Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Əlyazmaları yanmır (Məqalə)
ƏLYAZMALARI YANMIR
(YusıfVəzir Çəmənzəminli)

     Yusif Vəzir Çəmənzəminlinin arxivində «Şuşa və tipləri» adlı bir rəsm mühafizə olunur. Bu rəsmi 1903-cü ildə on altı yaşlı Yusif çəkmişdi (onun gözəl rəssamlıq qabiliyyəti var idi) və həmin rəsmdə Şuşa sakinlərinin tipik nümayəndələri, eləcə də Şuşanın bir təbiət mənzərəsi əks olunurdu. Əlbəttə, bu rəsm, təcrübəsiz bir fırçanın məhsulu idi, amma elə bunun özündə də bir tərəfdən müəllifin iti müşahidə qabiliyyəti, o biri tərəfdən isə mənsub olduğu xalqa və torpağa məhəbbət açıq-aşkar hiss olunur və buna görə də mənə elə gəlir ki, bu gün bu kiçik miniatür Çəmənzəminli yaradıcılığı və fəaliyyəti baxımdan rəmzi səciyyə daşıyır.
     Şuşa tarixən Azərbaycanın elə bir guşəsidir ki, bu yerin tiplərinin rəngarəngliyi də, mənzərəsinin saflığı da, buradakı əhvali-ruhiyyə də nəinki yalnız bu şəhərin yerləşdiyi Qarabağ, ümumiyyətlə, bütün Azərbaycan üçün səciyyəvidir və bu mənada, Çəmənzəminli öz yaradıcılığında və vətəndaş fəaliyyətində Bütöv, ayrılmaz bir Azərbaycanı və Azərbaycan xalqını ifadə edən böyük sənətkardır. Burası da əlamətdardır ki, Şuşada anadan olmuş Yusif Vəzir öz ədəbi təxəllüsünü Qarabağdan uzaqlarda, Cənubi Azərbaycanda yerləşən Çəmənzəmin kəndinin adından götürmüşdür. Yusif Vəzir Çəmənzəminlinin imzası iki yerə bölünmüş Azərbaycanı - Şimalı və Cənubu özündə birləşdirirdi.
     Çəmənzəminli doğma xalqını dərindən tanıyan, onun tarixinə, milli psixolojisinə, məişətinə, mənəvi sərvətinə dərindən bələd olan bir qələm sahibi idi, onun yaradıcılığındakı xəlqilik məhz həmin bələdliyin, xalqla doğma ana-oğul münasibətinin dialektik nəticəsi idi. Yusif Vəzirin bir çox əsərlərində, xüsusən, xalq həyatının geniş mənzərəsini canlandıran «Qızlar bulaği» və «Qan içində» tarixi romanlarında ekzotika tapmaq mümkün deyil, amma biz bu əsərlərin hər bir səhifəsində bədii ehtiyacın doğurduğu etnoqrafik təsvirlərlə, detallarla, ştrixlərlə rastlaşırıq. Çəmənzəminlinin yaradıcılığı, xüsusən, adını çəkdiyim romanlar Azərbaycan xalqının etnoqrafik ensiklopediyası səviyyəsində zəngindir desək, heç bir mübaliğəyə yol vermərik. Təsadüfi deyildi ki, Çəmənzəminli, eyni zamanda, yüksək ixtisaslı professional folklorçu alim idi, onun yazdığı «Azərbaycan ədəbiyyatına bir nəzər» kitabında, onlarca məqalələrində Azərbaycan şifahi xalq ədəbiyyatı ilə bağlı qaldırılan, həll edilən problemlər bu gün də sovet folklorşünaslığı üçün aktual mahiyyət daşıyır. Çəmənzəminlinin qədim «Avesta»ya verdiyi şərhlər və bu böyük abidənin «Qızlar bulağı» romanında mənalandırılması metodoloji cəhətdən avestaşünaslıq sahəsində xüsusi əhəmiyyətə malikdir.
     Ən qiymətli cəhətlərdən biri də budur ki, Çəmənzəminli xalqın etnoqrafiyası ilə, yalnız folkloru və tarixi ilə məşğul olmurdu; eyni zamanda, həmin xalqı gələcəyin yüksək mədəni-mənəvi zirvələrinə doğru səsləyirdi, bu mütərəqiyyət yolunda əməli vətəndaş fəaliyyəti göstərirdi.
     Əsrin ilk onilliyindən başlayaraq, Çəmənzəminlinin ciddi ictimai problemlər qaldıran, vətəndaş qayələri ilə nəfəs alan, yüksək bədii-estetik səviyyədə yazılan məqalə və felyetonları xalqın milli-mənəvi azadlığı uğrunda Azərbaycan mətbuatında effektli mübarizə aparırdı. Çəmənzəminli publisistikası «Molla Nəsrəddin» ədəbi məktəbinin yaratdığı coşğun bulaqdan su içirdi, onun məqalə və felyetonları ən sıx surətdə Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Üzeyir Hacıbəyov kimi demokratik fikirli boyük Azərbaycan ədiblərinin əsərləri ilə səsləşirdi, çünki onların mübarizə apardıqları hədəf eyni idi: çarizmin müstəmləkəçilik siyasəti, milli hüququn tapdalanması, cəhalət və nadanlıq, dini fanatizm; məqsəd də eyni idi: xalqların milli-sosioloji azadlığı, maariflənməsi, istiqlaliyyət, qadın hüququnun əldə edilməsi...
     Çəmənzəminli 1910-cu ildə Kiyev Universitetinin hüquq fakültəsinə qəbul olunur, təhsilini başa vurduqdan sonra, I Dünya müharibəsinin ağır illərində, necə deyərlər, zamanın hokmü sayəsində bir müddət Saratovda işləyir, Rovnoda, Buqaçda, Sımferopolda, Odessada, İstanbulda olur və bütün bu müddət ərzində öz xalqının vətəndaşı olaraq da qalır. Həmin illərdə Çəmənzəminli yazırdı: «Avropa davası göstərdi ki, kapitalizm və onun qoçusu millitarizm qarşısında xırda millətlərin yaşamağı çətin işlərdən biridir... Kapitalizm üçün müqəddəs bir şey yoxdur, zor onun üçün qanun, top onun üçün ədalətdir! İti qılınc başımızın üstünü kəsdirib, hər dəqiqə düşüb başımızı bədənimizdən ayırmağa hazırdır. Sayıq olmalıyıq!».
     Çəmənzəminli qələmi ilə bu sayıqlığın keşiyində dayanmış vətəndaşlardan biri idi.
     1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulanda Çəmənzəminli Türkiyədə idi. O, Fransaya gedir, üç il Parisin yaxınlığındakı Klişi şəhərində fəhləlik edir, sonra fransız dilini mükəmməl bilməyi sayəsində Fransa Kommunist Partiyasının orqanı olan «Paris xəbərləri» qəzetində işləməyə başlayır, yenə də öz sənəti - yazı-pozu işləri ilə məşğul olur, maddi vəziyyəti nisbətən yaxşılaşır, yeni dostlar, tanışlar meydana çıxır, yeni münasibətlər yaranır, lakin... Vətən onu çəkir, xalq onu gözləyir, bu böyük cazibə qüvvəsi daxili ehtiyacın, həmin Ana-oğul münasibətinin nəticəsidir və bilavasitə öz doğma xalqına xidmət etmək üçün Çəmənzəminli Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri Qəzənfər Musabəyova müraciət edir, xüsusi icazə ilə 1926-cı ildə Vətənə qayıdır.
     1926-1937-ci illər çoxsahəli Çəmənzəminli yaradıcılığının ən məhsuldar dovrüdür və bu gün cəmi 12 il ərzində başa gəlmiş bir irsin həmin illərin çərçivəsinə sığmayan zənginliyinə heyrətlənməyə bilmirsən. Elə bil ki, Vətənə qayıdan, xalqı ilə birlikdə yaşayan Yusif Vəzirə yeni və güclü bir nəfəs gəlmişdi, o həqiqi gənclik həvəsi və ehtirası ilə yazıb-yaradırdı. Həmin dövrdə Çəmənzəminli üç romanını, bir çox hekayələrini yazır. Y.V.Çəmənzəminli zəngin Azərbaycan folklorunun tarixi, elmi təsnifatı və toplanmasının nəzəri-metodoloji prinsipləri baxımından boyük əhəmiyyətə malik onlarca yüksək elmi səviyyəli tədqiqatını çap etdirir və vulqar-sosioloji təmayüllərin güclü olduğu dovrün kontekstində onun gordüyü bu iş əsl vətəndaşlıq fəaliyyətinin ifadəsi idi. Ədəbiyyatşünas Çəmənzəminli klassik Azərbaycan ədəbiyyatının (Qətran Təbrizi, Füzuli, Vaqif, Zakir, Bakıxanov, M.F.Axundov, C.Məmmədquluzadə, Ə.Haqverdiyev, C.Cabbarlı...) problemlərindən, Azərbaycan - Fransa ədəbi əlaqələrinin tarixindən, eləcə də Puşkinin, L.Tolstoyun, Çexovun, M.Qorkinin yaradıcılığından bəhs edən bir çox məqalələrini dərc etdirir. Tərcüməçi Çəmənzəminli Qoqolun, Turgenevin, Tolstoyun əsərləri, o cümlədən «Dirilmə» romanını, eləcə də A.Neverovun, L.Seyfullinanın, B.Lavrenyovun bir sıra əsərlərini, hətta «Çapayev» filminin mətnini yüksək bədiiliklə Azərbaycan dilinə tərcümə edir. Pedaqoq Çəmənzəminli Azərbaycan Dovlət Universitetində mühazirələr oxuyur. Çəmənzəminli nəşr olunan kitabları redaktə edir...
     Sonra 1937-ci il gəlir...
     Gələcəyin boyük yazıçısı 1887-ci il sentyabrın 1-də anadan olanda, onun atası Məşədi Mirbaba ticarət işləri ilə bağlı Aşqabadda imiş və belə deyirlər ki, Məşədi Mirbaba Şuşadan gözaydınlığı teleqramını alan kimi, kohnə təqvimə baxır və oxuyur: «Rəcəb əl mürəccəb ayında doğulan uşaqlar bəxtsiz olacaqlar».
     Həmin vaxtdan düz yüz il keçib və bu gün o köhnə təqvimin əvvəlcədən göstərdiyi tale barədə fikirləşəndə, uzaqgörənliklə, bağlı heç bir heyrət hissi keçirmirəm, çünki köhnə təqvim səhv edib, çünki söhbət insan taleyindən yox, yazıçı taleyindən gedir. Hərgah Yusif Vəzir adi bir şəxs olsaydı, o təqvimin əvvəlcədən söylədikləri həqiqət idi: bütün ömrünü xalqa xidmət edən şəxs - Yusif Vəzirov, məhz «xalq düşməni» kimi ittiham olunub, doğma yurdundan uzaqlarda, sürgündə dünyanın minbir əzab-əziyyətindən sonra, aclıq, vitaminsizlik nəticəsində pellaqra xəstəliyindən vəfat edib. Lakin həmin bəxtsiz şəxs Yusif Vəzirov sənətkar Yusif Vəzir Çəmənzəminli idi, sənətkarın isə ömrü, taleyi onun sənətinin ömrü, taleyidir. Yusif Vəzir Çəmənzəminli xoşbəxt sənətçidir və buna görə də o köhnə təqvimin söylədikləri yanlış idi.
     Yusif Vəzir hələ inqilabdan əvvəl yazdığı məqalələrindən birində deyir ki: «...basılan kitablar kəsilən pullardan qiymətlidir» və onun ozünün yaradıcılıq taleyi bu fikrin - yəni əlyazmaları yanmır! Kitablar məhv olmur! -parlaq nümunəsidir.1937-ci ildən sonra Yusif Vəzir Çəmənzəminlinin adı mətbuatda, nəşriyyatlarda yasaq edildi, onun özü ilə birlikdə yaradıcılığı da həbs olundu, lakin illər keçdi və 1955-1956-cı illərdən etibarən bu yaradıcılığın daha bir vüsəti ürəklərə yol tapdı, qalib mənəvi bir sərvət kimi, yenə də çap edildi məxsus olduğu xalqa qaytarıldı.
     Xalq öz sənətkannı unutmur. Bu da qoca tarixin yüz dəfələrlə, min dəfələrlə sübuta yetirdiyi, hamıya məlum bir həqiqətdir, amma o həqiqətlərdəndir ki, bunu dönə-dönə təkrar etməmək mümkün deyil. Yusif Vəzir Çəmənzəminlinin adı rəsmən yasaq edilmişdi, amma o qorxulu rəsmiyyətin özü də ürəklərə təsir edə bilmirdi - Yusif Vəzirin adı ürəklərdə yaşayırdı və elə həmin yasaq illərinin özündə də bu ad qocaman, müdrik və təmkinli Hüseyn Cavidin, gənc və çılğın Mikayıl Müşfiqin, Əhməd Cavadın, Seyid Hüseynin, Əli Nazimin, Bəkir Çobanzadənin - günahsız məhkum edilmiş onlarca digər Azərbaycan ədiblərinin adı kimi, bir əfsanəyə çevrilmişdi.
     Qırxıncı illərin sonu, əllinci illərin əvvəlləri ilə bağlı mənim ən parlaq uşaqlıq xatirələrimdən biri gecələr yatmazdan əvvəl Bilqeyis nənəmin hərdənbir nigarançılıqla dolu ürkək nəzərlərlə kip örtülmüş və qıfıllanmış bayır qapısına baxa-baxa, az qala, pıçıltı ilə Hüseyn Caviddən, Abbas Mirzə Şərifzadədən, Yusif Vəzir Çəmənzəminlidən, Mikayıl Müşfiqdən, Ülvi Rəcəbdən... danışmasıdır. Bilqeyis nənəm bu adları çəkərkən, bu böyük yazıçıların, artistlərin əsərlərindən, oynadıqları rollardan (xüsusən, Şərifzadənin Otellosundan, Ülvi Rəcəbin Hamletindən) söhbət açarkən gözlərində elə bir şövq yanırdı ki, bu şövq, bu işıq ilə onun tez-tez qapıya baxması, pıçıltıyla danışması arasında qəribə bir təzad yaranırdı. Bu təzadda mənim üçün «Min bir gecə» nağıllarından qat-qat artıq bir sirr var idi, bu, bizim evimizin, nənəmlə mənim, bizim gecəmizin sirri idi. «Min bir gecə» nağıllarını hər yerdə danışmaq olardı, amma Hüseyn Cavidin, Yusif Vəzirin, Abbas Mirzənin adını nə həyətdə, küçədə, nə də məktəbdə çəkmək olardı (nənəm hər dəfə bunu dönə-dönə mənə tapşırırdı). Mən onların adını çəkmirdim, amma öz içimdə o adlarla fəxr edirdim, qürurlanırdım ki, mən o gizli adları tanıyıram, hətta mənim üçün o adlarda Koroğluya, Qaçaq Nəbiyə məxsus bir qəhrəmanlıq var idi...
     Bilqeyis nənəm ən çox Hüseyn Cavidin «Şeyx Sənan» faciəsindən və Yusif Vəzir Çəmənzəminlinin «Qızlar bulağı» romanından danışırdı və elə bil ki, Şeyx Sənanın böyük və nakam məhəbbəti mənim uşaq qəlbimdə Hüseyn Cavidə, Yusif Vəzirə bəslədiyim gizli məhəbbəti ifadə edirdi, Şeyx Sənanın romantikası mənim aləmimdə bu müəlliflərin özlərinin həyatını romantikləşdirirdi, eyni zamanda, «Qızlar bulağı»ndakı filosof Cəmənzəminlinin müdrikliyi mənim üçün həmin müəlliflərin özlərinin böyüklüyündən, aliliyindən xəbər verirdi, mənə elə gəlirdi ki, «Qızlar bulağı»nda Əhriman şəri ilə Hörmüz xeyiri arasındakı çarpışmada Hörmüzün ən boyük müttəfiqi elə Yusif Vəzir Çəmənzəminlinin özü idi.
     İndi fikirləşirəm ki, yəqin mənimlə həyətdə, küçədə oynayan, məktəbin ibtidai sinfində oxuyan o uşaqlar da bu adları yaxşı bilirdi, amma onlar da mənim kimi, bu adları ürəklərində gizli saxlayırdılar...
     Bəli, əlyazmaları yanmır, kitablar məhv olmur, zamanın, dövrün ən qorxunc qara qüvvələri belə, əlyazmaların, kitabların qarşısında tamam acizdir.
     Yusif Vəzir Çəmənzəminlinin ədəbi irsi - yüzlərlə məqalə və felyetonlar, realist Azərbaycan nəsrinin yüksək sənətkarlıqla yaradılmış bir çox nümunələri - onlarca hekayələr, Kiyevdə tələbəlik illərinin təəssüratı ilə yazılmış «Studentlər», «1917-ci ildə» romanları, eramızdan iki min əvvəlki dövrdə yalnız Azərbaycanın yox, bütün Yaxın Şərqin epik mənzərəsini gözlərimiz önündə canlandıran «Qızlar bulağı» romanı və nəhayət, XVIII əsr Azərbaycan tarixinin mürəkkəb siyasi-ictimai problematikasını qaldıran, böyük Vaqifin həyatından bəhs edən «Qan içində» romanı yaşayıb və yaşayacaq. Bu sonuncu roman yalnız Yusif Vəzir Çəmənzəminli yaradıcılığının yox, ümumiyyətlə, Azərbaycan nəşrinin ən kamil nümunələrindən biridir və bu klassik əsər əlyazması şəklində uzun müddət yazıçının arxivində qalmış, yalnız 1960-cı ildə ilk dəfə «Azərbaycan» jumalında dərc edilmişdir.
     Bu gün Respublika Əlyazmaları İnstitutunda mühafizə olunan ən səliqəli və mükəmməl şəxsi arxivlərdən biri Yusif Vəzir Çəmənzəminliyə məxsusdur və mən həmişə bu arxivlə qarşılaşanda, Yusif Vəzirin yaradıcılığı barədə və ümumiyyətlə, sənətkar taleyi haqqında düşünəndə ağbirçək, namuslu, sadə, ilk baxışda çox zəif, amma, əslində, böyük mənəvi qüvvəyə malik iki azərbaycanlı qadının işıqlı siması gözlərimin önündə canlanır. Bu qadınlardan biri Yusif Vəzir Çəmənzəminlinin həyat yoldaşı Bilqeyis Acalova (mənim nənəmin adaşı), ikincisi isə Bilqeyis xanımın anası Kiçikxanım Acalovadır. Biz əllinci illərin sonlarından etibarən, bir binada yaşayırdıq. Kiçikxanım nənənin beli tamam bükülmüşdü, Bilqeyis xanım da uzun illərin təqibindən (xalq düşməninin arvadı idi!), sürgünündən, məhrumiyyətindən, evsizliyindən, atasız böyütdüyü uşaqların qayğısından sonra, nəhayət ki, dinc bir həyat yaşayırdı, amma qıvrım saçları ağarmış, gözlərinin dərininə əbədi bir kədər çökmüşdü. Yusif Vəzir Çəmənzəminlinin arxivini bu iki qadın orda-burda gizlədib, dördüncü kimsəsiz, köməksiz bir uşaq kimi, qorumuşdular, qanlı-qadalı illərin cəngindən xilas etmişdilər. İndi bu qadınların heç biri həyatda yoxdur və bu gün Yusif Vəzir Çəmənzəminlinin yalnız şəxsi arxivində qorunub saxlanmış əlyazmaları əsasında nəşr edilən bir çox yeni əsərlərini, o cümlədən, «Qan içində» romanını oxuyan müasir oxucu bilmir ki, bu gözəl mütaliə üçün, eyni zamanda, ana-bala Acalovlara borcludur. Eybi yoxdur, qoy bilməsin, çünki əlyazmaları onsuz da yanmır, yox olmur... Qoy oxucu sadəcə olaraq oxusun...
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (23.07.2014) | Müəllif: R.C E W
Baxış: 427 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more