Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Nəriman Nərimanov: Şəxsiyyəti və fəaliyyəti
NƏRİMAN NƏRİMANOV. ŞƏXSİYYƏTİ VƏ FƏALİYYƏTİ

«Siz özünüzü bir millətdən hesab edirsinizsə, özünüzün müəyyən bir vətəniniz vardırsa, həmin millətin, həmin vətənin dərdi-qəmi sizin dərdiniz, qəminizdir və ya bir millət və ya vətən sizi öz üzvlərindən hesab edirsə, sizin dərdiniz, qəminiz millət və vətən üçün ümumi dərd və qəm olmalıdır.»
Nəriman Narimanov
1.

     Nəriman Nərimanovun 1894-cü ildə Bakıda, Qubemiya idarəsi mətbəəsində nəşr etdirdiyi «Nadanlıq» faciəsinin qəhrəmanı Ömər cahil gülləsindən həlak olarkən son nəfəsində deyir: «Məni... nadanlıq... avamlıq...bi... mərifətlik güllələdi. Bunlar hamısı... Ay!.. Adamı... heyvan edərmiş! Ah! Nadanlıq!..».
     1894-cü ildə Nəriman Nərimanovun 24 yaşı var idi. Bakıda gimnaziyada Azərbaycan dilindən dərs deyirdi və bu 24 yaşlı xalq müəlliminin, gənc yazıçının bütün gələcək həyatı, Ömərin dili ilə söylədiyi o ictimai bəlaya - nadanlığa, avamlığa və mərifətsizliyə qarşı böyük və əzablı bir mübarizəyə həsr olundu.
     Bu həyat yolu bir ömür çərçivəsinə sığmayacaq dərəcədə zəngin, mürəkkəb, ziddiyyətli və faciəli idi.
     Nəriman Nərimanov elə həmin 1894-cü ildə Bakıda ilk kütləvi milli qiraətxana açmışdı və o «Nərimanov qiraətxanası» qısa müddətdə təkcə Zaqafqaziyada deyil, Rusiyada və Şərq ölkələrində də nüfuz qazanmışdı, buraya Kəlküttə, İstanbul, Sofiya, Qahirə, Tehran, Təbriz və digər şəhərlərdən xeyriyyə yolu ilə qəzet, jurnal və kitablar göndərilirdi və dövrün, mühitin kontekstində belə bir beynəlxalq mətbuat, kitab mübadiləsi, əlbəttə, XIX yüzilin sonlarında yaranan Azərbaycan ədəbi-ictimai həyatında ciddi əhəmiyyətə malik idi...
     Nadanlıq da, avamlıq və mərifətsizlik də Nəriman Nərimanov üçün yalnız mənəvi-əxlaqi naqislik deyildi, çünki o, bu naqisliyin sosial mahiyyətini lap gənc yaşlarından etibarən başa düşməyə can atırdı və Nəriman Nərimanovun nadanlığa qarşı barışmaz mücadiləsi, eyni zamanda, istismara qarşı, milli hüquqsuzluğa, çarizmin müstəmləkəçi siyasətinə qarşı (siyasi-ideoloji burulğanlarla, şəxsi pərişanlıq və vətəndaş yanğısı ilə dolu gərgin və ziddiyyətli onilliklərdən sonra, ömrün qürub çağında isə rus sovet müstəmləkəçi siyasətinə qarşı!) mübarizə yollarını axtarmağa sövq edirdi.
     Həmin 24 yaşlı dramaturq «Nadanlıq»ın müqəddiməsində yazırdı: «Ümidvaram ki, mənim bu kəmtərin qələmimin meyvəsi müsəlmanların zindəganına bir zərrə qədəri nəf gətirə».
     Xalqın «zindəganına bir zərrə qədəri nəf gətirmək» arzusu böyük mənəvi bir ehtiyacın nəticəsi kimi, əlli beş illik ömrü boyu həmişə Nəriman Nərimanovla birgə olmuşdu, onun uğurlarının da, səhvlərinin də əsasını təşkil etmişdi.
     Bu əlli beş illik ömrün keçdiyi yolu gözlərimiz qarşısında canlandırdıqda, adi müəllimlikdən XI rus-bolşevik ordusunun qurduğu Azərbaycan Sovet Respublikasının ilk Xalq Komissarları Sovetinin sədrinəcən, Tiflisin Metex qalasındakı dustaqlıqdan, ailəsi ilə birlikdə Həştərxan sürgünündən başlayıb böyük bolşevik dövlətinin MİK-nin sədrliyinə qədər aparan fəaliyyətin məna və məzmununa vardıqca, bir sıra ciddi məqamlarda həmin fəaliyyətin faciəli mahiyyətini dərk etdikcə, belə bir həyat yolunun zənginliyinə, dramatikliyinə, keşməkeşliyinə heyrət edirsən...
     Nəriman Nərimanov _ Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, «Nadanlıq»dan başqa, «Şamdan bəy» («Dilin bəlası») komediyasının, «Nadir şah» dramının, «Pir», «Bahadır və Sona» povestlərinin, başqa bədii əsərlərin müəllifi.
     Nəriman Nərimanov _ geniş maraq dairəsinə sahib olan tərcüməçi: bir tərəfdən N.V.Qoqolun «Müfəttiş»ini azərbaycan dilinə çevirir (1892), o biri tərəfdən də... RSDFP-nin Proqramını tərcümə edir (1906).
     Nəriman Nərimanov - xalq müəllimi, «Azərbaycan dilinin qısa qrammatikası», «Rus dili üzrə özünöyrənmə» kimi dərsliklərin, bir çox maarifçi-pedaqoji məqalələrin, çıxışların müəllifi, Azərbaycan maarifçilik məktəbinin layiqli nümayəndələrindən biri.
     Nəriman Nərimanov - Odessa Universitetinin tibb fakültəsini bitirmiş yüksək ixtisaslı həkim; əlbəttə, yüksək ixtisaslı bir həkim olmaq şərəfli işdir, amma bütün xalq tərəfindən «Bizim doktor» - deyə sevilmək isə, elə bilirəm ki, ondan az şərəfli bir iş deyil...
     «Bizim doktor»un - Nəriman Nərimanovun Bakının mazutdan, tüstüdən, hisdən-pasdan qaralmış «Qara şəhər» adlı hissəsində açdıgı xəstəxana adi xəstəxana deyildi, çünki bu xəstəxanada hökm sürən təmənnasız xidmət ehtirası, şövqü, burada görülən işlərin işığı, savabı, əslində, xəstəxana işçilərinin əyinlərinə geydikləri ağ xalatlar kimi bəyaz əməllərdən xəbər verirdi...
     Nəriman Nərimanov - yüzlərlə felyetonların, məqalələrin, publisist yazıların müəllifi, Azərbaycan jumalistika məktəbinin Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Üzeyir bəy Hacıbəyov, Ömər Faiq Nemanzadə kimi görkəmli nümayəndələrindən biri...
     Nəhayət, Nəriman Nərimanov - marksizm illüziyalarına uymuş və sonra da belə bir utopiyanın, «xəyalpərvərliyin» acısını-ağrısını çəkmiş, sarsıntılarını keçirmiş, mənəvi və cismani cəzasını almış bir kommunist...
2.

     Vətənə məhəbbət, xalqa məhəbbət həmin xalqın dilindən başlayır və Nəriman Nərimanovun, misal üçün, 1906-cı ildə yazdığı «Bu gün» adlı məqaləsində ana dilinə məhəbbətin doğurduğu çılğm hisslər müəllifin şəxsiyyətinə və yaradıcılığına xas olan təmkini, təbiətinə xas olan ağırlığı üstələyirdi:
     «Ana dili! Nə qədər rəfiq, nə qədər ali, hissiyyat-qəlbiyyə oyandıran bir kəlmə! Nə qədər möhtərəm, müqəddəs, nə qədər əzəmətli bir qüvvə! Ana dili! Bir dil ki, mehriban bir vücud öz məhəbbətini, şəfqəti-madəranəsini sənə o dildə bəyan edibdir. Bir dil ki, sən daha beşikdə ikən bir layla şəklində öz ahəng və lətafətini sənə eşitdirib ruhun ən dərin guşələrində nəqş bağlayıbdır! Bir dil ki, həyat və kainat haqqında ilk əvvəl dil sayəsində bir fikir hasil edibsən, cism və ruhun möhtac olduğu məvadi o dildə tələb eləyibsən... Haman dil ki, diyari-qürbətdə... onu eşidəndə ürəyin döyünməyə, üzün gülməyə başlayır, cəmi əsamın təhəyyüc edir, beynin, fikrin, xəyalın işləməyə başlayır, bir dəqiqənin ərzində Vətəni gözünün qabağına gətirirsən...».
     İndi isə biz bu məqalənin yazıldığı vaxtdan on altı il sonraya, 1922-ci ilə nəzər salaq, o vaxta ki, Nəriman Nərimanov Azərbaycan Sovet Sosialist Respublikasının hüquqi rəhbəridir və bu respublika da guya müstəqildir. Bu respublikanın rəsmi dövlət dilinə _ ana dilimizə nəinki xor baxılır, artıq bu dili sıxışdırıb aradan qaldırmaq üçün onu (Ana dilini!) təqib etməyə başlayıblar və mətbuat əməlli-başlı hücum kompaniyası açıb və məktəblərdə ana dilindən tədris saatlarını, milli teatr tamaşalarının sayını azaltmaq tələbləri irəli sürülür.
     Nərimanın Azərbaycanda olması Mərkəzi və Mərkəzin yerli (və könüllü!) nökərlərini (Nərimanov onları «Mərkəz qarşısında ad qazanmaq arzusunda olan fırıldaqçılar» adlandırırdı) istədikləri qədər əl-qol atmağa qoymurdu və o, ölkəni müvəqqəti tərk etdikdə (söhbət bir neçə günlük ezamiyyətdən gedir!), həmin qüvvələr fürsəti fövtə vermir və xüsusi şövq və ehtirasla fəaliyyətə başlayırdı.
     Həmin vaxt Nərimanov Genuya konfransının işində iştirak etmək üçün İtaliyaya gedir və onun öz sözləri ilə desək, «millətçi təmayül və türk dili dərslərinin sayını ixtisar etmək haqqında açıq fitnəkar məqalələr» yazılmağa başlayır və Nəriman qayıdıb millətə qarşı bu təxribata millətin təəssübü mövqeyindən müdaxilə etdikdən sonra böyük siyasi qalmaqal respublikanı bürüyür və Mərkəzə gedib çıxır.
     Sonralar Nərimanov İ.V.Stalinə məktubunda bu barədə yazırdı: «... «sollar» mənim Genuya konfransında olmağımdan istifadə edərək hərəkətə gəlmiş və daha həyasız olmuşlar. Genuyadan qayıtdıqdan sonra, türk dili dərslərinin sayını ixtisar etmək və millətçi təmayül haqqında açıq fitnəkar məqalələr mənim diqqətimi cəlb etmişdi».
     Və belə bir vaxtda Nəriman Nərimanov «Bakinski raboçi» qəzetində «Bəzi yoldaşlara cavab!» verir, həm də çox sərt və qəti bir cavab: «Türk dili Azərbaycanda dövlət dili elan edilmişdir və Azərbaycanda bu dilin hüquqlarından və üstünlüklərindən tam şəkildə istifadə olunmalıdır. Heç kim bunu ləğv edə bilməz... Azərbaycan... öz ana dilindən imtina edə bilməz və heç kimə də imkan verməz ki, Azərbaycanda bu dilin mənasını, rolunu azaltsın».
     Qırmızı Lenin terrorunun (Stalin terroru hələ irəlidə idi!) tüğyan etdiyi bir dövrdə bu sözləri bu cürə açıq şəkildə Mərkəzin üzünə çırpmaq necə bir cəsarət tələb edirdi - əlbəttə, oxucu yaxşı başa düşür. Ancaq gəmidə oturub gəmiçi ilə dava etmək, əlbəttə, çətin işdir...
     Bakı partiya komitəsinin rəhbəri (faktiki olaraq Bakının rəhbəri!) Levon Mirzoyan təşviş, həyəcan və qibtə olunacaq bir operativliklə dərhal Zaqafqaziya Diyar Komitəsinə tel göndərib iki əli ilə də təbil döyəcləyir: bu məqalədən sonra kommunistlər «özlərini sarsılmış hiss edirlər» və məqalə «əsassız yazılmışdır».
     Zaqafqaziya Diyar Komitəsi də öz növbəsində tel vurub Nərimanovdan məqaləsi ilə bağlı izahat materialları tələb edir.
     Həmin məqalənin çapından dörd gün sonra AK(b)P MK- nın Rəyasət Heyətinin xüsusi iclası çağırılır və burada Nəriman Nərimanovun məqaləsi geniş müzakirə obyektinə çevrilir, onun antipartiya mahiyyəti ifşa edilir.
     İfşaçılar isə bunlar idi: Levon Mirzoyan və Ə.Qarayev, R.Axundov (sonralar «Rusca-türkcə lüğət» kimi qiymətli bir nəşrin tərtibçilərindən biri və redaktoru) və Q.Musabəyov, E.Xanbudaqov (sonralar qatı millətçilikdə suçlandırıldı və onun adı ilə bağlı «xanbudaqovşina» siyasi istilahı bir çoxlarının qara taleyini müəyyən etdi) və M.C.Bağırov...
     Bu adamlar SİSTEMi yaradan və cani-dildən həmin SİSTEMə qulluq edən siyasi xadimlər idi və bu SİSTEMin müdhiş qanunauyğunluğu onda idi ki, o adamların özünü də məhz SİSTEM güllələdi...
     Mən «Ölüm hökmü» romanını yazarkən oxuduğum tarixi sənədlərdə bu adamlardan birinin 37-dəki aqibəti ilə bağlı bir epizodun müdhiş təəssüratı ilə sarsılmışdım: bütün ömrünü SİSTEMin bərqərar olmasına, möhkəmlənməsinə həsr etmiş bu adam - Qəzənfər Musabəyov SİSTEM tərəfindən xalq düşməni elan edildikdən sonra, istintaq zamanı o qədər işgəncələrə məruz qalır ki, kiçicik bir səs, hətta bir xışıltı belə eşidəndə özünü dustaqxanadakı çarpayının altına dürtüb gizlənirmiş...
     Ancaq biz yenə Nəriman Nərimanovun məqaləsinə qayıdaq. Onun dünyagörüşündə Ana dili ilə Vətən arasındakı belə bir dialektik əlaqə indiki halda bizim üçün rəmzi məna daşıyır, çünki Nərimanov bəşəriliyinin mayası həmin milliliklə yoğrulmuşdu və bütün böyük qələm sahibləri, böyük mütəfəkkirlər kimi, onun üçün də millilik olmayan yerdə bəşərilik yox idi.
     Oxucu yəqin fikir verdi ki, «Bu gün» adlı o emosional milli özünüifadə ilə RSDFP-nin Proqramının tərcüməsi eyni tarixə 1906-cı ilə təsadüf edir və bu cəhət şəxsən mənim üçün çox şey deyir. 36 yaşlı formalaşmış bir şəxsiyyət Nəriman Nərimanov kommunizm ideyalarına və bolşevik mövqeyinə ona görə meyl etmişdi və gələcək taleyini ona görə bu əqidə və fəaliyyətə bağlamışdı ki, burada məhz millinin oyanışı və inkişafı üçün, dövlət quruculuğunda, cəmiyyətdə millinin ifadəsi üçün münbit zəmin, optimal şərait görürdü.
     Eyni zamanda, Nərimanov bütün qəlbi ilə inanırdı ki, bəşəriyyətin minilliklər boyu davam edən köləlik ənənələrini də darmadağın edəcək adil bir qüvvə yalnız bolşevizm ideyalarıdır.
     Bolşevizm ideyalarına inam və xalqın gələcək milli və siyasi özünütəsdiqini yalnız bu ideyaların işığında görmək elə bir ciddi mənəvi aludəçilik yaratmışdı ki, Nərimanov kimi təmkinli və geniş dünyagörüşünə malik bir adamı ayrı-ayrı məqamlarda, xüsusən, 1918-ci il hadisələri zamanı sağ radikalizm mövqeyinə gətirib çıxarmışdı.
     Sadə bir misal: Əlimərdan bəy Topçubaşov əsrin əvvəllərindən etibarən Azərbaycan siyasi səhnəsində effektli fəaliyyət göstərən həmin sanballı siyasi və ictimai xadimlərimizdən biri idi ki, ana dilindən başqa rus və fransız dillərini mükəmməl bilirdi, yüksək Avropa təhsili görmüşdü və millət qarşısında böyük xidmətləri var idi və dəfələrlə milləti ən yüksək tribunalarda layiqincə təmsil etmişdi, həmişə hadisələrə obyektiv münasibətilə seçilirdi. Azərbaycan müstəqilliyinin maraqlarını əsas götürərək mərkəzçi mövqedə dayanmışdı və həmişə də imputiv maksimalizmdən uzaq olmuşdu və mən buna çox təəccüb edirəm ki, Nəriman belə bir ləyaqətli şəxsiyyətin, xalqın həqiqi aristokratının 1917-ci ildə Zaqafqaziya Milli Şurasının sədrliyinə namizəd göstərilməsinin əleyhdarı olmuşdur. Bu yerdə mən Əlimərdan bəyin əleyhinə çıxan bəzi nadanları başa düşürəm, Nəriman Nərimanovu isə heç cürə başa düşə bilmirəm və çox təəssüf edirəm ki, onun bioqrafiyasmda belə epizodlara rast gəlmək mümkündür...
     Nərimanov 1918-ci ildə Əlimərdan bəyə belə bir münasibətdə, əlbəttə, haqsız idi və 1920-ci ildən sonra o özü beləcə haqsız münasibətin obyektinə çevrildi.
     Bəli, Nərimanov bolşevik partiyasına inanırdı və nə qədər ki, əsas nəzəriyyə idi. Nərimanov bu inam naminə (yəni onun aləmində, xalqın sədaqəti naminə! özünün dediyi kimi, «biz xalqların azadlığı haqqında çağırışlarımızın səmimiliyinə inanırdıq...») coşğun fəaliyyət göstərirdi, amma elə ki, partiya hakimiyyəti ələ aldı, hakimiyyətdə möhkəmlənməyə başladı, nəzəriyyə təcrübəyə çevrildi, həmin inam da alt-üst oldu: «Həqiqətən, görəsən hal- hazırda Azərbaycanda Azərbaycanı təmsil edən partiya vardırmı? Mən təsdiq edirəm: belə bir partiya yoxdur və mirzoyanlar öz iyrənc siyasətlərindən _ Azərbaycanı simasızlaşdırmaq siyasətindən (kursiv Nərimanovundur.) əl çəkməyənə qədər də olmayacaqdır».
     Partiyanın hakimiyyətdəki təcrübəsi belə bir mənzərə yaratmışdı və Nərimanov başqalarından (susanlardan və yaxud «yorğana bürün, elnən sürün» prinsipi ilə yaşayanlardan) fərqli olaraq, gördüklərini gizlətmirdi: «Mən bildirirəm ki, bir il bundan əvvəl Azərbaycanda hakimiyyət azərbaycanlı kütlələrinin sovet hakimiyyətinə ümumi rəğbəti ilə müdafiə edilirdisə, lakin hal-hazırda hakimiyyət yalnız süngü gücünə müdafiə edilir».
     Və o, ömrünün sonunda oğluna yazdıgı məktubda arxasında dəruni bir «Heyhat!..» pərişanlığı dayanmış bu sözləri söyləyirdi: «Mən sosial-demokrat idim, lakin bu təşkilat getdikcə daha çox idealdan uzaqlaşır...».
     Azərbaycan tarixinin qəribə faktlarından biridir ki, o zaman Məmməd Əmin Rəsulzadə də gələcək müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin əsas yaradıcılarından biri - kommunist əqidəsi və sosial-demokrat fəaliyyəti ilə seçilən bir gənc idi və Azərbaycanda ilk siyasi partiya olan «Hümmət»in də yaranmasında Məmməd Əmin bəyin işgüzarlığı və təşkilatçılıq istedadı az rol oynamamışdı...
     Sonralar Məmməd Əmin Rəsulzadə əsrin əvvəlindən gənc nəslin sosial-demokrat ideyalarına meylini xatırlayaraq yazırdı: «Müxalif sosializmdə onlar (yəni gənc nəsil.) çarizmə qarşı mübarizədə ən etibarlı da olmasa, hər halda, ən əlverişli müttəfiqi görürdülər».
     Ancaq, görünür bu da XX əsr tariximizin qəribə paradokslanndan biridir ki, qısa bir müddətdən sonra, Nəriman Nərimanovdan 14 yaş kiçik olan Məmməd Əmin Rəsulzadə siyasi fəhmi ilə sosial-demokratların proqramında öz müqəddəratını təyinetmə hüququ və milli məsələlərin həlli ilə bağlı müddəaların demaqoq mahiyyətini dərk edib siyasi fəaliyyət istiqamətini dəyişir, Nəriman Nərimanov isə həmin demaqogiyanın cəzbedici dairəsindən ayrıla bilmir və daha artıq bir əzm ilə öz gələcək şəxsi faciəsinə aparan yolları genişləndirməyə başlayır.
     Nəriman Nərimanov hələ 1896-cı ildə rus dilində yazıb «Kaspi» qəzetində çap etdirdiyi «Yazan müsəlman ziyalıları haqqında bir neçə söz» adlı məqaləsində «uşaqlarımızı rus məktəbinə qoymağa çağıran» azərbaycanlı müəlliflərin yanlış mövqeyini tənqid edir və göstərirdi ki, həmin müəlliflər «qızıl vaxtlarını faydasız məqalələr yazmağa sərf etmək əvəzinə, bu və ya digər məsələlər haqqında sadə Azərbaycan dilində kitabçalar nəşr etsələr, rus dilini öyrənməyin faydası haqqında yazsalar, daha ağıllı işlər görmüş olardılar».
     Təbii ki, bu sözlər milli məhəbbətin ifadəsi idi və ümumiyyətlə, Nəriman Nərimanovun qəlbində böyük bir məhəbbət var idi - Xalqa və Vətənə məhəbbət, insana məhəbbət, təbiətə məhəbbət... O yazırdı: «Görəsən, məhəbbətdən qüvvətli şey olarmı? Qaranlıq gecələri aydın göstərən, insanı ay və ulduz ilə danışdıran, məhəbbət deyilmi?».
     Bu sözlər həmin məhəbbətin yaratdığı romantikanın ifadəsi idi və o romantika, təəssüf ki, tarixin qəbul etmədiyi və sonu da, dediyim kimi, şəxsi faciə ilə tamamlanan siyasi mövqeyə gətirib çıxardı.
     Nəriman Nərimanov romantikası bir çox məqalələrdə, çıxışlarda, hətta felyetonlarda belə öz illüziyalar aləminə qapılaraq gələcək milli-mənəvi Azadlığı bütün işıqlı boyaları, parlaq rəngləri ilə təsəvvürlərdə canlandırmağa çalışırdı. Bu mənada, onun həyat məramnaməsi də özü üçün aydm və qəti idi: «Yüz illərlə can çəkişdirib, axırda yenə də ixtiyarsız qul olmaqdansa, məhv və nabud olmaq, can verib getmək, lakin hürriyyət və bərabərlik yolu kimi şanlı, müqəddəs bir yolda ölmək, şəhid olmaq, əlbəttə, daha məsləhətdir!.. Ya hürr yaşamalı, ya hürriyyət yolunda getməli... Yoxsa bu yaşayış, yaşayış deyildir!».
     Nərimanovun romantikası qəribə idi... Hətta ən romantik məqamlarda belə, o xalqın taleyini unutmurdu. «İdil çayı» adlı mənsur poemasının (1912) lirik qəhrəmanı İdilin (Volqanın) sahilində dayanıb qarşısında açılmış təbiət mənzərəsinin gözəlliyindən, ülviliyindən bəhs edir, amma bu yerdə də «millət naminə işləyib milləti satanlar» haqqında fikirlər, düşüncələr onu rahat buraxmır, mənən sıxır...
     Əlbəttə, Nəriman Nərimanov Vətəndaşlığı xalqla, Vətənlə bağlı yalnız öyüd-nəsihətlər verməklə, yalnız kədərlənməklə, yalnız müdrik kəlamlar izhar etməklə kifayətlənə bilməzdi, çünki bu Vətəndaşlığın təbiətini həyata aktiv bir müdaxilə səciyyələndirirdi. O, millətə üz tutub yazırdı: «Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt Vətən deyə bilərsiniz ki, onun sahibi olasınız».
     Nəriman Nərimanovun mübarizəsi xalqın belə bir sahiblik hüququ və səlahiyyəti qazanması naminə idi. Milli hüquqsuzluğa və bunu törədən qüvvəyə - Şimali Azərbaycanda çarizmin müstəmləkəçilik siyasətinə, Cənubi Azərbaycanda isə İran şahlığı istibdadına qarşı amansız mübarizə - Vətənin sahibi olmaq uğrundakı mübarizə idi.
     Həmin müqəddəs mübarizədə ədib Nəriman Nərimanov zəngin ədəbi irs qoyub getdi və o irs həmişə öz doğma xalqı ilə bərabər olacaq, çünki həmin xalqın mənəvi sərvətinə daxildir. Ancaq siyasətçi Nəriman Nərimanov isə həmin müqəddəs mübarizədə bütün xeyirli cəhətlərlə bərabər, bir küll halında qalib olmadı, çünki onun inamla, şövq, ehtiras və xəyalpərvərliklə aludə olduğu ideologiya tarixin sınağından çıxmadı.
3.

     Məmməd Əmin Rəsulzadə 28 aprelə həsr etdiyi «Qara gün münasibətilə» adlı məqaləsində Nərimanovu və başqalarını kəskin tənqid edirdi və bununla bərabər, yazıldığı dövr (məqalə 1936-cı ildə yazılıb) və bu gün üçün əlamətdar bir fikir söyləyirdi və bizim ədəbi irsimizə, ümumiyyətlə, XX əsr tariximizə münasibətdə əsas metodoloji prinsiplərimiz bu istiqamətdə olmalıdır.
     Məmməd Əmin bəy yazırdı: «Unutmamalıyız ki, başda yalançı Moskvanın yıldızlı vaizlərinə uyan bu adamlar sonda ağla qaranı seçməyə başlayınca nisanda (apreldə.) yapılan işin istiqlal deyil, sözün bütün mənasilə bir istila işi olduğunu anlamış və bundan lazım gələn nəticəni çıxarmaq cəsarətini göstərmişlər; başda müəllim və yoldaş kimi qarşıladıqları şimallıların sonda kolonizator olduqlarını anlamış və bunu onların üzlərinə vurduqları sillə ilə bildirmişlərdir».
     Həmin ağla qara arasındakı yol üçün səciyyəvi olan Nəriman Nərimanov peşimançılığını, az qala, cismani surətdə hiss etmək üçün, onun Stalinə yazdığı, surətlərini Trotskiyə və Radekə göndərdiyi «Ucqarlarda inqilabımızın tarixinə dair» məktubunu, yaxud oğluna yarımçıq məktubunu oxumaq kifayətdir.
     Yadıma gəlir, Stalinin ölümündən sonrakı 54 - 55-ci illər idi, atam evimizin ən yaxın adamlarına deyərdi ki, Mehdi (yazıçı Mehdi Hüseyn) «Komissar» povestini yazanda icazə alıb və Nərimanovun Stalinə yazdığı məktubu oxuyub, məktub ona çox təsir edib. Atam özü emosional və zəngin hissiyyata malik bir adam olduğu üçün, onun dediyi bu sözlər mənə də təsir edirdi və mənə elə gəlirdi ki, o sirlərlə dolu məktubu elə mən özüm də oxumuşam.
     Bir dəfə Mehdi Hüseyn (mən son vaxtlar, xüsusən, atam vəfat edəndən sonra tez-tez xatırladığım o işıqlı şəxsiyyətə Mehdi əmi deyirdim) bizim «Mirzə Fətəli» küçəsindəki köhnə evimizə gəlmişdi və çay içə-içə atamla söhbət edirdilər, mən də həmişəki kimi, onların yanında oturub söhbətlərinə qulaq asırdım. Söz Stalindən düşdü, ifşa olunmuş Beriyadan, işdən çıxarılmış Mir Cəfər Bağırovdan düşdü və gəlib həmin məktubun üstünə çıxdı. Mehdi Hüseynin o zaman dediyi sözlər indi də qulağımdadı:
     «ermənilər o kişinin başına nə oyun açıblar!..».
     «o kişi», yəni Nəriman Nərimanov.
     «Ermənilər», yəni Azərbaycanda sovet hakimiyyətinin ilk illərində Bakının rəhbərliyini ələ almış və estafet kimi bir-birlərinə ötürən Anastas Mikoyan, Levon Mirzoyan, Sarkis Danilyan (Sərkis)...
     «- Bunları da əllərində o kişiyə qarşı alət eləyiblər».
     «Bunlar», yəni həmin əllinci illərdə yenicə adları çəkilən, siyasi bəraət almağa başlayan Ruhulla Axundov, Əliheydər Qarayev, Mirzə Davud Hüseynov, Qəzənfər Musabəyov...
     « - 0 məktub, elə bil, bir romandıL».
     Elə o uşaqlıq çağlarında mən də o «romanı» çox oxumaq istəyirdim, amma həmin məktubun surətini mən bir çox illər keçəndən və xeyli də macəralardan sonra, 1985-ci ildə oxuya bildim. O zaman unudulmaz Qulam Məmmədli «Nəriman Nərimanov» salnaməsini nəşrə hazırlamışdı və məndən xahiş etmişdi ki, bu salnamənin redaktoru olum və kitaba ön söz yazım.
     Mən bu işlə məşğul olarkən həmin vaxt Partiya Tarixi İnstitutunda çalışan yazıçı Qılman İlkinin köməyi ilə o məktubu, nəhayət ki, oxudum. O ön sözü də yazdım («Üç qırmızı qərənfil» adlı o yazı ayrıca oçerk kimi Bakıda da, Moskvada da çap olundu). Qulam müəllimin salnaməsini də redaktə etdim (1987-ci ildə nəşr olundu) və bütün bunlar hamısı keçmişin xatirəsinə çevrildi, amma o məktubdan aldığım təəssüratın təsiri bu illərin müqabilində heç azalmır...
     Həmin məktubda (əslində, yaşanmış həyatın siyasi yekun sənədində!) əks olunmuş bəzi fikirlərin üzərində dayanmazdan əvvəl əsrin lap başlanğıcında - 1900-cü ildə Azərbaycan mədəni həyatında baş vermiş bir hadisəni xatırlamaq istəyirəm. Həmin ildə Nərimanovun yaşıdı Əbdürrəhim bəy Haqverdiyevin «Dağılan tifaq» faciəsi ilk dəfə tamaşaya qoyulmuşdu və Nərimanov əsərin qəhrəmanı Nəcəf bəy Çaybasarskinin rolunu oynayırdı.
     Nəcəf bəy Çaybasarski həyatını eyş-işrət içində keçirən, qayğısız, fikirsiz, düşüncəsiz, yüngül bir ömür sürən, özü üçün yaşayan zəngin mülkədar və qumarbaz idi və tale ondan intiqam aldı, onu müflisləşdirib dilənçi vəziyyətinə saldı, onun övladını əlindən aldı, tifaqını dağıtdı.
     Nəriman isə tamam başqa bir həyat sürdü və onun şəxsi həyatı da firavanlıqdan çox uzaq oldu: «Mənim həyatım daim qayğılarla dolu olmuşdur. Mən iyirmi yaşımdan qardaş və bacılarımın ailəsinə baxmış, bu 30 ildə 11 adam tərbiyə etmişəm. Onlardan 8 qızı ərə vermiş, qardaşımın 3 oğlunu öz az maaşımla böyütmüşəm. Bütün bunların hamısını icra etdikdən sonra, mən yenə də təhsil almağa başladım. 30 yaşında universitetə daxil olmuş, onu bitirdikdən sonra, bütün qüvvəmlə qardaşım Salmanın uşaqlarının tərbiyəsi ilə məşğul oldum. Bütün bu işlərdən mən yalnız indi, qardaşımın sonuncu qızı Xanımı 1924-cü ildə ərə verdikdən sonra azad olmuşam. Mən bunu bir il keçəndən sonra, yəni 1925-ci ildə yazıram. Bütün bunları ona görə yazıram ki, sən məni bəşəriyyət üçün az iş gördüyümə görə (!-£'.) məzəmmət etməyəsən. Ümidvaram ki, bu mənada sən öz işinlə mənim əməllərimi davam etdirəcəksən.
     Əziz oğlum! Əgər mənim həyatımı araşdırsan, sən əmin olacaqsan ki, mən 1925-ci ilədək başqaları üçün yaşamışam. Bəs sonra? Sonra belə də davam edəcək».
     Ancaq artıq «sonra» yoxdur.
     «1925-ci ilədək...», yəni ömrün sonuna qədər.
     Başqaları üçün yaşanan ömür beləcə sona yetir.
     Nəcəf bəy Çaybasarski əyyaş ömrü sürdü.
     Nəriman Nərimanov cəfakeş ömrü sürdü.
     Ancaq hər ikisinin tifaqı dağıldı.
     Çaybasarskidən heç nə qalmadı.
     Nərimanovdan isə vətəndaş xatirələri qaldı və illər bir-birini əvəz edəcək, nəsillər dəyişəcək, o xatirə isə yaşayacaq.
4.

     Həmin məktubdan bəzi məqamlara diqqət edək:
     «Mikoyanın ən əsas əleyhdarı mən idim, ancaq onu mənim iştirakım olmadan çıxartdılar. Mikoyandan sonra Sərkisi elədilər Bakı Komitəsinin katibi, Sərkisdən sonra Mirzoyanı. Çox güman ki, Mirzoyandan sonra Kasparov olacaq və i.a.».
     İdeoloji fanatizmin və dediyim kimi, inqilabçı terrorun tüğyan etdiyi bir vaxtda bu etiraz sözlərini yazmaq (və nəinki yazmaq, onu bilavasitə Stalinin, Trotskinin bu inqilab şeytanlarının özünə göndərmək!), əlbəttə, böyük insani və vətəndaşlıq cəsarəti tələb edirdi, ancaq bu, əslində, etiraz da deyil, bu, yenicə yaranmış bir sosialist respublikasının milli müstəqillik illüziyaları ilə yaşayan rəhbərinin Kremldəki Mərkəzin (bu həmin Mərkəz idi ki, Nəriman artıq əyani şəkildə onu tanımışdı və öz qənaətini Stalinin simasında bilavasitə Mərkəzin - SİSTEM yaradıcısının və mühafizəçisinin! - də üzünə çırpmaqdan çəkinmirdi: «...Mərkəz müəyyən sahəni özünə tabe edərək nəinki heç bir şey vermir, hətta həmin Respublikanın axırıncı tikəsini belə əlindən alır») apardığı kadr siyasəti ilə bağlı harayı və eyni zamanda köməksizliyinin, gücsüzlüyünün nümayişi idi.
     Nərimanov yazırdı: «Mən bildirirəm ki, bu, ağılla düşünülmüş və düzgün hesablanmış bütöv bir plandır».
     Aradan 75 il keçib, amma biz bu gün də Qarabağın timsalında o planın acı nəticələrinin şahidiyik, o plan əvvəlki dövrlərdə olduğu kimi, bu gün də günahsız qanlar tökür, yurdları viranə qoyur, Azərbaycanda hər yeddi nəfərdən birini öz elində-obasında qaçqın edir, amma bundan o planın qurucuları və icraçıları da bir şey əldə etmirlər, çünki bu ağılsız və fanatik siyasət heç bir milli rifaha gətirib çıxara bilməz, yəni belə bir sadə (və uzun-uzun əsrlərin sınağından çıxmış!) həqiqət ki, başqalarının sinəsini dəlib keçmiş süngülərin üzərində xoşbəxtlik ola bilməz...
     1917-ci ilin martında ermənilərin Bakıda törətdikləri qırğından cəmi ikicə il sonra (bu iki ildə Azərbaycan Xalq Cümhuriyyəti quruldu və 23 aydan sonra, rus-bolşevik intervensiyası nəticəsində süquta yetdi: Nərimanov isə belə hesab edirdi ki, Azərbaycan azad oldu...) - 1920-ci il aprelin 28-də Azərbaycanda sovet hakimiyyəti quruldu və düz yeddi gündən sonra - mayın 5- də keçirilən Ümumbakı Partiya Konfransında erməni millətçiləri bu dəfə bolşevik libasında Bakıda hakimiyyəti tam şəkildə ələ keçirdilər.
     Azərbaycan o zaman aqrar bir diyar idi və onun yeganə sənaye mərkəzi, həm də neft istehsalına və emalına görə yüksək səviyyədə inkişaf etmiş sənaye mərkəzi Bakı idi və bu fakt baxımından Bakının Azərbaycan üçün nə dərəcədə mühüm milli-strateji məkan olduğunu xüsusi qeyd etməyə, təbii ki, ehtiyac yoxdur.
     Nərimanov məktubda yazırdı:
     «Mikoyan bir dəfə demişdi:
     -Biz Nərimanovu elə əhatə edəcəyik ki, o bizim təsirimiz altında olsun.
     Bunu etmək üçün BEKA-nı (Bakı Partiya Komitəsini.) öz əllərinə almaq lazım idi. BEKA isə Azərbaycanda hər şey deməkdir».
     Azərbaycan İnqilab Komitəsinin sədri kimi, Nəriman Nərimanov həmin ağır günlərdə xalqın milli və siyasi maraqlarını qoruyarkən bu cür güclü, təcrübəli və məkrli əks qüvvələrlə üzləşmişdi, həm də Nəriman lamançlı rıtsar kimi, əslində, təkbaşına mübarizə aparırdı, çünki bir tərəfdən Mərkəzi - Qızıl Moskvanı təmsil edən Sergey Kirov, Serqo Orconikidze, Anastas Mikoyan, XI rus-bolşevik ordusunun (uzun müddət sovet dövrü şairlərimizin tərənnüm etməyə məcbur olduqları, yazıçılarımızın romanlar yazdığı, heykəltəraşlarımızın möhtəşəm abidələr düzəltdiyi «Qızıl Ordu»!) rəhbərliyi onun adından və milli nüfuzundan maksimum istifadə edib, amma onunla qətiyyən hesablaşmadan yenicə yaratdıqları sovet respublikasında istədikləri özbaşınalığı edirdilər. Quruluş dəyişsə də rus müstəmləkəçilik siyasəti I Pyotrun məlum vəsiyyətindən üzü bu tərəfə dəyişməmiş qalmışdı və həmin adamlar, Mərkəz nümayəndələri bu siyasəti həyata tətbiq etmək və əməli nəticələrə nail olmaq üçün, belə bir qarışıqlıqdan, erməni iddialarından və bu iddiaların sayəsində yaranmış erməni- azərbaycanlı qarşıdurmasından məharət və ustalıqla istifadə edirdilər.
     Bura orasını da əlavə etmək lazımdır ki, Anastas Mikoyan Mərkəzin nümayəndəsi olmaqla bərabər, Azərbaycandakı fəaliyyəti etibarilə daha artıq dərəcədə «Dənizdən dənizə böyük Ermənistan» millətçiliyinin nümayəndəsi idi və Bakının rəhbərliyini ələ keçirmiş Levon Mirzoyanın, Sərkisin (Danilyanın), Artakın (Stambolsyanın) və bu qəbildən olan erməni millətçilərinin irqiməfkurəvi rejissoru və himayədarı idi.
     Stalinə məktubunda Nərimanov yazırdı ki, «bütün bunların (yəni Bakını planlı şəkildə erməniləşdirmək cəhdlərinin.) müəllifi onlardan daha ağıllı olduğu üçün, Mikoyan sayılır».
     Hələ də ara-sıra öz inqilabi illüziyalarından tam ayrıla bilməyən Nərimanov sidq-ürəkdən Stalinə başa salmaq istəyirdi: «...mənim «Bahadır və Sona» romanım yoldaş Mikoyan hələ daşnak olarkən artıq müvəffəqiyyət qazanmışdı. Onda nə üçün 20 il keçdikdən sonra, mən millətçi olmalıyam, Mikoyan isə beynəlmiləlçi?».
     Yəqin ki, Stalin sadəlövh Nərimanın bu cümlələrini oxuyanda hələ ağarıb seyrəlməmiş bığlarının altından gülümsəyirdi...
     Digər tərəfdən isə Əliheydər Qarayev, Mirzə Davud Hüseynov, Qəzənfər Musabəyov, Ruhulla Axundov, Əyyub Xanbudaqov və başqaları kimi azərbaycanlı «bolşeviklər» - kimisi ideoloji fanatizminə, kimisi də inqilabi avantürizminə görə məhz milli məsələ ilə bağlı Nəriman Nərimanova qarşı mübarizə aparır, qatı erməni irqçiləri - mirzoyanlar və sərkislərlə birlikdə «bolşevik həmrəyliyi» göstərir, Mərkəzin müstəmləkəçi siyasətində özlərinin alətə çevrilmələrinə imkan yaradırdılar.
     «Stalinə məktub»da tariximizin belə bir epizodu təsvir olunub:
     «Moskvaya yola düşməzdən əvvəl yoldaş Orconikidze nəyə görə isə Mərkəzi Komitədə belə bir məsələ qoydu:
     «Azərbaycan Respublikası müstəqilmi yaşamalı, yaxud tərkib kimi, Sovet Rusiyasına daxil olmalıdır?».
     MK üzvləri - Qarayev, M.D.Hüseynov belə bir fikir irəli sürdülər ki, bizə heç bir müstəqillik lazım deyil, biz Azərbaycanı Sovet Rusiyasına birləşdirməliyik...»
     Görünür, belə bir əxlaqı, belə bir psixologiyanı yalnız ideoloji səbəblərlə izah etmək düzgün deyil. Bu yaxınlarda mən «Azadlıq» qəzetində Şəfi bəy Rüstəmbəyovun «27 aprel 1920-ci il xatirəsi» adlı bir yazısını (bu xatirələr ilk dəfə otuzuncu illərdə İstanbulda professor Əhməd Cəfəroğlunun redaktorluğu ilə nəşr edilən «Azərbaycan yurdu bilgisi» jurnalında çap olunmuşdur) oxudum və oxuduqca da daxili bir dəhşət məni bürüyürdü ki, Azərbaycan Demokratik Respublikasının istilasında bir sıra azərbaycanlı dövlət xadimlərinin, elə həmin müstəqil Respublika hökumətinin bəzi üzvlərinin rolu (cidd-cəhdi!) heç də rus-bolşevik ordusundan az olmayıb. Şəfi bəyin xatirələrindən belə çıxır ki, Azərbaycan Demokratik Respublikasının Daxili İşlər naziri (E.) dövlətin bolşeviklərə təslim olması üçün münbit şərait yaratmış və öz vəzifəsinin yüksəkliyindən və səlahiyyətindən daima buna sövq və təhrik etmişdir...
     Mənə elə gəlir ki, belə bir satqınlıq patologiyadır...
     Deyəsən, biz yenə mövzumuzdan uzaqlaşdıq...
     Nərimanov məktubda yazırdı: «Yerli maraqların müdafiəsi Mərkəzin müvəkkillərinin dilində millətçi təmayül adlanır, ancaq kənar respublikaların zərərinə Sovet Rusiyasının maraqlarını müdafiə etmək həmin dildə beynəlmiləlçilik aktı adlandırılır».
     Bolşevik Mərkəzinin yürütdüyü belə bir şovinist-müstəmləkəçi milli siyasətlə bağlı Nərimanovun gəldiyi (və gizlətmədiyi!) bu qənaət də mənim üçün onun böyük faciəsinin göstəricisidir və onun həmin məktubda verdiyi sual da gəmisi qayalara çırpılmış qoca (vaxtından əvvəl qocalmış!) kapitanın daxili sarsıntısının ifadəsidir. «Orconikidzenin nəzəriyyəsinə görə kiçik Azərbaycanın əhalisini sistemli şəkildə qırmaq mümkündür, bəs o zaman, görəsən, respublika kimlərdən ibarət olacaq?»
     Çıxış yolu nədədir?
     Perspektivdə bu milləti və guya, müstəqil olan bu respublikanı nə gözləyir?
     Yalançı partiya qurultaylarının və riyakar Mərkəz nümayəndələrinin fəaliyyətinin sonu nə ilə qurtaracaq?
     Nə olacaq?
     Bu sualların məngənəsində sıxılan Nəriman üçün artıq hər şey aydındır: «Mərkəzin nümayəndəsi Kirov partiyanın Mərkəzi Komitəsinə məruzə edəcək ki, qurultay onun Azərbaycandakı siyasətini yekdilliklə müsbət qəbul edib və Mərkəz də ona inanacaq... Beləliklə, biz viran olanacan özümüzü aldada-aldada yaşayacağıq».
     Ömrü boyu şəxsi rahatlığının və firavanlığının bahasına (halbuki məşhur bir yazıçı, yaxud yüksək ixtisaslı bir həkim kimi, belə bir rahatlıq və firavanlıq üçün bütün imkanları yarada bilərdi!) apardığı ölüm-dirim mübarizələrində başı daşdan-daşa dəymiş və sonralar uğrunda vuruşduğu o ideyaların sən demə, tamam illüziyalar aləmindən ibarət olduğunu dərk edən, bu illüziyaların tar-mar olduğunu görən «bizim doktor»unbu maarifçinin, milli təəssübkeşin və cəfakeşin gəldiyi son nəticə də qəti və birmənalıdır: «Mənimçün heç bir şəkk-şübhə yoxdur ki, AKP MK-sı Serqonun və Stalinin simasında biz türklərə etibar etmir və Azərbaycanın taleyini erməni daşnaklarına tapşırır».
     Əlbəttə, bu fikirlərin müqabilində mənim opponentlərim Nərimanovdan, xüsusən, XI ordunun Azərbaycanı işgal etməsi ilə, yaxud Gəncə üsyanının yatırılması ilə bağlı elə sitatlar da gətirə bilərlər ki (təəssüf ki, onlar da mövcuddur və Nərimanov bioqrafiyasının və ümumiyyətlə, XX əsr tariximizin - bu keşməkeşli mərhələnin bir hissəsidir!), bütün o Lir peşimançılığına (günahkar peşimançılığına!), mənəvi iztirablara və vətəndaş sarsıntılarına baxmayaraq, bu gün yalnız xəcalət təri gətirir, amma burada çox mühüm bir cəhət var: hərgah bir siyasi xadim kimi, Nəriman Nərimanovun apardığı mübarizənin sonrakı mərhələsi, yəni Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonrakı Nərimanov fəaliyyəti olmasaydı, Azərbaycan öz gələcək milli inkişafından qalmış olacaqdı, Azərbaycanın sahibsizliyini görən həmin Mərkəz kadr siyasətindən tutmuş respublika ərazisinin sərhədlərinəcən qat-qat artıq (elədiklərindən artıq!) özbaşınalığa yol verəcəkdi və nəticə etibarilə bəlkə də Azərbaycan adında bir respublika olmayacaqdı, olsaydı da, etnik tərkibini və hakimiyyət dairəsini Nərimanovun dediyi kimi, həmin «beynəlmiləl akt»ın tam təzahürü təşkil edəcəkdi.
     Danışırlar ki, Kreml Mərkəzinin, yəni Leninin, Stalinin, serqoların, anastasların və onların yerlərdəki dayaqları olan sərkislərin, levonların Nərimanova qarşı (yəni milli təəssübkeşliyə, Azərbaycan özünüifadəsinə qarşı) fitnə-fəsadlarında alətə çevrilmiş və bu inqilab avantüristləri, rus şovinistləri, erməni daşnaklarıyla bərabər, Nərimanova daim hücum edən və onu çərlədən azərbaycanlı rəhbər bolşeviklərdən biri yolunda canını qoyduğu rejimin qurbanı kimi, 37-də güllələnməzdən əvvəl deyib: «Kaş doktor sağ olaydı, gedib ondan üzr istəyəydik!»
     Azərbaycanın XX əsr tarixinin inkişafında, elə bilirəm ki, dialektik bir qanunauyğunluq mövcuddur: hərgah rus imperatorluğunun süqutundan sonra 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti qurulmasaydı, sovet imperiyasında Azərbaycan Sovet Sosialist Respublikası kimi ayrıca bir qurum yaranmayacaqdı və bu qurum olmasaydı, bu gün Azərbaycan Respublikası öz müstəqilliyini bərpa edə bilməyəcəkdi, siyasi-inzibati bir vahid kimi, Azərbaycan olmayacaqdı.
     Altmışıncı illərin sonlarında Fikrət Qoca, Fikrət Sadıq, Anar, rəhmətlik Şəkər Aslan və mən gənc yazıçıların o zamankı Ümumittifaq müşavirəsinə nümayəndə seçilmişdik və Moskvaya getmişdik. Bizi inqilab rəhbərlərinin adı ilə bağlı yerlərə aparırdılar və o zaman mən həyatımda birinci və sonuncu dəfə Leninin iş kabinetində oldum. Orada divarın bir küncündən Zaqafqaziyanın xəritəsi asılmışdı (yəqin elə indi də ordadı) və bu xəritədə (rəhbərin iş xəritəsində!) Azərbaycan deyilən bir şey yox idi: Ermənistan, Gürcüstan və Azərbaycan ərazisində Kür çayının sahili boyunca da «kyurtsı» (yəni ki, «kürlülər», «kürçaylılar» mənasında) yazılmışdı.
     Bunu mən ona görə xatırlayıram ki, Azərbaycan adının dünyanın siyasi-inzibati xəritəsinə düşməməsi üçün əlverişli bir şərait, münbit bir zəmin var idi və bütün əqidə və amal müxtəlifliklərinə baxmayaraq, yalnız bir tərəfdən M.Ə.Rəsulzadə, Ə.Topçubaşov, F.Xoyski, o biri tərəfdən isə Nəriman Nərimanov kimi siyasi xadimlərin böyük vətəndaş fəaliyyətinin nəticəsində belə olmadı, XX əsr yeni bir respublika doğdu. Bu tarixi hadisə əsrin ikinci onilliyində başladı və əsrin sonlarında (bizim müasir günlərimizdə!) başa çatdı.
     XX əsr Azərbaycan tarixinin bu mürəkkəb, gərgin və ziddiyyətli gedişatında həmin mürəkkəbliyi, gərginliyi və ziddiyyəti öz taleyində əks etdirən tarixi şəxsiyyətlərdən biri, birincilərdən biri, şəxsən mənim üçün heç bir şübhə yeri yoxdur ki, Nəriman Nərimanovdur.
     Əlbəttə, Nərimanov ideallaşdırılmamalıdır (ümumiyyətlə, tarixdə heç kimi ideallaşdırmaq lazım deyil, əslində, bu heç mümkün də deyil), onun siyasi fəaliyyətinin obyektiv qiyməti verilməlidir, siyasi səhvləri, bəzən, hətta kobud siyasi səhvləri göstərilməlidir, çünki bunların vicdan əzabını artıq o özü sağlığında çəkirdi.
     Nərimanov qısa ömrünün sonlarına yaxın daxilində, xüsusən, 20-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurularkən (qurdurularkən!) və ondan sonrakı aylarda baş verən hadisələrlə bağlı bəzi əməllərinin (XI ordu Azərbaycanı işğal etdikdən yarım ay sonra Nərimanov Leninə hesabat verirdi: «Qızıl Ordu özünü əla apardı...») vicdan əzabını çəkməsi mənim üçün şəksizdir. Düzdür, bu ona bəraət qazandırmır, amma onun mürəkkəb həyat yolunun faciəsini göstərir.
     Onun Stalinə məktubunu, oğluna yarımçıq məktubunu oxuyarkən hərdən mənə elə gəlirdi ki, həyatının bu cürə epizodları ilə bağlı Nəriman öz daxilində həmin əzablardan yaxa qurtarmaq üçün bəraət axtarır, amma heç cürə tapa bilmir və buna görə də mütəmadi sarsılır, içində qovrulur...
     Rus-bolşevik istilası ilə barışmayan gəncəlilərin üsyanından və bu üsyanın rus ordusu tərəfindən qan içində yatırılmasından sonra Nəriman: «... Qızıl Ordu əksinqilabı məhv etdi. Xainlər, quldurlar, Azərbaycan fəhlə və kəndlilərinin düşmənləri layiqincə cəzalandırıldılar» - yazmışdı və cəmi iki-üç il içində həmin «cəza»ların əməli nəticələri ilə üz-üzə dayanıb birdən-birə ayılmış dərin bir təfəkkür buna necə bəraət qazandıra bilərdi?
     Və buna görə də Nəriman bəlkə də iztirabların ən acısını keçirirdi...
     Və bütün bunlarla bərabər, Nərimanın bu səhvləri bizim tariximiz, ədəbiyyatımız və ictimai fikrimiz üçün yad bir şəxsiyyətin yox, doğmanın səhvləridir. Nərimanovun siyasi faciəsi yadın yox, doğmanın faciəsidir.
     Bunu nə cürə unutmaq olar ki, Nərimanov və «nərimanovçuluq» onilliklər boyu sovet rəsmi dairələri üçün qatı millətçiliyin simvolu, xalqımız üçün isə gizli (və çox qorxulu!) bir iftixar mənbəyi idi. Milli Azərbaycan özünüidarəetmə prosesi və bu siyasi prosesin inkişafı ən sıx tellərlə, həm də Nəriman Nərimanovun adı ilə bağlıdır.
     ... Bu cümlələri yazarkən fikir məni uzaqlara, iyirmi beş il bundan əvvələ, 1972-ci ilin isti iyun günlərinə apardı, o vaxta ki, biz cavan yazıçılar idik və bizim həyatımızda çox fərəhli bir hadisə baş vermişdi: Heydər Əliyevin bacarığı sayəsində Bakının Cənubi Sovet Meydanı deyilən amfiteatnnda Nəriman Nərimanovun tuncdan tökülmüş nəhəng bir heykəli ucaldılmışdı və o heykəl o zaman milli mənliyin təcəssümünə çevrilmişdi. Nəriman uzun illərin həsrətindən sonra yenidən Bakıya qayıtmışdı və bizə elə gəlirdi ki (və bu həqiqətən belə idi), Bakının ən uca nöqtəsindən əlini bir Domokl qılıncı kimi, şəhərin başı üstünə uzatmış Kirov heykəlinin bu müstəmləkəçilik rəmzinin qarşısında bu yeni heykəl xalqın milli mənliyindən xəbər verən Nəriman mübarizəsini davam etdirirdi...
     XX əsr Azərbaycan tarixinin ideyalar toqquşmasında, Rəsulzadə - Nərimanov siyasi rəqabətində, amal, əqidə və əməl mübarizəsində böyük hərfli Gələcək Rəsulzadənin müttəfiqi idi və tarix bunu əsrin sonunda birdəfəlik, mübahisəsiz, heç bir şübhə yeri qoymadan sübuta yetirdi və buna görə də bu gün siyasi qalib Rəsulzadədir, Topçubaşovdur, Xoyskidir, Yusifbəylidir, amma siyasi məğlub da nifrət obyekti yox, milli tariximizin faciə qəhrəmanıdır, onu ifşa etməkdən (çox zaman da naşı qələmi ilə!) ləzzət almaq yox, ona yanmaq, heyfsilənmək və H.Z.Tağıyevin həyatına həsr edilmiş hörmət və məhəbbətlə dolu bioqrafik yazısından tutmuş, bir sıra son dərəcə acı təəssüf doğuran rəsmi sənədlərəcən ziddiyyətli və mürəkkəb Nəriman irsinə və fəaliyyətinə obyektiv qiymət vermək lazımdır.
     Nəriman Nərimanov bu işıqlı şəxsiyyət XX əsr Azərbaycan tarixinin pərişanlıq mücəssəməsi olan tragik bir qəhrəmandır.
     Onun nankor övladı - canlı bir varlıq deyildi, yolunda canidildən, sidq-ürəkdən fəaliyyət göstərdiyi, yaranmasında, xüsusən, ilk mərhələlərdə fəal iştirak etdiyi və qəlbən inandığı SISTEM idi.
     Və həmin SISTEM də Nərimanovu ayıltdı, onu beləcə faciə qəhrəmanı etdi, sonra da onu məhv etdi.
     Nərimanovun siyasi səhvlərini görməmək olmaz _ şübhəsiz belədir, amma Nərimanovun fəryadını qulaqardına vurmaq və onun ədəbi irsini, maarifçilik fəaliyyətini unutmaq və qiymətləndirməmək də olmaz.
5.

     Gənc dost!
     Sənin həyatın, Millətin və Vətənin taleyi ilə bağlı qlobal tarixi dəyişmələr dövrünə təsadüf etdi. Yalançı ideologiya və zorakılıq üzərində qurulmuş böyük bir imperiya labüd bir sonluqla ömrünü başa vurub tarixin artıq vərəqlənmiş bir səhifəsinə çevrildi və bu süqut siyasət aləmində, milli və mənəvi həyatda kataklizm yaratdı.
     Şübhəsiz, çətin ağrılı-acılı bir dövrdür, ancaq orası da şübhəsizdir ki, son dərəcə vətəndaş məsuliyyəti tələb edən, Millətin və Vətənin gələcəyini müəyyənləşdirən həlledici bir zamandır və reallığımızın bu kontekstində səndən çox şey asılıdır _ sənin doğma xalqını azad və müstəqil yaşayan bir xalq kimi, həmin kataklizmdən çıxarmaq naminə görəcəyin böyük işlərin əsasını təşkil edəcək düşüncələrindən, götür-qoy etmək, keçmişi öyrənmək və müstəqil qənaətlərə gəlmək bacarığından çox şey asılıdır, çünki bu məlum həqiqətdir: keçmişi olmayan xalqın gələcəyi də sual altındadır.
     Keçmişdən sərf-nəzər etmək olmaz və eyni zamanda, keçmişə kin-küdurətlə, tendensiyalı yanaşmaq da olmaz. Bu gün Nəriman Nərimanovu söymək, onu inkar etmək (hərçənd tarixi inkar etmək zaman etibarilə tamam müvəqqəti bir şeydir!) asandır və deməliyəm ki, şərəfli bir iş deyil və heç kimə də başucalığı gətirmir.
     Bu gün nəinki Nəriman Nərimanovun, Mirzə Fətəli Axundovun da, Cəlil Məmmədquluzadənin də, Sabirin də kölgəsini qılınclayır və onlara ədəbi-siyasi böhtanlar atırlar. Üzeyir bəyi «Əsli və Kərəm»i yazdığına görə qəzəb obyektinə çevirirlər (onda gərək həmin dastanı yaradan xalqı da qəzəb obyekti eləyəsən!) və s. və i.a.
     Dünən konyunktura elə idi ki, bilən də, bilməyən də, misal üçün, Mirzə Cəlildən, yaxud Sabirdən yazırdı, qrafoman fürsəti fövtə verməyib mövzu arxasında gizlənərək sönük dissertasiya müdafiə edirdi, kitab nəşr etdirirdi və XX əsr Azərbaycan ictimai fikrinin Əhməd bəy Ağayev, yaxud Əli bəy Hüseynzadə kimi böyük nümayəndələri tədqiqatdan tamamilə kənarda qalırdı, yada düşəndə də iki-üç şablon ittihamlarla ifşa olunurdu («burjua ideoloqu», «mürtəce mövqeli», «pantürkist», «panislamist»...).
     İndi isə həmin kəmfürsətlik psixologiyası başqa bir eybəcər qütbə yuvarlanır: bilən də, bilməyən də Əhməd bəyin, Əli bəyin xidmətlərini tərifləyir və bu dəfə Mirzə Cəlil, Sabir, «Molla Nəsrəddin» ədəbi məktəbinin digər nümayəndələri arxa plana keçirilir.
     Nə üçün biz beləyik?
     Yaxşı, dünən hakim (və yad!) ideologiya var idi, həqiqəti deməyə qoymurdu, obyektiv tədqiqatı qəbul etmirdi, bəs bu gün?
     Axı, Məmməd Əmin bəy də, Əlimərdan bəy də, Fətəli xan da XX əsr Azərbaycan tarixinin o şəxsiyyətləridir ki, bu gün onların naşı qələmçinin tərifinə qətiyyən ehtiyacları yoxdur və Nəriman Nərimanovu yerə vurmaqla onları qaldırmaq cəhdi bu rəhmətliklərin ruhu qarşısında (və ümumiyyətlə, millətin qarşısında) ədəbi-ictimai əxlaqsızlığın nümayişidir.
     Ancaq sən, gənc dost, bütün bunlara uymamalısan, sən özün oxuyub, özün öyrənib, özün nəticələr çıxarmalısan və o zaman mən buna qətiyyən şübhə etmirəm Məmməd Əmin bəyin tarixi missiyası sənin ürəyini qızdırdığı kimi, Nərimanovun da səhvləri eyni doğmalıqla sənin ürəyini yandıracaq və sən onun bu səhvlərlə bərabər, xalqımız qarşısındakı xidmətlərini də qiymətləndirməyi bacaracaqsan.
6.

     ...1925-ci il fevral ayının ortalarında Nəriman Nərimanovun siyasi-ictimai və ədəbi-elmi fəaliyyətinin 30 illik yubileyi bütün Sovet İttifaqında təntənə ilə qeyd edildi.
     Fevralın 15-də Moskvada, İttifaqlar Evində yubiley gecəsi keçirildi. Malı Teatrın səhnəsində «Nadir şah» dramının yubiley tamaşası göstərildi. İttifaqın hər yerindən zəhmətkeşlərin təşkil olunmuş «ürək sözləri» və təşkil olunmamış həqiqi səmimi hisslərlə dolu təbrikləri gəldi...
     Bu adamın taleyində acı ilə şirin həmişə bir-birini əvəz edib...
     Ümumiyyətlə, qəribədir, XX əsr Azərbaycan siyasi tarixinin böyük nümayəndələrinin taleyində bioqrafiya göstəricilərinin müxtəlifliyinə, onları yetişdirən mühitin və onların dövründə dünyanın geosiyasi xəritəsinin tamam fərqli olmasına baxmayaraq, oxşar məqamlar açıq-aşkar görünməkdədir.
     Bəli, Nəriman Nərimanov tariximizin faciəvi bir qəhrəmanı idi.
     Bəs onun siyasi rəqibi, əsrin əvvəllərində Azərbaycanı üçüncü minilliyə aparan keşməkeşli siyasi yolun başlanğıcında milliyyətçi _ müstəqillik mübarizəsinin böyük ağırlığını çiyinlərində daşıyan parlaq şəxsiyyətlərdən biri Məmməd Əmin Rəsulzadə necə?
     Xalqın səadəti uğrunda çalışan bu adamın özünün şəxsi həyatı səadətdən çox uzaq idi, qarşıda onu mühacir həyatı gözləyirdi və bu mühacirin Türkiyədə, Polşada, Rumıniyada, dübarə Türkiyədə keçən ömrü intəhasız bir nisgillə, həsrətlə, qürbət nigarançılığı ilə dolu idi, onun ailəsi dağılmış və repressiya qurbanı olmuşdu. Bu faciəli şəxsi həyat 1955-ci il mart ayının 6-da Ankarada üç dəfə: «Azərbaycan!.. Azərbaycan!.. Azərbaycan!..» _ deməklə sona yetdi.
     Bəs həmin üçüncü minilliyə aparan yolun son ucunda Azərbaycana rəhbərlik edən və əsrin sonuncu otuz ilində şəxsiyyəti və fəaliyyəti daim xalqının taleyi və tarixi kontekstində olan Heydər Əliyev necə?
     O, fenomenal iş qabiliyyəti, bacarığı və səriştəsi sayəsində mənşəyinə və dininə baxmayaraq, sovet iyerarxiyasında ən yüksək vəzifələrdən birini tutdu, türk xalqları arasında bütün sovet imperiyası tarixində ondan yüksək vəzifədə olanı olmayıb, amma o, vəzifədən gedəndən sonra, vaxtilə heçlikdən, adsızlıqdan-sansızlıqdan dartıb çıxarıb ad-san verdiyi adamların bir çoxu nəinki dönük çıxdılar, ondan üz döndərdilər, hətta onun üzünə durdular.
     Təkcə elə Ali Sovetin 1991-ci il məşhur sessiyasını xatırlamaq kifayətdir: vaxtilə Heydər Əliyevin sadə bir salamını həyatlarının xüsusi bir fəxarət məqamı sayanlar, Heydər Əliyevin çörək verdiyi adamlar o, nitq söyləyəndə nə oyundan çıxmırdılar: sözünü kəsirdilər, əl çalırdılar, «reqlament» deyib qışqırırdılar ki, yeni rəhbərlik bunu qiymətləndirsin...
     Belə bir nankorluq təqibi və təhqiri uzun sürmədi, fələyin çarxı o adamcıqlar üçün tamamilə gözlənilmədən dəyişdi, amma bu müddət qısalığı da, fələyin çarxının beləcə dəyişməsi də şəxsi həyatda yaşanan faciənin sarsıntısını, ağrı-acısını, elə bilirəm ki, heç də azaltmır...
     O adamcıqlar isə bu gün yenidən bir-birləri ilə Heydər Əliyevə sədaqət bəhsinə girişiblər, amma güman edirəm bundan bir şey çıxmaz, çünki bir dəfə satan həmişə satacaq...
     Lakin biz yenə öz mövzumuza qayıdaq...
     Aydın məsələdir ki, Nəriman Nərimanovun Moskvada böyük vəzifəyə keçirilməsi, əslində, onun Azərbaycandan uzaqlaşdırılması idi. O böyük vəzifə də - Mərkəzi İcraiyyə Komitəsinin sədrlərindən biri, əslində, daha artıq butaforiya səciyyəli idi, rəhbər dekorasiya idi, çünki Stalin mütləq hakimiyyəti qamarlayıb partiyanın əlində cəmləşdirmişdi.
     Eyni zamanda, Azərbaycanın özündə Nərimanovdan sonra Nərimanovla bağlı elə bir vəziyyət yaradılmışdı ki, respublika rəhbərliyində ona münasibət açıq-aşkar düşmənə olan münasibət idi.
     Bəli, Mərkəz Moskvada Nərimanov üçün SİSTEMə heç bir ziyanı olmayan təmtəraqlı bir yubiley keçirdi, elə bil ki, aldadıb uşaq başı sığallayırdılar: Stalindən, o zaman Nazirlər Sovetinin sədri olan (sonra da güllələnən!) Rıkovdan, Kalinindən (MİK sədrlərindən-prezidentciklərdən başqa birisi!), Xarici İşlər naziri Çiçerindən, ölkənin «mənəvi anası» rolunu oynamağa çalışan (amma «mənəvi ata» _ Stalin qısa bir müddət ərzində onu sıxışdırıb yalnız pionerlərin dostuna çevirdi!), Nadejda Krupskayadan ibarət Fəxri Rəyasət Heyəti seçildi, ölkənin hər yerindən zəhmətkeşlərin nümayəndələri gəldi, təbriklər göndərildi...
     Ölkənin hər yerindən, təkcə Azərbaycandan başqa!
     Bu yaxınlarda mən o yubiley günlərində Qədirlinin (Mövsüm İsrafilbəyovun partiya təxəllüsü; Nərimanov Stalinə məktubunda onu «sınanmış yoldaş» adlandırır) Nərimanova yazdığı məktubu oxudum və bu məktub Nərimanov faciəsinin əyani sənədlərindən biri kimi, mənə çox təsir etdi: «Bakı şəhərində yubileyinizin qeyd olunması qeyri-mümkündür. İclaslarda Nəriman Nərimanovun adının çəkilməsinə yol verilmir».
     Bu, əlbəttə, təsirlidi, amma təəccüblü deyil.
     Vətəndə Nərimanova münasibət bəzən o bolşevik gerçəkliyində belə, sürrealist bir mənzərə yaradırdı: Nəriman Azərbaycanda Xalq Komissarları Sovetinin sədri idi, amma Azərbaycan kommunist təşkilatından sovet kommunistlərinin XI Qurultayına (mart 1922-ci il) nümayəndə seçilmişdi...
     SİSTEM, təbii ki, öz işinin ustası idi. Moskvada Nərimanın ona necə yubiley keçirirsən, keçir! - SİSTEM üçün heç bir narahatlığı yox idi. Azərbaycanda isə Nərimanov qurddan ayıq olan SİSTEM üçün qayğı mənbəyiydi, çünki Nərimanov özü yazdığı kimi, Azərbaycanda «Azərbaycanı simasızlaşdırmaq istəyənlərə qarşı şiddətli müqavimət göstərə bilirdi».
     Nəriman Nərimanov Moskvada isə SİSTEMin tam əsiri idi.
     Ən acı cəhət orası idi ki, illər keçdi, xülyalar aləmi dağıldı və Nərimanovun özü üçün də məlum oldu: onun inqilabçı fəaliyyəti, enerjisi, şövqü məhz bu SİSTEMin yaranmasına həsr olunubmuş...
     Moskvada işləyərkən Nərimanov bir neçə dəfə Stalinə rəsmi ərizə göndərib və səhhətini bəhanə gətirərək vəzifədən azad edilməsini, Bakıya qayıdıb yaradıcılıqla məşğul olmasına razılıq verməsini xahiş edib və təbii ki, SİSTEM də Stalinin simasında (ya da əksinə, Stalin də SİSTEMin simasında) «yox» deyib...
     O yubiley təntənələrindən düz bir ay sonra - 1925-ci ilin 19 martında Nəriman Nərimanov qəflətən vəfat etdi (bir atalar sozü yada düşür: «Ürək ətdəndir...»). Sovet İttifaqının bütün dövlət müəssisələrində iş dayandırıldı. Xarici İşlər Komissarlığının ölkənin xaricindəki bütün idarə və müəssisələrində iki günlük matəm elan edildi.
     Xalq yas içində idi və xalq bilmirdi ki, illər keçəcək, SİSTEMin bəşəriyyətə zidd mahiyyətinin bütün çılpaqlığı ilə açılması mümkün olacaq və məlum olacaq ki, bu qəfil ölümün özünü də çox güman ki, o zaman dərin bir matəm içində Nərimanovun tabutu önündə dayanmış Stalinin əli ilə elə SİSTEM özü təşkil edib.
     Xalq yas içində idi və xalq bilmirdi ki, aylar, illər keçəcək, Nəriman Nərimanov ölümündən sonra (SİSTEMə xas olan bir cəhət) «millətçi» elan ediləcək, onun adını daşıyan küçələr, rayonlar, şəhərlər, Moskva Şərqşünaslıq İnstitutu həmin addan məhrum olunacaq, SİSTEM onu unutdurmağa çalışacaq, amma nəhayətdə buna nail olmayacaq, əksinə, özü tar-mar olub tarixin qara bir səhifəsi kimi, arxaya çevriləcək.
     O vaxt yəqin burası da heç kimin ağlına gəlməzdi ki, həmin SİSTEM tarixin qara bir səhifəsi kimi, çevrildikdən sonra, müstəqil Azərbaycan Respublikasında Nərimanovu millətin düşməni elan edən səslər eşidiləcək...
     Taleyin acısına bax...
     Bəli, xalq yas içində idi və o çağlardan kədərli bir fotoşəkil xatirə qalıb: Nəriman Nərimanovun həyat yoldaşı Gülsüm xanım altı yaşlı oğlu Nəcəflə birlikdə Qızıl Meydandakı təzə məzarın qarşısında dayanıblar və o təzə məzarın üstü gül-çiçəklə, əklillərlə doludur...
     Və o zaman yenə də heç kim bilmirdi ki, o altı yaşlı uşaq da cəmi iyirmi dörd il ömür sürəcək...
     1925-ci il yanvarın 28-də, yad Moskvanın soyuq və qürbətlə dolu bir qış gecəsində vaxtından əvvəl qocalmış Nəriman Nərimanov mizin arxasına keçib o biri otaqda dünyanın riyasından xəbərsiz bir yuxuyla yatmış o altı yaşlı Nəcəfə məktub yazmağa başladı və o bitməmiş məktub da daxili fəryadın, sarsıntıların, tənhalığın ifadəsi idi.
     Nəriman yazırdı: «Əziz oğlum Nəcəf! Əgər hələ yaşamaq qismətim varsa, mən səni elə hazırlamağa çalışacağam ki, sən bəşəriyyət üçün daha çox iş görəsən. Lakin mən əbədi məzara tez köçməli olsam, təvəqqe edirəm, başqaları üçün daim əzab çəkən atan qədər kiçik bir iş görəsən».
     O soyuq qış gecəsindən sonra, tale onun «yaşamaq qismətinə» cəmi ay yarım vaxt ayırmışdı və həmin kədərli fotoşəklin çəkildiyi o dəfn günü də, şübhəsiz, heç kimin ağlına gəlməzdi ki, on səkkiz il keçəcək, o altı yaşlı oğlan atasız bir həyatla ideoloji və inzibati keşməkeşlər içində böyüyəcək, Kiyevdə hərbi məktəb qurtaracaq, gənc bir zabit olacaq, müharibənin başlanğıcından tank bölümü komandiri kimi, faşizmə qarşı döyüşəcək, Stalinqradın və Donbasın faşistlərdən azad edilməsində qəhrəmanlıqlar göstərəcək və 1943-cü ilin bir payız günündə yad ellərin Volnovaxa deyilən bir şəhəri ətrafındakı döyüşlərdə qurban gedəcək...
     Gülsüm xanım isə SİSTEMin qəzəbinə gəlməkdən qorxub ondan üz döndərmiş insanların arasında, böyük, yad və soyuq şəhərdə kədərli bir ömrü tənha başa vuracaq...
13 mart 1997.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (26.08.2014) | Müəllif: R.C E W
Baxış: 669 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more