Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Mehmanxana otağında görüş
MEHMANXANA NÖMRƏSİNDƏ GÖRÜŞ (Absurd)


    Zaman – 1990-cı ilin aprel ayı, günorta saat 11 ilə 12 arası.
    Məkan – Bakı şəhəri, mehmanxananın doqquzuncu mərtəbəsində ikiotaqlı nömrə.
    B i r i n c i q o n a q (açarla sol tərəfdəki qapını açıb içəri girir və daxili bir rahatlıqla dərindən nəfəs alır). Sağ olsun iki şüşə Gəncə konyakı!.. Yaşasın e, yaşasın!.. Var olsun!.. (Əlindəki portfeli kreslonun üstünə atır, plaşını çıxarır.) Düzdü, o iki şüşə konyakı yuxarılara versəydim, işimə yarayardı, amma eybi yox!.. Yarayır yarasın, yaramır cəhənnəmə yarasın. Bəsdi day e, bəsdi! Cana yığılmışam! Bəsdi! (Plaşı da o biri kreslonun üstünə atır, şlyapanı da çıxarıb ora tolazlayır.) Azadlıq!.. Azadlıq!.. Istirahət!.. Bu gün buradan çıxdı yoxdu! Neçədi saat? (Iri cib saatını jiletin cibindən çıxarıb baxır.) On bir. Qoy gözləsinlər!.. Nə deyirlər, qoy desinlər sabah! Bu gün idarəyə getmək yox e, heç küçəyə çıxdı da yoxdu! Üç gün var hələ irəlidə, bəs eləyər... Yeməyi də deyəcəyəm bura gətirsinlər! (Otağı nəzərdən keçirir.) Ömrümdə belə genişliyim, belə rahatlığım, sakitliyim olmayıb! Nə uşaqların çığır-bağırı, nə də tanış-bilişin telefon zəngi!.. Ay nə bilim, orası elə oldu, burası belə oldu... Bu günü ancaq özüm üçün yaşayıram, vəssalam!.. O iki konyaka ki, düzəltdilər mənimçün bu nömrəni, vallah, halalları olsun! Rüşvətin də öz gözəlliyi var!.. Azadlıq və istirahət, vəssalam! Ezamiyyətin zir-zibili sabahdan başlayır! Proqramımızı belə müəyyən elədik, əziz dost! (Atılıb divanda oturur, qollarını geniş açır, ayaqlarını xalçanın üstünə uzadır.) Bax, belə! Ölmək, ölməkdi, xırıldamaq nə deməkdi? Deyəcəyəm yeməklə, özümə də bir dənə araq gətirsinlər! Ley-pey, Bombey!.. Yox, deyəcəyəm konyak gətirsinlər! Məndən artıqdı konyak içənlər? (Yenə diqqətlə otağı nəzərdən keçirir, sonra gözü sağ tərəfdəki o biri otağın qapısına sataşır.) Qoy bir ora da baxım, əziz dost! Bura qonaq otağı, ora da yataq otağı, day nə istəyirsən, ay zalım?! (Ayağa qalxır və bu zaman yataq otağından öskürək səsi eşidilir.) Bu nədi? (Təəccüblə) Orda adam var deyəsən... Bəs dedilər ki, boşdu, mən tək qalacam burda?.. Iki yerin pulunu aldılar məndən... (Yaxınlaşıb yataq otağının qapısını açır və daha artıq təəccüblə) Salam...
    I k i n c i q o n a q (qapı arxasından). Salam, salam! Bağışlayın siz Allah! Bu saat!..
    B i r i n ci q o n a q. Siz də burda qalırsız?
    I k i n c i q o n a q (qapı arxasından). Yox! Yox! Mənim vaxtım bitib daha! Indicə qayıtdım ki, çətiri götürüm. Yadımdan çıxıb qalmışdı burda. Yaxşı ki, küçədə yağış yağır, yadıma düşdü...
    B i r i n c i q o n a q (təəccüblə pəncərədən küçəyə tərəf baxır). Yağış yağır?
    I k i n c i q o n a q (qapı arxasından). Hə! Yağışla da ki, mənim heç aram yoxdu. (Öskürür.) Onsuz da, soyuqlamışam. Bu saat... bude, bu da çətir. (Yataq otağından çıxır, əlində qara çətir.) Salam!.. (Əlini uzadır.)
    B i r i n c i q o n a q (əl tutur). Salam!..
    I k i n c i q o n a q Necəsiz?
    B i r i n c i q o n a q. Çox sağ olun...
    I k i n c i q o n a q. Bağışlayın siz Allah!.. Mane oldum sizə, istirahətinizi pozdum!..
    B i r i n c i q o n a q. Eybi yox...
    I k i n c i q o n a q (öskürür, sonra əynindəki ağ plaşın boynunu qaldırır, başındakı boz şlyapanı düzəldir, əlindəki qəhvəyi portfeli yerə qoyub çətiri yoxlayır). Yaxşı açıldı... Hərdən tutması var axı, tutanda qalıram yağışın altında. Özüm də ki, soyuqlamışam. (Çətiri bağlayıb, qoltuğuna vurur, portfeli götürür.) Mən sizə yaxşı istirahət arzu edirəm!
    B i r i n c i q o n a q. Çox sağ olun!
    I k i n c i q o n a q. Işiniz avand olsun!
    B i r i n c i q o n a q. Çox sağ olun.
    I k i n c i q o n a q. Yaxşı nömrədi, suyu da yaxşı gəlir, tualeti də yaxşı işləyir!.. Düz üç gün qaldım burda!.. Razı gedirəm!.. Arzu edirəm ki, siz də razı gedəsiz!
    B i r i n c i q o n a q. Çox sağ olun...
    I k i n c i q o n a q. Bir daha üzr istəyirəm, narahat elədim...
    B i r i n c i q o n a q. Eybi yoxdu...
    I k i n c i q o n a q. Sağ olun!
    B i r i n c i q o n a q. Sağ olun...
    Ikinci qonaq iti addımlarla otaqdan çıxır. Birinci qonaq onun ardınca açarla qapını bağlayır.
    B i r i n c i q o n a q (yenə də gəlib özünü divanın üstünə salır, qollarını geniş açıb, ayaqlarını uzadır). Qəribə tipdi... Əşşi, hərə bir cürə tipdi də... Biri elədi, biri belədi... Amma necə gəlib girib bura, heç xəbərim olmayıb?.. Yəqin məndən əvvəl gəlib... məndən əvvəl necə gələ bilər? Qapını açarla özüm açdım ki?.. Nə isə!.. (Ürəkdən gərnəşir.) Gedim bir az uzanım, sonra durum yemək sifariş eləyim. Ley-pey – Bombey!.. Bəlkə Natiqə zəng eləyim? Gəlsin, bir yerdə yeyib-içək, hə, əziz dost? Yox... Tək olmaq istəyirəm... Bəlkə Ofelyaya zəng eləyim, dəvət eləyim gəlsin, oturub cavanlığımızı yada salaq? Yox, lazım deyil... Azadlıq və istirahət!..
    Bu vaxt yataq otağından yenə öskürək səsi eşidilir və Birinci qonaq divanın üstündə özünü yığışdırıb heyrətlə yataq otağının açıq qalmış qapısına tərəf baxır.
    B i r i n c i q o n a q. Bu nədi? Yenə adam var orda? (Qalxıb yataq otağının qapısına yaxınlaşır.) Siz... Siz yenə burdasız?
    I k i n c i q o n a q (qapı arxasından). Mən? Hə... Çox üzr istəyirəm sizdən!.. Yadımdan çıxıb, çətir qalıb burda... Yaxşı ki, yağış yağır küçədə, yadıma düşdü!.. Bu saat!..
    B i r i n c i q o n a q. Bura baxın, siz... siz məni ələ salmısız?!
    I k i n c i q o n a q (əlində qara çətir yataq otağından çıxır). Mən? (Təəccüblə) Salam...
    B i r i n c i q o n a q. Nə salam? Ələ salmısız?
    I k i n c i q o n a q. Məni deyirsiz?
    B i r i n c i q o n a q. Bəli, sizi! Sizi deyirəm!..
    I k i n c i q o n a q (eyni təəccüblə). Başa düşmürəm?..
    B i r i n c i q o n a q. Mən sizi başa düşmürəm! Necə gəldiz bura?!
    I k i n c i q o n a q. Çətir yaddan çıxmışdı, gəldim götürəm də... Sizdən də min dəfə üzr istəyirəm ki, narahat etdim. Bağışlayın! Bu saat gedirəm. (Öskürür.) Çətirsiz mənim işim fırıq olur... (Əlindəki qəhvəyi çantanı yerə qoyub, çətiri açır.) Allaha şükür! Yaxşı açılır!.. bunun tutması var, bir də gördün ki, şıdırğı yağışdı, amma açılmır ki, açılmır!.. Nə isə... Mən bir daha sizdən üzr istəyirəm. Arzu eləyirəm ki, yaxşıca istirahət edəsiz burda!.. Yaxşı da nömrədi! Suyu da yaxşı gəlir, bircə tualeti yaxşı işləmir...
    B i r i n c i q o n a q. Yaxşı işləmir?
    I k i n c i q o n a q. Hə, yaxşı işləmir... Bakıdı da, gərək hər şeyin bir əmması ola!.. Amma eybi yox, vedrə var orda, suyu doldurub tökürsən...
    B i r i n c i q o n a q. Bəs deyirdiz tualet yaxşı işləyir?
    I k i n c i q o n a q. Mən?
    B i r i n c i q o n a q. Bəli, siz.
    I k i n c i q o n a q. Nə danışırsız? Düz üç gündü burda dava edirəm ki, gəlin düzəldin tualeti, gəlmirlər ki, gəlmirlər! Fikir verməyin. (Çətiri bağlayıb, qoltuğuna vurur.) Mənim bir prinsipim var: o şey ki, səndən asılı deyil, gərək o barədə fikirləşməyəsən! Dedim, gəlmədilər! Yenə dedim, gəlib düzəltmədilər! Bir də dedim, eləmədilər! Vəssalam! Mən də fikir vermirəm! Mən fikir verməklə, əsəbiləşməklə, özümə dərd eləməklə düzələndi? Ölüm də belə!..
    B i r i n c i q o n a q. Nə ölüm?
    I k i n c i q o n a q. Ölüm də, ölüm! Ölüm barədə də fikirləşmirəm! Mənnən ki, bir şey asılı deyil! Onsuz da, hamı ölüb, mən də öləcəyəm, məndən sonra da hamı öləcək! Mən fikirləşməklə, həmişə diri qalacağam? (Öskürür.) Bu dəfə, deyəsən, yaman soyuqlamışam! Arvadım necə xəstələnir xəstələnsin, ikicə gündən sonra, sağalır. Amma mən ki, xəstələndim ha, çəkəcək bir ay, iki ay... Nə isə... artıq dərəcədə üzr istəyirəm sizdən! Təəssüf ki, görüşümüz belə ayaqüstü oldu... Nə etmək olar?.. Dünyanın ən vəfasız yeri mehmanxanadı... salamat qalın!
    B i r i n c i q o n a q (könülsüz). Sağ olun...
    I k i n c i q o n a q. Bu nömrədə sizə yaxşı günlər arzulayıram!
    B i r i n c i q o n a q (könülsüz). Çox sağ olun... Gedirsiz də!..
    I k i n c i q o n a q. Bəs nə edirəm, əlbəttə, gedirəm!..
    B i r i n c i q o n a q. Çətiriniz yaddan çıxmayıb ki?
    I k i n c i q o n a q. Çətirim? Bude, qoltuğumda!
    B i r i n c i q o n a q. Yaxşı yol!
    I k i n c i q o n a q. Salamat qalın!
    Ikinci qonaq otaqdan çıxır. Birinci qonaq qapını onun ardınca açarla bağlayır.
    B i r i n c i q o n a q. Bax, bu da açar! (Sıxır.) Belə! Qurtardıq səninlə! (Gəlib divanda oturur.) Çox qəribə tipdi! Iki çətir gəzdirir? Bəs necə gəlib girdi bura təzədən? Qəribədi... Bəlkə o biri otaqda başqa qapı da var! (Qalxıb yataq otağına keçir və oradan səsi gəlir.) Yox, başqa qapı-zad yoxdu burda... Bu çarpayı... Bu dolab... Bu güzgü... Yox, balam, başqa qapı yoxdu burda!.. Çox qəribədi... (Qonaq otağına gəlir.) Amma bir şeyi düz deyirdi ki, gərək beynini qoruyasan... Fikirləşməyəsən də gərək hər şeyi... (Nəbzini tutur.) Bir az çox vurur deyəsən... (Pəncərəyə yaxınlaşıb diqqətlə aşağı baxır.) Vallah, mən yağış-zad görmürəm... Qəribədi... Gah elə deyir, gah belə deyir... Gah deyir ki, tualet işləyir, gah da deyir ki, işləmir... Vallah, dəli şeytan deyir, dur götür portfelini, get idarəyə, işini-gücünü gör!.. Nə azadlıqbazlıqdır? Nə istirahətbazlıqdır? Niyə e, niyə? Heç hara getmirəm! Bu gün burdan çıxdı yoxdu! Otur, istirahətinlə məşğul ol! Tipin birindən ötrü özündən çıxacaqsan? (Bərkdən) Ey, yoxsan ki, daha?! Heç kim yoxdu ki?! Indi isə gəl, gəl yandır televizoru, bax, belə, indi də gəl otur divanda, bax belə, əziz dost, yaddan çıxar hər şeyi...
    T e l e v i z o r u n s ə s i.... Çauşesku faşist rejimi yaratmışdı. Xalq ayağa qalxdı və Çauşesku rejimini tar-mar etdi. Xalqın qəzəbi...
    B i r i n c i q o n a q (qalxıb televizoru söndürür). Bu dünya niyə belə ikiüzlü qurulub, ay Allah? Dünənəcən Çauşeskuyla cici-bacıydılar: tovariş Çauşesku!.. tovariş Çauşesku!.. Görüşəndə qucaqlaşıb öpüşürdülər!.. Indi də olub faşist rejimi!.. Elə faşistlərin özləriylə bir vaxt cici-bacı olmamışdılar? Nə isə, əziz dost! Bu dünyanın işlərini sən düzəldəcəksən? Ucundan tutub uğuzluğa getmə (Divanda uzanır.) Bax, belə!... Gözünü də yum, dincəl!.. Mürgülə... Mürgülə...
    Birdən yataq otağından öskürək səsi gəlir və Birinci qonaq yerindən sıçrayıb ayağa qalxır.
    B i r i n c i q o n a q (qışqırır). Kimdi? Kimdi orda?
    I k i n c i q o n a q (qapı ardından). Bağışlayın! Min dəfə, milyon dəfə üzr istəyirəm sizdən!
    B i r i n c i q o n a q. Sizsiz yenə?
    I k i n c i q o n a q. Bu saat gedirəm!.. Bu zəhrimar çətir yadımdan çıxıb qalıb burda! Həmişə gərək bir şey olsun ki, camaatı narahat eləyim!.. Arvadım yüz dəfə deyib mənə ki, huşun başında olsun!.. Bağışlayın, siz Allah! Bu saat gedirəm...
    B i r i n c i q o n a q (sürətlə yataq otağına qaçır və səsi oradan gəlir) Siz hardan girdiz bura? Hardan?
    I k i n c i q o n a q (qapı arxasından). Salam!.. Nə olub sizə?
    B i r i n c i q o n a q (qapı arxasından). Hardan gəldiz? Hardan gəldiz?
    I k i n c i q o n a q (qapı arxasından). Nə olub sizə? Sakit olun!
    B i r i n c i q o n a q (qapı arxasından). Aha, burdan gəlmisiz!
    I k i n c i q o n a q (qapı arxasından). Sakit olun, canım!..
    B i r i n c i q o n a q (qapı arxasından). Bax, burdan!
    I k i n c i q o n a q (qapı arxasından). Nə edirsiz?
    B i r i n c i q o n a q (qapı arxasından gücənə-gücənə). Bax... Burdan!.. Burdan!..
    I k i n c i q o n a q (qapı arxasından). Şkafı niyə yerindən çəkirsiz?
    B i r i n c i q o n a q (qapı arxasından). Qapı şkafın arxasındadı! Ordan gəlmisiz!..
    I k i n c i q o n a q (qapı arxasından). Yavaş olun...
    B i r i n c i q o n a q (qapı arxasından). Çəkilin!..
    I k i n c i q o n a q (qapı arxasından). Nə olub axı, sizə?
    B i r i n c i q o n a q (qapı arxasından). Özünüz bilirsiz!
    I k i n c i q o n a q (qapı arxasından). Mən?
    B i r i n c i q o n a q (qapı arxasından). Bəli, siz!
    I k i n c i q o n a q (qapı arxasından). Üstünüzə düşər!..
    B i r i n c i q o n a q (qapı arxasından). Qoy düşsün! Ordadı qapı!
    I k i n c i q o n a q (qapı arxasından). Nə qapı? Hansı qapı?
    B i r i n c i q o n a q (qapı arxasından gücənə-gücənə). Özünüz bilirsiz hansı qapı!..
    I k i n c i q o n a q (qapı arxasından). Mən? Mən bilirəm?
    B i r i n c i q o n a q (qapı arxasından gücənə-gücənə). Bəli, siz! Sizin... sizin gəldiyiniz... qapı!..
    I k i n c i q o n a q (qapı arxasından). Hanı qapı? Hanı?
    B i r i n c i q o n a q (qapı arxasından). Burda da yoxdu... Bəs siz hardan gəldiz bura?
    I k i n c i q o n a q (qapı arxasından). Canım, sakit olun!.. Mən oğruyam bəyəm şkafın dalından girim içəri? Əsəb qalmayıb adamlarda!.. Bilirsiz niyə? Ona görə ki, hamı bir-birinin əsəbiylə oynayır!
    Bir əlində qara çətir, o biri əlində qəhvəyi portfel tutmuş Ikinci qonaq, onun ardınca da tərin içində qızarıb-pörtmüş Birinci qonaq qonaq otağına girirlər.
    B i r i n c i q o n a q. Açın portfeli.
    I k i n c i q o n a q. Nə?
    B i r i n c i q o n a q. Deyirəm, açın portfeli!
    I k i n c i q o n a q. Quldura oxşamırsız axı, siz?!
    B i r i n c i q o n a q. Bəsdirin! Açın, dedim sizə, portfeli!
    I k i n c i q o n a q. Mən quldura oxşayıram? Deyirsiz bəlkə sizin nəyinizisə götürmüşəm?
    B i r i n c i q o n a q (qışqırır). Açın!
    I k i n c i q o n a q (öskürür). Açın deyirsiz, açım də... baxın, bu, bir kirli köynək... Bu, ikinci kirli köynək... Geyim əynimə, yoxsa inanırsız ki, mənimkilərdi?...
    B i r i n c i q o n a q. Az danışın!
    I k i n c i q o n a q. Yaman kobudsuz!..
    B i r i n c i q o n a q. Göstərin!..
    I k i n c i q o n a q. Bax, bu bir kirli dəyişək... Bu, dəsmal... Bu, üzqırxan... Bu, sabun... Düzdü, indi sabun tapılmır, amma inanın ki, aldatmıram, sabundu, istəyirsiz, əl-üzünüzü yuyun, baxın...
    B i r i n c i q o n a q. Bəsdirin!
    I k i n c i q o n a q. Hə, indi nə istəyirsiz? Görürsüz, day bir şey yoxdu bunun içində...
    B i r i n c i q o n a q. Bəs çətirlər hanı?
    I k i n c i q o n a q. Hansı çətirlər? Bude çətir!
    B i r i n c i q o n a q. Yox, onu demirəm! O birilər hanı? Bayaq götürdükləriniz?
    I k i n c i q o n a q. Canım, mənim bircə dənə çətirim var, onun da tutması var: bir də görürsən ki, şıdırğı yağış yağır, bunun da tutması tutub, açılmır ki, açılmır!.. Qoy bir baxım görüm... (Çətiri açır, elə bil, yağış yağır, başının üstünə tutur). Görürsüz, indi lazım deyil, amma açılır! Dünyanın bütün işləri beləcə tərsi-məssəbdir! (Öskürür.) Yaman soyuqlamışam. Bunu da burda yaddan çıxarmışdım. Yaxşı ki, küçədə...
    B i r i n c i q o n a q (onun sözünü kəsir)....Yağış yağırdı, çətir yadınıza düşdü...
    I k i n c i q o n a q (təəccüblə). Doğrudur... Nə bildiz?
    B i r i n c i q o n a q. Arvadınız da xəstələnəndə iki gün çəkir!..
    I k i n c i q o n a q (təəccübdən mat qalıb). Bunları siz hardan bilirsiz?
    B i r i n c i q o n a q (eyni hiddətlə). Buranın tualeti də gah işləyir, gah işləmir!..
    I k i n c i q o n a q. Doğrudur? Nə bildiz? (Jiletin cibindən çıxardığı iri saata baxır.) Nə yaxşı vaxt tapıb getmisiz tualetə!.. Mən heç on dəqiqə deyil ki, boşaltmışam bu nömrəni...
    B i r i n c i q o n a q (qışqırır). Ələ salmısız məni? Hə? Soruşuram sizdən! Ələ salmısız məni?
    I k i n c i q o n a q. Sakit olun, canım, sakit olun!.. Özünüzü üzməyin!.. Mən bu saat gedirəm... (Çətiri bağlayıb, qoltuğuna vurur.) Bu saat...
    Yorulmuş və əldən düşmüş Birinci qonaq taqətsiz halda divana oturur. Ikinci qonaq otağın ortasındakı boş mizə baxıb gülümsəyir.
    I k i n c i q o n a q. Doğrusu, elə bilirdim ki, oturub içirsiz... (Havanı iyləyir.) Yox, içki iyi gəlmir... Iy yayınmaz mənim burnumdan! Içməmisiz, yaxşı eləmisiz. Içki bədənin atasını yandırır, doğrudan da, çox ziyanlı şeydir... (Öskürür.) Mən də ki, xəstələnmişəm...
    B i r i n c i q o n a q (yavaşdan). Demisiz, bilirəm...
    I k i n c i q o n a q. Qoyun sizə bir məsləhət verim: buranın beləliyinə baxmayın, gecələr soyuq olur. Iki adyal salın üstünüzə.
    B i r i n c i q o n a q (biganə). Yaxşı...
    I k i n c i q o n a q. Yaz vaxtının soyuqdəyməsi pis şeydi. (Öskürür.) Özünüzü qoruyun.
    B i r i n c i q o n a q (eyni ruh düşkünlüyü ilə). Yaxşı...
    I k i n c i q o n a q. Di salamat qalın! Bir daha üzr istəyirəm sizdən ki, narahat elədim...
    Bağışlayın...
    B i r i n c i q o n a q. Siz hardan gəldiz?
    I k i n c i q o n a q. Nə?
    B i r i n c i q o n a q (qışqırır). Hardan gəldiz siz? Hardan girdiz içəri?
    Pauza.
    I k i n c i q o n a q. Siz çox yorğunsuz... Dincəlmək lazımdı...
    B i r i n c i q o n a q. Gedirsiz?
    I k i n c i q o n a q. Bəli, gedirəm, əlbəttə!..
    B i r i n c i q o n a q. Həmişəlik gedirsiz?
    I k i n c i q o n a q. Necə yəni «həmişəlik gedirsiz?»
    B i r i n c i q o n a q. Deyirəm daha görüşməyəcəyik ki?
    I k i n c i q o n a q. Dağ dağa rast gəlməz, adam adama rast gələr, – deyiblər. Kim bilir?..
    B i r i n c i q o n a q. Yox, soruşuram, daha bu gün bura qayıtmayacaqsız ki?
    I k i n c i q o n a q. Yox, canım... Çətiri də götürdüm, day burda nə işim var? Üç gündü burdayam, vaxtım bitib, evə qayıdıram... Bilirsiz, əslinə baxsaz, mən ev adamıyam. Imkanım olsa, heç vaxt evdən çıxmaram. Özüm ki, xəstələnmişəm...
    B i r i n c i q o n a q. Deməli gedirsiz?
    I k i n c i q o n a q. Əlbəttə!..
    B i r i n c i q o n a q. Daha geri qayıtmayacaqsız?
    I k i n c i q o n a q (təəccüblə). Yox...
    B i r i n c i q o n a q. Çətiri də götürmüsüz?
    I k i n c i q o n a q. Bude...
    B i r i n c i q o n a q. Day heç nəyiniz qalmayıb burda?
    I k i n c i q o n a q. Nəyim vardı ki, nəyim də qalsın. Görmədiz? Götürmüşəm hər şeyi.
    B i r i n c i q o n a q. Onda söz verin mənə.
    I k i n c i q o n a q. Nə söz?
    B i r i n c i q o n a q. Söz verin ki, daha geri qayıdıb o otağa girməyəcəksiz!
    I k i n c i q o n a q. Canım, mənim burda day nə işim var ki?..
    B i r i n c i q o n a q (qışqırır). Söz verin!
    I k i n c i q o n a q. Siz, doğrudan, çox yorulmusuz... Bağışlayın ki, narahat etdim!.. Sağ olun... (Sol tərəfdəki qapıya tərəf gedir).
    B i r i n c i q o n a q (qalxıb onun ardınca gedir). Sizdə ikinci açar yoxdu ki?
    I k i n c i q o n a q (acıqlı). Siz məni kim hesab eləyirsiz?
    B i r i n c i q o n a q. Soruşuram: ikinci açar var sizdə, yoxsa yox?
    I k i n c i q o n a q. Bir açarıydı məndə, qaytarmışam növbətçiyə, o da yəqin ki, verib sizə. (Qapıdakı açarı göstərir.) Bude, bu da həmin açar! Başqa açar mənim nəyimə lazımdı? Gecə gəlib öldürəcəyəm sizi?
    B i r i n c i q o n a q (səsi titrəyir). Nə?
    I k i n c i q o n a q. Deyirəm nəyimə lazımdı ikinci açar! Gecə gəlib sizin başınızı kəsəcəyəm bəyəm?
    B i r i n c i q o n a q (titrək səslə qışqırır). Bu nə sözlərdi deyirsiz? Necə yəni gecə gəlib başınızı kəsməyəcəyəm? (Iki əlilə də öz boğazından yapışır, elə bil ki, bıçaqdan qorunur).
    I k i n c i q o n a q Bəs nə deyim? (Gülümsəyir.) Deyim ki, gəlib kəsəcəyəm?
    B i r i n c i q o n a q (pıçıltıyla). Yox...
    I k i n c i q o n a q. Sağ olun. (Qapını ardıyca çırpıb gedir.)
    B i r i n c i q o n a q. (qapını açarla bağlayaraq). Bax, bağladım!.. Bağladım ha!.. Qoy çıxarım burdan. (Açarı qapıdan çıxarıb otaqda mizin üstünə qoyur.) Bu da belə!..
    Pauza.
    Heç nə başa düşə bilmirəm!.. Sakit ol, sakit ol, əziz dost... Bir də görürsən elə bir sadə şey çıxdı ortaya ki, heç ona fikir verməmisən, heç ağlına gəlməyib, amma o saat da bütün mürəkkəb hadisələri izah edir... Indi isə sakit ol... Nə var ki, Allaha şükür, sağ-salamatsan, heç bir şey olmayıb... Həyəcanlanmaq lazım deyil... Hər şeyin izahı var, bunun da izahı var, bunun da izahı olacaq, onda özünün də gülməyin tutacaq!.. Sakit ol və get uzan, yat. Bax, hər tərəf sakitlikdi... Daha heç kim gəlməyəcək.. O biri otaq da bomboşdu... (Gedib sağ tərəfdə yataq otağının açıq qapısı ağzında dayanır.) Görürsən ki, heç kim yoxdu!.. (Qışqırır.) Ey, bir adam var burda? Görürsən ki, yoxdu heç kim! Sakit ol, get uzan!.. (Divanda uzanır.) Bax, belə... Amma... Heç bir amma yoxdu!.. Vəssalam! Qoy televizoru yandırım. (Qalxıb televizoru yandırır.)
    T e l e v i z o r u n s ə s i... «Nizami» adına kolxozun əməkçiləri heyvandarlıq sahəsində böyük müvəffəqiyyətlər qazanmışlar. Indiki demokratiya və aşkarlıq dövründə onlar daha böyük həvəslə çalışırlar. Öz fikirlərini açıq deməkdən çəkinmirlər. Indi plyuralizm vaxtıdır. Buna görə də...
    B i r i n c i q o n a q (televizoru söndürərək). Görürsən ki, plyuralizm vaxtıdır! Demokratiyadır! Aşkarlıqdır! Sən də başlamısan ki, o hardan gəldi, necə gəldi, niyə gəldi, day nə bilim, nə?... (Dayanıb qulaq asır.)
    Pauza.
    Nədi, ürəyin səksəkədədi? (Qulaq asır.)
    Pauza.
    Sakitlikdi... (Jiletinin cibindən iri saatını çıxarıb baxır.) Saat on ikiyə qalır... Get, bir az uzan, dincəl... Sonra da Ofelyaya zəng eləyərsən. Yox, Ofelya lazım deyil, Natiqə zəng eləyib çağıraram. Əşşi, tək oturub neyləyəcəyəm burda? Qoy gəlsin, bir yerdə oturub çörək yeyək, bir az içək, dərdləşək... Sonra, o gedəndən sonra, bəlkə Ofelyaya da zəng elədim... Baxarıq... (Diqqətlə qulaq asır.)
    Pauza.
    Nə sarını udmusan? Arxayın ol, sakitlikdi... (Divanda oturur.) Dünyada o qədər qəribə işlər olur ki... Elə o Natiqin özü danışır ki, bir dəfə... (Sözünü yarımçıq kəsir.) O nə səsdi elə?
    Yataq otağından öskürək səsi gəlir. Birinci qonaq divandan qalxıb dəhşətlə yataq otağına tərəf baxa-baxa gerigeri addımlayır və gəlib kürəyini sol tərəfdəki qapıya söykəyərək dayanır. Yataq otağından yenə öskürək səsi gəlir.
    B i r i n c i q o n a q (boğuq səslə). Kimdi orda? (Iki əlilə də boğazını tutur.) Kimdi? Kimdi orda?
    I k i n c i q o n a q (qapı arxasından). Bağışlayın!.. Min dəfə, milyon dəfə üzr istəyirəm sizdən...
    Birinci qonaq əlləri boğazında donub qalıb.
    I k i n c i q o n a q (qapı arxasından). Çətirim yadımdan çıxıb qalıb burda, zəhrimar!.. Həmişə gərək bir şey çıxsın də!.. (Öskürür.) Bu saat gedirəm!..
    İ ş ı q s ö n ü r.
    30 aprel 1990.

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (16.01.2014) | Müəllif: R.C E W
Baxış: 647 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more