Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı- Karvan yola düzülür (Məqalə)
KARVAN YOLA DÜZÜLÜR
(Xalqımız və ədəbiyyatımız haqqında düşüncələr)
Yazıya pozu yoxdur.
Elsözü


     Karvan yola düzülür...
     O qədim Azərbaycan mahnısının misrası elə bil ki, çox- çox uzaqlardan, uzun-uzun yüzilliklərin ardından gəlir: karvan yola düzülür...
     Bu üç sözün düzümü bu dəm bir əbədiyyətdən xəbər verir: həmin yol heç vaxt tükənib bitməyəcək, qurtarmayacaq və həmin karvan da həmişə yolda olub, həmişə yoldadır və həmişə də yolda olacaq... İlk laylamızı nə vaxt eşitmişiksə, ilk nəğməmiz nə vaxt oxunubsa, ilk nağılımız nə vaxt söylənibsə, o karvan da həmin vaxtdan yola düzülüb.
     O karvan ləl-cavahir aparmır, xalqın - Azərbaycan xalqının mənəvi sərvətini əsrlərdən əsrlərə yetirir; yola düzülmüş o karvan bu gün bizim önümüzdən ötür, bizim mənəviyyatımıza bir işıq gətirir, sabah biz olmayacağıq, lakin o karvan bizim balalarımızın, nəvələrimizin, nəticələrimizin, kötücələrimizin, yadcalarımızın mənəvi dünyasını işıqlandıracaq: bizim ulu babalarımız o karvanı üzü bəri bizim üçün yola salıblar, biz də o karvanı Gələcəyə yola salırıq. Gələcək də özündən sonraya yola salacaq. O karvanın axır mənzili heç vaxt sonu görünməyəcək Gələcəkdir.
     Nə qədər ki, Azərbaycan xalqı yaşayacaq, nə qədər ki, Azərbaycan dili öz xalqını ifadə edəcək, o qədər də yola düzülmüş o karvan gedəcək, gedəcək... Hər bir dövrün, zamanın da mənəvi sərvətini- illərin sınağına sinə gərmiş ən yaxşı əsərləri də özü ilə aparacaq.
     Bu əbədiyyət yolunu Azərbaycan xalqının dühası yaradıb.
     Hər bir xalqın ədəbiyyatında, bütün dövrlərdə zəif ilə yüksək sənət əsəri müştərək yaranıb (və bu gün də belədir!), hətta bəzən zəif daha artıq təriflənib, qat-qat artıq maddi firavanlıq gətirib, lakin heç zaman mənəvi bir sərvət kimi yüzillikləri aldada bilməyib: əsrlərdən əsrlərə yalnız və yalnız sənət əsərləri çatdırılıb.
     XVIIIəsrin ustad aşıqlarından Dəllək Murad qoşmalarından birində deyir:
Adəm oğlu, yol-ərkanı tanı, bil,
Yol-ərkan bilənin yeri dar olmaz...

     Buradakı «yol-ərkan» adi yol kimi, qayda-qanun mənasında da, zəmanənin mötəbərləri mənasında da adi ərkan kimi səslənmir, elə bil ki, söhbət həmin Gələcəyə aparan yollardan gedir, xalqın adət-ənənəsindən, xalqın mənəvi dünyasından, babaların qoyub getdiyi yadigarlardan gedir.
Dağlar başı qalalardır,
Babalardan yadigardır...

     Gələcəyə aparan yollarda zirvəsi göylərə dəyən o dağların əzəməti var və Gələcəyə aparan yollar həmişə dünəndən başlayır. Dünəni görmədən, dünəni sevmədən və qiymətləndirməyi bacarmadan Gələcəyin mənəvi sərvətlərini yaratmaq çox çətindir və olsun ki, heç mümkün deyil. Hər bir dövrdə «bu günün» bədii təcrübəsi öz müəllifi ilə birlikdə, dilində yazıldığı, haqqında bəhs etdiyi, marağı ilə nəfəs aldığı xalqı da ifadə edirsə, deməli, Gələcəyə aparan yollara bir aydınlıq gətirir, istiqaməti müəyyənləşdirir. Gələcək ilə ünsiyyəti daha mənalı, daha mündəricəli edir.
     ...Ana balasının beşiyi başında layla dedi:
Qızılgül butam, lay-lay.
Ətrinə batam, lay-lay,
Balam ərsəyə gələ,
Toyunu tutam, lay-lay.
Nərgizi üzüm, lay-lay,
Yaxana düzüm, lay-lay,
Sən böyü, mən qocalım,
Toyunda süzüm, lay-lay...

     Ay ötdü, il dolandı. Ana: «- Badi-badi giriftar, hamam hamam içində, xəlbir saman içində, dəvə dəlləklik edər köhnə hamam içində. Hamamçının tası yox, baltaçının baltası, burdan bir tazı keçdi, onun da xaltası yox. Qarışqa şıllaq atdı, dəvənin budu batdı. Milçək mindik Kür keçdik, yabaynan dovğa içdik. Günlərin bir günündə, Məmməd Nəsir tinində, biri varıydı, biri yoxuydu...» - deyə balasına qaravəlli-nağıl söylədi, amma o nağıl yalnız Məlikməmməddən, yalnız Ovçu Pirimdən, Göyçək Fatmadan, Keçəldən, Kosadan demədi, xalqın ruhundan, arzusundan, sevincindən, kədərindən xəbər verdi, illər keçdi, o uşaq böyüyüb yeniyetmə oldu. Cavanşiri, Babəki, Koroğlunu tanıdı, onları sevdi, onları özünə canı canından, qanı qanından doğma bildi, çünki Ananın beşık başındakı o laylası ilə o gözəl «qızılgül butam, lay-lay, ətrinə batam, lay-lay...» - sözləri ilə qoç Koroğlunun bir dəli nərə çəkib:
Hoydu, dəlilərim, hoydu,
Yeriyin meydan üstünə!
Havadakı şahin kimi,
Tökülün al-qan üstünə!
Qoyun bədöylər kişnəsin,
Misri qılınclar işləsin.
Kimi tənab qılınclasın,
Kiminiz düşmən üstünə! -

deyə harayladığı qəhrəmanlıq çağırışı arasında qəribə bir bağlılıq və qəribə məhrəmlik var idi.
     Mən bu bağlılığa, bu məhrəmliyə qəribə dedim, lakin buradakı qeyri-adiliklə bərabər, bir üzvilik, dialektik bir ardıcıllıq da var. Məgər xalqın qəhrəmanlığı həmin xalqın laylasından başlamırmı? Sənətin də qadirliyi elə həmin Ana laylasından rişə götürmürmü? Sənətin gücü həmin millilikdə deyilmi və bədii-estetik ifadənin heç bir coğrafi və irqi sərhədlər tanımayan bəşəri zirvələrini də məhz həmin millilik fəth etmirmi?
     Yazqabağı:
Səməni,
Al məni,
Hər yazda Sən yada Sal məni... -

deyə milli sevinci yaşamadan:
Balama qurban inəklər,
Balam haçan iməklər?

yaxud:
Balama qurban xalası,
Balam qızıl parası... -

deyə, milli arzulamalar olmadan:
Qızılgül olmayaydı,
Saralıb solmayaydı.
Bir ayrılıq, bir ölüm,
Heç biri olmayaydı... -

deyə, milli ağrı çəkmədən, «Çörək haqqı!», «Bərəkət haqqı!»- deyə, milli and içmədən, «Anamdan əmdiyim süd burnumdan gəldi!» - deyə, milli şikayət etmədən yalnız Azərbaycanın yox, hətta yalnız Şərqin də yox, bütün bəşəriyyətin Nəsimi, yaxud Füzuli ucalığına yiyələnmək, həmin ucalığa gəlib çatmaq mümkündürmü?
     Yox, mümkün deyil.
     Millilikdən ayrı, millilikdən yuxarıda dayanan, yalnız öz-özlüyündə, müstəqil bir bəşərilik yoxdur və ola da bilməz. Sənətin bəşəriliyinə sənətin milliliyi nail olur. Azərbaycan xalqı ona görə Şekspiri qəbul etdi, ona görə öz balalarına Hamlet, Ofelya, hətta Otello adı verdi ki, bu dahi qələm sahibi ilk növbədə öz doğma xalqının - dilində yazdığı, hisslərini, arzularını ifadə etdiyi ingilis xalqının sənətkarı idi. Don Kixot ona görə Azərbaycan xalqının, az qala, milli ədəbi qəhrəmanına çevrildi ki, o, ilk növbədə öz doğma ispan xalqının nümayəndəsi idi. Lev Tolstoy ilk növbədə rus xalqının böyük yazıçısı olduğu üçün, ən sıx tellərlə rus xalqına bağlı olduğu üçün başqa xalqların da böyük yazıçısıdır.
     XIV əsrdə - bir çox xalqların hələ özünü yenicə tanımağa başladığı bir dövrdə Nəsiminin lirik qəhrəmanı altı yüz ildən sonra da dillər əzbəri olan və cahanşümulluğu ilə bu gün də insanı sarsıdan misraları söyləyirdi:
Məndə sığar iki cahan, mən bu cahana sığmazam,
Gövhəri-laməkan mənəm, kövnü məkanə sığmazam...

     Və biz bu dərin fikrin, kəlamın mənasını açmaq üçün, orta əsrlərin ilkin dövrlərindən etibarən panteist vəhdəti-vücud fik irləri, hürufiliyi tədqiq edirik və əlbəttə, doğru da edirik, lakin eyni zamanda, buradakı «cahana sığmazlıq» Azərbaycan mənəviyyatının göstəricisi, ifadəçisi kimi, Azərbaycan poeziyasının dünyanı görüb, dünyanı tanıyıb, ədalətsizliyin, möhnətin, istismarın, hüquqsuzluğun, xislət naqisliklərinin mənasına varıb keçirdiyi zəngin hisslər, düşüncələrdir. «Cahana sığmazlığı» bu cür dahiyanə bədiiliklə ifadə edə bilmək üçün yalnız bir fərdin, dahi Nəsiminin yox, bütün xalqın - Azərbaycan xalqının əldə etdiyi müdriklik vüsəti vacib idi.
     Heç bir təriqətdən, təmayüldən, fəlsəfi cərəyandan asılı olmayaraq, ən dahi bir qələm sahibinin belə (yəni dahi fərdin, bir nəfərin):
Mən mülki-cahan, cahan mənəm, mən!
Mən həqqə məkan, məkan mənəm, mən!
Mən ərş ilə fərşü kafü nunəm,
Mən şərhü bəyan, bəyan mənəm, mən!
Mən kövnü məkanü gün-fəkanəm,
Bilgil ki, nişan, nişan mənəm, mən!
...Mən cümlə cəhanü kainatəm,
Mən dəhrü zəman, zəman mənəm, mən!
... İnsanü bəşərsən, eyNəsimi.
Həq der ki, həman, həman mənəm, mən! -

deyə monumental İnsan himni, bəşəri bir sərvət yaratması üçün, əlbəttə, ilk növbədə, dili ilə danışdığı, təfəkkürü ilə düşündüyü xalqın böyüklüyü vacib idi. Həmin xalqın İnsanın böyüklüyünü dərk etməsi vacib idi. Aydındır ki, biz fəlsəfi cərəyanların, indiki halda isə, konkret olaraq,, hürufiliyin əhəmiyyətini kiçiltmək, mənasını azaltmaq fikrindən çox uzağıq, söhbət Nəsimi poeziyasının və ümumiyyətlə, bütün xalqların böyük poeziyasının milli mənsubiyyət gücündən və zənginliyindən gedir.
     Xalqın mənəvi sərvətini, ilk növbədə, həmin xalqın dili yaradır. Xalqın təfəkkürü, psixolojisi, hiss-həyəcanı nə qədər zəngindirsə, onun dili də həmin zənginliyə müvafiq olaraq, ən incə insani hisslərdən tutmuş ən mürəkkəb dünyəvi hadisələrəcən yaşayışın, mənəvi və maddi həyatın panoramını, mənasını, məğzini bütün vüsəti ilə ifadə edə bilmək qüdrətinə malikdir. Dil qədimdirsə, dil unudulmayıbsa, ictimai və mənəvi aləmdə həmişə aktiv iştirak edibsə, xalqın böyük dühaları özlərini və özləri ilə birlikdə xalqlarını da bu dildə ifadə ediblərsə, o dil həmin qədimliklə bərabər, həmişə də müasirdir.
     Azərbaycan dili Dədə Qorqud zamanının da, Xətai dövrünün də və bu günün də müasir dilidir. Azərbaycan dili həmişə zəmanənin mürəkkəb siyasi-ictimai problematikasını da (misal üçün, Füzulinin «Şikayətnamə»sini yadımıza salaq!), mənəvi aləmini də (yenə də elə Füzulinin «Leyli və Məcnun»unu xatırlayaq!) ehtiva edə biləcək bir yüksəklikdə durmuşdur.
     Azərbaycan dilinin müasir Azərbaycan ərazisində geniş yayılması ən qədim dövrlərin tarixi hadisəsidir. «Mixi yazılarda, habelə ilk mənbələrdə olan məlumatlar Azərbaycan ərazisində türk dilinin meydana gəlməsinin eramızdan əvvəlki dövrə aid olduğunu güman etməyə imkan verir».‘ Son dövrlərin tədqiqatları isə bu tarixi daha qədim zamanlara aparıb çıxarır. Misal üçün, Azərbaycan qəbilə birləşmələrindən saqların və qaşqayların (sonuncular bu gün də Cənubi Azərbaycanda yaşayırlar və qədim qəbilə adlarını da olduğu kimi mühafizə ediblər) eramızdan əvvəl VII yüzillikdə müasir Azərbaycanın ərazisində yaşadıqları artıq elmi əsaslı, nüfuzlu mülahizələr kimi irəli sürülür.
     Tarixin ən qədimlərinə aparan dövrdə, o dövrdə ki, bütün bəşəriyyətin mənəvi sərvəti yenicə yaranmağa başlayırdı, o dövrdə ki, hələ Homerin dünyaya gəlməyinə uzun-uzun əsrlər qalırdı, o dövrdə ki, müxtəlif xalqların ilk laylaları, ilk nəğmələri, ilk nağılları yaranırdı, o zaman Azərbaycan dili də mənsub olduğu xalqın bədii-estetik özünüifadəsinin ilkin təcrübələrini yaratdı və həmin dövrdən etibarən bu dildə yaranan bədii əsərlərin ən gözəl nümunələri dünya mədəniyyətinin tərkib hissəsinə çevrildi.
     XVIIIəsrin birinci yarısında Qafqaza gələn M.Y.Lermontov Azərbaycan dili barədə məşhur fikrini yazırdı: «Necə ki, Avropada fransız dili, bu dil də burada və ümumiyyətlə, Asiyada zəruridir...».‘
     M.Y.Lermontovdan bir az sonra Qafqazı gəzən Aleksandr Düma (ata) qədim Azərbaycan şəhəri Şəkidə knyaz Tarkanovun qonağı olur və knyaz vaxtıilə Bestujev-Marlinskidən aldığı bir məktubu Dümaya göstərir. Bu məktub, görünür, Dümanın özünün də fikirlərini təsdiq etdiyi üçün yazıçı onu məşhur «Qafqaz səfəri» kitabına daxil edir. Bestujev-Marlinski həmin məktubda yazır: «...əgər siz qalaq-qalaq qədim və lazımsız kitabları toz uda-uda, öskürə-öskürə vərəqləyib oxumaq həvəskarısınızsa, bunu etməyin. Mən sizə Azərbaycan dilini öyrənməyi məsləhət görürəm».‘ Yəni Şərqin, o cümlədən, Qafqazın qədim tarixini, zəngin mədəniyyətini öyrənmək üçün, ilk növbədə Azərbaycan dilini öyrənmək vacibdir.
     Təsadüfi deyildi ki, Azərbaycan dilində nəinki yalnız Azərbaycan ədibləri, eyni zamanda, qonşu xalqların da ədibləri, misal üçün, bir çox gürcü və erməni şairləri, aşıqları (Vanlı Göyçək, Salmaslı Qul Ərtun, Sayat Nova, Yetim Gürcü, Aşıq Seyran, Aşıq Doni, Aşıq Keşişoğlu, Aşıq Həziri və b.) özlərini ifadə edir, gözəl əsərlər yazırdı.
     Bəzən bir sıra tarixi hadisələrin nəticəsində elə poetik və ümumiyyətlə, ədəbi ənənələr yaranır və müəyyən bir dövr üçün sabitləşir, kanon halını alır ki, bu ənənələrə sadiq qalaraq istedadla yazılmış yüksək bədii-estetik səviyyəli əsərlər bəşəri təfəkkürü, bütün bəşəriyyətə məxsus olan mənəvi sərvəti zənginləşdirir, lakin bir sıra hallarda belə bir mühüm «zənginləşdirmə» prosesində milli dil iştirak etmir.
     Latın dili antik dövr Avropasının şer, sənət, elm dili idi və qədim dövr Avropa ədəbiyyatının Katulla, Vergili, Horatsi, Ovidi və bir çox başqaları kimi böyük nümayəndələri bu dildə yazıb-yaradırdılar. Get-gedə bu dil, milli mənada, ölü bir dilə çevrildiyi halda, kilsənin sövqü və təsiri nəticəsində bədiiyyatın, xüsusən, elmin ənənəvi (hətta rəsmi!) dili oldu. Məlumdur ki, Avropada bu proses çox uzun davam etdi və hətta Avropa İntibahının ingilis Tomas Mor, italiyalı Tommazo Kampanella, holland Roterdamlı Erazm kimi böyük yaradıcıları öz əsərlərini mənsub olduqları milli dildə yox, latın dilində yazdılar. Ənənə o qədər güclü idi ki, sonrakı dövrlərin Dekart, Spinoza, Bekon, Qassendi, Eyler kimi müxtəlif xalqlara mənsub olan böyük fikir sahibləri də əsərlərini milli dillərində yox, latınca yazıblar. Hətta Lomonosov da bir sıra əsərlərini bu dildə yazıb.
     İslamdan sonrakı dövrdə Azərbaycan ədəbiyyatında, ictimai fikrində ərəb və fars dilləri geniş yayılmışdı və bir çox böyük Azərbaycan ədibləri bu dillərdə yazmışlar.
     Orta əsrlərin ilkin dövrlərindən etibarən Azərbaycan ədəbiyyatının və ictimai fikrinin Musa Şəhəvat, İsmayıl ibn Yəsar, Əbulabbas əl-Əma, Əbu Nəsr Mənsur ibn Mümkan Təbrizi, Xətibi Urməvi, Əbul Məhasin Hüseyn ibn Əli ibn Nəsr Təbrizi, Əli ibn Hibətullah ibn Məhəmməd ibn Xalid Təbrizi, Xəttat Nizami Təbrizi, İskafi Zəncani, Xətib Təbrizi, Şihabəddin Suhrəvərdi, Eyn əl-Quzat, Yusif Tahir oğlu Xoylu və bir çox başqaları kimi görkəmli nümayəndələri ərəb dilində yazmışlar.
     Lakin sonrakı dövrdə fars dili ənənəvi poeziya dilinə çevrildi və Qətran Təbrizi, Əbülüla Gəncəvi, Məhəmməd Fələki Şirvani, Mücirəddin Beyləqani, Qivami Mütərrizi, Məhsəti Gəncəvi, Xaqani Şirvani, daha sonrakı dövrlərin Əssar Təbrizi və bir çox başqaları kimi böyük Azərbaycan şairləri fars dilində yazmışlar, fars dilini inkişaf etdirmişlər və bu mənada fars dili ən zəngin dillərdən biri olmaq etibarilə azərbaycanlılara, həmin azərbaycanlıları yetişdirmiş Azərbaycan xalqına çox borcludur.
     Ayrı-ayrı dövrlərin, epoxaların təbriziləri, gəncəviləri, şirvaniləri, naxçıvaniləri, xoyluları, ərdəbilliləri fars dilinin inkişafında, yayılmasında və bədii-emosional təsirində müstəsna rol oynamışlar. Misal üçün, Qətran Təbrizi- bu böyük Azərbaycan şairi şerlərini, «Qövsnamə» poemasını nəinki fars dilində yazmışdır, eyni zamanda, hələ XI əsrdə fars dilinin mükəmməl lüğətini də yaratmışdır.
     Əlbəttə, fars dilində yazmış ən böyük Azərbaycan şairi dahi Nizami Gəncəvidir. Nizaminin lirikası, «Xəmsə»si yalnız Azərbaycan yox, bütün dünya ədəbiyyatını zənginləşdirmişdir, onun ölməz poemaları həmişə bəşəriyyətlə birgə olacaqdır, çünki Nizami sənətkarlığı, Nizami humanizmi bəşəriyyətin nail olduğu bir zirvədir (Homer zirvəsi kimi, Firdovsi, Dante, Şekspir zirvəsi kimi, Füzuli, Rable, Lev Tolstoy zirvəsi kimi!), lakin bütün bunlar- la bərabər, bir anlıq, cəmi bircə anlıq təsəvvür edək ki, dahi Nizami «Sirlər xəzinəsi»ni də «Xosrov və Şirin»i də, «Leyli və Məcnun»u da, «Yeddi gözəl»i də, «Şərəfnamə» ilə «İqbalnamə»ni də fars dilində yox, öz doğma Azərbaycan dilində yazıb... Bu necə olardı?.. Azərbaycan dili nələr əldə etmiş olardı?!.
     Qətran Təbrizi Gəncədə, Təbrizdə, Naxçıvanda saray şairi idi, Əbülüla Gəncəvi Şirvanşah I Mənüçöhrün sarayında «Məlik üş-şüəra» idi, Mücirəddin Beyləqani Eldəgizlər sülaləsinə yaxın nüfuzlu bir şəxs idi, Qivami Mütərrizi isə adi bir çörəkçi idi, lakin onlar hamısı, eyni zamanda, böyük şairlər idi, onlar parlaq istedadlarının nəticəsində poeziya inciləri yaradırdılar, lakin... lakin fars dilində yaradırdılar...

***


     Dörd yüz əlli il bundan əvvəl Füzulinin lirik qəhrəmanı deyirdi:
Kühkən künd eyləmiş min tişəni bir dağ ilən,
Mən qoparıb salmışam min daği bir dımaq ilən...

     Lakin bu yalnız bir Füzuli lirik qəhrəmanının deyil, bütün Azərbaycan poeziyasının gücü, qüvvəti, əzəməti idi, «min daği bir dımaq ilən» qoparıb darmadağın edən Azərbaycan mənəvi dünyasının əldə etdiyi qüdrət, iqtidar idi və ən başlıcası bu idi ki, ana dilində danışan həmin lirik qəhrəmanın ən böyük iddiası ən yüksək bədii-estetik səviyyədə öz poetik təsdiqini tapırdı, yəni «min daği bir dımaq ilən» qopara bilmək iddiası Don Kixot mülahizələri deyildi. Azərbaycan bədii fikrinin əldə etdiyi qadirliyin qanunauyğun, dialektik ifadəsi idi.
     Füzulinin lirik qəhrəmanı məşhur misraları söyləyirdi:
Pənbeyi-daği-cünun içrə nihandır bədənim,
Diri olduqca libasım budur, ölsəm kəfənim...

     Lakin bu misraların arxasında dayanmış ağrı, dərd, ələm yalnız məhəbbət iztirablarını ifadə etmirdi və eyni zamanda, bu ağrı da, dərd də, ələm də yenə yalnız Füzulinin bir qəzəlinin - dahiyanə qəzəlinin! - qəhrəmanının hissləri, həyəcanları deyildi, bu, Azərbaycan poeziyasının və ümumiyyətlə, bəşəri poeziyanın, bəşəri təfəkkürün nail olduğu bədii-estetik zənginliyin fikri, düşüncəsi, fəryadı idi, həm də yalnız Məcnun fəryadı, aşiq etirafı deyildi, ümumiyyətlə, dünyanı dərk etməyin meydana çıxardığı, dünyanın vəfasızlığından, şərin gücündən doğan yanıqlı bir bəşəri haray və etiraf idi.
Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım,
Oyadar xəlqi əfqanım, qara bəxtim oyanmazmı?..

     Məgər bu iki misranın yaratdığı dahiyanə kədər mənzərəsi, əhvali-ruhiyyəsi elə həmin qəzəlin başlanğıcında «Məni candan usandırdı, cəfadan yar usanmazmı?» - deyə, bizə təqdim olunan yarın, Gözəlin cəfasınınmı nəticəsidir?
     Yox, belə deyil və biz, ancaq belə qənaətə gəlsək, güman ki, Füzuli lirik qəhrəmanının xarakteri düzgün müəyyənləşdirilməz, onun bədii siqləti, xislətinin diapazonu həqiqətdə olduğu təsəvvürü yaratmaz.
     Söz yox, Füzuli lirikasının qəhrəmanı da Məcnun idi, lakin ənənəvi Məcnundan, yəni ərəb folklorundan və klassik ədəbiyyatından gələn Məcnundan fərqli bir qəhrəman idi. Ənənəvi Məcnunun prototipi Bənu Əmir tayfasına mənsub ərəb şairi Qeys ibn əl- Müləvvah idi və müasirləri onu «dəlilər arasında ən böyük şair və şairlər arasında ən böyük dəli» adlandırırdı, onu «Leyli Məcnunu» deyə çağırırdı, yəni «Leylinin dərdindən dəli olmuş» bir aşiq kimi səciyyələndirirdi. Ənənəvi Məcnunun bu xüsusiyyəti Şərq ədəbiyyatında əsərlərdən əsərlərə keçmiş, davam və inkişaf etdirilmişdir. Hətta Füzulinin özünün «Leyli və Məcnun» poemasının qəhrəmanı Məcnunu da bu baxımdan səciyyələndirən cəhətlər çoxdur, lakin Füzuli qəzəllərinin lirik qəhrəmanı Məcnun bu ənənəvi Məcnundan fərqli olaraq yalnız öz Leylisinin - yarın, məşuqənin, Gözəlin dərdini çəkmir, eyni zamanda, xalq dərdi, bəşəriyyət dərdi çəkir (istər-istəməz, Füzulinin «Qəzali-qəzəl seydi asan deyil. Qəzəl munkiri əhli-ürfan deyil» misraları yada düşür...).
Şöleyi-ahımla yandırdım dili-sərkəştəni,
Bir od oldum, cizginən çövrəmdə olmazmı kəbab?

     Yox, bu «ah» yalnız Gözəlin vüsalına yetmək naminə çəkilmirdi, bu «ah»ın ehtivası daha geniş, daha tutumlu idi, məhəbbət bu «ah»ı doğuran müdriklik, vətəndaşlıq, üsyankarlıq kimi atributlardan biri idi.
Nola ağlarsa Füzuli rövzeyi-kuyin anıb,
Lacərəm gəryan olur qılcaq Vətən yadın qərib...

yaxud:
Edəməm tərk, Füzuli, səri-kuyin yarın,
Vətənimdir, vətənimdir, vətənimdir, vətənim... -

deyərkən buradakı «vətən» məfhumu məhəlli səciyyə daşımırdı, bu Vətən bəşəri hisslərin, bəşəri arzuların yuvası, məskəni idi.
     Füzuli lirik qəhrəmanının söylədiyi:
Mənə zülmi-sərih ol kafir eylər, kimsə mən, etməz,
Füzuli, küfr olurmu gər desəm yoxdur müsəlmanlıq?.. -

misralannı oxuyarkən və bunları öz dövrünün - orta əsrlər müsəlman Şərqinin ortodoks dini təəssübkeşliyi kontekstində təsəvvür etdikdə, Füzuli barışmazlığının əzəməti, vüsəti sözün həqiqi mənasında bir heyrət doğurur.
     Bu, beşik başındakı həmin Ana laylasının qoç Koroğlunun həmin dəli nərəsi ilə birlikdə, vəhdətdə meydana çıxardığı üsyankarlıqdır.
     Əlbəttə, bu sözlərə hərfi mənada yanaşıb mənə deyə bilərlər ki, bəlkə Füzuli dövründə heç «Koroğlu» dastanı olmayıb? Ola bilər ki, olmayıb (şəxsən mən bu fikirdəyəm ki, «Koroğlu» daha qədimdir), lakin məsələ bunda deyil, Koroğlu xalqın döşündən süd əmmiş milli qəhrəmanlıq rəmzidir. Xalqın qəhrəmanlığı isə bu gün də var, min il bundan əvvəl də olub.
     ...Ümumiyyətlə, məhəbbət, Gözəli sevmək və vəsf etmək Azərbaycan ədəbiyyatında əsas etibarilə həyati mahiyyət daşıyıb, xüsusən, Azərbaycan folklorunda Gözəl real bir varlıq olub və bu cəhət, bütün türkdilli xalqların qədim ədəbiyyatı üçün səciyyəvi bir xüsusiyyət olmuşdur. Misal üçün, «Oğuznamə»yə (uyğur versiyaları) bu baxımdan diqqət edək: «... günlərdə bir gün Oğuz kaqan bir yerdə tenrini Çalbarquda erdi. Karanqulut keldi. Kektən bir kök yaruq tüşti. Kündün aya (i) aydın kutululuqrak erdi. Oğuz kaqan yürüdü kördi kim, oşbu Yaruknun arasında bir kız bar erdi. Yalquz olturur erdi, yaxşı kərkülüq bir kız erdi. Anu başında ataşluq yarüklük bir meni bar erdi, altun kazuk də erdi. Oşul kız andaq körüklük erdi kim:
Külsə kök teri külə turur,
Y(1) qalsa kök tenri yıqlaya turur.
Oquz kaqan anı gördüktə özn kalmadı ketti.
Anı sevdi aldı, anun birlə yattı, tiləqüsin aldı.
Tel boğaz boldı.

     Günlərin son gecələrdən son yarudı üç erkək oğulnı toqurdı. Birincisiqə Gün at koydılar, ikincisiqə Ay at koydılar, üçüncüsiqə Yulduz at koydılar...».
     Bu sağlam məhəbbət, həyati məhəbbət, necə deyərlər, oğul- uşaqlı məhəbbət, nəsli davam etdirən, xalqı yaşadan məhəbbət idi və təsadüfi deyil ki, Gözəlin incəliyi, zərifliyi ilə bərabər, pəhləvanlıq məharəti də bizim folklor ədəbiyyatının milli səciyyə daşıyan motivlərindən biridir ki, «Kitabi-Dədə Qorqud»dan üzü bu tərəfə həmişə şövqlə, şuxluqla istifadə olunub.
     «Kitabi-Dədə Qorqud»da «Bayburanın oğlu Bamsı Beyrək boyu»nu yada salaq. Beyrəyin «beşik kərtmə nişanlısı, adaxlısı» Banıçiçəklə ilk görüş səhnəsində oğlan qızı tanımır.
      «Qız aydır:
     -Ol qız elə adam deyildir ki, sənə görünə,- dedi.- Amma mən Banıçiçəyin dadısıyam. Gəl imdi səninlə ava çıxalım. Əyər sənin atın mənim atımı keçərsə, onun atını dəxi keçərsən. Həm səninlə ox atalım, məni keçərsən, onu dəxi keçərsən və həm sə- ninlə gürəşəlim, məni basarsan, onu dəxi basarsan, - dedi.
     Beyrək ayıtdı:
     -Xoş, imdi atlanın!
     İkisi atlandılar, meydana çıxdılar, at təpdilər.
     Beyrəyin atı qızın atını keçdi. Ox atdılar. Beyrək qızın oxunu yardı.
     Qız aydır:
     -Mərə yigit! Mənim atımı kimsə keçdiyi yox, oxumu kimsə yardığı yox. İmdi gəl (bəy yigit), səninlə gürş tutalım,- dedi».
     Beyrək ilə gözəl Banıçiçək iki pəhləvan kimi güləşirlər və Beyrək yalnız «Bu qıza basılcaq olursam, Qalın Oğuz içində başıma qaxınc, üzümə toxunc edərlər»- deyə bütün gücünü toplayıb qızı yıxdıqdan sonra Banıçiçək kim olduğunu deyir.
      «Beyrək üç öpdü, bir dişlədi...»
     Banıçiçək Gözəldir, Məşuqədir, lakin eyni zamanda, real köklərlə torpağa, xalqa bağlı bir məxluqdur və klassik Azərbaycan poeziyasında məhəbbət lirikasının da əsasında, bizcə, məhz belə bir həyati məhəbbət dayanmışdı.
     Eyni zamanda, Azərbaycan poeziyasının zənginliyi, qadirliyi idi ki, misal üçün, üzünü Gözələ tutub:
Müştaqdır üzünə gözü Vaqifın,
Yolunda payəndaz üzü Vaqifın,
Sənsən fikri, zikri, sözü Vaqifın,
Qeyri söz yanında əfsanədəndir... -

deyən Vaqif- bu xalq şairi, xalq aşiqi, eyni zamanda, xalqın ağ- saqqalı kimi, dünyanın bəd işlərini görür, dərd çəkməyi də bacarırdı- «Görmədim» müxəmməsində olduğu kimi...
     Eyni Qəzəllərindən birində «Hər gedən gəlmiş, mənim ol qəmküsarım gəlməmiş» dərdi ilə:
Mən bu dərd ilə əgər ölsəm, məzarə qoymayın,
Üstümə ol tuti dilli şux nigarım gəlməmiş... -

deyən Vaqif- aşiqdi. Molla Vəli Vidadiyə yazdığı məşhur qəzəlində:
Ey Vidadi, gərdişi-dövrani-kəcrəftarə bax!
Ruzigarə qıl tamaşa, karə bax, kirdarə bax! -

deyən Vaqif- ağsaqqal, Vaqif- vətəndaş bir sənətkar idi və bu, əlbəttə, poeziyanın da, xalqın da böyüklüyü idi.
     Klassik Azərbaycan poeziyası xalqın ürəyindən gələn bir şövq ilə, misal üçün, Füzuli lirik qəhrəmanının dili ilə:
Vəh nə qamət, nə qiyamət, bu nə şaxi-güli-tərdir?
Nə bəladır, nəzər əhlinə, nə xoş məddi-nəzərdir?-

deyə Gözəli görür, gözəlliyə heyrətlənirdi. Füzulidən iki yüz il sonra Vaqif lirik qəhrəmanı xalqın qəlbindən qopub gələn sağlam bir ehtirasla (həmin həyati məhəbbətin doğurduğu bir ehtirasla!), sədaqətlə, səmimiyyət və sadəliklə:
Sərv boylum, bir çıx, görüm boyunu,
Onda qurban edim canı mən sənə.
Qaşlarının tağı qibləgahımdır,
Fəda qılım din-imanı mən sənə... -

deyə o Gözəli cismani şəkildə görür və təsvir edirdi, elə bil ki, bədahətən, birnəfəsə söylədiyi şerlərdə Gözəli sevirdi. Gözəli xalqın ən adi bir nümayəndəsinin, adi bir kəndlinin gözləri ilə görürdü, lakin bu cismani görümü nə qədər yüksək bədii-estetik bir səviyyədə təqdim edirdi. Azərbaycan mənəviyyatı Vaqifin saf misraları ilə (az qala, «sədəf dəhanından çıxan sözləri» ilə demək istəyirəm!) bir daha sadəliyin müdrikliyini, sadəliyin qeyri-adiliyini göstərdi, sadəliyin, əgər belə demək mümkünsə, şəffaf estetikasını yaratdı.
     Xalq, əlbəttə, sadədir, lakin xalqın sadəliyi, təbii ki, xalqın sadəlövhlüyünün yox, müdrikliyinin doğurduğu etik bir kateqoriyadır və buna görə də, yəni həmin müdrikliyinə görə də Azərbaycan xalqının bədii-mənəvi tələbatı yüksək, estetik zövqü son dərəcə ciddi, dəqiq, dürüst idi. Həmin bədii-mənəvi tələbat, həmin estetik zövq hər cürə epiqonçuluğu, deyilmişlərin təkrarını, hərgah belə demək olarsa, mücərrəd primitivliyi rədd edirdi. Xalq Vaqifdən təxminən iki yüz il sonra, bu dəfə də ürəkdən gələn şux bir istehza ilə, Sabirin dahiyanə qələmi vasitəsilə:
Xalın üzündə buğda, başmda saçın qürab,
Qah, qah!.. Qəribə gülməlisən xaniman xərab!.. -

deyə «alnı ay, üzü günəş, qaşları kaman» gözələ - epiqon poeziyanın sabitləşmiş müqəvva qəhrəmanına gülürdü.

***


     Bütün zəngin ədəbiyyatlarda olduğu kimi, Azərbaycan ədəbiyyatı da yarandığı ən ilkin dövrdən etibarən Xeyir ilə Şərin mübarizəsində Xeyirin müttəfiqi olmuşdur; bu ədəbiyyat Şəri görmüş və göstərmişdir. Şər onu da dərdə salmış, dərindən düşündürmüş, hətta bəzi məqamlarda küsdürmüşdür də: eyni zamanda, Xeyir də bütün vüsəti ilə görülmüş və göstərilmişdir, tərənnüm olunmuşdur, vəsf edilmişdir; yəni «olum»un şirinliyi, gözəlliyi, aliliyi ilə bərabər, «ölüm»ün kədəri də dərk edilmişdir. Buna görə də Azərbaycan ədəbiyyatının ümumi bədii-fəlsəfi ovqatı, əhvali-ruhiyyəsi yalnız bir planlı, bir səpkili olmamışdır, bizim, misal üçün, yalnız gülən sənətkarlarımız olmamışdır (gülə-gülə ağlayan sənətkarlarımız isə olmuşdur! Mirzə Cəlil, yaxud Sabir, yaxud Üzeyir bəy... hətta xalqın yaratdığı Molla Nəsrəddin, yaxud Bəhlul Danəndə də yalnız gülən deyil, daha artıq dərəcədə düşündürən surətlərdir), xalq nikbinliyi, şuxluğu, şövqü ilə bərabər, dərd, kədər də Azərbaycan ədəbiyyatında özünün yüksək bədii ifadəsini tapmışdır.
     Bu mənada, biz hər iki motivin təzahürünü və inkişafını bütün böyük sənətkarlarımızın, hətta nikbinliyi, şövqü ilə xüsusi seçilən aşıqlarımızın belə yaradıcılığında görə bilərik.
Şeri, gözəl, mən söylərəm şanına,
Olsun varım qurban sənin canına,
Mən yetiməm, bir al məni yanına,
Gəlsin onda kef, damağa ləblərin!.. -

deyə XVI əsrin əvvəllərində Gözəli vəsf edən, şux, birinci misrasından sonuncu misrasınacan nikbinliklə, həyati bir sevinclə nəfəs alan bu tipli gəraylılarına, qoşmalarına dönə-dönə təsadüf etdiyimiz böyük Qurbani, eyni zamanda:
Çaylar coşdu, yollar işləməz oldu,
Gəmisi girdabda qalan canım, hey!.. -

deyə dərd çəkirdi.
     Qurbanidən bir az sonra Aşıq Abbas Tufarqanlı sazı sinəsinə sıxıb:
Aradım Osmanı, gəzdim Əcəmi,

Misri, İstanbulu, Şamı görmüşəm.
Harda adı bəlli gözəl varsa da,
Arayıb, axtarıb hamı görmüşəm... -

deyə Gözəl sorağında dünyanı gəzirdi, eyni zamanda, xalqın gözü ilə zəmanəyə, mühitə, insanlara baxırdı:
Ay həzarat, bir zamana gəlibdi,
Ala qarğa şux tərlanı bəyənməz.
Oğullar atanı, qızlar ananı,
Gəlinlər də qayınananı bəyənməz... -

deyə müasirlərinin xarakteristikasını verirdi: «Adam var geyməyə tapammaz bezi, adam var, al geyər, şalı bəyənməz...», «Adam var ki, çörək tapmaz dünyada, adam var yağ yeyər, balı bəyənməz...», «Adam var ki, heyvan ondan yaxşıdı, dindirərsən, heç insanı bəyənməz...».
     Biz Azərbaycan ədəbiyyatı tarixində yaradıcılığın psixolojisi baxımından son dərəcə maraqlı olan başqa tipli haçalaşma prosesinə: şair- şəxsiyyət probleminə də təsadüf edirik.
     Xətainin həyatına bələd olmayan hansı ədəbiyyatşünas, alim, hansı fəhmli adam dünyanı dəruni dərkdən, müdriklikdən doğan:
Gələn birdir, gedən birdir, qalan bir,
Haman birdir, haman birdir, haman bir... -

yekbeyti oxuyarkən, yaxud qoşmalarından birində həyatla bağlı, gəldi-gedərliklə bağlı insani kədəri ifadə edən:
Xətai, dünyanın ötəsi fani,
Bizdən əvvəl bunda gələnlər hanı? -

misralarını oxuyarkən, yaxud başqa bir qoşmasında:
Yenə mehman gördüm, könlüm şad oldu.
Mehmanlar, siz bizə səfa gəldiniz!
Qar-qış yağar ikən, bahar-yaz oldu,
Mehmanlar, siz bizə səfa gəldiniz!... -

deyə qonağa görə pak bir uşaq sevincinin şahidi olarkən, yaxud yenə də başqa bir qoşmasında:
Avçı deyiləm ki, düşəm izinə,
Qaça-qaça qanlar endi dizinə,
Sürmələr hey çəkdin qonur gözünə,
Qaçma məndən, qaçma, avçı deyiləm... -

deyə incə, məsum aşiq hisslərinin ifadəsini görərkən ağlına gətirə bilər ki, həmin bu müdrik, bu kədərəngiz, bu uşaq qəlbli insan, bu kövrək, hətta qətiyyətsiz aşiq orta əsrlər tarixinin ən böyük hökmdarlarından, fatehlərindən biridir? Kimin ağlına gələ bilər ki:
Xətaiyəm, bir haləm,
Əlif üstündə daləm.
Sufiyəm təriqətdə,
Həqiqətdə abdaləm -

deyə, əslində, yəni, xisləti etibarilə bir dərviş olduğunu, orta əsrlər müsəlman Şərqinin on minlərlə, yüz minlərlə adi qələndərlərindən biri olduğunu elan edən bu sufi şair, zəmanəsinin ən böyük ordularını darmadağın edən, kölgəsi ilə zəmanəsinin qüdrətli şahlarını, sultanlarını, əmirlərini qorxudan Birinci Şah İsmayıl Səfəvidir?
     Dünya ədəbiyyatı tarixinin ən maraqlı və ən qəribə metamarfozalarından biri olan bu şair Xətai- hökmdar Səfəvi eyniliyi sırf Azərbaycan mənəvi dünyası kontekstində, Azərbaycan psixolojisi, özünüifadəsi və özünütəsdiqi kontekstində, necə deyərlər, gəlib öz yerini tutur.
     Azərbaycan folklorunda müdriklik- şairlik, aşiqlik və qəhrə- manlıq həmişə müştərək ifadə olunmuşdur, bu anlayışlar Azərbaycan folklorunun ən əsas mövzu göstəricisi, ən aktiv atributlarıdır. Yalnız elə «Kitabi-Dədə Qorqud»a müraciət etmək kifayətdir ki, xalqın müdrikliyi- şairliyi barədə, məhəbbəti, vəfası, ilqarı, qəhrəmanlığı barədə, bu məfhumların xalqın gündəlik həyatında, güzəranında oynadığı rol barədə dolğun təsəvvür əldə edəsən. Bizim, misal üçün, qəhrəmanlıq eposumuzda, dastanımızda söhbət, deyək ki, Avropanın məşhur İslandiya saqalarından bəzisində olduğu kimi, ancaq və ancaq qəhrəmanlıqdan, şücaətlər göstərməkdən, igidlik nümunələrindən getmir, eyni zamanda, həmin qəhrəmanlıqla, şücaətlə, igidliklə bir səviyyədə dayanan şerdən- sənətdən gedir. Koroğlu kimdir? İlk növbədə qəhrəman, ilk növbədə aşiq və yenə də ilk növbədə şair... Beşik başındakı o Ana laylası ilə Koroğlunun dəli nərəci arasındakı həmin bağlılıq...
     Məhz buna görə də, yəni Azərbaycan xalqının əxlaqından, tipoloji xüsusiyyətlərindən doğduğu üçün, M.S.Ordubadinin obrazlı təbiri ilə desək, qılınc ilə qələmin vəhdəti («Qələmin ucu- qılıncın gücü!» atalar sözü yadıma düşür...), eyniyyəti hadisəsinə Azərbaycan tarixində, yuxarıda yazdığımız kimi, az təsadüf etmirik:
Dedüm ki, ləbün; dedi, nə şirin söylər,
Dedüm ki, belün; dedi, nə narın söylər,
Dedüm ki, canum cümlə fədadur saçuna,
Dedi ki, bu miskin hələ varın söylər...

     Məhz Kimdir bu miskin? XIV əsr böyük Azərbaycan şairi Qazi Bürhanəddin və eyni zamanda, həmin əsrin bütün Şərqdə, xüsusən, Ön Asiyada ən görkəmli siyasi xadimlərdən biri olan hökmdar, Sivas sultanı Qazi Bürhanəddin.
Ey cəmalın aftabi-layəzal,
Vey yüzün dövri-qəmər, qaşm hilal.
Çeşmeyi-ləlindədir abi-zülal,
Ayəti-həqdir ruxunda xəttü-xal...

     Məhz Bəs Gözəlin «xəttü-xal»ını bir «ayəti-həq» hesab edən və bunu aləmə bildirməkdən çəkinməyən bu çılğın aşiq, bu gözəllik vurğunu kimdir? XV əsr böyük Azərbaycan şairi Həqiqi və eyni zamanda, Azərbaycan Qaraqoyunlu dövlətinin banisi Qara Yusifin oğlu, atasından sonra bu böyük dövlətin hökmdarı, zəmanəsinin ən görkəmli siyasi xadimlərindən biri Mirzə Cahanşah Qara- qoyunlu.
Xansı dağın laləsisən, ey bənəfşə xətlü kim,
Sünbülün buyindən olur bağ içində susəni...

kimi akvarellə işlənmiş obrazlı misraların müəllifi, yaxud
Var könül zülfinə saru yüri ənva ilə kim,
Xoşdur uzax yolları varmaq ey aydın gecələr
- deyən romantik kimdir? XV əsr gözəl Azərbaycan şairi Hidayət və eyni zamanda, qüdrətli Azərbaycan Ağqoyunlu dövlətinin böyük əmiri Əfsəhəddin Hidayətüllah.
     Məgər M.P.Vaqifin özü Qarabağ xanlığının baş vəziri deyildimi?
     Azərbaycan tarixinin bu səhifələri, eyni zamanda, Azərbaycan ədəbiyyatının şanlı səhifələridir, həm də bədii-estetik tutum, mündəricə baxımından dolğun səhifələridir.
Sünbül saçın gül yüzünə çünkim niqab olur, şəha.
Pünhan olan gözün ol dəm şol afitab olur, şəha.
Ləli-ləbi-yaqutuna can necə təşnə olmasın,
Çünkim anın hər qətrəsi dürri-xoşab olur, şəha...

     Bu hərarətli, necə deyərlər, ehtizazlı beytlərin müəllifi XV- XVI əsrlər görkəmli Azərbaycan şairi Həbibidir və burada heç bir təəccüblü şey yoxdur, çünki Həbibi Şah İsmayıl Xətainin sarayında «Məlik üş-şüəra» rütbəsinə çatmışdı və əlbəttə, beləcə gözəl aşiqanə qəzəllər, eləcə də qəsidələr, qitələr, müsəddəslər yazırdı. Lakin:
Bilməzəm kim, nə bəladur başıma sevdayi-eşq,
Karturub əksilməz başımdan dəmbədəm qovğayi-eşq...

yaxud başqa bir qəzəlində:
Bana canü cəhan sənsiz gərəkməz,
Behişti-cavidan sənsiz gərəkməz -

deyən şair, bir çox yüksək bədii səviyyəli poetik əsərlərin müəllifi, Həbibinin müasiri, görkəmli şairimiz Gülşənidir. Azərbaycan mənəvi dünyasının spesifikasma bələd olmayan kimsə, yəqin eşidəndə, biləndə ki, şair Gülşəni, eyni zamanda, «Xəlvətiyyə» sufi təriqətinin nüfuzlu nümayəndələrindən biri idi, həmin təriqətin məşhur «Rövşəniyyə» qolunu yaratmış Dədə Rövşənin tələbəsi idi, zəmanəsinin tanınmış şeyxi İbrahim bin Məhəmməd bin Şəhabəddin idi, çox təəccüb edər...
     Bu Bu müdrik şeyx və çılğın aşiq 100 ildən artıq yaşamışdır. 1427-ci ildə qədim Bərdədə anadan olmuş, 1533-cü ildə Vətənindən uzaqlarda, uzaq Misirdə vəfat etmişdir...
     Bu Bu şair və şeyx ömrünün həmin əzəmətli rəqəmi barədə düşünürəm. Aşıq Ələsgər 105 il yaşadı. Aşıq Alının 111 yaşı var idi və bu barədə fikirləşəndə, bu böyük el sənətkarlarının 105 yaşında, 111 yaşında sazı sinəsinə sıxıb poeziyanın, sənətin dili ilə dünyanın etibarından və etibarsızlığından, igidlikdən, məhəbbətdən, xislətin ən incə nöqtələrindən deməsini təsəvvürümdə canlandırdıqda, mənə elə gəlir ki, ulu Dədə Qorqud min illərdən bəri yalnız mənən yox, cismən də Azərbaycan poeziyası ilə, yəni Azərbaycan xalqı ilə birgə olub, yalnız mənən yox, cismən də yaşayıb, ömür sürüb...
     Bu Bu sözləri yazıram və elə bil ki, 100 yaşlı Aşıq Bəstinin uzun-uzun illərin arxasından süzülüb gələn səsini eşidir, nəfəsini duyuram:
Məleykə boyludu, şirin ləhcəli.
Əzəldən tamaşa olan bu dünya.
Qoca cadugərdi, aldadar səni,
Cavanlıq donunda qalan bu dünya...

     Bu 100 yaşlı ağbirçək aşıq böyük poetik ilhamın, verginin bəhrəsi olan bu misralarla («Qoca cadugərdi, aldadar səni, Cavanlıq donunda qalan bu dünya!») pis əməllərdən, qara hisslərdən, nəfsdən çəkindirirdi. 100 yaşlı bu sənətkarın həməsri, XIX əsr Azərbaycan lirikasının gözəl nümunələrini yaratmış Aşıq Pəri isə çox erkən yaşlarında vəfat etmişdir. Hətta deyilənə görə, cəmi 23 il yaşamışdır. Azərbaycan ədəbiyyatını da Azərbaycan dili kimi yaxşı bilən şərqşünas Adolf Berje 1868-ci ildə Leypsiqdə nəşr etdirdiyi «Qafqaz və Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuə» kitabında gənc Aşıq Pərinin bir qadın kimi gözəlliyindən, yaraşığından söhbət açır və yenə də Azərbaycan poeziyasının qadirliyi, müdrikliyi idi ki, bu gözəl, cavan, parlaq istedada malik şair də dünyanın, necə deyərlər, «gəlişi gözəlliyinə» uymamış.
O fələkdir göyü, yeri dağlayan,
Əzəl şad eyləyib sonra ağladan,
Sinəsində şer, kitab bağlayan
Sahibi-huş, gövhər kanı neylədin? -

deyə dünyaya müraciət edir, sual verirdi.
     Burasını da qeyd etmək istəyirəm ki, Nizaminin «Xəmsə»si, yaxud deyək ki, Füzulinin «Leyli və Məcnun»u kimi monumental nümunələrə malik olan Azərbaycan poeziyasında xalqdan gələn qəribə bir qədirşünaslıq mütəmadi özünü göstərir. Hətta cəmi ikicə misrası, lakin təbii ki, böyük istedadla söylənmiş ikicə misrası qalmış sənətkarın belə adı, bu böyük milli poeziyanın səhifələrində, yaddaşında həkk olunur, qiyməti verilir:
Əfsus ki, yarım gecə gəldi, gecə getdi,
Heç bilmədim ömrüm necə gəldi, necə getdi...

     Bu parlaq beyt XIX əsrin birinci rübündə yaşayıb-yaratmış Ağabəyim ağa Ağabacının irsindən yadigar qalmışdır.
     Ağabəyim ağa şair Xurşudbanu Natəvanın bibisi, Qarabağ xanı İbrahimxəlil xanın qızı, İran şahı Fətəli şahın arvadı idi və həsrət dolu, möhnət dolu bir bayatı da bizim poeziyamızda ondan yadigardır:
Mən aşığam qara bağ,
Qara salxım, qara bağ,
Tehran cənnətə dönsə,
Yaddan çıxmır Qarabağ...

     Əlbəttə, bu bayatını da İran sarayının nüfuzlu «banuyi-hərəm»i yox, Azərbaycan xalqının şairi deyirdi...
     İsmayıl bəy Qutqaşınlı çar ordusunun generalı idi, Abbasqulu ağa Bakıxanov da, Mirzə Fətəli Axundov da polkovnik idi, lakin bu rütbələrə, mənsəblərə baxmayaraq, onlar ilk növbədə azərbaycanlı idilər, öz xalqlarının sənətkar oğulları idilər, ürəkləri xalqın ürəyi ilə birgə vururdu, istəkləri general istəyi, polkovnik istəyi yox, doğma xalqlarının istəyi idi.
     A.Bakıxanov varlı, yaraşıqlı və savadlı bir şəxs, Peterburq, Varşava aristokrat salonlarının qəhrəmanı idi. A.S.Puşkinin anası Nadejda Osipovna qızı Olqa Sergeyevna Pavlişşevaya yazdığı məktubda A.Bakıxanov haqqında deyirdi: «Abbasqulu ağa... necə maraqlı insandır, necə gözəl danışır, mən onun ədalarını, özünü aparmasını sevirəm, o hədsiz dərəcədə mənim xoşuma gəlir, mən sənə təşəkkür edirəm ki, o bizə gəlib (A.Bakıxanov Varşavada yaşayan O.S.Pavlişşevadan Puşkinlərə məktub gətirmişdi).
     ...Leon və Aleksandr (söhbət Aleksandr Sergeyeviç Puşkindən və onun qardaşından gedir.) onu görməklərinə çox şad oldular, o bizdə nahar etdi, madam Venevitinova, qrafinya İveliç, madam Neymiç və Sobolevski də bizdə idilər. Abbasqulu sənin haqqında bizə çox danışdı...»
     A.S.Puşkinin atası S.L.Puşkin A.Bakıxanovla görüşü haqqında yazırdı: «Abbas... elə istiqanlı, elə səmimi, elə qayğıkeşdir ki, elə bil, biz onunla köhnə dostlarıq. Ertəsi gün mən onun görüşünə getdim»... S.L.Puşkin Olqaya yazdığı başqa bir məktubunda deyirdi: «Abbasqulu bizimlə çox səmimi görüşüb ayrıldı. O, məni bir neçə dəfə qucaqladı. Əminəm ki, onun sənə və Leona bəslədiyi dostluq hisslərinə mənim də hüququm çatır... mən onu bütün ürəyimlə sevirəm. O həqiqətən maraqlı bir insandır, şübhəsiz ki, sənin bizə təsvir etdiyin kimidir və mən özümü onunla tamam sərbəst hiss edirdim...»
     Əlbəttə, ən yüksək kübar cəmiyyətin Puşkinlər kimi ziyalı nümayəndələrinin də bu cür hörmətini, ilk görüşdən bu cür məhəbbətini qazanmış qırx yaşlı A.Bakıxanovu Peterburqda parlaq karyera gözləyirdi, lakin o ilk növbədə məhz öz xalqının oğlu olduğu üçün Vətənə qayıtdı. Qubada «Gülüstan» ədəbi məclisini yaratdı, xalqının rifahı naminə əlindən gələni əsirgəmədi.
     M.F.Axundov da, İ.Qutqaşınlı da, A.Bakıxanov da böyük istedad və təfəkkür sahibləri idilər, onların Azərbaycan ədəbiyyatındakı mövqeləri də uca və mötəbərdir, lakin Azərbaycan ədəbiyyatında elə simalar da vardır ki, deyək, Mirzə Fətəli dühası ilə heç müqayisə oluna bilməsələr belə, mənsəb, rütbə sahibləri yox, ilk növbədə şair idilər. Misal üçün, hətta Qasım bəy Zakirin:
Yarımayıb kimsə ömründə səndən,
Mükəddər qayıdır qapına gələn -

deyə narazılıq etdiyi general Cəfərqulu xan Cavanşir də ilk növbədə general yox, şair Nəva idi, çünki general Cavanşir yox, məhz şair Nəva Aşıq Pəri ilə məşhur deyişmədə olduğu kimi:
Arifəm bu yerdə yarı görəndə,
Mən nə deyim bu düxtəri görəndə? -

deyə gözəllik qarşısında çaşıb qala bilər.
     Ə.Haqverdiyevin dəqiq və eyni zamanda, rəmzi bir müşahidəsini yada salmaq istəyirəm: «Mirzə Fətəlinin... epoletlər, imtiyazlar, xaç və medallarla bəzənmiş libasının altında od tutub alışmaqda olan bir ürək döyünməkdə idi».
     Bu ürəyi beləcə döyündürən, ilk növbədə, xalq təəssübkeşliyi idi və Mirzə Fətəli İranın maarif naziri Etizadüssəltənəyə yazdığı məktubda deyirdi: «Mən xalqın elə bir üzvüyəm ki, fikrim, davat və qələmimdən başqa bir şeyə əlim çatmır...».
     Lakin bu fikir o qədər işıqlı idi, bu qələm o qədər iti və ötkəm idi, ağ kağız üzərində böyük Vətəndaşlığın mübarizəsini aparan, böyük ədibin bədii-estetik məktəbini yaradan bu mürəkkəb o qədər pozulmaz idi ki, bu «bir üzv» nəinki yalnız ədəbiyyat tarixində, ümumiyyətlə, xalqın tarixində əzəmətli bir miras, «Axundov materializmi və demokratizmi» deyilən bir irs qoyub getdi.
     Qədim Azərbaycan ədəbiyyatı M.F.Axundova qədər dramaturgiya janrına - Avropada öz tarixini antik dövrdən başlayan bir janra müraciət etməmişdi. Azərbaycan xalqı folklor tamaşaları (şəbih tamaşaları, oyuqukla tamaşaları və s.), el oyunları (qız- gəlin oyunları, dərviş oyunları, mərasim şənlikləri və s.) ilə bağlı zəngin ənənələrə malik olsa da, milli mənəvi sərvət kimi dramaturgiya janrını tanımırdı. Mirzə Fətəli 1850- 1855-ci illər arasında altı ölməz komediyasını yazdı və dramaturgiyanı xalqın, hərgah belə demək mümkünsə, milli janrına çevirdi. Hacı Qara, Dərviş Məstəli şah, yaxud Molla İbrahimxəlil həmin komediyaların səhifələrindən çıxıb xalqın milli ədəbi tipajları səviyyəsinəcən yüksəldi (sonrakı dövrün - XX əsrin şeyx nəsrullahları, kefli isgəndərləri, məşədi ibadları, soltan bəyləri kimi!). Bu, heç şübhəsiz ki, sənətkarın ilk növbədə ən sıx tellərlə öz xalqına bağlı olmasının nəticəsi idi, sənətkar- xalq doğmalığının nəticəsi idi.
     Bədii və elmi təfəkkürünün, Vətəndaş xislətinin məhz belə bir xəlqiliyinə görə Axundov fikrinin və qələminin ehtiva dairəsi son dərəcə geniş idi, onun milli klassiklərimizlə bərabər, Platonun və Aristotelin, Firdovsinin və Kopemikin, Caminin və Sədinin, Hafizin və Ruminin, Nyutonun və Spinozanın, Didronun, Monteskyönün və Holbaxın, Darvinin və Hegelin yaradıcılığını öyrənməsi, təqdir və təkdir etməsi ilk növbədə öz doğma xalqına xidmət etmək ehtirasından doğurdu. Bu mənada onun məqsədi tamam aydın idi: «xalqımı...elmin işıqlarına çağırım...».
     Yenə də məhz həmin xəlqiliyinə görə M.F.Axundov Zaqafqaziyada və ümumiyyətlə, bütün Şərqdə A.S.Puşkin dühasının böyüklüyünü, rus xalqının həyatında, mənəviyyatında oynadığı rolu ilk dəfə görmüş və şairin ölümünə yazdığı məşhur poemasın- da ilk dəfə qiymətləndirmişdir.
     M.F.Axundov sadə, anlamlı (və zəngin!) Azərbaycan dilini bizim ədəbiyyatımızın poetika baxımından normativinə çevirdi və təkcə elə bu hadisənin özü kifayətdir ki, xalq onu özü ilə birlikdə həmişə yaşatsın...
     I Şah İsmayıl Azərbaycan Səfəvilər dövlətini yaratdıqdan sonra, Azərbaycan dili yalnız şer-sənət dili, deyək ki, «Leyli və Məcnun» (Füzuli) dili, yaxud «Dəhnamə» (Xətai) dili, zərif lirikanın, fəlsəfi poeziyanın dili yox, rəsmi dövlət dilinə çevrildi, zəmanəsinin ən qüdrətli məmləkətlərindən biri və bəlkə də birincisi bu dildə fərmanlar verdi. Şərq ölkələrindən tutmuş Vatikanacan gedən diplomatik məktublar bu dildə yazıldı, xalqın qüdrəti dilin qüdrətindən, dilin qüdrəti isə xalqın qüdrətindən xəbər verdi...
     Vaxt atlı, biz piyada...
     İllər, onillər, yüzillər bir-birini əvəz etdi. Azərbaycan Səfəvilər dövləti fars dilinin və fars milli elementinin üstünlük təşkil etdiyi İrana çevrildi, Azərbaycan torpağı Dərbənddən tutmuş üzüaşağı, ayrı-ayrı xanlıqlara bölündü və bir sıra hallarda xanların mənsəb təəssübü, məhəlli hökmranlıq iddiası xalqın milli vətəndaşlıq hisslərini üstələdi, illər keçdi, böyük bir xalq iki yerə parçalandı. Azərbaycanla bağlı Cənub və Şimal sözləri ayrılıq qütblərinin adını daşıdı. Cənub İran şahlıq istibdadının, Şimal çarizm müstəmləkəçilik siyasətinin buxovları ilə sarıldı, lakin xal- qın dühası sarsılmadı, xalq öz böyük oğullannın dili ilə, indiki halda, Sabirin dili ilə:
Dindirir əsr bizi,- dinməyiriz,
Açılan toplara diksinməyiriz;
Əcnəbi seyrə balonlarla çıxır,
Biz hələ aftomobil minməyiriz... -
deməkdən, Hadinin dili ilə:
İmzasını qoymuş miləl övraqi-həyatə,
Yox millətimin xətti bu imzalar içində... -

deməkdən çəkinmədi, özü öz xudayar bəylərinə, qəzetçi rza bəylərinə, qoçu əsgərlərinə gülməyi bacardı.
İnteligentik, bu ki, böhtan deyil,
Türki danışmaq bizə şayan deyil,
Türk dili qabili-irfan deyil,
Biz buna qail olan insanlarıq!..
Ay bərəkallah, nə gözəl canlarıq! -

deyə bu cür, necə deyərlər, gözgörəti cahilləri, eləcə də sözdə millət dərdi çəkən, əməldə isə yalnız öz şəxsi marağının, həm də çox zaman millətin marağı ilə daban-dabana zidd olan marağının qayğıları ilə yaşayan və fəaliyyət göstərən yalançı «millət qəhrəmanlarını» olduqları kimi göstərə bildi, elə həmin Sabirin- şair- Vətəndaşın qələmi ilə:
İnteligent ağalar, biz sizi çoxdan tanırıq...
Bilirik, sizdə bu gün qeyrəti-millət yoxdur!

-dedi.
     İllər Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov, Ömər Faiq Nemanzadə kimi ədiblər məhz xalqın dühasına, iradəsinə, arzularına arxalanaraq və bundan qüvvət alaraq zəmanənin qolugüclülərini, hakimi-mütləqlərini, romanovları, Məmmədəli şahları öldürücü satiralarının gülüş hədəfinə çevirirdi. Arxalarında hakimiyyət, var-dövlət, üsuli-idarə, nadanlıq və cəhalət dayanmış çar generalları, qubematorlar, ərbablar, milyonçular, avam mollalar, qoçular fiziki mənada gücsüz, adamsız, pulsuz sabirlərlə, mirzə cəlillərlə, nərimanovlarla, üzeyirbəylərlə, faiqlərlə ölüm-dirim mübarizəsində tamam aciz və miskin idilər...
     İllər Əsrin əvvəllərində «Molla Nəsrəddin» jurnalının nəşri ilə Azərbaycan ədəbi-ictimai-siyasi həyatında «Molla Nəsrəddin» ədəbi məktəbi - bu böyük mənəvi qüvvə yarandı və həmin məktəbin ən istedadlı nümayəndələri - vətəndaşlar rus xalqının, digər xalqların qabaqcıl və mübariz oğulları ilə çiyin-çiyinə çarizmin müstəmləkəçi siyasətinə qarşı ədəbi vuruşa başladı, mollanəsrəddinçilər Azərbaycan xalqının inkişafı, azadlığı, müstəqilliyi uğrunda əllərindən gələni əsirgəmədilər.
     İllər XIX- XX əsr Azərbaycan maarifçi realizmi, tənqidi realizmi, satirası, mütərəqqi romantizmi - bunlar bədii-estetik təsnifat baxımından, təbii ki, tamamilə müxtəlif mahiyyət daşıyırdı, lakin bütün bu cərəyanlar, təmayüllər bir nöqtədə birləşirdi: xalqa məhəbbət, xalq təəssübkeşliyi, xalqın gələcəyi naminə imkan daxilində (bəzən hətta imkan daxilində olmayan!) nə varsa, hamısını etmək, xalqın marağı ilə yaşamaq...
     İllər Cəlil Məmmədquluzadə «Xatiratım»da həmişə özünə xas olan bir təvazökarlıqla «Molla Nəsrəddin»in nəşri ilə bağlı məşhur sözlərini söyləyir: ««Molla Nəsrəddin»i təbiət özü yaratdı, zəmanə özü yaratdı».
     İllər Biz bu əlamətdar sözlərə mühüm bir cəhəti də əlavə etmək istəyirik. «Molla Nəsrəddin»i xalq yaratdı, çünki mirzə cəlillər də, sabirlər də, faiqlər də nizamilər kimi, nəsimilər kimi, füzulilər, xətailər, vaqiflər, mirzə fətəlilər, ələsgərlər, natəvanlar, seyid əzimlər, nərimanlar, zərdabilər kimi xalqın bir hissəsi, bir parçası idi...
     İllər...Karvan yola düzülür...
     İllər Əsrlərdən əsrlərə adlayan o karvanı zınqırovlar müşayiət etmir, yox, o karvanı beşik başındakı həmin Ana laylası, Koroğlunun həmin dəli nərəsi müşayiət edir. Dədə Qorqudun min illərdən bəri yorulmaq bilməyən və heç zaman da yorulmayacaq qopuzu müşayiət edir...

1986.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (04.07.2014) | Müəllif: R.C E W
Baxış: 947 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more