Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Mən səndən ayrılmazdım (Məqalə)
MƏN SƏNDƏN AYRILMAZDIM...


     Hər dəfə folklor barədə, onun yalnız müasir ədəbiyyatımızın, hətta geniş götürsək, yalnız müasir mədəniyyətimizin və ictimai fikrimizin yox, ümumiyyətlə, müasir cəmiyyətimizin inkişafındakı rolu barədə, folklora mənəvi ehtiyacın günü-gündən artması, çoxalması barədə düşünəndə mənə elə gəlir ki, həmin mənəvi ehtiyac bizi təbiətin ilkin saflığına, təmizliyinə çağıran daxili ehtiyaca çox bənzəyir.
     Folklor hansı bir yazıçınınsa yox, hansı bir ədəbi cərəyanınsa yox, bütöv bir xalqın mənəviyyatının və amalının güzgüsüdür, folklordan bəhs etmək, əslində, xalqın psixolojisindən, məişətindən, arzusundan, sevincindən və dərd-sərindən bəhs etmək deməkdir.
     İstedadlı folklorşünas Bəhlul Abdullayevin tərtibi ilə nəşr olunmuş kitab iki cəhətdən diqqəti cəlb edir: bir tərəfdən ona görə ki, folkloru diqqət, qayğı və elmi səriştə ilə müasir oxucuya təqdim etmək kimi mühüm işdə daha bir yeni və uğurlu addım atılmışdır, ikinci tərəfdən isə kitaba toplanmış folklor nümunələri əsas etibarilə Cənubi Azərbaycan məxəzlərindən götürülmüşdür.
     A.Abdullayev kitabın sonundakı «Tərtibçidən» qeydlərində yazır: «Arazam, Kürə bəndəm» kitabına Cənubi Azərbaycan folklorundan seçmələr toplanıb. Biz burada «Cənubi Azərbaycan folkloru» ifadəsini şərti mənada başa düşməliyik».
     Yox, hətta şərti olaraq da həmin ifadəni işlətmək mümkün deyil, çünki Azərbaycan folkloru bütov xalqımıza məxsus mənəvi sərvətdir. Yaxşı ki, B.Abdullayev özü də həmin termini işlətməsinə baxmayaraq, məsələyə Azərbaycan folklorunun vahidliyi metodoloji prinsipindən yanaşmış və kitabı da məhz bu prinsipə əsasən tərtib etmişdir.
     Kitabın tərtibində mənbə kimi S.Cavidin, Ə.Müctəhidinin, M.Fərzanənin, H.M.Sadiqin Azərbaycan folkloru ilə bağlı Cənub-da, eləcə də Tehranda çap olunmuş kitablarından, həmçinin 1979- cu ildən etibarən Cənubda Azərbaycan dilində çıxan «İnqilab yo- lunda», «Koroğlu», «Varlıq», «Dədə Qorqud» və s. kimi mətbuat orqanlarından istifadə edilmişdir. Bu gün isə, «Varlıq»dan başqa həmin mətbuat orqanlarının da hamısı bağladılmışdır. Azərbaycan dilində mətbuat qadağan edilmişdir, «Varlıq» da üç aydan-beş aydan bir çıxır, özü də yarısı farsca.
     «Arazam, Kürə bəndəm» kitabına bayatılar, sayaçı sözlər, atalar sözü və məsəllər, nağıllar, lətifələr, «Tufarqanlı Aşıq Abbas» dastanı, uşaq folkloru nümunələri (laylalar, nazlamalar, düzgülər), oyunlar, qaravəllilər, tapmacalar (bilməcələr) toplanmışdır və bu folklor incilərini oxuduqca kitabda getmiş məşhur bayatılarımızdan birinin iki misrası:
Mən səndən ayrılmazdım,
Zülmünən ayırdılar... -

elə bil ki, bütün bu kitabın epiqrafına çevrilir, hiss-həyəcanımızı, ürəyimizin həsrətini, nisgilini təcəssüm edir.
     Əlbəttə, bu hiss-həyəcanı, bu həsrəti, nisgili hətta bədii sözün belə, gücü ilə tam ifadə etmək çox çətindir, burada qarşılıqlı duyum lazımdır, sirdaşlıq lazımdır və bu dəfə mənim yadıma başqa bir bayatımızın iki misrası düşür:
Səsimi eşitsəydin, bilərdin, nalə nədir.
     Bayatı Azərbaycan folklorunun aparıcı janrlarından biridir və bu janr uzun-uzun əsrlər boyu kamilləşmiş, elə ədəbiyyatımızda və ümumiyyətlə, Azərbaycan xalqının bədii-estetik özünüifadəsində ali mövqe qazanmış, lakonizmi, sadəliyi və dərin fəlsəfi məzmunu ilə milli zəmindən ucalıb, bəşəri mahiyyət əldə etmişdir.
     Son zamanlar bayatıların toplanıb çap edilməsi sahəsində bir canlanma nəzərə çarpır və bu, əlbəttə, çox sevindirici bir hadisədir. B.Abdullayevin, E.Məmmədovun, Q.Babazadənin tərtib etdikləri «Azərbaycan bayatıları» (1984), Q.Paşayevin toplayıb tərtib etdiyi «İraq-Kərkük bayatıları» (1984), V.Vəliyevin, S.Pa- şayevin toplayıb tərtib etdikləri «Bayatılar» (1985) kitabları, bun- dan əvvəl A.Məmmədovanın qədim əlyazmalardan toplayıb nəşr etdirdiyi «Bayatılar» (1977) kitabı, eləcə də ayrı-ayrı ciddi nəşrlərdə, o cümlədən, «Azərbaycan klassik ədəbiyyatı kitabxanası»nın xalq ədəbiyyatına həsr olunmuş birinci cildində, «Dünya uşaq ədəbiyyatı kitabxanası»nın «El çələngi» adlı cildində və bir sıra digər nəşrlərdə toplanmış bayatılar bir tərəfdən bu janrın illər keçdikcə daha artıq bir bədii-estetik səlahiyyət qazanmasını gös- tərirsə, digər tərəfdən də müasir Azərbaycan ədəbiyyatşünaslıq elminin qarşısında yeni vəzifələr qoyur.
     Biz, ilk növbədə, Azərbaycan bayatılarının tənqidi mətninin hazırlanmasını, akademik nəşrini nəzərdə tuturuq. Belə bir nəşr üzərində işə başlamaq üçün artıq kifayət qədər münbit zəmin yaranmışdır və həmin iş prosesinin özü də, təbii ki, axtarışların, tədqiqatların, elmi-nəzəri təsnifatın vüsətini daha da artıracaqdır.
     «Arazam, Kürə bəndəm» kitabında toplanmış bayatıların bir qismi bizə yaxşı tanışdır, yəni onları Şimal da, Cənub da yaddaşlarda hifz eləyib saxlamışdır, misal üçün, indiki halda məzmunu da bizim üçün rəmzi görünən məşhur bayatımızı yada salmaq istəyirəm:
Qəlyanı mən çəkərəm,
Səninlə tən çəkərəm,
Dərdin qoy dərdim üstə,
Onu da mən çəkərəm.

     Başqa bir qisim bayatılar indiyəcən olxuduqlarımızın, nəşr edilənlərin variantlarıdır və deməliyəm ki, «Arazam, Kürə bəndəm» kitabındakı bayatıları yuxarıda adını çəkdiyim kitablarda toplanmış bayatılarla müqayisə etdikdə rastlaşdığımız variantların ayrı-ayrı çalarlarına, leksik müxtəlifliyinə baxmayaraq, onların eyni dərəcədə gözəlliyinin, zərifliyinin şahidi olduq.
     Misal üçün, «Azərbaycan bayatıları» («Elm», 1984) kitabında gedən:
Bülbül uçar bağ üstə,
Şamamalar tağ üstə,
Nə qaydadı fələkdə,
Dağı çəkər dağ üstə?! -

bayatısında misraların «Arazam, Kürə bəndəm» kitabındakı variantı belədir:
Qar göründü dağ üstə,
Yol ayrılır bağ üstə,
Fələyin qaydasıdır,
Dağı çəkər dağ üstə.

     Göründüyü kimi, birinci variantda son iki misradakı əsas fikir bədii sual şəklində verilmişdir, ikinci variantda isə informasiya dəqiq qeyd edilmişdir. Variantların hər ikisində əsas fikrin fonu olan təbiət mənzərələri tamamilə müxtəlifdir, lakin eyni dərəcədə gözəl, ürəyəyatımlıdır.
     Yaxud:
Şirin çayın qəndiyəm,
Zülflərin kəməndiyəm,
Aləm tufana getsə,
Gözlərinin bəndiyəm -

kimi eşidib oxuduğumuz aşiqanə bayatının yeni nəşrdəki variantı belədir:
Şirin çayın qəndiyəm,
Zülfünün kəməndiyəm,
Dünyanı sel aparsa,
Gözlərinin bəndiyəm.

     Hər iki variant eyni dərəcədə yüksək bədiiliklə böyük məhəbbətdən, sədaqətdən xəbər verir...
Başqa bir misala fikir verək:
Qızılgülü əkmərəm,
Dərib yerə tökmərəm,
Əlim zülfünə dəysə,
Şahmar olsa, çəkmərəm.

     İndiyə kimi bu şəkildə deyib çağırdığımız bayatının təkcə bir misrası dəyişmişdir:
Qızılgülü əkmərəm,
Dərib yerə tökmərəm,
Zülfün boynuma düşsə,
Şahmar olsa, çəkmərəm.

     Məhəbbətin, sevginin ifadəsində hər iki variant eyni dərəcədə incə, zərifdir.
     «Arazam, Kürə bəndəm» kitabı vasitəsilə üzə çıxmış bu cür yeni variantlar çoxdur və bu, şübhəsiz ki, kitabın qiymətli cəhətlərindəndir.
      Müqayisə zamanı bir maraqlı hadisə ilə rastlaşdıq: «Arazam, Kürə bəndəm» kitabında elə bayatılar var ki, onların misraları əvvəlki nəşrlərdən bizə tanış olan digər ayrı-ayrı bayatılardan götürülmüşdür. Misal üçün, «Azərbaycan bayatıları» kitabından götürdüyümüz aşagıdakı iki bayatıya diqqət edək:
Bu dərə dərin dərə,
Suları sərin dərə,
Yardan cavab alınca,
Yalvarmışam min kərə.
Duman aldı dağ, dərə,
Daşa dağıldı fərə,
Ovçu maral axtarır,
Göstərmə yerin, dərə.

      Yeni nəşrdəki bir bayatıda isə bu iki bayatı belə ehtiva olunmuşdur:
Bu dərə dərin dərə,
Suları sərin dərə,
Ovçu maral axtarır,
Göstərmə yerin, dərə.

      Belə bir vacib cəhəti də qeyd etmək istəyirik ki, «Arazam, Kürə bəndəm» kitabında biz indiyəcən nəşr olunmuş ayrı-ayrı bayatıların daha kamil, xalq ruhuna daha yaxın olan variantlarına və bizim fikrimizcə, əsl variantlara, yəni orijinala təsadüf etdik. Misal üçün, əvvəllər:
Ulduzlar sayrışanda,
Qəlb qəlbə qarışanda,
Çətin olur ayrılmaq,
Göz gözə alışanda

- şəklində çap olunmuş bayatıda müasir yazılı ədəbiyyatın təsiri aşkar hiss olunur, «sayrışmaq» sözü, «qəlb qəlbə qarışanda» ifadəsi, «ayrılmaq» kəlməsindəki məsdər şəkilçisi, elə bilirəm ki, dediyimizi təsdiq edir. Yeni nəşrdə isə həmin bayatının variantı belədir:
Arı bal salı şanda,
Baldan kam alı şanda,
Çətin olur ayrılıq,
Göz gözə alışanda.

      Əlbəttə, ikinci variant daha təbiidir və güman ki, həmin bayatının əslidir.
      Yeri gəlmişkən qeyd edək ki, müqayisə zamanı biz «Arazam, Kürə bəndəm» kitabındakı atalar sözlərində də əvvəlki nəşrlərin daha kamil variantları ilə rastlaşdıq. Misal üçün, bizim qocaman folklorçumuz Əbülqasım Hüseynzadənin ümumilikdə qiymətli kitabında belə bir atalar sözü var: «Baş sınar bel içində, qol sınar kürk içində». «Arazam, Kürə bəndəm» kitabında isə həmin atalar sözünün variantı belədir: «Baş sınar börk içində, qol sınar kürk içində». Aydındır ki, ikinci variant daha dəqiqdir, yəni qolun kürkün içində sına biləcəyi kimi, baş da börkün (papağın) içində sına bilər. Bu variantın məcazi mənası da bizə daha güclü görünür.
      Yaxud başqa bir misal. «Atalar sözü» kitabında oxuyuruq: «Bəxtini buzda sına, oğulda, qızda sına!». Yeni nəşrdə isə həmin atalar sözünün variantı belədir: «Bəxtini qozda sına, oğlunu qızda sına». Burada da ikinci variant bizə dəqiq və məntiqi ardıcıllığa malik görünür, yəni bəxtini qozu sındırmaqla sına ki, içi boş çıxacaq, yoxsa yox. Bu atalar sözünün ikinci hissəsində isə məna fərqi var: birinci variantda bəxt oğlan, yaxud qız uşağının anadan olması ilə sınanır, ikinci variantda isə bəxt oğulun necə bir qızı sevəcəyi, necə bir qızla evlənəcəyi ilə sınanır.
      Lakin bütün bu dediklərimizdən elə nəticə çıxmamalıdır ki, folklor nümunələrimizin yalnız «Arazam, Kürə bəndəm» kitabındakı variantları kamildir. Əlbəttə, yox. Misal üçün, elə həmin «börk» sözü ilə bağlı «Arazam, Kürə bəndəm» kitabında belə bir atalar sözü verilmişdir: «Börkçü başına börk tapmaz». «Atalar sözü» kitabında isə başqa bir variant verilmişdir. «Börkçünün börkü olmaz». Nəhayət, üçüncü bir varianta - «Azərbaycan dilinin izah- lı lüğəti»nin birinci cildində (Bakı, Azərbaycan SSR EA nəşriyyatı, 1964) təsadüf edirik: «Börkçünün börkü olmaz, kürkçünün kürkü».
      Bizcə, məhz üçüncü variant sonrakı nəşrlərdən daha kamil, daha əhatəlidir və buradakı məcazi məna da daha dolgun nəzərə çarpır.
      Cənubi Azərbaycan məxəzlərindən götürülmüş və bizim üçün bu və ya digər dərəcədə yeni olan bayatıları, atalar sözlərini, tapmacaları, «Tufarqanlı Aşıq Abbas» dastanını əhatə etməsi bu kitabın ən qiymətli cəhətlərindəndir. Həmin, deyək ki, bayatıları oxuduqca, onların estetik gözəlliyinə, məna dərinliyinə vardıqca, istər-istəməz, xalq dühasının ucalığına, ülviliyinə, qadirliyinə bir daha heyrət edirsən.
Bükübdü beli dağlar,
Ağardıb teli dağlar,
Ayrılıq çağı çatmış,
Axıdır seli dağlar.

      Sadə sözlərlə yaradılmış bu mənzərənin, hərəkətin, ovqatın belə bir epik vüsəti obrazlı təfəkkürün əldə etdiyi ən yüksək zirvədir və biz folklorla bağlı tədqiqatlarımızı, elmi fəaliyyətimizi məhz belə zirvə ucalığında kökləməliyik. Təəssüf ki, tez və asan yolla dissertasiya müdafiə etmək üçün, yaxud başqa sahələrlə bağlı tədqiqatlar aparmağa elmi-nəzəri savad çatışmadığı üçün folklorla məşğul olan «qələm sahiblərinə» biz son vaxtlar mətbuat səhifələrində, qondarma «folklor» və folklorla bağlı bəsit «tədqiqat» kitablarının üz qabığında tez-tez rast gəlirik. Halbuki, folklorla ən istedadlı və yüksək elmi-nəzəri savada malik alimlərimiz məşğul olmalıdır. F.Koçərlinin, H.Əlizadənin, H.Zeynallının, V.Xuluflunun, Y.V.Çəmənzəminlinin, R. Əfəndiyevin, Ə.Abidin, H.Araslının, M.Arifin, M.Təhmasibin, Ə.Axundovun və başqa qələm sahiblərimizin, toplayıcılarımızın adı ilə bağlı olan Azərbaycan folklorşünaslıq məktəbi bu gün pərakəndə yox, sistemli şəkildə fəaliyyət göstərməlidir və təsadüfi adamların meydana girib at oynatmasının qarşısı alınmalıdır.
      Lakin biz uzağa getməyək və yenə də «Arazam, Kürə bəndəm» kitabına qayıdaq:
Gecələr, ay gecələr?
Zülmətə tay gecələr,
Dərdimi kimə deyim,
Çıxmasa ay gecələr?

      Hisslərin, mənzərənin akvarellə işlənmiş bu həzinliyi yalnız bizim bayatıların yox, ümumiyyətlə, Azərbaycan folklorunun səciyyəvi xüsusiyyətlərindən biridir və bunu «Arazam, Kürə bəndəm» kitabında toplanmış sayaçı sözlər və laylalar da, nağıllar və lətifələr də, oyunlar, tapmacalar və qaravəllilər də bir daha əyani şəkildə nümayiş etdirir.
      Abbas Məhyarın Sivişdə toplayıb «Varlıq» jurnalında çap etdirdiyi «Tufarqanlı Aşıq Abbas» məhəbbət dastanıdır və bu dastanın qəhrəmanı, adından da göründüyü kimi, XVI əsr böyük Azərbaycan sənətkarı Abbas Tufarqanlıdır.
      Məlum olduğu kimi, bizim məşhur məhəbbət dastanlarımızdan biri «Abbas və Gülgəz» dastanıdır və mərhum professor M.Təhmasib bu dastanı «yeddi əsas variantı» olduğunu yazır.1
      Biz «Tufarqanlı Aşıq Abbas» dastanını «Abbas və Gülgəz» dastanının indiyəcən nəşr edilmiş iki variantı ilə müqayisə etdik. Həmin variantların birincisi «Azərbaycan xalq dastanları»nın I cildinə (Bakı, Azərnəşr, 1961), ikincisi isə beşcildlik «Azərbaycan dastanları»ının II cildinə (Bakı, Azərbaycan SSR EA nəşriyyatı, 1966), həmçinin «Azərbaycan məhəbbət dastan- ları» kitabına daxil edilmişdir. M.Təhmasib qalan variantları da qruplaşdıraraq onları «Azərbaycan xalq dastanları» monoqrafi- yasında təsvir edir (Bakı, «Elm», 1972, səh. 263-276) və bu variantları da nəzərə alaraq müqayisə zamanı bizdə belə bir təəssürat yarandı ki, «Arazam, Kürə bəndəm» kitabında oxuculara təqdim olunan «Tufarqanlı Aşıq Abbas» məşhur dastanımızın yeni variantından daha artıq, eyni mövzuya həsr edilmiş, az qala, müstəqil bir dastandır; hər halda «Abbas və Gülgəz»in variantlarından ciddi surətdə fərqlənir.
      Şah İsmayıl Xətainin nəticəsi (Şah İsmayıl - I Təhmasib - Məhəmməd Xudabəndə - I Şah Abbas) Şah Abbasın bədii surə- tinə biz bir çox nağıllarımızda, dastanlarımızda, rəvayətlərimizdə rast gəlirik və bu da təbiidir, çünki həmin dövr (1587-1629) Azərbaycan folklorunun sürətli inkişaf mərhələsinə təsadüf edir. XVI əsrin lap əvvəlindən etibarən Azərbaycan Səfəvilər dövlətinin yaranması, doğma Azərbaycan dilinin vətəndaşlıq səlahiyyəti əldə etməsi və inkişafı, yazılı ədəbiyyatın, mədəniyyətin yeni keyfiyyətli yüksək mövqeyə (Füzuli və Ustad Soltan Məhəmməd zirvəsinə!) qalxması, ümumiyyətlə, milli özünüifadənin o vaxta qədər bəlkə də görünməmiş vüsəti, əlbəttə, folklorda da öz təbii inikasını tapırdı.
      «Tufarqanlı Aşıq Abbas» da eyni movzunun həmin dövrlə bağlı bizə gəlib çıxan bu dastan versiyasıdır və hətta eyni bir mövzunun belə vahid bir janr daxilində bu qədər müxtəlif variantlara, az qala, tamam müstəqil versiyalara malik olması bir daha Azərbaycan folklorunun zənginliyindən, qadirliyindən xəbər verir.
      Kitabdakı bayatılarda, vəsfi-hallarda, ağılarda, sayaçı sözlərdə, atalar sözü və məsəllərdə biz tez-tez Cənubla bağlı coğrafi adlara təsadüf edirik:
Əzizim qara dağa,
Gün doğar Qaradağa,
Mən Qaradağ əhliyəm,
Yaz məni qara dağa.
Gəl məni bəndə atma,
Xoydan Mərəndə atma...,
Əziziyəm Salmasa,
Xoydan gedər Salmasa...
Əzizim oda salmaz,
O Xoydur, o da Salmas...
Xoya gəl, Mərəndə gəl,

Bağdan bar dərəndə gəl...
 Savalanım buz bağlar,
Dörd yanı yarpız bağlar...
Qaradağın düzü var,
Çöllərində quzu var...
Təkəm getdi Mərəndə,
Tamaşadı gələndə...

      Xüsusən, Təbrizlə tez-tez rastlaşırıq:
Təbriz üstü Marağa,
Zülfün gəlməz darağa...
Təbriz üstü Miyana,
Gül sünbülə dayana...
Karvan gedir Təbrizə,
Yolu çıxıbdır düzə...
Ağ dəvə düzdə qaldı,
Yükü Təbrizdə qaldı...
Aynanı qoydum düzə,

Şövqü düşsün Təbrizə...
Burdan Təbrizə kimi,
Qar yağar dizə kimi...
Təbriz üstə acı var,
Qaşlarm qıyqacı var...

və s. Bu coğrafı adlar bu gün xalq ədəbiyyatında rəmzi məna da- şımağa başlayıb, bu gün Təbriz yalnız qədim, zəngin və şanlı ta- rixə malik gözəl Azərbaycan şəhəri deyil, bizim üçün bu söz nisgillə doludur, bu sözdə əlçatmazlıq, ünyetməzlik var, ayrılığın ağ- rısı, acısı var.
      Əlbəttə, bu gün Cənub üçün Bakı sözü də yalnız gözəl, qədim və müasir şəhər adı, sovet Azərbaycanının paytaxtının adı deyil, Təbriz bizimçün olduğu kimi, Bakı sözü də Cənublu qardaş və bacılarımız üçün bir həsrət mücəssəməsidir:
Bakının yeli əsdi,
Əsib səbrimi kəsdi,
Sağ gözüm sənə qurban,
Sol gözüm mənə bəsdi...

      Azərbaycanın Bütövlüyü, tamlığı, vahidliyi el ədəbiyyatında özünü qabarıq büruzə verir. Bayatılarımızda, başqa el ədəbiyyatı nümunələrimizdə Cənubu ehtiva edən coğrafi adlar kimi, Şimalın da ərazi adlarına tez-tez təsadüf edirik:
Çox gəzdim Qarabağı,
Şirvanı, Qarabağı...
Şirvanın buz dağları,
Tutubdu toz dagları...
Əslim qarabağlıdır,
Sinəm çarpaz dağlıdır,
Nə gələn var, nə gedən,
Yoxsa yollar bağlıdır?..

      Nə yaxşı ki, xalqın ellikcə yaratdığı mənəvi sərvət üçün bağlı yollar yoxdur, çünki bu sərvət elə bir gücə malikdir ki, heç bir sərhəd dirəkləri, tikanlı məftillər onun qarşısını ala bilməz.
      «Arazam, Kürə bəndəm» kitabı Azərbaycan folklorunun bu qadirliyini bir daha əyani şəkildə nümayiş etdirir.

1986.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (25.06.2014) | Müəllif: R.C E W
Baxış: 685 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more