Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-lk Azərbaycan ədəbiyyatı tarixi (Məqalə)
İLK AZƏRBAYCAN ƏDƏBİYYATI TARİXİ


     Ədəbiyyatın inkişafına təsir göstərən, digər mühüm tarixi-ictimai və həyati əsaslarla yanaşı, onun irəliyə doğru hərəkətini şərtləndirən mühüm amillərdən biri də ədəbiyyatın keçdiyi yolu, toplanmış bədii-estetik təcrübəni, ideya-mənəvi axtarışları, onun zamanla, xalqla əlaqəsini dərk edib mənalandırmaq, haradan başlayıb, neçə və hansı mərhələlərdən keçib yetkinləşdiyini müəyyənləşdirmək, elmi-nəzəri təsnifatını vermək zərurətidir; ədəbiyyatın və ümumiyyətlə, mədəniyyətin tam inkişafı, əslində, təcrübə ilə nəzəriyyənin birgə inkişafı deməkdir. Bədii ədəbiyyat dedikdə, aydındır ki, yalnız sənət əsərləri, həyatı, insanı, dövrü obrazlı idrak aləmi deyil, eyni zamanda, ədəbiyyatın məqsəd və vəzifələri, spesifikası, daxili qanunauyğunluqları haqqında fikir və nəzəriyyələr, sənət əsərlərinə verilən ədəbi-ictimai qiymətlərin dövrdən-dövrə keçərək dərinləşməsi və vüsət əldə etməsi də nəzərdə tutulur, çünki ədəbiyyat haqqında fikir ədəbiyyatın ozündə ayrılmazdır və orası da əlamətdardır ki, həmin fikir bu və ya digər şəkildə ədəbiyyat yaranıb müəyyən mərhələ keçdikdən sonra yox, məhz ədəbiyyatla bir vaxtda, sənət əsəri ilə bir zamanda doğulmuşdur. Hətta belə demək düzgündür ki, sənət əsərinin özü təkcə müəyyən məzmunu, həyat həqiqətini yox, həm də müəyyən bir estetik münasibəti, baxımı, nəzəriyyəni özündə təmsil edir. Lakin ədəbiyyatın özündən fərqli olaraq, ədəbiyyat haqqında fikir müasir səviyyəsinə qədər müəyyən təkmilləşmə formaları keçmişdir; belə ki, bu prosesin nisbətən aşağı mərhələsində ədəbiyyatı idrak və tənqid formaları və metodları müasir tənqid, estetika, ədəbiyyat nəzəriyyəsi və tarixi formalanndan əsaslı şəkildə fərqlənmişdir, xüsusilə, ədəbiyyatın tarixi dərki sonrakı dövrlərdə meydana çıxmışdır. Bir elm sahəsi kimi, ədəbiyyat tarixçiliyi həm məqsəd və vəzifələri baxımından, həm də ideya-metodoloji əsaslar, struktur baxımından müxtəlif istiqamətlərdə inkişaf etmişdir.
     Belə bir inkişaf qanunauyğunluğu Azərbaycan ədəbiyyatı tarixi predmetinin təkamül yolunda və onu müasir səviyyəyə gətirib çıxaran təcrübələrində də öz ifadəsini tapmışdır. Böyük, mürəkkəb və şərəfli bir yaranma və təkamül yolu keçərək, o, təzkirə səviyyəsindən müasir ədəbiyyat tarixçiliyi səviyyəsinə qədər inkişaf etmiş, ədəbiyyatı xalqın mənəvi təcrübəsinin, ictimai-mənəvi mübarizəsinin bir vasitəsi kimi başa düşmək səviyyəsinə yüksəlmişdir. Buna görə, bu sahədəki hər bir təşəbbüs xüsusi diqqətə, xüsusi qiymətə layiqdir, çünki bizim ədəbiyyat son dərəcə zəngin və qədim olduğu halda, dünya miqyasında böyük sənət abidələri ilə fəxr etməyə haqqı olduğu bir halda, onun həqiqi elmi tarixi ta XX əsrin əvvəllərinə qədər tam, bütöv şəkildə meydanda olmamışdır. Ədəbiyyatımızın ayrı-ayrı hadisələri, şəxsiyyətləri, əsərləri cünglərdə, təzkirələrdə, salnamələrdə, tarix kitablarında qeydə alınmışdır ki, bu mənbələr də sonradan onun mükəmməl elmi tarixini yaratmaq üçün əsas olmuşdur.
     Milli ədəbiyyat inkişaf etdikcə, onun tarixini yaratmaq problemi də bütün kəskinliyi ilə qarşıda dayanmışdı və bu zərurəti keçən əsrdə böyük Azərbaycan mütəfəkkiri, realist yazıçısı M. F. Axundov hamıdan əvvəl hiss etmişdir: öz məqalələrində professional tənqidin ilk, həm də tarixi əhəmiyyəti böyük və əvəzsiz olan nümunələrini yaratmış M. F. Axundov birinçi olaraq milli ədəbiyyatın klassikləri haqqında əsaslı, düşünülmüş elmi-nəzəri fikir irəli sürmüş, onların milli ədəbi prosesdə yerlərini müəyyən etməyə çiddi təşəbbüs göstərmişdir. Bununla da M. F. Axundov Azərbayçan ədəbiyyat tarixçiliyinin realist konsepsiyasını işləyib hazırlamış oldu ki, sonralar həmin konsepsiya Azərbaycan ədəbiyyat tarixi elminin bünövrəsini təşkil etdi. M.F.Axundovun milli klassik- lər haqqında irəli sürdüyü fikirlər, onların yaradıçılığa verdiyi qiymət Azərbaycan ədəbiyyat tarixçiliyi elminin də inkişafında müstəsna rol oynadı. M.F.Axundovdan sonra Azərbayçan ədəbiyyatının və içtimai fikrinin bir sıra görkəmli nümayəndələri ədəbiyyatımızın bədii-estetik və fəlsəfi simasını dərk etməyə, onun zənginliyinin spesifikasmı yaşadıqları dövrün qabaqcıl elmi-nəzəri səviyyəsində tədqiq və təsnifini meydana çıxarmağa böyük səy və təşəbbüs göstərmişlər. Bu mənada bütün ömrünü ədəbiyyatımızın tədqiqinə həsr etmiş, bu işin böyük həvəskarı yox, böyük peşəkarı olmuş Firidun bəy Köçərlinin (1863-1920) fəaliyyəti və yaradıcılığı müstəsna əhəmiyyətə malikdir.
     Dövrünün qabaqcıl ədəbi mövqelərində dayanan, öz tənqidi və realist ədəbiyyatın xalq həyatına, şüuruna, gerçəkliyinə daha dərindən nüfuz etməsinə səy və əməli təsir göstərən F.Köçərli Azərbaycan ədəbiyyatının tədqiqinə başlarkən bu işin çətinliyinə, ilkinliyinə baxmayaraq, öz böyük məqsədini sona kimi yerinə yetirmək üçün əzmlə, həqiqi vətəndaş ehtirası ilə çalışmışdır. Milli ədəbiyyatın tarixini yaratmaq alimin nəzərində böyük vətəndaşlıq vəzifəsini həyata keçirmək idi. Xalqın unudulmuş, tarixi səbəblər üzündən hakim millətlər tərəfindən mənimsənilmiş böyük ədəbi keçmişinin idrakı, tədqiqi və təsnifi F.Köçərli fəaliyyətinin əsas istiqaməti idi və belə bir istiqamət bir tənqidçi, bir ədəbiyyatşünas kimi öz dünyagörüşünün, ədəbi-estetik prinsiplərinin mütərəqqi inkişafı üçün münbit zəmin yaradırdı. Məhz buna görə də o, klassik irsdən yalnız tarixi-tədqiqi səpkili əsərlərində deyil, həmçinin tənqidi məqalələrində də geniş söhbət açırdı. Klassik irsi toplamaq, xalqın mənəvi sərvətini özünə qaytarmaq, bu irsi tanımaq və tanıtdırmaq qabaqcıl mütərəqqi müasirləri kimi F.Köçərlini də dərindən düşündürür, onu qızğın fəaliyyətə sövq edirdi; bu barədə ona həsr olunmuş tədqiqatlarda ətraflı danışıldığına görə biz yalnız bəzi xarakter faktları qeyd etmək istərdik.
     Qonşu xalqların öz klassik sənətkarlarının xatirəsini necə böyük hörmət və ehtiram hissi ilə yad etmələrindən təsirlənərək və bunu nümunə kimi göstərərək F.Köçərli 1908-ci ildə yazırdı: «Aya, Azərbaycan türklərinin sereteliləri, çavcavadzeləri olmayıbdırmı? Bizim milli şairlərimiz ərseyi-dünyaya gəlməyibdirmi? Aya, bizlər belə möhtərəm şəxslərin vücudundan məhrummu qalmışıq? Bu suallara cavab verib deyə bilərik ki, bizim də çox böyük, müqtədir və xoştəb milli şairlərimiz olubdu və lakin nə təəssüf onların qədir və qiyməti nə öz vaxtlarında və nə bu halda (yəni F. Köçərlinin zamanında - E., Ş.S.) bilinməyibdir».
     Yaxud M.F. Axundovun anadan olmasının yüz illiyi münasibətilə yazdığı kitabda yenə də F. Köçərli böyük sənətkarlarımızın ədəbi irsinə, milli ədəbiyyat və ümumiyyətlə, mədəniyyətimiz qarşısında xidmətlərinə lazımi qiymətin və diqqətin verilmədiyini, geniş xalq kütləsinin onları hələ yaxından tanımadığını göstərərək deyirdi: «Rus milləti Qoqolun qədrini bilib, onun adı ilə iftixar və qədrşünaslıq vəzifəsini ifa etməkdədir. Amma biz möhtərəm və bimisil ədibimizin haqqında heç bir yaxşılıq etməmişik və bu anacan o mərhumun qədir və qiymətini bilməmişik».
     Vaqif və Vidadidən bəhs edərkən də Köçərli yenə bu məsələyə qayıdırdı və çox kəskin şəkildə yazırdı ki, belə sənətkarlar «özgə millətlərin arasında zühur etmiş olsa idilər, bişübhə indiyə kimi onların asarü-əşarı dəfəat ilə çapdan çıxıb ənbayi-millət içində yayılmışdı».
     Ömrünü xalqın, vətənin, ana dilinin inkişafına həsr etmiş böyük sənətkarlarımızın ədəbi irsinə belə bir hörmət və qayğı, şübhəsiz ki, xalqa, vətənə, ana dilinə məhəbbətdən, vətəndaş narahatçılığından, ən mütərəqqi maarifçilik ideyalarından doğurdu və təsadüfi deyil ki, belə məqamlara F.Köçərlinin məqalələrində tez- tez rast gəlmək mümkündür.
     Azərbaycan xalqının ədəbiyyat tarixini yaratmaq ideyası F.Köçərlinin bütün yaradıcılığında və fəaliyyətində bir leytmotiv xətt təşkil etmişdir. Əlbəttə, bu ideya yalnız bir ədəbiyyatşünası yox, ümumiyyətlə, dövrün qabaqcıl ədəbiyyat və mədəniyyət xadimlərini dərindən düşündürür, narahat edirdi. Onlar bu vəzifənin həlli üçün yeni yollar axtarır, tərtib etdikləri dərsliklərdə milli ədəbiyyatdan nümunələr salır, dərsliklərini Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri barədə nümunələrlə təchiz edirdilər. Bu səpkili materialların bəziləri, məsələn, görkəmli yazıçı və maarif xadimi A.Şaiqin dərsliklərinin materialları milli ədəbiyyatşünaslıq elminin inkişafında mühüm əhəmiyyətə malik idi.
     F.Köçərli isə bu sahədə daha məqsədli, əsaslı və ciddi yaradıcılıq işi aparmış, milli ədəbiyyatın tarixini yaratmaq vəzifəsini qarşısma qoymuş və bu istiqamətdə ilk addımlannı keçən əsrin sonlarında, hələ gimnaziya müəllimi olduğu 1885-1886- cı illərdə atmağa başlamışdır. (Bax: K.Talıbzadə. XX əsr Azər- baycan tənqidi, Bakı, 1966.) Məlumdur ki, onun bu sahədəki ilk uğurlu təşəbbüsü 1903-cü ildə rus dilində çapdan çıxan «Azərbaycan türklərinin ədəbiyyatı» kitabı idi. Həmin əsərin meydana çıxması ədəbi ictimaiyyətin, qabaqcıl maarif və mədəniyyət xadimlərinin, dövrü mətbuatm böyük rəğbətinə səbəb olmuşdu və bunu Köçərli tədqiqatçıları artıq qeyd etmişlər. Əsərin tarixi əhəmiyyəti ondan ibarət idi ki, bu kiçik kitabça milli ədəbiyyatın varlığını əyani şəkildə göstərir, onu daha geniş tədqiq etməyə yol açırdı, müasir ədəbi prosesin tarixi köklərini, ənənələrini aşkara çıxarırdı.
     F.Köçərlinin başladığı bu işi daha geniş miqyasda davam etdirmək, ana dilində belə bir əsər yazmaq artıq tarixi bir zərurətə çevrilmişdi. F.Köçərlinin böyük xidməti bu oldu ki, başladığı işi daha böyük bir əzmlə davam etdirdi, əziyyət və çətinliklərə sinə gərərək daha zəngin material toplamağa girişdi və beş il sonra «Azərbaycan ədəbiyyatı» əsərini tamamladı. 1911- ci ildə müəllif onun daha mükəmməl variantını hazırladı.
     Əldə olan məxəzlərdən məlumdur ki, əsər tamamlanandan sonra, F.Köçərli onun çapı üçün çox çalışmışdır, lakin həm özü, həm də dövrün digər qabaqcıl ziyalıları nə qədər səy etmişlərsə də, sağlığmda onun çapma nail ola bilməmişlər. Əsər milli ədəbi-mədəni irsi sosialist inqilabi mövqeyindən dərk etmək, onu yeni cəmiyyətin sərvətinə çevirmək uğrunda müba- rizələrin və axtarışlarm ilk illərində - 1925-26-cı illərdə «Azərbaycan ədəbiyyatı tarixi materialları» adı ilə çap olunmuşdur. O vaxt belə bir əsərin meydanda olması həm milli ədəbiyyatın gələcək tədqiqi, həm də onun tədrisi baxımmdan böyük əhəmiyyətə malik idi.
     Həmin illərdə Azərbaycan sovet ədəbiyyatşünaslığı hələ ilk addımlarını atır, milli ədəbiyyatm, yeni cəmiyyətin bədii tələbləri və vəzifələri işığında tədqiqi üçün ideya-metodoloji təşəkkül mərhələsini keçirirdi, buna görə təbii ki, birdən-birə milli ədəbiyyatm elmi tarixini yaratmaq üçün yaradıcılıq imkanları bir o qədər də çox deyildi. Belə bir şəraitdə F.Köçərlinin əsərinin çap edilməsi vəziyyəti xeyli asanlaşdırırdı. Digər tərəfdən, bu əsər həm də inqilabaqədərki milli ədəbiyyatşünaslıq elminin yaxşı, ən yetkin abidəsi kimi əhəmiyyətli idi və keçmişin mütərəqqi ədəbi-elmi irsinə qayğı və hörmətlə yanaşılmasmm bir ifadəsi kimi bu çap xüsusi məna kəsb edirdi.
     Əsərinin ilk nəşrindən artıq yarım əsrdən çox bir müddət keçir; bu vaxt ərzində F.Köçərlinin əsəri öz tarixi rolunu çox gözəl oynamışdır: Azərbaycan sovet ədəbiyyat tarixçiliyinin təşəkkül və inkişafma çox səmərəli kömək göstərərək yalnız fakt, material, ayrı-ayrı tarixi təfərrüatlar baxımından yox, həm də müəyyən mənada ədəbiyyatşünaslıq fikri, tədqiqat təfəkkürü baxımından onun üçün sanballı və nüfuzlu elmi mənbə olmuşdur. Belə demək olar ki, «Azərbaycan ədəbiyyatı tarixi materialları»nın ilk nəşri Azərbaycan sovet ədəbiyyatı tarixçiliyinin sonrakı sürətli və hərtərəfli inkişafmm uğurlu başlanğıcı olmuşdur.
     Bütün yuxarıda yazdıqlarımıza görə Firidun bəy Köçərlinin «Azərbaycan ədəbiyyatı» əsərinin hələlik birinci cildinin «Elm» nəşriyyatı tərəfindən çapdan buraxılması müasir ədəbiyyatşünaslığımızın həyatında əlamətdar bir hadisə kimi qeyd olunmağa layiqdir.
     Məlumdur ki, birinıci nəşrində əsər iki hissədən ibarət 4 cilddə buraxılmışdır. Yeni nəşrdə isə onun həcminə dəymədən, ixtisar etmədən iki cilddə buraxılması nəzərdə tutulmuşdur.
     Əsərin ikinci nəşri elmi-tənqidi mətninin dürüstlüyü və mükəmməlliyi ilə, geniş izahları və şərhləri ilə diqqətəlayiqdir.
     Ruqiyyə Qənbərqızının «Firidun bəy Köçərli və onun «Azərbaycan ədəbiyyatı» əsəri» adlı geniş müqəddiməsi ayrı-ayrı yerlərdə təsvirçiliyinə baxmayaraq, həm nəzəri səviyyənin yüksəkliyi, həm elmi faktların zənginliyi etibarilə diqqəti cəlb edir və razı salır.
     Düzdür, müqəddimədə bəzən qeyri-dəqiq fikirlərə, yanlış müddəalara rast gəlmək mümkündür. Məsələn, müqəddimə müəllifi, Mirzə Yusif Qarabağinin «Məcmueyi-Vaqif və müasirinidigər», Adolf Berjenin «Qafqaz və Azərbaycanda məşhur olan şüarının əşərını məcmuədir», Hüseyn Əfəndi Qaibovun «Azərbaycanda məşhur olan şüəranın məcmuədir» kimi Azərbaycan ədəbiyyatı tarixinin, o cümlədən, Firidun bəy Köçərlinin əsərinin yaranmasında mühüm əhəmiyyətə malik olmuş müntəxəbatlardan bəhs edərkən yazır ki, bunlar «dövrünə görə qiymətli əsərlər olsalar da, yenə naqis (?!- E. , Ş.S.) idilər» (səh.11). Çünki, «bu müntəxəbatlar ayrı-ayrılıqda bütün Azərbaycan ədəbiyyatını əks etdirmirdi» (yenə orada). Əlbəttə, tarixilik prinsipindən çıxış etməyən belə meyarlarla yanaşsaq, dövrünün ədəbi hadisəsinə çevrilmiş, milli mədəniyyətin hərtərəfli inkişafında mühüm rol oynamış bir çox əsərlərin layiqli qiymətini verə bilmərik.
     Yaxud, müqəddimə müəllifi, F.Köçərlinin «Azərbaycan ədəbiyyatı»nın XX əsr Azərbaycan yazıçılarından bəhs edən üçüncü cildini də yazması ehtimalını doğrultmaq üçün F.Köçərlinin bu sözlərinə istinad edir: «1903-cü ildə «Azərbaycan türklərinin ədəbiyyatı» ünvanında rus dilində bir kitabça tərtib edib çapa vermişdik. Ərbabi-qələm bizim bu zəif əsərimizə lütf nəzəri ilə baxıb, onun intişarına himmət və riayət göstərməklə belə, bizdən xahiş-mənd oldular ki, məzkur kitabçanın məalına bəst verib, öz ana dilimizdə milli ədəbiyyatımıza dair bir kitab tərtib qılaq. Tainki bizim Azərbaycan şüəra və üdəbamızın əşarüasarı və özlərinin namü nişanları unudulub, ənbayi-vətənin xatirindən bimərrə çıxmasın (kursiv müqəddimə müəllifinindir - E., Ş.S.). Maarifpərvər ədiblərimizin bu gözəl arzu və təmənnalarını sədədində olduğumuzu fikri mərama müvafiq görüb, ol vaxtdan indiyədək məzkur əsəri əncama yetirmək üçün lazım olan məlumatı cəm etməyə məşğul olduq». Bundan sonra müqəddimə müəllifi həmin sözlərdən belə bir nəticə çıxarır: «Deməli, Köçərli «özlərinin namü-nişanları unudulub, ənbayi-vətənin xatirindən bimərrə çıxmaması üçün çalışan ziyalıları da (?- E., Ş.S.) «Azərbaycan ədəbiyyatı»na daxil etmişdir. (?- E., Ş.S.) (səh. 35). Əlbəttə, diqqət etsək və F.Köçərli sintaksisinin xüsusiyyətlərini nəzərə alsaq, aydın olar ki, F.Köçərli «özlərinin namü-nişanları» dedikdə həmin cümlənin birinci yarısındakı «Azərbaycan şüəra və üdəbamızı» nəzərdə tutur.
     Lakin bu kimi qeyri-dəqiqliklərə və müqəddimədə, eləcə də izahlar və qeydlərdə təsadüf olunan texniki qüsurlara (məs: «İzahlar və qeydlər» də Molla Pənah Vaqifin təvəllüd və vəfat tarixi 1717-1797 kimi göstərilir və s.) baxmayaraq, bu yeni nəşri transliterasiya və tərtib edən, onun müqəddimə izah və qeydlərini yazan Ruqiyyə Qənbərqızının xidmətini və elmi uğurunu qeyd etmək lazımdır. Yeri düşmüşkən, demək lazımdır ki, yeni nəşrin redaktoru Əziz Mirəhmədovun və ümumiyyətlə, Nizami adına Ədəbiyyat İnstitutunun bu nəşrin meydana çıxmasındakı rolu razılıq və minnətdarlıq hissi oyadır.
     Birinci cilddə verilən, yuxarıda qeyd etdiyimiz kimi, ətraflı müfəssəl müqəddimə F.Köçərlini görkəmli bir tənqidçi və ədəbiyyatşünas kimi səciyyələndirir, onun ədəbi fəaliyyətini, realist ədəbiyyat uğrunda bir tənqidçi kimi göstərdiyi səylərini, müasir ədəbiyyatın inkişafına səmərəli təsirini, habelə «Azərbaycan ədəbiyyatı» əsərinin yaradılması tarixini, onun nəşri üçün müəllifin mübarizəsini əhatə edir: burada həmçinin əsərin quruluş, məzmun, tərtib prinsipləri də şərh olunur. Bu məsələlər, əlbəttə, müqəddimə müəllifinə qədər F.Köçərli tədqiqatçılarının nəzərindən kənarda qalmamışdır: ədəbiyyatşünaslarımızdan K.Talıbzadənin «XX əsr Azərbaycan tənqidi» monoqrafiyasında, yenə də onun «Azərbaycan ədəbiyyatı tarixi» nin II cildindəki «Firidun bəy Köçərli» oçerkində, B.Nəbiyevin «Firidun bəy Köçərli» monoqrafiyasında, habelə, digər məqalə və əsərlərdə F.Köçərli yaradıcılığı geniş tədqiq olunubdur; lakin, bununla belə, bu tədqiqatların davamı olaraq Ruqiyyə Qənbərqızı Köçərli irsinin əhəmiyyət və xüsusiyyətlərindən danışa bilmişdir, onun milli ədəbiyyatın tarixini yaratmaq yolunda fəaliyyətini faktiki materiallarla izah etməyə nail olmuşdur.
     Yeni nəşrin elmi-tənqidi mətninin hazırlanması və redaktəsi prosesinin mühüm bir çətinliyi də onun əlyazmasının meydanda olmaması ilə bağlıdır. F.Köçərlinin «Azərbaycan ədəbiyyatı»nın yalnız çap variantı mövcuddur və təbii ki, yeni nəşr bilavasitə ona əsaslanır, ancaq qeyd etmək vacibdir ki, yeni nəşr əvvəlkinin sadəcə surətinin çıxarılması deyildir. Mətnin hazırlanması və redaktəsi gedişində həmin çap nüsxəsi elmi-tekstoloji cəhətdən diqqətlə, səylə, ən zəruri təfərrüatlarına kimi öyrənilmiş, yol verilən təhriflər aradan qaldırılmışdır və demək olar ki, bütün ədəbi materiala ətraflı izah və şərhlər yazılmışdır. Əsəri məhz belə dəqiq, dürüst öyrənmə, «oxuma» sayəsində müasir oxucunun onu asan mənimsəyəcəyinə şübhə yoxdur. Bir vacib cəhəti də xatırlamağı lazım bilirik. Məlumdur ki, əsər birinci çapında oxucuya bəzi vulqar-sosioloji izahatla təqdim olunurdu: bu izahlar ilk nəşrin müqəddiməsində, nəşriyyat tərəfindən verilən ön sözdə öz ifadəsini tapmışdır. Məhz belə münasibətin təsiri idi ki, əsər həqiqi adı ilə yox, nəşriyyat tərəfindən ona verilən adla - «Azərbaycan ədəbiyyatı tarixi materialları» - çapdan buraxılmışdı və bununla da belə bir ciddi ədəbiyyat tarixi bitkin tədqiqat əsəri kimi yox, «material» kimi qiymətləndirilmiş olurdu, yəni bir ədəbiyyat tarixi olmaq etibarilə əsərin daxili tamlığı, müəyyən tədqiqat quruluşu heçə endirilirdi. Yeni nəşrin hazırlanması prosesində əsər belə bir naqis münasibətdən tamamilə xilas edilmişdir, eyni zamanda, birinci nəşrin bütün yaxşı, qiymətli cəhətləri, faydalı, düzgün nəticələri, qeydləri saxlanılmışdır.
     Yeni nəşrin «İzahlar və qeydlər»i dolğun, ətraflı və əhatəli tərtib olunmuşdur. Təkcə birinci cilddə 847 qeyd və şərh verilmişdir, başqa sözlə, əsərin mütaliəsi zamanı oxucunun rast gələcəyi bütün mühüm nöqtələr, mənbələr, faktlar burada izah olunur, lazım gəldikdə isə yeni tədqiqatla müqayisə edilərək dəqiqləşdirilir. Həm müqəddimədə, həm də «İzahlar və şərhlər» də F.Kö- çərlinin əsərlərindəki bəzi yanlış fikirlər, faktiki səhvlər də təshih olunur.
     Bütün bu gərgin, axtarıcı tədqiqat işi F.Köçərlinin əsərinin yeni, mükəmməl nəşrinin müasir ədəbiyyatşünaslığın, müasir mətnşünaslığımızın mühüm nailiyyəti kimi meydana çıxmasına səbəb olmuşdur.
     Məlumdur ki, F.Köçərli «Azərbaycan ədəbiyyatı»nı yazmağa başlarkən dövrünün görkəmli ziyalılarına məktubla müraciət etmiş, bu böyük və mühüm işdə köməkliklərini əsirgəməməyi xahiş etmişdir və bu məktublara cavab olaraq klassik Azərbaycan ədəbiyyatına, folklora dair bir çox məlumat toplaya bilmiş, bədii yazılar əldə etmişdir. Abbas Səhhət, Abdulla Şaiq, Eynəlibəy Sultanov, Rəşidbəy Əfəndiyev, Mehdibəy Hacınski, Ağabəy Naseh və digər görkəmli ədəbiyyat və maarif xadimləri F.Köçərlinin sorğusuna ətraflı cavablar yazmış, bu işə hamının cavabdeh olduğu ümumi mədəni yüksəlişin mühüm bir pilləsi kimi baxmışlar. Bu mənada qarşımızdakı bu kitab F.Köçərlinin şəxsi və son dərəcə gərgin fəaliyyətinin bəhrəsi olmaqla bərabər, əsrin başlanğıcında müvəqqəti Azərbaycan maarifçilərinin həmrəyliyinin, vətəndaşlığının, ümumi mənafe hissinin onillikləri adlayıb gəlmiş sanballı bir göstəricisi, nişanəsi kimi də əlamətdardır.
     F.Köçərlinin əsəri Azərbaycan ədəbiyyatı tarixini yaratmaq sahəsində ilk böyük təşəbbüs olduğu üçün onun üzərində ədəbiyyatşünaslığımızın müəyyən inkişaf mərhələsinin aydın möhürü vardır, başqa sözlə desək, Köçərli milli ədəbiyyatşünaslığın vacib bir sahəsini yaradarkən bu sahə təzkirəçilikdən hələ yenicə ayrılır, müstəqilləşir, M.F. Axundovun müəyyən etdiyi realist ədəbiyyatşünaslıq cığırına yenicə düşürdü və F.Köçərli milli ədəbiyyatşünaslıq fikrinin bu istiqamətdə inkişafının yaradıcılarından biridir. Onun hələ ilk məqalələrindən birində («Azərbaycan komediyaları», 1885) konkret bir janrın milli ədəbiyyatda inkişafı izlənilirdi və belə bir tədqiq üsulu məqaləni tənqiddən daha çox ədəbiyyatşünaslığa yaxınlaşdırırdı. Artıq müxtəsər ədəbiyyat tarixini rus dilində çap etdirərkən Köçərli ilk nümunələrinin yaratdığı bu sahənin müəyyən prinsiplərini, tələblərini və spesifikasını dərindən nümayiş etdirə bilirdi. Doğrudur, bu əsərdə milli ədəbiyyatın çox qısa bir dövrü nəzərdən keçirilirdi, daha doğrusu, Vaqifə qədərki mərhələlər barədə müəllifin təsəvvürü məhdud və üstəlik də yanlış idi və Azərbaycan ədəbiyyatının inkişaf özünəməxsusluğundan çıxış edilmədiyi üçün, Vaqifə qədərki dövr «ərəb-fars ədəbiyyatı» kimi səciyyələndirilirdi. Köçərliyə həsr olunmuş tədqiqatlarda onun milli ədəbiyyat tarixi konsepsiyasının bu kimi tərəfləri düzgün tənqid olunmuşdur. Köçərli dünyagörüşünün güclü, sağlam tərəfi başqa idi: ədəbiyyat tarixini yaradarkən o, milli ədəbiyyatın realist istiqamətinə, xəlqilik və milli gerçəkliklə bağlılıq xüsusiyyətinə böyük üstünlük verirdi. «Azərbaycan ədəbiyyatı» müəllifin dünyagörüşündəki bu cəhəti tam dolğunluğu ilə əks etdirir.
     «Azərbaycan ədəbiyyatı» ədəbiyyatımızın geniş mənzərəsini yaratmaq baxımından çox qiymətli idi: əsərdə müəllifin 130-a yaxın yazıçıdan bəhs etdiyi, onların həyatı və əsərləri barədə fikir söylədiyi məlumdur: tarix etibarilə isə Azərbaycan ədəbiyyatının ta qədimdən XX əsrə qədərki dövrü nəzərdən keçirilirdi. Əlbəttə, F.Köçərlinin «ədəbiyyat tarixində» ədəbi dövr, ədəbi mərhələ vahidləri bu anlayışların müasir mənasında yoxdur. Bu- rada ədəbi dövrün, ədəbi prosesin göstəricisi ədəbi şəxsiyyətdir, bədii inkişaf şəxsiyyətin yaradıcılığı, taleyi və həyatı vasitəsilə təqdim olunur. Bu cəhət Köçərlinin ədəbiyyat tarixinin quruluşunu təyin edən əsas amillərdən biridir. Onun «ədəbiyyat tarixində» ikinci bir amil də vardır: ədəbi prosesi müəyyən coğrafi ərazilərə ayıraraq təqdim etmək prinsipi, əvvəlcə bu ərazilər barədə məlumat verilir, sonra müəllif bu ərazilərdə bədii fəaliyyətə başlamış ədəbi şəxsiyyətlərin həyat və yaradıcılığına oçerklər həsr edir.
     Görünür, 20-ci illərdə əsərin bitkin ədəbiyyat tarixi deyil, daha çox «ədəbiyyat tarixi materialları» sayılması da bununla bağlı idi. Məsələn, tənqidçi Ə. Nazim 1931-ci ildə yazırdı ki, «bu əsər, ancaq materialın zənginliyi və müxtəlifliyi nöqteyi-nəzərindən qiymətli olan təsviri xronoloji məcmuədən uzaq getmədi» (Bax: «Ədəbiyyatşünaslıqda burjua təmayülləri əleyhinə». Bakı, 1931, səh. 690.) Əslində isə, belə deyildi, müəllifin Azərbaycan ədəbiy- yatının tarixini bu şəkildə təqdim etməsi onun əsərinin zahiri quruluşuna aid bir xüsusiyyət idi, mahiyyət etibarilə isə, əsərin ayrı- ayrı oçerkləri daxilən bir-birinə çox bağlı idi və bir-birini tamamlayırdı: nəticədə bu öçerklər bütövlükdə ədəbi prosesi təsvir və izah edirdi.
     Şübhəsiz, Azərbaycan ədəbiyyatının bütün ədəbi dövrlərini və şəxsiyyətlərini eyni dərəcədə əhatə etmək baxımından F.Köçərlinin tarixi müəyyən mənada natamam idi: ilk təşəbbüsün birdən-birə mükəmməl bir ədəbiyyat tarixi kimi meydana çıxması qeyri-mümkün idi. Köçərlinin əsəri milli ədəbiyyatşünaslıq fikrinin təzkirə tərzindən ayrılmağa başladığı mərhələnin məhsulu idi və bu barədə ədəbi cərəyanların və bədii üslubların meydana çıxmasını, bir-birini əvəz etməsini və inkişafını göstərmək, eləcə də böyük sənətkarların yaradıcılığını bu proseslə qanunauyğun şəkildə şərtləndirib öyrənmək, əslində, imkan xaricində olan bir iş idi, çünki belə bir səviyyəyə qalxmaq üçün ədəbiyyat tarixçiliyi müəyyən hazırlıq və təşəkkül mərhələsi keçməli, metodoloji cəhətdən inkişaf etməli idi. Bu gün bizim Köçərli ədəbi irsinə marağımız, onun zamanın sınağından çıxa bilmiş «Azərbaycan ədəbiyyatı» əsərinə diqqətimiz də bir daha sübuta yetirir ki, Azərbaycan ədəbiyyat tarixçiliynin müasir səviyyəyə gəlib çıxması üçün onun Köçərli mərhələsi zəruri idi.
     Bununla belə, F.Köçərlinin əsəri elmi ədəbiyyat tarixinin bu xüsusiyyətlərindən də tamamilə təcrid olunmuş deyildi. Belə ki, yazıçını müəyyən tarixi şəraitdə təhlil etmək, onun dövrü və mü- hiti üzərinə işıq salmaq, milli özünəməxsusluğunu aşkara çıxarmaq, üslubuna diqqət yetirmək, özündən əvvəlki sənətkarlarla əlaqəsini, irsə münasibətini müəyyənləşdirmək təşəbbüsü, milli ədəbi prosesdə yerini təyin etmək - bütün bunlar dövrün kontekstində Köçərlinin əsərini ciddi tədqiqat səviyyəsinə, əsl ədəbiyyat tarixi səviyyəsinə qaldırırdı.
     Bu xüsusiyyətlər baxımından əsərin birinci cildinə nəzər saldıqda, Azərbaycan ədəbiyyatının qədim dövrdən tutmuş XX əsrə kimi bir dövrü gözümüzün qarşısından gəlib keçir. Əlbəttə, müasir ədəbiyyat tarixçiliyimizin tədqiqat üfüqləri ilə müqayisədə, söz yox ki, bu mənzərə əhatəli deyildir, belə ki, Köçərlinin əsərində XIII, XIV, XV, XVI əsrin ədəbiyyatı ya tamamilə kənarda qalmış, ya da ötəri nəzərdən keçirilmişdir. Bu da təbii ki, müəllifin həmin dövrlərin materiallarını əldə edə bilməməsi ilə izah edilməlidir. Lakin, buna baxmayaraq, bu cilddə haqqında məlumat verilən, yaradıcılıqları bu və ya digər dərəcədə işıqlandırılan sənətkarlar vasitəsilə Azərbaycan ədəbiyyatının böyük bir inkişaf dövrünün xüsusiyyətləri, əsas hadisələri əhatə olunmuşdur. Belə ki, burada haqqında danışılan sənətkarlar arasında Əbülüla, Nizami, Xaqani, Vaqif, Vidadi, Qövsi, Bakıxanov, Zakir, Nəbati, M.F.Axundov kimi böyük Azərbaycan şairləri və yazıçıları vardır: bəzi yanlış fikir və mülahizələrə baxmayaraq, bu oçerklərin əksəriyyəti qənaətbəxş səviyyədə idi və həmin oçerklərdə Azərbaycan ədəbiyyatının klassikləri yeni, realist ədəbiyyatşünaslıq baxımından nəzərdən keçirilirdi. Köçərli yazırdı: «Ərbabi-daniş və kamala məlumdur ki, hər bir millətin şan və əzəmətinə, tərəqqi və səadətinə bais olan səbəblərdən birisi də onun ədəbiyyatıdır. Ədəbiyyat millətin anneyi - həqiqətnümasıdır ki, onun maddi və mənəvi tərəqqisi və istiqbalı üçün nicat və səadət yollannı eynilə göstərir» (səh. 70). F.Köçərli Azərbaycan ədəbiyyatını məhz bu baxımdan öz əsərinin predmetinə çevirmişdi.
     F.Köçərli ədəbiyyat tarixçisi kimi, yalnız ədəbi faktları toplamaqla və izah etməklə kifayətlənmirdi, əksinə, onun «ədəbiyyat tarixi» anlayışı geniş və mündəricəli olmuşdur. Tədqiqatçı ədəbiyyatı konkret tarixi şəraitin mənəvi təcrübəsinin ifadəsi kimi qəbul etmiş və işıqlandırmağa çalışmışdır, görkəmli sənətkarların ədəbiyyat tarixindəki yerini təyin etmək istəyərkən təkcə onların həyatı, əsərləri haqqında məlumatla kifayətlənməmiş, həm də bu sənətkarların üslubu, ədəbiyyata gətirdikləri yenilik, yaradıcılıqlarının təsir dairəsi, sonrakı ədəbiyyat üçün əhəmiyyəti haqqında mühakimələr yürütmüş, yeri düşdükcə onları başqa xalqların sə- nətkarları ilə də müqayisə etmişdir. «Azərbaycan ədəbiyyatı»nda milli klassiklərin tez-tez Şərq və rus ədəbiyyatının ayrı-ayrı sənətkarları ilə müqayisəli şəkildə təhlilinə göstərilən meyli xüsusi nəzərə çatdırmaq istərdik, çünki bu xüsusiyyət Köçərlinin ədə- biyyat tarixində ədəbi-tipoloji təhlilinin müəyyən elementləri ki- mi maraqlıdır.
     Ədəbiyyat tarixi anlayışı baxımından Köçərlinin əsərə yazdığı giriş çox qiymətlidir. İlk nəşrdə bu giriş məqaləsi iki müstəqil hissə kimi verilmişdi. («Müəllif tərəfindən bir neçə söz», «Başlanğıc»). Yeni nəşrdə bu iki hissə birləşdirilərək «Bir neçə söz» adı ilə təqdim olunur. Zənnimizcə, belə ad həmin hissənin məzmununu tam izah etmir və münasib deyildir. «Başlanğıc» daha münasib sərlövhədir.
     Köçərlinin müqəddiməsində onun ədəbiyyat haqqında nəzəri mühakimələri, ədəbiyyatın şifahi və yazılı qollarla təsnifi əsas məzmunu təşkil edir: həmçinin müəllif Azərbaycan ədəbi prosesinin inkişaf xüsusiyyətlərini də müəyyən dərəcədə izah etməyə çalışmışdır. O, ədəbiyyat tarixini yazarkən hansı çətinliklərlə qarşılaşdığından bəhs edərək göstərirdi ki, «şüəra və üdəbalarımızın öz əsərlərində qədrü qiymətləri bilinmədiyindən, əsərləri və xüsusən tərcümeyi-halları, yəni hansı zaman və məkanda nə növ yaşayıb zindəganlıq etmələri itib-batıbdır və bu halda bir kəsə məlum deyil, onlardan bəzilərinin, ancaq bir adı və şerlərindən bir neçə ədəbiyyat və qəzəliyyat qalıbdır, onlar ilə şairin rütbeyi-kamalını və təbii-şeriyyəsini təhqiq və təmyiz etmək mümkün deyil» (səh. 68).
     Tədqiqatçının bu fikri onun ədəbiyyat tarixi anlayışının bəzi cəhətlərini başa düşmək baxımından da qiymətlidir. Yazıçının həyatı, yaradıcılığı, əsərlərinin tədqiqi və qiymətləndirilməsi, fərqləndirilməsi, Köçərlinin ədəbiyyat tarixi anlayışının əsas tərkib hissəsidir: sənətkarın tərcümeyi-halı sadəcə onun həyatına aid faktların sadalanması, təfsiri kimi yox, hansı zamanda, hansı məkanda, hansı coğrafi miqyasda və şəraitdə yaşaması kimi başa düşülən tərcümeyi-halı tədqiqat tərzində mühüm yer tutur: «yazıçının tərcümeyi-halı» anlayışı geniş və elmi bir anlayış idi. Sənətkarın yaradıcılığını təhlil etdikdə də Köçərlinin ədəbiyyatşünaslıq meyarı geniş idi, bu təhlildə o, şairin fikir, idrak səviyyəsini, poetik istedadını («təbii-şeriyyəsi»ni) aşkara çıxarmağa çalışırdı.
     Ədəbiyyat tarixində sənətkarın öz dövrünə uyğun əsərlər yazması məsələsinə əhəmiyyət verməsi F.Köçərlinin tədqiqat metodologiyasının qüvvətli tərəflərindən biri idi. O yazırdı: «Hər bir şairin məsləkini, üslubi-kəlamını və öz əsəri zəmanəsinin təqazzısınca nə növ əsərlər vücuda gətirdiyini və onların camaatımıza hüsni-təsirini, xeyir və zərərini bəqədri-qüvvə açıb göstərmişik» (səh. 69). Burada biz Köçərlinin ədəbiyyat tarixi anlayışının daha geniş məzmunu ilə qarşılaşırıq. Sənətkarın yaradıcılığının ideya mündəricəsi, üslubu əsərlərinin forma və məzmun etibarilə zamanla şərtlənməsi, ədəbiyyatın həyata təsiri Köçərlinin ədəbiyyat tarixində, xüsusilə, bu tarixin əsas tərkib hissəsi olan monoqrafik oçerklərdə əhatə etməyə çalışdığı məsələlərdən idi.
     Öz ədəbiyyat tarixini yaradarkən F.Köçərli bədii ədəbiyyatın spesifikası ilə əlaqədar məsələlərə də toxunur, ədəbiyyatı milli həyatın geniş bədii təsviri kimi mənalandırır, qabaqcıl şairləri «millətin maarif xadimləri» adlandırırdı.
     Bədii ədəbiyyatın xalqın, millətin ictimai və mənəvi tərəqqisində oynadığı rola böyük əhəmiyyət verən tədqiqatçı onu iki hissəyə ayırırdı: şifahi və yazılı ədəbiyyat. Şifahi ədəbiyyat bədii söz yaradıcılığının başlanğıcı kimi onun ədəbiyyat tarixində izah olunurdu. Əlbəttə, Köçərli bu ədəbiyyatı geniş tədqiq etmirdi, lakin qətiyyən onsuz keçinmirdi. Əsərin giriş hissəsində bu ədəbiyyatdan ətraflı bəhs etməklə müəllif mühüm bir metodoloji prinsipə - milli ədəbiyyatın tarixini onun şifahi ədəbiyyatından başlamaq prinsipinə əməl etmiş olurdu. Yazılı ədəbiyyata gəldikdə isə, burada tədqiqatçının ədəbi hadisələri qiymətləndirmə və ümumi ədəbi hərəkatdakı yerini təyinetmə meyarları daha yetkin və əsaslı idi. Xəlqilik Köçərli tədqiqatında bu meyarların ən mühümü kimi özünü göstərirdi. Xəlqilik və xalqa bağlılıq, onun fikrincə sənətkarın başlıca ləyaqətidir. O yazırdı ki, «şair nə qədər öz millətinə yavuq olsa, onun adət və xasiyyətləri üzrə nəşvü nüma tapsa, millət qanı onun damarlarında nə qədər artıq cərəyan etsə, bir o qədər onun əsərlərində dəxi millət qoxusu və millət nişanəsi artıq görünəcəkdir»; həqiqi şair gərək «öz millətinin dili ilə danışa, ürəyi və ağlı ilə fikri edə» (səh. 77).
     F.Köçərlinin ədəbiyyat tarixində klassik irsə münasibətin əsasını məhz belə bir estetik prinsip təşkil edirdi. Ədəbiyyatın milli özünəməxsusluğu, milli keyfiyyətlərinin dərinliyi, realizm, milli gerçəkliyin vaxtı çatmış problemlərini əks etmək onun ədəbiyyat tarixi konsepsiyasının başlıca tələbləri və cəhətləri kimi diqqəti cəlb edir.
     Əsərin başlanğıc hissəsində Köçərli həmçinin dil, ədəbiyyatımızın qədimiliyi, başqa xalqların ədəbiyyatı ilə bağlılığı kimi mü- hüm məsələlərə də diqqət yetirirdi. Əlbəttə, Köçərlinin bir sıra məsələlərdə, xüsusilə, milli ədəbiyyatın fəlsəfi məzmun dərinliyini göstərərkən bəzi yanlış nəticələrə də yol verdiyini qeyd etmək lazımdır. Müəllifin milli ədəbiyyatın inkişaf xüsusiyyətləri barədə təsəvvürünün bəzi məhdud cəhətlərindən irəli gələn bu yanlış nəticələr barədə yeni nəşrin müqəddiməsində ətraflı, həm də inandırıcı şəkildə yazdığı üçün bu məqalədə onların üzərində dayanmağa ehtiyac yoxdur.
     Birinci cild Azərbaycan ədəbiyyatı Gəncə, Şirvan, Şamaxı, Qarabağ-Şuşa, Quba, Şəki zonaları üzrə tədqiq olunmuşdur. Ədəbi şəxsiyyətlərə keçməzdən əvvəl Köçərli bu coğrafi ərazilər, onların tarixi keçmişi və indiki vəziyyəti, iqlimi, mədəni həyatı barədə danışır. Beləliklə, bu coğrafi miqyasda yetişən sənətkar haqqında fikir söyləmək üçün müəyyən zəmin hazırlanırdı. Buna görə də, yuxarıda yazdığımız kimi, F.Köçərlinin əsəri ayrı- ayrı sənətkarlara həsr olunan monoqrafik oçerklər toplusu, yəni sadəcə «materiallar» deyildi və eyni zamanda, belə bir prinsipdən çıxış edərək Köçərlidə milli ədəbi prosesin vahidliyi haqqında fikrin olmadığmı düşünmək də səhv olardı.
     Vahid milli dövlətin yoxluğu, ölkənin ayrı-ayrı xanlıqlar tərəfindən idarə olunması şəraitində ədəbi prosesin müxtəlif ərazilərdə inkişafı tamamilə təbii və qanunauyğundur. Köçərli, hətta bu prinsip daxilində belə milli ədəbi prosesin vahidliyini, böyük Azərbaycan sənətkarının öz dövrlərinin ədəbi inkişafına ümumi, aparıcı bədii-estetik keyfiyyətlər gətirdiklərini, bununla da ədəbiyyatın vahid istiqamətdə inkişafını təmin etdiklərini göstərə bilmişdir. Məsələn, F.Köçərlidə «Vaqif əsri», «M.F. Axundovun dövrü» ədəbiyyatı haqqında mühakimələrə rast gəlmək mümkündür ki, bunlar onun ədəbiyyat tarixinin yeni prinsiplər əsasında təşkil olunduğunu demək üçün kifayətdir.
     Burası da vardır ki, F.Köçərlinin ədəbiyyat tarixində dövrləşdirmə vahidi ərazi yox, bəlkə əksinə, ədəbi şəxsiyyətin özüdür. Yazıçı onun ədəbiyyat tarixinin əsas predmetidir. Müəyyən bir dövrün ədəbiyyatı haqqında təsəvvür də bu yazıçılara həsr olunmuş oçerklərin məcmusundan yaranır.
     Birinci cilddə 50-dən artıq yazıçı barədə oçerk vardır. Bunlardan bəziləri çox müxtəsərdir, eləsi də vardır ki, bir necə cümlədən ibarətdir. Bu, əlbəttə, ondan irəli gəlirdi ki, həmin şəxsiyyətlər haqqında tədqiqat materialları, demək olar ki, yox dərəcəsində idi. Oçerklərin bir xüsusiyyətini də qeyd etmək lazımdır: haqqında danışılan sənətkarın əsərləri ilə əzəmi dərəcədə təchiz olunması xüsusiyyətini; F.Köçərli çox vaxt bədii əsəri bütöv şəkildə oçerkə daxil edir.
     Birinci cilddə Nizami, Vaqif, Vidadi, Zakir, Bakıxanov, Axundov, Nəbati haqqındakı oçerklər ayrı-ayrı yanlışlıqlara baxmayaraq və yazıldıqları dövrün kontekstində götürüldükdə, elmi- nəzəri səviyyənin yüksəkliyi, faktoloji zənginlik baxımından diqqəti xüsusi cəlb edir. Məsələn, deyək ki, Nizami haqqında oçerk həcm etibarilə kiçik olsa da, irəli sürülən məsələlər baxımından, hətta bu gün belə əlamətdardır. F.Köçərlinin Nizamidən Azərbaycan ədəbiyyatı çərçivəsində bəhs açması dövrü üçün böyük əhəmiyyət kəsb edirdi. Nizami irsinin Azərbaycan dilinə tərcüməsi məsələsinin irəli sürülməsi də oçerkin mühüm məziyyətlərindən idi.
     Köçərlinin tarixində Azərbaycan ədəbiyyatının ən geniş tədqiq olunan dövrü - Vaqif dövrü və ondan sonrakı milli ədəbi prosesdir. Bu, əlbəttə, tədqiqatçının milli ədəbiyyat anlayışı ilə mü- əyyən mənada bağlı bir istiqamət idi. Belə ki, F.Köçərli, ancaq milli dildə yaradılan ədəbiyyatı milli hadisə sayırdı, məhz bu halda ədəbiyyatda milli keyfiyyətlərin inkişafından danışırdı. Məhz buna görə də o, əlbəttə, hissə qapılıb Vaqif haqqında yazırdı ki, onun «bizim ədəbiyyatımızın banisi və müəssisi adlanmağa haqqı vardır» (səh. 159) və şairin ən qiymətli məziyyətlərindən birini onun ana dilində yazıb-yaratmasında görürdü. Vaqif haqqında: «Şair hər nə vücuda gətiribsə, öz ana dilimizin tərz və şivəsində gətiribdir» (səh. 190) - deyə yazırdı və bu keyfiyyətlər, alimə görə, Vaqifin «milli şairliyinə dəlalət edir» (səh. 190.)
     Oçerkdə Vaqif poeziyasının realistik təmayülü də təqdir olunurdu, göstərilirdi ki, Vaqifin şerlərinin «tamamisi ürəkdən və həqiqi həyatdan nəşət edən əsərlərdir», başqa sözlə desək, Köçərli Vaqif şerinə xas poetik təfəkkürün və hissin real, canlı olmasına diqqəti cəlb edirdi. F.Köçərli üçün Vaqif milli gerçəkliklə bağlı bir sənətkarın bariz nümunəsi idi və məhz buna görə onun haqqında danışarkən «milli şair» ifadəsini işlədirdi.
     Milli varlıqla bağlılıq cəhətdən F.Köçərli Zakir, M.F.Axundov kimi sənətkarları daha çox təqdir edir, onlara öz ədəbiyyat tarixində geniş, aparıcı yer verirdi. Xüsusilə, M.F.Axundov onun ədəbiyyat tarixinin mərkəzi siması idi və
     F.Köçərli bu böyük sənətkardan, hər şeydən əvvəl, yeni tipli bir yazıçı kimi danışırdı. Yazıçıya həsr olunmuş oçerkin zəngin məzmunu, problem mahiyyəti bununla əlaqədardır. Əgər desək ki, Köçərlinin ədəbiyyatşünaslıq istedadı, tədqiqat təfəkkürünün genişliyi Azərbaycan ədəbiyyatında yeni cərəyanın - realizmin banisi M.F.Axundova həsr olunmuş oçerkdə bütün qüvvəsi ilə özünü büruzə vermişdir, zənnimizcə yanılmarıq. Oçerkdə M.F.Axundovun çoxcəhətli ədəbi-bədii fəaliyyətini təhlil etməklə və qiymətləndirməklə Köçərlinin özünün tədqiqatı yeni ideya-estetik görüşlərlə zənginləşmiş olur, təhlillərinin siqləti ar- tır, əhatə dairəsi genişlənir.
     M.F.Axundov F.Köçərlinin sənətkar anlayışına ən yaxın yazıçı kimi oçerkdə təhlil olunur. M.F.Axundovun yeni tipli ədəbiyyat yaratması, Azərbaycan ədəbiyyatında realizmin inkişafına böyük təsiri, milli ədəbiyyatın yeni janrlar və formalarla zənginləşdirilməsi, əlifba uğrunda mübarizəsi bu oçerkdə işıqlandırılan əsas problemlərin heç də hamısı deyildir. Oçerkdə Axundov komediyalarının təhlili sadəcə bu əsərlərin ideya və məzmununu açmaqla məhdudlaşıb qalmır, həm də bu komediyaların milli ədəbiyatda yeni hadisə kimi meydana çıxmasının səbəbləri göstərilir. Köçərli yazırdı: «Komediya yazmaq hər bir ədibin işi deyil. Ədəbiyyatın bu növündə əsərlər vücuda gətirmək üçün elm və savaddan başqa təcrübə, bilik və millətin məişətinə ətraflı bələdiyyət dəxi lazımdır. Bunlardan əlavə, fitri bir istedad və yaradıcı qüvvə - «Allah vergisi» lazımdır ki, bir yandan görüb eşitdiyini götürüb yetirə bilsin və bir tərəfdən öz fikri xəyaləti ilə yoxdan var etsin» (səh. 435). «Azərbaycan ədəbiyyatı»nda M.F. Axundov məhz belə bir sənətkar kimi tədqiq olunur.
     «Azərbaycan ədəbiyyatı» bu gün həm ədəbi irsimizin parlaq nümunələrindən biri kimi, həm də müasir dövrümüzün özündə belə, aktual mahiyyət kəsb edən nüfuzlu bir mənbə kimi qiymətlidir. Nizamidən tutmuş, hələ keçən əsrin ortalarında «Uçub könlüm quşu, hər ləhzə Azərbaycan istər!» - deyən Ağaismayıl Zəbih kimi şairlərimizin əsərlərinə qədər klassik irsimizi durmadan öyrənmək, bu gün üçün ən əsası isə, onları müasir elmi-tekstolo- ji səviyyədə çap etmək, tərcümə və təbliğ etmək, yaymaq sahəsində «Azərbaycan ədəbiyyatı» ədəbiyyatşünaslıq elmimizin, nəşriyyatlarımızın qarşısında yeni vəzifələr qoyur. Nizami, Nəsimi, Füzuli, Vaqif, S.Ə. Şirvani, M.F. Axundov, C.Məmmədquluzadə, Sabir, H. Cavid, C. Cabbarlı və başqa böyük sənətkarlarımızın, eləcə də hələ özümüzün layiqincə tanımadığımız, oxuya bilmədiyimiz, lakin yaradıcılığının çox maraqlı nümunələri ilə «Azərbaycan ədəbiyyatında» rastlaşdığımız başqa söz ustalarımızın əsərlərinin maraqlı nümunələri ilə bizi tanış etdiyi A.Zəbih haqqında yazırdı: «Zəbih öz əsrinin Mirzə Ələkbər Sabiri olub. Əfsus ki, onun da qədri bilinməyibdir və əşarına rəvac verən olmayıbdır» (səh. 531). Elə etmək lazımdır ki, bu kimi mülahizələr bu gün də bizim üçün aktual səslənməsin.
     «Başlanğıc»da Firidun bəy Köçərli yazırdı: «Ədibi-fazil və şairi-qabil millətin maarif xadimləridir. Öz asarü əşarı ilə onlar millətin cisminə şəfa, ruhuna səfa, fikrinə cila, ağlına və tamami mənəvi və ruhani qüvvələrinə balü pər verib uca məqama qaldırırlar» (səh. 70).
     Zaman sübuta yetirdi ki, Köçərlinin özü də məhz bu cür - xalqa «şəfa, səfa, cila, balü pər» gətirən, bütün ömrünü onu «uca məqama qaldırmağa» sərf edən böyük mədəniyyət xadimlərimizdən biridir.

1978.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (21.06.2014) | Müəllif: R.C E W
Baxış: 621 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more