Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Əlimdədir hələ qələm (Məqalə)
ƏLİMDƏDİR HƏLƏ QƏLƏM...
(Səməd Vurğun poeziyası haqqında düşüncələr, mülahizələr)


Bir qonağam bu dünyada,
Bir gün ömrüm gedər bada.
Vurğunu da salar yada,
Düz ilqarlı bizim dağlar...
Səməd Vurğun

     Ədəbiyyatın müasir tarixində və ümumiyyətlə, XX əsr ədəbiyyatında çox az sənətkar tapmaq olar ki (bəlkə də bu heç mümkün də deyil!..), öz doğma xalqının arasında Səməd Vurğunun məşhur olduğu qədər məşhur olsun, Səməd Vurğunun öz doğma xalqı tərəfindən sevildiyi qədər sevilsin.
     Səməd Vurğun haqqındakı əfsanələr, nağıllar, zərb-məsəllər hələ onun lap cavan yaşlarından xalq arasında yayılıb, toyların-düyünlərin söz-söhbətinə çevrilib, aşıqların söylədikləri dastanlara daxil olub, ürəkləri riqqətə gətirib, hisslərdə bir çılğınlıq yaradıb. Xalqın ürəyində Səməd Vurğunun şəxsiyyəti yaradıcılığını, yaradıcılığı şəxsiyyətini davam və inkişaf etdirib və bu günün özündə də, Səməd Vurğunun vəfatından otuz il keçdiyi bir dövrdə də həmin əfsanələr, nağıllar, məsəllər, nəinki, yenə də söylənir, onlar daha da artıb, çoxalıb, yayılıb. Bu gün yaşıl yamaclarda sürüsünü otaran çoban başı qarlı dağları göstərib: «- Səməd Vurğun bu dağ- lardan keçib!..» - deyir, Bakının taksi sürücüləri beş dəqiqəlik, on dəqiqəlik səmişinlərinə belə, vaxt tapıb, Səməd Vurğunun ürəyinin yumşaqlığından, səxavətindən, sadəliyindən məsəllər danışır, bu gün ilk məhəbbətlərini yaşayan cavanlar çətin məqamlarda Səməd Vurğun vəfadarlığında təskinlik tapırlar...
     Bu mənada, «Səməd Vurğun fenomeni» barədə düşünəndə, «Səməd Vurğun nəyə gorə Azərbaycan xalqı arasında bu qədər məşhurdur, bu qədər sevilir?» - deyə öz-özümə sual verəndə, bu sualın cavabında mənim üçün heç bir qaranlıq məqam yoxdur: ona görə ki, bu məhəbbət qarşılıqlıdır, Vurğun və xalq məhəbbətində tərəf-müqabillərin hissləri, həyəcanları, ehtirasları, necə deyərlər, eyni bulaqdan su içir, bu hisslər, həyəcanlar, ehtiraslar qarşılıqlı sanbala və qarşılıqlı doğmalığa malikdir.
     Səməd Vurğunun mövzu dairəsi çox genişdir, onun poeziyası yaşadığı dövrün (bütün mürəkkəb cəhətləri ilə birgə...) ictimai problematikasını ifadə etmişdir, Səməd Vurğun Reyxstaqdan da, Eduard Mazedən də, Ukrayna partizanlarından da, Moskvadan, Berlindən, Londondan da yazmışdır, lakin Səməd Vurğun bir tərəfdən bütün bunları oz doğma xalqının dilində, həmin dilin imkan və nüanslarından ustalıqla istifadə edərək və milli ədəbi ənənələrdən qidalanaraq yazmışdır, digər tərəfdən isə, Səməd Vurğun o şairdir ki, dövrün həmin ictimai ehtivası ilə bərabər,
Vurğunun xəyalı gəzdi aranı,
Gözümdə oynadı dağın boranı;
Qışın buz qatığı, yayın ayranı,
Payızın qaymağı yadıma düşdü! -

demişdir və burada məsələ, əlbəttə, kulinariyamızın zənginliyində və çox dadlı olmasında deyil; məşhur «Yadıma düşdü» qoşmasındakı bu qatıq da, bu ayran da, bu qaymaq da, «ceyranın duruşu, durnanın gözü, kəkliyin ayağı» da, şairin cavanlıq çağlarında «gülüb oynadığı toy da, mağardakı qızların qolbağı» da, «bizim gəlinlərin bayramdan qabaq fəsəli yaymağı» da, «nişanlı qızların görüşdən qabaq tellərini saymağı» da xalqın ürəyindən axıb gələn böyük məhəbbəti öz ürəyinə yığıb və həmin böyük məhəbbətlə də bir sənətkar kimi, xalqa məxsus olmağın göstəricisi səviyyəsinə qalxıb...
     Bu sadə məfhumları, kiçik etnoqrafik detalları, cizgiləri həmin səviyyəyə qaldıran isə, əlbəttə, böyük hərfli İstedad idi və Səməd Vurğun Azərbaycana müraciət edərək:
Odlar yurdu! Əhdimiz var əzəldən,
Bu ilqardan nə mən dönüm, nə də sən -

deyərkən, bizdə daxili bir arxayınçılıq var; bu qarşılıqlı məhəbbətdə, bu əhddə, ilqarda xəyanət olmayacaq, vəfasızlıq, dönüklük olmayacaq, çünki həmin məhəbbətdə qan bağlılığı, süd bağlılığı var.
     Yaşlı teatralların dediyinə görə, «Vaqif»in ilk tamaşaları (əsər 1938-ci ildə tamaşaya qoyulub) xalqın mənəvi həyatında bir ildırım kimi çaxmışdı və o dövrün mətbuatını vərəqlədikcə, biz özümüz də bunu görür, hiss edirik. O ildırım gəldi-gedər olmadı, onun işığı illərdən illərə keçdi, hətta biz, əllinci illərin şagirdləri də «Vaqif»i əzbər bilirdik və ürəklərdəki həmin «Vaqif» bağlılığı, «Vaqif» məhəbbəti və sədaqəti bu gün də davam edir.
     Nə üçün belədir? Axı, əlimizə zərrəbin alıb axtarsaq «Vaqif»də bəlkə də dramaturji qüsurlar taparıq, iradlar söyləyərik... Dilin gözəlliyinə görəmi, Vaqifin hazırcavablığına gorəmi, Xuramanın vəfasızlığına, Vidadinin ağsaqqallığına, Qacarın cəlladlığına görəmi, xarakterlərin bütövlüyünə görəmi? Əlbəttə, heç şübhəsiz ki, bunlar da əsasdır, lakin ən əsas ona görə ki, «Vaqif» Azərbaycan xalqının böyüklüyündən deyir, igidliyindən, müdrikliyindən, vəfadarlığından xəbər verir, xalqın azadlıq istəyindən, müstəmləkəçiliklə, istibdadla barışmazlığından, Vətənin müqəddəsliyindən söhbət açır. Tamaşaya qoyulduğu dövrün mürəkkəbliyi, vulqar sosioloji təmayüllərin hələ də ara-sıra özünü büruzə verməsi, beynəlxalq vəziyyətin gərginliyi kontekstində «Vaqif»in ifadə etdiyi xalq problematikası, «Vaqif»dəki xalq ruhu, xalq məhəbbəti, elə bilirik ki, daha artiq ucalır, aliləşir, daha artıq emosional təsir gücünə malik olur.
     Səməd Vurğun:
Bağrıma basıram ana Vətəni,
Bu ülfət ilhama çağırır məni! -

deyir və biz ona inanırıq, bu misralar özünü doğrultmayan bir iddia təsiri bağışlamır, çünki Vətənlə ülfətin məhz şair Səməd Vurğunu beləcə ilhama səsləməsinə inamımızı onun xalqı ifadə edən əsərləri doğurur.
El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma Vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!..

     Biz bu şeri sevirik, bu şeri məktəb çağlarımızdan əzbər bilirik və ömrümüzün sonuna kimi unutmuruq, buradakı müstəqim, birbaşa tərənnüm, necə deyərlər, açıq-saçıq vəsf bizi narazı salmır, bu şer dillərdən dillərə, nəsillərdən nəsillərə keçir... Ona gorə ki, Şair-Vətən, Şair-Xalq məhəbbətinin saflığma, təmənnasızlığına bizim zərrə qədər də şübhəmiz yoxdur, bu sözləri bu qədər sadə və bu qədər ürəkdən, bu qədər sövq-təbii yalnız belə bir məhəbbət dedirdə bilər və şair əlacsız xəstələnərkən (şair də insandır!..) söylədiyi: «Vaxtsız əcəl, məndən uzaq dayan, dur, Qürbət eldə can vermərəm ölümə! Qılıncını məndən uzaq dolandır, Onu bil ki, qələm aldım əlimə, Qürbət eldə can vermərəm ölümə!..» - sözlərinin də həqiqiliyinə şübhə etmirik, çünki o xəstəlik nə qədər əlacsız olsa da, sənətkar ki, xalqına, Vətəninə bu dərəcədə bağlıdır, onun lirik qəhrəmanı, əlbəttə, qürbət eldə ölümə can verməyəcək, onun buna gücü, qüvvəsi çatacaq, bu gücü, bu qüvvəni həmin xalq, həmin Vətən verib.
     Səməd Vurğunun bu beş misrası Məhəmməd Füzulinin dörd yüz əlli il bundan əvvəl söylədiyi misraları bizim yadımıza saldı:
Mən ol bülbüli-gülşəni-aşina ki, qürbətdə
qalmış əsiri-bəlayəm.
Bu nəğməm nəvadır, özüm binəva,
Ümidim kəsilmiş, vətəndən cidayəm.
Həyatım ağırdır, günümdür qara,
Bu iş, ah, nə işdir ki, mən mübtəlayəm?..

     «Bu iş» - Vətən məhəbbəti, xalq sevgisidir. Bu məhəbbət, bu sevgi həmişə Azərbaycan xalqının yaratdığı böyük sənətkarların ürəyində olub, bəzən onların özlərini «binəva» etsə də, nəğmələrini «nəva» edib və bu «nəva» - sərvət yalnız öz-özlüyündə qalmayıb, həmin xalqın mənəvi sərvətinə çevrilib...

***


     Səməd Vurğun Natəvana həsr etdiyi şerdə şairənin məşhur:
*Varımdı sinəmdə dərdü qəmi-nihan, olürəm,
*Fəda olum sənə, gəl eylə imtəhan, ölürəm -
beytini epiqraf gətirir, sonra öz şerini söyləyir və bu şerin yaratdı- ğı ovqat yalnız epiqraf gətirilmiş həmin beyti yazan Natəvanın yox, çox incə və həssas bir xislətə malik, zərif qəlbli, duyğulu bir şairəni təsəvvürümüzdə canlandırır, bizi onun mənəvi dünyasına aparır. Burada yüksək istedada dəlalət edən cəhət odur ki, şerdə birbaşa, müstəqim surətdə Natəvanın xarakteristikası verilmir, Səməd Vurğunun lirik qəhrəmanının özünün hisslər aləmi bizə Natəvanın hisslərinin xarakterindən deyir:
Üzündə sonbahar, ağzında yaşmaq,
Sənin gözəlliyin solğun görünür.
Gəl yaxın əyləşək, yaxın danışaq,
Mənalı gözlərin dolğun görünür...

     Səməd Vurğunun lirik qəhrəmanı Natəvana bu cür müraciət edir və bu müraciətin təbiiliyi, həzinliyi, bu müraciətin özündəki yarımtonlar nəticəsində biz məhz Natəvanla, Natəvan sənəti ilə ünsiyyətdə oluruq, onu oxuyuruq, onu duyuruq; bu məhz həmin şairədir ki:
Səni kimdir sevən bica, qərənfıl?
Sənə mən aşiqi-şeyda, qərənfil! -

deyə qərənfilə müraciət edir və Natəvanın surətini təsəvvürü- müzdə canlandıran da Səməd Vurğunun o lirik qəhrəmanıdır ki, misal üçün, «Bənövşə» qoşmasında bənövşəyə belə müraciət edir: «Yazın novbarısan bizim diyarda, Qıvrım tellərini sana, bənövşə...».
     Yaxud «Lalə» şerindəki misralara diqqət edək:
Lalə, rəngindəki yanğın, de, nədir?
Niyə məlulsan, a dağlar qızı, sən?
... O uzaq yollara həsrətlə baxan
Qara gözlər, de, neçin dolğundur?
Lalə, rəngin nə yaman solğundur?

     Bu, əlbəttə, Səməd Vurğun poeziyası ilə klassik Azərbaycan poeziyası arasındakı hisslər, duyğular məhrəmliyinin, ruh eyniliyinin, sələf-xələfliyin doğurduğu estetik xüsusiyyətdir.
     Düzdür, bizim klassik poeziyamızda, aşıq poeziyasında lalə əsas etibarilə al yanaqların gözəlliyindən, sağlamlığından deyən bir obrazdır, vəsf edilən gözəlin, məşuqənin tərifi zamanı bənzədilən «kaman», «dürr», «qönçə», «püstə», «ərğəvan» və s. kimi ənənəvi estetik ünsürlərdən biridir. Səməd Vurğunun çox sevdiyi və yüksək qiymətləndirdiyi M.P. Vaqifin qoşmalannı yada salaq:
Nə gözəl yaraşıb al yanağına,
Nazikdir, dəyməsin əl yanağına...
Zülfü buxağına, gül yanağına
Nə bənövşə bənzər, nə lalə,
Yetər...

     Klassik şerimizdəki «lalə»də bir şuxluq, təmizlik var, həyati, cismani bir gözəllik var. Aşıq Ələsgərin müxəmməsindəki misralara fikir verək:
Yetişibdir bahar fəsli,
Yar Leyli dağından gəlir;
Sanki Fərhadın Şirini
Sürüdən, sağından gəlir;
Dəstində lalə, nərgiz,
Gül-gülşən bağından gəlir...

     Nəhayət, «lalə» təbiətin gözəlliyini səciyyələndirən bir obrazdır. XVIII - XIX əsr şairlərimizdən az tanınan, lakin çox təbli Zabitin dediyi kimi:
Bir məsəldir, hər ağacda bar olmaz,
Tur dağıtək hər dağ laləzar olmaz...

     Səməd Vurğunun «lalə»si isə solğundur, «həsrətlə baxan qara gözləri» dolğundur, bu «lalə» nakamdır, o, yol gözləyir, lakin əbəs gözləyir və bu məqamlarda Səməd Vurğunun lirik qəhrəmanı «lalə»ni tam başa düşür, duyur, onların arasında mənəvi bir təmas, ruhi bir yaxınlıq var; bu lirik qəhrəman: «-Lalə, bəsdir!.. deyir. - Onu gəl gözləmə sən... İçdiyin andı, quzum, sən də unut! Yüz il ansan da onu xatirətək, O vəfasız qayıdıb gəlməyəcək...»
     Səməd Vurğunun «lalə»si vəfasızlığın qurbanıdır, o, şux, sağlam gözəlliyi ifadə etmir, əksinə, qəmli-qüssəlidir, xatirələrlə yaşayır, əhdə vəfasızın yolunu gözləyir.
     İlk baxışda Səməd Vurğunun «lalə»si klassik şerimizdəki «lalə» ilə tamam əks qütbdədir, lakin bu ilk baxışda belədir, yəni yalnız zahiri səciyyəsinə görə belədir, bədii-estetik cəhətdən isə bu «lalə»nin oxucuya təqdimindəki zəriflik, həzinlik klassik şerimizin ruhundakı zərifliklə, həzinliklə doğma tellərlə bağlıdır.
     Səməd Vurğun poeziyası ilə klassik şerimiz arasındakı bağ- lılıq mənəvi dünya yaxınlığındadır, həmin mənəvi dünyanın bə- di-estetik ifadəsinin zahiri görünüşündə yox, daxili mündəricə- sindədir.
     Səməd Vurğun adi və az sözlərlə, heç bir mübtədanın, xəbərin yerini dəyişmədən, təbii söz düzümü ilə, ənənəvi şer formalarında, ənənəvi qafiyə sistemi ilə çox görümlü, dəqiq və incə mənzərə yaradır:
Yerdən ayağını quş kimi üzüb,
Yay kimi dartınıb, ox kimi süzüb,
Yenə oz sürünü nizamla düzüb,
Baş alıb gedirsən hayana, ceyran?..

     Mən həmişə Səməd Vurğunun bu tipli misralarını, şerlərini oxuyarkən, elə bil ki, gözlərimin qarşısında orta əsrlər Azərbaycan miniatürləri canlanır, elə bil, Behzadın, Sultan Məhəmmədin miniatürlərini görürəm.
     Məşhur «Ceyran» qoşmasından gətirdiyim bu bir bənddə sürət var, amma belə bir dinamika ilə bərabər, anın qrafik rəsmi də var və bura həzin, kövrək ovqat, əhvali-ruhiyyə, elə bil, «yay kimi dartınan, ox kimi süzən» o ceyran varlığının həkk olunmuş həmin bir anını daimi müşayiət edir... Xalqdan, torpaqdan gəldiyi üçün belədir, klassik poetik ənənələrdən qidalandığı üçün, xalqın mənəvi dünyası ilə yaşadığı üçün belədir.
     Səməd Vurğun poeziyasında poetik nəfəs dolğun, bütov, tamdır və bu həmin poeziyaya məzmun baxımından da, poetika baxımından da bir monumentallıq gətirir. «Muğan» poemasının «On üçüncü nəğmə»sindən gətirdiyimiz aşağıdakı misralara diqqət edək:
Köhlən atlar kişnədikcə ərənlərin nərəsinə,
Ağır göylər, asimanlar dilə gəlmiş yer səsinə...
Burda Pompey ordusuna sinə gərmiş bizim ellər,
Yanğınların arasında nəfəs almış aylar, illər...

     Bu misraları oxuyursan və sənə elə gəlir ki, oxuduğun kitab vərəqində kiçicik bir boş yer də yoxdur, elə bil, kiçikliyindən-böyüklüyündən asılı olmayaraq bütün vərəq başdan-başa misralarla düzülüb, bütün vərəq başdan-başa hərflərdir və məsələ yalnız onda deyil ki, burada misralar ağır vəzndə yazılıb, hər biri on altı hecadan ibarətdir; əsas məsələ burasındadır ki (və bu - Səməd Vurğun sənətinin poetikası üçün səciyyəvidir ki!), həmin misrala- rın lüğət tərkibi elə seçilmişdir və sözlərin frazeoloji düzülüşü elə qurulmuşdur ki, onlar monumental bir hörgünü hörürlər.
     Elə buradaca qeyd edək ki, hərgah bu poetik seçmə və qurma prosesi əvvəldən düşünülmüş, yəni özünühədəfə çevrilmiş monumentallıq naminə aparılırsa, o zaman bədii-estetik effekt, əlbəttə, sönük olacaq. Səməd Vurğun poeziyasında həmin seçmə və qurma prosesi təbii bir prosesdir, mövzunun sövq-təbii olaraq, intuitiv şəkildə (əski təbir ilə desək, təhtəlşüur şəklində) sövq etdiyi söz seçimi və düzümüdür, şerin tamam təbii quruluş arxitektonikasıdır. «Zəncinin arzuları» poemasının elə ilk bəndinə fikir verək:
O, kürsüyə sinə gərdi, danışmadı, susdu bir dəm.
Çatıb qara qaşlarmı fikrə getdi o, bir anlıq;
(Bəzən dilsiz bir vüqarla qılınc çəkir qəhrəmanlıq,
Qarşısmda boyun büküb, səcdə qılır bütün aləm...)

     Məhz təbii olduğu üçün, süni qarşıdurmadan uzaq olduğuna görə, buradakı monumentallıq hisslərin, poetik görümün sanbalı bizi ələ alır və bu kiçik poemanın sonuna kimi bizimlə birgə olur, hətta poemanın səkkizliklə, onbirliklə yazılmış parçalarında belə, həmin monumentallıq, poetik sanbal duyumu bizdən ayrılmır.
     Məxsusi Səməd Vurğun deyiminin yaratdığı bu monumentallıq, həm də yalnız görüm, mənzərə monumentallığı yox, eyni zamanda, hisslərin, həyəcanların monumentallığı, əhvali-ruhiyyənin monumentallığı bizim heca vəzninin, hətta deyək ki, gəraylı kimi azhecalı, sırf estetik baxımdan oynaq olmasında da özünü büruzə verir:
Binələri çadır-çadır,
Çox gəzmişəm özüm, dağlar!
Qüdrətini sizdən aldı
Mənim sazım, sözüm, dağlar!..

     Lakin Səməd Vurğun poeziyasının səciyyəvi və mühüm cəhətlərindən biri odur ki, buradakı monumentallıq incə lirikanın, kameralığın hesabına deyildir. Səməd Vurğun bir şerdə epik şair- dir, o birisində incə lirikdir, bir şerində onun bədii-estetik özünü- ifadəsində monumentallığın şahidi oluruqsa, digər şerində həzin bir kameralıq, məhrəm bir intimlik hisslərimizi kövrəldir. Bu cəhəti biz onun hətta eyni bir mövzuya həsr olunmuş şerlərində belə görə bilərik.
     Cənubi Azərbaycan mövzusunda yazılmış və «İran irticaçıları Azərbaycan dilində olan kitabları vəhşicəsinə yandırırlar» epiqrafı ilə başlayan «Yandırılan kitablar» şeri epik vüsəti, yaratdığı monumental mənzərəsi, hiss-həyəcanı ilə ilk bənddən bizi ələ alır:
Cəllad! Sənin qalaq-qalaq yandırdığın kitablar
Min kamalın şöhrətidir, min ürəyin arzusu...
Biz köçürük bu dünyadan, onlar qalır yadigar,
Hər vərəqə nəqş olunmuş neçə insan duyğusu,
Min kamalın şöhrətidir, min ürəyin arzusu...

     İndi isə yenə də Cənubi Azərbaycan mövzusunda yazılmış «Təbriz gözəlinə» şerindən bir bəndə diqqət edək:
Nədir bu həsrətin adı, ünvanı?
Baisin evində işıq yanmasm...
Ah, Araz, ah, Araz, vədimiz hanı?
Bir ürək ikiyə paralanmasın!..

     Buradakı incə lirika, kameralıq ilk baxışda «Yandırılan kitablar şerindəki epika, monumentallıq ilə tamam müxtəlif təhkiyə sisteminin, hətta tipoloji baxımdan müxtəlif təfəkkür tərzinin bədii-estetik bəhrələridir, lakin bu yenə də ilk baxışda belədir, Sə- məd Vurğun monumentallığı ilə Səməd Vurğun kameralığı üzvi surətdə bir-birinə bağlı olan, bir-birini tamamlayan ifadə vasitələridir. Təsadüfi deyil ki, bəzən biz çox maraqlı bir poetik hadisə ilə qarşılaşırıq: həmin iki cəhətin ikisini də eyni bir şerdə müşa- hidə edirik.
     Elə həmin Cənub mövzusunda yazılmış məşhur «Körpünün həsrəti»ni bu baxımdan yenidən oxuyaq: elə bilirəm ki, o zaman dediyimiz üzvi bağlılığı əyani şəkildə hiss etmək bir o qədər də çətin deyil.
     Lirik qəhrəmanın getdiyi qatar Araz qırağında dayanır və «o taya... o taya baxışır hamı».
Araz dağlar yarıb, qayalar dəlir,
Zamanın fikritək axır sürətlə.
Qayalı dağlar da salama gəlir,
Elə bil baş əyir ona hörmətlə...

     Biz həmin lirik qəhrəmanın gözləri ilə belə bir epik mənzərə görürük, bu mənzərəni yaradan hisslərin, ehtirasın monumentallığı bizə də sirayət edir, lakin yavaş-yavaş intonasiya dəyişir, lirik qəhrəman ricətə çıxır:
Ah, ürək duyduqca bu səhnələri,
Adətim olmuşdur alışıb yanmaq.
Yanğına düşmüşdür könlüm şəhəri,
Böyük bir dərd imiş şair yaranmaq -

və bu ricətdəki epiklikdə, sərtlikdə artıq bir intimlik də özünü göstərir; lirik qəhrəman Arazın üstündən salınmış, «şahidi min bahar, bəlkə min qış» olan qədim daş körpüyə baxır, həmin körpü tamam gedişsiz-gəlişsizdir, yay-qış üzərində ayaq izi olmur və hisslər tamam kövrəlib, budəfəki tamam kamera səciyyəlidir:
Axşam qəribliyi dağlardan enir,
Sakit dərələrə bir həsrət çökür.
Araz gah parlayır, gah kölgələnir,
Bəzən də hıçqırır o, hönkür-hönkür...

     Bu zaman lirik qəhrəman o kimsəsiz, o yetim korpüdə bir qoca görür. Yox, bu xəyal deyil, əfsanə deyil, görünən «insandır, gözlərində qəm...». Bu qoca o qədim daş körpünün memarıdır və bu yerdə Səməd Vurğun monumentallığı ilə Səməd Vurğun intimliyi ən sıx surətdə bir-birinə hopur, vahid bir poetik təhkiyəyə çevrilir:
Bildim, o memardır... O yaradandır.
Yaxın gəl, oxucum, bax əllərinə!
O, Araz üstündə xeyli zamandır
Ağlayır xar olmuş əməllərinə...

     Əlbəttə, poetik təhkiyədə belə bir vəhdətə nail olmaq üçün mövzu gərək ürəkdən gələn hisslərlə, ürəkdən gələn təbii bir yanğı ilə ifadə olunsun və xalqımızın Cənub dərdi, ayrılığın yaratdığı və qəlbləri üşüm-üşüm üşüdən o uzun həsrət Səməd Vurğun xislətində məhz o hissləri yaradırdı, o yanğını əmələ gətirirdi...

***


     Hələ gözəl tələbəlik illərində Viktor Hüqonun bu sözlərini cib dəftərimə köçürmüşdüm: «Şair üçün yalnız bir nümunə olmalıdır - təbiət, yalnız bir rəhbər olmalıdır - həqiqət».
     Səməd Vurğunun vaxtilə yazdığı «Dörd söz» şeri bizə onun özünün poeziyasının xarakterini göstərən, bu poeziyanın mündəricəsini səciyyələndirən poetik (və sövq-təbii!) bir məramnamə təsiri bağışlayır. Həmin şerdə Səməd Vurğunun qəbul və tərənnüm etdiyi dörd söz bunlardır: «məhəbbət», «səadət», «vətən», «zəfər» və şer belə bir alqışla bitir:
Yaşasm MƏHƏBBƏT dediyin pəri!
Yaşasm SƏADƏT! - o yaz səhəri!
Yaşasm anamız müqəddəs VƏTƏN!
Oyansm səhərlər ZƏFƏR səsindən!

     Səməd Vurğun özü məhəbbət şairidir, səadət şairidir, Vətən şairidir, zəfər şairidir.
     Buradakı «səadət» və «zəfər» sözləri bir-birini təkrar etmir- mi, səadəti tərənnüm etmək, insanlara səadət arzulamaq zəfəri tərənnüm etmək deyilmi və onları bir-birindən ayırmaq lazımdırmı?
     Bizcə, Səməd Vurğun poeziyası kontekstində səadət və zəfər məfhumları bir-birindən fərqlidir və onlardan birincisi milli-bəşəri səciyyə daşıyırsa, ikincisi konkret olaraq şairin yaşadığı dövrü, zamanı ifadə edir.
     Hər hansı bir yaradıcı şəxsi yaşadığı, yazıb-yaratdığı dövrün kontekstindən ayırmaq, onun əsərlərinə qiymət verərkən dövrün spesifikasmı nəzərə almamaq düzgün və yəqin ki, mümkün deyil, hər halda, obyektiv olmaz. Dövrün, zamanın müsbət cəhətləri həmin yaradıcılıqda bədii təsdiqini tapdığı kimi, naqis cəhətləri də tənqid hədəfini təşkil edir və bu mənada, Səməd Vurğunun yaradıcılığı bizim həyatımızın otuzuncu, qırxıncı, əllinci illərini ifadə edir. Lakin burada bir cəhət də vardır ki, bəzən zamanın, dövrün naqis cəhətləri, yanlış təmayülləri yaradıcılığa da təsir edir, yaradıcılıqda da özünün bədii ekvivalentini tələb edir və yaradır...
     Bu baxımdan, biz bəzən Səməd Vurğunun şerlərində daxili bir konflikt, daxili bir bəraət axtarışı müşahidə edirik; bəzən bir təəssüf şəklində: «Çox da uymayıram könlüm deyənə...» («Şairin səsi»), bəzən daha qəti və konkret şəkildə: «Açılmamış bir kitab var can otağımda, varaqlayaq, bir çoxunun üstündən keçək...» («Gəlməsəniz də!»). Bəzən biz onun şerlərində sətirarası bir tərcümeyi-hal oxuyuruq:
Mən əzəldən tufanların qoynunda bir ötən quşam,
Fırtınalar, qasırğalar qucağında doğulmuşam...
Ağır toplar dilə gəlib səs saldıqca dağ dalına,
Mənim şair ürəyim də döndü dağlar qartalına.
Şirlər kimi çox çıxmışam yanğınların arasından,
İgid, igid ola bilməz qan axmamış yarasından...

     Bizə elə gəlir ki, Səməd Vurğunun bu tipli misralarında poetik özünü tərənnüm, özünü xarakteristika yox, bəlkə də dramatik bir mənəvi hesabat var, özünün özü ilə təkbətəkliyi var. Onun «Unudulmuş tək məzar» şeri, bizcə məhz həmin dramatik mənəvi hesabatın, şair tələbkarlığının, şair narazılığının nəticəsi olan belə bir sonluqla bitir:
     «Hanı qələm? Hanı kağız? Tez ol, gətir, a dildarım! Barı gəzsin ağız-ağız indən belə yazdıqlarım...»
     Bu sətirləri şerləri dillər əzbəri olan Səməd Vurğun yazır və burada heç bir yalançı təvazökarlıq yoxdur. Bu yüksək səviyyəli sənətkar özünütəhlilidir və ümumiyyətlə, «Unudulmuş tək məzar» şeri bu mənada bizim üçün çox əlamətdar görünür.
Bu gün məni səyyar xəyal
Öz dünyamdan qoparmışdır...
Qulağı kar, dili də lal
Bir aləmə aparmışdır.

     Xəyalın lirik qəhrəmanı apardığı o yerdə «nə şənlik var, nə səs», oranın «torpağı dərd, suyu qəmdir», o yerin adı qəbiristandır, oradakı qəbir daşlarının hər biri, elə bil ki, canlı bir insandır, «göz yumaraq yerə, göyə, qərq olmuşdur düşüncəyə» və «torpağı dərd, suyu qəm» olan o yerdə qəribə bir kontrast var, orada, eyni zamanda, «dörd bir tərəf bahar kimi gül açmışdır» və o yerin dünyanın əbədiliyindən, müdrikliyindən deyən bir xüsusiyyəti var:
Yazın seli, qışın qarı,
Əsən külək, yağan yağış
Daşlardakı yazıları
İllər boyu pozammamış.

     Hələ bu mənzərə, özü də Səməd Vurğun yaradıcılığı üçün bir o qədər səciyyəvi olmayan sürrealist bir mənzərə öz-özlüyündə bir şey demir, lakin bu süjetli şerdəki gözlənilməz, hətta mən deyərdim ki, sarsıdıcı hadisənin münbit bədii-estetik zəminini yaradır. O xəyal aləmində, o qəbiristanda «elə bil ki, qanadı var qartal kimi, heykəllərin», hərənin «öz ünvanı, öz adı var», lakin bu zaman:
Bu xəyalla gəzdikcə mən
Qəbiristanı qarış-qarış,
Gözlərimə dəydi birdən
Üstünü ot, alaq almış
Bir məzar ki, nə başdaşı,
Nə ünvanı, nə adı var,

Nə həmdəmi, nə sirdaşı,
Nə doğması, nə yadı var.

     Lirik qəhrəman «qəbiristana keşik çəkən, gül basdırıb ağac əkən dünyagörmüş bir qocadan» bu adsız, ünvansız qəbrin, üstünü ot, alaq basmış qəbrin kimin olduğunu soruşur və həmin qoca gülümsəyib:
Qafil, özün bilməyirsən?
Səninkidir o tək məzar,
Onu dövran verdi bada... -

deyir və doğrusu, bu qoca bizə «Hamlet»dəki qəbirqazanı xatırladır və ümumiyyətlə, biz bu şerin əhvali-ruhiyyəsi ilə Hamletin «Olum, ya ölüm?» düşüncələri arasında bir yaxınlıq görürük və sənətkar taleyinin həmin məqamlarındakı dramatizmi hiss edirik; sonra qoca sənətin yaşamaq hüququndan deyir... Lirik qəhrəman «keçən ömrü» soraqlayır, bu fikirlərlə:
Boğulduqca göz yaşıma,
Dedim ömür yoldaşıma:
- Qapıları, tez ol, bağla,
Otağı da bir az qızdır.
Sən də bil ki, təmtəraqla
Keçən günlər vəfasızdır!..

     Bu, sözlərdə həmin dediyimiz sətirarası sənətkar tərcümeyi- halını oxumaq, elə bilirik ki, bir o qədər də çətin iş deyil və bu tərcümeyi-halda, eyni zamanda, dövrə münasibət var, daha doğrusu, bəzən dövrün, zamanın obyektivliyini, təbii axarını üstələyən və bədiiyyatı da rahat buraxmayan, bəzən bədiiyyata da həmlə edən, bədiiyyatda da öz tərənnümünü tapan, təmtərağa düşən, götür-qoy edən sənətkar münasibəti var, dediyimiz kimi, özünütəhlil var.
     Bu, Səməd Vurğun istedadının, fitrətinin narahatlığı idi.

***


     «DÜNYA» məfhumu bədii-fəlsəfi bir obraz kimi, həmişə bizim klassik ədəbiyyatımızda, xüsusən, aşıq ədəbiyyatımızda çox işlənib və bizim elə bir ustad aşığımız tapılmaz ki, bu ənənəvi obrazla bağlı xüsusi qoşma, gəraylı söyləməsin, başqa mövzulu əsərlərində belə, ara-sıra bu obraza müraciət etməsin.
     Dünyanın faniliyi, vəfasızlığı barədə, elə bil, həmin fanilikdən, vəfasızlıqdan alınan, hərgah belə demək olarsa, estetik bir qisas kimi, yüksək bədii səviyyəli şerlər əsrlərdən əsrlərə adlamış, ustadlardan ustadlara keçmişdir:
Bu dünya karvansaradır,
Hər gələn qonar, əylənməz...
(Abbas Tufarqanlı)
Bu dünyanın çox olubdur cəfası,
Cəfasına dəyməz zövqü-səfası...
(Dərviş Mahmud)
Hanı İsgəndər, Süleyman, olan sahib-ixtiyar,
Onları da atəşlərə fələk yaxdı dünyada...
(Ağdabanlı Aşıq Qurban)
Qoca cadugərdi, aldadar səni,
Cavanlıq donunda qalan bu dünya...
 (Aşıq Bəsti)

Dövlətə qul olub gültək açılma,
Çox sənintək güllər soldu dünyada...
 (Aşıq Ələsgər).

     Aşıq poeziyasında bu motiv o qədər güclüdür ki, bu tipli yüzlərlə, hətta minlərlə gözəl misallar gətirmək olar. Səməd Vurğun da milli folklora bağlı olan, daha doğrusu, milli folklordan çıxmış və bütün ömrü boyu bu folklorun ab-havası ilə nəfəs alan bir sənətkar kimi, dünya haqqında ayrıca qoşma («Komsomol poeması»nda) yazmışdır:
Bir də gorürsən ki, açılan solur,
Düşünən bir beyin, bir torpaq olur,
Bir yandan boşalır, bir yandan dolur,
Sirrini verməyir sirdaşa dünya.
Əzəldən belədir çünki kainat,
Cahan daimidir, ömür amanat,
Əldən-elə keçir vəfasız həyat,
Biz gəldi-gedərik, sən yaşa, dünya!..

     Şeriyyətin gözəlliyi, axıcılığı, təbiiliyi ilə bərabər, ilk baxışda, bir tərəfdən hər şey ənənəvidir, deyilmiş fikirlərdir, digər tərəfdən isə həmin ənənənin inkişafı göz qabağındadır: vəfasız həyatdır, gəldi-gedər bizik, sən isə yaşa, dünya, çünki sən gələcək nəsillərsən, sən Vətənsən, sən Xalqsan.
     Səməd Vurğunun qəzəllərindən birində lirik qəhrəmanın:
Əgər səndən dönər isəm, nəsibim ahü-zar olsun,
Baharım qan tökən qışlar, açılmaz bir diyar olsun...
Çəmənzarım, bağım-bağçam saralsın, həpsi xar olsun,
Məzarım od tutub yansın, bu eşqim aşikar olsun... -

deyə müraciət etdiyi gözəl, elə bil ki, məşuqə yox, ilham pərisidir və həmin pəriyə əbədi sədaqətini ifadə edən lirik qəhrəman:
Ölüm!.. Ey vah, o nemətdir, o bir şanlı səadətdir,
Əgər vaxtsız ölər isəm, rəqibim bəxtiyar olsun!..
- deyərkən də buradakı «rəqib» bu gün yaranan və sabah yaradılacaq poeziyadır, sənətdir, buna görə də həmin «rəqib» qısqanclıq doğurmur, əksinə, xeyir-dua alır.
     «Vaxtsız ölər isəm... »
     Vaxtsız olüm... Səməd Vurğunun şerlərində qəribə bir nigarançılıq var, elə bil ki, o şerlərdə ömrün əvvəldən duyulan bir nakamlığı var, taleyin Səməd Vurğun ömrü ilə bağlı əlli yaş sərhədli vaxt möhlətini əvvəlcədən hissetmə var və bu motivə biz onun müxtəlif illərdə yazdığı şerlərdə tez-tez rast gəlirik:
Mənə çox görməsin zaman,
alışıb yaşamaq həvəsini...
     Yaxud:
Ömür kitabını tamamlamağa,
Çox da can atmasın əlimdə qələm,
Mən tələsmirəm,
Mən tələsmirəm!..
     Yaxud:
Məni yelkən kimi qərq etsə də dəryada zaman,
Vurğun öldü deməyin, bir əbədi sənəti var...

     Səməd Vurğunun bu kövrək, emosional misralarını oxuyuram, onları nümunə üçün qarşımdakı ağ kağıza köçürürəm, xəyal isə məni otuz beş il bundan əvvələ, əllinci illərin əvvəllərinə aparır... O uzaq illərdə mən orta məktəbin ibtidai siniflərində oxuyurdum. Bu dünyanın ölüm-dirim işlərindən xəbərsiz bir uşaq kimi, gözəl günlərimi yaşayırdım, amma bəzən mənim uşaq qəlbimə həyatın, yaşayışın gəldi-gedərilik nigarançılığı qonurdu...
     Mənim Bilqeyis nənəm çeşməyini gozünə taxıb diqqətlə Səməd Vurğunun qəzetdə dərc edilmiş, yaxud kitabda çap olunmuş şəklinə baxırdı (onda Bakıda hələ televizor yox idi), sonra ürəkdən gələn bir təəssüf ilə, hətta mənim belə hiss etdiyim daxili bir yanğı ilə: «- Pah atonan! Səmədnətər qocalıb e!..» - deyirdi, son- ra əlindəki qəzeti, ya kitabı bir kənara qoyurdu, «Kazbek» qutu- sundan bir papiros çıxarıb yandırırdı və mən nənəmin uzaqlara dikilmiş göy gözlərinin dərinlərində bir qüssə görürdüm...
     Nənəmin arıq barmaqlarının arasındakı papiros tüstüləyirdi və o tüstü qıvrılaıvrıla nənəmin uzaqlara baxan gözlərinə dolurdu, nənəmin gözlərini yaşardırdı, amma mənə elə gəlirdi ki, həmin dəm o gözləri yaşardan papiros tüstüsü deyildi, o təəssüf, o yanğı, o qüssə idi...
     Səməd Vurğunun o vaxt qırx dörd-qırx beş yaşı var idi və o vaxt bu mənim üçün çox böyük yaş idi, həmin yaşda adamın saçlarının ağarması mənim üçün təəccüblü görünmürdü, lakin mən nənəmin o üçcə kəlmədən ibarət sözlərində sonsuz bir təəssüf hiss edirdim və özümdən asılı olmayaraq bütün uşaq varlığımla o təəssüfü doğuran hadisəyə, yəni Səməd Vurğunun saçlarının ağarmasının vaxtsızlığına qarşı kin-küdurət bəsləyirdim, mən istəmirdim ki, dünyada beləcə təəssüf doğuracaq işlər olsun...
     O zaman Səməd Vurğunun «Şair, nə tez qocaldın sən!» şeri dildən-dilə gəzirdi, elə bil ki, bütün Bakı bu şeri əzbərləmişdi və mən də dünyanın təəssüf doğuracaq işlərinə qarşı həmin kin-küdurətimi o şerin sonuncu bəndini tez-tez öz-özümə əzbər deməklə ifadə edirdim:
Saç agardı, ancaq ürək
Alovludur əvvəlki tək.
Saç ağardı, ancaq nə qəm!
Əlimdədir hələ qələm...
Bilirəm ki, deməyəcək
Bir sevgilim, bir də Vətən:
Şair, nə tez qocaldın sən!..

     Evdə tək olduğum vaxtlar bu bəndi bərkdən, pafosla söyləyirdim, guya, bu misraları mən yox, həqiqətən Vətən söyləyir... Bu, mənim tərəfimdən nənəmin ürəyində o yanğını, o təəssüfü doğuran, gözlərinə o qüssəni gətirən səbəblərdən, yəni dünyanın pis işlərindən, bəd əməllərindən aldığım bir intiqam idi. Sonra «Vaqif»dən Qacar ilə Vaqifin ilk görüş səhnəsini bərkdən əzbər deyirdim, «Vaqif»i Əzizbəyov adına teatrın səhnəsində dəfələrlə görmüşdüm və öz aləmimdə gah Sidqi Ruhullanın səsini və mimi- kalarını yamsılayaraq Qacar olurdum, gah da cani-dildən Ələsgər Ələkbərovun səsini və ədalarını yamsılamağa çalışaraq Vaqif olurdum, amma ürəyim, qəlbim həmişə Vaqiflə birgə idi, Sidqi Ruhullanın səsini və mimikasını yamsılayıb Qacar olanda da, Vaqifin təəssübünü çəkirdim və həmin məqamlarda Qacar mənim üçün dünyanın saçağardan səbəbi, Vaqif isə həmin saçların vaxtsız ağarması idi...

***


     Mən Səməd Vurğunu son dəfə tabutda görmüşəm.
     Amma, qəribədir, onun haqqında düşünəndə və indi bu sətirləri yazdığım vaxt da tabutda təsəvvürümə gəlmir, mən onu canlı görürəm, axırıncı dəfə canlı gördüyüm sifəti gözlərimin qabağına gəlir, gözləri gülümsəyir, qalın ağ bığının altında hərarətli, ilıq bir təbəssümlə dodaqları qaçır.
     1955-ci ilin yaz, yaxud payız aylarından biri idi; yay deyildi, çünki yaxşı yadımdadır, Səməd Vurğunun əynində boz rəngli kabardin makintoş var idi, qış da deyildi, çünki «26-lar» bağındakı ağaclar yamyaşıl idi və o ağacların o günkü yaşılı indi də mənim gözlərimin qarşısındadır.
     Mən atamla birlikdə «Xaqani» küçəsi ilə üzüyuxarı gedirdim və indiki Rəssamlar İttifaqının qarşısındakı tində atamla Səməd Vurğun rastlaşdılar, Səməd Vurğun mənimlə çox istiqanlı görüşdü (ibtidai sinifləri Yazıçılar İttifaqı ilə üzbəüz olan 7 nömrəli məktəbdə oxuyurdum, atam isə Yazıçılar İttifaqında işləyirdi və mən günorta məktəbdən çıxanda tez-tez atamın yanına gedirdim, Səməd Vurğunu da orada görürdüm), qucaqlayıb öpdü və əlbəttə, o zaman mənim ağlıma gələ bilməzdi ki, bu təsadüfi görüş həmişə mənim xatirəmdə yaşayacaq bir görüşdür, çünki mənim üçün canlı Səməd Vurğunla son görüşdür.
     Səməd Vurğun mənə və mənim barəmdə atama nəsə deyirdi və mən altdan yuxarı onlara baxırdım, amma qəribədir, o sözlərin heç biri mənim yadımda qalmayıb, amma o sözlərin xoş təəssüratı, sevinc gətirən, fərəh doğuran təəssüratı indiyə qədər mənim ürəyimdədir.
     Nədənsə, üzünü qırxmamışdı və mən onun qırxılmamış üzündə gümüşü bir işıltı ilə işıldayan narın saqqalının da bığı və saçları kimi ağappaq olduğunu gördüm və ümumiyyətlə, o zaman mən Səməd Vurğuna baxanda, elə bil, dünyanın ən qocaman bir ada- mına baxırdım.
     Səməd Vurğunun isə cəmi qırx doqquz yaşı vardı... Bunu indi fikirləşirəm...
     Və Səməd Vurğun cəmi əlli il ömür sürdü...
     O, doğrudan da, vaxtsız qocalmışdı, amma bu günün özündə də mənə elə gəlir ki, Səməd Vurğun camaatın gözünə olduğundan da çox qoca görünürdü.
     Nə üçün belə idi?
     Görünür, yaradıcılığının əldə etdiyi müdriklik, ağsaqqallıq səlahiyyəti təsir edirdi...
     Bu gün Səməd Vurğunun simasını gözlərim qarşısında canlandırdıqda, onu «Xaqani» küçəsindəki həmin təsadüfi görüş za- manı olduğu kimi görürəm.
     Lakin mən onu sonuncu dəfə tabutda görmüşəm: həmişəlik yaddaşıma hopmuş 1956-cı ilin 29 may günündə.
     Həmin gün barədə düşünürəm, xatirələr isə məni bir az əvvələ, 1956-cı ilin 12 may gününə çəkir, həmin günə kimi, bütün Azərbaycan xalqı M.F.Axundov adına Azərbaycan Dovlət Opera və Balet Teatrında (onda hələ Akademik deyildi) Səməd Vurğunun 50 illik yubileyinə həsr olunmuş təntənəli gecə keçirirdi. Əlbəttə, Axundov adına teatr öz-özlüyündə çox az adam tuturdu, lakin həmin gecə, elə bil ki, bütün Azərbaycan xalqı o teatra toplaşmışdı.
     Hamı bilirdi ki, Səməd Vurğun ağır xəstədir, Səməd Vurğun sağalmayacaq, bu xəstəlik onu aparacaq; hamı bu barədə danışırdı, bizim məhəllənin də, məktəbimizin də əsas sözü-söhbəti bu idi. Adamların gözünə bir Səməd qüssəsi çökmüşdü və həmin qüssə nə müəllim, nə də şagird tanıyırdı...
     Səməd Vurğunun yubiley sevinci, bayramı camaatın ürəyində, əgər belə demək mümkünsə, dərdli bir sevinc, kədərli bir bayram idi.
     Bizim evdə də Səməd Vurğunun xəstəliyi barədə tez-tez söhbət düşürdü, atam yazıçı dostları ilə, xüsusən, Mehdi Hüseynlə tez-tez zəngləşirdi, gorüşürdülər, Səməd Vurğunu yoluxmağa gedirdilər və məhəllədə, məktəbdə uşaqlar mənim başıma yığışırdılar, elə bil ki, Səməd Vurğunla bağlı mən hər şeyi bilməliyəmmiş kimi, mənə cürbəcür suallar verirdilər və o sualların bəzisi indiyə qədər yadımda qalıb: «- Düzdür ki, Mao Tze Dun Səməd Vurğunu sağaltmaq üçün Çindən öz həkimini göndərib?», «-Düzdür ki, İngiltərədən həkimlər gəlib, Səməd Vurğunun ciyərlərini dəyişəcəklər?».
     Bu cür və bundan də qəribə şayiələr bütün Bakını, xüsusən, Bakının yuxarı məhəllələrini dolaşırdı və həmin şayiələri, əlbəttə, insanların arzuları yaradırdı, hamı bir möcüzə həsrətində idi, elə bir möcüzə ki, Səməd Vurğunu sağaltsın.
     Yubileyinə özü gələ bilməmişdi. Mən atamla sol lojada oturmuşdum, gah səhnəyə, gah da tamaşa zalına baxırdım: hamının sifətində bir Səməd Vurğun sevinci var idi və eyni zamanda, elə bil, teatrın divarlarına, tavanına, döşəməsinə həzin, zərif bir nigarançılıq hopmuşdu; düzdü, o nigarançılıq həzin idi, zərif idi, amma ürəkləri göynədir, sızıldadırdı.
     Natiqlər bir-birini əvəz edirdi, Səməd Vurğunun qələm dostları danışdı, yubileyə gəlmiş qonaqlar danışdı: Q.Qulam, K.Simonov, G.Leonidze, Q.Seyitliyev, S.Uluqzadə, R.Həmzə- tov, G.Qulia...
     Gecəni radio ilə verirdilər, Səməd Vurğun daha heç vaxt qalxmayacağı yatağında uzanıb gecəyə qulaq asırdı və bunun özü də təskinlikdən daha artıq, yanıqlı bir təəssüf kimi, bir «heyhat...» kimi ürəklərdən keçirdi...
     Axırda Səməd Vurğunun qardaşı Mehdixan Vəkilov onun məktubunu oxudu: «...Mən bugünkü məclisdə müvəqqəti bir sə- bəbə görə iştirak edə bilmirəm... Sağ olun! Hamınıza dünyanın ən şirin neməti olan cansağlığı arzu edirəm!..». Sonra Səməd Vurğun, elə bil ki, bu son məqamda da xalqa təskinlik verirdi: «Ümid- varam ki, yaxın gələcəkdə... görüşərik. Sizin Səməd Vurğun».
     «Sizin Səməd Vurğun...».
     Yəni xalqın Səməd Vurğunu...
     «Müvəqqəti bir səbəbə görə...».
     O amansız, o qorxunc xəstəlik, doğrudan da, müvəqqəti bir səbəb idi, çünki Səməd Vurğunla xalq arasındakı bağlılıqda qarşılıqlı bir daimilik var idi, həmin 1956-cı ilin yazında da, indi mənim bu sətirləri yazdığım 1986-cı ilin yanvarında da...
     Hamı bildi ki, bu məktub Səməd Vurğunun son məktubudu və nə yaxşı ki, o son məktub xalqın ünvanına yazılmışdı.
     Təntənəli gecədə Aleksandr Fadeyevin də teleqramını oxudular və o teleqram belə qurtardı: «Sənə uzun illər ömür və səadət, daha əlli il məhsuldar yaradıcılıq arzu edirəm».
     Bircə gün sonra, mayın 13-də isə A.Fadeyevin «vaxtsız və faciəli surətdə həlak olduğu» xəbəri gəldi və indiki kimi yadımdadır, mən həmin xəbəri eşidəndə, ilk növbədə, Səməd Vurğun haqqında fikirləşdim, sövq-təbii olaraq gözlərimin qarşısına Səməd Vurğun gəldi, çünki o zamanlar Səməd Vurğunla Aleksandr Fadeyevin dostluğu da dillərdə gəzirdi.
     Bu teleqram da, olsun ki, A.Fadeyevin son teleqramı idi, hər halda son təbrik teleqramı idi... Sonralar, illər keçdikdən sonra, Yusif Səmədoğlu mənə danı- şırdı ki, A.Fadeyevin həlak olması xəbərini Səməd Vurğundan gizlədiblər, amma həmin faciədən bir gün keçmiş səhər yuxudan ayılan Səməd Vurğun nigarançılıqla soruşub: «- Saşaya nə olub? Qarışıq yuxu gormüşəm...».
     İstedadlar, eyni zamanda, görünür, dünyanın ən fəhmli adamları olur...
     Mən Səməd Vurğunun o son məktubundan da, A.Fadeyevin, güman ki, o son teleqramından da həmin cümlələri dürüst olmaqdan otrü «Ədəbiyyat və incəsənət» qəzetinin 1956-cı il may nömrələrindən götürmüşəm və qəzetin 12 may yubiley nömrəsində A.Şaiq, S.Rəhimov, Mir Cəlal, Ə.Bədəlbəyli, M.Rzaquluzadə, Ə.Vəliyev, M.Seyidzadə, S.Şamilov... da Səməd Vurğun haqqında ürək sözlərini deyiblər.
     İndi onlar da həyatda yoxdur...
     Ömür bir iynədir, sapı çox qısa... Bunu atalar deyib...
     Onun yubileyi ədəbiyyatın bayramına, xalqın bayramına çevrilir. Yaşından, ədəbiyyata gəldiyi vaxtdan asılı olmayaraq, demək olar ki, bütün şairlər ona şer həsr edir, İlyas Əfəndiyev «Şəhərdən gələn ovçu» hekayəsini yazır, N.Tixonovun, Abdulla Qəhharın, Mao Tze Dunun, Emi Siyaonun, İ.Erenburqun, Aybekin, S.Çikovaninin və bir çox başqalarının teleqramı, məqaləsi mətbuatda çap olunur, mayın 27-nə isə artıq barmaqla sayıla- caq günlər qalıb...
     Səməd Vurğun 1956-cı il mayın 27-də vəfat etdi.
     Onun cənazəsi M.Maqomayev adına Filarmoniyada qoyulmuşdu.
     O zaman mən artıq 190 nömrəli məktəbin yeddinci sinHndo oxuyurdum. Biz mayın axırlarında dərsdən əvvəl, tənəffüslərdə, dərsdən sonra məktəbimizin yanındakı «pasaj» bazarına qaçırdıq, təzə çıxmış göy alça alıb yeyirdik və dərs saatları ilə dolu uzun qış günlərindən, yazın yağışlı-küləkli ilk çağlarından sonra, o alçaların təmində yaşıl, fərəhli bir yaz sevinci var idi, amma 56-cı ilin o son may günlərində biz həmişəki kimi, bazara qaçmırdıq, alça alıb yemirdik, Səməd Vurğunun ölümü, elə bil, susəpənlə bizim bütün məktəbimizə qəm, qüssə çiləmişdi...
     Mayın 29-da yuxarı sinfə keçmək üçün imtahan verdik və həmin imtahandan sonra mən filarmoniyaya getdim.
     Xalq Səməd Vurğunla vidalaşırdı və mən də bir xeyli müddət küçədə növbə gözləyən izdihamla addımlaya-addımlaya, nəha- yət, filarmoniyamn zalına girdim.
     Mən bütün həyatımda ilk dəfə idi ki, ölmüş insan görürdüm və o insan Səməd Vurğun idi.
     Yusifi, Vaqifi, Aybənizi gördüm. Hərgah səhv etmirəmsə, mən onları hələ yalnız sifətdən tanıyırdım və Yusif Səmədoğlu ilə dostluğumuz, Aybəniz ilə Nizami adına Ədəbiyyat İnstitutunda bir şöbədə (həmin ədəbiyyat nəzəriyyəsi şöbəsinə «Məmməd Cəfər müəllimin şöbəsi» deyirdilər...) işləməyimiz, Vaqif Səmədoğlu ilə eyni bir sənətlə məşğul olmağımız sonraların işi idi, irəlidəydi...
     56-cı ilin o 29 may günündən otuz il keçib, amma mən hərdənbir özümdən asılı olmayaraq, Yusifin də, Vaqifin də, Aybənizin də sifətlərini həmin uzaq may günündə olduğu kimi xatırlay ram. Yalnız Səməd Vurğunu yox, cavan və istəkli bir atanı itirmək ağırlığı onların hələ heç bərkiməmiş çiyinlərinə düşmüşdü...
     Həmin 29 may gününün mənim üçün ən unudulmaz, ən parlaq və eyni zamanda, ən kədərli, ən həzin xatirələrindən biri Bülbülün mikrofon qarşısında dayanıb, yalnız səsi ilə yox, gözləri ilə, sifətinin hər bir cizgisi ilə, əllərinin hərəkəti ilə, çiyinləri ilə, bütün duruşu ilə matəmə batıb «Sənsiz» oxumasıdır...
     İndi Bülbülün də bu dünyadan köçməyindən iyirmi beş il keçib...
     Mayın 30-da isə, elə bil ki, bütün Bakı küçələrə çıxıb Səməd Vurğunu son mənzilə yola salırdı və biz uşaqlar da o böyük izdihamın qəm, qüssə dolu zərrəcikləri idik...
     Mayın 29-da bizim məktəbimizdəki o imtahanlarda, güman ki, iki alan olmadı, çünki 56-cı ilin o son may günləri Azərbaycanda ən tələbkar müəllimlərin də, yəqin ki, ürəyi yumşalmışdı...
     Səməd Vurğunun sənətin aliliyinə, milliliyinə, istedadın böyüklüyünə və xəlqiliyinə həsr edilmiş bir çox məqalə və çıxışları var, onun hətta şer məmulatına, xalturaya qarşı həqiqi istedadın yaratdığı bir nifrətlə, barışmazlıqla nəfəs alan, onları öldürücü bir sarkazm ilə rədd edən ayrı-ayrı şerləri də var, lakin əsas məsələ burasındadır ki, qeyri-sənətə qarşı belə bir sənətkar nifrətini, kinini, barışmazlığnı bir küll halında onun öz əsərlərinin, yaradıcılığının ümumi yüksək səviyyəsi təsdiq edir və əlbəttə, belə bir səviyyəyə nail olmaq çox çətindir; çətindir ona gorə ki, söhbət sənətdən və həmin sənəti yaratmağın əzablı, keşməkeşli, mürəkkəb yollarından gedir...

1986.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (25.06.2014) | Müəllif: R.C E W
Baxış: 725 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more