Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Hövsan soğanı
HÖVSAN SOĞANI
(Absurd)


    Zaman – 1990-cı il, avqust ayı, 38 dərəcə isti.
    Məkan – «Bakı-Buzovna» elektrik qatarı.
    Qatar fit verərək sürətlə gedir.
    A r v a d (ürəkdən gülür). Onda... (Gülür.) Onda... Ay səni!.. (Gülür.) Onda mən ölmüşdüm?
    K i ş i (gülə-gülə). Bilmirəm... Deyəsən, yox... Ya ölmüşdün?.. Yadıma gəlmir... Hə... Dedi ki... Dedi ki... (Gülməkdən az qala qəşş etsin.)
    A r v a d (uğunub gedir). Yəni... Yəni lap elə dedi? (Gülməkdən az qalır nəfəsi qaralsın.) Vay!.. Gör nə deyib e!..
    K i ş i (uğunur). Hə!.. Hə!..
    A r v a d (gülməkdən nəfəsi tıncıxa-tıncıxa). Bir az da özündən toqquşdurursan yəqin!..
    K i ş i. Yox, vallah!..
    A r v a d. Yoxsa ki, tanımıram səni!.. Köhnə xasiyyətindi. Bəzəyirsən...
    K i ş i. Vallah, yox!
    A r v a d. Çox elə Allaha inanansan!.. (Gülə-gülə.) O elə deyəndə Muxtar da ordaydı?
    U z a q d a n g ə l ə n s ə s. Babam 1914-cü ildə Kislovodska istirahətə getmişdi. Bir gün orda yadına Hövsan soğanı düşmüşdü. Nökərini göndərmişdi ki, gedib Bakıdan ona bir kisə Hövsan soğanı gətirsin. Nökər də gedib Hövsan soğanını gətirmişdi...
    K i ş i. Hansı Muxtar?
    A r v a d. Necə yəni hansı Muxtar? Xalan oğlu də!..
    K i ş i. A-a-a!.. Dayan görüm... Muxtar... Hə, ordaydı.
    A r v a d (gülür). Indi yadına salır o da o sözləri?
    K i ş i. Kim? Muxtar?
    A r v a d. Hə də.
    K i ş i. Əşşi, Allah bilir iyirmi ildi, neçə ildi ölüb gedib Muxtar...
    A r v a d. A-a-a...
    B i r i n c i s ə r n i ş i n (qatarın pəncərəsindən eşiyə baxır). Buna bax e!.. Başıva dönüm sənin, belə də zibillik olar?! Buna bax e, hər tərəf zibil içindədi!.. Buralar gül-çiçəyindi e, gülçiçəyin! Bax, e!.. Bax e, bir!..
    I k i n c i s ə r n i ş i n. Baxmıram!
    Ü ç ü n c ü s ə r n i ş i n. Ay Allah, qurban olum sənə!.. Ilin, ayın bu vaxtında xiyarın kilosu altı manata! Altı manat e!.. Köhnə pulla altmış manat! Yüz iyirmini böl altıya... Iki, o da sıfır. Iyirmi! Mənim bir aylıq maaşım iyirmi kilo xiyar eləyir.
    Qatar fit verir.
    B i r i n c i s ə r n i ş i n. Ona bax e!.. Mazut! Taxta! Kağız! Bax e bir, bax!.. Bax!..
    I k i n c i s ə r n i ş i n. Baxmıram!
    Ü ç ü n c ü s ə r n i ş i n. Həzrət Abbasa and olsun, pamidorun kilosu beş manata! Yemişin kilosu dörd manata! Kartof iki manat!..
    B i r i n c i s ə r n i ş i n. It ölüsü! Siçovul ölüsü! Qarpız qabığı!..
    N a d e j d a K r u p s k a y a. Mən Iliçi sevirdim!..
    Pauza.
    A r v a d (gülə-gülə). Səkinəyə danış e, bunu. Səkinəyə! Onun azarı var belə söhbətlərə...
    K i ş i. Səkinə hansıdı?
    A r v a d. A-a-a!.. Sənə nə olub belə? Səkinə də! Bacın!
    K i ş i. Əşşi, Səkinə nə vaxtdı gedib...
    A r v a d. Səkinə? Hara gedib?
    K i ş i. Haqq dünyasına. Ömrünü bağışlayıb gedib... Qəbrinin yanında... Onun qəbriydi? Hə, də, Səiknənin qəbriydi... Qəbrinin yanında bir nar ağacı əkmişdim, o da quruyub...
    A r v a d. Niyə?
    K i ş i. Nə bilim?.. Böyüdü... Yaxşı bir ağac oldu... Elə gül açırdı ki!.. Bir dəfə o qədər nar gətirmişdi ki!.. Xırda-xırda, qıpqırmızı... Yaman xəzri əsdi, hamısını tökdü dibinə... Elə bil qıpqırmızı qan ağlamışdı, dibi qıpqırmızı idi... Yaxşı ağac olmuşdu...
    A r v a d. Bəs noldu?
    K i ş i. Vaxt olmadı də... Vaxtında suvarmadıq... Üç-dörd il bundan qabaq getmişdim, gördüm quruyub...
    A r v a d. Mənim də qəbrimin yanında bir söyüd əkmişdin...
    K i ş i. Səninkindəydi?
    A r v a d. Hə. Amma özün əkməmişdin, tapşırmışdın, əkmişdilər.
    K i ş i. Hə, yadıma gəlir. O da əntiqə böyümüşdü!..
    A r v a d. O noldu?
    K i ş i. Vallah, heç bilirəm ki?.. Gərək bir imkan tapım gedim baş çəkim...
    B i r i n c i s ə r n i ş i n. Ona bax e, velosiped tullayıblar! Köhnə vedrə! Qır tiyanı! Vanna! Bax, e!..
    I k i n c i s ə r n i ş i n. Baxmıram!
    Ü ç ü n c ü s ə r n i ş i n. Gilasın kilosu səkkiz manata! Səkkiz, e! Köhnə pulla səksən manat! Vay sənin...
    B i r i n c i s ə r n i ş i n. Vay!.. Vay!.. Vay!.. O qarğa ölüsünə bax e!..
    I k i n c i s ə r n i ş i n. Baxmıram.
    A n a s t a s M i k o y a n. Bakıda mənim adıma ayaqqabı fabriki var!
    Qatar fit verir.
    K i ş i. Dişlərim yadımdan çıxıb evdə qalıb... Gecə elə necə stəkanın içində suya qoyub yatmışam, elə də qalıb...
    N a d e j d a K r u p s k a y a. Mən Iliçi sevirdim!..
    A r v a d. Səhər duranda çörək yeməmisən?
    K i ş i. Səhər? Heç yadımdadı ki?.. Səhər duranda gördüm başım ağrıyır.
    U z a q d a n g ə l ə n s ə s. Babam nökəri göndərəndən sonra, dözməmişdi, ürəyi o qədər Hövsan soğanı istəmişdi ki, nökərin qayıtmağını gözləməmişdi, özü Bakıya getmişdi. Hövsan soğanını yeyib təzədən Kislovodska qayıtmışdı.
    A r v a d. Dərman ataydın də.
    K i ş i. Deyəsən atdım.
    A r v a d (gülür). Sən elə əvvəldən canının qədrini bilənsən!.. Nə atdın?
    K i ş i. Nə bilim? Bir-iki dərman keçdi əlimə, heç baxmadım, uddum, getdi...
    N i k i t a X r u ş ş o v (pıçıltı ilə). S-s-s... (Daha da yavaşdan.) Stalin... (Hiss olunur ki, çox ehtiyat edir.) Stalin... Stalin türk şpiyonu idi...
    A r v a d. Ələkbərin qızını verdilər.
    K i ş i. Bizim Ələkbərin?
    A r v a d. Hə.
    K i ş i. Əh!.. Ələkbərin qızının indi, bax, bu boyda nəvəsi var!..
    A r v a d Məktəbə gedir?
    K i ş i. Heç xəbərim yoxdu...
    A r v a d (yenə gülür). Onda o elə deyəndə... Onda sən Jdanov rayonunda işləyirdin də?
    K i ş i. Müharibə qurtarandan sonraydı də, Irandan qayıtmışdım... Bilmirəm, Jdanovdaydım, ya gəlmişdim Bakıya, Kirov rayonuna? Yadıma gəlmir... Amma Irandan qayıtmışdım...
    A n a s t a s M i k o y a n. Yaşasın xalqımızın sevimlisi, dostumuz və qardaşımız Nikolay Ivanoviç Yejov! Ura, yoldaşlar!
    Gurultulu alqışlar. Qatar fit verir.
    A r v a d (gülə-gülə). O sözləri Səftərə demisən?
    K i ş i. Səftər ölüb.
    A r v a d. Fərmana?
    K i ş i. Ölüb.
    A r v a d (elə hey gülür). Əminəyə?
    K i ş i. Əşşi, o lap çoxdan ölüb!..
    A r v a d. Əsədullaya?
    K i ş i. Əsədulla? O kimdi elə?
    M i x a i l Q o r b a ç o v. Biz düz yoldayıq, yoldaşlar!
    M i x a i l K a l i n i n. Əyani təbliğatı gücləndirmək lazımdır!
    B ə l ə d ç i (dodaqaltı oxuya-oxuya).
    Küçələrə su səpmişəm...
    Yar gələndə toz olmasın...
    Biletinizi göstərin! Tovarişi! Biletı!
    B i r i n c i s ə r n i ş i n. O-o-o!.. Lifçik!.. Ona bax e!.. Pakrişka!.. Köhnə çaynik!.. Qarşok!.. Al bileti. Vay səni! Köhnə divan!.. Bax e!..
    I k i n c i s ə r n i ş i n. Baxmıram. Al bileti.
    Ü ç ü n c ü s ə r n i ş i n. Bude mənimki, al. Gecə yatım, səhər durmayım, əyər yalan deyirəm, həmişə gedib Təzə bazardan toyuq pətənəsinin kilosunu bir manata alırdım! Bu günün işığına kor baxım ki, kilosunu yetmiş qəpiyə də almışam! Indi kilosu on dörd manatadı!.. Böl on dördə, neçə eləyir? Hə, neçə eləyir? Səkkiz kilo! Mən bir aylıq maaşıma səkkiz kilo pətənə ala bilərəm, vəssalam! Day su içməyə də pulum qalmaz!..
    K i ş i. Mənimki besplatnıdı.
    B ə l ə d ç i. Göstər.
    K i ş i. Al.
    B ə l ə d ç i. Bu nədi, a kişi? Bu, lotereyadı!
    K i ş i. Al.
    B ə l ə d ç i (dodaqaltı oxuya-oxuya).
    Küçələrə su səpmişəm...
    Küçələrə su səpmişəm...
    Yar gələndə toz olmasın...
    Yar gələndə toz olmasın...
    U z a q d a n g ə l ə n s ə s. Nökər gəlmişdi Kislovodska, görmüşdü ki, babam dözməyib, özü gedib Bakıya. Nökər Hövsan soğanını da götürüb təzədən qayıtmışdı Bakıya.
    A r v a d. Əsədulla də!.. Sənin dostun yoxuydu, palkovnik!..
    K i ş i. Yadıma gəlmir... Kərimi deyirsən?
    A r v a d. Kərim yox e, Əsədulla!.. Əsədulla!..
    K i ş i. Yadıma gəlmir... Amma Kərim ölüb... Fəti də ölüb... Ibrahim də ölüb... Fatma da... Sona da... O biri Ibrahim varıydı e, axsaq, o da ölüb... Dilşad ölüb... Əhməd ölüb... O biri Əhməd də ölüb... Soltan da... Fərid də... Fəridin oğlu da... Fazil də ölüb... Canım sənə desin, Fətulla da... Yadıva gəlir? Bığı sallanırdı həmişə... Yox, bığı sallanan, Fətulla deyildi, şey idi, Məlik! Məlik də ölüb... Bizim o ispalkom varıydı e, müharibə vaxtı mənə həmişə tütün gətirirdi, Ismayılov, o da ölüb... Ələsgər də... Brejnev də öldü... Xruşşov da... Andropov da... Kosıgin də... O birisinin adı nəyidi?.. Şey.. Bu saat deyəcəyəm!.. Şey... Pelşe!.. Pelşe də ölüb...
    Qatar fit verir.
    N a d e j d a K r u p s k a y a. Mən Iliçi sevirdim!..
    A r v a d. Meynə yaxşı gətirmişdi bu il?
    K i ş i. Hansı meynə?
    A r v a d. Qapının ağzındakı də...
    K i ş i. O çoxdan quruyub gedib...
    B i r i n c i s ə r n i ş i n. Vay!.. Vay!.. Vay!.. Alə, nəcisə bax e!..
    I k i n c i s ə r n i ş i n. Baxmıram.
    Ü ç ü n c ü s ə r n i ş i n. Bütün qarpızlar zəhərlidi! Yalan deyirəm, bax, bu elektriçkanın altında qalım! Qabaq xəstəyə qarpız verirdilər ki, yeyib sağalsın. Indi bütün qarpızların hamısı zəhərlidi! Yalandan televizorda deyirlər ki, bütün qarpızları yoxlayırlar, qorxmayın, yeyin! Yalançının atasına lənət! Ay yoxladılar a!.. Qurana and olsun, Ətağanın cəddi qənim olsun mənə, əyər yalan deyirəm, yeyirsən, öldürür səni! Özü də neçəyə? Kilosu iki manat əlli qəpik!..
    B i r i n c i s ə r n i ş i n. O-o-o!.. Eşşək ölüsü!
    I k i n c i s ə r n i ş i n. Baxmıram.
    A n d r e y V ı ş i n s k i. Yaşasın Azərbaycan Kommunist bolşeviklər Partiyası!
    Gurultulu alqışlar.
    Yaşasın şanlı Bakı proletariatı!
    Gurultulu alqışlar.
    Onlar xoşbəxt həyat sürürlər, yoldaşlar!
    Gurultulu alqışlar.
    K i ş i. Lotereyanı qaytardı mənə?
    A r v a d. Bilmirəm...
    K i ş i. Indicə lotereyaydı də, ona verdiyim, hə?
    A r v a d. Mən hardan bilim? Sən bilərsən... Sənin bilmədiyin şey var?
    K i ş i. Yoxsa ki, sən avamsan?! (Gülür.)
    A r v a d (gülür). Əlbəttə... Avam olmasaydım, başımı tovlayıb gedib Ələşrəfin qızıyla eşqibazlıq eləməzdin ki!
    K i ş i. Pa!.. Nə yaxşı yadıma saldın onu! Deyirəm axı, nə vaxtdı ki, nəyi istəyirəm yadıma salam!.. Əntiqə komsomolçuydu!
    A r v a d. Ələşrəf?
    K i ş i. Yox, əşşi!.. O xalq düşməniydi!.. Qızı deyirəm. Əla komsomolçuydu! Bədəni də ağappaq, özü də top kimi bərk...
    A r v a d. Adı Firuzəydi, Hüsniyəydi, nəydisə, belə bir şeydi...
    K i ş i. Hə, nəysə, eləydi... Əlaydı!..
    A r v a d (gülür). Ay səni!.. Yaman şeysən! Yadına salıb indi sümüklərini qızdırırsan...
    K i ş i (gülür). Hə.
    U z a q d a n g ə l ə n s ə s. Nökər gəlib Bakıda görmüşdü ki, babam qayıdıb Kislovodska. Təzədən Hövsan soğanıyla dolu həmin kisəni belinə şəlləyib yola düşmüşdü Kislovodska.
    B ə l ə d ç i (dodaqaltı oxuya-oxuya).
    Küçələrə su səpmişəm...
    Ancaq mənim fikrimcə iyirmi səkkizinci qurultay əldə-qayırma bir şeydi. Ona tarixi qurultay demək olmaz!
    Yar gələndə toz olmasın...
    Heç cürə tarixi qurultay demək olmaz!
    B i r i n c i s ə r n i ş i n. Yumurta qabığı!.. Vay, özü də gör nə qədər!.. Pomidor yeşiyi!.. Köhnə ayaqqabı!.. Bir-iki-üç-dörd-beş-altı-yeddi... Gör nə qədər!.. Bax e!..
    I k i n c i s ə r n i ş i n. Baxmıram.
    B i r i n c i s ə r n i ş i n. Vay!.. Vay!.. Vay!.. Andropovun şəkli!.. SSRI-nin bayrağı!.. Suslov!.. Pay atonnan!.. Alə, gör nə qədər Brejnev var e!.. Alə, bir bax e!..
    I k i n c i s ə r n i ş i n. Baxmıram!
    Ü ç ü n c ü s ə r n i ş i n. Anamın qəbri haqqı, yediyim çörək mənə haram olsun, əyər yalan deyirəm, çiyələk də hamısı zəhərdi! Indi uşağa çiyələk verirsən, yeyib ölür!
    N a d e j d a K r u p s k a y a. Mən Iliçi sevirdim!..
    Ü ç ü n c ü s ə r n i ş i n. Ət talonnan!.. Yağ talonnan!.. Qurbağa talonnan!..
    N a d e j d a K r u p s k a y a. Mən Iliçi sevirdim!..
    A r v a d (gülür). Onda bəs sənə elə deyəndə, sən nə dedin?
    K i ş i. Mən? Bəs bayaq demədim sənə?
    A r v a d. Yox...
    K i ş i (uğunub gedir). Dedim ki... Dedim ki...
    Qatar fit verir.
    U z a q d a n g ə l ə n s ə s. Kislovodskda yağışlar başlamışdı. Babam darıxmışdı. Tapşırmışdı, pal-paltarını yığışdırmışdılar, çamadanlarını qablamışdılar, qayıdıb çıxıb getmişdi Bakıda evlərinə.
    A r v a d (gülə-gülə). Əntiqə demisən e!..
    K i ş i (uğuna-uğuna). Hə!..
    A r v a d. Əlisəttara da bir dəfə bir şillə vurdun e?!
    K i ş i. Əlisəttar?
    A r v a d. Onda sənin mavinin idi...
    K i ş i. Hə-hə!.. Mən ona şillə vurdum?
    A r v a d. Bəs kim?
    K i ş i. Deyəsən, axı, o mənə şillə vurdu?
    A r v a d. Bilmirəm...
    B i r i n c i s ə r n i ş i n. Alə, bax e!.. Vay!.. Vay!.. Vay!.. Cin!.. Şeytan!.. Qülyabanı!..
    I k i n c i s ə r n i ş i n. Baxmıram.
    B i r i n c i s ə r n i ş i n. Div!.. Ifritə!..
    I k i n c i s ə r n i ş i n. Baxmıram!
    Ü ç ü n c ü s ə r n i ş i n. Əldə də yağın kilosu on beş manatadı!.. Yalan deyirəm, bax, bu elektriçka üstümdən keçsin!..
    B ə l ə d ç i. Az qalıb a, az qalıb Buzovnaya!
    Yar gələndə toz olmasın...
    U z a q d a n g ə l ə n s ə s (tələsik). Nökər gəlmişdi Kislovodska, görmüşdü ki, babam köçüb gedib Bakıya. O bir kisə Hövsan soğanı ki varıydı, onu götürüb təzədən dönmüşdü geri.
    K i ş i (tələsik). Qaytardı mənim lotereyamı?
    A r v a d. Bilmirəm.
    K i ş i. Qoy bir baxım...
    U z a q d a n g ə l ə n s ə s (tələsik). Nökər Bakıda baxıb görmüşdü ki, həmin bir kisə Hövsan soğanı xarab olub!.. Çürüyüb!..
    N a d e j d a K r u p s k a y a. Mən Iliçi sevirdim!..
    Ü ç ü n c ü s ə r n i ş i n (tələsik). Çolpanın biri bazarda iki manataydı! Ikisini üç manata da almışam! Əlinin qılıncı belimi vursun, yalan deyirəmsə! Indi biri iyirmi manatadı! Köhnə pulla iki yüz manata! Altı, o da sıfır. Mən maaşıma altı dənə çolpa ala bilərəm! Vəssalam! Day gərək çörək də yeməyim, su da içməyim!
    B i r i n c i s ə r n i ş i n (qışqıra-qışqıra). Alə, mən burda qaldım ki!.. Mən qaldım bu zibilliyin içində ki!.. Mənə bax! Getmə!..
    I k i n c i s ə r n i ş i n. Baxmıram.
    U z a q d a n g ə l ə n s ə s (tələsik). Babam tüpürüb nökərin sifətinə. Deyib, maymaq oğlu, maymaq!
    K i ş i (həyəcanla). Hanı bəs? Hanı lotereyam?
    B i r i n c i s ə r n i ş i n (qışqıra-qışqıra). Getmə!.. Getmə!.. Mənə bax!..
    I k i n c i s ə r n i ş i n. Baxmıram!
    M i x a i l Q o r b a ç o v (tələsik). Biz düz yoldayıq, yoldaşlar!
    K a r l M a r k s (tələsik). Bütün ölkələrin proletarları, birləşin!
    B ə l ə d ç i (dodaqaltı tələsik oxuya-oxuya).
    Küçələrə su səpmişəm...
    Küçələrə su səpmişəm...
    Yar gələndə toz olmasın...
    Yar gələndə toz olmasın...
    Qatar fit verə-verə gedir.
Avqust 1990,
Zuğulba.

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (16.01.2014) | Müəllif: R.C E W
Baxış: 1010 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more