Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-"O da aşiq olub yaza dünyada..."
"O DA AŞİQ OLUB YAZA DÜNYADA...”
IŞTIRAK EDƏNLƏR


    Mən (Kişi), o (Qadın), arvadım (Ikinci qadın) və nəvəm (Uşaq) ki, onu, həqiqətən, çox istəyirəm və bundan sonra daha tez-tez gəzməyə aparacağam.


    K i ş i. Nə bilim?..
    Pauza.
    Bilmirəm...
    Pauza.
    Allah bilir indi o haralardadı?.. Kim bilir?..
    Pauza.
    «O da aşiq olub yaza dünyada...» Kim bilir?.. Kim bilir indi sən hardasan?
    Q a d ı n (təəccüblə). Mən?
    K i ş i (gülümsəyir). Hə də...
    Q a d ı n. A-a-a... Mən on beş ildi e, ölmüşəm...
    K i ş i. On beş il?.. (Pərişan) Ölmüsən...
    Pauza.
    «O da aşiq olub yaza dünyada...»
    Q a d ı n. Nə?
    K i ş i. Heç... On beş il... Yox... Axı... Axı, səni gördüm mən. Dörd-beş il bundan əvvəl ancaq olardı... Hər halda, altı-yeddi ildən artıq olmazdı... On beş il... Yox... Teatrda... Hə, hə! Teatrda gördüm səni! Yanında da bir kişi var idi, əriniydi yəqin. Dayan... (Fikirləşir.) Hə, cavan bir qız da varıydı yanınızda, yəqin qızındı...
    Q a d ı n (gülür). Bəlkə mən deyildim?
    K i ş i. Yox... Səniydin. Gözlərindən o saat tanıdım səni.
    Q a d ı n. Vay!... Yəni mənim gözlərim indiyəcən yadında qalıb?
    K i ş i (gülür). Görürsən də, dünyanın işlərini?
    Q a d ı n. Bəs, otuz il bundan qabaq o gözlər sənə baxa-baxa qalmışdı, niyə heç məhəl qoymurdun?
    K i ş i (gülümsəyib, başını bulayır). Elə onu de də!
    Q a d ı n. Yaman gözlənilməz oldu bu...
    K i ş i. Nə?
    Q a d ı n. Bu söhbət də...
    Pauza.
    Universitetdə hər dəfə fasilə başlayanda qaçıb gəlib dururdum sizin auditoriyanın qabağında, yazıq canım, gözlərimi də dikirdim sənə! Sən də yanımdan elə ötürdün, elə bil, heç görmürsən məni...
    K i ş i (gözlüyünü çıxarır). Hə... Deyirəm, qəribədi...
    U ş a q (onun sözlərini yarımçıq kəsib, qışqırır). Noldu, baba?
    K i ş i. Qoy da, qoy nənən köynəyini ütüləsin.
    Ikinci q a d ı n. Bunu ütüləyim?
    K i ş i. Hansını ütüləyirsən, ütülə də, nə fərqi var?
    I k i n c i q a d ı n (çox mənalı). Deyirsən ki, fərqi yoxdu?
    K i ş i. E-e-eh!..
    Pauza.
    Indi də qısqanclığa başlayıb...
    Q a d ı n. Arvadındı?
    K i ş i. Hə.
    Q a d ı n. O da nəvəndi?
    K i ş i. Hə. Bir həftədi dəng eləyib məni. Söz vermişəm ki, onu bulvara aparacağam.
    Q a d ı n. Bulvarda adamlar səni tanıyacaq, salam verəcək, bir-birinə göstərəcək: «– Gör kim gedir!?» Sən də qürurlanacaqsan uşağın yanında... Məşhur adamsan də...
    K i ş i. Deyirsən də...
    Q a d ı n. Elə tələbə olanda da məşhuruydun də... Universitetin ən məşhur tələbəsi! Qızlar ölürdü səndən ötrü...
    K i ş i. E-e-eh...
    Q a d ı n. Yaman «ah» çəkməyə başlamısan a! Xeyir ola?
    K i ş i. Nə bilim... Dünyadı də!..
    Q a d ı n. Necədi ki, dünya?
    K i ş i. Heç özüm də bilmirəm ki, necədi... Bir az yaxşıdı, bir az pisdi, bəzən pisi yaxşısından artıqdı, bəzən yaxşısı pisindən artıqdı... Amma əslində hamısı bir qara qəpiyə dəyməz!
    Q a d ı n. Yəni ki, mənasızdı?
    K i ş i. Hə... Amma xoşum gəlmir belə ibtidai düşüncələrdən...
    Q a d ı n. Pah! Yaman özündən razısan ha! Necə varıydınsa, eləcə də qalmısan... Dərs qurtaranda o saat qaça-qaça pilləkənləri aşağı düşüb dayanıb gözləyirdim ki, havaxt sən pilləkənləri düşəcəksən... Sən də heç nəyi vecinə almayıb yanımdan ötürdün... Məni görmürdün... Guya ki, görmürdün...
    K i ş i. Yaxşı da... (Kövrək) Utandırma məni.
    Q a d ı n. A-a-a (Gülür.) Dəyişmisən? Başqa adam olmusan?
    K i ş i. Indi o mən deyiləm e!.. (Gülümsəyir.) Indi o mənim oğlumdu. Oğlumdan da hələ cavandı... Mənim atam tez-tez bilirsən nə deyirdi?
    Q a d ı n. Nə deyirdi?
    K i ş i. Yəni elə bir müdrik kəlam da deyildi... Mənə deyirdi ki...
    Q a d ı n (onun sözünü kəsir). O vaxtlar?
    K i ş i. Hə, o vaxtlar... (Gülümsəyir.) O vaxtlar ki, heç ağlıma da gəlmirdi cavanlıq nə vaxtsa bitib qurtaracaq. Deyirdi ki, illər elə ötəcək, heç xəbərin olmayacaq, bir də baxıb görəcəksən ki, Nuh əyyamının adamısan...
    Q a d ı n. Sənin hələ Nuh əyyamının adamı olmağına çox qalıb! Görmürsən, arvadın qısqanır səni...
    K i ş i. Hə...
    Pauza.
    Mən xaricə, ya Moskvaya-zada gedəndə yol üçün mənə köhnə alt paltarları qoyur...
    U ş a q (qışqırır). Bax, sən həmişə beləsən! Deyirsən, sonra aparmırsan! (Ağlayır.)
    K i ş i. Qoy nənən ütüləsin qurtarsın də.
    U ş a q. Gərək elə ütüləsin köynəyimi? (Ağlayır.)
    I k i n c i q a d ı n. Bəsdi! Bu saat...
    K i ş i. «O da aşiq olub yaza dünyada...»
    Q a d ı n. Nə?
    K i ş i. Heç...
    Q a d ı n. Axı, nəsə deyirsən.
    K i ş i. Hardansa bir misradı, bu gün səhər yerimdən durandan düşüb dilimə... Deyəsən, Aşıq Ələsgərindi... Bilmirəm, bəlkə bir başqasınındı...
    Q a d ı n. Necədi?
    K i ş i. «O da aşiq olub yaza dünyada...»
    Pauza.
    Q a d ı n. Nə olsun?
    K i ş i. Mən nə bilim? Birdən-birə girib beynimə... Heç misranı da düz demirəm deyəsən...
    Q a d ı n. Böyük adamlarda olan işdi... (Gülür.)
    K i ş i. Sataşırsan mənə?
    Q a d ı n (səmimi). Heç sataşıb-eləmirəm! Sənin o ağ saçlarının hər birinin arxasında bir dünya dayanıb! Vallah, belədi!
    K i ş i. Qoy oturmuşuq! Lap ədəbiyyat müəllimləri kimi dedin! Əntiqə pafosun varmış sənin! Bura bax... Sən... Sən doğrudan ölmüsən?
    Q a d ı n (gülür). Yox...
    K i ş i. Bəs niyə elə deyirdin?
    Q a d ı n. Zarafat edirdim. Səninlə zarafat eləmək olmaz?
    K i ş i. Niyə olmur? Mən də Allahın bir bəndəsiyəm də...
    Q a d ı n (kinayə ilə). Özündən muğayat ol! Birdən gəlib bizim tayımız olarsan!?
    K i ş i (sidq-ürəkdən). Vallah, mən heç sizdən biriniz ola bilmərəm!
    Q a d ı n. A-a-a...
    K i ş i (daha da ehtirasla). Mən boş adamam! Heç kimin xəbəri yoxdu bundan!
    Q a d ı n. A-a-a...
    K i ş i. Siz öz qədrinizi bilmirsiz!.. Qiymətinizi bilmirsiz!.. Qiymətinizi bilmirsiz!
    Pauza.
    Q a d ı n. Necə oldu o misra?
    K i ş i. «O da aşiq olub yaza dünyada...»
    Q a d ı n. Axı, nə olsun e?
    K i ş i (gülür). Elə bilirsən mən bilirəm?
    U ş a q (qışqırır). Sən həmişə beləsən! Həmişə! (Ağlayır.)
    I k i n c i q a d ı n (hirsli). Kəs səsini! Görmürsən ki, ütüləyirəm əlimdə!
    U ş a q (ağlaya-ağlaya). Mamayla papaya deyərdim, aparardılar məni!..
    I k i n c i q a d ı n. Pah! Yaman aparardılar!
    U ş a q (ağlaya-ağlaya). Mən özüm dedim ki, məni gətirsinlər bura, çünki baba söz vermişdi ki, məni bulvara aparacaq. (Daha da bərkdən zırıldayır.)
    K i ş i (gülə-gülə). Bunun bir leksiya oxumağına bax e!
    U ş a q (ağlaya-ağlaya). Danışmıram sənnən!
    K i ş i. Bay, olmadı ki!
    U ş a q (ağlaya-ağlaya). Oldu!
    Kişi gülür.
    I k i n c i q a d ı n (hirsli). Üzlərinə gülə-gülə qudurdub çıxarmısan başımıza! (Uşağa) Kəs səsini. Yoxsa qoymaram gedəsiz!
    U ş a q (zırıltısı lap ərşə qalxır). Nənə pisdi!..
    Q a d ı n. Sənin işin çətindi!
    K i ş i (hələ də gülür). Görürsən də... Sənin... adın necəydi?
    Q a d ı n (pərt). Deməyəcəyəm!
    K i ş i (zarafatla). Intiqam alırsan məndən?
    Q a d ı n (ciddi). Hə, intiqam alıram.
    K i ş i (fikirləşir). Axı, adını oxudum sənin hardasa... Üç-dörd il bundan qabaq idi... Qəzetdəydi deyəsən...
    Q a d ı n (tələsik, elə bil ki, söhbəti dəyişmək istəyir). O qoşa hörüklü qız noldu?
    K i ş i (həyəcanlı). Görmüşdün onu?
    Q a d ı n. Əlbəttə. Gecələr qoluna girib Bakının küçələriylə gəzirdiz... Torqovı küçədə o baş-bu baş... O səninlə fəxr edə-edə özünü camaata göstərirdi. Sən də ki, özündən razı, həm də o qızın gözəlliyindən razı... Amma doğrudan gözəl idi...
    K i ş i (mütəəssir). Yadına gəlir? O günlər yadına gəlir, hə?
    Q a d ı n. Əlbəttə... Sənin xəbərin yox idi, mən pusurdum sizi, arxanızca gəlirdim...
    K i ş i. Yox, xəbərim var idi. Elə bilirdin ki, səni görmürəm, amma görürdüm...
    Q a d ı n. Pusurdum sizi, sonra evə gəlib səhərə kimi ağlayırdım...
    K i ş i. Yəqin eləymiş... E-e-eh... Deyəsən, elə doğrudan Nuh əyyamının adamıymışam...
    Q a d ı n (elə bil ki, istəmir Kişi sıxılsın). Yaxşı, yaxşı! Düzdü, saçları yaman ağartmısan, amma əllidən artıq vermək olmaz sənə!
    K i ş i. Əlli azdı?
    Q a d ı n. Bu barədə iyirmi ildən sonra danışarıq!
    K i ş i. Iyirmi ildən sonra? Vay, dədə!.. Iyirmi il...
    Q a d ı n. Nədi, çoxdu? Iyirmi il bundan əvvəli yadına sal, elə bil ki, dünən idi, elə deyil? Iyirmi il bundan sonraya da o qədər qalıb...
    K i ş i. Sonra da həyat bitir...
    Pauza.
    Q a d ı n. Özü də həmişə o hörüklü qız sənin qolundan tuturdu, sən onun qolundan yox... Sonra evləndiniz...
    K i ş i. Hə. Ondan bir qızım da var. Indi sənin o vaxtından nə qədər böyükdü... Iki oğlu var.
    Q a d ı n. Biri bu nəvəndi?
    K i ş i. Yox... Onlar bura gəlmirlər... Bu, ikinci qızdandı... Ikinci qız bu arvaddandı...
    Pauza.
    «O da aşiq olub yaza dünyada...»
    Pauza.
    O hörüklü qızdan ayrıldıq axı...
    Q a d ı n. Hə, eşitdim... Onda mən də səni yavaş-yavaş yaddan çıxarırdım...
    K i ş i. Yəqin eləymiş...
    Q a d ı n. Amma yaman birdən-birə ayrıldız...
    K i ş i. Nə bilim, birdən-birə, ya nə cür... Oldu də... Qismət beləymiş... Allah ona rəhmət eləsin!..
    Q a d ı n (kədərli). Öldü o?
    K i ş i. Hə... Öldü yox, dünyanın bəd əməllərindən çərlədi yazıq... Yeddi ildi... Mən Parisdəydim, xəbərim olmayıb... Qayıdandan sonra da yasına gedə bilmədim... Getmədim...
    Q a d ı n. Utandın?
    K i ş i. Məni yaman qısnayırsan ha?.. Yox, utanmaq məsələsi deyildi... Nə bilim?.. Bəlkə üzüm gəlmirdi?.. Bəlkə şairlər demiş, vicdan əzabıydı? Bəlkə ətalət idi sadəcə? Bilmirəm... Hər halda, həyatdı də...
    Pauza.
    Bunlar, axı, rəfiqəydi... Orta məktəbdə birinci sinifdən axırıncı sinifəcən bir yerdə oxumuşdular, bir partada oturmuşdular... Biz onunla evlənəndən sonra da, bunlar həmişə bir yerdə olurdular... Hər gün bizə gəlirdi... Sonra... sonra iş elə gətirdi ki, ondan ayrıldım, bununla evləndik...
    U ş a q (içini çəkə-çəkə). Aparmırsan, aparma! Heç istəmirəm!
    I k i n c i q a d ı n. Bəsdi! Gözünün yaşını tökmə! Qurtarıram, görmürsən?
    U ş a q. Istəmirəm!.. Lazım deyil! Mamaya deyəcəyəm bir də məni sizə gətirməsin!
    I k i n c i q a d ı n. Xox! Qorxuzma bizi!
    U ş a q (ağlayır). Nənə pisdi!..
    K i ş i (gülümsəyir). Belə danışmaqlarına baxma, bir-birlərini çox istəyirlər.
    Q a d ı n (elə bil ki, onun dediklərini eşitmir). Yadına gəlir, lap çoxdan idi, bir dəfə «Nizami» kino-teatrında görüşdük... Yağış yağırdı onda... Foyedə üz-üzə gəldik. O hörüklü qız da sənin qoluna girmişdi, gülə-gülə nəsə danışırdı...
    K i ş i. Hə, hə... Onda təzəcə evlənmişdik... Bizi görəndə sən qıpqırmızı qızardın...
    Q a d ı n. Bəs, o hörüklü qız heç səndən soruşmadı ki, bu qız niyə sənə baxıb belə qızardı?
    K i ş i. Yox... Belə şeyləri başa düşmürdü... Sadəlövh idi yazıq... Hə, yaman qızardın... Indiki kimi gözlərimin qabağındadı, elə kin-küdurətlə bizə baxırdın, elə bil, qanlı düşməniydik! Ay səni...
    Q a d ı n (gülümsəyir). Yaxın rəfiqəm idi, bilirdi ki, mən vaxtıyla səni necə istəyirdim...
    K i ş i (gülümsəyib başını bulayır). Deyirsən yağış yağırdı, hə? Hamısı mənim yadımdadı, amma yağış yadıma gəlmirdi, indi deyirsən, yadıma düşür... Bir də ki, nə mənası var?
    Q a d ı n. Nəyin?
    K i ş i. Yağışın də. O vaxt, yağış yağmışdı, yağmamışdı, indi nə mənası var? Hər şey elə bir keçmişdə qalıb ki, ora day nə səs çatır, nə ün yetir... Ümidsiz bir uzaqlıqda...
    Q a d ı n. Ümidsiz dedin?
    K i ş i. Hə. Ümidsiz. Keçmiş bir uzaqlıqda qaldıqca, gələcək də tamam mənasız olur...
    Q a d ı n. Ona görə o misra birdən-birə düşüb beyninə?
    K i ş i (gülümsəyir). Bilmirəm?.. «O da aşıq olub yaza dünyada...», deyirsən yəni bir əlaqəsi var?
    Q a d ı n. Qəribəsən e... mən nə bilim?
    K i ş i (gülür). Bəs sən nə bilirsən?
    I k i n c i q a d ı n (köynəyi ütüləyə-ütüləyə). Nəyə gülürsən?
    K i ş i. Hə?
    I k i n c i q a d ı n. Deyirəm nəyə gülürsən?
    K i ş i. Dünyanın işlərinə.
    I k i n c i q a d ı n. Bəsdi, sən Allah! Bunları eləmisən tövhə təbərciyi, çıxartmısan başımıza! Camaatın da uşağı var, nəvəsi var, day sənin kimi eləmirlər axı!.. Mən heç, özünü yaddan çıxarırsan... Yaş, day o yaş deyil e!.. Allah eləməsin, Allah eləməsin, dilim-ağzım qurusun, birdən sənin başına bir iş gəlsə, onda biz neyləyəcəyik?!
    K i ş i (gülümsəyir). Sən elə elə ki, başıma bir iş gəlməsin də!
    I k i n c i q a d ı n. Zarafata salma. Mənim əlimdə olsaydı sənin ömrün... Özün bilirsən ki, belədi!
    Q a d ı n. Düz deyir?
    K i ş i. Hə, düz deyir... (Sol biləyindən yapışır.) Bir dəfə... Nə isə...
    Q a d ı n. Nə demək istəyirdin? De də...
    K i ş i. Heç...
    Q a d ı n. Danış, ürəyin boşalsın bir az...
    K i ş i. Nə bilirsən ki, dolmuşam?.. (Gülür.) Bəzən özümə elə gəlir ki, dolub eləməmişəm... Yalançı dolmuşluqdu... Özüm özümü aldadıram... Dolmuşluq deyil, əslində tamam əksinədi... Sadəcə, boş adamam... Heç kimin də bundan xəbəri yox... Həm mən boş adamam, həm də dünya tamam boş bir şeydi... Nə isə... (Sol biləyini ovxalayır.) Başqa şey yadıma düşmürdü, onu demək istəyirdim. Bir dəfə Moskvadan qatarla gəlirdim. Yolda soyuqlayıb sətəlcəm oldum. Evdə düz on gün qırx-qırx bir dərəcəylə yatdım. Elə bilirdim ki, ölürəm... Elə, doğrudan da, ölürdüm... Bütün ömrüm kinolenti kimi gözlərimin qabağından keçirdi... Heç bilməzdim ki, hər şey beləcə həkk olub beynimdə qalıb. Sən də gəlirdin gözlərimin qabağına...
    Q a d ı n (sevincək). Mən də?
    K i ş i. Hə, sən də... hamı... hamı... Tanıdığım, bildiyim bütün adamlar... Bütün gördüklərim... Bütün hadisələr... Onda o sayıqlama içində çox ayıq, çox dəqiq bir fikir də beynimin içindən keçirdi ki, dünyada heç bir insan – ən yaxını, ən doğması olsun, qırx il gecə-gündüz bir yerdə yaşamış olsan, fərqi yoxdu! – Heç bir insan başqa bir insanı axıra qədər tanıya bilməyəcək. Qara məni basırdı... Hiss edirdim ki, gedirəm... Və özüm də getməyimə razı idim... Qorxmurdum, əksinə, daxili bir eyforiya içində idim... Elə bil həyatdan intiqam alırdım, nəydi?.. Amma o on gündə, bax, beləcə biləyimdən yapışıb yanımda oturmuşdu...
    Q a d ı n. Bu arvadın?
    K i ş i. Hə. Onda mənə elə gəldi ki, onun o əli məni ölümün içindən, o ölüm eyforiyasından çəkib çıxardı. Özünün bəlkə də yadından çıxıb, amma mən indi də onun o əlinin yerini biləyimdə hiss eləyirəm. Özünə bu barədə heç nə deməmişəm... Və yəqin ki, heç vaxt deməyəcəyəm...
    Pauza.
    Q a d ı n. Onda day bu nədi belə? Nə misra-zadbazlıqdı? Xoşbəxt adamsan də!
    K i ş i. Xoşbəxtlik yəni var dünyada? (Gülür.) Deyirsən yəni xoşbəxt adamam, hə?
    Q a d ı n. Heç bilmirəm nə deyim...
    K i ş i. Sən məni çox istəyirdin, hə?
    Q a d ı n. Hə. Vurulmuşdum də sənə...
    K i ş i. Gənclik idi də...
    Q a d ı n. Hə, gənclik idi...
    K i ş i. Sonralar yəqin yavaş-yavaş yaddan çıxartdın məni...
    Q a d ı n. Belə də...
    Pauza.
    Hayıf, o vaxtlar heç bir kəlmə də söhbət eləmədik...
    K i ş i. Ancaq bir dəfə məktub verdin mənə...
    Q a d ı n. Hə... (Gülür.) Sevgi məktubuydu, cavabsız qaldı...
    U ş a q. Qurtardı! Nənə ütülədi qurtardı! Gey də!
    K i ş i. Bu saat.
    U ş a q. Tez elə!
    I k i n c i q a d ı n. Özünü belə aparsan, qoymayacağam gedəsiz!
    U ş a q (tələsik). Yaxşı aparacam!
    K i ş i. Gedək.
    I k i n c i q a d ı n. Yelləncəkdə- zadda ehtiyatlı ol.
    
    U ş a q. Yaxşı.
    I k i n c i q a d ı n. Tez qayıdın.
    K i ş i. Bir azdan gəlirik.
    I k i n c i q a d ı n. Babanı yorma, eşitdin?
    U ş a q. Yaxşı!
    Q a d ı n. Ancaq sənə düz demədim...
    K i ş i. Nəyi?
    Q a d ı n. Yalandan dedim ki, hələ ölməmişəm... Çoxdan ölmüşəm... Neçə ildi...
    K i ş i. Bəs... Bəs niyə yalan dedin?
    Q a d ı n. Nə bilim?.. Yazığım gəldi sənə...
    Pauza.
    Onda mənim ölümüm haqqında başsağlığı varıydı qəzetdə, sən də oxumuşdun...
    K i ş i (mütəəssir). Hə, yadıma gəlir... Onda qəzetdə elan oxudum, düz deyirsən, hiss elədim ki, sənsən... Düzdü... Bayaqdan elə qəzet fırlanırdı başımda... Düzdü...
    U ş a q. Of-f-f!.. Axır ki, evdən çıxdıq. Ujas!
26 aprel 1992.
Bakı.

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (16.01.2014) | Müəllif: R.C E W
Baxış: 444 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more