Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-«Mən vəzifədən yapışan adam deyiləm»
«MƏN VƏZİFƏDƏN YAPIŞAN ADAM DEYİLƏM»

     Əməkdaşlarımız Ləman Əliəşrəfqızı ilə Mahir Mehdinin həmsöhbəti yazıçı Elçin, Baş nazirin müavini Elçin Əfəndiyevdir.
     ... Görüşə 20-25 dəqiqə gecikmişdik. Prezident korteji yolumuzu kəsdiyi üçün bir qədər yubanmışdıq. Elçin müəllim də deyəsən, köməkçisinə bir balaca narazılıq eləmişdi. Bizi görəndə də iradını bildirdi. Səbəbini öyrənəndən sonra bir söz deməyib gülümsündü, bizə yer göstərib «başlamaq olar» işarəsi verdi. Üz-üzə oturub başladıq...
     -Yazıçılar İttifaqının katibi Elçin birdən-birə necə oldu ki, siyasətə qatıldı?
     -Yox, elə olmadı. Düzdür, mən Yazıçılar İttifaqında katib idim. Amma 87-ci ildə «Vətən» Cəmiyyətini təsis etdik və mən sədr seçildim. Bundan sonra da bildiyiniz kimi, Qarabağ problemi ortaya çıxdı və həyat siyasiləşməyə başladı. «Vətən» Cəmiyyəti də siyasi həyatda öz rolunu oynadı. Bu artıq başqa söhbətdir, amma yadıma düşmüşkən bir şey demək istəyirəm.
     -Yəqin Moinzadəylə bağlıdır?
     -Bəli, bəli. Moinzadədi, kimdi, bu adamı tanımıram. Bəlkə də sifətdən görsəm, tanıyaram. Deyirlər ki, haçansa «Vətən»in dəvətiylə gəlib. Ola bilər, bu xətlə gələn yüzlərlə adamdan biri də Moinzadədir. Söhbət onda deyil. Məsələ burasındadır ki, yazıçını, sənətkarı bizimkinə və qeyri-bizimkinə bölmək olmaz. Yəni sən müxalifətə yaxınsan, ona görə də əzizimsən, canım-ciyərimsən. Amma sən iqtidardansan, ona görə bizimki deyilsən. Hesab edirəm ki, bu çox pis bir tendensiyadır və bu tendensiyanın başlanğıcını bizim mətbuat artıq qoyub. Bunu nəinki Azərbaycan mətbuatına, ümumiyyətlə, sözə yaraşmayan bir şey hesab edirəm. Məsələn, mətbuat yazır ki, Moinzadə «Vətən» Cəmiyyətinin xəttiylə 90-cı ildə Azərbaycana gəlib. Tez də mötərizə açıb kursivlə yazırlar ki, o vaxt Cəmiyyətə hazırda baş nazirin müavini postunu tutan Elçin rəhbərlik edirdi. Yaxşı, bunu yazırsan, yaz. Amma niyə onu yazmırsan ki, Azərbaycana ilk dəfə Məhəmməd Kəngərlini Elçinin rəhbərlik etdiyi «Vətən» Cəmiyyəti gətirib?! KQB-nin qılıncının dalının da, qabağının da kəsdiyi, Mərkəzi Komitənin, ideologiyanın fironluq elədiyi bir vaxtda. Onda sən bunu niyə demirsən?! Əhməd Qaracanlı, Cəmil Ünalı, Nihad Çətinqayanı və başqalarını Azərbaycana «Vətən» Cəmiyyəti gətirib. Bilirsiz, ola bilər, adları çəkilən bu adamların mövqeyilə mənim mövqeyim bu gün üst-üstə düşmür. Ola bilər ki, bunların bir qisminin tutduğu yolu mən qəbul eləmirəm, yaxud əksinə, onlar mənim tutduğum yolu qəbul eləmirlər. Amma fakt bundan ibarətdir. Yəni dediyim odur ki, bu, xəstə bir haldı.
     -Deyəsən, mətbuatdan bərk incimisiz?
     -Bu gün Azərbaycan mətbuatı xoşagəlməz vəziyyətdədir və sizə deyim ki, bu, bugünün hadisəsi deyil. Məsələn, Qulam Məmmədlinin Üzeyir bəy haqda salnaməsini götürün vərəqləyin. Görün Azərbaycan mətbuatı Ü.Hacıbəyov haqqında nələr yazıb. Ü.Hacıbəyovu pul mənimsəməkdə günahlandırıblar, milli qeyrətsizlikdə günahlandırıblar. Hərdən fikirləşirəm, bu yəni bizim genetik kodumuzdadır ki, biz belə olmalıyıq. Axı, mətbuat bilir ki, Elçin kimdir. Amma avantürist, ləyaqətsiz bir adam deyirsə ki, Səbayel bankından qaçırılan pulun arxasında Elçin dayanır, müxalifət qəzetləri götürüb tez dərc edir bunu. Belə şey olmaz axı. Bunu ancaq ona görə çap edirsən ki, Elçin iqtidarda təmsil olunur. Və yaxud üzünü görmədiyim həmin adam gəlib deyir ki, E.Əfəndiyev məni qəbul elədi və rüşvət istədi. Əslində, əhli-qələmə bir dəfə həmin adamla söhbət etmək kifayətdir ki, bilsin, hansı yuvanın quşudur. Amma dediklərini çap edir.
     -Siyasətə gəlişinizlə bağlı sualın cavabı yarımçıq qaldı.
     -Hə. Deməli, mən «Vətən» Cəmiyyətinin sədri olarkən, dediyim kimi, Azərbaycanla bağlı çox ciddi proseslər getdi. Bu proseslərdə mən də, təbii ki, iştirak elədim. Nəhayət, biz AMİP-i təsis elədik və mən partiyanın Siyasi Şurasının üzvü seçildim. 1993-cü ildə Heydər Əliyevin gəlişi zamanı onun qayıdışıyla bağlı fikir ayrılığı oldu. Məhz buna görə bir qrup adam AMİP-i tərk etdi. Mən də bəyanat verdim ki, bundan sonra heç bir partiyanın üzvü olmayacam, öz həyat yolumu özüm seçəcəm. 1993-cü ildə bu vəzifə mənə təklif olunanda razılaşdım. Çünki hesab edirdim ki, (bu gün də belə hesab edirəm) Azərbaycanın öz müstəqilliyi uğrunda mübarizə apardığı bir vaxtda mən kənarda dayanmamalıyam. Xususən, mədəniyyət sahəsiylə əlaqədar. Deyim ki, bunun üçün xüsusi canfəşanlıq eləməmişəm, qətiyyən. Mən vəzifədən yapışan adam deyiləm. Ömrümdə bu kreslodan heç vaxt yapışmamışam və yapışmaq fikrim də yoxdu. Mən bu kresloda oturana qədər kim idimsə, indi də həmin adamam, sabah, yaxud bir ildən sonra burdan gedəndə də həmin adam olacam.
     -Amma vəzifə yaxşı şeydir, eləmi?
     -Bəlkə də. Ancaq mənimçün yaxşı şey deyil.
     -Mən səmimi dedim.
     -Başa düşdüm, elə mən də səmimi cavab verirəm.
     -Vaqif Səmədoğlu müsahibələrinin birində demişdi ki, istəmişəm vəzifəm olsun, mən də dostlarımı yığım xidməti maşınıma, gedək Şıx restoranında yeyək-içək. Bu çox səmimi bir cavab idi.
     -Mən də sizə deyim ki, Yazıçılar İttifaqında katib işləyəndə dostları maşına yığıb Qaradağ yolunun üstündə bir kababxana vardı, ora çox getmişik. Söhbət bundan getmir. Sizin sualdan gedir ki, vəzifə yaxşı şeydir, mən də eyni səmimiliklə deyirəm ki, yaxşı şey deyil vəzifə. Niyə? Mən ilkin olaraq yazıçıyam. Yəni mənim hər hansı bir vəzifədə işləməyim vaxt, enerji nöqteyi-nəzərdən yaradıcılığın bahasına başa gəlir. Bu, birinci cəhəti. İkinci cəhətinə gəlincə, bayaq sizə dediyim kimi, əgər mən vəzifədə olmasaydım, haqqımda böhtanları güman ki, qəzetlər çap eləməzdilər. Yaxud, bu qədər ki dedi-qodu haqqımda gedirdi, gedir, səngiyir, sonra təzədən başlayır, yəni mənim özümçün gülməli, bəzi məqamlarda isə miskin olan bu şayiələr, vəzifəm olmasaydı, yaranmazdı.
     -Hər halda, dolanışıq probleminin olmamasında vəzifənin üstünlüyünü inkar etməzsiz.
     -Bəlkə kimin üçünsə vəzifə dolanışıq mənbəyidir, amma mənim üçün bu belə deyil.
     -Bəs Yazıçılar İttifaqında işləyərkən maşınınıza yığdığınız dostlar indiki xidməti maşınınızdan bəhrələnə bilirlərmi?
     -Yox. Böyük məmnuniyyətlə dostlarımı bu maşınıma yığıb aparardım, sadəcə buna vaxtım və imkanım yoxdur.
     -Əgər elə bir imkan düşsə, kimi aparardız?
     -Cavanlıqda yeyib-içdiyim dostlar var ki, bu gün hayıf doyunca görüşə bilmirik. Onları aparardım.
     -Heydər Əliyevin komandasına necə oldu düşdünüz?
     -Zuğulbada dincəlirdim. Avqust idi. O vaxt Ali Sovetin sədri Heydər Əliyev məni dəvət etdi. Çox səmimi söhbətimiz oldu. Respublikada yaranmış gərgin vəziyyətdən bir xeyli danışdı. H.Əliyev həqiqi mənada mədəniyyəti bütün qəlbiylə yaşayan bir insandır. Bunun səmimiliyinə inanın. Bunu ona görə demirəm ki, H.Əliyevlə bir yerdə işləyirəm. H.Əliyevi 1969-cu ildən müşahidə edən adamam. Beləcə, H.Əliyev mənə bu vəzifəni təklif elədi. Mən də fikirləşəndən sonra razılıq verdim və sentyabrın 1-də bu vəzifəyə təsdiq olundum.
     -İrəli çəkilməyinizdə Rəsul Quliyevin rolu necə, olubmu?
     -Qətiyyən.
     -Amma bəzi məlumatlara görə, Sizin Eldar Salayev vasitəsilə Rəsul Quliyevlə qohumluğunuzun vəzifəyə çəkilmənizə təsiri olub.
     -Əvvəla o vaxt mən Eldar Salayevlə qohum deyildim. E.Salayevlə biz 1995-ci ildə qohum olmuşuq. Qudayıq. Qızım Eldar Salayevin oğluyla ailə qurub.
     Söhbətin axarı dəyişir.
     -Əkrəm Əylisli müsahibəsinin birində deyib ki, sözün yeddi rəngindən istifadə edirəm. Siz sözün neçə rəngindən istifadə edirsiz? Bəlkə Siz Ə.Əylislidən çox, 8-9 rəngdən...
     -Yox, 8-9 mümkün deyil. Çünki Allah dünyanı yeddi rəngdə yaradıb. Əkrəm dostumuz da özünü yəqin Allahla bərabər hesab edib yeddi rəngdə yazdığını deyir. Yadıma gəlir, o, təxminən belə yazmışdı ki, mən yeddi rəngdə, Ramiz Rövşən beş rəngdə, Elçin dörd rəngdə yazır, o birilərin də heç rəngi yoxdur. Rəng meyarları görünür Əkrəmdə var. Bu sualı ona verin, görüm o bu meyarları necə əldə edib. Məndə belə meyarlar yoxdur, odur ki, sənin bu sualına cavab verə bilməyəcəm.
     -Söz ki, Əkrəm Əylislidən düşdü, bir sual da verək. Bu sualı Vaqif Səmədoğluna da vermişdik. Ə.Əylislinin son vaxtlar siyasətdə tutduğu mövqeyə münasibətiniz?
     -Ə.Əylisli şübhəsiz ki, ədəbiyyat adamıdır. Onunla 30-35 ildir ki, tanışıq. Vaxtilə dost olmuşuq. «Zakusoçnı»larda da çox vurmuşuq. Vaqif küçəsində birotaqlı mənzilim vardı. Onunla üzbəüz binada da Əkrəmin bir otağı vardı. Mən də subaydım, o da. Bir-birimizi elə hər gün pəncərədən də müşahidə edirdik, əl də edirdik. Ə.Əylislinin mənimçün ən qiymətli cəhəti ondan ibarətdir ki, o, həqiqi mənada ədəbiyyat adamıdır, ədəbiyyat mücadiləsi aparan adamdır. Ə.Əylislinin ən qiymətli cəhəti odur ki, indiyə qədər pis əsərə yaxşı deməyib. Amma Ə.Əylislinin mənim aləmimdə bədbəxtliyi də ondadır ki, onun ürək genişliyi imkan verməyib ki, yaxşı əsərə də yaxşı desin. Amma o, şübhəsiz, istedadlı bir adamdır. Əkrəm sadəcə özünü tapa bilmir. O hələ ki, özünü axtarır. Dünən müxalifətdəydi, bu gün iqtidara yaxındır. Amma yenə də mətbuat haqda dediyim kimi, Əkrəm müxalifətdə olanda müxalifət mətbuatının «töhfə təbərciyi» idi. Elə ki, Əkrəm orden aldı, o dəqiqə də «müxalifət mətbuatının ərköyünü vəzifəsindən» çıxarıldı.
     -Yox, bilirsiz necədi, bu adam vaxtilə qəzetlərin birində Heydər Əliyevin adını çəkməsə də xeyli tənqid etmişdi. Bu gün onun ünvanına xoş sözlər deyir.
     -Mahir, bu sualı Əkrəmə verərsən. Mən Heydər Əliyev haqqında haçansa nə demişəmsə, hamısının altından bu gün eyni qolu çəkirəm. Bu o demək deyil ki, iqtidarın fəaliyyətində nöqsan görmürəm. Nöqsansız fəaliyyət yoxdur. Amma mən sabah 130 dərəcə o tərəfə dönüb başqa şey deyə bilmərəm. Bu mümkün deyil. H.Əliyev haqqında söz deyəndə hər tərəfdən onun üstünə hücuma keçmişdilər və hamı girəvə axtarırdı ki, H.Əliyev haqqında bir pis söz deyib özünə xal qazansın. O vaxt öz sözümü demişəm.
     H.Əliyev haqqında hələ 1991-ci ildə xüsusi bir yazı yazmışdım, «Aydınlıq»da dərc olunmuşdu. Sənin Əkrəmlə bağlı həyəcanını başa düşürəm. Amma indi hərənin bir xasiyyəti var də...
     -Bu gün Siz də iqtidar komandasının bir üzvüsüz. Bu komandanın səriştəsizliyi haqda deyilənlər haqda nə fikirləşirsiz?
     -Komanda sözünün özü mənim xoşuma gələn söz deyil. Nə komanda? Yeddi milyon yarım əhali yaşayan Azərbaycanda hamı bir-birini tanıyır. Komanda o deyən şeydir ki, başqa bir komandaya qarşı mübarizə aparır. Bunun qəti əleyhinəyəm. Mən bir-birinə qarşılıqlı kin-küdurətin əleyhinə olan adamam. Söz gəlib, deyirəm: H.Əliyev xəstələndi, Türkiyəyə müalicəyə getdi. Mənim üçün son dərəcə gözəl bir hadisə olardı ki, müxalifət liderlərindən biri - daha prezidentin legitimliyini tanıyır, tanımır - bu, başqa söhbətdir - bütün müxalifətin adından gedib H.Əliyevi yoluxaydı.
     -Siz inanırsızmı ki, prezidentin ətrafındakılar həmin müxalifət numayəndəsinə onunla görüşmək üçün imkan yaradacaqdılar?
     -Yüz faiz əminəm ki, yaradılardı. Əgər yaradılmasaydı, bu çox pis olardı. Fakt budur ki, gedən olmadı. Açığı, mən bunu çox gözləyirdim. Yanvarın 25-də mən, Bəxtiyar Vahabzadə və başqaları H.Əliyevi yoluxmaq üçün Türkiyəyə getdik. Və onda inandırım sizi ki, mən bütün varlığımla arzulayırdım ki, müxalifət belə bir addım atsın. Az qalmışdı, bir yazıçı Elçin kimi götürüb zəng edəm birinə, deyim ki, bu işi edin. Bu, müxalifətin özünə də hörmət gətirərdi, xalqın da ürəyincə olardı.
     -Müxalifət liderləriylə münasibətləriniz necədir? Yəni ərklə telefon açacağınız birisi varmı?
     -Güman edirəm ki, ərk edib hamısına zəng vura bilərdim. Əbülfəz Elçibəylə də, İsa Qəmbərlə çoxdan tanışıq. İlyas İsmayılovla bir yerdə işləmişik. Lalə Şövkəti çoxdan tanıyıram. Yəni bir adam ki, 30 il Azərbaycan dilində yazsın-pozsun, amma müxalifətin bir liderinə zəng edə bilməsin, onda daha bu nə oldu?
     -Son vaxtlar Azərbaycanla Türkiyənin konfederasiyası məsələsi gündəliyə gətirilib. Bu nə dərəcədə real səslənir?
     -Türkiyəylə imkan daxilində əlaqələrimizi inkişaf etdirməliyik. Amma siyasi nöqteyi-nəzərdən bunlar hamısı düşünülməlidir. Türkiyədən öyrənməli çox cəhətlər var, həmçinin Türkiyənin də Azərbaycandan. Türkiyə həmişə müstəqil olub, Azərbaycan yox. Amma Azərbaycanın mədəniyyət sahəsində əldə elədiyini nəinki Türkiyə, heç bir Şərq ölkəsi əldə etməyib. Bu, faktdır.
     -Hərdən adama elə gəlir ki, biz öz mədəniyyətimizi həddən ziyadə şişirdirik, hardasa ehkamlaşdırırıq. Deyək ki, bir yazar kimi Mirzə Cəlil haqda ən adi iradı yaza bilmərəm. Çünki hamı töküləcək üstümə...
     -Mahir, səninlə tamamilə şərikəm. Bu o demək deyil ki, Mirzə Cəlilin əleyhinə yazanların fikrini qəbul edirəm. Mirzə Cəlillə bağlı Rafiq Tağının yazısı vardı. Rafiq Tağını əvvəla düzgün başa düşməmişdilər. İkincisi, sən demişkən, ola bilər bir adam bir şəxsiyyət haqda başqa cür düşünür. Amma ona cavab verənlərin də cavab vermək səlahiyyəti var. Bu baxımdan Mirzə Cəlil haqqında kim nə yazırsa ona cavab vermək səlahiyyətini də müdafiə etmək lazımdır. Mənə qalsa Mirzə Cəlil Azərbaycan ədəbiyyatının çox böyük fiqurudur. Ancaq insanlar tamam azad olmalıdır. Hərə öz fikrini ifadə eləməlidir. Mənim dediyim odur ki, bizim bəyəndiyimiz və bəyənmədiklərimiz, birlikdə Azərbaycan mədəniyyətini təşkil edir.
     -Elçin müəllim, üzr istəyirəm, fikrimi bir qədər də dəqiqləşdirim. Gözümü açıb muğam eşitmişəm. Bu gün deyəndə ki, saza qulaq asa bilmirəm, az qalır məni daş-qalaq eləsinlər.
     -Tamamilə doğru deyirsən. Hərçənd mən də Qarabağda doğulmuşam, muğamla böyümüşəm, amma sazı da xoşlayıram. Məsəlçün, mənim çox yaxın adamlarımdan biri sazı xoşlamır. Başqa bir yaxın adamımsa muğamatı qəbul eləmir. Əgər sən bu gün hansı bir musiqini sevmirsənsə, sən azərbaycanlı deyilsən - bu çox əbləh bir fikirdir.
     -İstedadlar arasında dostlarınız çoxdu. Hiss etmişik ki, xətrinizi ən çox istəyən Vaqif Bayatlı Önərdir.
     -Mən də Vaqifi çox istəyirəm. Amma həmişə də özünə demişəm ki, sən mənim üçün Vaqif Cəbrayılzadəsən. Əgər mənə desəydilər, Azərbaycanda elə bir şair göstər ki, onun xislətiylə yaradıcılığı üst-üstə düşsün, - Vaqifi göstərərdim.
     -Bəs şair Adil Mirseyidin ev məsələsi necə oldu?
     -Farslar demişkən, bəqədər qüvvə çalışıram. Adil Mirseyid haqqında ilk dəfə söz yazmışam. Onun qabiliyyətinə bələdəm. Onun Avropa rəssamlığını, xüsusilə, impressionizmi bilməsini yüksək qiymətləndirirəm. Və güman edirəm ki, çalışıb birtəhər onun ev məsələsini həll edəcəyik.
     -Nə vaxtsa atanızın adından istifadə eləmisizmi?
      -(Gülür.) 20-22 yaşlarına qədər məni bir adamla tanış edəndə deyərdilər ki, bəs bu, o İlyas Əfəndiyevin oğludur. Bundan çox hirslənərdim. Məni təqdim edəni çəkib deyərdim ki, mənim kimin oğlu olduğumun nə dəxli var?! Amma bu gün bununla fəxr edirəm. O ki qaldı atamın adından istifadə etməyə, heç vaxt İ.Əfəndiyevin adından istifadə etməmişəm. Bir epizodu xatırladım. 1969-cu ildə namizədlik dissertasiyası müdafiə edəndə sənədlərim hələ gedib Moskvaya çatmamış (o vaxt sənədləri Moskvadakı Ali Attestasiya Komissiyası təsdiq etməliydi.) Bakıdan teleqram getmişdi ora ki, Elçinin dissertasiyasını atası yazıb. Atam rəhmətlik də həmişə bunu xatırlayıb gülürdü ki, əşi, mən dissertasiya yazan olsaydım, elə özümə yazardım da. Onu da deyim ki, o fikir tamamilə yanlışdır ki, əgər mən İ.Əfəndiyevin oğluyamsa, ya Anar Rəsul Rzanın və yaxud Vaqif Səmədoğlu Səməd Vurğunun oğludursa, bunlar pərqu döşəklərdə böyüyüblər. Bu, tamamilə yanlış fikirdir. Mənim uşaqlığım məşhur beşmərtəbənin beşinci mərtəbəsində keçib. 40-cı illərdə biz orda yaşamışıq. Beşinci mərtəbədə ikiotaqlı bir mənzil vardı. Sovet İttifaqı Qəhrəmanı Həbibulla Hüseynovun ailəsi otağın birində, bizim ailə o birində yaşayırdıq. Mətbəximiz eyni, hər şeyimiz eyniydi. 50-ci illərin əvvəllərində isə Mirzə Fətəli küçəsində yaşamışıq. Ola bilsin, o birilərinin həyat tərzi mənimkindən yaxşı olub. Amma əsas məsələ budur ki, bunlar yazıçı üçün göstərici deyil.
     -Ailə üzvlərinizdən yaradıcılıqla məşğul olanı varmı?
     -Əmim Mustafa Əfəndiyev tərcüməçi, o birisi - Tofiq Əfəndiyev məşhur «Prokuror» romanının müəllifi, yazıçı olub, şair Çingiz Əlioğlunun anası mənim bibimdir.
     -Eşitdiyimə görə, Çingiz Əlioğluyla, ümumiyyətlə, aranız yoxdur...
      -(Gülür.) Bu da o «gözəl» şayiələrdən növbətisidir. Çingiz Əlioğlunun yaradıcılığını yüksək qiymətləndirirəm, özüylə də dostam, çox gözəl də qohumluq münasibətlərimiz var. Ailə üzvlərimə gəlincə isə, 3 qızım var. Böyük qızım Tibb Akademiyasını bitirib. Onun hekayələri var. Hiss edirəm ki, yaxşı yazıçı ola bilər. Ortancıl qızım BDU-nun beynəlxalq hüququnu qurtarıb. Kiçik qızım da hələ məktəbdə oxuyur.
     -Qayıdaq 60-70-ci illərə. Söhbətlərdən bilirik ki, o vaxt Azərbaycana yeni bir ab-hava gəlib. Deyək ki, caz musiqisi, filan. O vaxtdan maraqlı nəsə xatırlayırsızmı?
     -Vaqif Mustafazadəylə yaxın dost idik. 60-cı illərin əvvəlləriydi. Vaqif Mustafazadə «Araz» kinoteatrında piano çalırdı. Yadıma gəlir, rəhmətlik Anadolu Qəniyev də orada oxuyurdu. Arxitektor Fuad Seyidzadə vardı (F.Seyidzadə çox gənc ikən, 24-25 yaşında avtomobil qəzasında həlak olub.). Onunla birlikdə gəldik Vaqifin yanına. Bir az pulumuz vardı, dedik, bir yerdə oturaq. O vaxt mən də universitetdə oxuyurdum. Götürdük Vaqifi də getdik. Vaqifin qoltuğunda bir kağız qovluq vardı. Kitab pasajı deyilən yerin qurtaracağında zirzəmidəki qəlyanaltıda bir az yeyib-içdik, çıxdıq. Bulvarda gəzirdik. Vaqifin də kefi yaman kökdü. Bir gözəl qızla görüşə getməliydi. Birdən qovluğa baxdı, gördü not yoxdu. Geri döndü. Deməli, bu, hardasa bir melodiya eşidib, onu kağıza köçürüb. Təzədən biz də onunla qayıtdıq həmən «zakusoçnı»ya. Buranı ələk-vələk elədik. Tapılmadı. Bütün küçəni axtarışa başladıq. Tapılmadı. Şəhərdə tanıdığımız cavanlar da qoşuldu bizə, Torqovı, «Vətən» kinoteatrının yanını büsbütün axtardıq. Sonradan özü zibilxanadan tapmışdı. Yəni demək istədiyim odur ki, mənim yaşadığım o Bakı həyatının zahiri göstəriciləri başqaydı, daxili göstəriciləri başqa. Mən çəkdiyim bu misal sənətə gəlmək istəyən cavanların daxili göstəricisi üçün çox xarakterik bir şeydir.
     -Deyilənə görə Bakıda bir Bakılıq qalmayıb. Hərdən söhbətimiz olur o dövrdə yaşayanlarla. Yəni mədəniyyətdə, sənətdə qaynarlıq o vaxt daha çox olub.
     -Mən onu çox hiss edirəm. Düzdür, Azərbaycan ziyalılığının inkişafında böyük bir təhlükə vardı. Bu təhlükə də nədən ibarət idi? - haçalanma prosesi gedirdi. O dövrdə cavanlar təhsillə bağlı, elə bil, iki hissəyə ayrılmışdılar. Deyək ki, biri Azərbaycan dilində təhsil alıb, muğamata qulaq asanda onu bütün canıyla-qəlbiylə hiss edir. Amma bu adamın dünya mədəniyyyətindən xəbəri yoxdur və o, istedadı nəticəsində gördüklərini, yazdıqlarını yüksək bədii estetik səviyyədə təqdim edə bilmir. O heç vaxt Azərbaycan xalqını ondan kənarda ifadə edə bilməz. O birisi rus məktəbində təhsil alıb, dünya mədəniyyətindən xəbərdar adamdı, amma muğamat səslənəndə onu dinləmək istəmir. Bu da heç vaxt Azərbaycan xalqını ifadə edə bilməz. Azərbaycanı ifadə etmək üçün bu iki cəhətin sintezi lazımdır. Azərbaycanda bir-birindən uzaqlaşan xətt boyu inkişaf edən cavanlar vardı. Bakıda da o dövrdə «stilyaqa»lıq edənlərin arasında müəyyənedici nüvə bu iki cəhəti özündə birləşdirən adamlar idi. Bunlar kim idi? Məsələn, Tofiq Quliyevi sevən adamlardı. Tofiq Quliyev estradanın parlaq ulduzuydu. Amma Azərbaycan hissiyyatıyla melodiya yazan bir adam idi.
     -Yenə siyasətə qayıdaq. Keçmiş baş nazir Surət Hüseynovla bağlı dövlət başçısı Heydər Əliyev dövlətin rəsmi şəxslərinə iradlarını bildirəndə Siz başınızı aşağı salmışdız. O iclas yadınızdadır?
     -Bunu çox yaxşı oldu xatırlatdız. Orda Heydər Əliyev adını çəkmək istəmədiyim bir nəfər vəzifəlini (o da baş nazirin müaviniydi.) xeyli məzəmmət etdi. Qəzetlər bunu götürüb mənim ünvanıma yazıb. Bu gün vəzifədə olmadığı üçün o adamın adını çəkmək istəmirəm. Mənimlə bağlısa H.Əliyev dedi ki, «Sən yanmasan, mən yanmasam, biz yanmasaq, necə çıxar qaranlıqlar aydınlığa». O mənə təhqiredici nəsə demədi. O ki qaldı başımı aşağı salmağa, mən, ümumiyyətlə, başımı aşağı salan adam deyiləm. Vəzifədən sui-istifadə edən adam da deyiləm. Heç bunun yollarını da bilmirəm. Həmişə maaşa və qonorara baxan adam olmuşam. Ailəmi də maaş və qonorarla dolandırmışam. Qonorarıma görə də ayağımızı uzatmışıq. Yaxşı qonorar almışam, yaxşı yaşamışıq, pis almışam, yenə pis yaşamamışıq. Borc almışam, sonra qaytarmışam. Vaqif Cəbrayılzadə bunları yaxşı bilir.
     -Bizimçün bir şey maraqlıdır: H.Əliyev Sizə Surət Hüseynovla bağlı iradlarını bildirəndə Siz də öz sözünüzü deyə bilməzdizmi? Deyə bilməzdinizmi ki, Surət Hüseynovu baş nazir vəzifəsinə kim gətirib? Yəni bunu deyib vəzifədən getmək daha cəsarətli addım olmazdımı?
     -Ləman, əvvəla o dövrü yadına gətir. 1993-cü il idi. Azərbaycan vətəndaş müharibəsi ərəfəsindəydi. Bu, faktdır. Aləm birbirinə dəymişdi. O zaman Surətin gücünə də, müvəqqəti qüdrətinə də hamı bələd idi, yəni bunu kənardan demək asandır, amma içəridə bilirsən axı, vəziyyət necədir. Bunu istəyirəm biləsiniz və yazasız. Elçin Surət Hüseynovun müavini olmayıb, Elçin Fuad Quliyevin müavini olmayıb, Elçin bu gün şəxsən xətrini istədiyim Rəsizadənin də müavini deyil. Elçin baş nazirin müavinidir. Bunlar başqa-başqa şeylərdir. O ki, qaldı iş prosesində mən baş nazirə nə demişəm, baş nazir mənə nə deyib, bunu siz bilmirsiz. Allah qoysa, gələcəkdə yazanda oxuyacaqsız.
     -Son olaraq gənclik dövrünüzdən, yəni yeyib içən, vurubtutan vaxtınızdan nəsə bir şey xatırlayın. Nəsə yada düşür?
     -Xatirələr çoxdu (gülür). Mahir məni danışdırır, sonra hamı fıkirləşəcək ki, bu elə ancaq yeyib-içməklə məşğul olub.
     -Siz narahat olmayın Elçin müəllim, Mahiri tanıyan biləcək ki, o niyə daha çox yeyib-içməklə bağlı sual verir. Bu söhbət qalsın sonraya...
     Beləliklə, söhbətimizə yekun vururuq. Baş nazirin müavini bizimlə birlikdə qəbul otağına çıxır. Katibəyə deyir: «Zema, bu gün bizə çay vermədin ha». Amma Mahir də özünə görə deyil. Deyir ki, Elçin müəllim, çay yox, daha yaxşı olardı ki, bizi də xidməti maşınınızla «Şıx» restoranına aparasız. Baş nazirin müavini xidməti maşınıyla aparmağa söz verməsə də, yeyib-içməkdən boyun da qaçırmır. Söz verir ki, imkan olan kimi, bizi də dostlarıyla birlikdə Şıxa aparacaq.
1999.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (22.08.2014) | Müəllif: R.C E W
Baxış: 397 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more