Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-«Mən ikili həyat yaşayırdım»
«MƏN İKİLİ HƏYAT YAŞAYIRDIM»
(Birinci müsahibə)

     -Elçin müəllim, altı il öncə Cavanşir Yusifli sizinlə böyük bir sorğu keçirmişdi. O sorğu cüzi ixtisarla bu kitaba da daxil edilib. Bir yazıçı ömrünün ən maraqlı anlarını əks etdirmək baxımından zənnimcə, o müsahibə yetərincə dolğun idi. Amma mənim də sizə suallarım var.
     -Buyur, Vaqif, suallarını ver.
     -Elçin müəllim, siz yazıçı mühitində böyümüsünüz. Təbii ki, bu mühitdə tərbiyə alan uşaqların əksəriyyəti atalarının yolunu davam etdirirlər. Xeyli misal gətirə bilərəm: Səməd Vurğun - Yusif və Vaqif Səmədoğlular, Süleyman Rəhimov - Şamo Arif, Əli Vəliyev - Məsud Əlioğlu, Rəsul Rza - Anar, Məmməd Arif- Araz Dadaşzadə, Böyükağa Qasımzadə - İntiqam Qasımzadə və s. Nəhayət, İlyas Əfəndiyev - Elçin. Bilmək istəyirəm, siz bu yola könüllümü qoşuldunuz, ədəbiyyata bu sonsuz həvəs İlyas müəllimdən gəlmədi, yoxsa tamam ayrı bir səbəb var?
     -Şübhəsiz o «könüllülük» - oğulun atasının yolunu seçməsi, davam etdirməsi ənənənin rolu ola bilər. Amma mən bunun əksini göstərən onlarla misal gətirə bilərəm, yazıçı ailələrində ya heç o yolu davam etdirən olmur, ya da olursa, zəif yazarlar yetişir. Deməli, məsələni ancaq bu amillə bağlamaq doğru deyil.
     Məktəbə qədər mən artıq əlifbanı öyrənmişdim, çoxlu kitablar oxumuşdum. Bu kitabların təsirindənmi ya hər şeyi öyrənmək, dərk eləmək həvəsindənmi uşaqlıqda özümdən nağıllar uydurmağa başlamışdım. Böyük həvəslə bu nağılları dostlarıma, ən çox da məhəllə uşaqlarına danışardım. Özü də bu nağılların müəllifinin də kim olduğunu deyərdim, özümdən müxtəlif adlar uydurardım. I-II siniflərdə oxuyanda isə çürbəçür hekayələr yazmağa başladım, yenə deyirdim ki, bunlar filan yazıçının hekayələridir.
     -Adətən «yaradıcılığa» şerlə başlayırlar, siz isə nağıl ilə, hekayə ilə.
     -IV-V siniflərdə oxuyanda ara-sıra şer də yazırdım.
     -Şübhəsiz ki, gələcək yazıçının dünyagörüşünün formalaşmasında mühitlə yanaşı, mütaliənin də rolu olmuşdur.
     -Əlbəttə. Atam hərdən elə bilərdi ki, evdə heç kəs yoxdur, onda özü-özü ilə danışardı. Sonradan mənə məlum oldu ki, o öz əsərlərini yazmamışdan əvvəl danışır. Əlbəttə, bu mənada mühitin də «yazıçı kimi formalaşmağımda» təsiri olub. Bir tərəfdən də mütaliəm. Bizim evdə həmişə dava onun üstündə gedərdi ki, mən çox oxumayım. Təsəvvür edin, hamı yatandan sonra mən gizlincə kitab oxuyardım. Atam, rəhmətlik, tez keçib işığı söndürərdi ki, daha oxumayım, yatım.
     Mən ikili həyat yaşayırdım. Bir Mirzə Fətəlidə məhəllə həyatım, bir də özünəməxsus «gizlin» həyatım. Bu gizlin həyatım həmin o kitablarla bağlı idi. Amma kitaba bağlılığımı məhəllə uşaqlarından gizlədərdim. Ona görə ki, onların çoxu kitab oxuyan deyildi və istəmirdim ki, kitab oxumağımı bilib mənə yuxarıdan aşağı baxsınlar. Nənəm də məni qorxudardı ki, sözümə baxmasan, sənin kitab oxumağını məhəllə uşaqlarına deyəcəyəm.
     Vaqif, əgər desəm, bu vaxta qədər nə oxumuşamsa, onun çoxunu 13-14 yaşıma qədər oxumuşam, bu sözlərin səmimiliyinə inan. Həm rusca, həm də azərbaycanca oxuyurdum və indiyəcən hansı kitabları oxuduğum da yadımdadır. Azərbaycan nağılları, dastanları... Birinci sinfə qədər mən Robinzon Kruzo, Şerlok Holmsla bağlı kitabları mütaliə eləmişdim, o yaşda uşağın bu kitabları oxuması bəlkə indinin özündə də bir möcüzədir. Mayn Ridin «Başsız atlı» əsərini bəlkə indiyəcən bir on dəfə oxumuşam, uşaqlıqda o çağlarda mənə ən çox təsir edən, bax, o əsər olub.
     -Deməli, gələcəyin yazıçısı 5-6 yaşından mehr və məhəbbətini kitablara saldı, başladı nağıllar, hekayələr yazmağa. Ancaq ən maraqlısı odur ki, gələcəyin yazıçısı olan bu uşaq hər gün öz evində atasının yazıçı dostlarını görürdü. Səhv eləmirəmsə, İlyas müəllimin ən yaxın dostu Mehdi Hüseyn olub. Bunu mərhum atanızın xatirələrindən də oxumuşam.
     -Bəli, doğru deyirsiniz. Mehdi Hüseyn atamın ən yaxın dostu idi. O, mənim xatirələrimdə ən parlaq bir şəxsiyyət və insan kimi yaşayır. Xatırlayıram ki, atam məni götürüb tez-tez Mehdi Hüseyngilə gedərdi, ya da o bizim evimizdə olardı. İkilikdə olanda onlar Stalin haqqında danışardılar, ona «Bığı bəy» deyərdilər. Və mən dəhşətə gəlirdim ki, Stalin baba haqqında axı, belə şeylər danışmaq olmaz, günahdır.
     Mehdi Hüseynin «Rəqiblər» adlı maraqlı bir hekayəsi var və mən o hekayədən diplom işi yazmışdım. Elə o vaxtlar Mehdi Hüseyn rəhmətə getdi.
     Aramızdakı böyük yaş fərqinə baxmayaraq münasibətlərimiz çox səmimi idi. Yadımdadır ki, «Surxay dayı» adında bir hekayə yazmışdım, o hekayə qəzetlərin birində çap olunmuşdu və o da yadımdadır ki, Mehdi Hüseynlə oturub bu hekayə haqqında xeyli söhbət elədik. Yazıçılar İttifaqında «Gənclər günü» keçiriləndə məni də dəvət etdilər və orada Mehdi Hüseynin təkidi ilə «Surxay dayı» hekayəsini oxudum.
     Mehdi Hüseyn əsl ədəbiyyat adamı idi. Atam belə bir xatirə danışırdı: «Bir gecə «İnturist»dən çıxıb Mehdi ilə bulvarda gəzirdik. O zaman tanınmış bir dramaturqun pyesi də təzə tamaşaya qoyulmuşdu, amma Mehdi bu əsəri bəyənməmişdi.
     Birdən-birə yenə bu pyes haqqında danışmağa başladı. Danışdıqca: «Ədəbiyyatı ələ salıblar» - deyə qızışırdı, əsəbiləşirdi, axırda elə bir vəziyyətə düşdü ki, dedim, əşşi, yazıb yazıb də, sənin nə işinə qalıb, sən niyə özünü bu vəziyyətə salırsan?! Birdən təəccüblə mənə baxdı, dedi: «Ə, necə yəni nə işinə qalıb? Bəs mən ədəbiyyat uğrunda mübarizə aparmıram?!»
     Mehdi Hüseyn yox, bir başqası bu sözü desəydi, bəlkə də komik çıxardı, amma Mehdi Hüseyn həqiqətən ədəbiyyat mücadiləçisi idi.
     Mehdi Hüseynin 1958-çi ildə nəşr edilmiş «Ədəbiyyat və sənət məsələləri» kitabı məndə böyük təəssürat oyatdı. O zaman 16 yaşım vardı və açığını deyim, o kitabı oxuyandan sonra uzun müddət onun təsirindən ayrıla bilmədim. Mehdi Hüseyn bu kitabı özü mənə bağışladı və hətta belə bir söz dedi ki, oxuyub fikrimi bildirim. Doğrudan da, bu kitab çox qiymətli kitabdır və indinin özündə də ədəbi tənqidin ən cəsarətli bir nümunəsi olaraq qalır. «Nə üçün?» sualına mən belə çavab verərdim: ona görə yox ki, bu kitabda çox dərin, qiymətli fikirlər var, ona görə ki, bu kitab yazıldığı dövrün (və mən deyərdim bütöv 30-40 ilin) ədəbi salnaməsi idi və bu salnamədə o dövrün ədəbi mənzərəsi dolğunluğu ilə əks olunmuşdu, dövrün özünün səciyyəsi əks olunmuşdu. Mən 30-40-cı illərin ədəbiyyatı, bu ədəbiyyatın müxtəlif təmayülləri, onun ayrı-ayrı görkəmli nümayəndələri, ədəbi mübarizələri barədə çox yazılar oxumuşam, amma həmin dövr Mehdi Hüseynin «Ədəbiyyat və sənət məsələləri» kitabında olduğu kimi belə ehtirasla canlandırılmamışdı.
     Mehdi Hüseyn cəsarətli tənqidçi idi və bu günün özündə də o cəsarət simvolu kimi xatırlanır. Siz təsəvvür edin: mən Cəfər Cəfərovu Azərbaycan ədəbi tənqidinin ən görkəmli simalarından biri hesab etmişəm və indi də o fikirdəyəm. Amma Mehdi Hüseyn həmin kitabında hansı məqaləsindəsə Cəfər Cəfərovun fikir və mülahizələrini yerlə yeksan edirdi. Əlbəttə, bu günün ədəbi-tənqidi meyarları ilə yanaşanda onun fikirlərində obyektiv həqiqətlə səsləşməyən çox məqamlar var, ançaq Mehdi Hüseyn öz dövrünün ədəbi fanatiki idi, o, inandığı həqiqətə səcdə edirdi, inanmadığına kimsə onu inandıra bilməzdi.
     Sonra Əli Vəliyevlə atamın «qədimi» dostluğundan söz aça bilərəm. Atam öz xatirələrində Əli Vəliyevi həmişə hörmətlə xatırlayır. Əli Vəliyevin qəribə və xeyirxah xasiyyətlərindən ürək dolusu danışırdı. Yaman küsəyən idi Əli Vəliyev və bir də görürdün ki, atamla düz beş ay danışmadı. Atam İmran Qasımovla, Fikrət Əmirovla, Soltan Hacıbəyovla, Rəşid Behbudovla, Adil İsgəndərovla da yaxın dost idi. Adil İsgəndərov atama nisbətən yaşlı idi, amma tez-tez bizə gəlib-gedirdi. Mən istedadlı rejissor, mərhum Tofiq Kazımovu da bizim evdə tez-tez görürdüm. Siz bilirsiniz ki, Tofiq Kazımov atamın bir çox pyeslərinə quruluş vermişdi, bu iki sənətkar bir-birini çox gözəl anlayırdı, mən deyərdim, birbirini sözsüz anlayırdılar. Ona görə də «Atayevlər ailəsində», «Sən həmişə mənimləsən», «Məhv olmuş gündəliklər» uzun müddət milli teatrın repertuarından düşmədi, yeni bir aktyor nəslinin formalaşmasında da böyük rol oynadı. Uşaq vaxtı atam məni tez-tez məşqlərə aparardı, mən lojada oturub ilk tamaşaya qədər aktyorların öz rollarını neçə oynadıqlannın, Adil İsgəndərovun onlarla neçə danışdığının, arabir atamla necə məsləhətləşdiyinin şahidi olardım.
     Ümumiyyətlə, uşaq vaxtlarımdan atamla mənim aramızda olan ata-oğul münasibəti, həm də, elə bil ki, dostluq münasibəti idi. O, məni, hətta restoranlara da aparırdı, burada mən o dövrün çox görkəmli sənətkarlarının söz-söhbətinin, zarafatlarının şahidi olurdum. Bir dəfə «İnturist»də Səməd Vurğunla, Mehdi Hüseynlə bir yerdə olmağımız da indiyə kimi yadımdadır. Bəxtiyar Vahabzadə də bizimləydi, onda çox cavan idi və o da yadımdadır ki, Bəxtiyar Vahabzadə həmin məclisdə dilinə içki almadı, Səməd Vurğundan, Mehdi Hüseyndən, atamdan utanırdı.
     -Adətən, yazıçılar, şairlər, ümumiyyətlə, sənətçilərin dostluğu onların övladları arasında da davam edir. Bəs siz kimlərlə dostluq edirdiniz?
     -Bayaq dedim, mən daha çox məhəlləmizdən olan uşaqlarla dostluq edirdim, indi onlar müxtəlif peşə sahibləridir, taksi şoferi, rabitə işçisi, milisioner...
     Hər yay Şuşaya gedərdik. Orada yazıçıların bir yaradıçılıq evi vardı, yayda yazıçı ailələri bura istirahətə gələrdilər və mənim həmin o yazıçı uşaqları ilə tanışlığım da buradan başlandı. Süleyman Rəhimovun, Cəfər Xəndanın oğlanlarını ilk dəfə orada görmüşəm.
     Universitetdə isə, çox qəribədir, mən yazıçı uşaqları ilə eyni qrupda oxumuşam: biri İntiqam Qasımzadə, sən tanıyırsan, biri Polad - Cabbar Məçnunbəyovun oğlu, bizdən yuxarı kursda da Araz - Mirmehdi Seyidzadənin oğlu oxuyurdu. Sonralar mən Anarla, Araz Dadaşzadə ilə tanış olmuşam.
     -Bəs tələbəlik illərində necə oxumusunuz?
     -Əvvəl orta məktəbdən başlayım. Açığını deyim, dərs oxumaqla bir elə aram yox idi. İndi desəm, bəlkə də təəccüb doğurar, ədəbiyyat dərsindən bəzən «2» alardım. Çünki o mövzuları ki, keçirdilər, mən onları oxumaq istəmirdim, darıxırdım. Bir dəftərim vardı: bir üzünə həndəsəni, bir üzünə fizikam yazardım. Mənim kitab aləmim dərsliklərdən qat-qat zəngin idi. Bizə Azərbaycan ədəbiyyatı tarixi, xarici ədəbiyyat, rus ədəbiyyatı fənlərini keçirdilər. Amma mən Universitetə qədər o əsərlərin çoxunu oxumuşdum.
     -Elçin müəllim, hər bir yazıçı üçün ən vacib, mən deyərdim, ən unudulmaz məqam yazı prosesidir, sonra isə bu yazının çapı ilə bağlıdır...
     -Elədir. Bilirsiniz ki, ilk hekayəm 1959-cu ildə, «Azərbaycan gəncləri» qəzetində çap olunub. Onu da deyim ki, ilk hekayələrimi atama oxumuşam, o, hər dəfə «çap olunmağa tələsmə» deyirdi. Amma mən tələsirdim, bu da cavanlıqdan gələn bir xüsusiyyət idi. Ümumiyyətlə, atam mənim yazılarımın çapından ötrü kiməsə zəng eləməyi ağlına belə gətirmirdi.
     Yəni onun fikrincə, istedadın varsa, kimliyindən asılı olmayaraq gec-tez səni çap edəcəklər və əlbəttə, bundan ötrü mübarizə də aparmalısan. Bu, sənin öz haqqındır.
     1969-cu ildə mən namizədlik dissertasiyası yazdım və Moskvaya göndərdim. Ardınca Moskvaya - VAK-a yazmışdılar ki, guya bu dissertasiyanı atam mənim üçün yazıb. Atam, rəhmətlik, gülə-gülə deyərdi ki, yazan olsaydım, elə özüm üçün yazardım də...
     Tofiq Kazımovla atamın dostluğunu dedim. Siz bilirsiniz ki, «Poçt şöbəsində xəyal» əsərini 70-ci ildə yazmışam, özü də çox həvəslə yazmışdım, bunu atama da oxumuşdum, xoşuna gəlmişdi. Anar da oxudu, onun da xoşuna gəldi, daha sonra Cəfər Cəfərov da oxudu və onun da xoşuna gəldi. Yaşar Qarayev və Mehdi Məmmədov da əsəri oxuyub tərifləmişdilər. Mən də bundan ruhlanıb əsəri verdim Tofiq Kazımova, güman edirdim Tofiq Kazımovun xoşu gələcək və onu tamaşaya qoyacaq. Amma çox qəribədir ki, Tofiq Kazımov mənə heç bir söz demədi. Bir müddət keçdi və bunun fərqinə varmadım, o pyesi çevirdim dramatik povest elədim, o cür da çap olundu. Və bu hadisədən sonra uzun illər pyes yazmadım, amma, sən demə, içimdə o meyl sönməyibmiş. 1990-cı ilin yanvar hadisələrindən sonra heç nə yaza bilmirdim.
     İndi təsəvvür edin, həmişə yazmağa vərdiş eləmiş, demək olar ki, hər gün yaradaçılıqla məşğul olan bir adam birdən-birə heç nə yazmır, yaza bilmir. Yazıçı üçün bu, ən ağır bir vəziyyətdir. Başladım oxuduğum kitabları bir də oxumağa. 0 kitabların içində Molyerin komediyaları da vardı və birdən-birə, özüm də gözləmədən Molyeri Azərbaycan dilinə tərcümə etməyə başladım. «Skapalenin kələkləri»ni, «Jorj Danden, yaxud Aldanmış ər»i dilimizə çevirdim. Sonra bir müddət Axundov kitabxanasına gedib-gəldim, «Azərbaycan səhnəsi və Molyer» mövzusunu işlədim (sonralar Molyerin bu iki komediyasını kitab halında çap edəndə, «Bizimçün qalan sənət» adlı məqaləni də o kitaba daxil etdim), sonra Mirzə Cəlili, Sabiri, Haqverdiyevi, N.Vəzirovu da təzədən mütaliə elədim. Və bütün bunlardan sonra özüm üçün də gözlənilməz bir hadisə baş verdi, oturub komediya yazmağa başladım: «Ah, Paris, Paris!».
     -Elçin müəllim, hələlik söhbətimizə bir qədər ara verək. Məqamdı ki, sizin dramaturji yaradıcılığınız haqqında bəzi mülahizələrimizi söyləyək, sonra yenə müsahibəni davam etdirərik.
Müsahibəni Vaqif Yusifli apardı.
1999
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (22.08.2014) | Müəllif: R.C E W
Baxış: 564 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more