Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-On ildən sonra
ON ILDƏN SONRA


    Sonra çiskinlənməyə başladı və o, kürəyini köhnə məscidin hasarına söykəyib pencəyinin boynunu qaldırdı; birdən-birə ürəyi, doğrudan da, siqaret istədi, amma cibindən çıxarıb yandırmadı – cəmi iki siqareti var idi – iki dənə «Pamir» – onları da orada çəkəcəkdi; pencəyin altından qayışa keçirib yarısını şalvarının içinə soxduğu kitablar – əslində bir dənə kitab: «Coğrafiya», iki dənə də ümumi dəftər – qarnını elə sıxırdı ki, nəfəs ala bilmirdi; yenə qayışını bir balaca boşaltdı. Külək yaman bərkidi, əslində burada dayanmaq adamın lap atasını yandırır; sonra ona elə gəldi ki, bu saat bığlı kişi yenə başını məscid minarəsinin darısqal pəncərəsindən çıxarıb qışqıracaq: «– Hə, yenə gəlib veyllənirsən burda?!», o da cavabını verəcək: « – Sənə nə var, atovun məhləsidir?», bığlı kişi də onu hədələyəcək ki, düşürəm aşağı, ananı ağlar qoyaram sənin, o isə yenə deyəcək ki, kişisən düş; əlbəttə, bığlı kişi aşağı düşməyəcək, çünki ayaqlarının ikisi də yoxdur. Bir dəfə təsadüfən küçədə görüb onu dördçarxlı sankada gedəndə – bığlı kişinin bundan xəbəri yoxdur, qoy heç bundan xəbəri olmasın da, qoy kefinə xələl toxunmasın, hərçənd zırramanın biridir. Amma bu dəfə bığlı kişi başını məscid minarəsinin pəncərəsindən çıxarıb boylanmadı.
    Üç ay var idi ki, məscidi çəkmə fabriki eləmişdilər; qabaq yaxşı idi – səssizsəmirsiz, lal-karlar idarəsi idi; indi lal-karlar təzə binaya köçüblər yəqin, bunlar gəlib əvəzinə, bu bığlı kişini də Allah kimi qaldırıb qoyublar göyün yeddinci qatına – minarənin kəlləsinə.
    Əcəb soyuqdur, heç belə soyuq olmamışdı bu il, deyəsən, qar yağacaq; paltosunu Vovagildə qoymuşdu; paltosu dəblə tikilmiş palto idi, atası iki ay bundan əvvəl Moskvadan gətirmişdi, amma istəmirdi o palto ilə Sənubərin yanına getsin, hətta bir dəfə ağlına gəlmişdi ki, pul yığıb sırıqlı alsın, həmişə Sənubərin yanına gələndə bu sırıqlını geysin, amma sonra vaz keçdi bu fikirdən – lap uşaqlıq olardı bu.
    Qışın qaranlığından olmaz – hələ axşam saat beş yoxdur, amma indidən qaranlıq çökür hər tərəfə, bığlı kişi də minarədə işığı yandırıb – darısqal pəncərə bu minarənin tək gözü idi elə bil, dünyaya baxırdı. Sənubərgil də işığı yandırıb yəqin, buradan görünmür – həm pəncərələrindəki pərdə qalındır, həm də işıqları zəifdir. Sinifdə də işığı yandırıblar yəqin, uşaqlar indi coğrafiya dərsi keçir: Izrail Solomonoviç dayanıb arxası xəritəyə, üzü uşaqlara tərəf, çağırır bir-bir dərsi soruşur, kim də haranı göstərirsə xəritədə – bu, Kosta-Rikadır, bu, Dardanel boğazı, bu da mən nə bilim hara – o saat görür, elə bil zalımın başının dalında da gözü var. Izrail Solomonoviç, şübhəsiz ki, onun da belinə bir dənə «iki» yapışdıracaqdı – sonra gəl düzəlt görüm necə düzəldirsən?! – amma «iki»nin qorxusundan qaçmamışdı dərsdən, kitab indi də qayışının altındadır, başqa dərslərdə oxuyub hazırlaşa bilərdi – Izrail Solomonoviçin dərsi dördüncü dərs idi, özü də kitabı bircə dəfə oxuyan kimi yadında qalırdı – Sənubərə görə qaçmışdı dərsdən, Sənubərə görə. Birinci dərsdən sonra Vovayla birlikdə qaçdılar – Izrail Solomonoviçin dərsi gələndə Vovanın canına üşütmə düşür, Əzrailin biridir də bu Izrail Solomonoviç, Vova neyləsin? – əvvəlcə getdilər Vovagilə, onlarda bu vaxt heç kim olmur, sonra paltosunu çıxarıb gəzə-gəzə gəldi bura; Sənubərin anası da çıxıb getmək bilmir ki, bilmir.
    Sənubərə görə səhərdən dayanıb burda, adamın ürəyini sıxan bu erkən qaranlıqda, bu küləkdə, bu qış çiskinində, bu təkgözlü minarənin yanında, Sənubərə görə. Bunu bütün dünyada heç kim bilmir, bir o bilir, bir də Sənubər, deməyib heç kimə, deməz heç kimə. Qabaqlar bir şey olmazdı ortada, amma uşaqlara yüz cür yalan deyərdi qızbazlığı barədə, indi isə heç kimə heç nə demirdi, ona elə gəlirdi ki, başqaları bunu bilsə, bu, bir növ, oğurluğa oxşayar, elə bil, onlardan – ondan və Sənubərdən – nə isə oğurlamış olarlar. Sənubərin anası axır ki, çıxdı qapıdan.
    O, məscidin hasarına qısıla-qısıla bir az yuxarı qalxıb tini buruldu və dayandı. Sənubərin anasının ardınca qapıdan bir kişi də çıxdı, danışa-danışa ikisi də küçə ilə üzüaşağı düşdü.
    O, bir az gözləyib tini buruldu və qənbər döşənmiş küçəni keçib Sənubərgilin çöl qapısından içəri girdi; yarımca mərtəbə yuxarı qalxan bu taxta pilləkənlər, bu qaranlıq dəhliz, bir az tozlu, bir az da əhəng qoxulu bu hava həmişəki kimi yenə də onun sinəsinə bir ilıqlıq gətirdi; barmağını büküb arakəsmə qapısını yavaşca taqqıldatdı.
    Içəridən Sənubərin səsi gəldi:
    – Keç içəri, bağlamamışam.
    O, qapını itələyib içəri girdi, sonra da qapının cəftəsini bağlayıb balaca arakəsmə ilə otağa tərəf getdi.
    Sənubər həmişəki yerində oturmuşdu – divanın küncündə, özü də həmişəki kimi – ayaqlarını yığmışdı altına, nazik barmaqları ilə lafsan yubkasının üstündən baldırlarına saldığı şalın saçaqlarını oynadırdı. Yenə də Sənubərin qarşısındakı taxta kətilin üstündə bir balaca his edən nöyüt pilətəsi yanırdı, bu pilətənin iyi və istisi otağa dolmuşdu. O, həmişə bu otaq barədə fikirləşəndə nə pəncərədəki bu qalın pərdələri, nə də otağın ortasındakı bu dördkünc mizi, nə üzü ağarmış qəhvəyi meşinli divanı, nə küncdəki bu köhnə alman radioqəbuledicisini, nə üçgöz güzgünün üç tərəfinə də düzülmüş cürbəcür fotoşəkilləri, nə də yerə salınmış bu palazı görürdü; o bu otaq barədə fikirləşəndə, birinci növbədə, bu nöyüt pilətəsinin iyini və istisini hiss edirdi; bu pilətənin iyi və istisi onun beş aydan bəri ürəyində gizlətdiyi, heç kimə demədiyi və heç kimə deməyəcəyi xoşbəxtliyinin örtüyü idi. Bir dəfə «Səadət sarayı»nın yanından keçəndə təzəcə kəbin kəsdirmiş bəylə gəlini görmüşdü. Gəlinin üzünü çox incə, ağ duvaq örtmüşdü. Bax, bu nöyüt pilətəsinin iyi və istisi də həmin duvaq kimi onun xoşbəxtliyinin örtüyü idi – onda belə fikirləşmişdi.
    – Yenə tində dayanıb gözləyirdin? – Sənubərin köşək gözləri gülümsəyəgülümsəyə altdan-yuxarı onu süzdü.
    Əlbəttə, həmişəki kimi dedi ki, yox, elə indicə gəlmişəm. Sənubər də həmişəki kimi bic-bic güldü. Hərdən Sənubərin elə vaxtı olurdu ki, onu kiçiltmək, balacalaşdırmaq, bəlkə də alçaltmaq istəyirdi, gah yaşdan söz salırdı, gah məktəbdən söz salırdı, gah da elə hərəkətlər edirdi ki, o, bayram yumurtası kimi pörtürdü, az qalırdı siçan deşiyinə girsin, amma nə qədər hirslənsə də, nə qədər pərt olsa da, nə qədər acıqlansa da, Sənubərdən incimirdi, çünki Sənubərdən inciyə bilmirdi, çünki bilirdi ki, Sənubər onu çox istəyir, bütün bunları isə elə-belə edir, şıltaqlıq naminə. O bu balaca otaqda özünü bütün daxili ilə kişi hiss edirdi, dərsdə oturub Izrail Solomonoviçin məzəmmətlərinə qulaq asarkən ürəyində fikirləşirdi ki, nə yaxşı bütün bu əskik söhbətlər, bu məktəb dəsgahı, evlərindəki danlaqlar, qardaşı ilə davadalaşı – hər şey bu balaca otaqdan kənardadır.
    Sənubər yenə həmişəki kimi, əllərini pilətənin üstünə qaldırıb oda tutdu, sonra dedi ki, gəl sən də əllərini oda tut. O, pilətəyə yaxınlaşıb əllərini oda tutdu, pilətənin istisi bütün bədəninə bir hərarət gətirdi, sonra Sənubər onun əllərini öz əllərinin içinə alıb ovuşdurdu, sonra onu özünə tərəf dartdı:
    – Bir bura gəl görüm e!..
    O, həmişəki kimi, palazın üstündə diz çökdü, Sənubər onun başını sinəsinə sıxdı, barmaqlarını cod qara saçlarında gəzdirdi və yanağından öpdü. O, tez başını çəkib ayağa qalxdı, çünki həmişə belə anlarda, nədənsə, – səbəbini başa düşə bilmirdi – qəhərlənirdi və qorxurdu ki, ağlasın. Bir söz demək xətrinə soruşdu ki, bayaq ananla evdən çıxan o kişi kim idi elə? Sənubər dedi ki, Ağahüseyndir. Soruşdu ki, Ağahüseyn kimdir? Sənubər də cavab verdi ki, qohumumuzdur, uzaq...
    – Nəçidir e?
    – Tramvaysürəndir də...
    – Sizə niyə gəlir?
    – Mən nə bilim? – Sənubər çiyinlərini çəkdi. – Üçüncü dəfədir gəlir.
    O yenə nə isə soruşmaq istədi, amma soruşmadı. Ağahüseynin adı bu balaca otaqdakı zəif elektrik lampası ilə, bu pilətə iyi və pilətə istisi ilə, Sənubərin bu köşək gözləri ilə uyuşmurdu, yad səslənirdi və o, bir daha bu adı çəkmək istəmədi; indicə o, divanda Sənubərin yanında oturacaqdı, bir əlini onun çiyninə qoyacaqdı, sonra o biri əlini yavaş-yavaş içi dovşan dərili qolsuz kürkün üstündən Sənubərin sinəsinə qoyacaqdı və durub gedənə qədər beləcə oturacaqdılar.
    O, pencəyini çıxarıb divanda oturmaq istədi, amma yadına düşdü ki, kitab-dəftər qayışının altındadır, bayaq paltosunu Vovagildə çıxardanda ağlına gəlməyib ki, bunları da orada qoysun; kitab-dəftəri burada çıxarmaq olmazdı: birdən Sənubər «Coğrafiya» kitabını görər. «Coğrafiya» kitabında isə yazılıb ki, səkkizinci sinif üçün dərs vəsaitidir, amma Sənubər elə bilir ki, o, doqquzda oxuyur. Əslində əvvəllər Sənubər elə bilirdi ki, o, onuncu sinifdə oxuyur.
    Onlar məktəbin həyətində qutab alarkən tanış olmuşdular. Sənubər 132 nömrəli məktəbdə oxuyurdu – Azərbaycan məktəbində, o isə 134 nömrəli məktəbdə oxuyurdu – rus məktəbində. Məktəbləri bitişik idi, həyətləri də bir idi. Onda Sənubərin xırdası olmamışdı qutabsatana versin, qutabsatan da Sənubərin manatlığını xırdalamırdı, xırdası yox idi. O, Sənubərə xırda vermişdi – ikisi də qutab almışdı. Sənubər də üç-dörd gündən sonra onu həyətdə görüb xırdanı qaytarmışdı. Sənubər gözəl deyildi, həmişə də nimdaş geyinərdi. O heç ağlına gətirə bilməzdi ki, bir vaxt gələcək və bu qutab alan qız onun ilk məhəbbəti olacaq – o inanırdı ki, bu ilk məhəbbətdir, ilk böyük məhəbbət. Doğrudur, il yarım bundan əvvəl qonşuluqlarında yaşayan bir arvada vurulmuşdu; evdə oturanda qulağı həmişə səksəkədə olardı: həmin arvad eyvana çıxıb paltar sərəndə zivəni dartardı, çarxdan səs çıxardı, o da, bilərdi ki, sevgilisi eyvandadır, tez öz eyvanlarına çıxıb tamaşa edərdi, amma bu, yavaş-yavaş sönüb getdi, çünki əsl məhəbbət deyildi – bunu sonralar başa düşdü. Sənubərgilə gəldiyi ilk gündən sonra.
    Əvvəlcə salamlaşırdılar elə-beləcə, sonra günlərin bir günündə həyətdən birlikdə çıxdılar, necə oldusa, Sənubəri evlərinə ötürdü, Sənubər də onu evə çağırdı, dedi ki, heç kim yoxdur evdə, o da qalxdı yuxarı, heç bilmədi necə qalxdı.
    Bu otaqda ilk görüş idi onda, ilk dəfə idi ki, bu pilətə iyini və istisini hiss etdi, ilk dəfə idi ki, Sənubərin köşək gözlərini gördü. Onda Sənubərə demişdi ki, onuncu sinifdə oxuyuram, həm də demişdi ki, on səkkiz yaşım var. Sənubər sonra bildi ki, onuncu sinifdə oxumur, təsadüfən bildi, amma səkkizinci sinifdə oxumağını da bilmirdi, elə bilirdi ki, doqquzda oxuyur, həm də elə bilirdi ki, onun on yeddi yaşı var, daha bilmirdi ki, onun on altı yaşı var.
    Sənubərin özünün on yeddi yaşı tamam olmuşdu, onuncu sinifdə oxuyurdu. O həmişə Sənubər barədə fikirləşəndə suçlu adamlar kimi ürəyindən bir üşütmə keçirdi: Sənubər əvvəl-axır biləcəkdi ki, yaşda ondan böyükdür, həm də biləcəkdi ki, iki sinif aşağıda oxuyur. Doğrudur, əvvəl-axır bunu biləcəkdi, amma onda bunun daha bir o qədər də mənası olmayacaqdı, çünki onda evlənmiş olacaqdılar.
    – Pencəyini niyə çıxartmırsan?
    Dedi ki, çıxartmır, bir azdan gedəcək, işi var. Elə-belə, ağzına gələni dedi, əslində axşam doqquza kimi burada qalmaq istəyirdi, günorta evdən çıxanda demişdi ki, dərsdən sonra Vovayla kinoya gedəcəklər.
    – Nə işin var, ananla qonaqlığa gedəcəksən? – Sənubərin köşək gözləri gülümsədi yenə.
    O, Sənubərin sualını qulaqardına vurdu, çünki Sənubərin, deyəsən, yenə həvəsi gəlmişdi, yenə onu alçaltmaq istəyirdi, o isə, nədənsə, bu axşam başqa axşamlardan daha artıq pərtləşmək istəmirdi, ümumiyyətlə, nədənsə, bu axşam ona başqa axşamlardan daha artıq əziz idi – niyə belə hiss edirdi, səbəbini özü də bilmirdi. Söhbəti dəyişdi:
    – Ağahüseyn niyə gəlir e, sizə? – Özü də bilmədi ki, Ağahüseyn yenə haradan düşdü yadına.
    – Mən nə bilim? – Sənubər həmişəki kimi alt dodağını dişlədi və lap büzüşdü elə bil, elə bil otaqda şaxta idi. – Deyəsən, anam ona ərə gedir.
    – Anan ərə gedir?
    – Deyəsən.
    Sənubərin heç kimi yox idi, təkcə anası var idi. Sənubərin anası dəmir yolunda işləyirdi, bələdçi idi, iki gün evdə otururdu, üç gün səfərdə olurdu, ya da üç gün evdə otururdu, bir gün səfərdə olurdu. Bu gün də səfərə çıxmışdı, sabah qayıdacaqdı. Iki gündən sonra yenə gedəcəkdi. O, bir dəfə də olsun Sənubərin anası ilə kəlmə kəsməmişdi, heç yaxından əməlli-başlı görməmişdi də onu, amma nədənsə, xoşu gəlmirdi Sənubərin anasından, özü də buna təəccüb edirdi ki, niyə.
    – Necə yəni ərə gedir?
    – Necə, necə yəni? Ərə getmək bilmirsən nədir?
    Əlbəttə, o bilirdi ki, ərə getmək nə deməkdir və onun ürəyindən gizli bir qorxu keçdi: Sənubərin anası ərə getsəydi, onların görüşləri necə olacaqdı? Ağahüseyn burada qalacaqdı, burada, bu balaca otaqda, onların bu balaca otağında?
    – Əşşi, özünün xarabası var, təzə binada ev alıb. – Sənubər həmişə onun ürəyini oxuyurdu. O, heç vaxt Sənubərə deməmişdi ki, səni sevirəm, səndən xoşum gəlir – utanırdı belə sözlərdən, amma Sənubər həmişə onun ürəyini oxuyurdu, həmişə onun fikirləşdiyini deyirdi, həmişə onun ürəyindən xəbər verirdi, hansı söhbəti xoşlamadığını, hansı hərəkətdən xoşlandığını o saat hiss edirdi, hərdən elə olurdu ki, o, ürəyində bir mahnının havasını çalırdı, birdən Sənubər həmin mahnını nazik səsi ilə pəsdən oxumağa başlayırdı.
    Sənubər yenə əlini onun cod qara saçlarında gəzdirdi, yəni ki, qorxma, mən bu otaqdan gedən deyiləm, sonra qayğıkeş-qayğıkeş ona baxdı, sonra yenə onun başını özünə tərəf çəkib sinəsinə sıxdı, yanağından öpdü.
    O bütün ömrü boyu beləcə dayanmağa hazır idi, evlərini də, məktəbi də, uşaqları da yadından çıxarıb, heç hara getməyib, heç nə etməyib bütün ömrü boyu beləcə dayanmağa hazır idi, təki bu barmaqlar həmişə saçlarında gəzəydi, təki bu balaca ürəyin çırpıntısını həmişə beləcə hiss edəydi, təki bu nöyüt pilətəsi beləcə yanaydı həmişə, amma yenə başını çəkdi, yenə qorxdu ki, ağlayar, bilmirdi nədəndir, həmişə belə dayananda onun ürəyi kövrəlirdi.
    O, əlini Sənubərin çiyninə qoydu. Sənubər özü onun o biri əlini götürüb içi dovşan dərili qolsuz kürkün üstündən sinəsinə qoydu. Həmişə onun əli Sənubərin sinəsinə toxunan kimi ürəyi düşürdü, udqunurdu, ona elə gəlirdi ki, boğazı qupquru quruyub, hiss edirdi ki, əlləri, bütün bədəni titrəyir, Sənubər də bunu hiss eləyirdi və gülürdü, Sənubər beləcə gülümsəyəndə o, elə hesab edirdi ki, bu – məhəbbətdir.
    Sonra Sənubər özü iki əlini də kürkün üstündən onun əlinə yapışdırıb var gücü ilə sinəsinə sıxdı, sonra onun yanaqlarından yapışıb özünə tərəf çəkdi və dodaqlarından öpmək istədi. O, başını Sənubərin əlləri arasından dartıb çıxartdı – ən çox belə şeylərdən utanırdı.
    – Vallah, lap uşaqsan sən, lap uşaqsan! Bilmirəm sənin nəyinə vurulmuşam? Sənubərin köşək gözləri güldü yenə. – Yəqin boy-buxununa, zırpılığına.
    O cavab vermədi və üzünü Sənubərin çiyninə qısdı. O bilirdi ki, bütün sifəti alışıb-yanır və istəmirdi ki, Sənubər bunu görsün. O bilirdi ki, bir azdan bədəninin uçuntusu keçib-gedəcək, bir azdan Sənubərin ürəyinin döyüntüsü onu təmənnasız bir aləmə çəkib aparacaq. Bu təmənnasız aləm bu balaca otaqdan – onların otağından, bu balaca otaqdakı pilətə iyi və pilətə istisindən, bu pilətə iyini və pilətə istisini təpədən dırnağa kimi bütün bədənlərilə hiss edən Sənubərdən və ondan ibarət idi; lap kiçicik bir aləm idi, amma elə-belə kiçicik aləm yox, onların kiçicik aləmi idi. O istəyirdi ki, Sənubər barədə hər hansı bir arvad barədə fikirləşəcəyi kimi fikirləşməsin. O heç vaxt cəhd etməmişdi ki, Sənubəri çılpaq görsün. O, çılpaq qızlar göstərilən kinolara üç-dörd dəfə gedib baxmışdı, amma istəmirdi ki, Sənubəri çılpaq görsün. Hərdən gecələr yuxuda Sənubəri çılpaq görərdi, o saat da yuxudan oyanardı, Sənubərin çılpaq bədənini başından çıxarmaq istərdi, futbol barədə fikirləşərdi, gələcəkdə yazacağı ssenarilər, çəkəcəyi filmlər barədə fikirləşərdi, haçandan-haçana təzədən yuxuya gedərdi.
    O, sövq-təbii hiss edirdi ki, əgər bu cür olmasa, Sənubər onun başını döşlərinə sıxarkən heç vaxt ürəyi kövrəlməyəcək. Düzdür, o, bu kövrəklikdən qorxurdu, qorxurdu ki, Sənubər bunu görər, gülər: «Vallah uşaqsan!», amma ürəyinin lap dərinliklərində – elə dərinliklərində ki, özü də bunu üzə çıxarmağa ürək eləmirdi – hiss edirdi ki, bilirdi ki, uşaqlıq olsa da, əslində bu kövrəklik anı onun üçün həyat deməkdir, yaşamaq deməkdir. Sənubər də bunu bilirdi və buna görə də hərdən kefinə düşəndə onu lap cin atına mindirirdi.
    – Uşaqsan, xalis uşaqsan! Ola bilməz ki, sənin on yeddi yaşın olsun! Ola bilməz! Zırpısan, amma mən bilirəm, düz on yaşın var. Üzünü də yalandan hər gün qırxırsan ki, tük gəlsin.
    – Yox, on iki yaşım. – O həmişə belə cavab verirdi ki, on yeddi yaşında olmağı doğruçu çıxsın, indi də belə dedi, amma hiss elədi ki, yavaş-yavaş dilxor olur. Həm də ona görə dilxor olur ki, Ağahüseynin adı yenə də hardansa girmişdi başına; əlini içi dovşan dərili qolsuz kürkdən çəkdi. – Lap on bir yaşım var.
    – Yaxşı, yaxşı, burnunu sallama. – Sənubər onun burnunu tutub dartdı, elə ehmallıca dartdı ki, sifətindəki qızartı keçib getdi. – Doğrudan, sənin atan böyük adamdır?
    Haradansa Sənubərin başına girmişdi ki, onun atası böyük adamdır guya, özü də idarəyə maşınla gedib-gəlir.
    – Adamdır də... – O nə qədər fikirləşirdisə də bu suala başqa cavab tapa bilmirdi; bir dəfə istəmişdi ki, atası barədə yalandan təsirli, lap faciəli bir əhvalat quraşdırıb danışsın, amma danışmamışdı, çünki yaşından və oxuduğu sinifdən başqa daha yalan demək istəmirdi Sənubərə; atası teatrda rejissor idi və nədənsə, ona elə gəlirdi ki, atasının rejissor olduğunu bilsə, Sənubəri gülmək tutacaq, həm də o, Sənubərin gözündən düşəcək – niyə belə fikirləşirdi, heç özü də başa düşə bilmirdi.
    – Əgər böyük adamdırsa, niyə sənə palto almır?
    O ən çox bu cür sözlərdən dilxor olurdu, çünki bu cür sözlərdən sonra özünü bu balaca otaqda əsl kişi hiss edə bilmirdi və bu cür sözlərdən sonra həmişə çıxıb gedirdi və bir müddət özünü vaxtında doğulmayan, həyata vaxtında gəlməyən insan sanırdı, heç kimin onu başa düşmədiyini, hamının ona yad olduğunu fikirləşirdi, özünü faciəli tənhalıqda hesab edirdi, sonra yenə də yavaş-yavaş bu pilətənin iyi burnuna gəlirdi, bu pilətənin istisini hiss edirdi. Sənubərin köşək gözlərini görürdü, onun nazik qabırğalarını ovcunun altında duyurdu və dərindən nəfəs alırdı ki, nə yaxşı dünyada bu balaca otaq var, nə yaxşı dünyada bu nöyüt pilətəsi var, nə yaxşı dünyada Sənubər var. Sənubərin də köşək gözləri var.
    – Mən getdim.
    Sənubər divanın üstündən ayağa qalxıb onun qolundan yapışdı.
    – Bir az otur. Yaxşı da, otur bir az.
    O, dediyi sözdən dönən deyildi – hər halda özü barədə bu fikirdə idi.
    – Işim var.
    – Yaxşı da, otur bir az. Daha heç nə demərəm, vallah. Otur bir az.
    O əyilib palazın üstünə düşmüş şalı qaldırdı və hiss etdi ki, doğrudan da, bir az oturmalıdır, çünki Sənubər lap uşaq kimi yalvarırdı; o, lap təəccüb etdi, çünki Sənubər heç vaxt bu cür uşaq kimi yalvarmazdı, ona elə gəldi ki, bu saat çıxıb getsə, Sənubər bu balaca otaqda yetim qalacaq.
    O, divanda oturdu.
    – Mənim bir dənəmsən! Səndən başqa heç kimim yoxdur, bircə dənəmsən mənim! – Sənubər dizləri üstə çöməlib onun yanında oturdu və ona qısılaraq boynunu qucaqladı.
    – Yaxşı, bəsdir. – O yenə də özünü əsl kişi hiss edirdi.
    Sənubər ona daha da bərk qısıldı. Bu gün nə isə birtəhər idi. Sənubər, elə bil lap kimsəsizləşmişdi, lap balacalaşmışdı. Birdən-birə o özünü Sənubərin həyatdakı yeganə mənəvi dayağı hesab etdi və qızın saçlarından öpdü. Sənubərin saçının iyi həmişə onu məst edirdi və o bu qoxudan çəkinirdi, çünki, bu zaman dünyanın ən sentimental adamı olurdu – bunu özü də bilirdi, amma heç nə edə bilmirdi.
    O, cibindəki siqaretlərdən birini çıxartdı və başını pilətəyə uzadıb siqareti odda yandırdı, – bu otaqda siqareti həmişə belə yandırardı. Siqaretdən xoşu gəlmirdi və bilirdi ki, heç zaman əməlli-başlı siqaret çəkən olmayacaq, amma bu balaca otaqda hərdən elə anlar olurdu ki, o nə deyəcəyini, nə edəcəyini bilmirdi və bu zaman siqaret çəkirdi.
    Sənubər bu gün, doğrudan da, lap qəribə olmuşdu; hərdən ondan ayrılırdı, birinci dəfə görübmüş kimi heyran-heyran ona baxırdı, sonra yenə ona qısılırdı. O isə, bu baxışlar altında özünü Sənubərin qəyyumu sanırdı və nə isə təntənəli bir söz demək istəyirdi, amma nə deyəcəyini bilmirdi.
    O, Sənubərin saçlarını bir də öpdü və dedi:
    – Biz evlənəndən sonra həmişə bu otaqda ikimiz bir yerdə olacağıq.
    O, doğrudan da, belə fikirləşirdi və buna inanırdı da; əslində indidən öz evlərində özünü qonaq hiss edirdi; o, hələ lap uşaqlıqdan kinorejissor olmaq istəyirdi, məktəbi qurtarandan sonra gedib Moskvada kinematoqrafiya institutuna girəcəkdi, amma indi fikirləşirdi ki, məktəbi qurtarandan sonra daha Moskvaya getməyəcək, Bakıda qalacaq, öz evlərindən çıxacaq, gedib bir yerdə işləyəcək – çox güman ki, şoferlik edəcək, çünki maşın sürə bilir və onlar evlənib bu otaqda yaşayacaqlar. Əvvəllər bircə şey onu düşündürürdü ki, bəs, Sənubərin anası harada qalacaq? O istəyirdi ki, yalnız ikisi – Sənubər və o bu otaqda yaşasınlar, başqa heç kim. Sənubərin anası da başqalar sırasında idi. Indi Sənubərin anası özü öz ayağı ilə çıxıb gedir, Ağahüseynə ərə gedir – özü bilən yaxşıdır.
    – Heç nəyə əl vurmayacağıq bu otaqda, elə beləcə qalacaq.
    Birdən Sənubər dartınıb ondan aralandı və onun heç vaxt görmədiyi bir nifrətlə qışqırdı:
    – Allah vurmuşdu bu otağı! Zəhləm gedir bu otaqdan! Bezmişəm bu otaqdan. Hər daşına tüpürüm bu otağın.
    O, heyrətlə Sənubərə baxırdı. Sənubər isə bu heyrətin fərqinə varmırdı. O heç təsəvvürünə gətirə bilməzdi ki, bu balaca otağa – onların otağına – bu qədər nifrət edir. Axı, niyə, niyə axı? – O, sinəsini dəlik-deşik edən bu sualı Sənubərə vermədi, nədənsə, birdən-birə Sənubərə yazığı gəldi, bilmədi niyə, yenə də Sənubərin saçlarını öpmək istədi, amma Sənubər başını kənara dartdı:
    – Işin olmasın məndə! Burax məni, – dedi! – Azı on yaş kiçikdir anamdan! Mən neyləyəcəyəm? Çıxıb gedəcəklər, kef eyləyəcəklər özləriyçün! Bəs, mən neyləyəcəyəm? Bu dörd divar arasında qalıb neyləyəcəyəm? Sənubər nə danışırdı, necə yəni mən bu otaqda neyləyəcəyəm, bəs, o? Bircə anın içində hiss etdi ki, ürəyinin lap dərinliklərinə kimi təhqir olunub və buna dözmək mümkün deyildi; o, ayağa qalxıb otaqdan çıxdı. Sənubər dərhal sakitləşdi, elə bil üstünə soyuq su tökdülər, onun ardınca atılıb dedi ki, getmə, daha deməyəcəyəm, yalan deyirəm, elə-belə deyirəm, getmə, tək qalmaq istəmirəm, istəmirəm tək qalım burda, getmə.
    O, tələsik arakəsmədən keçib dəhlizə çıxdı və qapını ardınca çırpdı, qorxdu ki, yenə tab gətirməz, yenə qalar orda; siqareti tullayıb pilləkənlərlə aşağı düşdü. Sulu qar yağırdı. Onun kauçuk altlı çəkmələri qənbərin üstündə sürüşürdü, az qalırdı yıxılsın, amma o, səkiyə çıxmırdı – belə dilxor vaxtlarında həmişə qənbər döşənmiş bu küçənin tən ortası ilə düşərdi, bu, son dərəcə kinematoqrafik idi və o, hərdən özünü lap ekranda da görərdi.
    Bu saat o yenə həyatın vəfasızlığı barədə düşünürdü, heç kimin onu başa düşmədiyindən sinəsi od tutub yanırdı.
    Əlləri şalvarının cibində küçənin ortası ilə üzüaşağı düşə-düşə birdən yenə də nöyüt pilətəsinin iyini və istisini duydu, amma bu duyğu həmişəki kimi onu o saat qızışdırmadı – Sənubərin bayaqkı sözlərindən tamam sarsılmışdı: « – Mən bu dörd divar arasında qalıb neyləyəcəyəm?» Bəs, o! Bəs, o kimdir? O, yenə də uğursuz taleyi barədə düşünməyə başladı, soyuq da ki, xəncər kimi kəsirdi.
    Arxadan bir maşın siqnal verdi, sürücü də pəncərədən başını çıxarıb qışqırdı ki, küçənin ortasına niyə düşmüsən belə, başın bədəninə ağırlıq edir? O, tələsik səkiyə çıxdı, heç sürücüyə cavab verməyə də macal tapmadı – maşın ötüb getdi və bu maşın birdən-birə onun bədbin fikirlərini də dağıtdı və o, yenə də qorxdu ki, indicə geri dönüb təzədən Sənubərgilə gedəcək, ayaqlarını altına yığıb pilətənin qabağında oturmuş Sənubər də köşək gözləri ilə ona baxıb gülümsəyəcək: «Hə, nə oldu, bəs, çıxıb getmişdin?»
    O, Vovagilə gedirdi ki, paltosunu götürsün, amma özü də hiss edirdi ki, paltonu götürmək istəmir, çünki Sənubər tək-tənha qalmışdı o balaca otaqda; ömründə Sənubəri bu cür görməmişdi, ömründə təsəvvür etməzdi ki, Sənubərin balaca cüssəsinə bu qədər nifrət sığışa bilər; niyə, axı, niyə bu balaca otağa – onların otağına – bu qədər nifrət edir? Deməli, bütün bu beş ay ərzində Sənubər ondan gizli bu balaca otağa – onların otağına – nifrət edirmiş... Indi tək oturub, orda nöyüt pilətəsinin qabağında, divanın üstündə, ayaqlarını da həmişəki kimi yığıb altına, şal da dizlərinin üstündədir, özü də gözünü pilətəyə dikib nazik barmaqları ilə şalın saçaqlarını oynadır; bənizi lap ağarmışdı, dodaqları titrəyirdi acığından, hamısı da bu balaca otağa görə – niyə, niyə axı?
    O, başa düşdü ki, bir neçə dəqiqədən sonra qayıdıb Sənubərgilə gedəcək, hiss etdi ki, Sənubərin bu saat tək-tənha nöyüt pilətəsinin qarşısında oturmasına – özü də lap balacalaşmış Sənubərin, lap kimsəsizləşmiş Sənubərin – dözmək mümkün deyil. Vovagil karamel fabrikinin yanında olurdular. Bu məhəllədən həmişə şirniyyat iyi gələrdi. Bu şirniyyat iyi, nədənsə, faciəli filmləri onun yadına salardı və bu zaman o özünü daxilən zəngin, daxilən dövlətli bir adam hiss edirdi, çünki onun hamıdan gizlin balaca bir otağı var idi və bu otaqda Sənubər var idi və Sənubərin köşək gözləri var idi, bu köşək gözlər hərdən gülürdü, hərdən tutulurdu. O heç vaxt ac qalmamışdı, heç vaxt darısqallıq çəkməmişdi, heç bir faciə görməmişdi, amma bütün bunları doğma hiss edirdi, elə bil aclıq da çəkmişdi, faciələr də görmüşdü; o, aclıq çəkmiş, pis dolanmış adamların hisslərini duyurdu – hər halda, ona belə gəlirdi. Hərdən özünü faciələr keçirmiş bir adam kimi təsəvvür edirdi və bu cür anlarda onun yeganə mənəvi pənahgahı bu idi ki, hamıdan gizlin balaca bir otağı var və bu otaqda Sənubər var.
    O, yenə də ovcunun altında Sənubərin nazik qabırğalarını hiss etdi, onun ürəyinin döyüntüsünü duydu...
    Köhnə məscidin minarəsindəki işıq sönmüşdü, bığlı kişini yəqin düşürtmüşdülər aşağı, dördçarxlı sankasını sürüb getmişdi evlərinə; indi oturub uşaqları ilə çörək yeyirdi. Bəlkə, heç uşaqları yoxdur? Hər halda, bir adamı olmamış olmaz. O, barmaqlarını büküb arakəsmə qapısını taqqıldatdı. Içəridən Sənubərin səsi gəldi:
    – Gəl. Bağlamamışam.
    O, bir balaca qızardı, çünki Sənubər bilirdi ki, o qayıdacaq və o qayıdıb.
    Sənubər yenə də ayaqlarını altına yığıb divanın küncündə oturmuşdu, saçaqlı şal yenə də baldırlarının üstündə idi, nöyüt pilətəsi yenə də divanın qarşısındakı taxta kətilin üstündə yanırdı, yenə də nazik barmaqları ilə şalın saçaqlarını oynadırdı; gözlərini qaldırıb ona baxdı – elə bil başqa adamın gözləri idi bu gözlər. O, ayaqüstə otağın qapısı ağzında dayanmışdı, nə isə bir söz demək istəyirdi, amma deyə bilmirdi və buna görə pərt olmuşdu. Sənubər onu çağırdı ki, gəl bura; özü də elə çağırdı, elə bil lap taqəti kəsilmişdi. O, Sənubərin bu cür səsini heç vaxt eşitməmişdi, bu səs onun ürəyinə bir xof gətirdi, suçlu adamlar kimi addımlayaraq gəlib divanda Sənubərin yanında oturdu, Cənubər də o saat onu qucaqlayıb başını pencəyinə qısdı və özünü tamam itirmiş halda hiss etdi ki, Sənubər hıçqırır. Əvvəlcə bilmədi nə eləsin, sonra soruşdu ki, nə olub? – Heç özü də bilmədi ki, necə soruşdu. Sənubər daha da bərkdən hıçqırdı. Için-için ağlayırdı Sənubər, bütün bədəni titrəyirdi.
    O özünü lap itirdi. Ömründə heç kim onun yanında bu cür ağlamamışdı. Sənubərin saçlarını öpməyə başladı; sonra başa düşdü ki, bu dəfə özünü saxlaya bilməyəcək; qəhərdən boğula-boğula: «– Nə olub, axı, sənə? – dedi. – Nə olub?» Sənubər heç nə demədi, birdən-birə onun yanaqlarını iki əli arasına alıb dəli kimi üz-gözünü öpməyə başladı və şor tamlı göz yaşı onun bütün sir-sifətinə yayıldı və o, doğrudan da, özünü saxlaya bilmədi; Sənubər yenə də onun başını sinəsinə sıxdı, cod saçlarını qarışdırdı, yanağından öpdü; o, həmişəki kimi, başını Sənubərin sinəsindən çəkmədi, çünki özü öz göz yaşlarından utanırdı.
    – Mənim səndən başqa heç kimim yoxdur! Heç kimim yoxdur səndən başqa! Hər gün gələcəksən mənim yanıma. Sənsiz bir günüm olmasın. Bircə dənəmsən mənim! – Birdən Sənubər onun başını qaldırıb düz gözlərinin içinə baxdı və dedi: – Istəyirsən elə indi sənin olum?
    O, əvvəlcə bu sözlərin mənasını başa düşmədi, necə yəni istəyirsən elə indi sənin olum, bəyəm Sənubər onunki deyildi? Sonra ürəyindən bir üşütmə keçdi, sonra da hirsləndi. Sənubərin axmaqlığına hirsləndi.
    – Hə, istəyirsən? – Sənubər yer üzündəki bütün əzab-əziyyətlərə sinə gərə biləcək bir tərzdə təkrar etdi.
    O, başını Sənubərin əlləri arasından çəkib ayağa qalxdı və elə bil ki, nə edəcəyini bilməyərək pəncərəyə yaxınlaşdı, təkcə bunu dedi ki, lap səfehsən! Sonra pəncərənin qalın pərdəsini kənara çəkib küçənin o biri tərəfindəki məscidə baxdı, ona elə gəldi ki, kim isə məscidin hasarına qısılıb bu pəncərəyə baxır, sonra başa düşdü ki, bu onun özüdür.
    – Lap səfehsən. – O, bir də dedi və hiss etdi ki, Sənubərə sarı çevrilə bilmir, utanır. – Nə olub e, sənə?
    Sənubər arxadan onun çiyinlərini qucaqladı:
    – Heç nə, heç nə olmayıb mənə. Istəyirəm ki, sən mənim olasan. Istəyirəm ki, sən heç vaxt məni tək qoymayasan. Qorxuram tək qalmaqdan.
    O, Sənubərə tərəf çevrilib qızı qucaqladı. Onlar heç vaxt bu cür ayaqüstə qucaqlaşmamışdılar. O, elə bil ki, kənardan bu duruşlarına baxdı: teatrda artistlərin bir-birini qucaqlamağına bənzəyirdi bu qucaqlaşma, amma Sənubər lap balaca idi, lap cılız idi, özü də quş kimi çırpınırdı onun qolları arasında, teatrda artistlər birbirini qucaqlayanda belə çırpına bilməzdilər.
    – Tək niyə qalırsan? – dedi. – Bəs, mən nəyəm? Mən nəyəm bəs? Sənubər elə bil bu sözləri gözləyirdi, yenə dəli kimi onun üz-gözündən öpməyə başladı; Sənubər heç vaxt bu cür qızğın, həm də bu cür köməksiz olmamışdı.
    O, Sənubəri bərk-bərk qucaqladı, elə bil hamıdan, hər şeydən qoruyurdu Sənubəri; elə bərk qucaqladı ki, birdən özü də qorxdu – Sənubərin beli sınar.
    – Bəs, mən nəyəm? Mən nəyəm bəs? – Təkrar etdi, çünki başqa söz tapa bilmirdi.
    – Sən həmişə mənim olacaqsan? – Sənubər onun qolları arasından çıxıb yaşdan parıldayan gözləri ilə düz onun gözlərinin içinə baxdı.
    – Əlbəttə. – O istədi ki, yenə nə isə desin, desin ki, bu nə sözlərdir ki, danışırsan, lap qəribə adamsan, bəyəm başqa cür ola bilər, başqa cür ola bilməz axı; amma heç nə demədi.
    – Sən ömründə qoymayacaqsan ki, mən tək qalım!
    – Əlbəttə.
    – Sən hər gün mənim yanıma gələcəksən! Mən həmişə oturub səni gözləyəcəyəm.
    O, daha heç nə demədi, çünki Sənubərin bu sözləri daha lap mənasız görünürdü, bütün bunlar aydın məsələ idi və bütün bu söhbətlər bu balaca otağa yaraşmırdı. Sənubər onu divana çəkib yanında oturtdu və əlini götürüb içi dovşan dərili qolsuz kürkünün üstündən sinəsinə qoydu və o, başa düşdü ki, bu, Sənubərin təşəkkürü, mükafatı, bəxşişidir.
    Sənubərin rəngi lap solmuşdu; bu solğunluq onun balaca cüssəsini lap kiçiltmişdi, balaca çənəsinin altındakı damarlar lap gömgöy göyərmişdi, köşək gözləri lap alacalanmışdı – bilmirdin nə rəngdədir – ürəyi də elə yavaş vururdu, elə bil bu saat dayanacaq. Birdən ona elə gəldi ki, Sənubər ölə bilər. Bu fikrin gözlənilməzliyindən onu soyuq tər basdı.
    – Sənə nə oldu? – Sənubər bir az ürkmüş halda onun gözlərinin içinə baxdı.
    – Heç nə. – O, əlini Sənubərin sinəsindən çəkib alnının tərini sildi.
    Sənubər gözlərini ondan çəkməyərək soruşdu:
    – Sən fikirləşəndə rus dilində fikirləşirsən?
    Sənubər hərdən elə suallar verirdi ki...
    – Rusca da, azərbaycanca da.
    – Yox, sən həmişə rusca fikirləşirsən, mən bilirəm, azərbaycanca danışırsan, amma rusca fikirləşirsən. – Sənubər gülümsəyib onu qucaqladı. – Sən rusca romanlar oxuyacaqsan, – bilirsən necə romanlar? Hind filmləri kimi – sonra mənə azərbaycanca danışacaqsan, hə?
    – Lap qəribə qızsan e sən. – Onu gülmək tutdu.
    Sənubər hər bir hind filminə üç-dörd dəfə baxırdı, hamısını da ona danışırdı – danışanda da gözləri dolurdu – o da, canını dişinə tutub qulaq asırdı.
    – Danışacaqsan, hə?
    – Hə. – O, yenə güldü.
    Sənubər gözlərini nöyüt pilətəsinə zilləyib nə barədəsə fikirləşirdi. O heç vaxt Sənubərin nə barədə fikirləşdiyini tapa bilməzdi, elə bilirdi ki, Sənubər bir şey barədə fikirləşir, amma Sənubər tamam başqa şey barədə fikirləşirdi.
    Birdən Sənubər ayağa qalxdı:
    – Istəyirsən sənin üçün yemək bişirim?
    O, səhər evdən çıxanda heç nə yeməmişdi və yalnız indi bərk ac olduğunu hiss etdi. Lakin Sənubərin sözləri onun üçün çox qeyri-adi səsləndi, çünki indiyə qədər bu cür sözləri yalnız anasından eşitmişdi – «Nə yeyirsən, bişirim səninçün» və o, indi başa düşdü ki, bütün tanışlıqları ərzində Sənubərdə həmişə öz anasını görmüşdür – özü də bunu bilməyib, amma həmişə belə olub. Qəflətən ağlına gələn bu fikir elə bil onu sehrlədi, elə bil Sənubər də birdən-birə cana gəldi, üzünün solğunluğu getdi, köməksizliyi, kimsəsizliyi öldü, elə bil bu zəif elektrik lampası da otağı daha artıq işıqlandırdı, elə bil bu otaq da böyüdü birdən-birə, amma yenə də onların otaqları idi – onun və Sənubərin, elə beləcə də qaldı.
    – Bu saat sənin üçün yemək bişirəcəyəm, oturub bir yerdə yeyəcəyik. – Sənubər onun cavabını gözləmədən arakəsməyə çıxdı, arakəsmədəki pəncərə sürahisinin altındakı karton yeşiyi çəkib altı-yeddi kartof, bir-iki soğan götürdü, bir göz qırpımında soyub çuqun tavaya tökdü, arakəsmədəki balaca dolabdan bir şüşə günəbaxan yağı çıxarıb tavaya tökdü və tavanı gətirib nöyüt pilətəsinin üstünə qoydu və bir azdan günəbaxan yağının iyi və cızıltısı otağı bürüdü.
    O, ikinci siqareti çıxarıb taxta kətilə sarı əyildi və tavanın altından pilətənin odunda yandırdı, siqaretdən dərin bir qullab vurub günəbaxan yağında kartof qızardan Sənubərə baxa-baxa özünü dünyanın ən xoşbəxt insanı hiss etdi; sonra ayağa qalxıb bu balaca otaqda – onun və Sənubərin otağında – bir az var-gəl etdi, nöyüt pilətəsinin yanında dayanıb dodaqlarını Sənubərin saçlarında gəzdirdi. Sənubər üzünü ona tutub:
    – Bu saat hazır olacaq, – dedi, özü də elə dedi, elə baxdı ki, o özünü saxlaya bilməyib yenə də dodaqlarını Sənubərin saçlarında gəzdirdi.
    ... O, yerində uzanıb qollarını başının altında çarpazlamışdı. Qonşu otaqdan atasının xorultusu gəlirdi. Anası da yatmışdı, qardaşı da yatmışdı, nənəsi də yatmışdı, amma o yata bilmirdi. Əslində o yatmaq istəmirdi, gözlərini yumurdu, Sənubər gəlib dururdu gözlərinin qabağında, özü də Sənubər günəbaxan yağında kartof qızardırdı və hərdən ona baxırdı, onun da dodaqları Sənubərin saçlarında gəzirdi, bu saçların qoxusunu hiss edirdi və yatmaq istəmirdi, çünki bu qoxu onu gələcəyə çəkib aparırdı, həmin gələcəkdə dünyanın ən xoşbəxt iki nəfəri yaşayacaqdı, bu iki nəfər öz balaca otaqlarında oturub günəbaxan yağında qızarmış kartof yeyəcəkdilər və həmişə bir-birilərini sevəcəkdilər.
    Onların neçə aylıq görüşləri heç vaxt bugünkü kimi şirin olmamışdı. O, hiss edirdi ki, bu saat Sənubər də öz gecə köynəyində divanın üstündə uzanıb, güllü yorğanına bürünüb onun haqqında fikirləşirdi.
    Onlar heç vaxt gələcək birgə həyatlarından danışmazdılar, hərdən o, divanın üstündə oturub Sənubərin saçlarını öpəndə – ürəyi kövrələn vaxt – bu barədə danışmaq istəyirdi, amma hər dəfə də Sənubər ona gülərdi, o da o saat söhbəti dəyişərdi. Bu gün isə Sənubər özü danışdı: gələcəkdə ikisi bir yerdə necə yaşayacaqlarından, ona nələr bişirəcəyindən, onun işdən qayıtmağını necə gözləyəcəyindən, axşamlar pilətənin üstündə su qızdırıb onun başını yuyacağından, xəstələnəndə onun belinə banka salacağından...
    O, heç özü də bilmədi ki, necə yuxuya getdi və bütün gecəni yuxuda özünü təyyarədəymiş kimi hiss etdi – elə bil hey uçurdu, hərdən qalxırdı, hərdən enirdi və yuxuda özü də bilirdi ki, bu yuxudur, bilirdi ki, çarpayısında uzanıb yatıb, öz evlərindədir, heç hara getmir, amma ürəyi elə hey uçurdu.
    Səhəri gün məktəbdə uşaqlar ona dedi ki, Izrail Solomonoviç dünən birinci dərsdə sizi görübmüş – səni də, Vovanı da – bildi ki, dərsdən qaçmısınız. Vova qorxusundan birtəhər oldu, amma o, bu xəbərin fərqinə varmadı, çünki dünyanın ən müstəqil adamı idi və heç kimdən çəkinmirdi, heç nədən qorxmurdu, yalnız gözləyirdi, gözləyirdi ki, iki gün gəlib keçsin, Sənubərin anası yenə səfərə çıxıb getsin, o yenə Sənubərgilə getsin, yenə öz balaca otaqlarındakı divanın üstündə, nöyüt pilətəsinin qarşısında otursunlar, yenə əlini içi dovşan dərili qolsuz kürkün üstündən Sənubərin sinəsinə qoysun, yenə dünənki kimi söhbət etsinlər, yenə gələcək birgə günlərini, balaca otaqlarındakı birgə həyatlarını aynadaymış kimi görsünlər, sevsinlər bir-birilərini.
    Axşam evdə anası ondan soruşdu ki, sənə nə olub, gözümə birtəhər dəyirsən? O da anasının üzünə baxıb:
    – Nə olacaq e, heç nə olmayıb! – dedi və özü də bilmədi ki, niyə qışqırır.
    Vaxt elə yavaş keçirdi ki, bilmirdi neyləsin. O, Sənubərgilin məktəbinə getməzdi heç vaxt, hərdən lazım olanda həyətdə dayanıb onu gözlərdi, sözünü deyib çıxıb gedərdi. Onlar heç vaxt birgə gəzməyə çıxmamışdılar, heç kinoya da getməmişdilər. Bir dəfə Sənubər köşək gözlərini qıyıb demişdi: «– Bilirəm, məndən utanırsan, mənimlə camaatın gözünə görünməyə utanırsan, yaraşmıram sənə». O da qıpqırmızı qızarmışdı. Sonralar neçə dəfə istəmişdi Sənubərlə birlikdə gəzməyə çıxsın, amma Sənubər əvvəlcə gülmüşdü, sonra da demişdi ki, yox, elə yaxşısı budur ki, oturaq evciyəzimizdə.
    Bu gün günorta məktəbin həyətində Sənubəri nə qədər gözləmişdisə də görə bilməmişdi – deyəsən, Sənubər dərsə gəlməmişdi.
    Ikinci gün Izrail Solomonoviçin dərsi var idi və sinfə girən kimi onu ayağa qaldırdı, qalın şüşəli çeşməyinin altından acıqla onu süzüb soruşdu ki, srağagün harada idin?
    – Dərsdən qaçmışdım.
    Sinfə elə sükut çökdü ki, milçək uçsaydı, səsi eşidilərdi. Izrail Solomonoviç heyrətlə ona baxıb heç nə demədi və o yerində oturdu.
    ... Sənubərin anası qapıdan çıxanda o, yenə məscidin hasarına qısıla-qısıla tini burulub dayandı. Birdən bığlı kişi minarədən başını çıxarıb qışqırdı:
    – Hə, gəlmisən yenə?
    O, başını yuxarı qaldırdı. Bığlı kişi, həmişəki kimi, gözlərini bərəltdi. O heç özü də bilmədi necə oldusa, bu dəfə sözləşmək əvəzinə, əlini qaldırıb yellədi, yəni salam-əleyküm. Bığlı kişi də, deyəsən əvvəlcə bir şey qanmadı, sonra başını tərpədib gülümsədi, sonra da başı minarənin içində yox oldu. Sənubərin anası gözdən itdi. O, tini buruldu və qənbər döşənmiş küçəni keçib Sənubərgilin çöl qapısından içəri girdi və bir göz qırpımında dəhlizdəki taxta pilləkənləri qalxıb barmağı ilə qapını taqqıldatdı.
    Içəridən Sənubərin səsi gəldi:
    – Gəl, açıqdır, bağlamamışam.
    O, qapını açıb içəri girdi, sonra qapının cəftəsini bağlayıb balaca arakəsmə ilə otağa tərəf gəldi və yerində donub qaldı.
    Sənubər otağın ortasında ayaq üstə dayanmışdı, əynində onun heç vaxt görmədiyi yaşıl don var idi. Bu yaşıl don par-par parıldayırdı, elə bil bu saat alışıb yanacaqdı. Sənubərin bütün sifəti gülürdü – gözləri də, təbəssümü də. Sənubər bu yaşıl donu ilə birlikdə bu otaq dolu xoşbəxtlik içində itib-batmışdı, bu yaşıl donun ətəklərini sığallaya-sığallaya özü öz görkəmindən ləzzət alırdı. Nə taxta kətil var idi divanın qabağında, nə də nöyüt pilətəsi. Bu otaq da onların otağı deyildi, silinibsüpürülmüş lap yad bir otaq idi, təzəcə yuyulmuş taxta döşəmə iyi gəlirdi bu otaqdan.
    – Iki gündür harada itib-batmısan? – Sənubər gözlərini yaşıl donundan ayırıb ona baxdı.
    Onun ürəyi düşdü. O bildi ki, fövqəladə bir hadisə baş verib və bu hadisə onun həyatı ilə bağlıdır və pis hadisədir bu; əslində o, qapını açıb ayağını arakəsməyə qoyan kimi hiss etmişdi ki, nə isə əvvəlki kimi deyil, nə isə çatışmır – nöyüt pilətəsinin iyiydimi, ya nəyidisə – bilmirdi, amma hiss etmişdi. Sənubər yaşıl donunun ətəklərindən tutub gülə-gülə otağın ortasında fırlandı və fırlana-fırlana da dedi:
    – Ərə gedirəm e! Ağahüseyn mənimçün gəlirmiş bizə! ...Indi nişanlanırıq, yayda mən məktəbi qurtarandan sonra evlənəcəyik!..
    O, hiss etdi ki, bu saat qaçıb Ağahüseyni öldürmək lazımdır, amma ürəyinin lap dərinliklərində bunu da hiss etdi ki, artıq hər şey qurtarıb, qurtarıb gedib hər şey, artıq heç kimi və heç nəyi yoxdur.
    – Bəs... bəs, sən sevinirsən? – Heç özü də bilmədi ki, necə soruşdu, lap yad bir adamın səsinə oxşayırdı bu səs.
    – Ərə gedirəm də, ay axmaq! – Sənubər yenə yaşıl donunun ətəklərindən tutub gülə-gülə otağın ortasında fırlandı. Dünən kinoya getmişdik... Bilirsən nə əntiqə kinoydu!.. Oğlan maşın altda qalır, iki ayağını da kəsirlər. Sevgilisi əvvəlcə bunu bilmir. Elə bilir ki, oğlan ona naxələf çıxıb, sonra...
    O, Sənubərin nə danışdığını eşitmirdi, bilirdi ki, bu saat Sənubərgildədir, Sənubər dünən baxdığı filmi danışır, amma nə danışdığını eşitmirdi. O, heç nə barədə fikirləşə bilmirdi, heç nə düşünmürdü, eləcə otağın qapısı ağzında dayanıb Sənubərə baxırdı və əslində Sənubəri də görmürdü, hər tərəfi yaşıl rəng görürdü, bu yaşıl rəngi tərli şüşə arxasından görürdü, hər tərəf par-par parıldayan yaşıl şüa idi.
    – Bir azdan yenə gələcək, bu gün də teatra gedəcəyik. – Daha tək oturmayacağam burda. Daha mən haçan istəsəm gəzməyə gedəcəyik. Sabah da gedib onun evinə baxacağıq, təzə binadadı da evi, tramvay parkının işçiləri üçün tikiblər. Hamamı da var içində...
    O yenə də heç nə eşitmirdi, yenə də tərli şüşə arxasından ancaq rəng görürdü, özü də şüşə lap tərləmişdi, yaşıl şüalar suya dönmüşdü lap və o, hiss edirdi ki, belə olmaz, belə baxmaq olmaz, amma heç nə edə bilmirdi, eləcə dayanmışdı otağın qapısı ağzında.
    – A-a... Nə olub sənə? Ağlayırsan? ... – Sənubər yaxınlaşıb ona baxdı, sonra əlindən tutdu.
    O, daha özünü saxlaya bilməyib o biri əli ilə gözlərini qapadı. O özü başa düşürdü ki, belə olmaz, lap biabırçılıqdır, amma heç nə edə bilmirdi.
    – Bəsdir... Sən mənim canım, bəsdir... Lap uşaqdır e... Mən heç səni belə bilməzdim, lap uşaqsan e, sən... – Sənubər onun əlini ovuşdura-ovuşdura elə hey deyirdi, özü də ürəkdən deyirdi. – Bəsdir də, yaxşı... Istəyirsən yenə öpüm səni? Bəsdir də, bəsdir... Yenə görüşəcəyik də... Sən hələ oxuyacaqsan, məktəbi qurtaracaqsan, sonra institutu qurtaracaqsan, onda yenə görüşəcəyik səninlə ... On ildən sonra yenə görüşəcəyik səninlə... On ildən sonra sən lap yekə kişi olacaqsan... O, Sənubərin üzünə baxmağa cəsarət etmədən geri döndü və ayaqları ayaqlarına dolaşa-dolaşa arakəsmədən keçib titrəyən barmaqları ilə qapının cəftəsini açdı, qaranlıq dəhlizə çıxdı. Qapı ardınca örtüldü.
    Taxta pilləkənləri düşüb, bir müddət qaranlıq dəhlizdə dayandı; bu saat o, hamıdan artıq özündən utanırdı və buna görə də qaranlıqda dayanmaq istəyirdi. Sonra cibindəki üç siqaretdən birini çıxarıb yandırdı və dərin qullab vurub tüstüsünü sinəsinə çəkdi, bir anlıq gözləri qaraldı, başı da gicəlləndi bir balaca, sonra siqareti yerə atdı, ayağı ilə sıxıb söndürdü və küçəyə çıxdı. Əlləri cibində səki ilə üzüaşağı düşürdü. Birdən göyün yeddinci qatından bığlı kişinin səsi gəldi:
    – Hə, gedirsən?
    O, çönüb məscidin minarəsinə tərəf baxdı: bığlı kişi yenə də başını minarənin darısqal pəncərəsindən bayıra çıxarıb ona baxırdı. Bığlı kişi gülümsədi və başını tərpətdi, yəni, işində ol. O, əlini qaldırıb yellədi və nədənsə, elə bil bir balaca yüngülləşdi.
    On ildən sonra... O, başa düşürdü ki, on ildən sonra, doğrudan da, Sənubərlə görüşə bilər, lakin sövq-təbii hiss edirdi ki, o vaxt nə bu küçə bu cür olacaqdı, nə balaca otaqlarını bu cür sevəcəkdi, nə də həmin nöyüt pilətəsi bu cür yanacaqdı. O hiss edirdi ki, on ildən sonra bugünkü kimi bu boyda dünyada heç kəsi yox, ancaq və ancaq bircə nəfər Sənubəri olmayacaq, amma o istəyirdi ki, həmişə bircə nəfər Sənubəri olsun.
    O sövq-təbii hiss edirdi ki, on ildən sonra dodaqlarını Sənubərin saçlarında gəzdirəndə daha ürəyi kövrəlməyəcək və elə bil ki, indidən bu kövrəkliyin həsrətini çəkirdi.
    O hiss edirdi ki, on ildən sonra Sənubərlə bu cür görüşməyəcək, elə-belə, olsaolsa, küçədə rastlaşa bilərdilər, salamlaşıb ötəcəkdilər, bəlkə heç salamlaşmayacaqdılar və keçmişləri yada salıb bu günlərə güləcəkdilər, bu günlərə yuxarıdan aşağı baxacaqdılar. O hələ indidən istəmirdi ki, on ildən sonra, bu günlərə yuxarıdan aşağı baxsın, ələ salsın bu günləri. Sonra birdən-birə ona elə gəldi ki, elə bil indidən on il böyüyüb, əvvəlki adam deyil daha.
    Onun başına cürbəcür başqa fikirlər də gəlirdi və bütün bunlar barədə fikirləşmək üçün gedib dəniz kənarındakı kürsülərdən birində təkcə oturmaq istədi, amma yadına düşdü ki, sabah Izrail Solomonoviçin dərsi var, hazırlaşmaq lazımdır əməlli-başlı – Izrail Solomonoviçlə zarafat etmək olmaz. Cibindəki siqaretləri çıxarıb tullayaraq – gecələr anası ciblərini yoxlayırdı – Vovagilə tərəf üz tutdu ki, paltosunu götürüb evlərinə getsin.
Dekabr, 1970

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (15.01.2014) | Müəllif: R.C E W
Baxış: 1477 | Reytinq: 3.0/3
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more