Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Kitabi-Dədə Qorqud» aliliyi
«KİTABİ-DƏDƏ QORQUD» ALİLİYİ
1.


     «Kitabi-Dədə Qorqud» ən qədim dövrlərdən üzü bəri həyat və ölümdən, vəfa və xəyanətdən, məhəbbət və nifrətdən, igidlik və qorxaqlıqdan, xeyirdən və şərdən demişdir, nəsillər bir-birini əvəz etmiş, epoxalar dəyişmiş, ancaq «Dədə Qorqud soylamış, görəlim, xanım, nə soylamış» - deyəndə, onun söylədikləri həmişəki müdrikliyi ilə bərabər, həmişəki təzə-tərliyini də saxlamışdır.
     Heç vaxt xatirimdən çıxmayacaq bir görüm yenə mənim gözlərimin qarşısına gəlir: Karfagen xarabalıqlarının yaxınlığında, göz işlədikcə uzanan qupquru səhralıqda nəhəng bir zeytun ağacı var. Bu ağacın yaşı üç min ilə yaxındır və bu üç min illik ağac bu gün də təzə-tər bəhrə verir.
     Hərdən gecələr mən «Kitabi-Dədə Qorqud»u vərəqlədikcə matı-qutu qurumuş dayanıb, o üç min illik zeytun ağacının o körpə bəhrələrinə - o yamyaşıl zeytun dənələrinə baxdığım dəqiqələri xatırlayıram və o əlçatmaz, ünyetməz qədimliklə o yeni doğuş, yeni həyat qarışığının qəribə bir ab-havasını hiss edirəm...
     Hələ XVIII əsrdən məlum olsa da, əslində, şərqşünaslıq elmi bu eposu yalnız 1815-ci ildə kəşf etmişdir.
     Həmin il alman alimi Henrix Fridrix fon Dits «Kitabi-Dədə Qorqud»un Drezden nüsxəsini tapdı və bundan sonra, az qala, iki əsrdir ki, dünya şərqşünaslığında tanınmış və qəbul edilmiş Vilhelm Qrim, Teodor Nyoldeke, V.V.Bartold, Fuad Köprülü, Həmid Araslı, Müəllim Rifət, Orhan Şaiq Gökyay, V.M.Jirmunski, A.N.Kononov, Lui Bazen, Məmmədhüseyn Təhmasib, A.Y.Yakubovski, Məhərrəm Ergin, Fəxrəddin Girzioğlu, Ettori Rossi, Əzəl Dəmirçizadə, İohan Hayn, Faruq Sümer, Əhməd Uysal, Əli Sultanlı, Ədnan Binazar, Cofrey Lyuis, Süat Hizarçı, Əhməd Hans Şmiydə və bir çox başqaları «Kitabi-Dədə Qorqud»u tədqiq, təhlil və tərcümə etmiş, nəşrə hazırlamış, şərhlərini yazmış, lüğətlərini tərtib etmiş və bir çox dillərdə, - alman, rus, ingilis, fransız, türk, italyan, ərəb, fars, serb, gürcü, türkmən, qazax, latış və s. dillərdə nəşr etdirmişlər.
     Bütün bu tədqiqatlar, tərcümələr, nəşrlər ötən bu müddət ərzində dünya şərqşünaslıq elmində, konkret olaraq isə, türkologiyada məxsusi və nüfuzlu bir qol - qorqudşünaslıq yaratmışdır.
     Bu gün dünya kitabxanalarında F.Ditsin öz xəttilə və V.Bartoldun öz xəttilə (bunu bəzən T.Nyoldekenin əlyazması da hesab edirlər) köçürdükləri əlyazmaları nəzərə alınmazsa, «Kitabi-Dədə Qorqud»un üç qədim əlyazması məlumdur.
     On iki boyu əhatə edən Drezden əlyazması «Kitabi-Dədə Qorqud»un həm dil ilkinliyini saxlaması, həm də bütövlüyü baxımından əsas nüsxədir. Altı boydan ibarət yarımçıq əlyazması Vatikan kitabxanasında, vaxtilə F.Ditsin İstanbulda əldə etdiyi başqa bir yarımçıq nüsxə isə Berlində saxlanır.

2.


     F.Dits «Basat Dəpəgözi öldürdigi boyu bəyan edər, xanım, hey!» boyunu alman dilinə tərcümə edərək elə həmin 1815-ci ildə nəşr etdi və «Kitabi-Dədə Qorqud» boylarının nəşr tarixi də o vaxtdan başlayır.
     Bu ilk nəşrdə F.Dits elmi paralel apararaq bir bədii personaj kimi Təpəgözü (Dəpəgözi) Homerin «Odisseya»sındakı məşhur Siklopla müqayisə etmişdir və maraqlısı budur ki, F.Dits Təpəgözü daha ilkin bədii mənbənin qəhrəmanı hesab etmişdir.
     F.Ditsə görə «Odisseya» özündən sonrakı dövrdə Şərq aləminə məlum deyildi, halbuki Şərq əfsanələri, ədəbiyyatı «Odisseya»ya qədərki dövrlərdə artıq qədim yunanlara yaxşı məlum idi. F.Dits Təpəgözü Siklop surətinin prototipi hesab edirdi, Təpəgöz bədii surət kimi, Siklopun əvvəli, başlanğıcı, başqa dildə, başqa mühitdə onun yeni ifadəsi idi.
     Elə bircə bu faktın özü «Kitabi-Dədə Qorqud»un hansı qədimlərdən gəldiyi barədə, elə bilirəm ki, yaxşı təsəvvür yaradır və onun yubileyini keçirdiyimiz 1300 il rəqəminin şərtiliyindən xəbər verir.
     Qorqudşünaslıqda «Duxa qoca oğlu Dəli Domrul boyını bəyan edər, xanım, hey!» boyu ilə Evripidin «Elektra» əsəri arasındakı oxşarlığa da diqqət yetirilmişdir. Elə bilirəm ki, bu çox maraqlı faktla və ümumiyyətlə, «Kitabi-Dədə Qorqud» və qədim yunan ədəbiyyatı, qədim Roma ədəbiyyatı mövzusu ilə bağlı ciddi tədqiqatlar hələ irəlidədir.
     Şərqşünaslıq elmi türk xalqlarının bir sıra qədim abidələrinin də «Kitabi-Dədə Qorqud»a gedib çıxmasını sübut etmişdir. Misal üçün, özbəklərin «Alpamış», yaxud qazaxların «Alpamıs» dastanının öz mənbəyini «Qambörənin oğlı Bamsı Beyrək boyını bəyan edər, xanım, hey!» boyundan götürmələri, bu dastanlarda həmin boyun süjetinin işlənib inkişaf etdirilməsi folklorşünaslıqda məlum faktdır.
     Yaxud başqa bir misal: onomastika xalqın tarixini öyrənmək, hətta bu tarixi müəyyənləşdirmək işində çox ciddi bir göstəricidir və Azərbaycan dilçiliyi sübut edib ki, «Kitabi-Dədə Qorqud»dakı Qorqud, Bayandur, Qazan, Beyrək, Qaraca Çoban, Domrul, Burla, Banıçiçək kimi, eləcə də digər (əksər!) personajinsan adları (eposda personajların adı 70-dən çoxdur!) Orxon-Yenisey kitabələrindəki prinsiplərə uyğundur və buradakı onomastik sistem çox-çox əvvəllərə gedib çıxır (Bax: Tofiq Hacıyev, Ədəbiyyatımızın qəhrəmanlıq debütü, ADU-nun «Elmi əsərlər»i, 1976, 4).
     Ümumiyyətlə, deməliyəm ki, Orxon abidələri qorqudşünaslıqda mühüm və nüfuzlu bir qaynaqdır və Oğuz psixolojisindən tutmuş, tarixinəcən «Kitabi-Dədə Qorqud»un öyrənilməsində bir çox tədqiqatların mərkəzində dayanır (Bax: Muharrem Erkin. Dede Korkud Kitabi, Ankara, 1964).
     Bizim «Əsli və Kərəm», «Aşıq Qərib», «Şah İsmayıl», «Tahir və Zöhrə», xüsusən, «Koroğlu» kimi qədim tarixli dastanlarımızın da süjeti, ideya-bədii motivləri, hətta bəzən kompozisiyaları («Koroğlu»da olduğu kimi) tarixən gedib «Kitabi-Dədə Qorqud»a söykənir.
     800 il bundan əvvəl yazıb-yaratmış Nizami kimi böyük sənətkarların əsərlərinə bu eposun təsiri isə, artıq tarixilik baxımından təbii bir hadisədir.
     1300 rəqəmi, olsun ki, «Kitabi-Dədə Qorqud»un dastanlar toplusu kimi, bir yerə yığılması, formalaşması tarixidir, ayrı-ayrı dastan boyların tarixi isə qat-qat qədim dövrlərdən xəbər verir.

3.


     Azərbaycan filologiya elmi əsrimizin ilk onilliklərindən «Kitabi-Dədə Qorqud»la məşğul olmağa başlamışdır. 20 - 30-cu illərdə İ.Hikmət, A.Musaxanlı, Ə.Abid kimi ədəbiyyatşünaslar epos haqqında tədqiqatlarını çap etdirmişlər, ancaq bu sahədə ən böyük xidmət, şübhəsiz ki, akademik Həmid Araslının adı ilə bağlıdır.
     Həmid Araslı «Kitabi-Dədə Qorqud»u müasir Azərbaycan dilində ilk dəfə, həm də bütöv şəkildə 1939-cu ildə nəşr etdirmiş və bundan sonra, ömrünün sonuna kimi, hərgah belə demək mümkünsə, «Kitabi-Dədə Qorqud» elmi yaradıcılıqda onun stolüstü kitabı olmuşdur.
     M.Təhmasib, Ə.Sultanlı, M.Rəfili, M.Seyidov və bir çox başqa Azərbaycan alimləri «Kitabi-Dədə Qorqud»la bağlı effektli elmi araşdırmaların fəal iştirakçıları olmuşlar və «Dədə Qorqud» araşdırmaları yalnız qorqudşünaslığın yox, ümumiyyətlə, Azərbaycan ədəbiyyatşünaslığının inkişafında ciddi rol oynamışdır.
     60-70-80-ci illər Azərbaycan ədəbiyyatşünaslığında bu eposla bağlı tədqiqatların elmi-nəzəri inkişaf dövrü olmuşdur və bəzi alimlər, (misal üçün, Şamil Cəmşidov) hətta bütün ömürlərini yalnız bu abidənin tədqiqinə həsr etmişlər.
     Azərbaycan yazıçıları da ara-sıra, yaxud məxsusi olaraq (misal üçün, Anar) «Kitabi-Dədə Qorqud» haqqında maraqlı mülahizələr söyləmiş, esselər yazmışlar.
     Azərbaycan dilçiliyi «Kitabi-Dədə Qorqud»un öyrənilməsində müasir dünya oriyentalistikası və türkologiyasının əldə etdiyi yüksək elmi-nəzəri səviyyədə uğurlar qazanmışdır və bu yerdə də ilkin olaraq professor Əzəl Dəmirçizadəni xatırlamaq, onun «Kitabi-Dədə Qorqud dastanlarının dili» monoqrafiyasının Azərbaycan dilinin tarixinin öyrənilməsində irəliyə doğru prinsipial bir mərhələ olmasını qeyd etmək lazımdır.
     Bu dastanların lüğət fondu çox zəngin olduğuna və qələmə alınarkən oradakı (Drezden nüsxəsi) sözlər ilkin formalarını qoruyub saxlaya bildiklərinə görə, dilşünaslıq sahəsindəki tədqiqatlar üçün əvəzedilməz bir mənbədir.
     Azərbaycan qorqudşünaslığı hesablamışdır ki, «Kitabi-Dədə Qorqud»da 2721 sözdən istifadə olunmuşdur və bunların yalnız 559-u ərəb-fars mənşəlidir. Bu faktın özü də eposun qədimliyinin və Şərq ədəbiyyatında ərəb və fars dillərinin hegemonluğu dövründə də öz ilkinliyini qoruyub saxlaya bilməsinin göstəricisidir.
     50-ci illərin sonlanndan etibarən, Azərbaycan dilçiliyi problemləri ilə məşğul olan elə ciddi bir alim tapmaq mümkün deyil ki, «Kitabi-Dədə Qorqud»dan sərf-nəzər etsin və bu yerdə mən professorlar Fərhad Zeynalovla Samət Əlizadənin tərtib və transkripsiyasında, nüsxə fərqləri və şərhlərlə həm orjinalın, həm də dili müasirləşdirilmiş variantın 1988-ci il nəşrini xüsusi xatırlatmaq istəyirəm.
     Burası da əhəmiyyətli və əlamətdardır ki, «Kitabi-Dədə Qorqud» ədəbiyyatşünaslıqda olduğu kimi, Azərbaycan dilçilik elminin inkişafında da flloloji obyekt olaraq, mühüm rol oynamışdır.

4.


     Bəli, «Kitabi-Dədə Qorqud» Azərbaycan dilçiliyinin də, ədəbiyyatşünaslığının da inkişafında mühüm rol oynamışdır, ancaq bu abidənin Azərbaycan xalqının XX əsrdəki tarixi və taleyi kontekstində ən böyük rolu xalqın milli mənliyinin qorunmasında və nəinki yalnız qorunmasında, həmin milli özünüdərkin dərinləşməsində, ən qorxunc siyasi-inzibati mühitin belə üzərindən öz kökünə, öz soyuna mənəvi körpü salmasında, milli xarakterin formalaşmasında mühüm amilə çevrilməsində olmuşdur.
     Sovet dövrünün ən qara illərində belə, qəribə və işıqlı bir hadisə baş verirdi: Oğuz ellərinin ab-havası, Oğuz igidlərinin mərdliyi, at çapıb qılınc oynatması, Oğuz analarının məğrurluğu, gəlinlərinin vəfası milləti milli köklərindən ayırmaq istəyən Lenin-Stalin repressiyalarına qalib gəlirdi, məktəblərdə Marksı, Engelsi, Lenini, Stalini, Kremlin Qızıl Ulduzunu, Moskvanın Qırmızı Meydanını, Budyonnının şaşqasmı, Çapayevin qarmonunu mədh eləyən qrafoman məmulatını öyrənib əzbərləmək məcburiyyətində olan yeniyetmənin (pionerin! komsomolçunun!) gözünü açırdı, onun nəzərlərini həmin Qızıl Ulduzdan, Qırmızı Meydandan çəkib öz soyuna, öz kökünə tərəf boylanmağa sövq edirdi, düşündürürdü, ayıldırdı, onu rahat buraxmayan saxta siyasi-mənəvi şüarlar əvəzinə, ona insani hiss-həyəcanlar aşılayırdı və bu mənada «Kitabi-Dədə Qorqud» həqiqətən də, nəhəng bir imperiyanın əsasını təşkil edən leninçi-stalinçi inzibati ideologiyanın, bir vaxtlar rəsmən elan edildiyi kimi, düşməni idi.
     Elə bil ki, Qazan xan bir tərəfdən, oğlu Uruz bəy o biri tərəfdən, Baybörənin oğlu Bamsı Beyrək bu biri tərəfdən, Duxa qoca oğlu Dəli Domrul, Qanlı qoca oğlu Qanturalı, Qaraca Çoban... bütün dastan Oğuz igidləri əsrlər keçdikdən sonra yad, güclü və məkrli bir qüvvə ilə mübarizəyə qalxmışdı, mücadilə aparırdı.
     Təpəgöz bir gündə iki adam, 500 də qoyun yeyirdi, ancaq gənc cəsur Basat ona qalib gəldi, onu məhv etdi və elə bil ki, o hakim ideologiya, o stalinizm, KQB-çilik də tarixin və xislətin yetişdirdiyi bir Təpəgöz idi və bu dəfə ona mənən qalib gələn yalnız qəhrəman Basat yox, «Kitabi-Dədə Qorqud»un özü idi.
     Hakim ideologiya şagird Pavlik Morozovun kolxoz quruculuğu naminə atasını, babasını satmasını böyük bir şücaət nümunəsi kimi yeniyetmənin beyninə yeridirdi, o yeniyetmə isə atasının, babasının kitabı olan «Kitabi-Dədə Qorqud»u açıb oxuyurdu:
     «Bu vaxt Qalın Oğuz bəyləri gəlib yetişdi, xanım, görək kimlər gəldi:
     Qaradərə ağzında qara buğa dərisindən beşiyinin yerliyi olan, acığı tutanda qara daşı kül eləyən, bığını boynu dalında yeddi dəfə düyünləyən, igidlər igidi, Qazan bəyin qardaşı Qaragünə çaparaq yetişdi: «Çal qılıncını, qardaşım Qazan, yetdim!» - dedi.
     Bunun ardınca, görək kimlər yetişdi:
     Dəmirqapı Dərbənddəki dəmir qapını hücumla alan, altmış tutamlıq böyük nizəsinin ucunda igidləri böyürdən Qıyan Səlcik oğlu Dəli Dondaz çaparaq yetişdi: «Çal qılıncını, ağam Qazan, yetdim» - dedi...
     Bayandır xanın düşmənini basan, altmış min kafirə qan qusduran, ağ-boz atının yalı üzərində qar yığılan Qəflət qoca oğlu Şir Şəmsəddin çaparaq yetişdi: «Çal qılıncını, ağam Qazan, çatdım»- dedi...
     Sayılmaqla Oğuz bəyləri tükənməz. Hamı yetişdi. Təmiz suda yuyundular. Ağ alınlarını yerə qoydular. İki rükət namaz qıldılar. Adı əziz Məhəmmədə salavat gətirdilər. Sakitcə kafirin üstünə at saldılar, qılınc çaldılar. Gümbür-gümbür nağaralar döyüldü. Burması, qızıl tunc borular çalındı.
     O gün cəsur ər igidlər bəlli oldu. O gün namərdlər gizlənməyə yer axtardı. O gün bir qiyamət savaş oldu, meydan dolu baş oldu; başlar top kimi kəsildi. Şahanə atlar qaçanda nalı düşdü. Böyük-uzun nizələr sancılıb süstəldi. Böyük, iti polad qılınclar çalındı, dəmir ucluğu düşdü. O gün, elə bil, qiyamətin bir günü idi».

5.


     Hakim ideologiyanın 1917-ci ildən başlayaraq inzibati yollarla formalaşdırmağa çalışdığı «sovet ictimai fikri» həmin ideologiyanın təhriki ilə bir vaxtlar «Kitabi-Dədə Qorqud»da «utopik sosialist ideyaları» axtarmağa başladı (Bax: Dədə Qorqud və Nizamidə utopik sosializm ideyaları, «Vətən uğrunda», 1942, 5), ancaq o süni (və miskin!) «utopik sosialist ideyaları» çərçivələrinə pərçim edilməsi də, bu bəşəri abidənin köməyinə çatmadı və XX əsrin ortalarında görünməmiş bir hadisə baş verdi: «Kitabi-Dədə Qorqud» Sovetlər İttifaqında və təbii ki, ilk növbədə, Sovet Azərbaycanında həbs olundu .
     XX əsr və ümumiyyətlə, qoca tarix çox həbslər görüb, ən müdhiş edamların şahidi olub, tonqallarda insanlarla bərabər, kitablar da yandırılıb, qədim və zəngin kitabxanalar yerlə-yeksan olunub, ancaq böyük bir bəşəri abidənin, eposun həbs olunması, onun tədqiqatçılarının inzibati təqib və cəzalara məruz qalması, elə bilirəm ki, tarixdə analoqu olmayan bir hadisədir.
     «Kitabi-Dədə Qorqud» qoca Dədənin qopuzu sinəsinə sıxıb söylədiyi dastanlarda sinfi münasibətləri əsas götürmədiyi , türk dünyasının və təbii ki, Azərbaycan xalqının tarixi-psixolojitnoqrafik özünüifadəsini əks etdirdiyi üçün, «zərərli bir əsər kimi» ifşa edildi və sosialist dünyagörüşünə, əxlaqına zidd olan pantürkist, panislamist ideyaların mücəssəməsi kimi qiymətləndirildi.
     Fantasmoqorik, hətta sürrealist bir mənzərə yaranırdı: ideologiyanın kütlüyü, heç olmasa, bunu nəzərə almırdı ki, «pantürkizm» ideyaları da, «panislamizm» də yalnız XX əsrdə yaranıb formalaşmışdı...
     Həqiqətən, fariseyçilik heç bir hədd tanımır.
     1951-ci ildə Sovet Azərbaycanının rəhbəri Mir Cəfər Bağırov «Kitabi-Dədə Qorqud»a belə bir qorxunc ideoloji-inzibati möhür vurdu: «düşmən kitab» və həmin zamana qədər, yəni iyirminci, otuzuncu, qırxıncı illərdə dəfələrlə, mərhələ-mərhələ güllələnmiş, Sibirə göndərilmiş, təqib edilmiş Azərbaycan elmi bu yerdə nə edə bilərdi?..
     Təbii ki, tarixin gedişatı, «Kitabi-Dədə Qorqud» kimi abidələrin taleyi ancaq bağırovlardan (hətta stalinlərdən belə!) asılı deyil və görünür, «Kitabi-Dədə Qorqud» bioqrafiyası, «Kitabi-Dədə Qorqud» varlığı belə bir sınaqdan da çıxmalıymış...
     1953-cü ildə Stalin öldü. Sovet imperiyasının stalinizm əhvali-ruhiyyəsi yarımçıq Xruşşov islahatları ilə nisbətən mülayimləşdi və Azərbaycan elmi bundan dərhal istifadə etdi.
     1957-ci ilin martında Azərbaycan Kommunist Partiyasının əsas mətbuat orqanı olan «Kommunist» qəzetində Həmid Araslı, Əzəl Dəmirçizadə, Məmməd Arif və Məmmədhüseyn Təhmasibin «Dədə Qorqud dastanları» adlı məqaləsi dərc edildi, bir az keçdikdən sonra Nizami adma Ədəbiyyat və Dil İnstitutunun xüsusi elmi sessiyası keçirildi: H.Araslının «Kitabi-Dədə Qorqud» Azərbaycan eposudur, Ə.Dəmirçizadənin «Kitabi-Dədə Qorqud» Azərbaycan dilinin abidəsi kimi», M.Təhmasibin «Dədə Qorqud boyları Azərbaycan dastanlarmm qədim nümunələridir» mövzularında zamanın və siyasi-ictimai hadisələrin kontekstində prinsipial əhəmiyyətli məruzələri söylənildi və «Kitabi-Dədə Qorqud» bəraət aldı.

6.


     «Kitabi-Dədə Qorqud» Dərbənddən tutmuş Göyçə gölünəcən, Bərdədən, Gəncədən, Naxçıvandan tutmuş Əlincə çayı və Əlincə qalasmacan bütün Azərbaycan coğrafiyasmı özündə ehtiva edir.
     Hələ XVII əsrin əvvəllərində Azərbaycanda olmuş Adam Oleari yazırdı: «Burada (Dərbəndin kənarlannda) biz daha iki müqəddəs müsəlman qəbri ilə rastlaşdıq; onlardan biri - Muxtar piri - düzdə, o birisi - İmam Qorqud - dağda idi. Qorqud haqqında deyirlər ki, Məhəmmədin dostu olub, həmişə onun ayaqlannın yanında dayanıb, ondan öyrənib və onun vəfatından sonra, daha üç yüz il yaşayıb». (Bax: Adam Oleari. Puteşestvenniki ob Azerbaydjane, tom I, Baku, 1961, str. 296.)
     A.Oleari həmin qəbrin qayada oyulmuş mağaranın içində olduğunu yazır və insanların, xüsusən, qız-qadınların buranı ziyarətə gəlməsini, etiqad göstərməsini ətraflı təsvir edir.
     Nəinki yalnız Dədə Qorqudun özünün, hətta dastan qəhrəmanlannın, misal üçün, Qazan xanm, Burla xatının, yaxud Qaraça Çobanm da qəbirlərinin Azərbaycanda olması barədə məlumatlar, əfsanələr, rəvayətlər var.
     Övliya Çələbi isə «Səyahətnamə»sində Dədə Qorqudun qəbrinin konkret ünvanını göstərir: Dərbənd. Və xalqın bu qəbri pirə çevirdiyini deyir.
     Hələ tələbəlik illərindən başlayaraq ömrü boyu «Kitabi-Dədə Qorqud»u tədqiq edən, onu Drezden nüsxəsi əsasında ilk dəfə rus dilində nəşrə hazırlamış akademik V.V.Bartold həmin uzun illər tədqiqatının yekunu olaraq belə bir qənaətə gəlirdi ki, bu dastanları yalnız Qafqaz mühiti yarada bilərdi.
     1988-ci ildə Bakıda qorqudşünasların Beynəlxalq Kollokviumu keçirilmişdi və o zaman məşhur türk şərqşünası Osman Fikri Sərtqaya faktlara əsaslanaraq Azərbaycanı obrazlı şəkildə «Qorqud coğrafiyasının əbədi paytaxtı» adlandırmışdı («Kommunist» qəzeti, 5 avqust, 1988).
     Bəli, «Kitabi-Dədə Qorqud» böyük Azərbaycan eposudur, ancaq eyni zamanda, o bütün türk dünyasının böyük eposudur.
     Bəli, «Kitabi-Dədə Qorqud» Drezden nüsxəsinin sübut etdiyi kimi, Azərbaycan dilində, Azərbaycan türkcəsində söylənmiş və qələmə alınmışdır, ancaq eyni zamanda, o bütün türk dillərinin böyük tarixi abidəsidir.
     «Kitabi-Dədə Qorqud» Azərbaycan xalqının ən qədim dövrlərdən gələn və folklorla mayalanmış, folklorda öz ifadəsini tapmış tarixidir, ancaq eyni zamanda o, yalnız Azərbaycan oğuzlarının yox, bütün Oğuz ellərinin, Oğuz tayfalarının tarixidir və əslində, ümumiyyətlə, türkün şifahi xalq tarixidir.
     Bu eposun fəlsəfəsinin, ideyalar aləminin, hadisələr zənginliyinin, xislət mürəkkəbliyinin dərinlərinə varsaq, o zaman daha ali bir həqiqət meydana çıxır: «Kitabi-Dədə Qorqud» bəşəriyyətə məxsusdur, bəşəri abidədir.

7.


     Əsrimizin son illərini yaşayırıq və bu illərdə şair Dilsuz «Kitabi-Dədə Qorqud»dakı qədim Oğuz ellərinin hiss-həyəcanlarına söykənərək «Beşik nəğməsi» yazır:
Ərcə balam,
Bircə balam,
Ərcəm, laylay,
Bircəm laylay!
Dədəm Qorqud Bir ad versin,
Qoç Koroğlu Qırat versin...
Körpəm, laylay,
Öfkəm, laylay.
Gecələri buğda boyu böyüyəsən,
Sən böyüyüncə atın böyüsün,
Atın böyüyüncə qılıncın böyüsün,
Qılıncın böyüyüncə igidliyin böyüsün,
İgidliyin böyüyüncə torpağın böyüsün,
Torpağın böyüyüncə sözün böyüsün,
Sözün böyüyüncə ululuğun böyüsün,
Ululuğun böyüyüncə ozan dilinə düşəsən: Qopuzdan-qopuza,
Yayladan-yaylaya sevgin böyüsün...
Ağca-ağca Oğuz qızları Göycə-göycə yaylalardan gül dərsin,
Oğuz ellərindən arxan gəlsin,
Yağıların yaman yerdə axşamlasın,
Gündoğandan Günbatana Bayraqların küləkləsin!..
Qumral quzu Yalar duzu;
Quzum, laylay,
Duzum, laylay...

     Və mən özüm özümə belə bir sual verirəm: bu gözəl şer necə yaranıb?
     Əlbəttə, ona görə ki, şair doğma bir mənbə kimi, «Kitabi- Dədə Qorqud»dan şövq alıb, hərarət götürüb; əlbəttə, ona görə ki, o hiss-həyəcanlar şair üçün, çox məhrəm, çox əzizdir, uzun əsrlərdən bəri genlərlə gələndir və əvəzedilməzdir; əlbəttə, ona görə ki, bu hiss-həyəcanlar, eyni zamanda, Dilsuz üçün doğma xalqının, el-obasının, ata-baba ruhunun özünüifadəsidir.
     Ancaq bütün bunlarla bərabər, həm də ona görə ki, «Kitabi- Dədə Qorqud»un özü əsrin ortalarında (həbs edildiyi vaxtda da!) bu beşik nəğməsini Azərbaycan yeniyetməsinin, o cümlədən, Dilsuzun ürəyinə yazırdı, gizli-gizli, xısın-xısın öz işini görürdü, yoxsa ki, uşaqlığı qatı stalinizm dövrünə, gəncliyi keçilməz sərhədlər çərçivəsinə pərçim edilmiş qapalı bir məmləkətin soyuq müharibə apardığı bir vaxta təsadüf etmiş bir şair bu sətirləri bu cür bir təbiiliklə yaza bilməzdi...
     Və bu gün biz də bu şeri bu qədər dərindən duya bilməzdik. «Vətəndaş» sözünü, adətən, insana, şəxsiyyətə şamil edirlər.
     Bədii ədəbiyyatda «vətəndaşlıq» anlayışı var.
     «Vətəndaş» isə nasir olur, şair olur, dramaturq olur.
     Ancaq bu yerdə mənim üçün, bax, belə bir anlayış tam həqiqəti ifadə edir:
     Vətəndaş «Kitabi-Dədə Qorqud»!

8.


     Qorqudşünaslıqda real tarixi bir şəxsiyyət kimi, Dədə Qorqud haqqında müxtəlif fikirlər var: Qorqud həqiqətən olubmu, olmayıbmı, «Oğuznamə»lərin yazdığı kimi, qədim Oğuz ellərində yaşayıbmı, yaşamayıbmı, müasir türk torpaqlarında onun adı ilə bağlı qəbirlərdən hansı məhz onunkudur və s.
     Ancaq güman edirəm ki, bunun bir o qədər də əhəmiyyəti yoxdur, çünki, əslində, əsrlər boyu yaşayan, qopuzunu sinəsinə sıxıb söz söyləyən bədii surət Dədə Qorqud, elə real Dədə Qorqudun özüdür.
     Həmin sualların müqabilində həmişə yaşayan, əsrlərdən- əsrlərə öz dastanlarını söyləyən real Dədə Qorqud var.
     Dədə Qorqud varlığı bir ömrün gəliş və gediş tarixləri çərçivəsinə sığışmır, zaman vahidlərini tanımır:
Hanı dediyim bəy ərənlər,
Dünya mənimdir deyənlər?
Əcəl gəldi, yer gizlətdi,
Fani dünya kimə qaldı?
Gəlimli-gedimli dünya,
Son ucu ölümlü dünya!
Ən nəhayət, uzun yaşın Sonu ölüm, axırı ayrılıq...

     -deyir, özü isə yaşayır.
     «Gəlimli-gedimli dünya, son ucu ölümlü dünya» - çarəsizliyi yalnız bizim üçün - ölümdən qaçıb qurtara bilməyən, ölümə məhkum adi bəndələr üçün Başlanğıcdan və Sondan xəbər verir.
     Dədə Qorqud isə, adi deyil, o daha yüksək bir varlığın biz adilərin arasındakı nümayəndəsidir, həmişə qədim və həmişə təzə-tərdir.
     ...O qədim zeytun ağacı kimi və o qədim zeytun ağacının hər il gətirdiyi bəhrə kimi...

1999.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (26.08.2014) | Müəllif: R.C E W
Baxış: 851 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more