Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Qisas
QISAS
(Absurd)


    Molla Ibrahimxəlil(başını qovzuyub). Əleyküməssalam! Ax, siz bu gün nə üçün buraya ayaq basdınız? Bu nə işdir ki, mənim başıma gətirdiniz! Belə müsibət olmaz ki, məni saldınız! Mən sizə yaxşılıq etmək fikrindəyəm, siz mənim əməyimi və cəfamı zay etmək fikrindəsiniz! Vay, vay, vay! Ax, ax, ax...
M. F. A x u n d o v. «Hekayəti- Molla Ibrahimxəlil kimyagər».
    O vaxt o yaraşıqlı Gəncin cəmi 22 yaşı var idi, Kişi isə, indi 57 yaşındadı və günortanın nəfəsini kəsən istisindən sonra, birdən-birə sərin meh əsməyə başladı və həmin yay gecəsi dənizin sahilindəki o işıq imarətin həyətində, o qoca tut ağacının altında beləcə üz-üzə dayandılar.
    G ə n c (nifrətlə). Sən alçağın birisən!
    K i ş i. Bəsdi!
    G ə n c. Əclaf!
    K i ş i. Bəsdi!
    G ə n c (özünü güclə saxlayır ki, ağlamasın və daha da bərkdən qışqıra-qışqıra). Murdar oğlu, murdar!
    Sükut çökdü və bir ara yalnız dənizin batqın uğultusu və o qoca tut yarpaqlarının, elə bil ki, dünyanın əbədiliyindən xəbər verən xışıltısı eşidildi.
    K i ş i (pərişan). Atanı söymə... Allah ona rəhmət eləsin... Onun nə təqsiri?..
    G ə n c (sarsılmış). O sağ olsaydı... O indi sağ olsaydı... (Daha heç cürə özünü saxlaya bilməyib ağlayır.) Səni... Səni... öz əlləriylə boğardı!..
    K i ş i. Axı niyə? Nəyə görə?
    Pauza.
    Sənin hələ dünyadan xəbərin yoxdu... Hələ bilmirsən ki, nə var, nə yox?! Ağzın isti yerdədi sənin!.. Neçə yaşın var? Bu saat deyim. Hə, 21 təzə tamam olub... Universiteti təzəcə bitirmisən... Xruşşov XX qurultayı keçirib... Düzdü, indi onun özünü «naş doroqoy Nikita Serqeyeviç» eləyiblər, amma Stalin haqqında kimin ürəyi nə istəyir, döşüyür! Gənc yazıçılar xəyalən təsəvvür elədikləri 37-dən faciəvi hekayələr, şerlər yazırlar. Yalançı azadlıq eyforiyası yaranıb, sən də atanın pullarıyla, hörməti-izzətiylə maşını belədən-belə sürüb, camaatın arvadına eşq-məhəbbət elan edə-edə kef çəkirsən! Sən elə əvvəldən beləydin! Indi mənim üstümə hücum çəkib xoruzlanmaq lazım deyil!
    G ə n c. Yox! Düz demirsən! Mənim arzularım var idi! Mən sənin vaxtında başqa... başqa cürə olmaq istəyirdim, bildin? Mənim lazımım deyildi bu cah-cəlal! Mənim lazımım deyildi bu yuxusuzluq, bu gecə məhkəmələri! Belə uşaqlar lazım deyildi mənə! Belə nəvələr istəmirdim! Lazım deyildi mənə belə arvad! Mənim arzularım tərtəmiz idi! Mən...
    K i ş i (onun sözünü yarımçıq kəsir). Bəsdi yalan danışdın! Bəsdi! Elə sənin arzularının axırıdı bu! Yadına gəlir, bax, burada (Əli ilə imarəti göstərir.) atayla oturmuşdun...
    G ə n c. Onda bu cah-cəlal yox idi!
    K i ş i. Hə, düz deyirsən, bu bina deyildi onda. Bunu mən tikdirdim...
    G ə n c (kinayə ilə). Tikdilər sənin üçün...
    K i ş i. Hə! Yaxşı elədilər! Yoxsa ki, indi heç bu da yox idi... Onda ikiotaqlı balaca evimiz vardı bunun yerində, yaydı, Bakıdan təzəcə köçüb gəlmişdik bura. Atayla oturmuşdun qabaq-qabağa. Ikiniziydiz. Universitetdə təzəcə diplom müdafiə etmişdin. Nə dedin onda ataya? Yadına gəlir?
     (Istehza ilə) O aylı-ulduzlu gözəl yay gecəsi vəcdə gəlib nə dedin ataya?
    Pauza.
     (Gəncin səsi ilə). «Bilirsən kim olacam mən on ildən sonra?»
     (Atasının səsiylə) «Kim?»
     (Gəncin səsi ilə) «On ildən sonra mən Mərkəzi Komitənin katibi olacam!»
    Pauza.
    Yadına gəlmir yoxsa?
    G ə n c. Onda mən romantik idim. Onda mən vəzifəyə bir romantika kimi baxırdım. Mən demirdim ki, bütün ömrümü sərf edəcəyəm saray intriqalarına, əməllərimi eləyəcəyəm şeytan əməli ki, vəzifələr tutum, vəzifələrdə qalım! (Get-gedə daha artıq bir ehtirasla) O yollara ki, sən keçdin, o illərdən ki, sən çıxdın, mənim heç ağlıma gəlməzdi! Mən bilsəydim ki, otuz beş ildən sonra gecə yarısı sən gəlib burada beləcə oturacaqsan, gedib... gedib özümü dənizə atardım!
    K i ş i (rişxəndlə). Yavaş ol ha!.. (Yamsılayır.) «Gedib özümü dənizə atardım!..» Gedib ataydın də, niyə atmadın?!
    G ə n c. Sən... Axı... sən belə qansız deyildin!..
    K i ş i (hirslə). Necə varıydımsa, eləcəyəm! Indi beləcə qabağımda durub müdrik kəlamlar söyləmək asandır! Kənardan dayanıb baxanda müdrik olmağa nə var ki?! (Gəncin səsi ilə)
    «On ildən sonra Mərkəzi Komitənin katibi olacam!..» Çox təmizlikdən-zaddan qırıldatma, bildin?! Sənin bütün için bunnan ibarət idi! Bütün içində bir yüksəklik həsrəti var idi, vəzifə ehtirası var idi! Həmişə fikirləşirəm ki, o cür cavan olasan, bütün içini də eləcə bir yüksəlmək hərisliyi gəmirtdəyə!..
    G ə n c. Bəsdi!
    K i ş i. Nə bəsdi?! Sən bütün varlığınla can atırdın ki, adamlar səndən aşağı cərgədə, səndən alçaqda bir-birinin ardıyca sıraya düzülsünlər! Uzunu da, gödəyi də, hamısı bir-birinin ardınca düzülsün, sən isə yüksəkdə, tək!.. Əlini gələcəyə doğru uzatmış rəhbər heykəlləri kimi! Bəyəm eləbeləydi Mərkəzi Komitənin katibi olmaq? Oldum! Düzdü, on ildən sonra olmadım, iyirmi ildən sonra oldum, amma oldum! Sən də özünü məsum qız yerinə qoyma!
    Q a d ı n (qışqıra-qışqıra). Ay köpək oğlu! Al! Al! (Əyilib yerdən ovuc-ovuc qum götürüb Kişinin üzünə çırpır.) Al!
    K i ş i (əlləri ilə üzünü qapayır). Vay! Gözümə doldu!
    U ş a q. Yaxşı oldu! Al! Ye bunu! Yeyəcəksən! (Əlindəki qanlı ət parçasını – çiy ciyərdi, ürəkdi, nədi? – zorla Kişinin ağzına dürtmək istəyir.) Yeyəcəksən! Adamyeyənsən sən!
    K i ş i (ətdən qana bulaşmış sifətini silmək istəyir). Vay! Vay!..
    G ə n c (dəhşətlə). Kimdi bunnar?
    K i ş i. Bilmirəm!..
    Q o c a. Gözlərini çıxardın, gözlərini! (Hücum çəkib, barmaqlarını Kişinin gözlərinin içinə soxmaq istəyir). Gözlərini!..
    K i ş i (qışqırır). Buraxın məni!.. Əhmədov! Əhmədov! Gəl yığışdır bunnarı! Gəl çək bunnarı, Əhmədov! Çəkilin!
    Q a d ı n (əlindəki baltanı Kişinin üstünə qaldırıb vurmaq üçün fürsət axtarır). Dayan! Bu saat! Bu saat vuracağam! Bu saat!
    U ş a q (əlindəki qanlı ət parçasını Kişinin ağzına dürtmək istəyir). Qoy əvvəlcə bunnarı yesin, sonra! Bunnarı!
    Q o c a. Gözlərini! Gözlərini!
    K i ş i (qışqırır). Buraxın! Çəkilin! Əhmədov! Əhmədov!
    Q a d ı n. Tanımadın məni, hə?
    U ş a q. Məni heç tanımırdı! Bilmirdi ki, heç, mən varam dünyada! (Əlindəki qanlı ət parçasını Kişinin ağzına basır.) Ye bunu! Ye!
    K i ş i (qışqırır). Çəkilin! Çəkilin!
    Pauza.
     (Yavaşdan). Indi mən ən çox bilirsən nəyi fikirləşirəm? Sən ki, o sözləri dedin e, Mərkəzi Komitənin katibi olmaq barədə, bax, onda ata necə baxdı sənə... Yadına gəlir?.. Nə dedi sənə, yadındadı? (Gəncin səsi ilə) «On ildən sonra Mərkəzi Komitənin katibi olacam!..» (Atasının səsiylə)
    «On ildən sonra? Helə gec niyə?» Yadına gəlir?
    Pauza.
    Özü də elə baxdı sənə... Səninlə fəxr eləyirdi... Bilirsən... katib atası olmaq istəyirdi! G ə n c. Atada işin yoxdu! Düz demirsən! Atanın bütün fikri-zikri elmdəydi! Yadından çıxıb? Kitabdan, yazı-pozudan başqa bir şey bilmirdi! Əlində lupa, səhərdən axşamacan əlyazmalarının arasındaydı! Yatanda da yuxusuna qədim əlyazmalarının ərəb əlifbası girirdi!
    K i ş i (yavaşdan). Amma içində... lap dərinlərdə bir şöhrət həvəsi varıydı onda da... (Sözünü kəsmək istəyən gəncə imkan vermir.) Yox, dayan!.. O cür şöhrət demirəm! Adi şöhrət yox... Adi şöhrət nə idi? Alim şöhrəti, hörmət-izzəti də ki, atanın, Allaha şükür, bütün Azərbaycanı bürümüşdü... Təkcə Azərbaycanı? Iki dəfə Stalin mükafatı almaq zarafat idi onda?.. Amma bilirsən, söhbət o cür şöhrətdən getmir... Necə deyim sənə?.. Söhbət əlində ixtiyar olan şöhrətdən gedir! Insanların taleyinin səndən asılı olduğu qadirlikdən! Belə bir qadirlik şöhrətindən! Səndən qorxsunlar ki, vəzifələrini itirərlər! Sənə yaltaqlansınlar ki, irəli çəkilsinlər, firavan dolansınlar, ev alsınlar, maşınları olsun, sürücüləri olsun!.. Belə bir şöhrət, belə bir qadirlik arzusu var idi onun da içində...
    G ə n c. Yalan danışma! Özündən hoqqa çıxarma! Səninçün daha müqəddəs heç nə qalmayıb! Heç nə! Atada şöhrətpərəstlik vardı, ay nankor?! Görmürdün necə sadə geyinirdi? Onun o cürə geyinməyi camaatın içində anekdota çevrilmişdi!
    K i ş i. Hə, hə! Düz deyirsən! Amma ata bilirsən necə istəyirdi? Bəlkə bunu heç özü də başa düşmürdü. Bəlkə bu dövrdən, zəmanədən gəlirdi, bilmirəm. Amma ata istəyirdi ki, bax eləcə geyinsin, amma heç kim ondan anekdot danışmağa cürət etməsin, qorxsun ondan!
    G ə n c. Kəs səsini! K i ş i (onun həyəcanına fikir vermədən). Bir dəfə, yadına gəlir, əllinci illərin lap əvvəlləriydi, hamımız onun üstünə düşdük ki, özünə təzə kostyum tikdir. Axırda «stalinski forma»da bir kostyum tikdirdi özünə. Birinci dəfə o «stalinski forma»nı əyninə geyəndə güzgüdə özünə necə baxdı, yadına gəlir? Hərdən yadıma düşür o baxışlar... Elə bil, ata deyildi, tamam başqa, tamam yad bir adam idi!.. Güzgüdən bütün dünyaya yuxarıdan aşağıya baxırdı!..
    G ə n c. Yalandır! Ata sürücüylə, qarovulçuyla, küçədə süpürgəçiylə necə danışırdı, hə? Helə şöhrətpərəstlik olardı?
    K i ş i (lap yavaşdan). Nə bilim?.. Indi belə fikirləşirəm... Bilmirəm niyə belə fikirləşirəm?.. Bəlkə düz fikirləşmirəm?.. Bəlkə kişinin ruhu qabağında günaha batıram?
    Q a d ı n (qışqırır). Pah! Günahdan qorxana bax! Al! Al! (Əlindəki şişi kişinin qarnına soxmaq istəyir.)
    Q o c a (xəstə bir ehtirasla). Gözlərinə sox, gözlərinə! Çıxart gözlərini! Çıxart!
    G ə n c (dəhşətlə). Kimdi bunnar? Kimdi bunnar?
    K i ş i (qışqıra-qışqıra). Tanımıram! Tanımıram! Buraxın məni! Buraxın! Əhmədov! Əhmədov! Əhmədov. Buna bax, indi işi dardadı, mən yadına düşmüşəm!
    U ş a q. Məni buraxın qabağa! Məni buraxın! Qoy bunnarı yesin, sonra! Buraxın məni! Al! Al! (Hoppana-hoppana əlindəki ət parçasını Kişinin ağzına dürtməyə çalışır.) Al!
    Q o c a. Gözlərini! Əvvəlcə gözlərini!
    G ə n c (ağlayır). Mən istəmirdim bunu!.. Mən istəmirdim!..
    K i ş i. Indi yalandan ağlamağın mənası yoxdu!
    G ə n c (sidq-ürəkdən). Yalandan deyil!
    K i ş i. Eh... Sən heç bilirsən ki, yalan nədi, doğru nədi?.. Yəni... yəni bilirsən e, amma sənin o bildiklərin hələ heç nədi...
    Pauza.
    Yenə səninlə atanın o söhbəti yadıma düşdü... Yadıma düşdü deyəndə, axır vaxtlar elə hey fırlanır beynimdə... Qocalıram, ona görədi yəqin... Axır yaxınlaşır... Başlanğıcdan Sona gedən yol lap qısalır... Hiss edirəm bunu... Ata onda yaman baxdı sənə... O katiblik söhbətini deyirəm... Sən də... (gülümsəyir) sən də onu o saat başa düşdün.... Atanı çox istəyirdin sən... Bilirdin, lap yaxşı bilirdin ki, onun içində eləcə bir şöhrət həsrəti var! O həsrət səni də maqnit kimi özünə çəkirdi... Zəmanə, elə bil, genləri dəyişmişdi... Zəmanə təbiətin işlərinə qarışmışdı... O dəyişmiş genlər, o günah, o gizli riyakarlıq nəsildən-nəsilə keçməyə başlamışdı...
    G ə n c. Özünü təmizə çıxarıb, atanı günahlandırma! Ata başqa adam idi! Sənin tayın deyildi! Günahlandırma atanı! (Qışqırır.) Eşitdin?!
    A t a (qorxmuş). Onsuz da, məndə deyildi ki, günah... Vallah, məndə deyildi... Mən... mən o cəmiyyətin bir üzvü idim... Nə olsun ki, səhərdən axşamacan əlyazmalarının içindəydim?.. Mən... mən o cəmiyyətin yetişdirməsi idim... Və... və... heç kim bunu bilmirdi... qurban idim... O cəmiyyətin yetişdirməsi və qurbanı!.. O hisslər məndən asılı deyildi... O cəmiyyətdə heç kim normal alim olmayıb!.. Içimdəki o hisslərin sahibi mən deyildim, cəmiyyət idi...
    K i ş i (pıçıltı ilə). Indi hər şeyi cəmiyyətin boynuna yıxmaq asandır!
    Ata (daha artıq dərəcədə qorxmuş). Məndə işiniz yoxdu!.. Mənə toxunmayın!..
    K i ş i (köks ötürür). Hə, əlbəttə, qorxaq idi yazıq...
    Ata. Mənnik bir şey yoxdu... Mənnik bir şey yoxdu!.. Özünüz bilərsiz! Öz söhbətinizi özünüz eləyin!
    G ə n c (çılğın). Işin olmasın onda!
    A t a. Hə! Hə! Məndə işiniz olmasın. Onsuz da, rahat yata bilmirəm...
    K i ş i. Mənim nə işim var onda? Bir də ki... elə şeylər var, demək olmur...
    U ş a q (hoppana-hoppana əlindəki qanlı ət tikəsini Kişinin ağzına dürtmək istəyir). Al! Ye bunu! Ye!
    Q a d ı n (əlindəki dəyənəyi Kişinin başına endirməyə çalışır). Qoy mən vurum! Qoy mən! Mən!
    Q o c a. Hə! Hə! Vur! Yaxşı vur! Ancaq əvvəlcə gözlərini! Gözlərini çıxart! (Barmağını Kişinin gözlərinə soxmaq istəyir.) Dayan! Dayan, bu saat!
    U ş a q. Al! Al! Ye!
    K i ş i (ağzı, sifəti qana bulaşmış halda qışqırır). Buraxın! Buraxın məni!
    Gənc qadın (həyəcanla). Əl dəyməyin! Buraxın onu!
    K i ş i (tənəylə). Hardaydın, bəs? Görmürsən?! Bəs, hardaydın?!
    G ə n c. Bu kimdi?
    K i ş i. Sən tanımırsan.
    Q o c a. Gözünü! Gözünü!
    U ş a q. Yox, qoy bunu yesin! Qoy yesin bunu!
    Q a d ı n. Əvvəlcə qoy mən vurum!
    U ş a q. Yox, qoy yesin bunu! Ye! Ye! (Hoppana-hoppana əlindəki qanlı ət parçasını o birilərinin başının üstündən, əl-qolunun arasından Kişinin ağzına soxmaq istəyir.) Ye! Ye!
    K i ş i (qana bulaşmış sifətini geri çəkə-çəkə). Buraxın məni! Buraxın!
    Gənc qadın (həyəcanla, bir cidd-cəhdlə). Işiniz yoxdu onda! Onun təqsiri yoxdu! O yaxşı adamdı! Onu məndən yaxşı tanıyan yoxdu! O bilə-bilə pislik eləməyib sizə!
    Q a d ı n (Gənc qadını göstərərək). Bu ifritəyə baxın! Bilirsiz kimdi bu? Bunun (Kişini göstərir.), bu alçağın məşuqəsidi! Bunun kabinetində qapını bağlayıb min oyundan çıxırdılar. Camaat da qapının dalında növbəyə yığışıb qəbul gözləyirdi!
    Q o c a (sözü hecalayaraq qışqırır). If-ri-tə! If-ri-tə!
    U ş a q. If-ri- tə! If-ri-tə!
    Gənc qadın. Yox! Yox! Işiniz yoxdu onda!
    Q a d ı n (Gənc qadını göstərir). Bunu da vurun! Bunu da!
    Q o c a. Hə! Bu saat! Bu saat! Əvvəlcə gözlərini!..
    U ş a q (hoppana-hoppana əlindəki ət parçasını bu dəfə də Gənc qadının ağzına soxmaq istəyir). Qoy bu da yesin! Qoy bu da yesin!
    Q a d ı n (əlindəki köhnə çuvalı Gənc qadının başına salıb, onu boğmaq istəyir). Tutun bunu! Tutun!
    Gənc qadın (qışqırır). Vay! Vay!
    K i ş i (hiddətlə yerindən qalxır). Buraxın onu! Buraxın! Onda işiniz olmasın!
    Pauza.
    A t a (yavaşdan). Mən getdim...
    Pauza.
    K i ş i (gülümsəyir). Səni çoxdandı görmürəm...
    Gənc qadın (gülümsəyir). Hə... Mən də çox darıxmışam...
    K işi. Elə bil, yüz il keçib... Elə bil... yüz il dərinliyində bir quyu qazıblar, mən də onun dibindəyəm...
    Gənc qadın (gizlədə bilmədiyi bir təlaşla). Sənə nə olub?
    K i ş i. Bilmirəm...
    Gənc qadın. Səndən qorxuram...
    K i ş i (gülümsəyir). Mənə görə qorxursan? Yoxsa. məndən qorxursan?
    Gənc qadın. Həm sənə görə qorxuram... Həm də... səndən qorxuram... Meh əsdi və o qoca tut ağacının yarpaqları birdən-birə elə xışıldadı ki, dənizin uğultusu eşidilməz oldu, amma sonra o meh ötüb keçdi, yarpaqların xışıltısı azaldı və dənizin uğultusu həmişəki kimi, bütün ətrafa yayıldı.
    K i ş i. Yadına gəlir, bir dəfə bulvardakı paraşüt qülləsindən tullandın?
    G ə n c. Əlbəttə, yadımdadı.
    K i ş i. Yay idi onda. Bulvardakı yay kinoteatrında da Xruşşovla Bulqarinin Hindistan səfərini göstərirdilər, yadındadı? (Gülümsəyir.) Hindlilər onların boynuna gül hörükləri salırdı. Hamısı o qüllədən görünürdü. Sən tullananda paraşütün ipi tarım açılana qədər, elə bil ki, daş kimi yerə gedirdin. Onda, o anlarda sənə elə gəldi ki, hər şey bitdi! Qurtardı! Həyat sona yetdi! Qaranlıq bir boşluq içindəydin. Bircə göz qırpımında buz kimi soyuq tər səni basmışdı. Tüklərin qabarmışdı. Sonra bir təkan hiss etdin, yadındadı? Ip tarım dartıldı, sən də paraşütlə yavaş-yavaş enməyə başladın. Ukrayna köynəyi geyib, gəmi kimi güllərin içində yırğalanan Xruşşova, həmişə səksəkə içində olan Bulqarinin ağappaq keçi saqqalına baxa-baxa rahatca yerə endin. Onda sən başa düşdün ki, çətini o ipin tarım dartılmasınacandı, sonra hər şey düzələr... Amma...
    G ə n c (kinayə ilə). Nə amma?
    K i ş i (gülümsəyir). Amma sən bilmədin ki, əslində heç vaxt heç nə düzəlmir! Əslində, bunu sən başa düşməzsən, əlbəttə, başa düşməyinə hələ çox qalıb, əslində bütün ömür eləcə bir qaranlıq boşluqdur... Bütün ömrün boyu da daş kimi həmişə boşluğun dibinə gedirsən... Sadəcə, özün bunu bilmirsən... Amma, elə ki, bildin, başa düşdün, çox çətin olur...
    G ə n c (fikirli). Əvvəllər səndə belə yalançı fəlsəfəbazlıq yox idi...
    K i ş i (gülür). Elə onu de də!
    G ə n c. Elə ki, işdən atdılar səni bayıra, elə ki, cəmiyyət şampan probkası kimi səni bir tərəfə tulladı, onda başladın dünyanın faniliyi barədə fikirləşməyə, hə?
    K i ş i. Yaman sadəlövh danışırsan...
    G ə n c. Niyə sadəlövh?! O pillələri ki, addımlaya-addımlaya üzüyuxarı qalxırdın e, həmin o pillələr nədən idi, daşdan idi? Özün də bilirsən ki, yox... Daşdan deyildi, adamların taleyi idi... (Poetik) Insanların hissləri idi o pillələr, həyəcanları idi!..
    K i ş i (yenə gülür). Mənə dərs deyirsən?
    G ə n c (pərişan). Bundan sonra nə dərs?
    K i ş i. Əlli yeddi yaş, deyirsən, yəni dünyanın lap axırıdı?
    G ə n c (tamam şövqsüz). Yox... Amma... cəmiyyət də dəyişir indi... Sistem dəyişir...
    K i ş i (istehza ilə). Deyirsən, day hər şey innən belə gözəl olacaq, hə?
    G ə n c. Bilmirəm... Hər halda... Yəqin nəsə olacaq...
    K i ş i. Mən sənə dedim ki, uşaqsan, uşaq! Həyatdan xəbərin yoxdu sənin! Cəmiyyət də, sistem də bilirsən nədi? Bax, bu ağacı görürsən, bu tutu? Cəmiyyət də, sistem də təbiətin beləcə bir hissəsi, bir parçasıdır. Yarpaqlar saralır, tökülür, sonra mövsüm dəyişir, yenə cücərir, açılır. Tut isə, həmin tut ağacıdı... Haçansa, əlbəttə, bu tut ağacı lap qocalıb əldən düşəcək, öləcək, amma yenə də başqa bir tut ağacı baş qaldıracaq... Cəmiyyət, sistem, bunnar hamısı boş söhbətlərdi, adamlar özləri özlərini aldadırlar...
    Pauza.
    G ə n c (yavaşdan). Mən istəmirdim ki, belə olsun...
    K i ş i. Sən istəyirdin ki, həmişə açılmış paraşütlə rahatca enəsən...
    Q a d ı n (əlindəki məftili Kişinin boğazına dolamaq istəyir). Dayan bir! Bu saat! Bu saat!
    Q o c a. Gözlərini! Əvvəlcə gözlərini!
    U ş a q. Qoy bunu yesin! Ye! Ye!
    G ə n c (sidq-ürəkdən gələn bir pərişanlıqla). Mən istəmirdim ki, belə olsun... Mən istəmirdim...
    Q a d ı n. Bax, belə! Bax, belə!
    K i ş i. Məndə işiniz olmasın! (Qışqırır.) Əhmədov! Əhmədov!
    Ə h m ə d o v. Ay gəldim a!.. Gözlə!..
    Q o c a. Aha! Aha!
    U ş a q. Ye! Ye!
    Q a d ı n. Oxhay!..
    G ə n c (ağlayır). Mən istəmirdim... Bu cür istəmirdim...
    U ş a q. Ye bu saat! Ye!
    Q o c a. Bax, belə!
    Q a d ı n. Oxhay!..
    G ə n c (dəhşətlə qışqırır). Çəkilin! Çəkilin!
    Pauza.
    K i ş i (ürkmüş). Sənə nə olub?
    G ə n c (əvvəlcə yavaş, sonra isə get-gedə bərkdən). Yaşasın Brejnev! Ura!
    K i ş i. Sənə nə olub?
    G ə n c. Yaşasın Brejnev! Ura! (Iki əlilə də Kişinin boğazından yapışıb boğmağa başlayır.) Ura!
    K i ş i. Burax məni!
    Gənc qadın (həyəcanla). Burax onu! Burax onu!
    G ə n c. Yaşasın Brejnev! Ura! (Boğur.)
    K i ş i (təngnəfəs). Əlini çək! Çək!
    Gənc qadın. Vay! Polis! Polis!
    G ə n c (var gücü ilə Kişini boğur). Əziz Leonid Iliç! Ura! Ura! Ura!

S O N


15 iyul 1992.

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (16.01.2014) | Müəllif: R.C E W
Baxış: 664 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more