Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı- «Molla Nəsrəddin» işığı (Məqalə)
«MOLLA NƏSRƏDDİN» İŞIGI


      «Molla Nəsrəddin» jurnalının birinci nömrəsi çapdan çıxdı.
     Yox, bu sözlər mətbəə xatası deyil və biz də səhv etmirik: söhbət ölməz jumalımız «Molla Nəsrəddin»in bu günlərdə yenicə çapdan çıxmış birinci nömrəsindən gedir...
     Görkəmli alimimiz Əziz Mirəhmədovun rəhbərliyi ilə Nizami adına Ədəbiyyat İnstitutunun mətnşünaslıq şöbəsinin gərgin zəhməti, işgüzarlığı özünün bu sahədə ilk barını verdi: düz yetmiş beş ildən sonra «Molla Nəsrəddin»in ilk nömrəsinin faksimilesi və müasir əlifbamızda transliterli çapı yenidən oxuculara çatdırıldı.
     Bu, əsl vətəndaşlıq işidir.
     Bu, ədəbi irsimizə, böyük sələflərimizin yaradıcılığına və fəaliyyətinə böyük hörmətin və məhəbbətin ifadəsidir.
     Bu - Mirzə Cəlil dühasındakı ziyanın, nurun nəticəsidir.
     Bu - Mirzə Cəlil qələminin, Mirzə Cəlil amalının, «Molla Nəsrəddin» jurnalı vətəndaşlığının xalqımızın mədəniyyətinin hər hansı ayrı-ayrı sahələrində deyil, ümummilli inkişafında oynadığı böyük rolun daha bir təsdiqidir.
     Biz bu ilk nömrə haqqında çox oxumuşuq, kitabxanalarda, şəxsi arxivlərdə onu çox vərəqləmişik, çoxumuz bu ilk nömrəni O.İ.Şmerlinqin karikaturalarından tutmuş kiçicik elanlarına qədər, demək olar ki, əzbər bilirik, lakin buna baxmayaraq, bu ilk nömrəni nə qədər böyük bir maraqla açırıq, dəfələrlə oxuduğumuzu nə qədər həvəslə yenidən oxuyuruq, nə qədər düşünür və düşünürük.
      «Molla Nəsrəddin»in yenicə çapdan çıxmış ilk nömrəsi bizi yetmiş il bundan əvvələ aparır, Mirzə Cəlilin nurlu siması bizim gözlərimiz qarşısında canlanır, elə bil ki, 1906-cı il aprel ayının 6- dan 7-nə keçən gecə Tiflisin Vidovskaya küçəsindəki ikimərtəbəli kiçik binada yerləşən «Qeyrət» mətbəəsində öz tarixi işini görən çap maşınlarının səsini eşidirik, elə bil ki, jurnalın çapının fəhləlik işini də özü görən Mirzə Cəlilin ilk min nüsxəni çap edib qurtardıqdan sonra hansı uca hisslərlə, hansı fərəhli duyğularla yaşadığını biz də hiss edir, duyuruq.
      «Molla Nəsrəddin»in nəşri ideyası ilə alışıb-yandığı dövrdə otuz doqquz yaşlı Mirzə Cəlil dostu Ömər Faiq Nemanzadəyə deyirdi:
      «... İndiyədək bizi qoymayıblar bir dərvişin hoqqabazlığını tənqid edək; bir mərsiyəxanın lotuluğunu tənqid edək; qoymayıblar başımızın üstünü kəsən minlərcə zorbazorların zülmlərindən bəhs edək; qoymayıblar İslam millətini çürüdən və çürütməkdə olan milyonlarca müfsid həşəratların eyiblərini açıb camaatı mütənəbbeh edək» («Xatiratım»).
     Bu sözlərdə «Molla Nəsrəddin»in çəkdiyi dərdin az bir qismi sadalanırdı; dərvişlərin hoqqabazlığı, mərsiyəxanların lotuluğu, zorbazorların zülmü, «milləti çürüdən və çürütməkdə olan milyonlarca müfsid həşəratların eyibləri» öz-özlüyündə böyük bəla, böyük müsibət idi, lakin «Molla Nəsrəddin» dərdinin, ələminin ümumi panoramı fonunda, hətta bunlar belə kiçik idi.
     Xalq nə qədər böyük idisə, onun mənəvı sərvəti nə qədər zəngin idisə, xalqın ruhu nə qədər təmiz və pak idisə, dərdi də o qədər çox və böyük idi.
      «Molla Nəsrəddin» bu dərdin yükünü gülə-gülə çəkirdi.
      «Molla Nəsrəddin» öz mübarizəsini gülə-gülə aparırdı.
     Bu, gülə-gülə ağlamaq deyildi, gülə-gülə vuruşmaq idi.
      «Molla Nəsrəddin» bu ilk nömrəsindən başlayaraq çox çətinliklərə düşmüşdü, çox təqiblərə məruz qalmışdı, çox təhqirlərə dözmüşdü, «Molla Nəsrəddin» ən dərdli dərdliləri görmək qabiliyyətinə malik idi, o bu dərdləri görürdü və yanırdı, lakin «MollaNəsrəddın» heç vaxt ağlayıb özünə qapanmırdı, gülüb, mübarizə aparırdı.
     Mirzə Cəlil «Xatiratım»da yazırdı: «Vaqeən necə ki, hal-hazırda, həmçinin o zaman, Şərqin qaranlığını təsəvvür edəndə insana elə bir təəccüb, heyrət üz verir ki, axırda əcaib bir şeyə gülən kimi burada da insanla bir mayeyi-gülünc və məzhəkə üz verir. Vaqeən damın üstündə paltar sərən bir kəndli ovrətinin dam üstündə burnu gicişib asqırmaqla xanın ziyarət müsafirətindən geri qayıtmağına məgər gülməməkmi olar? Yaxud rəxti- xabda uzanıb gözlərini axıda-axıda dodaqları ilə vird edən bir xəstənin namaz qılmağı məgər gülünc deyil? Və belə gülünc bir zamanda, belə qulyabanı bir insanların tarixini yazmaq üçün, əhval və ətvarını təsvir etmək üçün məgər «Molla Nəsrəddin»in yaranmağı təbii deyil?».
     Bundan sonra Mirzə Cəlil öz məşhur sözlərini yazır: ««Molla Nəsrəddin»i təbiət özü yaratdı, zəmanə özü yaratdı».
     Qocaman ədibimiz Qulam Məmmədli tərtib etdiyi qiymətli «Molla Nəsrəddin» salnaməsində bu sözləri dahiyanə fikir adlandırır və Mirzə Cəlilin gözlərini öz zamanının, dövrünün kontekstində götürdükdə, «Molla Nəsrəddin»in xalqımızı müstəmləkə buxovlarında sıxan çarizm istibdadına qarşı, cəhalət və nadanlığa qarşı əlbəyaxa vuruşuna qalxdığını gördükdə, Qulam Məmmədlinin qiymətinə şərik çıxırıq: xalq cana gəlmişdi, bıçaq sümüyə dirənmişdi və xalq danışmalı idi, xalq «MollaNəsrəddin» qəhqəhələri ilə gülməli idi.
     Lakin eyni zamanda, Mirzə Cəlilin bu sözlərində, bu «dahiyanə fikrində» əsl sənətkar - vətəndaş sənətkar təvazökarlığı yox, həqiqi təvazökarlığı! - hiss etməmək mümkün deyil.
     Həmidə xanım «Mirzə Cəlil haqqında xatirələrim»də «Molla Nəsrəddin»in yenicə çapdan çıxmış birinci nömrəsinin böyük müvəffəqiyyətindən yazır və 1906-cı ilin may ayında Tiflisə gedib hələ təzə tanış olduqları Mirzə Cəlilə bu böyük müvəffəqiyyət barədə danışdığını göstərir. Bəs Mirzə Cəlil nə deyir? Həmidə xanım yazır: «O, (Mirzə Cəlil.) təvazökarlıqla başını aşağı salıb susur və fasilə vermədən papiros çəkirdi».
     Mirzə Cəlil başını aşağı salıb papiros çəkirdi... Bəs Mirzə Cəlilin ürəyi nə çəkirdi?
      «MollaNəsrəddin»in səhifələrindən qopan qəhqəhələr bu sualın cavabı idi.
     Həmin qəhqəhələr bütün Şərq xalqlarının, bütün müsəlman xalqlarının qulaqlarında cingildəyirdi.
     Həmin qəhqəhələr yuxudan oyadırdı.
     Həmin qəhqəhələr istibdadın özünün, cəhalət və nadanlığın özünün dərdinə, həm də sağalmaz dərdinə çevrilirdi.
     İlk nömrədə «Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım!» - deyə Molla Nəsrəddin - Cəlil Məmmədquluzadə heç kimdən, öz əzizindən də, öz düşmənindən də çəkinmirdi, ehtiyat etmirdi, çünki onun böyük bir müttəfiqi var idi: həqiqət!
     Mirzə Cəlil «Molla Nəsrəddin»in birinci nömrəsində yazırdı: «Ey mənim müsəlman qardaşlarım! Zəmanı ki, məndən bir gülməli söz eşidib ağzınızı göyə açıb və gözlərinizi yumub o qədər xa-xa edib güldünüz ki, az qaldı bağırsaqlarınız yırtılsın və dəsmal əvəzinə ətəkləriniz ilə üz-gözünüzü silib «lənət şeytana» dediniz, o vaxt elə güman etməyin ki, Molla Nəsrəddinə gülürsünüz, ey mənim müsəlman qardaşlarım! Əgər bilmək istəsəniz ki, kimin üstünə gülürsünüz, o vaxt qoyunuz qabağınıza aynanı və diqqətlə baxınız camalınıza».
     Bu acı və kəskin sözlər xalqı oyadırdı.
     Mirzə Cəlil elə həmin nömrədə belə bir «Molla Nəsrəddin» teleqramı çap edirdi: «Peterburq - Mart 30. Burada belə söyləyirlər ki, Orenburq müftiliyinin mənsəbinə senator Çerivanski təyin olunacaq. Orenburq müftisi cənab Sultanov jandarm qulluğuna keçir».
     Bu öldürücü satira çarizm siyasətinin sağalmaz yarasına, dərdinə çevrilirdi.
      «Molla Nəsrəddin»in birinci nömrəsində «O hansı şəhərdir ki, qala divanxanasının on iki nəfər müsəlman vəkilinin cümləsi bisavad və məhz biri, ancaq hıqqana-hıqqana adını yaza bilir?» və yaxud «Harada bir elə təlim kitabı ələ gətirmək olar ki, müsəlman uşağına türk (burada və aşağıda «Azərbaycan» mənasında işlədilir) dilində savad öyrətmək mümkün ola?» - kimi suallarla müraciət etdikdə, eyni zamanda həm oyadır, həm də ittiham edirdi. «Bu nə sirdir ki, erməni-müsəlman vuruşması düşən kimi hökumət əsgərləri elə şiddətli azara mübtəla oldular ki, təbiblər onların çölə çıxmağını rəva görmürdülər?» - kimi suallarla «Molla Nəsrəddin» müstəmləkəçiliyin əsrlər boyu sanki bərkimiş, sabitləşmiş və əzəmətli, möhtəşəm görünən sütunlarını dibindən titrədir, sarsıdırdı.
      «Molla Nəsrəddin» birinci nömrəsindən öz milli simasını, milli mahiyyətini açıqlamışdı və ən əsası da bu idi ki, həmin millilik məhdudluqdan yox, bəşəri hiss və həyəcanlardan, bəşəri düşüncələrdən doğurdu, buna görə də rus və erməni üçün də, fars və ərəb üçün də, tatar və türkmən üçün də, özbək və gürcü üçün də doğma və anlamlı idi.
     Azərbaycan problematikası, Azərbaycan tarixinə, mədəniyyətinə, torpağına hörmət və məhəbbət «Molla Nəsrəddin» jumalının adından tutmuş son sətrinəcən bütün səhifələrində, abzaslarında, cümlələrində nəfəs alır, yaşayır.
     Azərbaycan dilinə sonsuz, əvəzsiz ehtiram, bu dilin böyük imkanları hesabına onu inkişaf etdirmək, yaymaq, onda yazmaq və oxumaq ilk nömrəsindən etibarən, «Molla Nəsrəddin» amalının, «Molla Nəsrəddin» əqidəsinin əsas atributlarından biri olmuşdur.
     Birinci nömrənin aparıcı felyetonunda (Mirzə Cəlil «Xatiratım»da bunu baş məqalə adlandırır) öz dövrünün ən ağır dərdlərindən birindən xəbər verən bu sözləri oxuyuruq: «Məni gərək bağışlayasınız, ey mənim türk qardaşlarım. Mən onu bilirəm ki, türk dilində danışmaq eyibdir və şəxsin elminin azlığına dəlalət edir, amma hərdənbir keçmiş günləri yad etmək lazımdır: salınız yadınıza o günləri ki, ananız sizi beşikdə yırğalaya-yırğalaya sizə türk dilində layla deyirdi və siz qulaq ağrısı səbəbinə sakit olmur- dunuz. Axırı biçarə ananız sizə deyirdi: «Bala, ağlama, xortdan gələr, səni aparar». Və siz dəxi canınızın qorxusundan səsinizi kəsib ağlamaqdan sakit olurdunuz. Hərdənbir ana dilini danışmaq ilə keçmişdə gözəl günləri yad etməyin nə eybi var?».
     Birinci nömrədə Azərbaycan dili ilə bağlı başqa materiallar da verilmişdi. M.Ə.Sabiri Azərbaycan ədəbiyyatında Sabir satirası faktını yaratmağa sövq etmiş «Lisan bəlası» felyetonu və şeri də çap olunmuşdu, lakin bütün bu böyük vətəndaş söhbətləri ilə bərabər, əsas məsələ burasında idi ki, jurnal özü ilk nömrəsindən etibarən, Azərbaycan dilinin qadirliyini öz səhifələrində əyani şəkildə sübuta yetirirdi.
     Azərbaycan dili lüğət fondunun zənginliyi, bu dilin ahəng qanununun gözəlliyi, ən incə mətləbləri, ən mürəkkəb mülahi- zələri ifadə edə bilmək qadirliyi, onun şirinliyi, təbiiliyi «Molla Nəsrəddin»in səhifələrində özünün əyani təcəssümünü və tətbiqini tapmışdı.
     «Molla Nəsrəddin» xalqın öz dili ilə xalqa xidmət edirdi.
     «Molla Nəsrəddin» dediklərinə əməlləri ilə cavab verirdi.
     «Molla Nəsrəddin»in bütün varlığı xalqının taleyi ilə bağlı idi.
     Vaxtilə nurani Nəcəf bəy Vəzirov ürək ağrısı ilə yazırdı: «Mənim dərdim müsəlman qardaşlarımın cəhalətdə qalmağı, nahəmvar işləri, bəd hərəkətləridir. Mənim dərdi-qüssəm millətdir».
     «Molla Nəsrəddin» yalnız qüssə çəkməklə kifayətlənmədi.
     «Molla Nəsrəddin» ilk nömrəsi ilə döyüşə girişdi.
     Bu gün, «Molla Nəsrəddin»in ilk nömrəsinin nəşrindən 75 il keçdikdən sonra, həmin nömrənin yenidən çap olunması, həm də qayğı ilə, diqqətlə, nəfis şəkildə çap olunması ədəbi həyatımızda çox dəyərli hadisədir. Bu, ədəbiyyatşünaslarımızın çox əziyyətli, lakin çox da şərəfli işinin nəticəsidir.
     Qarşıda bizi «Molla Nəsrəddin»in yeni nömrələri gözləyir. «Molla Nəsrəddin» işığı yetmiş beş ildən sonra da ilıqlıq gətirir, isindirir və ziyalandırır.

1981.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (24.06.2014) | Müəllif: R.C E W
Baxış: 630 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more