Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-«O işıq əsla sönməz...» (Məqalə)
«0 İŞIQ ƏSLA SÖNMƏZ...»
(Ömər Faiqi düşünərkən)


     Sənətkarın taleyi, əlbəttə, onun yaradıcılığının, əməllərinin taleyidir, lakin, bununla belə, sənətkarın taleyi həm də insan taleyidir və şəxsiyyət ilə yaradıcılıq, deyilən sözlə əməl bir-birini tamamladıqda, bir-biri ilə bağlı olduqda, bu tale eyniləşir, yaradıcılıq ilə şəxsiyyət eyni yüksəklikdə dayanır, acısı eyni dərəcədə təsirli, şirini eyni dərəcədə fərəhli olur.
     Ömər Faiq Nemanzadə (1882-1938) Azərbaycan mədəniyyətinin o tarixi simalarındandır ki, onlar bütün ömürlərini xalqın inkişafı naminə heç nədən çəkinməyən, yorulmaq bilməyən bir fəaliyyətə - böyük hərfli Mütəfəkkir-Vətəndaş fəaliyyətinə həsr etmişlər və bu böyük fəaliyyət nə qədər ali, işıqlı olmuşsa, şəxsi həyat bir o qədər acı, uğursuz və etibarsız olmuşdur.
     Ömər Faiq 1905-ci ildə «Ağacı qurd içindən yeyər» adlı silsilə məqalələrindən birində yazırdı: «Ay mənim sevgili, məzlum millətim, vaxtdır oyanaq. Vaxtdır, iş görək» və onun özü bu mənada şəxsi nümunə idi, onun bu çağırışı ilə, dediyi sözlər ilə əməli arasında üzvi bir vəhdət var idi, beləcə «iş görmək» ehtirası çətin ömründə heç vaxt onun qələmindən, fəaliyyətindən əskik olmamışdır. O, 1907-ci ildə «Molla Nəsrəddin»də çap etdirdiyi vətəndaş qayəli yazılarına görə çar müstəmləkəçiləri tərəfindən həbs olunarkən, M.Ə.Sabir «Soldumu gülzarın, ey Faiqi-Neman pəsər» - deyə öz əməl və əqidə dostunun faciəsini zamanın, şəraitin kontekstində bütün ictimai eybəcərliyi ilə açıb göstərirdi:
Söyləmədimmi sənə, rahat otur, heyfsən,
Çəkmə bu millət qəmin, çək özünə keyf sən...

     Daha sonra:
Fayidə verməz, dedim, etdiyin əfgan sənə,
Halına yandıqların eyləməz ehsan sənə,
Məskən olur aqibət guşeyi-zindan sənə,
Guşeyi-zindan sənə iştə məkan oldumu?
Şimdi sənə mən deyən mətləb əyan oldumu?

     Sabir dövrü, nadanlığı, qeyrətsizliyi ifşa edən öldürücü sar- kazmla dolu, yüksək bədiiliklə vətəndaşlığın dialektik vəhdəti kimi meydana çıxan suallarını davam etdirirdi:
«Mən demədimmi sənə başda otur tactək,
Durma müqabil bəla tirinə amactək,
İstəmə hürriyyəti fələyi-möhtactək;
Mən demədimmi... sənə girmə işə can ilən?..»

     Lakin başqa cür mümkün deyildi, əgər başqa cür mümkün olsaydı, onda Faiq də «Canı çıxsın ki, görür min cürə zillət millət» - deyən Sabir poeziyasının qəhrəmanı «inteligentlər»dən, «boynu qraxmallılar»dan biri olardı. Nə çox idi belələri... Belələri Faiqə qədər də, Faiqdən sonra da həmişə olublar...
     Professor Abbas Zamanov yazır: «Ömər Faiqin taleyi elə gətirmişdir ki, onun mətbuatımızın tarixindəki yüksək xidmətləri uzun müddət layiqincə qiymətləndirilməmişdir». Professor Əziz Mirəhmədov da taleyin bu ədalətsizliyini qeyd edir: «Vaxtilə Faiqin «Molla Nəsrəddin» tarixindəki mövqeyi, «Qeyrət»in təşkil və idarə edilməsindəki rolu yad edilmir və layiqincə qiymətləndirilmirdi».
     Ömər Faiqin yaradıcılığına və fəaliyyətinə, onun Azərbaycan mədəniyyətinin inkişafındakı roluna tendensiyalı münasibət elə bir yerə gəlib çatmışdı ki, hətta Mehdi Hüseyn və Mikayıl Rəfili kimi görkəmli ədəbiyyat xadimləri belə, «Molla Nəsrəddin» jurnalı ilə bağlı bir-biri ilə mübahisə edərkən ən ağır və haqsız sözləri Faiqin ünvanına söyləmişlər.
     Qəribədir, bu işıqlı şəxsiyyətin taleyi, elə bil ki, lap əvvəldən beləcə nəhs gətirib, Faiq vətəndaşlığı, Faiq ürəyinin xalqla bağlı hərarəti, Faiq əqidəsinin alovlu ehtirası, əslində, olduğu kimi (və layiq olduğu kimi) duyulmayıb... Hələ 1919-cu ildə Şərif Mirzəyev adlı bir müəllif «Qruziya» qəzetində çap etdirdiyi «Ömər Faiq əfəndinin adı ətrafında» adlı maraqlı məqaləsində yazırdı ki, Azərbaycan xalqının «tarixinə «Ömər» deyə daha bir işıqlı ad yazılmışdır və olsun ki, bu ad müasirləri tərəfindən hələ layiqincə qiymətləndirilmir...».
     Dünyada nə qədər qələm sahibi var, bir o qədər də məxsusi tale var...
     «Təqsir taledə deyil, insanın özündədir» - deyirlər və bəzən bu söz (söhbətimizlə bağlı indiki halda olduğu kimi!) nə qədər ədalətsiz səslənir, lakin biz başqa sözləri də xatırlayırıq, xalqın uzun-uzadı əsrlər boyu müdrik müşahidəsinin nəticəsi olan sözləri: «haqsızlıq cücərər, amma bitməz».
     «Molla Nəsrəddin» məktəbi və bu məktəbin əməlləri Azərbaycan xalqının tarixində elə bir mövqe tutur ki, burada haqsızlığa uymaq, təhriflərə yol vermək, kimisə unutmaq, kiməsə əhə- miyyət verməmək uzun müddət mümkün ola bilməz. Ömər Faiq də bu məktəbin ən görkəmli nümayəndələrindən biri idi, həmin məktəbin banisi Cəlil Məmmədquluzadənin, Abbas Zamanovun yazdığı kimi, «ən yaxın, ən sadiq havadarı və köməkçisi» idi.
     Cəlil Məmmədquluzadə əsrimizin əvvəlində Tiflisdə nəşr olunan «Şərqi-rus»la əməkdaşlıq etmişdi və bu barədə «Xatiratım»da yazırdı: «Şərqi-rus» qəzeti mənim üçün iki babətdən xoş, qiymətli yadigar oldu: birinci tərəfi budur ki, möhtərəm ədibimiz Məhəmməd ağa Şahtaxtlı məni öz qəzetinin idarəsinə cəlb etməklə, məni qəzet dünyasına daxil etdi. İkinci tərəfi odur ki, bu qəzetin idarəsində mən elə bir yoldaşa rast gəldim ki, onun varlığı ilə, onun yoldaşlığı ilə «Molla Nəsrəddin» məcmuəsini bina etdim. Daha doğrusu, onunla bərabər, onunla birlikdə «Molla Nəsrəddin» məcmuəsini bina etdik».
     1906-cı ildən başlayaraq çıxan «Molla Nəsrəddin»in hər bir nömrəsi, xüsusən, ilk beş ildə məhz belə bir «yoldaşlığın» özünü- ifadəsi idi, çünki həmin yoldaşlıq xalqa, onun zəngin dilinə, mədəniyyətinə, keçmişinə və sabahına xidmət üzərində qurulmuşdu. Bu xidmətin mükafatı təqib, təhqir və məhrumiyyətlər idi. Lakin nə böyük Mirzə Cəlil, nə də onun yaxın dostu və köməkçisi Ömər Faiq mükafat üçün işləmirdi. Həmin «yoldaşlığın» mənəvi özünü- ifadəsi tam şəkildə özünütəsdiqə çevrilmişdi.
     Gürcüstan Mərkəzi Dövlət Tarix Arxivində maraqlı bir ərizə mühafizə olunur. Bu ərizəni 1909-cu il noyabrın 3-də «Axalsix qəzasının Asxur kəndinin sakini, hazırda Tiflis şəhərindəki Davidovski küçəsi, 24 saylı evdə yaşayan Ömər Faiq Nemanzadə» rus dilində yazmış və Tiflis qubematoruna göndərmişdir. Ərizədən bizə məlum olur ki, «Molla Nəsrəddin» nəşrə başladıqdan üç il sonra, mürəkkəb bir dövrdə, böyük siyasi-ictimai publisistik fəaliyyət göstərdiyi bir vaxtda, bütün bunlar hamısı az imiş kimi, Ömər Faiq Tiflisdə Azərbaycan dilində «Torpaq» adlı yeni biray- lıq jurnal nəşr etmək istəyirmiş. Ərizədə «Torpaq» jumalının 16 bəndlik proqramı göstərilir və bu proqram başdan-başa xalqın gündəlik təsərrüfat qayğılarına həsr olunub. Əlbəttə, belə bir proqramla nəşr ediləcək jurnal müstəmləkəçi üsuli-idarənin yürütdüyü siyasətlə daban-dabana zidd idi...
     Əsrin əvvəllərindən başlayaraq Mirzə Cəlil ilə Faiq ömürlə- rinin axırına kimi bir-birini qiymətləndirən, bir-birinə dərin ehtiram bəsləyən sadiq dostlar olmuşlar. Mən, Həmidə xanımın «Mirzə Cəlil haqqmda xatirələrim» kitabından iki sitat gətirmək istəyirəm, biri onların müştərək həyatlarının başlanğıcından, biri də həmin həyatın son anlanndan. Həmidə xanım 1905-ci ildə Tiflisdə, jurnalist İsa Sultan Şahtaxtlının arvadı Sofiya xanımm evində Cəlil Məmmədquluzadə ilə ilk görüşünü təsvir edir. Həmin görüşdə Mirzə Cəlili onun «dostu və şəriki» Ömər Faiq müşayiət edirdi. «Xatirələrim»in axırında Həmidə xanım 1932-ci il yanvar ayının 4-də gündüz saat 3 radələrini - Mirzə Cəlilin həyatının son dəqiqələrini təsvir edir: «Nəhayət, Ənvər, Teymur və Mirzə Cəlilin köhnə dostu Faiq əfəndi gəlib çıxdı». Mirzə Cəlil sonuncu nəfəsini onların əhatəsində alır. Bu adamlardan biri bütün ömrü boyu xalqının dərdini çəkmiş böyük yazıçı-və- təndaşın oğlu, ikincisi onun yaxın ailə üzvlərindən biri, üçüncü- sü isə məhrumiyyətlərə, təhqirlərə, ədalətsizliklərə sinə gərə- rək xalqın özünü tanıması üçün, öz böyüklüyünü dərk etməsi üçün Mirzə Cəlillə çiyin-çiyinə əlindən gələni əsirgəməyən əqidə və mübarizə dostu idi.
     Bu əqidə və mübarizə dostluğu Faiqin «son dərəcə hürriyyətpərvər» adlandırdığı «MollaNəsrəddin» jurnalındakı birgə fəaliyyətdən daha əvvəl başlamışdı və onlar hələ 1905-ci ildə Tiflisdə «Qeyrət» mətbəəsini təsis etmişdilər. Bu mətbəə Azərbaycan ədəbiyyatının, jumalistikasmın inkişafmda və ən əsası, onun yayılmasmda çox böyük rol oynamışdır. Ədəbiyyatşünas Xeyrulla Məmmədov haqlı yazır ki: «Qeyrət» mətbəəsinin, birinci rus inqilabmdan sonra Bakıda yaranan Orucov qardaşları nəşriyyatmm fəaliyyətinə qədər Azərbaycanda realist ədəbiyyat böyük çətinliklərlə çap olunurdu». Adı da çox rəmzi məna daşıyan bu mətbəənin fəaliyyətinin əsas yükü Ömər Faiqin çiyinlərinə düşürdü.
     Bütün bunlara görə də biz Ömər Faiq Nemanzadənin «Əsərləri»nin nəşrini ictimai-mədəni həyatımızda əhəmiyyətli bir hadisə hesab edirik. Professor Şamil Qurbanovun Sahib Rzayevlə birlikdə tərtib etdiyi və professor Kamran Məmmədovun redaktəsi ilə nəşr olunmuş bu kitabm qiyməti orasındadır ki, Ömər Faiqin publisistikasmdan nümunələr ilk dəfə bir yerə yığılmışdır və səliqə ilə, sevə-sevə müasir oxucuya təqdim olunmuş bu əsərlər müəllifin istedadı, əqidəsi, fəaliyyəti və xidməti haqqında geniş təsəvvür yaradır; eyni zamanda bu kitab onu da bir daha sübut edir ki, həyatını xalqının mənafeyi naminə yaşamış qələm sahibi heç vaxt unudula, «qiymətləndirilməyə» bilməz.

***


     Əsrin əvvəlləri idi. «Molla Nəsrəddin» hələ nəşr olunmurdu, lakin «Molla Nəsrəddin» işığı uzaq üfüqü yavaş-yavaş işıqlandırırdı və həmin dövrdə, Mirzə Cəlil xalqın inkişafı naminə iş görmək, fəaliyyət göstərmək ehtirası ilə alışıb-yandığı bir çağda məhz Ömər Faiqə müraciət edir: «Faiq, hələ durmusan? Məgər durmalı əsrdir? Məgər dinməmək olar?».
     Əlbəttə, «durmalı əsr» deyildi, əlbəttə, «dinməmək» olmazdı və Faiq bunu dərk edirdi, bütün xisləti ilə, zehni, qüvvəsi ilə «dinmək» əzmində idi, öz xalqı ilə üzbəüz dayanıb açıq danışmaq əzmində idi. Faiq «Ziyarət» adlı felyetonunda həmvətənlərinə müraciətlə yazırdı: «Bəs, deyirsən «mənim gözüm var». Bəs, deyirsən «mənim qulağım var». Bəs hanı?». Faiq bu gözləri açmaq istəyirdi ki, həqiqəti görsün. İstəyirdi ki, bu qulaqlar həqiqəti eşitsin.
     Ömər Faiq çar müstəmləkəçiliyi siyasətinin mahiyyətini dərk edən, bu siyasəti inqilabçı-demokratik mövqedən işıqlandıran bir qələm sahibi idi və hər cürə ətalət, «dözmək» əhvali-ruhiyyəsi də onun üçün həmin siyasət qədər ağır, dözülməz idi: «Məni pərişan edən yalnız hökumətin zülmü deyil, o zülmə, o həqarətə boyun əyən camaatın halətidir».
     Faiqin vətəndaşlıq fəaliyyəti bəzən, doğrudan da, qəribə bir biganəliklə, ətalətlə qarşılaşırdı. XX əsrin məşhur din xadimi və jumalisti Molla Hafiz Məhəmməd Əmin Şeyxzadə 1906-cı ildə «Həyat» qəzetində belə suallarla Ömər Faiqə müraciət edirdi: «Nə əcələ edirsən? Hələ vaxt çoxdur, hər şey yavaş-yavaş olar, səbr etməli. Görmürsən yevropalılar belə məqami-bəlayi-hürriyyətə vəslət üçün ah və nalələr çəkirlər... Hələ bizə nə oldu?».
     Bu cür «hər şey yavaş-yavaş olar, səbr etməli», psixologiyası Ömər Faiqin vətəndaşlıq ehtirası ilə daban-dabana zidd, onun təmsil etdiyi inqilabi-demokratik ideyalara, hərgah belə demək mümkünsə, mollanəsrəddinçiliyə yad idi və mahir polemikaçı Faiq bir ürək ağrısı ilə yazırdı: «Çox təəccüb, çox heyf ki, bu qədər döyülməyə, bu qədər əzilməyə səbr edib cana gələ-gələ bəradərimiz Şeyxzadə bizə yenə «səbr həblərini» uddurmaq istəyir. İnsaf, yahu, insaf! Yevropalılar məqami-bəlayi-hürriyyətə ah və nalələr çə- kəndə bizlər nə üçün məqam-müqəddəsi-hürriyyətə hənuz dəxul üçün fəryadlar qoparmayaq? O müqəddəs yolda mal və candan keçməyək? Eyib deyilmi ki, qeyri tayfalar hürriyyət üçün mal və canlarını fəda etdikləri halda, bizlər bıçaq ağzı qədər açılan hürriy- yət qapılarına şükür və səna ilə vaxt keçirək?» (səh. 39-40).
     Xalqı soyan, ona mənəvi əzab və iztirab verən yalnız çar müstəmləkəçiləri deyildi, ən ağır dərd bu idi ki, xalqın öz içindən çıxan məmurlar da cidd-cəhd ilə həmin müstəmləkəçilik siyasətini həyata keçirirdilər, Faiqin dediyi kimi, «bir duzsuz «malades»dən və ya beş qəpiklik paxır medaldan» ötrü milli mənsubiyyətlərini unudur və öz doğma xalqlarına yadın belə eləmədiklərini edirlər. Əlbəttə, Faiq yaxşı başa düşürdü ki, belələri heç vaxt xalqın simasını təmsil etməyiblər, belələri həmişə, bütün dövrlərdə olub və olacaqdır, lakin bunu başa düşməklə həmin dərd azalmırdı...
     Cəhalət, nadanlıq nəticəsində maarifin, tərəqqinin əleyhinə olanlar və buna görə, istər-istəməz, çarizm siyasətinə xidmət göstərənlər də Faiq üçün «millətinə xəyanət edən xainlər» idi. 1907- ci ildə onların «donos»u ilə «Molla Nəsrəddin»in müvəqqəti bağlandığı vaxt yazdığı «Molla Nəsrəddin bağlandı» adlı məqaləsində məhz həmin millət xainləri nəzərdə tutulurdu: «Qoy bu cəhalət babaları ikiqəpiklik mənfəətləri, üçgünlük şöhrət və rahatlıqları üçün hər növ xainlik, hər qism həlqeyi-həqarəti boyunlarına keçirib, bir neçə gün ömür sürməyə çalışsınlar. Qoy beş-on avamın xatiri üçün həqiqət və hikməti inkar etsinlər: Camaatı köhnə qəflət və qaranlıqda saxlamağa bəzl-şeytanat etsinlər!» (səh. 170).
     Faiq vətəndaşlığı heç nədən çəkinmirdi və ona görə də «millət xainlərinə» bu cür meydan oxuyurdu. Faiq xalqın dərdini iti gözləri ilə yaxşı görürdü, bu dərd onu ağrıdırdı, ona əzab verirdi, lakin Faiq bədbin deyildi, o inanırdı və ümid edirdi: «Biçarələr (nadanları və cahilləri belə adlandırırdı.) elə güman edirlər ki, «Molla Nəsrəddin» bağlanmaqla onların eybləri örtüləcək. Dəxi bilmirlər ki, aləm sürətlə dəyişilməkdədir. Bu az maarifimizlə də olsa, içimizdə bir çox molla nəsrəddinlər var. Bu gün Molla Nəsrəddin batar, sabah Molla Xeyrəddin çıxar. Bu gün «Molla Nəsrəddin» bağlandı, amma «Molla Nəsrəddin»i meydana gətirən fikirlər bağlanılmayacaq» (səh. 70-71).
     Təsadüfi deyildi ki, Faiq bir çox əsərlərini «Ümidvar», «Ümid» imzaları ilə çap etdirirdi. Bunun özü də Faiq yaradıcılığı, dünyagörüşü və fəaliyyəti üçün əlamətdar və hətta rəmzi idi, xalqın acı taleyini görən və ürəyi vətəndaş hisslərindən, həyəcanından alovlanıb yanan, qələmi bu acı taleyin qeyrətini çəkən bir müəllif gələcəyə beləcə ümidlə baxır, ümidlə yaşayırdı, ən ağır dəqiqələrində belə, özü nikbinliyə çağırırdı: «Amma, ey Ümidvar! Sən də adını «Ümidvar» qoyub bu qədər biümid olma! Dünya əsl həmiyyətdən xali deyildir. Millətin fəryadı, fağır-füqəranın göz yaşları zülm və Müsavatsız heç bir haqq və ixtiyara malik ola bil- məyəcəyini mənfəətpərəstlər, kütah beyinlər, əbədi-zülmlər bilmirlərsə, alimi-rəbbanilərdəmi bilməyəcəklər?» (səh. 49-50).
     Ən ağırı, ən dözülməzi bu idi ki, bəzən məhz belə də olurdu, «alimi-rəbbanilər» də yanılırdı, səhv edirdi, bəzən də yalançı «alimi-rəbbani» olduqları üçün «mənfəətpərəstlərdən», «kütah beyinlərdən» seçilmirdi və nəticə etibarilə «əbədi-zülmlər»lə bir mövqedə dayanırdı (məgər bu da bütün dövrlərdə olmayıbmı?). Lakin Ümidvar ümidini itirmirdi və ən əsası isə, onun özünün qələminin fəaliyyəti bir ümid yaradırdı, çünki bu qələm, yuxarıda yazdığımız kimi, yatmışları oyadırdı, xalqı xalqın özünə tanıdırdı - Ümidvarın qələmi ümid saçırdı.
     Ömər Faiqin milli təəssüb hissi və bu hissin əsərlərindəki parlaq təcəssümü, əslində, onun inqilabi demokratik dünyagörüşünün daxili hissələrindən biri idi və buna görə də Faiq millətçi yox, mütərəqqi millət xadimi, vətəndaş idi. O öz xalqının qədim və zəngin tarixinə yaxşı bələd idi, xalqını uca tutur və ona inanırdı və buna görə də lazım olanda xalqı ilə kəskin danışmağa mənəvi haqqı var idi: «Ey özgədən imdad gözləyən camaat! Ey özgədən mərhəmət uman millət! Siz zənn etməyiniz ki, hamıya bir baxılır. Yox, əsla! Camaat müşavirəsini, camaat ittifaqını qanan tayfaya heç vaxt bizə edilən rəftar kimi müamilə edilməz. Onlara asanlıqla iş keçirilməz. Budur ki, onlar hər haldan istifadə edib məktəblərdə milli dərslərini, milli tərbiyələrini xeylidən-xeyli artırıblar» (səh. 38).
     Faiq xalqın mədəni və siyasi-ictimai inkişafını ilk növbədə ana dilinin təbliği, milli məktəblərin yaradılması, milli və yüksək ixtisaslı müəllimlər nəslinin və ənənəsinin yetişdirilməsi ilə bağlayırdı, «hər millətin tərəqqi dərəcəsi müəllimlərinin dərəcəsilə bilinər» (səh. 32) yazırdı.
     O, «Ümidvaram» adlı məqaləsində öz maarifçiliyini yaxşı səciyyələndirən belə bir sual verirdi: «Nə tövr mümkündür ki, ümumi qanun və qərardadlar ilə sıxılan, əzilən hüquqi-milliyyətimizi, başımıza vurulan qüvvətli yumruqları bir neçə müəllimimiz dəf etsin?» (səh. 38). Maarif Faiqə görə «hüquqi-milliyyənin» müdafiəsi üçün ən əsas siyasi silahdır. «Müəllimlərimiz nə üçün Bakıya qaçırlar?» - adlı başqa bir məqaləsində yazırdı: «Lazımdır millət böyüklərimiz də, millət rəislərimiz də millətin qeydinə qalıb... cavan müəllimlərimizə kömək etsinlər. Arxasız, ümidsiz, məişə- tinin, qarnının dərdinə qalan bir müəllim, mücəssəm-həmiyyət də olsa, layiqli bir iş görməz» (səh. 34).
     Faiq üçün Azərbaycan dilinin təmizliyi və inkişafı uğrundakı mübarizə bilavasitə milli azadlıq və inkişaf uğrundakı mübarizənin əsas mərhələlərindən biri idi və bu son dərəcə aktual problem onun yaradıcılığında bir ana xətt təşkil edirdi. O, bir tərəfdən dil- şünas-alim kimi elmi mülahizələrini söyləyir, digər tərəfdən isə publisistikası ilə Azərbaycan dilinin qarşısına çəkilən sədləri dəf etməyə, dili alçaldanların, ona yuxarıdan aşağı baxanların əsl simasını açıb xalqa göstərməyə çalışırdı və onun publisistikasının həyatiliyi, istedadı, hərarəti bu istəyə nail olurdu.
     Faiqin Azərbaycan dili ilə bağlı fəaliyyəti, əslində, iki cəbhə ilə mübarizədən ibarət idi. Bunlardan birincisi doğma dilə münasibətdə səhv edənlərə, yanlış mövqe tutanlara qarşı mübarizə idi. Misal üçün, Faiqin «möhtərəm şair və ədibimiz» adlandırdığı Əli bəy Hüseynzadənin bu fikirləri onun diqqətindən yayınmır və onda qəti etiraz doğururdu. Ə.Hüseynzadə yazırdı: «Müsəlman türkcəsi (Azərbaycan dili) farsı, ərəbi özünə birər məxəz itxad etməklə və bunlardan ən mənalı, ən lətif sözləri seçib almaqla hər iki dil qədər vüsət və lətafət peyda edib, mədəniyyətin tazə ehtiyaclarına ən əlverişli bir hala gəlmişdir. Bu gün sözlərimizin yarısı haman farsca və ərəbcədir».
     Faiq 1909-cu ildə yazdığı «Yazımız, dilimiz, «İkinci il»imiz» adlı böyük məqaləsində dövrün bir qism ziyalılarının bu cür mülahizələrinə belə cavab verirdi: «Biz deyirik: çox heyflər olsun ki, dilimizin yarısını ərəb və fars sözləri ilə doldurub, bizi dilsiz və bədbəxt etmişlər. Elm və mərifətin camaatın arasında yayılmağına böyük əngəl olmuşlar. Dilimizi genişləndirərkən, qaşımızı qa- yırarkən gözümüzü çıxarmışlar» (səh. 81).
     İkinci və daha amansız mübarizə hədəfi isə, ana dilinə həqarətlə baxanlar, bu dildə danışmağı «mədəniyyətlərinə» sığışdırmayanlar idi. Faiq heç nədən çəkinmədən həqiqəti bütün çılpaqlığı ilə açıb göstərirdi: «Bizim bəzi ağalar dilimizin çətinliyini (ana dili çətin ola bilərmi?.) bəhanə edib, evdə arvad- uşaq ilə də özgə dil ilə danışmaq xəyalında bulunurlar... beş ziyalı bir araya gələndə görməzsiniz ki, öz dili ilə danışsın. Qonaqlıqlarında, yığıncaqlarında milli dil, milli adət, milli süfrə, milli sadəlik bulmazsınız. Hələ xanımlar deyəsən ki, milli dilə düşməndirlər. Bunların adları özgə, dilləri özgə, adətləri özgə, diləkləri özgə, tərbiyələri özgə, gələcəkləri özgə, məhəbbətləri özgə! Bilmirəm bunların millilikdən payları nədir? Bilmirəm bu gedişlə hara gedirik?» (səh. 91).
     Faiqin yaradıcılığında xalqa məhəbbət anlayışı ilə dilə mə- həbbət anlayışı bir-birindən ayrılmazdır, küll halındadır, bütövdür. Bu mənada onun 1915-ci ildə yazdığı «Eşq və məhəbbət» məqaləsində söylədiyi mülahizələr çox səciyyəvidir, çünki Faiq vətəndaşlığı barədə, bizcə, ətraflı təsəvvür yaradır və buna görə də biz sitatların çoxluğundan ehtiyat etməyib, yenə də sözü odlu Faiq qələminə vermək istəyirik: «Millətimizi sevmək üçün, ən irəli dilimizi sevməliyik. Həm də elə eşq və məhəbbətlə sevməliyik ki, heç bir şey ona əngəl ola bilməsin. Məhəbbətlərimizin ən üst qatına dil məhəbbəti çıxarmalıyıq. Dilimizi sevmək hamımızın ən birinci müqəddəs borcu olmalıdır... A canım! Biz özümüz bilməsək, öz dilimizi bəyənməsək, kim bizə hörmət edəcək və nədən ötrü də etsinlər? Heç düşünmürük ki, biz özümüzü istəməyəndə, özgələrin bizi istəmələrini ummaq dəlilikdir... Ufaq bir millət heç yoxkən özünü böyüdür, varlığını hər yol ilə də olsa, özgələrə bildirir. Öz ehtiramını saxlayır, özünü saydırır». Daha sonra Faiq publisistikasına xüsusi bir estetik çılğınlıq gətirən bədii-emosional sualları oxuyuruq: «Nədən gözəl, dadlı dilimizi bəyənmirik? Nədən bu gözəl dilimizi yaymağa can-başla çalışmırıq? Yox, yox, be- lə olmaz! Daha əl verək, biz də gərək özümüz öz qədrimizi qanaq! Qanaq da, məmmədləri-Mişa, iskəndərləri-Saşa, kərimləri-Kiruş, gülsümləri-Gülya, leylaları-Lyalyaya çevirməkdən utanaq. Sözlərim doğru isə, gəlin birləşək! Dil məhəbbətini millət məhəbbətinin başlanğıcı bilək. Dilimizə ən dərin eşq və məhəbbətlə sarılaq. Bunun xatirini heç bir xatirə dəyişməyək. Millət düşüncəsini yenə milli dil ilə ürəklərə birləşdirək» (səh. 92).
     Ömər Faiqin inqilabçı-demokratik ideyaları ilə xalqa bağlılığı arasında dialektik bir vəhdət olduğu kimi, onun milli təəssübkeşliyi ilə bəşəriliyi arasında da üzvi bir bağlılıq var idi. Faiq publisistikası milli məhdudluğa qapanmış və burnunun ucundan uzağı görməmək kütlüyündən son dərəcə uzaq idi. Faiq bəşəri arzularla yaşayıb-yaradırdı. Bu bəşəriliyin əsasında isə millilik dayanırdı. Faiq bəşəri idi, çünki o millini sevir və milliyə hörmət etməyi bacarırdı. Faiqin mütərəqqi vətəndaş publisistikası belə bir həqiqəti bir daha sübut edir ki, bəşəriliyi məhz millilik yetişdirir.

***


     Müasirlik elə bir estetik kateqoriyadır ki, illər keçdikcə də öz əhəmiyyətini, aktuallığını itirmir və bu mənada Ömər Faiq publisistikasının müasirliyi bu gün də hiss olunur, bu müasirlik bu gündə bizim hisslərimizə toxunur, şüurumuza təsir edir, bizi düşündürür və aktivliyə dəvət edir. Faiq müasirliyi, belə bir cəhəti bir daha bizim diqqətimizə çatdırır ki, xalqın sənətkarı, qələm sahibi yazısının janrından, mövzusundan asılı olmayaraq, ilk növbədə, həmin xalqın xadimi olmalıdır, həmin xalqın mənəvi marağı ilə nəfəs almalı, bəşəri yüksəkliyə qalxmaqdan ötrü həmin xalqın hörmətini uca tutmağı bacarmalıdır.
     Faiq müasirliyini istedadla, vüsətli dünyagörüşü ilə bərabər, Faiq cəsarəti meydana çıxarmışdır və bu mənada da onun şəxsiyyəti ilə yaradıcılığı bir-birini tamamlayırdı. Həmidə xanım «Xatirələrim»də yazır ki, Mirzə Cəlil «Erməni və müsəlman qadınları» adlı «gurultu qoparan» məqaləsini «Molla Nəsrəddin»də çap et- dikdən sonra, Tiflisdə dini fanatiklər «Mirzə Cəlilə lənət oxuyur, İslama rəxnə salan o dinsizin qətlinə fərman verirdi». Bu zaman Mirzəni ölümün pəncəsindən xilas edən də Ömər Faiqin şəxsi igidliyi olur.
     ... Faiq gələcəyə inanırdı. Biz yenə də sözü Faiqin özünə vermək istəyirik və yazını Faiq inamı ilə, onun 1916-cı ildə yazdığı bu sözlərlə bitiririk: «... ən cahil və əhəmiyyətsiz vaxtımızda adi mirzələrdən - Fətəli Axundovlar, ən fağır baqqal Məşədi Ələk- bərdən - Sabirlər, Şamaxı mühitində əsir qalmış seyidlərdən - Seyid Əzim Şirvanilər kimi ədiblər, şairlər və qeyrilər yetişdirən bir millət işığının gələcəkdə gözlədiyimiz «haqq və ədalət» altında daha artıq parlayacağı «aşkar» deyilmi? Doğru, bu gün o işıq sönən kimi görünür, lakin əsla sönməz...».
     Bu işığı sönməyə qoymayan, onu qəlbinin hərarəti, ürəyinin odu ilə isidən və gələcəyə aparan yolları mənəvi bir mayak kimi işıqlandıran nikbin, ürəyi odlu əhli-qələmlərimizdən biri də Ömər Faiq Nemanzadənin özü idi və bu gün həmin sönməz işıq altında digər böyük əməl dostları kimi, Ömər Faiqin nurlu siması da daha aydın, daha açıq görünür.

1983.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (24.06.2014) | Müəllif: R.C E W
Baxış: 543 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more