Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-İstiqlalımız uğrunda
İSTİQLALIMIZ UĞRUNDA

     ELÇİN - Əfəndiyev Elçin İlyas oğlu, 1943-cü ildə anadan olub. 1965-ci ildə BDU-nun ədəbiyyat fakültəisni bitirib. Azərbaycan EA-da baş elmi işçi, Azərbaycan Yazıçılar İttifaqının katibi vəzifələrində işləyib. Hazırda Xarici Ölkələrdə Yaşayan Həmvətənlərlə Mədəni Əlaqələr Cəmiyyəti - «Vətən» Cəmiyyəti Rəyasət Heyətinin sədridir. Müxtəlif dillərdə əllidən artıq kitabı nəşr olunub, yüzdən çox elmi məqalələri, eləcə də monoqrafiyaları dərc edilib. Əsərləri ingilis, fransız, türk, ərəb, ispan, alman, fars, macar, bolqar, çex, slovak və b. dillərə tərcümə olunub. Bir sıra beynəlxalq orqanların redaksiya heyətlərinin üzvüdür. Əməkdar incəsənət xadimidir. Azərbaycan Milli Yaradıcılıq Akademiyasının akademikidir.
     -Elçin müəllim, perestroyka Azərbaycan siyasi-ideoloji mühitində aydın səmada ildırım çaxmasına oxşadı. Hadisələrin sürəkli axarı və inkişaf, cəmiyyətimizin bütün ictimai-siyasi təbəqələrində çaxnaşma yaratdı, gözlənilməz (eyni zamanda, gözlənilən) hadisələrə, siyasi proseslərə yuxarıdan aşağı bütün səviyyələrdə hazır olmadığımızı üzə çıxardı...
     -«Perestroyka», hərgah belə demək mümkünsə, təmir üçün nəzərdə tutulmuş bir tədbir idi və mahiyyət etibarilə Sistemi möhkəmləndirmək, get-gedə biabırçı vəziyyətə düşən beynəlxalq nüfuzu artırmaq, onu nisbətən abırlı bir vəziyyətə salmaq məqsədini güdürdü. Lakin məlum oldu ki, qısa bir müddətdə (70 il qoca tarix üçün nədir ki?) Sistemin yaratdığı siyasi-ictimai qurum antiinsani, antibəşəri səciyyə daşıdığı üçün elə bərbad, elə eybəcər bir vəziyyətə düşmüşdür ki, həmin «təmirə» başlayan kimi, hər şey dağılmalıdır və dağıldı da. Bütün Şərqi Avropa qurban verildi. Əfqanıstandan qoşunlar çıxarıldı, ABŞ-ın, ümumiyyətlə, Qərb dünyasının şəksiz liderliyi, hətta diktəsi ilə beynəlxalq təhlükəsizliklə bağlı güzəştli müqavilələr imzalandı, lakin bütün bunlar da sistemi xilas edə bilmədi, imperiya tarixdə görünməmiş bir sürətlə dağıldı. Bu cür gedişat «perstroykanı» başlayanlar üçün, ilk növbədə Qorbaçovun özü üçün gözlənilməz oldu, çünki imperiyanın dağılmasındakı dialektik qanunauyğunluğu başa düşmədi və yaxud başa düşmək istəmədi. Vaxtilə Xruşşov da belə bir təmir tədbirinə əl atmışdı, lakin o, Qorbaçov kimi öz beynəlxalq «imicinin» qayğısına qalmadığı üçün (BMT-nin xitabət kürsüsünü ayaqqabısı ilə döyəcləməyə qadir bir adam idi), tez də geri çəkildi, təmir tədbirini ləğv etdi və Sistem də onun özünü bir kənara atdı. Qərb Qorbaçovu böyük reformator hesab edir, lakin bu belə deyil, bu cürə qiymət sovet mətbəxinə bələd olmamaqdan irəli gəlir. Qorbaçov 87-ci ildən sonra siyasi aləmin «zorən təbibi» idi. Reformatordan avantüristə çevrilmişdi. Hadisələr onu sürətlə qabaqlayırdı və o var gücü ilə çalışıb həmin hadisələrin qarşısını ala bilmədiyi üçün sonradan-sonraya onları öz qələbəsi kimi qələmə verirdi. Belə bir riyakarlıq hətta siyasət aləmində də cəzalandırmalıydı və cəzalandırıldı: can verən Sistem artıq Qorbaçovu, onun simasındakı Mərkəzi saxlaya bilmədi. Hadisələrin bu cürə sürətli inkişafına bizim hazır olmadığımız barədə sizin fikirinizlə isə mən tam şərik deyiləm. Düzdür, son 70 ilin mənəvi və fiziki terroru nəticəsində bizim siyasi mədəniyyətimiz, demək olar ki, tamamilə yox edilmişdi. Azərbaycan Demokratik Respublikasının milli siyasi ənənələri darmadağın edilmişdi, amma bütün bunlarla bərabər, Azərbaycanda son dörd ilin son dərəcə mürəkkəb, ziddiyyətli, fəlakətli, ictimai-siyasi və mənəvi həyatında bu gün yaşamağımızı, nəfəs almağımızı təmin edən fərəhli hadisələr də var və onun ən başlıcası budur ki, hətta xalq Qara yanvar qırğınından sonra da diz çökmədi, beynəlxalq erməni millətçiliyi təcavüzünə qarşı faktik olaraq meydanda tək və silahsız qalmasına baxmayaraq, mübarizə əzmini itirmədi və itirmir. Bu gün milli azadlıq hərəkatının Azərbaycandakı vüsəti də bütün çətinliklərinə baxmayaraq elə bununla izah olunur.
     -Var gücümüzü bir yumruqda düyünləməli olan torpaq şərəfi də, Qarabağ dərdi də xalqı vahid bir cəbhədə birləşdrə bilmədi. Daxili və xarici düşmənlər tutarlı ideoloji-siyasi təxribatlar vasitəsilə güclü milli potensialımızı parçaladı...
     -Mən başqa cürə düşünürəm. Bu gün Azərbaycanda parçalanma yox, birləşmə tendensiyası özünü daha qabarıq büruzə verir. Bu gün məhz həmin «Qarabağ dərdi», həmin daxili və xarici düşmənlərin tutarlı ideoloji-siyasi təxribatları, nəticəsində xalq vahid bir qüvvə kimi birləşməkdədir. Prezidentin istefası bunu sübut etmirmi? Millət yetmiş ilin fəlakətindən sonra siyasi mənada özünü tanıdı. Yetmişinci illərdə, səksənin əvvəllrində «dalğalanan» qırmızı bayraqlar tarixin faktıdır və bunu danmaq nə lazımdır, nə də mümkündür. O başqa məsələ ki, biz tarixə münasibətdə obyektiv olmağı bacarmalıyıq. Bir cəhəti xatırlayıb başqa cəhəti unutmaq olmaz. Bayaq adını çəkdiyim böyük milli ziyalımız Hüseyn Cavidin cənazəsinin uzaq və soyuq Sibirdən Azərbaycana gətirilməsi də həmin illərin hadisəsidi. Heç vaxt mənim yadımdan çıxmayacaq: Bakı Cavidin cənazəsini qarşıladı, bununla gecikmiş də olsa, vida görüşü keçirdi və doğma yurdunda torpağa tapşırıldı. Özü də durğunluğun ən şiddətli bir vaxtında. İndi məşhur demokratlar kimi çıxış edən bir sıra rus yazıçılarının ağzı onda açıla qalmışdı. Moskvada heyrətlə mənə deyirdilər: «Çto vı delaete?!» Nə isə... Mən ziyalılarla bağlı əvvəlki sualınıza qayıdıb onu yekunlaşdırmaq istəyirəm. Azərbaycan ziyalı zümrəsinin taleyi ilə bağlı XX əsrin həmin dəhşətli prosesləri acı bir təəssüf doğuracaq obyektiv səbəb olaraq bu gün də mənfi təsirini göstərdi. Yeri gəlmişkən, bir ciddi narahatlığımı da sizinlə bölmək istəyirəm. Bu gün ədəbiyyat, sənət on beşinci dərəcəli bir şeyə çevrilib və bu son dərəcə qorxulu bir təmayüldür. Mən başa düşürəm ki, indi Azərbaycan siyasi-ictimai, burulğanlar içində, təcavüz faciəsindədir. Lakin mən ədəbiyyatsız, sənətsiz azadlıq, müstəqillik təsəvvür etmirəm və təsəvvür etmək də istəmirəm. Son illərdə dəfələrlə dediyim bir fikri təkrar edirəm: yüksək səviyyəli milli ədəbiyyat, sənət uğrundakı mübarizə də azadlıq, müstəqillik, ərazi bütövlüyü uğrundakı mübarizəmizin tərkib hissəsi olmalıdır.
     -Elçin müəlim, mən bilirəm ki, siyasi oyunlar burulğanına sürüklənmiş, çox vaxt öz ağrı-acılararıyla yalqız qalan xalqımızın ağır günlərində Sizin fəaliyətinizdə görünməyən cəhətlər çox idi, görünən isə nisbətən az. Bu barədə nə deyə bilərsiniz?
     -Bu barədə yalnız onu deyə bilərəm ki, bütün bu dörd il ərzində mən bir an da olsun özümü kənarda hiss etməmişəm və xalqımın mənafeyi naminə əlimdən gələni əsirgəməmişəm. Heç vaxt da daxili bir ehtiyac duymamışam ki, aləmə car çəkim: camaat, bax, bax, mən filan işi gördüm.
     -Hər halda, indi bir qədər ətraflı danışmağınızı xahiş edi- rik.
     -Bu dörd ildə müxtəlif ölkələrin bir çox informasiya vasitələrinə, radio və televiziyasına Azərbaycandakı siyasi durumla bağlı müsahibələr vermişəm, çıxışlar etmişəm. Bəlkə də yüzdən çox konfraslar keçirmişəm. Böyükdən kiçiyəcən müxtəlif səviyyəli dövlət xadimləri ilə, müxtəlif siyasi dairələrlə görüşmüşəm. Və həmişə də xalqım haqqında, Vətənim haqqında həqiqəti demişəm, çünki Azərbaycan mübarizəsində həqiqəti dünya ictimaiyyətinə çatdırmaq üçün xalq şairi Bəxtiyar Vahabzadə ilə birlikdə İsveçrəyə getmişdk və orada qaldığımız səkkiz gün ərzində min kilometrlərlə yol getdik, gecə-gündüz onlarla konfrans verdik və yatanda da yuxumuza siyasi sual-cavablar girirdi. Bütün bu məşəqqətlərə mərdliklə sinə gərən Bəxtiyar müəllim bir dəfə özünü saxlaya bilməyib mənə dedi: «Vallah, bədxahların da sənin xaricdəki bu gününü görsə, dəsmal çıxarıb ağlayar». 90-cı ilin 20-21 yanvarında Azəraycanla xarici aləm arasında yeganə əlaqə vasitəsi «Vətən» Cəmiyyətindəki teleksi idi və o günlərdə Şeyxülislam Paşazadə cənablarının məşhur bəyanatını müsəlman ölkələrinə göndərməkdən tutmuş, öz bəyanatımızı dünyaya yaymağacan əlimizdən gələni etdik. Elə həmin günlər Bakıdan Qərbi Berlin radiosuna birbaşa reportajlar verirdim. Məhəmməd Kəngərli,Əhməd Qaraca və başqaları kimi xaricdə yaşayan görkəmli müsavatçı və ictimai-siyasi xadimləri ilkin olaraq Azərbaycana biz dəvət etdik və onları burada qoruya bildik. Bir çox digər görkəmli mübarizə adamları ilə Azərbaycan arasında əlaqə yaratdıq. «Odlar yurdu» qəzeti respublikada ilkin olaraq Azərbaycan Demokratik Resublikasının tarixini işıqlandırmağa başladı, onun görkəmli xadimləri haqqında yazdı, latın qrafikasmda çıxdı. Qara yanvardan sonra bir çox nüfuzlu xarici vətəndaşları Azərbaycana gətirə bildik ki, canlı şahid olsunlar. ABŞ-ın görkəmli siyasi xadimi, Demokratlar Partiyası liderlərindən biri, konqresmen Cim Mudini köməkçiləri ilə birlikdə Bakıya dəvət etməyə nail olduq və həmin səfər ilk dəfə olaraq Şəhidlər xiyabanının Ziyarəti ilə başladı, onu döyüşən Qarabağa apardıq. Hər şeyi gözü ilə gördü. Cim Mudinin Azərbaycan səfəri dünya ictimaiyyətində obyektiv təsəvvür yaratmaq baxımından uğurlu addımlardan biri idi. Nə isə... Bunlar artıq dünənin hesabatıdır.
     -Görkəmli yazıçı Elçinin birdən-birə radikal siyasi müxalifət mövqeli bir partiyaya üz tutması çoxları üçün gözlənilməz olub... Sizi AMİP-ə gətirən mənəvi ehtiyac, siyasi-ideoloji məqsəd nədir? Bir ziyalı kimi fəaliyyətinizin istiqamətlərini necə müəyyənləşdirmisiniz?
     -Elə bilirəm ki, məni tanıyan, eləcə də AMİP-in Məramnaməsi ilə tanış olan adamlar üçün burada gözlənilməz bir şey yoxdur. Parlament tipli bu partiyanın öz fəaliyyətində ideoloji əsas kimi qəbul etdiyi və mənim də partiyanın üzvü kimi fəaliyyətimin istiqamətlərini müəyyənləşdirən prinsipləri bir daha xatırlamaq istəyirəm. İSTİQLALÇILIQ, yəni milli müstəqillik və azadlıq MİLLİYYƏTÇİLİK (TÜRKÇÜLÜK), yəni digər millətilərin azadlığını, haqqını və hüquqlarını tanımaq və onlara hörmət etmək şərtilə Azərbaycan türk millətinin mənafeyini qorumaq, ümumi milli şüuru inkişaf etdirmək, AZƏRBAYCANÇILlQ (VƏTƏNÇİLİK), yəni Azərbaycan öz ərazisində yaşayan və onun mənafeyinə zidd fəaliyyət göstərməyən bütün millətlər, etnik qurumlar üçün vətəndir və həmin millətlərin nümayəndələri ilə bərabər hüquqlu vətəndaşlardır, onlar öz dillərini və dinlərini, mədəniyyətlərini qorumaq və inkişaf etdirmək hüququna malikdirlər: HÜRRIYYƏTÇİLIK, yəni insanın bütün hüquqlarını təminatı, əsl demokratik dövlət qürmaq üçün xalqın azadlığı ilə onun bütün fərdlərinin azadlığının vəhdət təşkil etməsi; MİLLİ DÖVLƏTÇİLİK, yəni Azərbaycan milli dövlətçilik ənənələrinə əsaslanan onun bölünməzliyini qoruyacaq, ümummilli mənafeyini gerçəkləşdirəcək, azadlığın, ədalətin və bərabərliyin təminatçısı olacaq bir institut; ÖNCÜLLÜK, yəni milli mədəniyyətimizi inkişaf etdirmək, milli mənafeyıimizə xidmət edən siyasi və iqtisadi quruculuğu sürətləndirmək üçün bəşəriyyətin yaratdığı elmi biliklərdən, iqtisadi və hüquqi mexanizmlərdən, mənəvi dəyərlərdən faydalanmaq bacarığı. Biz məhz bu prinsiplərə arxalanaraq və onlardan çıxış edərək millətin bu ağır günündə fəaliyyətimizi genişləndirməliyik. Mən nəinki inanıram, hətta tamam əminəm ki, bu prinsiplərə əsaslanan AMİP ciddi və nüfuzlu siyasi bir qurum kimi, Azərbaycan xalqının marağını dünya miqyasında qorumağa qadir olacaqdır.
     -Bu gün ən ağrılı problemimiz Qarabağ problemi, ümumiyyətlə, ərazi bütövlüyümüzün təhlükə altında olmasıdır. Azərbaycan torpaqlarının tarixi bəkarətinə son yüz ildə artıq neçənci dəfədir ki, təcavüz edilir. Nə qədər acı da olsa, Yuxarı Qarabağ əldən verilmişdir. AMİP Qarabağın qaytarılması və sərhədlərimizin toxunulmazlığı sahəsində hansı siyasi vasitələri fəaliyyət dairəsinə çəkir?
     -Bu siyasət ikili xarakter daşımalıdır: həm milli ordunun yaradılması, hərbi doktrinaların işlənilməsi sürətləndirilməli, həm də siyasi-diplomatik fəaliyyət gücləndirilməlidir və bu paralel istiqamətlərin hər ikisinin əsasını təbii ki, yeganə prinsip müəyyənləşdirməlidir: Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir.
     -Azərbaycanda baş verən son hadisələrin kontekstində, ümumiyyətlə, xalq hakimiyyət münasitbətləri barədə nə deyə bilərsiniz?
     -Rəhbərliyin başında duranın da, onun öz ətrafına yığdığı adamların da şəxsi marağı ilə xalqın marağı üst-üstə düşməlidir, əks təqdirdə milli fəlakətdən xəbər verən böhran baş verir və biz neçə müddətdir ki, belə bir böhran içindəyik.
     -Oxuculara sözünüz?
     -Azərbaycan Milli İstiqlal Partiyasının Məramnamə və Nizamnaməsi ilə tanış olsunlar.
Müsahibəni Müzəffər Talıblı apardı.
1992.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (13.08.2014) | Müəllif: R.C E W
Baxış: 380 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more