Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Qırmızı ayı balası
QIRMIZI AYI BALASI
Rəhman Bədəlova


    C. Səlimov gəmi-təmiri zavodunda mühəndis işləyirdi və bu gün də işdən sonra iki-üç saat zavodda qaldı, otağında oturub cürbəcür çertyojlara baxdı, bir az fikirləşdi, yenə bir az kağız-kuğuza baxdı, sonra basmadüymə ilə otağının divarına sancdığı cədvəlinin qabağında dayandı: görəsən, «Neftçi» yeddi güclü komanda sırasına çıxacaq, ya təskinləşdirici qrupda qalacaq? «Təskinlik» sözü fikrinə gələn kimi, yenə də dilxor oldu; bu sözdən zəhləsi gedirdi, ən pis söz idi bu söz.
    Zavoddan çıxıb trolleybusa mindi və birbaş Nizami küçəsindəki evinə gəldi; əvvəlcə açarla qapını açdı, qapını açandan sonra zəngi basıb içəri girdi. Zəngin səsi elə qəribə, elə qeyri-adi səsləndi ki, C. Səlimov özü də heyrət etdi; elə bil bu qaranlıq dəhliz də heyrət etdi, elə bil aylardan bəri üstünə toz hopmuş bu divan da, bu kreslolar da, bu şifoner də, kitab dolabı da heyrət etdi, elə bil bu divarlar da heyrətindən donub qaldı, kreslonun üstündəki qırmızı rəngli bu yekə ayı balası da səksənib yerindən atılacaqdı indicə və indicə Leyla da elə bil qışqıracaqdı ki, papa gəldi, qapını açın.
    Bu qırmızı rəngli ayı balası səksənib yerindən atıla bilər, amma Leyla daha heç vaxt qışqırmayacaqdı ki, papa gəldi, qapını açın. Leylasız onun üçün həyat yox idi – yalanmış, Leyla yoxdur, o isə yaşayır; Leyla yoxdur, evin bu avadanlığı isə yenə də yerindədir, televizor yenə də işləyir, radio yenə də son xəbərləri verir, konsert verir, küçədə yenə də maşınlar gedir, mətbəxdəki soyuducu yenə də hərdən tırıldayır, hərdən dayanır, bu qırmızı ayı balası da eyni vəziyyətdə, eyni təbəssümlə öz yerindədir, təkcə divardan asılmış saat çıqqıldamır.
    C. Səlimov əvvəlcə bir siqaret yandırdı, sonra divardan asılmış saatı qurdu. Divardakı saatda üçə on dəqiqə qalırdı, əslində isə axşam saat səkkizi keçmişdi, amma o, saatı düzəltmədi, çünki bunun mənası yox idi. Divar saatı çıqqıldamağa başladı, amma bu çıqqıltı da bu əşyalar kimi, bu qırmızı rəngli ayı balası kimi durğun və ölü idi. Birdən C. Səlimovu soyuq tər basdı, tükləri ürpəşdi, ona elə gəldi ki, Leyla ölüb. Sonra mətbəxə keçib əl-üzünü yudu.
    Mətbəxin divarında asılmış təqvimdə mayın 16-sı idi, təqvimin arxasındakı kartonda Bethovenin şəkli var idi, saralıb-solmuşdu, elə bil qoz yarpağı idi və elə bil indi payızın lap axırları idi. Bu gün iyulun 11-i idi.
    Şəfiqə Leylanı da götürüb martın 22-də bu otaqdan çıxmışdı: aprel, may, iyun – üç ay, bu da on bir gün; üç ay on bir gün, o da səkkiz gün – üç ay on doqquz gün idi getmişdilər; neçə il olacaq getdikləri – C. Səlimov ölənə qədər: on ilmi, iyirmi ilmi, azmı, çoxmu – dəxli yoxdur, o, Şəfiqəsizdir, Leylasızdır və həmişə də belə olacaq, bu iki otaq da ölüb daha, bu əşyalar da ölüb, heç vaxt da dirilməyəcək. Həmin gün bahar bayramı idi və bahar bayramı günü getdi onlar. Leyla böyüyəcək, ərə gedəcək, bəlkə xoşbəxt olacaq – onsuz. Bəlkə Leyla da böyüyəcək, bir iş sahibi olacaq, amma bədbəxt olacaq – onsuz. Şəfiqə də nənə olacaq, qocalacaq, saçları ağaracaq – onsuz.
    Otağa keçib küçə pəncərəsini açdı və küçəyə boylandı və birdən-birə ona elə gəldi ki, bu saat bu küçə ilə tabut aparacaqlar. Yandakı pəncərədən qapıbir qonşusu artist də küçəyə boylanırdı və C. Səlimovu görən kimi həmişəki kimi şit-şit gülümsədi və salamlaşdı: «– Axşamınız xeyir, qonşu». Sonra C. Səlimov divanda oturdu və qırmızı rəngli ayı balasına baxdı: «– Axşamınız xeyir, qonşu!»
    Nə olardı, bir möcüzə baş verəydi: bu qırmızı rəngli ayı balası bu saat yerindən durub dombalaq aşaydı.
    Möcüzə ancaq nağıllarda olur. Leyla da bilirdi ki, möcüzə nə deməkdir və deyirdi ki, düz deyil, möcüzə ancaq nağıllarda olmur, mən özüm televizorda görmüşəm, quş dönüb adam olur. Bir də Leyla deyirdi ki, ayı ayı deyil, çünki heyvanxanadakı ayı qırmızı deyil, ayı isə, qırmızı olur, mənim ayım kimi.
    Bu qırmızı ayı balasını keçən il Leylanın dörd yaşı tamam olanda babası almışdı, Şəfiqənin atası, Mədəd kişi. Srağagün bura gəlmişdi, oğrun-oğrun baxırdı bu ayı balasına; yəqin utandı, yoxsa götürüb aparardı, yəqin Leyla hər gün onu dəli edir ki, hanı mənim qırmızı ayım?
    C. Səlimovu bu saat bütün dünyada hər şeydən və hamıdan artıq bu qırmızı ayı balası sıxırdı, nəfəs almağa qoymurdu onu, çünki bu eyni ifadə, bu eyni duruş müsibət idi, çünki bu qırmızı ayı balası Leyla ilə birlikdə olanda həmişə gülərdi, həmişə Leyla ilə oynayardı; bu qırmızı ayı balası Leylanın ilk dostu idi. Əlbəttə, C. Səlimov bu qırmızı ayı balasını götürüb tullaya bilərdi, amma onda hər şey bitərdi, qurtarardı hər şey.
    Məgər hər şey bitməyib? Bitib hər şey. Srağagün Mədəd kişiyə də belə dedi: hər şey bitib. Mədəd kişi bura guya Şəfiqədən xəbərsiz gəlmişdi, deyirdi ki, uşaqlıq eləməyin, heç bir şeyin üstündə özünüzü bədbəxt eləməyin, deyirdi ki, dur gedək Şəfiqəgilin yanına, ya da heç olmasa dur zəng elə, düzələr hər şey. O da dedi ki, yox, hər şey bitib daha. Bəlkə elə doğrudan da, Şəfiqədən xəbərsiz gəlmişdi Mədəd kişi, ola bilər, yaxşı adamdır Mədəd kişi. Deyirdi ki, tərslik eləmə... Qonşu artist yenə də divarı döyəcləməyə başladı: qışda deyir ki, divara xalça vururam (gecə saat birdə), bəs yayın bu cırhacırında nə edir? C. Səlimovu tər basmışdı, qalxıb köynəyini çıxardı – sıxsaydın, suyu çıxardı; sıxıb eyvandakı kəndirdən asa bilər, subay vaxtları kimi. Subaylıq sultanlıqdır, amma evlənəndən sonrakı subaylıq yox. Bir az zarafat elə öz-özünə, bir az dola öz-özünü, bir az kitab oxu, bir az televizora bax, bir az radioya qulaq as, bir az zavod barədə fikirləş, sonra da yat, sonra da səhər tezdən dur, sonra da işə get, sonra da yenə bu cür. Nə vaxta qədər?
    Ürəyini sıxma, bir az gül öz-özünə, bir az sevin öz-özünə, hava da bürkü deyil, insanlar da gözəldir, bu siqareti də tulla, bax, bu qırmızı ayı balası da bu saat durub dombalaq aşacaq, nə var ki, götür öz əlində fırlat, özü də çox dərinə getmə, bəsdir donkixotluq etdin – nə birinci, nə də axırıncısan.
    C. Səlimov qalxıb küçə pəncərəsinə yaxınlaşdı, eyni damlar, eyni ağaclar, eyni bürkü; bu eynilik Şəfiqəgil gedəndən sonra başlamışdı. Artist yenə başını çıxarıb gülümsədi. C. Səlimov soruşdu ki, nə var, nə olub? Artist də soruşdu ki, bəli? C. Səlimov bir də soruşdu ki, deyirəm yəni nə var, nə olub, bir maraqlı hadisə baş veribsə, deyin biz də gülək. Artist çox ciddiləşdi, bir az qızardı da deyəsən – axşam idi, bilinmirdi – sonra soruşdu ki, siz Bədir Bədirlinin əsərlərini oxumusunuz? C. Səlimov cavab verdi ki, xeyr, oxumamışam, çox gülməli kitabdır? Artist də dedi ki, yaman gülməlidir, ailə həyatının dağılmasının sinir sisteminə təsirindən danışır, sonra yenə gülümsədi. C. Səlimov da dedi ki, mən sizin yerinizə olsaydım, Bədir Bədirlinin kitablarını oxumazdım.
    C. Səlimov siqareti külqabına basıb söndürdü və divanda oturdu. Birdən-birə ona elə gəldi ki, kim isə arxadan zəndlə ona baxır, kim isə gözlərini düz ona tuşlayıb; boynu yandı bu baxışlardan, amma dönüb arxaya baxmadı, çünki bilirdi, bu «kim isə» – telefondur, dəhlizin başındakı kiçik dolabın üstünə qoyulmuş telefon; dönüb baxmadı, çünki Mədəd kişigilin telefon nömrəsini yadından çıxara bilmirdi, bu telefon nömrəsi başından çıxmırdı ki, çıxmırdı: 22-76-84; Şəfiqə də, Leyla da 22- 76-84-də idi.
    Sonra o, qırmızı ayı balasına baxdı və səksəndi, elə bil bütün bədənindən sızıltılı üşütmə keçdi – ona elə gəldi ki, bu saat bu qırmızı ayı balası ayağa qalxıb onun əlindən tutacaq və çəkə-çəkə telefonun yanına aparacaq, dəstəyi götürüb nömrəni yığacaq: 22-76-84, sonra da dəstəyi ona verəcək, başının üstündə dayanacaq ki, danışsın, başının üstündə dayanacaq – qırmızı geymiş cəllad kimi. Niyə cəllad kimi?
    Leyla bu saat öz qırmızı ayı balasını orada gözləyir – 22-76-84-də, öz nağıllarını da orda gözləyir, orada gülür, orada küsür, orada ağlayır, orada darıxır; Şəfiqə də oradadır, gülmür Şəfiqə, qocalıb Şəfiqə otuz yaşında. Niyə cəllad kimi?
    Artist divarı yenə də döyəcləməyə başladı – qışda soruşanda deyir ki, xalça vururam divara, bəs indi görəsən nə vurur? Nə desən vurar, lap elə-belə də döyəcləyər.
    Biz hamımız nə desən edərik, ən ağla gəlməyən işlərə qadirik və bu ağla gəlməyən işlərin dərdinə tab da gətirə bilərik, yəqin elə buna görə də bu işləri edirik, hərçənd əvvəlcədən bu barədə fikirləşsək, dəhşət basar bizi. Hər şey baş verənəcəndir – trolleybusda bir qadının ayaqlarını basdalamaq da, bir adamı öldürmək də; baş verdikdən sonra hər şey qurtarır, sınır, çilik-çilik olur hər şey.
    Biz hamımız şüşədənik, çoxumuz bunu bilmirik, çoxumuz bilmirik ki, biz şüşədənik, amma biz şüşədənik, bəzimiz sınıb çilik-çilik olanda da çoxumuz bunu hiss etmir, amma sınıb çilik-çilik oluruq, sınıb çilik-çilik olandan sonra bəzən təzədən yapışırıq, bütöv oluruq, amma çoxumuz bu bütövlükdəki yapışqanı, ləkələri, xırda şüşə qırıntılarını hiss etmirik.
    Bəsdir bu fəlsəfəbazlıq, heç bir fövqəladəlik də olmayacaq, heç bir cəllad da yoxdur, bu qırmızı ayı balası bu eyni duruşla, bu eyni ifadə ilə həmişəlik belə qalacaq, möcüzə yalnız nağıllarda olur, bir də televizorda quş dönüb adam olanda.
    C. Səlimov qalxıb yenə mətbəxə keçdi, yenə çaynikdən su töküb əl-üzünü yudu. Təqvim yenə də göstərirdi ki, mayın on altısıdır. O, günləri bir-bir cırmağa başladı: bu 17-si, bu 18-i, bu 19-u, bu 20-si, bu 21-i – hamısı bir-birinin eyni – bu 22-si, bu 23-ü, amma nə olsun, nə mənası var, nə fərqi var ki, bu gün mayın on altısı, ya iyirmi üçü deyil, iyulun on biridir? Bu mənasızlıq, bu fərqsizlik nə qədər davam edəcək; bu otaqların canına hopmuş ölü sükut nə qədər davam edəcək; bu qalın divarların zəng həsrəti, bu bürkülü gecələrin sonsuzluğu, bu televiziya verilişlərinin, radio musiqisinin tənhalığı, küçədən ötən bu maşın səslərinin yeknəsəqliyi, bu saat çıqqıltısının ölgünlüyü, bu təqvim günlərinin eyniliyi və heçliyi nə vaxta çəkəcək; bu qırmızı ayı balası haçanacan elə beləcə oturacaq? Axıra qədər.
    C. Səlimov küçəyə baxan eyvana çıxdı. Budur, həmin sarı bina, həmin qara daş bina, həmin yeni tikinti ayrıcında dayanmış həmin milis işçisi, qarşı eyvandakı həmin güllər, həmin meynə, o biri eyvanda çeşməyini taxıb küçəyə tamaşa edən həmin qoca – yüz ildir ki, belədir, hər şey olduğu kimi. Qabaqlar bu sarı bina da belə solğun deyildi – meyit rəngli, bu qara daş bina da bu cür matəm içində deyildi, bu yeni tikintinin toz-torpağı da projektor işığında işləyən bu traktorun tırıltısı kimi gecənin bürküsünə qatışıb ürək qısmırdı, qarşı eyvandakı həmin güllər də tabutu xatırlatmırdı, katafalk deyildi, bu meynə də bu cür quru, susuz deyildi, ayrıcgahda dayanmış həmin milis işçisi də bu cür könülsüz, həvəssiz deyildi, çeşməyini taxıb eyvandan küçəyə tamaşa edən bu qoca da bu cür miskin görünmürdü; əvvəllər – yüz il bundan qabaq – indi hər tərəfi basmış bu bozluq yox idi; onda Leyla bu eyvanda gülərdi, bu otaqlardan ev iyi gələrdi onda.
    Lakin bu gülüş ki, onsuz da daimi deyildi, bu iy ki, onsuz da əbədi deyildi; on il davam edərdi bu gülüş, on il gələrdi bu iy, iyirmi il davam edəcəkdi bu gülüş, iyirmi il gələcəkdi bu iy, otuz il, lap qırx il, lap əlli il, sonra? Sonra nə? Sonra heç nə. Bu gülüşün həsrətini çəkmək, bu iyin həsrətində olmaq nə deməkdir; bu qırmızı ayı balasından qorxmaq nə deməkdir; telefon nəzərlərini daima hiss etmək nə deməkdir?
    Belə-belə işlər, yoldaş mühəndis, hörmətli C. Səlimov, zavodda planı vaxtından əvvəl yerinə yetirməklə deyil, «Neftçi»nin dərdini çəkməklə də deyil; istəyirsən qiymətli başını qaldır və bu ilğımlı göyə tamaşa et və feyziyab ol özünçün, çıxart başından bütün fikirləri və ya istəyirsən gir evə, radionu yandır, qoy musiqi çalsın, sonra da bir yaxşıca oyna öz-özünə, yaxşıca da tərlə, qoy canından çıxsın bu bədlik. Sonra divar saatı dördü vurdu, yəni saat dörd idi, yəni artıq saat ona işləyirdi. C. Səlimov otağa girib işığı söndürdü və divanda uzandı: və səhər durub işə getmək, sonra yenə evə qayıtmaq, sonra yenə bu qırmızı ayı balası ilə üz-üzə oturmaq, yenə bu qonşunun divarı döyəcləməsinə qulaq asmaq və yenə də səhər durub işə getmək.
    Sonra ona elə gəldi ki, otaqda nə isə bir yenilik var, nə isə təzə bir səs gəlir – bu, ağcaqanad idi, vızıldayırdı, sonra səsi kəsildi, yəqin pəncərədən çıxdı. Akvarium almaq lazımdır, cürbəcür balıqlar da alıb buraxasan içinə, üzsünlər özləri üçün – səhər, axşam.
    Ya da qəfəsdə bülbül saxlamaq olar. Mətbəxdəki soyuducu yenə tırıldamağa başladı, bir azdan yenə sakitləşəcəkdi, sonra yenə tırıldamağa başlayacaqdı.
    Artist daha bu divarı döyəcləmir, yəqin o biri divarları döyəcləyir. Qışda soruşanda deyir ki, divara xalça vururam, bəs bu yayın cırhacırında nə edir görəsən?
    Sonra istədi ki, heç nə fikirləşməsin, gözlərini yumub bütün fikirləri başından elədi; doğrudan da, heç nə fikirləşmirdi, amma yata da bilmirdi, nə isə hiss edirdi, nə isə duyurdu və lap dərinlikdə bunu da hiss edirdi ki, bu «nə isə» həmin durğunluqdur, həmin boşluqdur, həmin eynilikdir.
    Sonra ona elə gəldi ki, yatıb, durub soyunmaq, yataq otağına keçmək lazım deyildi, ona elə gəldi ki, bax, beləcə yatacaq səhərə kimi. Amma heç özü də bilmədi ki, necə ayağa qalxdı birdən-birə; birbaş bayır qapısına tərəf getdi və özü öz zəngini basdı; yenə elə bil bu qalın divarlar heyrətə gəldi, bu qaranlıq otaqlar heyrətə gəldi, elə bil silkələndi bu divarlar, elə bil bir anlıq canlandı bu qaranlıq otaqlar; amma bu an çox qısa oldu, çox dayanmaz oldu, bir göz qırpımlıq oldu, otağın işığını yandıran kimi çıxdı getdi işinin ardınca həmin an, çünki C. Səlimov işığı yandıran kimi eyni təbəssümlə, eyni duruşda kreslonun üstündə oturmuş qırmızı ayı balasını gördü və bu eyni duruş, bu eyni ifadə həmin anı bir ildırım sürətilə qovub çıxartdı otaqdan. C. Səlimov birdən-birə özündə heç vaxt, heç zaman hiss etmədiyi bir qətiyyət hiss etdi – bu, dəhşət idi – o, qırmızı ayı balasının pambıq qolundan yapışdı, sonra müqəvvanı şifonerin içindəki pal-paltarın arasına atdı və şifonerin qapısını açarla bağladı.
    Bu, C. Səlimovun çox yaxşı yadındadır ki, qırmızı müqəvvanı – ayı balasını şifonerin içindəki pal-paltarın arasına atdı və şifonerin qapısını açarla bağladı; həmin qəribə hadisəni sonralar Şəfiqəyə danışarkən, bunu lap dəqiq xatırlamışdı; bu əhvalatı Şəfiqədən başqa heç kimə danışmamışdı, çünki Şəfiqədən başqa heç kim bu əhvalata inanmazdı.
    O, işığı söndürdü və əvvəlki kimi divanda uzandı. Lakin bu dəhşətli qətiyyət ondan əl çəkmirdi, onun bütün bədənini titrədirdi, o özü də qəlbinin lap dərinliklərində bu qətiyyətin ehtirasından vahimələnirdi. Yox! Yox! Yox! Belə davam edə bilməz. Hər şeyi qurtarmaq lazımdır. Birdəfəlik. Birdəfəlik! Getmək lazımdır. Buradan çıxıb getmək lazımdır. Həmişəlik. Hər şeyə son qoymaq lazımdır. Hər şeyə birdəfəlik son qoymaq lazımdır. Başqa şəhərə, başqa yerə. Hər yerdə iş tapılar. Cəhənnəm olsun bu ev, bu qalın divarlar, bu bürkülü gecənin bozluğu.
    Qoy Şəfiqə də, Leyla ilə həmişəlik 22-76-84-də qalsın, görünür, belə olmalıymış. Lap bu gün getmək lazımdır, lap bu saat, lap indicə. Uzaqlara, ən uzaqlara.
    C. Səlimov sıçrayıb ayağa qalxdı, heç özü də bilmədi, necə siqaret yandırdı, əlinə keçənləri necə portfelinə yığdı və otaqdan çıxdı və bayır qapısını öz ardınca çırpdı və sürətlə pillələri aşağı düşdü.
    O, maşına minmədi, iri addımlarla birbaş vağzala getdi və indi adını xatırlamadığı uzaq bir yerə bilet aldı.
    O bu vağzalda bu cür bürkülü axşamlarda çox adam yola salmışdı, onun özünü də buradan çox yola salmışdılar, amma o, qətiyyən fərqinə varmırdı ki, bu saat heç kim onu ötürmür, onun getməyindən heç kimin xəbəri yoxdur – heyfslənmirdi, çünki bilirdi ki, həmişəlik gedir, bilirdi ki, bir daha buraya qayıtmayacaq, bilirdi ki, heç bir yaxın adamın, heç bir tanışın üzünü bir daha görməyəcək; o buna yüz faiz əmin idi; əslində o, artıq bu ehtiraslı qətiyyətilə bir kişi kimi fəxr edirdi. Qatar gəldi. C. Səlimov adamların arası ilə öz vaqonuna tərəf getdi. Həmin qəribə əhvalat da bu zaman baş verdi.
    Əvvəlcə C.Səlimov hiss etdi ki, perronda nə isə bir çaxnaşma əmələ gəlib, sonra hay-küy qalxdı, sonra camaat bir-birini itələyərək o tərəf-bu tərəfə qısılmağa başladı. C. Səlimov təəccüblə çevrilib arxaya baxdı və yerində donub qaldı. Qırmızı ayı balası tövşüyə-tövşüyə düz onun üstünə gəldi. C. Səlimov ətrafındakı adamlara baxdı, sonra nə isə etmək istədi, amma heç nə edə bilmədi; qırmızı ayı balası ona çatıb iki ayağı üstə qalxdı, C. Səlimovun əllərini yalamağa başladı. Perrondakı bütün adamlar onları dövrəyə almışdılar və hamı da bu ayı balasının qırmızı rənginə heyrət edirdi.
    C. Səlimov isə bilirdi ki, ayı balası qırmızı olar.
    Qırmızı ayı balası öz yöndəmsiz pəncələri ilə C.Səlimovun qolundan yapışıb çıxış qapısına tərəf çəkirdi, qabağında dombalaq aşırdı, dilini çıxarıb onun əllərini yalayırdı, zingildəyirdi, sonra yenə də ehmallıca onun qolundan yapışıb qapıya tərəf çəkirdi.
    Onları dövrəyə alan adamlar qatarı tamam yaddan çıxarmışdılar, bu əcaib rəngli yekə ayı balasının canbazlığına heyrət edirdilər.
    Bu canbazlığa heyrət etməyən yeganə adam C.Səlimov idi; o bu qırmızı ayı balasını tanıyırdı; o bilirdi ki, bu qırmızı ayı balası nə istəyir; o nə heyrət edirdi, nə təəccüblənirdi, nə də başını itirmişdi, təkcə qəlbinin lap dərinliklərində nə isə anlaşılmaz bir hiss keçirirdi; onun həmin ehtiraslı qətiyyəti də tamam yox olub getmişdi; əslində bu qətiyyət indi gülünc bir keçmişə çevrilmişdi; o elə sakit idi ki, elə bil bir belə camaatın arasında vağzalda ayı ilə görüşmək çox adi bir iş idi; elə bil qırmızı ayı balası həmişə beləcə onun əllərini yalayıb, bu ayı balasının isti nəfəsini həmişə beləcə yaxından hiss edib.
    Küçədəki adamlar dayanıb dördayaq, atıla-atıla qabaqda gedən qırmızı rəngli ayı balasına və gülə-gülə bu ayının ardınca gedən C. Səlimova baxırdılar; hamını heyrət bürüyürdü: bu rəngdə də ayı olar? Onlar bilmirdi ki, ayı balası qırmızı olar. Pillələri yuxarı qalxdılar və Səlimov qapını açdı və onlar içəri girdilər, sonra C. Səlimov dəhlizin işığını yandırdı, sonra yenə axırıncı dəfə özü öz zəngini basdı, amma nə bu qalın divarlar heyrət etdi, nə də otaqlar donub qaldı; sonra otağın işığını yandırdı: qırmızı ayı balası yenə də öz yerində – kreslonun üstündə oturmuşdu, şifonerin qapısı isə açıq idi.
    Divar saatının səsi də daha ölgün deyildi, azad və sərbəst idi, hərçənd cəmicümlətanı yeddiyə işləyirdi, yəni saat on ikiyə qalırdı. Sonra C. Səlimov telefonun dəstəyini götürdü: 22-76-84.
    ... Səhəri gün bütün Bakının uşaqları danışırdı ki, dünən gecə qırmızı rəngli bir ayı balası şəhəri dolaşırmış: möcüzədir! Amma uşaqlar bilmirdi ki, möcüzə təkcə nağıllarda olmur.
Sentyabr, 1969.

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (15.01.2014) | Müəllif: R.C E W
Baxış: 1668 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more