Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Kədərin poeziyası
KƏDƏRİN POEZİYASI


     Vaqif Bayatlı Önərin «İndən belə ağlama, uç!» silsilə şerlərini («525-ci qəzet», 11 sentyabr 1996) oxuduqdan sonra, bu şerlər xeyli müddət mənim içimdə yaşadı, suallar verdi və bu sualların bir qisminə cavab da verdi, amma cavab vermədiyi suallar da oldu və yəqin belə də olmalıdı, çünki əsl poeziyanı, sənəti cavablardan daha çox, suallar yaradır.
     Təxminən 20 il bundan əvvəl, Vaqifgil şerə gələndə və özləri ilə yeni bir nəfəs gətirəndə ortodoks ədəbi tənqid və ortodoks ədəbi ictimaiyyət onları bədbinlikdə təqsirləndirirdi, onların şerindən sosialist-realizminin nikbinliyini tələb edirdi və ümumiyyətlə, bu poeziyanı qəbul etmirdi, çünki bu şerlər sosialist-realizmi ədəbi metodunun kirəcləşmiş doqmatik çərçivələrinə heç cürə sığışmırdı və buna görə də rəsmi və inzibati ədəbi meyarlar müqabilində qeyri-təbii görünürdü, bəzən, hətta qorxudurdu, vahiməyə salırdı.
     O zaman mən Yazıçılar İttifaqında işləyirdim, bir gənclik ehtirası və şövqü ilə ədəbi prosesin içində idim və o zaman bizim bu yeni mövzulu, yeni keyfiyyətli şeri qorumaq üçün ədəbi mübarizələrimizin acı və xoş, bəzən də absurd dərəcəsinə catan əcaib xatirələrini mən Vaqifin yeni şerlərini oxuyanda, elə bil ki, yenidən yaşadım və bu gün mənim üçün fərəhli və elə bilirəm ki, ədəbiyyatımız üçün çox dəyərli bir haldır ki, o poeziya məhvərini dəyişmədi, vulqar sosioloji hücumlar, danoslar, şirnikdirmələr də poeziyanın mahiyyətinə soxula bilmədi.
     Vaqifin bu silsilə şerləri bir tərəfdən, ümumiyyətlə, xislətin naqisliyindən və müvəqqətiliyindən, real həyatın mənasızlığından, dünyanın - həm «bu dünya»nın, həm də «o dünya»nın heç cürə anlaşılmayan, izah edilməyən sirlər aləmi olmasından, o biri tərəfdən də mütinin, miskinin, zavallının, şikəstin ahından, onların payına düşən tale qismətindən, insanın insana qənim kəsilməyindən - şair dünyagörümündə bir-biri ilə bağlı, bir-birinin davamı olan bu ikiliyin vəhdətindən doğan bədbinliyin ifadəsi, axtarışı, arzusu, fantaziyasıdır.
     Bu şerlərin qəhrəmanı real aləmə sığışmır, yaşayışın qanunları, ahəngi, eyniliyi, adət etdiyimiz məişət onu sıxır və «Yox olmaq» şerindəki kimi, onun daxilində həmin bünövrədən baş qaldıran istək belə bir mənəvi qeyri-reallıqlardan ibarətdir:
Hər axşam görünüb,
Hər axşam yox olmaq.
Ulduzların hər axşam
Sulara girib
Hər səhər yox olmağı tək.

     Bu qəhrəman filosofdur, onun deyimi millidir, düşüncəsi isə bəşəridir, onun fantaziyaları tamam mücərrəd, qeyri-realdır və Vaqif poeziyasının poetik obrazlar aləmini doğan da elə həmin zərif, xeyirxah, isti hissiyyatlı mücərrəd fantaziyadır.
Yox olmaq, yox olmaq,
Yox olduğunu bilmədən
Bütün yox olanlarla
Alın-alına, göz-gözə,
Nəfəs-nəfəsə qalmaq.

     Bu qəhrəman real aləmdə də, fantaziyalarında da özünü axtarır, həyatının və ümumiyyətlə, həyatın mənasını arayır, çox vaxt bu mənanı tapa bilmir və bu zaman öz obrazlar aləminə girir, onun eləcə də zəngin hissiyyat aləmi var, konkretlik ona yaddır, onda istəyin, arzunun dəqiq ünvanı yoxdur:
Ölməyə aparırlar - yaşamaq istəyirəm,
Nəfəs verirlər - ölmək istəyirəm.
(«Olməyə aparırlar»)

     Onun üçün bəşəri xislətin günahı o qədərdir ki, burada yaxşı ilə pis, doğru ilə yalan, ağ ilə qara - hamısı bir-birinə qarışıb və burada artıq hansısa meyarlardan, ölçülərdən, kateqoriyalardan söhbət gedə bilməz:
... ən böyük yalan ən böyük həqiqətdi ən böyük həqiqət ən böyük yalan olduğu kimi...
(«Həqiqətlərdən boğaza yığılanlar»)

     Bir tərəfdən müdhiş Xocalı faciəsindən tutmuş, Çingiz Mustafayevin qucağındakı ölü uşağa kimi, insan əməllərinin nəticəsi onu sarsıdır, dərdə salır, küsdürür, amma o biri tərəfdən də elə həmin «Ölməyə aparırlar» şerindəki kimi, onun üçün insan Tanrı dərəcəsində bir varlıqdır:
-Hardasan, Tanrım? — deyirəm,

İnsanoğlu cavab verir.
-Bu sənsənmi, insanoğlu?
-Mənəm. — deyir Tanrı.

     O insanlar üçün Tanrıdan «bir ovuc ulduz» istəyir və «bircə ulduzu da mən istəyirəm» — deyir, amma bu romantika (hərgah buna romantika demək olarsa!) ənənəvi şair — ay-ulduz romantikasından çox uzaqdır:
...o bircə ulduzdan açılmaq istəyirəm.
Yəni keçirmək istəyirəm boynumdakı zəncirin son ucunu o ulduza...
... sonra ayağım altından itələmək yür üzünü ölüm kətili kimi yellənmək bütün kainat boyu
Allahın boynundan asılı medalyon kimi.
(«Bu nə qaranlıq, Tanrım»)

     Bu qəhrəmanın müraciət etdiyi, danışdığı, umduğu ən əsas poetik mənbə, mənəvi sarsıntıları, dərdi, ələmi müqabilindəki ən əsas təskinlik və ümid yeri - Tanrıdır və Tanrıya inamı da taleyə inamı ilə bərabərdir, elə buna görə də həyata münasibəti fatalizmə söykənir:
Böyük oğullar doğulan gün böyük oğulların boyuna biçili dar ağacları da doğulur.
Böyük oğullar doğulan gün doğulur böyük oğulların balaca cəlladları da.
(«Böyük oğullar»)

     Onun obrazlar aləmi həyatdan daha artıq ölümün, diridən daha artıq ölmüşlərin bilavasitə sövqü və iştirakı, yaxud da onların törətdiyi ovqatın müşayiəti ilə yaranır, bu dünyanın yox, o biri dünyanın (haqq dünyasının!) süzgəcindən süzülüb gəlir və onun təsvir etdiyi bu obrazları gözümüzün qabağında canlandırmaq mümkün deyil. Ona görə yox ki, onlar qeyri-realdır, gözlənilməzdir, ona görə ki, dediyim həmin zəngin hisslərin ifadəsidir:
... sən mənə başdaşı ağla, başdaşı qoy,
bir damla göz yaşından...
     Yaxud:
Ölülər uşaqlar kimi bütün gün kəfənlərindən kəpənəklər düzəldərlər qəbirlərində bitən çiçəklərə.
(«Xocalı - Tanrının balası»)

     Vaqif poeziyasında, hətta təbiətin gözəlliyinin arxasında belə, nikbin hissiyyat yox, bir bədbinlik, ağrı, acı, dərd, ələm dayanır və mən bir oxucu kimi, bəlkə də onun yaradıcılığında bu dərəcədə bədbinlik, küskünlük, çarəsizlik, məhkumluq görmək istəməzdim, amma - və bu mənə artıq gün işığı kimi, aydındır! - bu, nə oxucunun istəyindən, nə də, görünür, Vaqifin özündən asılıdır: bu ovqat, bu hissiyyat onun dünyagörümünün mayasına hopub və bu ovqatsız, bu hissiyyatsız yəqin ki, onun poeziyası da mümkün deyil.
     Misal üçün, poeziyanın və ümumiyyətlə, sənətin uzun-uzun əsrlər boyu tərənnüm etdiyi dan yerinin ağarması belə, Vaqifin qəhrəmanı üçün ağrının, acının təcəssümüdür:
Böyük ağrılardan ağarır dan...
(«Böyük oğullar»)

     Bəzən elə bil ki, o nikbindir, fikirləri, axtarışları, hissiyyatı bir ideal görüm gətirib onun gözlərinin qarşısına, amma bu görümün də arxasında bir təbəssüm yox, kədər, ötürülməmiş bir köks dolğunluğu, bir qəhər dayanıb:
Yer üzünün
bütün ahlarını çəkib
bütün günahlarını işlədib
qurtarıb insanlar,
qurtarıb yer üzünün də günahları
qurtarıb Tanrmın
dünya üçün ayırdığı günah ehtiyatı...
(«Bir uzun şerdi dünya»)

     Vaqifin qəhrəmanı bütün zamanların və bütün xalqların ən böyük qəhrəmanını, kədərli rıtsarı - Don Kixotu mənim yadıma salır, çünki o da təmizdir, pakdır, dünyanın dərdini çəkir və öz kədərli obrazlar aləminə qapanıb öz qeyri-adi fantaziyalar dünyasında qeyri-bərabər mübarizə aparır, qüvvələr tənasübü təsəvvür olunmayacaq dərəcədə onun ziyanınadır, amma onun daxili təpəri öz hissiyyatı ilə xislət əməllərinə (dirilər dünyasına!) qarşı dayana bilir. Yəqin elə buna görə də onun üçün ən uca məqamda, ən ali mərtəbədə Tanrı və Şairdir:
O göydə, mən yerdə oturub yazırıq.
Mənim taleyimi bir mövzunu yazan iki şair kimi.

     Və:
Beləcə, bir sabah Allah Şair olar,
Şairsə Allah.

     Bu yerdə, qəribədir, qeyri-konkret, qeyri-dəqiq, o dünyalı, bu dünyalı ünvansız bir məkanda özünə sığınacaq tapmış bu qəhrəman üçün «dünya» birdən-birə vəhdət təcəssüm edir, vahidləşir və konkretləşir, onun üçün dünya bir uzun şerdir və bu, Vaqifin qəhrəmanının kəşfi, oxucuya aşılamaq istədiyi, onu inandırmağa çalışdığı bir qənaət deyil, yalnız onun tanıdığı, yalnız onun təmasda ola biləcəyi bir ünvandır:
Bir uzun şerdi dünya, vərəqdən vərəqə keçməkdi ancaq bir dünyadan o biri dünyaya keçmək.
     Elə buradaca Vaqifin gələcək yaradıcılığı ilə bağlı məndə bir balaca nigarançılıq yaradan bir cəhəti onun diqqətinə çatdırmaq istəyirəm. Bəli, Vaqifin obrazlar aləmi qeyri-realdır, bəli, bu dünyadakı əməllər üçün konkret meyarlar yoxdur, həyatın mənasında bir dəqiq ünvan yoxdur, yaşayış başdan-başa qeyri-müəyyənliklərdən ibarətdir - mən bütün bunların Vaqif qələmi ilə poetik ifadəsini qəbul edirəm, amma bəzən bu fəlsəfi ünvansızlıq, qeyri- müəyyənlik, qeyri-konkretlik onun şerlərinin mətləbindəki qeyri- aydınlıqda özünü büruzə verir, hansısa dağınıqlıq, hərgah belə demək olarsa, poetik pərakəndəlik gətirir. Elə bilirəm ki, hələlik ancaq ünsürləri hiss olunan və Vaqifin orijinal istedadı ilə uzlaşmayan bu cəhətə fikir vermək lazımdır.
     Vaqifin bu silsilə şerlərində mənim üçün maraqlı bir cəhət də bu oldu ki, adətən, öz məxsusi ritmi (Vaqif ritmi!) olan sərbəst vəzndə, bəzən də deskruktiv şer formasında yazan bu şair silsiləyə iki gəraylı salmışdır və poetik söz oynatmalarına, cinaslara müraciətlə yazılmış bu klassik formalar, elə bil ki, Vaqifin deyim tərzindəki milliliyi tamamlayır və eyni zamanda onun mövzusunu klassik heca poeziyamıza xas olan bir təbiiliklə, sadəliklə oxucuya çatdırır. Elə bilirəm ki, sonuncu cəhət diqqətəlayiq bir məsələdir: dünya dəyişir, dövrlər bir-birini əvəz edir, elm, texnika görünməmiş bir inkişafdadır, gəraylı isə istedadlı qələm vasitəsilə bütün bu epoxial dəyişikliklərə baxmayaraq müasir çağla səsləşən poetik missiyasını eyni təravət və novatorluqla davam etdirir.
     Bəlkə ona görə ki, hər şey dəyişir, amma xislətin, həyatın mahiyyəti dəyişmir, ona görə? Eyni zamanda bu gəraylılar bir məlum fikri də mənim üçün bir daha təsdiq edir: millidən kənarda, millinin fövqündə bəşərilik yoxdur, bəşəriliyə aparan yol - bu ağır, dəruni dərketmə əzab-əziyyətləri ilə dolu olan məsafə nəinki millidən başlayır, milli onun bünövrəsini təşkil edir.
     Mən bu kiçik yazımın sonunda Vaqifə bu şerləri oxuduqdan sonra, içimdə baş qaldırmış bir sualı verməkdən özümü saxlaya bilmirəm.
     Əzizim Vaqif! Sən «Boy atıram, dünyanı tuturam» şerində yazırsan:
... quşlar sevişə-sevişə yuva qurur saçlarımda, çiyinlərimdə, qaşlarımda...
     Və bir halda ki, belədir, bir halda ki, bu dünyada quşlar sevişir və sən də o sevişən quşlar üçün bu dərəcədə məhrəm və etibarlısan, onda bəlkə bir az, lap bir balaca sevinməyə, fərəhlənməyə dəyər?

1996.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (26.08.2014) | Müəllif: R.C E W
Baxış: 458 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more