor Ditrixsonu dəvət etsəniz xeyirli olar.
    H a c ı K a z ı m a ğ a. Yox, yox!.. Dedik ki, bu kafirləri ortaya soxma də, Mahmud bəy... Qubernatorun arvadı yaxşıdır, bacım.
    Ç ə p i ş b ə y. Hacı, qubernatorun arvadı bəyəm kafir deyil?
    H a c ı K a z ı m a ğ a (acıqlı). Alə, çəpiş oğlu çəpiş, sənə deməmişəm hədyan-hədyan danışma?! Həsənqulu!
    Q o ç u H ə s ə n q u l u. Bəli, qədeş!
    H a c ı K a z ı m a ğ a. Tez elə, at bunun mitilini bayıra!..
    S ə k i n ə x a n ı m. Hacı...
    Q o ç u H ə s ə n q u l u. Alə, tez elə, çəpiş, çək qəmişini bayıra!
    Ç ə p i ş b ə y. Hacı, mən elə demək istəmirdim...
    H a c ı K a z ı m a ğ a. Yaxşı, yaxşı... Puf!.. Yaxın durma mənə. Yeri get. Ehsan verəndə gələrsən.
    S ə k i n ə x a n ı m. Bu nə sözdür, Hacı?
    Q o ç u H ə s ə n q u l u. Tez elə, alə! Tökərəm yerə bağırsaqlaruvu.
    Ç ə p i ş b ə y. Tökərsən, inanıram. Mən inanıram, atam, inanıram. Mənim qoçu Ohanım yoxdu axı...
    Q o ç u H ə s ə n q u l u. Alə, mən qoçu Həsənquluya üçlük atırsan?!
    Ç ə p i ş b ə y (tələsik). Getdim, getdim... Onsuz da, gərək özümü bir balaca düzəldim... Adam gərək samovarın üstündəki çaynik kimi olsun, yəni dəmdə olsun.
    Addım səsləri uzaqlaşır.
    S ə k i n ə x a n ı m. Yaxşı deyil axı, Hacı, heç yaxşı deyil... Bu nə sözlərdir? Ehsan-zad nədir?
    H a c ı K a z ı m a ğ a. Piyaniskədir, bacım. Müsəlmançılıqda yaraşmaz bizə belə ağır günümüzdə piyaniskəylə oturub-duraq.
    M ə l e y k ə x a n ı m. Onu siz gətirmişdiniz bura.
    H a c ı K a z ı m a ğ a. Tula kimi düşür adamın dalına də, bacım.
    M ə l e y k ə x a n ı m. Mən sizin bacınız deyiləm.
    H a c ı K a z ı m a ğ a. Ba-a!.. Adam Hacı Kazımağa əmisinə söz qaytarmaz. Müsəlmançılıqda yaraşmaz bizə, bacım.
    M ə l e y k ə x a n ı m. Dedim ki, mən sizin bacınız deyiləm!..
    H a c ı K a z ı m a ğ a (mülayim). Mən düz demirəm, doxtur?.. Bu Çəpiş bəy sülənir adamın dalıyca ki, kim bunun boğazına bir az araq tökəcək. Bu da bizim intiligentimiz! Firəngistanda universitet qurtarıb gəlib. (Yavaş-yavaş qızışır.) Boyuvu yerə soxum elə sənin! Ala e-e!..
    D o k t o r M a h m u d b ə y. Burada xanımlar var, Hacı! Belə tərzdə danışmaq yaramaz!
    H a c ı K a z ı m a ğ a (hövsələsiz). Sən də yaman qozqırdırsan a, Mahmud bəy!..
    D o k t o r M a h m u d b ə y (acıqlı). Hacı!
    S ə k i n ə x a n ı m. Xahiş edirəm sizdən, ağalar, bizə kömək edin, dərdimizə bir çarə qılın...
    H a c ı K a z ı m a ğ a. Yaxşısı budu, bacım, qubernatorun arvadın gətirək, bir əncam çəksin bu işə. (Yavaşdan) Ay əncam çəkdi ha!.. Nina Mixaylovna deyil, kölgəsidi...
    Q o ç u H ə s ə n q u l u. Canuva can, qədeş!
    S ə k i n ə x a n ı m. Bəs, kim getsin gətirsin qubernatorun arvadını?
    H a c ı K a z ı m a ğ a. Həsənqulu!
    Q o ç u H ə s ə n q u l u. Bəli, qədeş!
    H a c ı K a z ı m a ğ a. Get qubernatorun arvadını gətir bura...
    Q o ç u H ə s ə n q u l u. Gələr bəyəm, qədeş?
    M ə l e y k ə x a n ı m. Alın mənim bu üzüyümü, verin ona.
    H a c ı K a z ı m a ğ a. Hə, indi lap avtomobilə minib gələr... (Yavaşdan) Bu köpək qızı qubernatorşa kasıb saldı Kəblə Muxtargili... Elə hamını, bircə məndən başqa... Mənim özümdən, öz cibimdən hələ bir köpük qoparda bilməyib...
    Q o ç u H ə s ə n q u l u. Canuva can, qədeş!
    H a c ı K a z ı m a ğ a (bərkdən). Get, Həsənqulu, tez elə!
    Q o ç u H ə s ə n q u l u. Baş üstə, qədeş!
    Uzaqlaşan addım səsləri.
    D o k t o r M a h m u d b ə y. Xanımlar, doktor Ditrixson yaxşı mütəxəssislərdən biridir. Əsəb xəstəliklərində onun böyük səriştəsi var. Nə üçün onu dəvət etmirsiniz?
    H a c ı K a z ı m a ğ a (tələsik). Ay doxtur, burax dedim bu kafirləri!.. Ditrixsondur-zatdur, bunlar hamısı Karapetovun agentləridir. Kişinin başına, əstəğfürullah, iş-zad açarlar!.. Bədbəxt olarıq...
    D o k t o r M a h m u d b ə y. Hacı Kərbəlayi Muxtarın həyatı bu qədər qiymətlidir sizinçün?..
    Nə isə əksinə oxşayır...
    H a c ı K a z ı m a ğ a (özündən çıxır). Bura bax, doxtur, mən sənin kimi lütkom bəyləri çox görmüşəm a-a! Oğlanlaruvun biri burda ortada gəzən vankələrə qoşulub təxribit salır mədənlərdə, o birisi də Fitilbörkdə oxumaq əvəzinə dustaq yatır orda, imperator həzrətlərinin əleyhdarıdır, indi sən burada mənə badalaq gəlirsən? And olsun Allaha, baxmaram doxturluğuva, baxmaram Berlində həkimlik oxumağuva, bu saat bir mərəkə salaram burda ki, aləm tamaşasına yığılar!..
    D o k t o r M a h m u d b ə y (həmişəki sakitliyi ilə). Mən bir stəkan su deyiləm ki, sizinçün, çəkəsiniz başınıza!
    H a c ı K a z ı m a ğ a (get-gedə daha da qızışır). Alə, mən kafeşantanda firəng şampanı içmirəm ki, bığım bulaşar, sən indi sudan dəm vurursan?..
    S ə k i n ə x a n ı m. Bəsdirin, Hacı!
    M ə l e y k ə x a n ı m. Siz... Siz özünüzü bizim evdə çox... çox pis aparırsınız, Hacı!..
    H a c ı K a z ı m a ğ a (yumşaq). Bu nə sözdür, bacım? Mən bu evin ağsaqqalıyam. Bu ağır günümüzdə mən bu evin böyüyüyəm. Kəbleyiylə tonnan duz-çörək kəsmişik!..
    M ə l e y k ə x a n ı m. Bu evin Aslan bəyi var.
    H a c ı K a z ı m a ğ a. Nolar, bacım, nə qədər ki, o yoxdur burda, mən də sənin əmin.
    Kiçik pauza.
    Eşitdiyimə görə, Kəbleyi heç bir vəsiyyət-zad yazmayıb. Izn versəniz, yəni məni vəkil etsəniz, bu işlə cani-dildən məşğul olaram. Bu saat aləm qarışıb bir-birinə. Sizin var-dövlətinizə göz dikən çoxdur... Camaat indi canavardır, bacım, kimin ki, ayağı bir balaca büdrədi, kəsirlər başının üstünü.
    Gördünüz Karapetovu necə gəlmişdi quzğun kimi?..
    S ə k i n ə x a n ı m. Bu işlə, ancaq Aslan bəy özü məşğul ola bilər.
    H a c ı K a z ı m a ğ a (yavaşdan). Bu qurumsaq balasının Fitilbörkdən qayıtması heç yerinə düşmədi a, heç!.. (Bərkdən) Mən Aslan bəy gələnə qədər işləri sahmana salaram, bacım. Kəbleyinin kontoru başsız qalıb.
    M ə l e y k ə x a n ı m. Atam sağ ola-ola bu nə sözlərdir, Hacı?
    H a c ı K a z ı m a ğ a. Ehtiyat igidin yaraşığıdır, bacım! Addım səsləri.
    S ə k i n ə xa n ı m. Gələnlər kimdir, Məleykə?
    M ə l e y k ə x a n ı m. Qubernatorun arvadı ilə qoçu gəlir, ana.
    Addım səsləri yaxınlaşaraq kəsilir.
    N i n a M i x a y l o v n a. Dobrıy veçer, qospoda! Bu nədir? Deyir Muxtar xəstədir? Ay-ayay!.. Ya eqo oçen lyublyu!..
    H a c ı K a z ı m a ğ a (yavaşdan). Yenə lublu...
    N i n a M i x a y l o v n a. Qadji, sizin adyutant bunu mənə deyən kimi, avtomobilə minib gəldim!..
    H a c ı K a z ı m a ğ a (yavaşdan). O boyda üzüyü barmağuva taxanda lap balonla da uçub gələrsən...
    Q o ç u H ə s ə n q u l u. Canuva can, qədeş!
    N i n a M i x a y l o v n a. Ay-ay-ay!.. Nə olub Muxtara?
    H a c ı K a z ı m a ğ a. Halı yaman fənadır, vaşe prevasxodstva, heç kimi özünə yavuq buraxmır. Doxtur səhərdən qalıb məəttəl. Kəbleyinin kravatına yavuq düşmək mümkün deyil, qışqırır.
    N i n a M i x a y l o v n a. Bilirəm, bilirəm. Sizin adyutant mənə dedi. Eybi yox, bu saat düzələr işlər. Ardımca, qospoda! Hardadır Muxtar?
    S ə k i n ə x a n ı m. Bu otağa buyurun, xanım.
    N i n a M i x a y l o v n a. Za mnoy, qospoda!
    Addım səsləri.
    Bu nədir, Muxtar? Bu istidə yorğan nədir? Net-net, tak nelzya! Mən özüm bunu bu saat götürəcəyəm. Mən özüm. Doktor, gəlin. Muxtar, bir mənə bax, mənə bax!
    K ə r b ə l a y i M u x t a r (bərkdən tüpürür). Tfu!..
    N i n a M i x a y l o v n a. Oy!
    M ə l e y k ə x a n ı m. Ata!
    N i n a M i x a y l o v n a (bərkdən qışqıra-qışqıra). Kakaya nevospitannost! Kakoy pozor!
    H a c ı K a z ı m a ğ a. Gəlin, gəlin bu biri otağa.
    Addım səsləri.
    N i n a M i x a y l o v n a. Neslıxannaya dikost! Qadji, siz gördünüz.
    H a c ı K a z ı m a ğ a (yavaşdan). O, elə əvvəldən belə idi, vaşe prevasxodstva. Baqqal Muxtar deyərdilər... Özü də it xəsisi idi!
    N i n a M i x a y l o v n a. Düzdür! Çox xəsis adamdır. Takoy skupoy, prosto ujas!
    H a c ı K a z ı m a ğ a. Elədir ki, var, vaşe prevasxodstvo...
    N i n a M i x a y l o v n a (yumşalmış). Bəs, siz niyə görünmürsünüz, Qadji? Indicə Aleksandr Aleksandroviç işdən qayıtmışdı. Oturub bir yerdə çay içirdik. Mən hazırlaşırdım ki, Aleksandr Aleksandroviçdən soruşum ki, sizin başınıza nə iş gəlib ki, görünmürsünüz?
    H a c ı K a z ı m a ğ a (tələsir). Yox, yox, vaşe prevasxodstva, kişini narahat etməyin! Narahat etməyin kişini... Sabah gələcəyəm sizə!..
    Q o ç u H ə s ə n q u l u (lap yavaşdan). Sən öləsən, Hacı düşdü xərcə! Əcəb oldu! Xəsis oğlu xəsis!..
    H a c ı K a z ı m a ğ a. Ba, vaşe prevasxodstva, nə gözəl sırğanız var belə?! Əladır! Ancaq düzdür...
    N i n a M i x a y l o v n a. Düzdür nə, Qadji?
    H a c ı K a z ı m a ğ a. Vaşe prevasxodstva, dünən yox, srağagün Məşədi Cabbar bir sırğa götürdü zərgər Ələşrəfin dükanından, brilyantı üç dəfə bundan böyük!
    N i n a M i x a y l o v n a. Ne mojet bıt!
    H a c ı K a z ı m a ğ a. And olsun Allaha, vaşe prevasxodstva!
    N i n a M i x a y l o v n a. Interesno, oçen interesno!..
    H a c ı K a z ı m a ğ a. Vaşe prevasxodstva, Məşədi Cabbara sizin interesi çatdıraram mütləq!
    Elə sabah onu da götürüb gələrəm sizə.
    Q o ç u H ə s ə n q u l u (lap yavaşdan). Gör nə çıxdı altından?..
    N i n a M i x a y l o v n a. Gözləyəcəyəm!
    H a c ı K a z ı m a ğ a. Baş üstə, xanım, arxayın olun! (Yavaşdan) Ölmüşdü Hacı ki, öz cibiylə gəlsin səni görməyə. Məşədi Cabbarın sırğası getdi işinin dalınca!..
    Q o ç u H ə s ə n q u l u. Canuva can, qədeş!
    H a c ı K a z ı m a ğ a. Nə?
    Q o ç u H ə s ə n q u l u. Deyirəm canuva can, qədeş! Bir dənəsən! Allah sənin kölgəvi başımızın üstündən əskik eləməsin!
    H a c ı K a z ı m a ğ a. Elə sən də bir dənəsən! Ağciyər oğlu ağciyər. O əlli manatın iyirmi beşini qaytar özümə. Iyirmi beş manat bəs eylər qoçu Gülbalaya!
    Q o ç u H ə s ə n q u l u. Qədeş...
    H a c ı K a z ı m a ğ a (acıqlı). Tez elə, alə!
    Q o ç u H ə s ə n q u l u (tələsik). Baş üstə, qədeş! Alaginə.
    Addım səsləri.
    H a c ı K a z ı m a ğ a. Bu kimdi belə?
    Addım səsləri yaxınlaşır.
    Ç ə p i ş b ə y (sevinclə qışqıra-qışqıra). Xanımlar, muştuluğumu verin, xanımlar! Yaxşıca bir xələtim sizdə, xanımlar!
    S ə k i n ə x a n ı m (səbrsiz). Nə olub? Nə xəbərdir, Çərkəz bəy?
    Ç ə p i ş b ə y. Aslan bəy gəlib, xanım! Aslan bəy! Muştuluğum sizdə!
    S ə k i n ə x a n ı m. Aslan bəy?! Dar gündə köməyim, oğul!..
    M ə l e y k ə x a n ı m. Necə xələt desəniz, məndə, Çərkəz bəy!
    Ç ə p i ş b ə y. Səndə də muştuluğum var, Hacı!
    H a c ı K a z ı m a ğ a. Püf!.. Adə, məndən uzaq dur!.. (Yavaşdan) Xoş xəbər gətirmisən mənə? (Yamsılayır.) Muştuluq... Ay sən öləsən! Addım səsləri.
    S ə k i n ə x a n ı m. Aslan bəy! Ömrüm, günüm mənim!.. (Ağlayır.)
    M ə l e y k ə x a n ı m. Aslan!.. A s l a n b ə y. Ana!.. Məleykə!..
    Kiçik pauza.
    Salam, ağalar!
    N i n a M i x a y l o v n a (yavaşdan). Mujçina – krasaves, v otliçii ot otsa – nepovorotlivoqo bıka!
    H a c ı K a z ı m a ğ a (yavaşdan). Gör nə marıtlayıb gədənin üzünə? Lubludu e, lublu!..
    Q o ç u H ə s ə n q u l u. Canuva can, qədeş!
    A s l a n b ə y. Bu nə xəbərdir belə? Aşağıda bütün nökərlər, qulluqçular deyir ki, atam bərk xəstələnib?
    S ə k i n ə x a n ı m (ağlayır). Elədir, oğul, elədir.
    A s l a n b ə y. Nə olub ona, doktor Mahmud bəy? Qorxulu bir şey varmı?
    D o k t o r M a h m u d b ə y. Atanız gözümə yaxşı dəymir. Qızdırması, görünür, həddən artıqdır. Sifətinin, gözlərinin rəngi xoşuma gəlmir. Ola bilsin ki, möhkəm sətəlcəmdir.
    A s l a n b ə y. Nə üçün «ola bilsin ki»? Niyə konsilium çağrılmayıb? Nə üçün diaqnoz dəqiqləşdirilməyib?
    D o k t o r M a h m u d b ə y. Atanızın əsəbləri tamam sarsılıb.
    A s l a n b ə y. Nə üçün?
    D o k t o r M a h m u d b ə y. Səbəbini bilmirəm. Heç kimi yaxına buraxmır. Müayinə etməyə qoymur.
    A s l a n b ə y. Bu necə işdi, ana?
    S ə k i n ə x a n ı m. Dünəndən halı xarab idi, qızdırması qalxmışdı, amma köynəyini dəyişdirdik, ovxaladıq, bir dəfə banka salmışdım. Səhər bizdən gizli ayağa qalxıb dal qapıdan düşüb zirzəmiyə, yuxarı qalxandan sonra bizi yaxına buraxmır.
    A s l a n b ə y. Axı, nə üçün?
    S ə k i n ə x a n ı m (ağlayır). Bilmirəm..
    H a c ı K a z ı m a ğ a. Qubernatorun arvadı da kömək edə bilmədi.
    A s l a n b ə y. Qubernatorun arvadı? Hanı qubernatorun arvadı. A-a!.. Izvinite, madam! Ya vas ne uznal. Rad vas privetstvovat v svoem dome! Vaş pokornıy sluqa, Aslan bek.
    N i n a M i x a y l o v n a. Oçen priyatno.
    H a c ı K a z ı m a ğ a (yavaşdan). Ba-a! Gör nə bülbül kimi ötür? Bu atasından çox irəli gedib... Yox, hiss eləyirəm ki, bunu dişləmək çətin işdi!.. Köpək oğlu, deyəsən, başımıza bəla olacaq!.. Həsənqulu!
    Q o ç u H ə s ə n q u l u. Bəli, qədeş!
    H a c ı K a z ı m a ğ a. Alə, qaytar mənə o iyirmi beş manatı! Qoçu Gülbala-zad lazım deyil!
    Q o ç u H ə s ə n q u l u (özünü itirir). Qədeş...
    H a c ı K a z ı m a ğ a. Kül sənin başuva ki, bir dənə Ohanla da bacarmırsan! Tez elə, millətin adını batıran qurumsaq! Ac qoyaram səni!..
    Q o ç u Hə s ə n q u l u (təşvişlə). Ala, qədeş...
    A s l a n b ə y. Sakit ol, ana. Məleykə, sakit ol. Mən bu saat özüm atamın yanına gedərəm.
    Addım səsləri.
    S ə k i n ə x a n ı m. Allah eləsin hər şey yaxşı olsun, oğul. Doyunca boy-buxununa baxıb sevinə bilmirəm, ay bala... Ay Allah, bizə bir əlac!.. (Ağlayır.)
    D o k t o r M a h m u d b ə y. Sakit olun, xanım.
    Ç ə p i ş b ə y. Mənə də bir əlac, doktor.
    D o k t o r M a h m u d b ə y. Sizə verdiyim pulların hamısını içirsiniz, Çərkəz bəy. Söz qoymuşam ki, daha sizə heç vaxt pul verməyim.
    Ç ə p i ş b ə y. Əvvəla, bayaq ərz etdim ki, Çərkəz bəy yox, Çəpiş bəy. Camaat necə, siz də elə. Ikincisi isə, yalan sözdür, doktor, inanmayın. Sizin verdiyiniz pullara gedib qəzet-jurnal alıram, «Molla Nəsrəddin» alıb oxuyuram.
    D o k t o r M a h m u d b ə y. Neyləyirsiniz «Molla Nəsrəddin» məcmuəsini? Siz elə özünüz «Molla Nəsrəddin»in qəhrəmanlarından deyilsinizmi məgər?
    Kərbəlayi Muxtarın qışqırtısı o biri otaqdan eşidilir.
    K ə r b ə l a y i M u x t a r. Yo-ox!..
    M ə l e y k ə x a n ı m. Atamdır!..
    N i n a M i x a y l o v n a. Opyat oryot!
    Sürətli addım səsləri.
    A s l a n b ə y. Atamın əsəbləri tamam pozulub. Məni tanıdı, amma yaxın qoymadı. Hətta, elə bil, nədənsə, daha da qorxdu.
    S ə k i n ə x a n ı m. Ay Allah, bu nə işdi biz düşmüşük?! Bu nə bəladı?!
    D o k t o r M a h m u d b ə y. Təcili surətdə doktor Ditrixsonu çağırmaq lazımdır.
    H a c ı K a z ı m a ğ a. Aslan bəy, izin ver, Həsənquluya tapşırım kömək etsin, Mahmud bəy də Kəbleyini müayinədən keçirsin. Aslan bəy. Ay Hacı!.. Ay Hacı!.. Siz öz köntöy qoçunuzu buyurmaqdan başqa heç nə bilmirsiniz!..
    Q o ç u H ə s ə n q u l u. Qədeş, mənə köntöy dedi...
    A s l a n b ə y. Həzərat! Sizin xəbəriniz varmı ki, dünən avqust ayının 1-də axşam Almaniya Rusiyaya müharibə elan edib? Bilirsinizmi ki, bu, Cahan müharibəsi deməkdir?! Bəli, bəli! General qraf Vladimirov mənimlə birlikdə qatarla Peterburqdan Bakıya gəlirdi. Yoldaca ona cənab hərbi nazir Suxomlinovdan tel gəldi.
    N i n a M i x a y l o v n a. Boje moy! Deyirəm axı, Aleksandr Aleksandroviç nə üçün hələ işdən qayıtmayıb...
    H a c ı K a z ı m a ğ a (yavaşdan). Bayaqdan qozqırdırdı ki, oturub çay içirdik...
    A s l a n b ə y. Buna necə baxırsınız, Hacı? Cahan müharibəsinə?
    H a c ı K a z ı m a ğ a. Aslan bəy, mənim kontorda başımı qaldırmağa macalım var ki, cahana baxım?
    A s l a n b ə y. Əlbəttə, əlbəttə, siz heç nə görmürsünüz! Qulağınızın dibində «Hümmət» təşkilatı fəaliyyət göstərir. Mühəndis Məşədi bəy Əzizbəyov fəhlələri tətilə çağırır. Doktor Nəriman Nərimanovun məqalələri, çıxışları camaatı ayağa qaldırır. Bütün bunların sədası Peterburqa gəlib çatır!
    H a c ı K a z ı m a ğ a. Pah atonnan!
    A s l a n b ə y. Bəli, Hacı, bəli! Siz isə, burnunuzdan uzağı görmürsünüz!
    Q o ç u H ə s ə n q u l u. Qədeş, bu nə danışır belə?
    H a c ı K a z ı m a ğ a. Kəs səsini!
    Q o ç u H ə s ə n q u l u. Baş üstə, qədeş!
    H a c ı K a z ı m a ğ a. Aslan bəy, Nəriman Nərimanov boynu kraxmallının biridir. Məşədi Əzizbəyovun bir nəfər bəyin yanında hörməti yoxdur. Onlar nəkarədir ki, bizim qabağımızda qoz sındıra?
    A s l a n b ə y. Səhv edirsiniz, Hacı! Böyük səhviniz var! Bu gün Ulyanov bütün Rusiyanı lərzəyə salıb. Peterburqa zəlzələ gətirib. Imperator Nikolayın özünün bu saat taxt-tacı təhlükə altındadır. Siz isə, əbləh qoçunuzun müşayiətilə özünüzü toxunmaz bilirsiniz!
    Q o ç u H ə s ə n q u l u. Qədeş, bu mənə əbləh deyir!..
    H a c ı K a z ı m a ğ a. Kəs səsini!
    Q o ç u H ə s ə n q u l u. Baş üstə, qədeş!
    A s l a n b ə y. Erməni daşnakları, gürcü menşevikləri öz millətlərinin qeyrətini çəkir, bəs, siz nə edirsiniz? Ac fəhlələr, avam kəndlilər ayağa qalxanda nə edəcəksiniz?! Yoxsa elə bilirsiniz ki, üstünüzə gələn selin qarşısını sizin bu əbləh qoçunuz kəsəcək?
    Q o ç u H ə s ə n q u l u. Alə, yenə əbləh?
    H a c ı K a z ı m a ğ a. Kəs səsini!
    Q o ç u H ə s ə n q u l u. Qeyrət boğur axı, məni, qədeş!..
    H a c ı K a z ı m a ğ a. Alə, demədim kəs?
    Q o ç u H ə s ə n q u l u. Baş üstə, qədeş!..
    H a c ı K a z ı m a ğ a. Aslan bəy, sözlərin ağlıma batır. Mədənlər bu saat çox şuluqdur. Bizim nadürüstlər vankələrə qoşulub təxribat salırlar hər yerdə. Ancaq, Aslan bəy, deyiblər ki, ağalıq verimlədir, igidlik vurumla! Kəndçi-kündçüdən, lüt-üryandan da qorxsaq, daha bu nə oldu?
    A s l a n b ə y. Ağalar! Mən sizə təkrar edirəm ki, Ulyanov bu gün bütün Rusiyanı, fəhlələri, kəndliləri ayağa qaldırır. Bu Cahan müharibəsi rus imperiyasına baha başa gələcək, təxribatçıların sırası artacaq. Bütün bunlar barədə dərindən düşünmək lazımdır. Qəti tədbirlər görmək lazımdır. Bir-birinizdən danos yazmaqdansa, təxribatçılara qarşı amansız olmalısınız!
    H a c ı K a z ı m a ğ a. Ulyanovu mən də eşitmitşəm, Aslan bəy. Axı, bu kim olan kəsdir belə?
    D o k t o r M a h m u d b ə y. Vaxt gələr, Hacı, bilərsiniz ki, Ulyanov kimdir.
    A s l a n b ə y. Sizin də oğlunuz Peterburqda bolşeviklərə qoşulub, doktor Mahmud bəy! Buna nə deyirsiniz?
    D o k t o r M a h m u d b ə y. Mən oğlanlarımdan arxayınam.
    A s l a n b ə y. Yoxsa özünüz də dönüb marksist olmusunuz?
    N i n a M i x a y l o v n a. Oçen mojet bıt! On poxoj na marksista.
    D o k t o r M a h m u d b ə y. Mən həkiməm.
    A s l a n b ə y. Nəriman Nərimanov da həkimdir!..
    S ə k i n ə x a n ı m. Aslan, oğul, bəs necə olsun, atan əldən gedir axı?..
    A s l a n b ə y. Bu saat bir də onun yanına gedəcəyəm.
    M ə l e y k ə x a n ı m. Siz də gedin, doktor.
    H a c ı K a z ı m a ğ a. Elə hamımız gedək.
    Ayaq səsləri.
    A s l a n b ə y. Ata, sən uşaq deyilsən ki, izin vermirsən həkim səni müayinə etsin?
    Pauza.
    Ata!
    K ə r b ə l a y i M u x t a r. Yox!..
    A s l a n b ə y. Axı, belə olmaz...
    K ə r b ə l a y i M u x t a r. Yox!..
    A s l a n b ə y. Belə yaramaz, ata! Yaxın durun, doktor!
    K ə r b ə l a y i M u x t a r (qışqırır). Yo-o-ox!..
    H a c ı K a z ı m a ğ a. Alə, Həsənqulu, tut bunun qollarını!
    Q o ç u H ə s ə n q u l u. Baş üstə, qədeş!
    K ə r b ə l a y i M u x t a r (bərkdən qışqırır). Va-a-ay!
    D o k t o r M a h m u d b ə y. Belə olmaz, ağalar!
    K ə r b ə l a y i M u x t a r. Va-a-ay!
    H a c ı K a z ı m a ğ a. Həsənqulu, bərk tut!
    A s l a n b ə y. Ata!
    K ə r b ə l a y i M u x t a r. Va-a-ay!
    Kərbəlayi Muxtarın səsi birdən-birə kəsilir.
    S ə k i n ə x a n ı m. Ay camaat, kişi keçindi-i-i!..
    M ə l e y k ə x a n ı m (qışqırır). Ata!..
    Ç ə p i ş b ə y. Kəblə Muxtar getdi o dünyaya...
    D o k t o r M a h m u d b ə y. Əl çəkin, ağalar, əl çəkin!
    A s l a n b ə y. Buraxın! Buraxın!
    M ə l e y k ə x a n ı m. Atam öldü!..
    N i n a M i x a y l o v n a. Skonçalsya ot razrıva serdsa!
    Kiçik pauza.
    H a c ı K a z ı m a ğ a. Bu nədir belə, Kəbleyinin sinəsinin üstündəki nədir belə?
    S ə k i n ə x a n ı m (bərkdən ağlayır). Bizi bədbəxt edib getdin, ay kişi!..
    H a c ı K a z ı m a ğ a. Bu kisə nədir belə, Kəbleyinin sinəsi üstə? Hə?
    A s l a n b ə y. Əl dəyməyin!
    H a c ı K a z ı m a ğ a. Alə, Həsənqulu bu nədir belə?
    A s l a n b ə y. Əl dəyməyin!
    Q o ç u H ə s ə n q u l u (bərkdən). Qızıl!
    N i n a M i x a y l o v n a. Zoloto!
    Yerə tökülən qızıl pulların səsi.
    A s l a n b ə y. Heç kim əl dəyməsin!
    H a c ı K a z ı m a ğ a. Alə, Həsənqulu, yığ!
    Q o ç u H ə s ə n q u l u. Mən özümə yığıram, qədeş, sən özünçün yığ!
    N i n a M i x a y l o v n a. Vot nastoyaşaya psixoloqiya kupsa!
    Ç ə p i ş b ə y. Deyirəm axı, kişi səhər-səhər zirzəmiyə niyə düşüb, sonra niyə heç kimi yanına buraxmırmış... Bağrına basıbmış zirzəmidə basdırdığı qızılı...
    D o k t o r M a h m u d b ə y. Bu nə rəzalətdir!.. Mənim ürəyimə dammışdı! Dammışdı ürəyimə!
    Ç ə p i ş b ə y. Görüb ki, işi fırıqdı, qorxub ölər, qızıl qalar başqasına... Indi apardın özünlə, ay Kəblə Muxtar?..
    A s l a n b ə y (tövşüyə-tövşüyə). Bunlar hamısı bizimdir! Əl dəyməyin! Məleykə, yığ! Ana, nökərləri çağır, bunları qovsun! Əl dəyməyin!..
    H a c ı K a z ı m a ğ a. Həsənqulu, yığ!
    Q o ç u H ə s ə n q u l u. Özünçün sən yığ, qədeş!
    N i n a M i x a y l o v n a. Mne toje!
    Ç ə p i ş b ə y. Mənə bircə dənə qızıl onluq kifayətdir!..
    N i n a M i x a y l o v n a. Kakoye boqatstvo!
    D o k t o r M a h m u d b ə y. Kakoy ujas, madam, kakoy ujas! Bu nə rəzil zəmanədir! Bu nə rəzil cəmiyyətdir! Uzaq burdan, Mahmud bəy! Uzaq! Uzaq! Uzaq!..
    Bir-birinə qarışmış səs-küy, sürətlə uzaqlaşan addım səsləri eşidilir.
Avqust, 1973.

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (16.01.2014) | Müəllif: R.C E W
Baxış: 1094 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more