Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-O yeri biz tapa bilmərik
O YERİ BİZ TAPA BİLMƏRİK...
(Suallara cavab)

     Vaqif Bayatlı Onər: Elçinin «Ədəbi düşünçələr»ində oxudum ki, İlyas müəllimlə Vidadi Məmmədovu xatırlayıblar. Sonra İlyas müəllim göyə baxıb, ondan soruşub ki, səncə, Vidadi indi göy üzünün harasındadır? Mən də Elçin müəllimdən soruşmaq istəyirəm ki, görən biz hardayıq, göy üzünün harasında?
     Elçin. - Əzizim Vaqif, o yeri biz tapa bilmərik, çünki hələ ki, biz bu dünyanın sakinləriyik... Sənin sualının cavabı, yəqin, biz göy üzünə köçəndən sonra bilinəcək.
     Fəridə Məmmədova: Elçin müəllim, komediyalarınızda söyüş çox olur. Həyatda da beləsiniz?
     Elçin. - (Gülür.) Yox. Səhnədəki o söyüşlərin isə müəllifi, çox zaman mən yox, ifaçı artistlərin özü olur...
     Sədi, «Xalq cəbhəsi» qəzeti: Yazıçılar nə vaxtacan ssenari yazıb kinomuzu yaman günə qoyacaqlar?
     Elçin. - Bəs ssenarini kim yazmalıdır? Ssenariçinin özü də yazıçı deyil?
     Nərgiz, Əfəndiyevlərin daimi oxucusu: Ədəbiyyat yolunuzu övladlarınız davam etdirirmi?
     Elçin. - Hələ ki, tam şəkildə yox. Böyük qızım Günay həkimdir, amma yazı-pozuya da həvəslidir, hətta bir hekayə də dərc etdirib...
     Qulu Ağsəs. İlyas Əfəndiyevin oğlu olmaq yazıçı Elçinə nə qədər kömək eləyib və nə qədər mane olub?
     Elçin - İlyas Əfəndiyevin oğlu olmaq yazıçı Elçinə yaradıcı mühit, lap körpəlikdən kitaba, sənətə hörmət mənasında kömək edib. Heç bir maneçilik isə olmayıb. Bəzən gülməli hadisələr olub. Misal üçün, mən 25 yaşında «Azərbaycan bədii nəsri ədəbi tənqiddə» adlı namizədlik dissertasiyası yazıb müdafiə etdim. Müdafiə zamanı rəhmətlik Abbas Zamanov, Mehdi Məmmədov və başqaları bu işə görə birdən-birə doktorluq adı verməyi təklif edirdilər. Sonra o vaxtın qaydasına görə iş təsdiq olunmaq üçün Moskvaya, Attestasiya Komitəsinə göndərildi. O zaman ora Bakıdan bir atəşli anonim məktub yazmışdılar ki, bu dissertasiyanı Elçin özü yox, atası yazıb. Rəhmətlik İlyas Əfəndiyev gülə-gülə deyirdi ki, əşşi, mənim dissertasiya yazmaq hövsələm olsaydı, əvvəlcə elə özümçün yazardım də... Beləcə böhtan və şayiələri mən lap cavanlıq çağlarımdan görmüşəm və təəssüf ki, görə-görə də gəlirəm...
     Jurnalist: Deyirlər ki, Baş nazirin müavini kimi, Azərbaycandakağız mafiyasına Siz başçılıq edirsiniz. Qəzetləri niyə sıxışdırırsız?
     Elçin. - (Gülür.) Görürsüz ki!.. Adsız jumalist dostumu nigaran qoymaq istəmirəm. Yox, əzizim, mən heç bir mafiyaya və o cümlədən dediyiniz o «kağız mafiyası»na da başçılıq etmirəm. Ümumiyyətlə, mənim belə bir bacarığım yoxdur.
     Rəşad Məcid «525-ci qəzet»in Baş redaktoru: Son bir neçə ayda «525-ci qəzet»də Sizin üç hekayəniz dərc olunub. Şənbə günü dərc olunan «Sarı gəlin»in təsirindən hələ də çıxa bilməmişəm. Hekayədə azərbaycanlı musiqiçi Fətulla kişinin qədim bir balabanın Nyu-Yorkda BMT-nin ofisi yanında yaşayan bankirin evinə gedib çıxmasından danışılır. Uzun müddət «Sarı gəlin»ə həsrət qalan həmin balaban qəfildən BMT-nin ofisinin yanında öz-özünə başlayır çalmağa. «Sarı gəlin»in bu yanıqlı nidası həmin BMT-nin ofisində də eşidiləcəkmi? Hekayədəki kimi o mahnını eşidib havalanan olacaqmı? Elçin müəllimin hekayələrinin adətən davamı olur? Bu hekayənin davamı olacaqmı?Bilirəm ki, xeyli müddət məzuniyyətdə olmusunuz. «Sarı gəlin»dən başqa sürprizlər də olacaqmı? Son vaxtlar dərc olunan hekayələrində indiki iqtisadi çətinliklər dəqiq və inandırıcı təsvir olunub. Elçin müəllim Baş nazirin müavinidir, əsasən, rəsmi tədbirlərdə olur. Bu insanların problemlərindən necə xəbər tutur? Necə olur ki, problemləri belə dərindən bilir? Özü təmasda olur həmin adamlarla, yoxsa bütün bunlar, sadəcə, təxəyyülünün nəticəsidir?
     Elçin - Əvvala, «Sarı gəlin»lə bağlı o hissiyata görə çox sağ ol, ikincisi, əzizim Rəşad, mən də çox istərdim ki, «Sarı gəlin»in nidası sənin dediyin o rəmzi mənada BMT-də eşidilsin, amma təssüf ki, bu nə sənin, nə də mənim istəyimdən asılıdır. Əgər eşitsəydilər, bu gün Qarabağ düyünü açılmış olardı. Eşitsəydilər, bədnam 907-ci düzəliş olmazdı. Eşitsəydilər, elə BMT-nin özünün qərarları yerinə yetirilərdi.. Bu hekayənin davamı olacaqsa - güman edirəm ki, olacaq - onu oxucular, Allah qoysa, «525»-də oxuyacaqlar. Bəli, məzuniyyətdə oldum və xeyli işlədim (belə məzuniyyətdən danış!). Amma sənin dediyin o «sürpriz»lər yəqin ki, zamanı yetişəndə üzə çıxacaq. Təkcə onu demək istəyirəm ki, bizim çox istedadlı rejissorumuz Mehriban Ələkbərzadə üçün «Qatil» adlı bir dram yazmışam. O ki, qaldı, «insanların problemlərindən necə xəbər tuturam», sən uzun müddətdi məni tanıyırsan, həm də fəhmli bir adamsan, ona görə də mənə verdiyin sualın cavabını da özün tap ki, Elçin «özü təmasda olub həmin adamlarla, yoxsa bütün bunlar sadəcə təxəyyülünün məhsuludur»?
     Orxan: Həsənağa Turabovun belə qəfil işdən çıxmasına necə baxırsınız? Ola bilərmi ki, eyni aqibət Sizi də gözləsin? Siz, bir də Polad Bülbüloğlu vəzifədə olan sənət adamlarısız. Sizinçin nə vacibdir, məmurluq karyerası, yoxsa yaradıcılıq?
     Elçin - Həsənağa Turabov bizim çox ləyaqətli və istedadlı sənət adamlarımızdan biridir və uzun illərdir ki, mənim də şəxsi dostumdur. O, ərizə verərək teatrın rəhbərliyindən gedib, sənətdən getməyib. Eyni zamanda, Həsənağa Turabov Teatr Xadimləri İttifaqı kimi nüfuzlu bir təşkilatın başçısıdır. O ki, qaldı, mənimlə bağlı dediyiniz o «aqibətə», məndə heç vaxt elə bir «aqibət» xofu olmayıb, vəzifə daimi bir şey deyil və bundan da nə sensasiya, nə də faciə etmək lazımdır. İkinci sualınıza gəldikdə isə, mən bunu həmişə demişəm və yenə də təkrar edirəm: mən ilk növbədə yazıçıyam.
     Mənsurə İbadova, filoloq: Elçin siyasi xadimdir, ədəbi xadim?
     Elçin. - Elə bilirəm ki, bu suala artıq cavab verdim. Bir də ki, şəxsiyyəti bir neçə yerə ayırmaq lazım deyil, insan onsuz da mürəkkəb bir varlıqdır...
     Rasim Qaraca: 60-cı illər ədəbi nəsli sıralamasında özünüzü neçənci yerdə görürsünüz? Nəyə görə? Dünya ədəbiyyatı nümunələrinin dilimizə tərcümə olunması məsələsi problem olaraq qalmaqdadır. Nə üçün imkanlarınızdan istifadə edib bu məsələdə dönüş yaratmırsınız? Bunu Siz etməsəniz, kim edəcək?
     Elçin - Ədəbiyyatda hər yazıçının öz yeri var və bu yer həmin «sıralama» çərçivələrinə sığışmır. Elçinin 60-cı illər ədəbi nəslinin yaradıcılığında öz məxsusi yeri var, ondan yaxşı da yaza bilərlər, ondan pis də yaza bilərlər, amma onun yazdığını heç kim yaza bilməz. Bu, ədəbiyyatda və ümumiyyətlə, sənətdə mənim üçün çox prinsipial bir məsələdir.Tərcümə sahəsindəki dönüşü isə ilk növbədə istedadlı tərçüməçilər yaratmalıdır və o tərcüməçiləri yetişdirmək isə bizim borcumuzdur. Bu gün Azərbayçanda tərçümə sahəsindəki əsas problem odur ki, dünya ədəbiyyatını bilavasitə orijinaldan - ingilis dilindən, fransız, alman, ispan, yapon, çin və b. dillərdən Azərbaycan dilinə istedad və səriştə ilə çevirəcək tərcüməçilər yoxdur. Eləcə də əksinə, Azərbaycan ədəbiyyatını həmin dillərə tərcümə edə biləcək yaradıcı qələm sahibləri yox dərəcəsindədir. Bəli, biz Füzulini də, Mirzə Fətəlini də, Mirzə Cəlili də, Sabiri də dünya ictimaiyyətinə layiqincə təqdim etməyi bacarmamışıq, bu - faktdır. Ancaq bu işi bizim yerimizə hansısa bir ingilis, yaxud fransız gəlib görməyəcək. Bu işi biz özümüz görməliyik. Hətta rus dili ilə bağlı da, bizim səriştəli tərcüməçilərimizin sayı o qədər də çox deyil. Mən hələ 70-80-ci illərdə bu barədə cox yazmışam, çox məsələlər qaldırmışam. O zaman Azərbaycan dilində «Dünya ədləbiyyatı kitabxanası»nın, «Uşaq ədəbiyyatı kitabxanası»nın ilk proyektlərinin müəllifi mən olmuşam, onların layihələrini, mündərəcatını, annotasiyalarını özüm makina arxasında oturub bir-bir yazmışam və sonralar həmin nəşrlərin bir çox cildləri də çapdan çıxdı. Amma təəssüf ki, 80-ci illərin sonlarından etibarən davam etmədi. Mən klassik yapon poeziyasından nümunələri dilimizə çevirib, onlara şərhlər yazaraq «Nərgizin bircə ləçəyi» adı ilə 1979-cu ildə kitab kimi nəşr etdirdim. Bu, klassik yapon ədəbiyyatı ilə bağlı Azərbayçanda nəşr olunmuş ilk kitab idi. Amma, əlbəttə, yaxşı olardı ki, o kitab bilavasitə yapon dilindən tərcümə olunaydı. Mən isə onları rus dilindən tərcümə etmişdim. Yaxud 1982-ci ildə müasir dünya ədəbiyyatından (yadıma gəlir, Moruanın, Laksnesin, Truayyanın, Skott Fitsçeraldın, Bredberinin, Apdaykın və b. hekayələri idi, Pirandellonun, Malsın, Xoinskinin pyesləri idi və s.) nümunələr tərcümə edib «Necə oldu ki, Pyer Duş məşhurlaşdı?» adı ilə nəşr etdirmişdim. Sonra Molyerin komediyalarını tərcümə etdim... Ancaq, sual verən dostum düz deyir, tərcümə, həll olunması vacib, çox aktual bir problem kimi gündəlikdədir və biz bir sıra tələbənin xarici ölkələrdə bu sahədə təhsil almağa getməsinə nail olmuşuq. Onlar təhsillərini başa vurub Vətənə qayıtdıqdan sonra, ümid edirəm ki, bədii tərcümə sahəsində bir dönüş mərhələsi başlayacaqdır. Mənim üçün xoşdur ki, yeni ədəbi gəncliyin nümayəndələri tərcümənin əhəmiyyətini bu sualdakı kimi qiymətləndirməyi bacarırlar.
     Lalə: Bu gün teatrlarımızda Sizin əvvəlki əsərləriniz səhnələşdirilir. Həmin pyeslərə düzəlişlər edirsinizmi?
     Elçin. - İndiyə qədər mənim iki romanım - «Mahmud və Məryəm» və «Ölüm hökmü» - bizim istedadlı və zəhmətkeş rejissorumuz Loğman Kərimovun təşəbbüsü ilə səhnələşdirilib və Gənc Tamaşaçılar Teatrındatamaşaya qoyulub. Onlarayalnız dramaturji baxımdan əl gəzdirmişəm. Bu yaxınlarda isə Şuşa Dövlət Teatrı mənim iki hekayəm - «Şuşaya duman gəlib» və «Ayaqqabı» - əsasında yenə də Loğmanın təşəbbüsü və quruluşu ilə tamaşa göstərib. Qalanları isə - «Ah, Paris, Paris!..», «Mən sənin dayınam», «Mənim sevimli dəlim», «Mənim ərim dəlidir», «Poçt şöbəsində xəyal» - orijinal səhnə əsərləridir.
     Anonim: Sifarişlə dram əsəri yazırsınızmı? İlyas müəllimə neçə, teatrdan sifariş verilirdimi? Və ümumiyyətlə, sifarişli pyeslərin keyfiyyəti barədə nə fikirdəsiniz?
     Elçin. - Mən sifarişlə nəinki dram əsəri, ümumiyyətlə, heç bir bədii əsər yazmamışam. Yalnız gənclik çağlarında qonarar xətrinə, Mədəniyyət Nazirliyinin sifarişi ilə rus dilindən cürbəcür pyeslər tərcümə etmişəm, yaxud Səhiyyə Nazirliyinin sifarişi ilə sağlamlıq plakatlarına (misal üçün, qrip əleyhınə) mətnlər yazmışam və indi onlar xoş və gülməli bir xatirə kimi hərdən mənim yadıma düşür. İlyas Əfəndiyev də sifariş ilə heç bir bədii əsər yazmayıb. İstəyir sifarişlə yazılmış olsun, istəyir sifarişsiz, o əsərin ki, bədii-estetik səviyyəsi yüksəkdir, deməli, yaxşıdır, aşağıdırsa, pisdir.
     Müəllimə: «Molla Nəsrəddin» bir gün dil-ədəbiyyat müəllimlərinin nəzərinə çatdırır ki, Əhməd ölüb, özünüzə başqa bir mübtəda tapın. Deyirəm, görən bir gün «Və» ölsə, Elçin müəllim neyləyər?
     Elçin. - Əvvəla müəllimədən xahiş edirəm ki, «Və»ni ölməyə qoymasın, çünki çox vacib bağlayıcıdı və mən də onu çox sevirəm, müəllimə düz tutub. İkincisi də, arzu edirəm ki, hörmətli müəllimə mənim (və eləcə də, başqalarının) yazılarımı oxuyanda «Qrammatika»dakı bəzi təriflərə bir az azad, sərbəst, yaradıcı yanaşsın. Ancaq ümumilikdə isə «Qrammatika» qaydalarına riayət etmək lazımdır.
     Tahir Məmmədov: Yazıçıların ədəbiyyata dair fikirləri heç də öz yazdıqlarından az maraqla oxunmur. Anarın esseləri, Əkrəm Əylislinin «Ədəbiyyat yanğısı» kitabı və Sizin «Ədəbi düşüncələr» ədəbiyyatsevərlər arasında kifayət qədər populyarlıq qazanıb. Bu, həm də ədəbi tənqidin zəifliyinə dəlalət etmir ki?
     Elçin. - Bu gün Azərbaycanda ədəbi tənqid tam bir böhran içindədir. Amma güman edirəm ki, sizin adlarını çəkdiyiniz yazıların maraq doğurması yalnız ədəbi tənqidin zəifliyinə görə deyil.
     Araz: Mətbuatdan öyrəndim ki, gələcək seçkilərdə prezidentliyə namizədliyinizi irəli sürmüsünüz. İqtidara gəlsəniz, bu iqtidardan nəylə fərqlənəcəksiniz?
     Elçin. - Mən heç vaxt, heç kimin yanında prezidentliyə namizədliyimi irəli sürməmişəm və sürməyəcəyəm, sadəcə olaraq ona görə ki, heç vaxt belə bir fikirdə olmamışam və hörmətli Araz, sizi inandırıram ki, heç vaxt da belə bir fikirdə olmayacağam. Allah qoysa, 2003-cü ilin seçkilərində mən, həmişə olduğu kimi, yenə də yalnız və yalnız seçici kimi iştirak edəcəyəm.
     Anonim: «Vətən» Cəmiyyəti Sizin sədarətiniz dövründə xaricdə yaşayan azərbaycanlılarla ardıcıl iş aparıb, Azərbaycan lobbisinin yaranmasında əlindən gələni əsirgəmirdi. Baş nazirin müavini vəzifəsinə təyin olunandan sonra bu Cəmiyyətin işi sönük görünür. Bəlkə Siz əvvəlki vəzifənizə daha çox lazım idiniz?
     Elçin - «Vətən»in fəaliyyəti ilə bağlı dediyiniz səmimi sözlərə görə çox sağ olun. Ancaq «Vətən»in bugünkü fəaliyyətini qiymətləndirəndə, elə bilirəm, nəzərə almaq lazımdır ki, dövr dəyişib, qorxunc sovet sərhədləri qaldırılıb, söz azadlığıdır, gəliş-gediş tamam sərbəstdir və s. İndi «Vətən»dən on il bundan əvvəlki kimi bir fəaliyyət tələb etmək, güman ki, düz deyil. Vəzifəyə gəldikdə isə, mən «Vətən»dəki vəzifəmdən çıxmamışam...
     Zamin Haçı «Azadlıq» qəzeti: «Ölüm hökmü»nü yazmış Elçin özünü yazıçı kimi hiss edirmi?
     Elçin - Bilmirəm, bu sualın müəllifi gəncdir, yoxsa yox, amma bu sualı yaradan daxili ovqat mənə elə həmin «Ölüm hökmü» romanındakı tələbə surətini xatırlatdı. Bu sualın arxasında, daxili aləmin dərin və qaranlıq, dibi görünməyən, bəlkə də faciəvi bir qadirsizlik, əlacsız bir qadirsizlik kompleksi var... Belə adamlardan incimək olmaz, çünki həyat onsuz da onlar üçün müsibətdir... Çingiz İskəndərzadə: Elçin müəllim ən yaxşı yazıçılardan biridir. Həm də Nazirlər Kabinetində sədr müavinidir. Vəzifə sahibi olub, korrupsiyaya qarşı mübarizə aparırmı?
     Elçin. - Hörmətli Çingiz! Korrupsiyaya qarşı hamımız birlikdə mübarizə aparmalıyıq. Rüşvət alan, deyək ki, bəli, vəzifə sahibidir. Bəs rüşvət verən kimdir? Korrupsiya qarşılıqlı bir anlayışdır və ona qarşı mübarizə bütün millətin daxilində olmalıdır.
     Arifə Mahmudova: Dövr dəyişdikcə, adamların adətlərə münasibəti də dəyişir. İllər uzunu «Mən Allahı öz içimdə görürəm» deyən Ramiz Rövşən də indi oruc tutur. Siz necə? Bu il oruc tutdunuz?
     Elçin. - Ramizin oruç tutmağı ilə Allahı öz içində görməsi arasında mən bir təzad görmürəm. Şəxsi səciyyəli suallar isə, ona görə şəxsi səciyyəlidir ki, onları mətbuat vasitəsilə verməzlər...İndi isə, deməli, dostum Kamal Abdullaya bir sual verməliyəm? Yaxşı... «- Əzizim Kamal, necəsən?»
2001.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (22.08.2014) | Müəllif: R.C E W
Baxış: 376 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more