Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-«Mənim könlüm deyir ki...» (Məqalə)
«MƏNİM KÖNLÜM DEYİR Kİ...»
(Mikayıl Müşfiq haqqında)


     Öz qısa yaradıcılıq yolunun son dövründə - 1936-cı ildə 28 yaşlı Mikayıl Müşfiq yazırdı:
Mənim könlüm deyir ki,
Hələ bunlar nədir ki...
Böyük günlər, şanlı günlər, şən günlər,
Yoluna düşən günlər Hələ qarşımızdadır.

     Bu böyük inam, bu nikbin şair təxəyyülü yaradıcılığa başladığı dövrdən, ilk şerlərindən etibarən, demək olar ki, həmişə M.Müşfiq poeziyasına xas olmuşdur, bu poeziyanı seçdirmiş, onu məxsusi etmişdir. Bu sadə sətirlərdəki hərarət Müşfiq poeziyasını sevənlərin, Müşfiq oxucularının qəlbini isindirmişdir.
     M.Müşfiq ədəbiyyata odla-alovla, çılğınlıqla gəlmişdi, siyasi- ictimai və əxlaqi ehtirasların çağladığı dövrdə atəşin bir ehtirasla gəlmişdi, öz həmkarlarına: «Gəliniz! Sel kimi çılğın gəliniz! Bir yanar dağ kimi qızğın gəliniz!» - çağrışıyla gəlmişdi və bu ehtiras, bu çılğınlıq bütün yaradıcılıq yolu ərzində həmişə onunla olmuşdur. Müşfiqin əsərlərində ifrata rast gəlmək, qeyri-dəqiq ifadələrlə, yerində işlənməyən sözlərlə, yanlış mühakimələrlə üzləşmək mümkündür, lakin şövqsüz yazılmış, ehtirassız bir Müşfiq misrası ilə rastlaşmaq mümkün deyil və onun nidası da («Fırtınasız dəniz nə lazım mana! Alqış, insan oğlu, güclü sevdana!»), kini, qəzəbi də («Eşqi, ehtirası olmayan, yetər, çıxsın birdəfəlik söz meydanından!») məhz bu vətəndaş ehtirasının və sənətkar çılğınlığının təzahürü idi. Könlünü «odlu diləklərə» vermiş şair:
Həyat axır,
Nəğmə axır,
Axır coşğun gəncliyim,
Yoxdur əsla dincliyim -

deyərkən, bu sözlər yorğunluğun, bir istirahət istəyinin yox, vurğunluğun, fəxrin və qürurun ifadəsi idi və belə bir dincsizlik Azərbaycan ədəbiyyatında işıqlı və coşğun, təlatümlü Müşfiq poeziyası yaratdı, hadisə əmələ gətirdi. Müşfiq yaradıcılığı dövrün, zamanın yüksək bədii-estetik səviyyəli milli ədəbi faktına çevrildi.
     Müşfiq bütün qısa ömrünü həsr etdiyi, marağı ilə yaşadığı, havaymış kimi nəfəs aldığı sənətin yazıb-yaratdığı dövrdəki yeni mahiyyətini, yeni keyfiyyətini dərk etmiş, ürəkdən bəyənmiş, inanmış, əldə bayraq tutmuş və ona arxalanmışdır. Müşfiq «proletar sənəti- döyüşkən bir sənətdir» - deyərək bu yeni keyfiyyətli sənətin mahiyyətini «Yad siniflər sənətindən- ictimai həyatı aydan arı, sudan duru, daha doğru, daha sərt, daha qıvraq, daha aydın, daha parlaq idrak edən bir sənət» kimi müəyyənləşdirirdi.
     Müşfiqin lirik qəhrəmanı qədim poeziyanın artıq şablonlaşmış, emosional təsirini itirmiş obrazlarını inkar edib: «Xeyr, hörüklərin deyildir ilan, o əski şairlər söyləmiş yalan»- deyirdi. Başqa bir şerində Füzulinin məşhur:
Əgər su daməni tutdum, rəvan döndərdi üz məndən,
Və gör güzgudən umdum sidq, əksi-müddəa gördüm -
beytini epiqraf gətirərək bu böyük şairlə polemikaya girirdi:
Xayır, məndən sular dönməz, təbiət pəncəm altında,
Baxıb ayinəyi-qəlbimdə əksi-aşina gördüm.

     Yenə başqa şerində Müşfiq belə bir maksimalizmin carçısı idi: «Əlvida, əlvida, ey köhnə əsrin köhnə əlifbası, cındır kitab!». Lakin yazıb-yaratdığı mürəkkəb dövrdə - yeni ədəbi ənənələrin yarandığı, yeni inqilabi mövzunun yeni də forma tələb etdiyi, vulqar-sosioloji təmayüllərin yaranmasına və inkişafına münbit zəmin yarandığı bir dövrdə Müşfiq bir an belə klassik Şərq poeziyasına, klassik ədəbi ənənələrə, milli şer formalarına xor baxmamışdır; «ənənəyə sadiq qalmaq, onu novatorcasına inkişaf etdirməkdir» prinsipi Müşfiq yaradıcılığının bədii-estetik əsasını təşkil etmişdir. Müşfiq şerinin vəzni, forması, Müşfiq leksikasının tərkibi, Müşfiq sintaksisinin quruluşu, Müşfiq intonasiyasının odu, atəşi bu fikri sübuta yetirir. O, «əski şairlərin» söylədiklərinə, «cındır kitab»lara qarşı çıxanda, ümumiyyətlə, klassik sənətə, ədəbi ənənələrə qarşı yox, mücərrəd, ünvansız, zamansız və məkansız aşiq-məşuq şerlərinə, epiqonçuluğa, vaxtı ötmüş quru didaktikaya, xəyal aləminə qapılmağa, mütiliyə qarşı çıxırdı və bu zaman qəti və barışmaz olurdu:
Çox vaqıtlar gözəl şeri səmalardan dinlədik,
Bizə öyüd verən alim gözəlliyə, sənətə
Bir xülyəvi rəng verirkən- şer budur!- söylədik.
Düşünmədən boyun əydik hər çürümüş adətə.

     Müşfiq maksimalizmi xalqa və vətənə xidmət mövqeyini, öz fəlsəfi, ictimai-əxlaqi cəbhəsini dəqiq və aydın müəyyənləşdirmiş bir sənətkarın, həm bədii-estetik, həm də siyasi-ictimai tərəddüdlərdən uzaq olan bir sənətkarın maksimalizmidir və «Mən əzilən bir sinfin hayqıran, haqq bağıran sədasından yarandım. Ölümlərin pəncəsində hıçqıran məzlumların nəvasından yarandım» - deyən əxlaqi-ictimai təfəkkürün «sevgisi mübarizə, sevgilisi həyatdır». Məhz həyat uğrunda, xeyir uğrunda mübarizə əzmi şairi «qartal təbiətli bir insan olmağa» çağırır.
     Müşfiqin lirik qəhrəmanı müxtəlif şerlərdə «bənövşələrdən nəğmə deyir», «min hicran könüllü»dür, «əlindəki qələm bir sədəfli saz»dır, «titrəyir bir xəfif rüzgar əsincə», sevgilisinin gülüşünü «lalə yarpağında şehə» bənzədir, öz eşqini «anasız, babasız Ofeliya kimi saçları pərişan bir qıza» oxşadır, lakin bütün bu incə bənzətmələrlə, lirik əhvali-ruhiyyə ilə bərabər, həmin lirik qəhrəmanın əsas estetik amalı belədir:
Həyat, həyat deyə əlləşən insan - Nə gözəl görünür işləyən zaman!
     Müşfiq şerlərindəki ürək genişliyi, əqidə saflığı, vətəndaş qeyrəti ona yalnız öz adından, yalnız öz həmkarları adından yox, ümumiyyətlə, xalqın adından danışmaq səlahiyyəti vermişdir və o, torpağa müraciətlə:
Sənə qüvvət verən, sənə ruh verən,
Çoraq çöllərini çiçəkləndirən
Mənim şən əməyim, alın tərimdir -

deyəndə biz buradakı «mən»in ümumiləşdirilmiş vüsətinə etibar edir, qüdrətinə inanırıq.
     Bu günə və sabaha, həyata və insanlara nikbin sənətkar mü- nasibəti, yuxarıda yazdığımız kimi, Müşfiq yaradıcılığında bir ana xətti təşkil edir və bu Müşfiq optimizmi, səmimiliyi və inamı ilə, eləcə də, özünün bədii-estetik ifadəsilə məhəlli optimizmdən ümumbəşəri bir nikbinlik səviyyəsinə yüksələ bilir. Şairin əsərlərində xoşbəxtlik, bəxtəvərlik anlayışlarına tez-tez rast gəlmək mümkündür və ən mühümü burasıdır ki, bu məfhumlar bilavasitə xalqla, bilavasitə vətənlə bağlıdır: «Xalqilə titrəyən, xalqilə gülən, vətənçin yaşayan, vətənçin ölən, səmimi bir insan nə bəxtiyardır!»
     Müşfiq həyat və sənət anlayışlarını bir-birindən ayrı təsəvvür etmirdi; sənət, şer Müşfiq üçün hər şeydən əvvəl, canlı bir varlıqdır və bu məfhumlar Müşfiq yaradıcılığında nəfəs alır, sevir və rədd edir, küsür və barışır. Müşfiq öz şerinə müraciətlə deyir: «Hər şey gözəlləşmədə, sən də gözəlləş bu həyat kimi!»; «Sən də sadələş insan kimi!»; «Sən də dərinləş bir könül kimi!»; «Sən də öl mənim kimi, fəqət məzarın olsun ürəklər».
     Məhz belə bir əlaqəli şəkildə mənimsəmənin sayəsində Müşfiq sənətin də gələcəyinə, sənətin də qadirliyinə nikbin nəzərlərlə baxır və «Şair, tükəndimi dolu xəzinən, qalxıb dalğa kimi en- məzmi sinən?» - sualı ətrafında düşünərək tərəddüdsüz bir nəticəyə gəlir:
Şair yeni-yeni sözlər bulacaq,
Kainat olduqca şer olacaq!

     Qəribədir, həyatdan erkən, cavan yaşlarında ayrılan bütün böyük şairlər sanki əvvəldən bunu hiss edir, bilirlər və biz onların ayrı-ayrı şerlərində, əsərlərində bu vaxtsız ayrılıq motivlərilə rastlaşır, bu müdhiş ürəyədammalara heyrət edirik. Bu cür vaxtsız ayrılıq motivləri Müşfiq yaradıcılığında da ara-sıra özünü göstərir:
Ah, mən gündən-günə bu gözəlləşən
İşıqlı dünyadan necə əl çəkim?
Bu yerlə çarpışan, göylə əlləşən
Dostdan, aşinadan necə əl çəkim?

     Lakin maraqlı və əlamətdar cəhət budur ki, Müşfiqin bu tipli misraları da küskünlük yox, nikbinlik mövqeyindən söylənir. Müşfiqi, ümumiyyətlə, həyatdan köçüb getmək aqibəti düşündür- mür, onu məhz «çarpışan insanlar»dan, məhz «dəyişən dünya»dan ayrılığın acısı yandırır və dərin Müşfiq əqidəsinə görə bu dəyişən dünyanın bədii salnaməsini yaratmaq yolu və qüdrətilə hər vaxt həmin «çarpışan insan»ların çağdaşı olmaq, yəni əbədiyyətə qovuşmaq mümkündür. Öz böyük həmkarı, özü kimi dövrün oğlu olan, özü kimi çılğın və ehtiraslı sənətkarın- Cəfər Cabbarlının ölümünə böyük dərdlə, ürək ağrısı ilə yazdığı şerdə:
Fəqət ölən deyil onun sənəti!
Bağlamış adına əbədiyyəti -

deyərkən, Müşfiq məhz bu həqiqətə istinad edir.
     Müşfiq lirikdir və bu lirikanı yalnız ikicə sözlə səciyyələndirmək lazım gəlsəydi, deyərdik: fikri incəlik. Epik poemalar, hətta mənzum oçerklər belə yazmasına baxmayaraq, bu fikir incəliyi Müşfiq poeziyasının ən əsas, ən ümdə estetik keyfiyyətidir. Məsələ yalnız bunda deyil ki, şairin lirik qəhrəmanı sevgilisini görmək istəyini «Arzuya bax, sevgilim, tellərindən incəmi?» - kimi təmiz, pak, zərif ifadə edir, yaxud «O qara gözlərin deyil parlayan, ulduzlar içində gecələrimdir!», «Mən şirin ləhcəli bir bülbüləm ki, güllərdən küsərəm, səndən küsmərəm!» - deyir və məhəbbət lirikasının təzə yarpaq saplağı kimi incə nümunələrini yaradır, «Oxu tar, bir qadar!.. Nəğməni su kimi alışan ruhuma çiləyim»- deyə yüksək poetik obrazlarla böyük xalq məhəbbətini ifadə edir; əsas məsələ burasındadır ki, Müşfiqin bütün dünyagörüşü, bədii təxəyyülü, etiqad və əqidəsi məhəbbət lirikasında da, ictimai-siyasi lirikada da özünün məhz incə, zərif, xəfif tərzdə deyilmiş formasını, ifadəsini tapır. Bu fikri incəlik yeri gəldikcə kəskinlik və qətilik də göstərir, hətta bədii kin və qəzəb də bu incəliyi kobudlaşdıra bilmir və Müşfiq poeziyasındakı vətəndaşlıq da bu yolla ifadə olunur.
     Vətəndaş Müşfiq! Belə bir müraciət də «Şair Müşfiq» ifadəsi qədər təbii və dəqiqdir. Yaşadığı dövr, zaman Müşfiq vətəndaşlığını yaratmışdı və Müşfiq vətəndaşlığı da öz dövrünə xidmət edirdi. Bu vətəndaşlığı yalnız o səciyyələndirmirdi ki, Müşfiq dövrün quruculuq işlərinə, yeni tikintilərinə, əmək qəhrəmanlıqlarına bilavasitə poetik sözlə müdaxilə edir və bunları tərənnümləyirdi. Belə bir mövzu aktuallığı Müşfiq yaradıcılığında, əlbəttə, təqdir ediləsi, diqqətəlayiq ədəbi fakt idi və şairin öz dövrünün, zəma- nəsinin, dərindən inandığı, məqbul saydığı, marağını güddüyü ictimai quruluşun, yeni cəmiyyətin ictimai-iqtisadi problemlərinə biganə qalmadığını, qələmi ilə fəhlə, kəndli zəhmətinin ağırlığını bölüşdürmək əzmini göstərirdi. Lakin Müşfiq vətəndaşlığını səciyyələndirən əsas cəhət, həm də bu vətəndaşlığı vüsətləndirən, onun işığını, hərarətini artıran cəhət o idi ki, vətəndaşlıq, hər şeydən əvvəl, əxlaqi kateqoriya kimi Müşfiqin, demək olar ki, əksər şerlərinin arxasında dururdu və məhz belə bir böyük hərfli Vətəndaşlıq həmişə həmin şerlərin mənəvi dayağına çevrilirdi. Bu tipli əsərlər «şair və vətəndaş» probleminin dövrün, zəmanənin kontekstində işıqlandırılması və mənalandırılması, sənətkarın siyasi, ictimai və ədəbi mövqeyinin təqdir və təkdiri kimi əlamətdar və səciyyəvi idi.
     Əsərlərindən birində Müşfiq dövrün iki tipik surətini yaradır: Şair və Vətəndaş surətlərini. «Ömür günəşinin vaxtsız qürubu»ndan şikayət edən bu Şair:
Mənim ürəyimdə bir ikilik var:
Keçmişdən aldığım dərin duyğular,
Acı tərbiyələr ruhuma hakim. -

deyərək dövrünün tərəddüdlər keçirən, köhnə ictimai əxlaqdan tamam ayrıla bilməyən və yeni ictimai əxlaqı da bütünlüklə qəbul etməyi bacarmayan sənətkarın hiss və həyəcanlarını etiraf edir. Müşfiq yaradıcılığının son dövrünə aid olan bu əsərdəki Şair avtobioqrafik surət deyildir, çünki bu şerin yazıldığı 1935-ci ilə qədər Müşfiq poeziyası tamamilə aydın və işıqlı bir mövqeyin yüksək bədii-estetik səviyyəli inikasından ibarət idi. Müşfiq tərəddüdlər keçirən, dövrün kəskin və barışmaz mahiyyətli ictimai-si- yasi burulğanları arasında öz vətəndaşlıq mövqeyini asanlıqla seçə bilməyən sənətkarların ümumiləşdirilmiş obrazını yaratmış və onların ictimai tərəddüdlərindən doğan bədii-estetik axtarışlarını Vətəndaş surətinin sövqü ilə inqilabi mövzu və məqsədə yönəltməyə çalışmışdır.
     Çox maraqlı, həm də əlamətdar cəhət burasıdır ki, Müşfiq özü bir sənətkar kimi, yüksək amal və əqidə sahibi kimi, sanki Vətəndaş surətinin prototipidir. Vətəndaş bütün Müşfiq poeziyasına xas olan bir mərdliklə üzünü Şairə tutub: «Daim döyüşkən ol, daim qıvraq ol! Sən həyat eşqindən götür aşqarı, həyat qanadlanır, sən də qanadlan!» - deyir, «Qarşıda möhtəşəm zaman dağları... Zaman dağlarını indidən atlan!» - deyir və nəhayətdə siyasi-ictimai çarpışmalarda heç bir güzəşt bilməyən Müşfiq inamı son sözünü söyləyir:
Əl çək birdəfəlik bu ikilikdən:
Ya o cəbhəyə keç, ya bu cəbhəyə!

     Orta yol yoxdur. Həm ondan, həm bundan olmaq mümkün deyil! Liberallıq Müşfiq dövrünə yad və yabançıdır. Liberallıq Müşfiq poeziyasına da yad və yabançıdır. Müşfiq poeziyası cəsarətsizliyi qəbul etmir. Müşfiq poeziyasının özünü ifadəsi və özünü təsdiqi də məhz bununla qüdrətli və cəlbedicidir.
     Burasını da qeyd etmək lazımdır ki, Müşfiqin Vətəndaşı yalnız ideyaca səbatlı mühakimələr yürüdən sərt, amansız, quru varlıq deyil. O da canlıdır, o da görür, duyur və başa düşür. Vətəndaş Şairin ürəyindəki istəklərə, qovğalara bələddir:
Mən bilirəm, sənin havalı könlün,
Dönüb bir tərlana uçmaq istəyir.
Və bir məhbus kimi sevdalı könlün,
Qırıb qandalını qaçmaq istəyir.

     Burasını Lakin bu istək öz-özlüyündə azdır və Müşfiq vətəndaşlığı bu passiv istəklə kifayətlənə bilmir; təbii və qanunauyğundur, çünki Müşfiqin lirik qəhrəmanının «dünyaya sığmayan şair könlü» bu istəyi artıq həyata keçirmiş, reallaşdırmışdır:
Sən xəzan kimisən bahar içində,
Göz yaşmda üzən solğun vücudun
Bir sarı yarpaqdır sular içində!..

     Yüksək poetik cizgilərlə çəkilmiş bu məcnunvan mənəvi mənzərə Müşfiq lirik qəhrəmanının «şair könlünün» yalnız acıdığı, təəssüf etdiyi ictimai bir vəziyyətdir.
     Müasirlik Müşfiq yaradıcılığında estetik kateqoriya kimi özünü göstərirdi və bu müasirliyi səciyyələndirən cəhətlərdən biri də Müşfiq poeziyasının, Müşfiq marağının yüksək mədəni səviyyəsi idi. Gənc sovet sənətinin yaranıb təşəkkül tapdığı dövrdə, sosializm realizmi ədəbiyyatının hələ tam şəkildə formalaşmadığı bir zamanda Müşfiq mürəkkəb və ədəbi görüşlər baxımından ziddiyyətli dövrünü qabaqlayaraq, gələcəyi, bu günü görərək öz yaradıcılığında iki böyük mədəniyyəti- Şərq və Qərb mədəniyyətini birləşdirirdi. Onun yaradıcılığı bu iki mədəniyyətin vəhdətindən bəhrələnirdi və bu mənada o, M.F.Axundov, C.Məmmədquluza- də, M.Ə.Sabir, Ü.Hacıbəyov, C.Cabbarlı ənənələrinin yeni şəraitdə, dövrün, cəmiyyətin bədii-estetik tələblərinə uyğun şəkildə davamçısı idi. Müşfiq bir tərəfdən əruzla, bir tərəfdən hecayla, bir tərəfdən də sərbəst yazırdı.
     Müşfiq bir tərəfdən Ömər Xəyyamı ana dilinə çevirir, bir tərəfdən «A.S.Puşkinin ölümünə Şərq poeması»nın mütərcimi olur, bir tərəfdən də A.S.Puşkinin, M.Y.Lermontovun, T.Şevçenkonun əsərlərini Azərbaycan oxucusuna çatdırırdı.
     Müşfiq hər bir sözü, qafiyəsi, bölgüsü ilə, bütün hiss və həyəcanları ilə, istək və arzuları ilə milli şairdir və məhz buna görə də onun şerləri yüksək ümumbəşəri mahiyyət və məna kəsb edir. Müşfiq poeziyasındakı millilik məhdud çərçivə daxilindəki millilik deyil. Müşfiqin lirik qəhrəmanı bütün inamı, sevgisilə, tərənnümü, mənəvi tələbatı ilə azərbaycanlıdır, lakin bu millilik mədəni səviyyənin yüksəkliyinə görə, əqidə işığına, inam bütövlüyünə, ürək genişliyinə sərbəstlik, azadlıq istəyinə görə, əslində, həmin lirik qəhrəmanı sərhədlər tanımayan sosial bir tip səviyyəsinə qaldırır, ümumbəşəri edir.
     Müşfiq poeziyası daim axtarır, daim fikirləşir, sual verirdi və bu sualların cavabını düşünürdü. Bəzən bu sualların cavabını müstəqim şəkildə, birbaşa vermək mümkün deyildi, çünki cavabı vaxt, zaman verməli idi və belə də oldu. Müşfiqin «Neyləyim ki, fikrim kimi qəşəng olsun nəğmələrim?» sualının cavabını onun narahat axtarışlarının cavabı kimi zaman özü verdi. Müşfiq şerləri sənətə heç bir güzəşt bilməyən və bu mənada amansız olan zamanın sınağından çıxaraq bu gün, onun öz sözləri ilə desək, «parlaq bahar səmasilə həmrəng»dir, «sevinclərlə uğuldayan bir zəng»dir, «bir işıqlı, bir ətirli çələng»dir.
     Müşfiq bu gün də bizim müasirimizdir və bu gün biz yetmiş yaşlı Müşfiqin bayramını keçirərək, eyni zamanda, müasir şerimizin bayramını keçiririk. Cəmi 29 il ömür sürmüş Müşfiqin şerlərindəki bədii-estetik kamillik və müdriklik illəri illər ardınca adlayaraq bu gün bir ixtiyar səlahiyyəti qazanmışdır:
Yazmaram, ürəyim sizi anmasa,
Sizin eşqinizlə alovlanmasa!

     Ürəkdən qopub gələn bu alovlu müraciət onillikləri keçərək bu gün də qırx neçə il bundan əvvəlki kimi bizə - Müşfiqin bugünkü müasirlərinə xitab kimi səslənir və təsir edir. Bu gün biz Müşfiqin qırx il bundan əvvəl söylədiyi arzusunu, istəyini bir daha xatırlayırıq:
O zaman ki, döyünər ürəklərlə ürəklər,
İrəlləyər addımlar, addımlarla bərabər,
O zaman ki, hər dodaq atəşin diləklərlə
Beynəlmiləl marşını oxur yüksəkdən əzbər,
O dəm, o saat, o gün, o gün, o saat, o dəm
Bir az gənc ola bilsəm, bir az gənc ola bilsəm!

     Və biz bir daha əmin oluruq ki, bu dəm, bu saat, bu gün M.Müşfiq bizimlə birlikdədir, bizimlə birgə addımlayır, onun müdrikliyinə layiq şerləri bu dəm, bu saat, bu gün gənclik şövqü ilə alovlanır, yeniyetmə ehtirası ilə sevir və sevilir.
     «Müşfiq» sözünün mənası işıqlı, mehriban deməkdir. Bu gün bir çox azərbaycanlı öz oğlunun adını «Müşfiq» qoyur, çünki alovlu Müşfiq poeziyasının işığı, hərarəti indi də bizim çoxumuzun mənəvi aləmini isindirir, evimizə, güzəranımıza, işimizə mehribanlıq, ehtiras gətirir.

1978.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (20.06.2014) | Müəllif: R.C E W
Baxış: 665 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more