Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-İki çal papağın və bir qara kepkanın nağılı
IKI ÇAL PAPAĞIN VƏ BIR QARA KEPKANIN NAĞILI


    Çox şilaşı yemişəm, amma belə yalan deməmişəm. Günlərin bir günündə, Məmməd Nəsir tinində, biri var idi, biri yox idi, Allahdan savayı heç kəs yox idi, təkcə iki nəfər Çal Papaq var idi, bir nəfər də Qara Kepka və Qara Kepkanın da bir sevimli həyat yoldaşı var idi ki, adı Çadra xanım idi. Bu Çal Papaqlar elə Çal Papaqlar idi ki, hörmətləri dağ boyda – həm bu ətrafda yeganə Çal Papağıydılar, həm də ki, cəmi-aləm bunların arasındakı dostluqdan, mehribanlıqdan danışırdı, çünki bu dostluq, ayrı dostluq idi, söz ilə deyiləsi deyildi. Hər qapının ağzında Çal Papaqlar içəri girməzdən əvvəl düz yarım saat dayanırdılar – o buna deyirdi ki, birinci sən buyur, bu ona deyirdi ki, yox, birinci sən buyur.
    Hər dəfə restoranda yeyib içəndən sonra, «Inturist»in xörəkpaylayanı utancaq Duvaq xanım filan qədər dururdu Çal Papaqların qabağında, gözləyirdi ki, pulu kimdən alsın, – bu, onun əlini geri qaytarırdı ki, pulu gərək mən verəm, o bunun əlini tuturdu ki, yox, pulu gərək mən verəm.
    Bir də görürdün ki, Çal Papaqlardan birinin qabağına təzə əmlik quzu əti çıxdı, o saat alıb göndərirdi dostu o biri Çal Papağın evinə, amma o Çal Papaq baxırdı ətə, görürdü qiyamət ətdir, bunun kababı dəsgah olar, rəva bilmirdi özü yesin, təzədən göndərirdi geri ki, yox, bunu gərək sən özün yeyəsən və ət bu evdən o evə, o evdən bu evə o qədər gedib gəlirdi ki, axırda xarab olurdu, nə bu Çal Papaq yeyirdi təzə əmlik quzu ətinin kababını, nə də o Çal Papaq.
    Gördüyünüz kimi, bu Çal Papaqların dostluğu çox yüksək mərtəbədə və mötəbər idi.
    Indi sizə kimdən xəbər verim, Qara Kepkadan. Qara Kepka başqa bir şəhərdə idi və həmin şəhərdə öz işini görüb qurtarmışdı, indi də oturub vəfalı həyat yoldaşı Çadra xanımla məsləhətləşirdi ki, hansı şəhərə getsinlər. Qara Kepka iki tel almışdı. Birinci tel xəbər verirdi ki, filan şəhərdə iki nəfər Şlyapa var ki, möhkəm dostluğa başlayıblar. Ikinci tel də xəbər verirdi bizim möhtərəm Çal Papaqlardan. Çadra xanım çox tədbirli və çox da savadlı qadın idi, universitetin hüquq fakültəsini bitirmişdi. Qara Kepkaya gələn telləri bir də nəzərdən keçirdi və belə məsləhət gördü ki, əvvəlcə baş çəksinlər Çal Papaqlara, çünki dostluqları bu zalımların lap zırpı həngamə idi və bu dərəcədə dostluğun üstündə Qara Kepkaya töhmət verə bilərdilər. O ki, qaldı Şlyapalara, onların işi asan idi, hələ təzə başlayırdılar dostluğa.
    Qara Kepka əziz arvadının məsləhətini çox bəyəndi və bütün gecəni evdə oturub televizora baxdılar, bir-birilərini sevdilər, səhər də gedib təyyarəyə bilet aldılar. Az keçdi, çox keçdi – nağılda vaxt tez keçər – yenə də günlərin bir günündə Çal Papaqlar oturub şahmat oynayırdı, birdən qulaqlarına belə bir xəbər çatdı ki, bəs, filan yerdən bu şəhərə bir Qara Kepka gəlib, sizinlə dost olmaq istəyir. Çal Papaqları gülmək tutdu və o qədər güldülər ki, gəl görəsən. Külfətləri də bu xəbəri eşidib qoşuldu onlara, Çal Papaqlardan birinin xanımı yazıq Neylon Yaylıq o qədər güldü ki, az qaldı qəşş edə. Sonra da Çal Papaqlar bir-birinə baxıb dedilər ki, aya, camaat ağlını itirib məgər belə xam xəyala düşür, bizim dostluğumuz bəyəm kolxoz bazarızaddır ki, hər yoldan ötəni qəbul edək?! Dünyada qəribə avamlar var imiş! Həmin gün Çal Papaqlar Avropada təhsil almış kababçı Beretin kababxanasına getdilər və dostluqlarının sağlığına bir şüşə beşulduz çeçen-inquş konyakı içdilər.
    Qara Kepka isə həmin günü mehmanxanadan çölə çıxmadı, istəkli zövcəsi Çadra xanımla oturub xeyli məsləhətləşdi və düz üçcə gündən sonra şəhər qəzetində Qara Kepkanın böyük bir oçerki çap olundu. Oçerkin adı «Adımızı nəhəng dağlar qədər ucaldanlar» idi, özü də bəhs edirdi Çal Papaqlardan, Çal Papaqların arasındakı dostluqdan, sirdaşlıqdan, özü də elə bəhs edirdi ki, adam oxuyub qurtarandan sonra deyirdi ki, bir də oxuyum, bir də oxuyandan sonra deyirdi ki, bir də oxuyum, axırda da deyirdi ki, bərəkallah və mərhaba!
    Çal Papaqlar da bu böyük oçerki oxuyub qurtarandan sonra xeyli feyziyab oldular, gözləri yaşardı və bir-birinə baxıb dedilər ki, aya, nə gözəl baş geyimiymiş bu Qara Kepka! Biz tilsimdəyikmiş, ya nə imiş ki, bunu görə bilmirmişik?! Axşam Çal Papaqlar restorana üç nəfər girdilər: Birinci Çal Papaq, Ikinci Çal Papaq və bir də ki, Qara Kepka. Yedilər, içdilər və xeyli nuş oldu və kefləri də dupduru.
    Qara Kepka əvvəlcə qalxıb Çal Papaqların ikisinin də şərəfinə birdən sağlıq dedi, sonra da əlifba sırası ilə əvvəlcə Birinci Çal Papağın şərəfinə, bir dəfə də Ikinci Çal Papağın şərəfinə sağlıq dedi.
    Axırda son dərəcə mütəəssir olub gözləri yaşarmış Çal Papaqlar ikisi də birdən qalxıb Qara Kepkanın sağlığına:
    – Yaşasın təmiz qəlbli, mərd ürəkli, obyektiv fikirli Qara Kepka! – dedilər. – xörəkpaylayan Silindrlə haqq-hesablaşıb restorandan çıxdılar və o gündən də Qara Kepka oldu Çal Papaqların ikisinin də canbir sirdaşı. Qara Kepka hər dəfə Çal Papaqlardan ayrılıb mehmanxanaya gələndə sədaqətli həyat yoldaşı Çadra xanım ondan soruşurdu:
    – Əziz ərim Qara Kepka, işlər necə gedir?
    Qara Kepka da cavab verirdi ki:
    – Işlər pis getmir, mehriban sevgilim Çadra xanım.
    Çadra xanım gülürdü, amma elə gülürdü ki, əziz əri Qara Kepkadan başqa heç kim eşitməsin:
    – Hi-hi-hi.
    Qara Kepka da qoşulurdu ona:
    – Ha-ha-ha... – Amma o da, elə gülürdü ki, mehriban sevgilisi Çadra xanımdan başqa heç kim eşitmirdi.
    Bu minval ilə dəqiqələr saat olurdu, saatlar gün, günlərin də ay olmağına az qalmışdı ki, Çadra xanım ərinin baxmaqdan doymadığı qara gözlərinə bir də baxıb bir balaca təşvişlə dedi:
    – Ezamiyyətin qurtarmağına az qalıb ha...
    Qara Kepka tən ortasındakı düyməni qaşıyıb dedi:
    – Doğrudur, vaxtdır daha!
    Qara Kepka axşamçağı mehmanxanadan çıxanda Çadra xanım ərinin ardınca bir stəkan su atdı və Qara Kepka da birbaş gəldi Birinci Çal Papaqgilə. Birinci Çal Papağın kefi kök idi yaman, Seyid Əzim Şirvaninin qəzəllərini «Segah» üstündə dodaqaltı zümzümə edirdi, Qara Kepkanı görən kimi lap kökəldi kefi, keçdi «Çahargah»a. Sonra bir xeyli hal-əhval tutdular, bir-birilərinə «maşallah» dedilər ki, göz dəyməsin və nəhayətdə Qara Kepka gəldi mətləbə:
    – Möhtərəm Çal Papaq! Güman edirəm ki, siz mənim sədaqətimi və sizə qarşı hədsiz hörmətimi hiss etməmiş deyilsiniz.
    – Biz sənin dostluğunu düşmənlərimizə verdiyin cavablardan görmüşük, səni bərkdə-boşda sınamışıq, əziz Qara Kepka, belə sözlər nəyə lazım?
    – Bilirsinizmi, məsələ bir az başqa cürdür... – Qara Kepka tən ortasındakı düyməni qaşıyıb bütün təcrübəsini səfərbərliyə aldı. – Möhtərəm və möhtəşəm Çal Papaq, mən son əsərimi sizdən, sizin dərinizin əla keyfiyyətindən, sizin tükünüzün ipək incəliyindən, zərif qıvrımlarından yazmağı qərara almışam, sizi tikən papaqçının mahir sənətkarlığını tədqiq etmək istəyirəm. Otuz beş çap vərəqi həcmində olacaq bu əsər. Lakin...
    – Lakin?
    – Bəli.
    – Nə lakin?
    – Bilirsinizmi, möhtərəm və möhtəşəm...
    – Qısa elə, Qara Kepka!
    – Məni qoymurlar bu istəyimə nail olum.
    – Necə?! Kim buna cürət edir?
    Çal Papağın nəriltisində elə bir zəhm var idi ki, gözlərini elə bərəltmişdi ki, gəl görəsən, amma zalım Qara Kepkanın nə dili dolaşdı, nə də canına üşütmə düşdü.
    – Sizin dostunuz Çal Papaq!
    – Nə?!!
    – Bəli. Lakin bu, hələlik öz aramızda qalmalıdır, möhtərəm və...
    Çal Papaq Qara Kepkanın sözünü kəsib dimdiyindən yapışdı ki, yapışdı, sıxdı, sıxdı: – Yalan dediyini təsdiq et, vicdansız, təsdiq et!!!
    – Əfsuslar olsun ki, bu yalan deyil, möhtərəm və möhtəşəm və mötəbər Çal Papaq, acı həqiqətdir. Mən sizə demək istəmirdim, lakin...
    Çal Papağın əlləri süstəldi, dağ qaməti büzüşdü – şair yaxşı deyib: «Döydü yağış məni, döydü qar məni, bir qarışqa minsəm, aparar məni».
    – Yox! Yox! Bu ola bilməz! Bu mümkün olan şey deyil. Düzünü de, Qara Kepka, vicdanına and verirəm, düzünü de!
    Qara Kepka sidq-ürəkdən vicdanına and içdi ki, düzünü deyir, otuz beş çap vərəqi həcmindəki kitabının qarşısına çıxan maneə budur ki, var. Çal Papaq inildədi, yəni sizə güvəndiyim dağlar, sizə də qar yağarmış, sizi də çən basarmış, ay dad, ay bidad, sizin də üstünüzü duman alarmış...
    Qanadları qırılmış Çal Papaq inildəməkdə olsun, sizə kimdən xəbər verim, Qara Kepkadan. Qara Kepka eləmədi tənbəllik, Birinci Çal Papaqgildən çıxıb gəldi Ikinci Çal Papaqgilə, yenə Birincigilə, təzədən Ikincigilə və nə etdi, nə etmədisə – zalımın qorxusu yox idi! – yavaş-yavaş Birinci Çal Papaq durub-oturub Ikinci Çal Papağı ifşa etməyə başladı, Ikinci Çal Papaq da Birinci Çal Papağı, amma Qara Kepka bu Çal Papaqgildən o Çal Papaqgilə, o Çal Papaqgildən bu Çal Papaqgilə gedibgəlməkdən yorulmadı ki, yorulmadı və bu təşriflərin sayəsindəydi ki, bazarda Birinci Çal Papağın qızı Kəlağayıya rast gələn Ikinci Çal Papağın oğlu Araqçın arxadan qıza bir kəllə vurdu ki, biçarə qız üzüqoylu sərildi yerə və yaxındakı aptekdə burnuna naşatır spirti tutmasaydılar ayılan deyildi. Araqçın da dabanına tüpürüb qaçdı evə.
    Amma bununla qurtarsaydı, yenə abırdan idi – Çal Papaqlar özləri evdən çıxıb düşdülər küçənin ortasına: o buna yumruq, bu ona şillə, o buna təpik, bu ona badalaq. Cəmi-aləm də ki, çıxmışdı tamaşaya.
    Həmin gündən sonra Çal Papaqlar arasında bu cür savaşlar ki, Ingiltərədə buna keltç deyərlər, tez-tez baş verdi və onların camaat arasındakı hörmət-izzəti bir tərəfə qalsın, özlərində də bir Çal Papaqlıq qalmadı – ikisinin də tükü yonulmuşdu tamam, Birinci Çal Papağın dərisində beş cırıq var idi; Ikinci Çal Papağın dərisində yeddi cırıq, ikisi də axsayırdı, ikisi də... Nə isə, mən hələ dərinə getmirəm, bizim zəmanənin nağılı gərək müxtəsər olsun.
    Camaat əvvəlcə bütün bu əhvalatlara bərk təəccübdə idi. Sonralar bu təəccüb kefiköklüklə əvəz olundu, yəni onlar Çal Papaqların verdikləri tamaşalara baxıb həzz almaqla məşğul idilər, amma yavaş-yavaş bu kefiköklük dəxi söndü və mən bu camaata heyrət edirəm ki, özlərini elə aparırdılar, elə bil dünyada heç sabiq möhtərəmlər olan Çal Papaqlar kimi bir zad yox imiş.
    Qara Kepkanın isə həyat yoldaşı, könül dostu, qəlb sirdaşı, vəfalı sevgilisi Çadra xanımla birlikdə kefi kök, damağı da ki çağ idi, özü də gedib Şlyapalar yaşayan şəhərə bilet almışdı.
    Burda nağılı qurtardım.
    Göydən üç alma düşdü: biri mənim, biri bu nağılı yazanın, biri də oxuyanın.
    Vəssalam, şüttamam.
1963–1970.

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (15.01.2014) | Müəllif: R.C E W
Baxış: 995 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more