Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Nəsrimizdə konflikt və xarakter probleminin tədqiqi (Məqalə)
NƏSRİMİZDƏ KONFLİKT VƏ XARAKTER PROBLEMİNİN TƏDQİQİ


     Vaqif Yusiflinin «Müasir Azərbaycan nəsrində konflikt və xarakter» adlı əsəri ədəbiyyatşünaslıq elminin elə bir sahəsinə həsr olunmuşdur ki, bu sahə bədii ədəbiyyatın təşəkkül tapdığı dövrdən bu günə kimi (və sabah üçün də!) həmişə aktual olmuşdur, çünki bədii ədəbiyyatda konflikt və xarakter məsələsi, əslində, bu ədəbiyyatın bədii-estetik keyfiyyət göstəricisi kimi, onu təsdiq, yaxud rədd edir.
     Müəllif konflikt və xarakter problemini Azərbaycan bədii nəsrinin on beş illik (1960-1975) təsərrüfatına istinad edərək araşdırır və belə bir zaman bölgüsünün özü də həmin problemin öyrənilməsi və izah edilməsi baxımından münbit bir zəmin yaradır, çünki bu on beş il Azərbaycan ədəbiyyatının elə bir dövrüdür ki, bu dövrdə yaşlı və orta nəslə mənsub yazıçılar məhsuldar işləmişdir, eyni zamanda, məhz bu dövrün yetişdirməsi olan güclü bir nəsil də bu on beş ildə, xüsusən, nəsrdə, özünü nəinki yalnız Azərbaycanda, Ümumittifaq miqyasında da ifadə və təsdiq etmiş, ən yaxşı əsərləri ilə Ümumittifaq ədəbi prosesinə daxil olmuşdur.
     Burası da yaxşı bir cəhətdir ki, Vaqif Yusifli tədqiq etdiyi dövrdə nəsrin inkişafını «tənqidin ona münasibəti ilə vəhdətdə» izləməyə çalışır. Azərbaycan nəsrində konflikt və xarakter problemini eyni zamanda Azərbaycan ədəbi tənqidində konflikt və xarakter problemi kimi qəbul və təsvir edir.
     Nəhayət, bir cəhəti də qeyd edək ki, müəllif altmış-yetmişinci illər Azərbaycan bədii nəsrini Ümumittifaq ədəbi prosesi kontekstində götürməyə çalışaraq elmi-nəzəri ümumiləşdirmələrə cəhd etmiş və belə bir təşəbbüs onun əsərində özünün xeyirli bəhrəsini vermişdir.
     Burasını lap əvvəldən qeyd etmək istəyirik ki, Vaqif Yusiflinin elmi işi bugünkü ədəbi prosesdə bəlkə də aparıcı rol oynayan nəsrimiz və nəsrimizin müasir inkişafı müqabilində nisbətən zəif irəliləyən tənqidimiz üçün əhəmiyyətli ola biləcək sanballı tədqiqatdır. Bu işin əhəmiyyəti təkcə qoyulan məsələnin, yəni konflikt və xarakter problemlərinin 60-70-ci illər Azərbayca nəsri əsasında öyrənilməsi və həmin dövr nəsrimizin formalaşıb sabitləşməkdə olan yeni keyfiyyətlərinin üzə çıxarılması ilə bitmir, müəllif cəmiyyətimizdə, müasirlərimizin məişətində, maddi və mənəvi həyatında baş verən ciddi dəyişikliklərə müvafiq şəkildə müasir Azərbaycan nəsrinin əldə etdiyi forma və məzmun çoxcəhətliliyinin real köklərini, həyati zəminini, bədii-estetik və ictimai-siyasi dəyərini müəyyənləşdirməyə çalışır və Azərbaycan ədəbiyyatşünaslığının və ədəbi-tənqidi fikrinin qabaqcıl ənənələrinə əsaslanaraq, Ümumittifaq miqyasında ədəbi tənqidin əldə etdiyi novatorluq təcrübələrindən də optimal şəkildə istifadə etməyə səy göstərir.
     1960-1975-ci illər, Azərbaycan nəsrinin yüksəliş, inkişaf dövrüdür. Məlumdur ki, hər dövrün ədəbiyyatı öz zəmanəsinin mürəkkəb ictimai-siyasi, elmi-texniki və maddi-mənəvi proseslərini birbaşa və ya dolayısı ilə əks etdirməyə can atır. On beş ildə ölkəmizdə baş verən sosial dəyişikliklər, məişətdə, adamların psixologiyasında gedən təkamül və yeniləşmələr, mənəvi sərvətlərə, tarixi hadisələrə yeni baxış, elmi-texniki inqilabın cəmiyyətdə və ayrı-ayrı fərdlərin həyatında oynadığı mühüm rol, mənəvi saflıq platformasına yad olan əyintilərə qarşı mübarizə əbədiyyatımıza yeni bədii-estetik təkanlar vermişdir.
     Bu dövrdə yaşlı və orta nəslə mənsub nasirlərin yaradıcılığında yeni mərhələ başlandı, eyni zamanda, yuxarıda yazdığımız kimi, 60-cı illərin öz nəsli də yetkinləşib sabitləşdi. Vaxtilə sərf-nəzər edilmiş mühüm mövzular ədəbi təhlil predmetinə çevrildi, bədii təhlilin rəngarəng, əlvan yolları üzə çıxdı, nasirləri cəlb edən problemlər öz müasirliyi, ciddiliyi, ən əsası isə, insaniliyi ilə seçilməyə başladı, hadisələrə yeni baxış, obrazların psixologiyasına dərin maraq, ictimai ilə şəxsinin üzdə gorünən və gizli, daxili əlaqələrinin açılışı, insan qayğıları ilə sosial şərait arasındakı münasibətlərin yeni aspektdə mənəvi təmizlik normaları çərçivəsində həll olunması nəsrimizin müsbət qəhrəman, xarakter və konflikt, ideya-siyasi və bədii-estetik vəhdət, ənənə və novatorluq kimi problemləri ətrafında da yeni fikir mübadilələrinin meydana gəlməsinə səbəb oldu.
     Vaqif Yusiflinin əsərinin I fəsli bu problemlərdən birindən - yeni dövrün ədəbiyyata gətirdiyi yeni xarakter məsələsindən bəhs edir. Müəllif haqlı olaraq qeyd edir ki, elmi-texniki inqilab şəraitində yaşayan müasirlərimiz mürəkkəb, çoxcəhətli keyfiyyətlərə malikdir və onları «ənənəvi sxem üzrə, yəni müsbət-mənfi qütbləşməyə əsaslanan və get-gedə daha da standartlaşan fabula qəlibləri ətrafında qurulan əsərlər çərçivəsində öyrənmək çətinləşir; nəhayətdə, guya ki, böyük problemlər həll etmək naminə adi insan qayğılarının tamamilə nəzərdən qaçılmasına gətirib çıxarır. Xarakter, obraz səviyyəsinə yüksəlmək üçün mütləq qəhrəman və onun mütləq antipodu olmaq zəruri deyildir. İnsanların mənəvi kamilliyini, ideal həyat məramnaməsini əks etdirmək üçün deklorasiya və şüarlara qaçmaq, obrazlar üçün əvvəlcədən planlaşdırılmış situasiyalar, əsərlərdən əsərlərə təkrarlanan bəsit və qeyri-təbii intriqalar yaratmaq ədəbiyyatın, demək olar ki, ən rahat və həm də ən asan yoludur. 60-70-ci illər nəsrinin maraqlı cəhətlərindən biri məhz bu tapdanmış yoldan yayınmaq, insan xislətini, insanın əsl dəyərini açmaq üçün onu adi məişət və yaşayış qayğıları fonunda götürərək, psixologiyasının ən gizli qatlarına yol açmağa çalışmaqdır. Tədqiq olunan dövrdəki nəsr əsərlərimizə xas olan psixologizm, adi adamların fikir və duyğularına dərin maraq haqqında, müəllif mövqeyi haqqında Vaqif Yusiflinin irəli sürdüyü fikirlər inandırıcıdır.
     Yazıçı movqeyi məsələsi əsərdə ədəbiyyatşünaslıq elminin və ədəbi tənqidin bu gün əldə etdiyi nəzəri yüksəklik baxımından düzgün qoyulmuş və şərh edilmişdir. Müəllif haqlı olaraq «yazıçı mövqeyi» məsələsinə müstəqim, birbaşa münasibət bəsləmir və bu mənada «gizli tendensiya» nümunələrini qiymətləndirə bilir. Tənqidçi Yaşar Qarayevin də yazdığı kimi, belə bir cəhəti xatırlamaq yerinə düşərdi ki, marksizmin baniləri Balzakın «gizli tendensiyasını» və Şekspir realizmini Şillerin açıq tendensiyasından üstün tutmuşlar. Azərbaycan ədəbiyyatşünaslığında və ədəbi tənqidində hələ də lazımınca öyrənilməmiş və qiymətləndirilməmiş bu incə cəhət tədqiqatçı tərəfındən dəqiq işlənmişdir və yalnız buna təəssüf etmək olar ki, bu yerdə təcrübəyə, yəni tədqiq olunan dövrün bədii məhsuluna az müraciət olunmuşdur, halbuki həmin dövr ədəbiyyatımızda belə nümunələrin sayı az deyil.
     Altmışıncı illərdə ədəbiyyata gəlmiş yazıçıların yaradıcılığında meşşanlığa qarşı mübarizəni araşdırarkən də müəllif maraqlı və təzə bir nəticə əldə edir: bu yaradıcılıqda «meşşanlığın» zahiri əlamətlərindən daha çox məhz onların daxili aləmi, «intellektuallığı» tənqid hədəfinə məruz qalır. Vaqif Yusifli Azərbaycan ədəbiyyatında altmışıncı illər nəslinin yaradıcılığındakı digər səciyyəvi bir xüsusiyyəti də düzgün tapmış və açıqlamışdır: bu yaradıcılığın təqdim etdiyi qəhrəmanlar «nəsrimizin «düşünən» qəhrəmanları adlanan «yeni tipli qəhrəmanları» kimi qiymətləndirilir, müəllif onları fərqləndirən xüsusiyyətləri izah edir və belə bir maraqlı, həm də inandırıcı nəticəyə gəlir: «Düşünən» qəhrəman anlayışı heç də «filosof~qəhrəman» anlayışı səviyyəsində qoyulmur. Əgər bugünkü nəsrimizin qəhrəmanlar qalereyasını nəzərdən keçirsək, düşünən filosoflara yox, «düşünən» adilərə, sıravilərə daha çox rast gələrik».
     «Adi adam» anlayışı ənənəvi «müsbət» və «mənfi» qəhrəman anlayışlarını əvəz etmir, bu anlayış sadəcə həyatımızda çoxluq təşkil edən və xaricdən sadə görünməsinə baxmayaraq, mürəkkəb psixologiyaya malik adamları ehtiva edir. Adilik daha çox real, həyati keyfiyyətlərə yaxınlıq, təbiilik mənasında götürülür və bu adamlar adi, gündəlik həyatın qaynarında bir-birindən o qədər də seçilmir, lakin onlardan hər birinin spesifikası, dünyagörüşü, düşüncə tərzi mövcuddur və müəllifin haqlı olaraq dediyi kimi, bu adamlar ənənəvi müsbət qəhrəmanlar qədər barışmaz, mübariz görünməsələr də, ətraf mühitə qarşı həmişə öz reaksiyalarını bildirirlər - ya tənqidi münasibətləri, ya da öz psixologiyalarında baş verən narazılıqlarla. Bu adamlar ətraf mühiti, başqa adamları öz şüurları səviyyəsində təhlil edib qiymətləndirir, bir növ, sosial nəticələr çıxarmaga cəhd göstərirlər.
     Əsərin II fəsli nəsrimizin ənənəvi mövzularına və bədii konflikt məsələsinə həsr olunur. Müəllifin qeyd etdiyi kimi, hər bir bədii obrazın yeniliyi konfliktin təbiətindən və necə açıqlanmasından çox asılıdır. Ənənəvi mövzuların özündə bədii-estetik yeniliklərə rast gəlmək hallarına da təsadüf olunmur.
     Üzdən qruplaşdırılmış şəkildə götürsək, nəsrimizin ənənəvi mövzuları bunlardır: tarixi və tarixi-inqilabi mövzular, fəhlə sinfi və kolxoz mövzusu, Böyük Vətən müharibəsi mövzusu... Bu ənənəvi mövzulara yeni münasibətin, onların yeni tipli bədii həllinin məhsulu olan əsərlərin meydana gəlməsi 60-70-ci illər nəs- rinin səciyyəvi xüsusiyyətlərindəndir; bu tarixi həqiqətlərə obyektiv münasibət, sənədliliklə bədiiliyin vəhdəti, təsvir olunan dövrün ictimai ziddiyyətiərini də obrazların daxili çırpıntılarının təhlilində açmaq üsulu, kənd və şəhərlərimizdə baş verən sosial inkişafın adamların məhz əxlaqında və mənəviyyatında təzahürünü, «istehsalat» mövzusunda psixoloji amillərini araşdırmaq sənətkarlığı birinci plana çəkilir. Müəllifin bütün bu məsələlərlə bağlı maraqlı müşahidələri və inandırıcı nəticələri vardır.
     «Mənəvi-əxlaqi konfliktlər»ə xüsusi fəsil (III) ayrılıb ki, bu da təbiidir, çünki mənəviyyat məsələləri son dövr nəsrimiz üçün aparıcı bir mövzudur. Adi adamların intim aləminə, psixologiyasına maraq konfliktlərin də xarakterində yeni dəyişikliklər yaradır. Vaxtilə insanların mənəvi keyfiyyətlərindəki əyintiləri, adətən, keçmiş quruluşla, müharibə ilə bağlayırdılar, lakin bu gün müasirlərimizin daxili aləmindəki bu keyfiyyətləri öyrənmək və ayırd etmək üçün nəsrimizin ən yaxşı nümunələri yeni yollar tapmağa, həmin keyfiyyətlərin kökünü onların daşıyıcısı olan adamların psixologiyasında axtarmağa meyl göstərir. Fərdin mənəvi aləmi, mənəvi təzadları sosial münasibətlərin əks-sədası kimi səciyyəvidir. Meşşanlıq, biganəlik, üzgörənlik, bədxahlıq kimi mənəvi əyintilərin tənqidi bu illərin nəsrində tez-tez işlənilən mövzuya çevrilir və ayrı-ayrı əsərlərin təhlili göstərir ki, cəmiyyətimiz tərəfindən rədd edilən bu keyfiyyətlərin «gizlindən» üzə çıxarılması şəxsiyyətin fəal həyat mövqeyi və cəmiyyətin mənəvi tərbiyəsi problemlərinin ayrılmaz tərkib hissəsi kimi çıxış edir.
     Lakin bütün bunlarla bərabər, bədii əsərdə konflikt problemi ilə əlaqədar Vaqif Yusiflinin əsərində birtərəflilik də nəzərə çarpır və bu onun əsas nöqsanlarından biridir. Müəllif bu məsələni yalnız bir bucaq altında işıqlandırır: «Hər bir nəsr əsəri müəyyən həyat ziddiyyətlərini əks etdirir. Bu ziddiyyətlər insanlar arasındakı mühüm əlaqə və münasibətlərdən törəyir».
     Əlbəttə, bu fikir indiki halda bir o qədər dərin ifadə olunmasa da, düz fikirdir, lakin konflikti yalnız insanlarla insanlar arasında, cəbhələrlə cəbhələr arasında görmək və onu yalnız bu cür qəbul etmək elmi-metodoloji baxımdan bizə yanlış görünür, çünki tədqiq olunan dövrdə yaranmış bir sıra dəyərli nəsr nümunələri bir daha sübut edir ki, konflikt insanın özünün daxili aləmində də mümkündür və dövrün mürəkkəbliyindən, həm də zənginliyindən doğan bu «daxili», «özünlə özün» arasındakı konflikt heç də az ictimai-əxlaqi əhəmiyyətə malik deyil. Məsələyə bu baxımdan da yanaşılsaydı, elə bilirik ki, müəllifin «hər bir dövrün nəsr əsəri daha çox həmin dövrün xarakterik ziddiyyətlərini əks etdirir» - tezisi daha dərindən işlənmiş olardı.
     Yaxşı cəhətdir ki, müəllif öz fikir və müddəalarını irəliçi, perspektivli bir mövqedən söyləyir və məhz belə olduğu üçün bu mövqeyə yabançı olan iddialar dərhal diqqəti cəlb edir və narazı salır. Misal üçün, Vaqif Yusifli yazır: «60-70-ci illərin nəsri, yu- xarıda qeyd etdiyimiz kimi, daha çox mənəvi-əxlaqi mövzular axtarışı kimi maraqlıdır. Lakin bu heç də o demək deyildir ki, nəsrin əsas mövzuları və qəhrəmanları, həmçinin konfliktləri yalnız bu dairədə məhdudlaşır (?)».
     Doğrusu, bu fikir bizi təəccübləndirdi və vulqar sosioloji iddiaları yadımıza saldı. Nə üçün «nəsrin əsas qəhrəmanları» «mənəvi-əxlaqi mövzular axtarışında» məhdudlaşmalıdır? Nə üçün «mənəvi-əxlaqi mövzular axtarışı» məhdud dairə hesab olunur? Hərgah müəllif əsərin sonunda belə bir nəticəyə gəlirsə ki, «mənəviyyat məsələləri təkcə tematikaya aid olmur, nəsrin janr, üslub və konflikt axtarışlarına da təsirini göstərir», onda nə üçün «mənəvi-əxlaqi mövzular axtarışında» konfüklhansı bir dairədə isə məhdudlaşmalıdır? Hərgah bu gün biz şərti olaraq «istehsalat mövzusu», yaxud «kənd mövzusu» deyiriksə, bu movzularda yaranmış ən yaxşı əsərlərin özləri «mənəvi-əxlaqi mövzular axtarışı»nın bəhrəsi deyilmi?
     Elə bilirik ki, bu sualların cavabı gənc tədqiqatçının iddiasının xeyrinə deyil.
     Monoqrafiyanın bütün fəsillərində müəllif tədqiq etdiyi dövrə məxsus əsərlərin, demək olar ki, hamısını əhatə etməyə, hər bir əsərin məziyyətlərini üzə çıxarmağa, həm bu dövr, həm də ümumiyyətlə, nəsrimiz üçün səciyyəvi olan problemlərin geniş elmi izahını verməyə çalışır. Lakin bəzən bəhs etdiyi bədii əsərin bilavasitə özündən çıxış etmir, sanki əvvəldən hazırladığı elmi-tənqidi konstruksiya ilə həmin əsərə yanaşır və bu zaman bədii-estetik naqislik və çatışmazlıqlar kənarda qalır və təhlil inandırıcı görünmür. Bu cəhət, xüsusən, o səhifələrdə özünü daha artıq dərəcədə göstərir ki, müəllif tanınmış yazıçılann əsərlərindən bəhs edir, hazır model nəyi tələb edirsə, müəllif də əsərdən onu götürür və dərinə getməkdən, mövzu daxilində hərtərəfli və obyektiv təhlildən, tənqidi münasibətdən çəkinir; bəzən də bədii əsərlərdən bəhs edərkən ötəri xarakteristika ilə kifayətlənir və bu xarakteristika təhlildən doğmadığı üçün çoxsözlülük gətirir.
     Biz inanırıq ki, Vaqif Yusifli bu mövzu üzərində öz işini davam etdirəcəkdir və buna görə də bir sıra digər arzularımızı da bildirmək istəyirik.
     Yeni xarakter, yeni konflikt və mənəviyyat məsələlərinə münasibətdə ayrı-ayrı əsərlər üzrə təhlil aparmaqla yanaşı, nəsillər miqyasında da fərqlənmə və ümumiləşmələr aparmaq pis olmazdı. Bununla biz, təbii ki, nəsilləri qarşı-qarşıya qoymağa, son zamanlar bəzi mülahizələrdə təsadüf etdiyimiz metodoloji yanlışlığa çağırmırıq. Məsələ başqadır. Nəsillər arasında müəyyən bədii- estetik düşüncə və ifadə fərqləri olmalıdır, çünki bu fərqlər olmadan ədəbiyyatın ümumi inkişafı mümkün deyil.
     Xarakterlərin bədii həlli məsələsində də daha dəqiq kriteriyalara ehtiyac hiss olunur, çünki xarakterlərin nəzəri təsnifatı müxtəlifdir: öz-özünü təhlil prosesində kamilləşən (məs.: Səriyyə - «Körpüsalanlar»), mühitin hadisələrinə müdaxilə etməyən, lakin mühitin ağırlığını öz «passiv» mənəviyyatında qeydə alan (məs.: Qəndab - «Mən ki, gözəl deyildim», «Ağ liman»ın, «Dantenin yubileyi»nin personajları), mühitə fəal münasibət bəsləyən, daha doğrusu, bu mühiti yaradan (məs.: Sultan Əmirli- «Yanar ürək» və yaxud «Yaşıl teatr»dakı Kainat), mühiti tədricən dərk edə-edə kamilləşən, mühiti arxada qoyan (məs.: «Adamlar və ağaclar»ın qəhrəmanı Sadıq) və s. xarakterlər. Bu müxtəlif xarakterlərin, aydındır ki, bədii həlli də müxtəlifdir və bunlara geniş yer vermək, bizcə, məqsədəuyğun idi.
     Tədqiqatda kollektivləşməyə, inqilabi və tarixi mövzuya həsr olunmuş əsərlərlə milli ilə sinfinin əlaqə və fərqlərini daha geniş və dəqiq təhlil etməyə də bir ehtiyac hiss olunur. Cahandar ağaya xas olan mərdanəlik, kişilik kimi, eyni dövrün yaratdığı yeni obıvateli də (məs.: Əhməd və Qaraş- «Duman çəkilir») görmək və göstərmək, sinfi məhvə məhkum obrazın milli keyfiyyətlərini açmaq, elə bilirik ki, yerinə düşərdi.
     Qeyd etmək lazımdır ki, bu arzuları və mübahisələri Vaqif Yusiflinin əsərinin ümumi yüksək elmi-nəzəri səviyyəsi doğurur. Bu əsər vaxtında yazılmışdır və burası da mənalıdır ki, cavan bir alim tərəfindən yazılmışdır. Biz ona görə bunu mənalı cəhət hesab edirik ki, qarşıda yeni perspektivlər açılır: Azərbaycan ədəbiyyatşünaslıq elminin yeni nəsli indiyə kimi əldə edilmiş böyük təcrübədən və zəngin elmi yaradıcılıqdan bəhrələnərək və bunlara istinad edərək yeni nəzəri problemləri qaldırmaq və həll etmək əzmindədir.

1979.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (23.06.2014) | Müəllif: R.C E W
Baxış: 732 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more