Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Hotel Bristol
HOTEL BRISTOL


    Hava bir balaca açılmışdı və gün çıxmışdı. Gün milyon il bundan əvvəl də yəqin ki, beləcə çıxmışdı. Gün milyon il bundan sonra da belə çıxacaqdı. Bu sözlər onun sözləri deyildi, on-on iki il bundan əvvəl deyilmişdi və o zaman bu sözlər də bu sözləri deyən adam kimi ona boş və mənasız görünmüşdü, ürəyində bu sözlərə gülmüşdü, amma indi bu sözlər, yəni günəşin beləcə həmişəliyi, insan ömrünün bu həmişəlik müqabilindəki kiçikliyi, cılızlığı onu həyatı və ölümü təzəcə dərk eləyən bir yeniyetmə kimi sarsıtdı.
    Tabutu yekə yük maşınının yanına qələr gətirib dayandılar, iki cavan oğlan atılıb yük maşınına mindi, tabutu çiyinlərdən çəkib maşının içinə saldılar və yazıq Əlisəttar müəllim payızın bu soyuğunda puçur-puçur tər tökə-tökə cavan oğlanlara:
    – Yavaş olun!.. Yavaş olun!.. – deyirdi.
    O tabutun içindəki, o nəm çəkmiş taxta qutunun içindəki Hotel Bristol idi. Yazıq Əlisəttar müəllim nədən qorxurdu? Qorxurdu ki, Hotel Bristola bundan sonra bir zədə dəyər, ya nə olar? Yazıq Əlisəttar müəllim, sənin ürəyin də bu dəm sifətin kimi ağlayırmı? Ya yalandan ağlayırsan? Yaxşı adamsan sən, yoxsa pis adamsan? Ümumiyyətlə, yaxşı adam, yaxud pis adam varmı dünyada? Ona elə gəlirdi ki, insan ömrü günəşin daimiliyi müqabilində necə kiçikdirsə, necə cılızdırsa, «yaxşı» və «pis» də insanın və o cümlədən də Əlisəttar müəllimin ürəyi, insanın dünyası müqabilində eləcə kiçik, eləcə cılızdır.
    Cavan oğlanlar maşının dəmir kabinəsinə bir-iki yumruq vurdular, yəni ki, hazırdı, tabutu qoymuşuq maşının ortasına, tərpənmək olar və camaat da qəbiristanlığa getmək üçün avtobusa, yüngül maşınlara minməyə başladı; cavan oğlanlar yük maşınının kənarını qaldırdılar və tabut daha görünmürdü və o görünməyən tabutun içindəki Hotel Bristol idi.
    Yazıq Əlisəttar müəllim maşınlardakı boş yerləri bir-bir camaata göstərirdi, maşınların arası ilə ora-bura vurnuxurdu ki, görsün çöldə qalan yoxdur ki, puçurpuçur tər tökə-tökə bu başdan vurub o başdan çıxırdı və görünür, təbiətən çox narahat adam idi, dostlarına, qohumlarına, heç kimə etibar etmirdi, adamları, az qala, bir-bir özü maşınlara oturdurdu və yaxın bir adam görən kimi, özünü saxlaya bilmirdi, kövrəlirdi, yazıq Əlisəttar müəllim, bu gecə necə yatacaqsan?
    Hotel Bristolu tez-tez yadına salacaqsan? doğrudan da o əziz adam idi sənin üçün? bu cür canfəşanlığın doğrudandı, ya yalandan? tək qalacaqsan, yoxsa həmişə tək olmusan?
    Birinci dəfə idi ki, Əlisəttar müəllimi görürdü və heç vaxt Əlisəttar müəllimi görməsə də, Əlisəttar müəllimin gödək boyunu daha da qısaldan köklüyü, saçı tökülmüş tamam çılpaq başı Hotel Bristola yaraşmasa da bayaqdan ona elə gəlirdi ki, Əlisəttar müəllimi çoxdan tanıyır və Əlisəttar müəllim mütləq elə bu cür Əlisəttar müəllim olmalı idi, başqa görkəmdə, başqa sifətdə ola bilməzdi; yazıq Əlisəttar müəllim bu dəfə onun yanından ötdü və adamların hüznlü baxışlarına:
    – Həyatdır... – deyə cavab verdi.
    ... – Həyatdır də... – Sonra Hotel Bristol o payız günü pəncərədən bayıra baxdı, buludların arasından çıxmış günəşə baxdı, boz gözlərini qıydı və həmişəki kimi mənalı-mənalı dedi:
    – Gün milyon il bundan əvvəl də yəqin ki, belə çıxmışdı. Gün milyon il bundan sonra da belə çıxacaq... – Sonra da boz gözlərini günəşdən çəkib düz onun gözlərinin içinə baxdı və bu dəfə rusca dedi: – Takova jizn...
    – Ne tak xoroşa, da i ne tak ploxa, kak dumayetsya.
    Hotel Bristol zamanın sınaqlarına sinə gərmiş, xeyli təcrübədən keçirilmiş mənalı təbəssümlə elə-eləcə Muradın gözlərinin içinə baxdı və gülümsədi:
    – Vot imenno! Prekrasno skazal...
    Hotel Bristol bilmirdi ki, o payız ötəcək, sonra yenə payızlar gəlib keçəcək və eləcə bir payız günü iki cavan oğlan onu tabutun içində, nəm taxta qutunun içində çəkib yük maşınına qoyacaqlar.
    – I ya tebya ponyala...
    Murad da gülümsədi, çünki Muradın həyat haqqında söylədiyi bu cümlə Mopassanın idi, hansı romanınsa – deyəsən, «Həyat»ın axırıncı cümləsi idi; Murad da gülümsədi, çünki Murad da bilmirdi ki, o payız ötəcək, sonra yenə payızlar gəlib keçəcək və elə o cür bir payız günü – milyon il bundan əvvəlki və milyon il bundan sonrakı kimi bir payız günü iki cavan oğlan Hotel Bristolu nəm taxta qutunun içində çiyinlərdən çəkib yük maşınına qoyacaq; Hotel Bristol təmizkar idi və təmizkarlığını həmişə nümayiş etdirirdi, tez-tez çantasından ətriyyatlı kağız dəsmallar çıxarıb əlini, boynunu silirdi; o nəm taxta qutu isə tamam köhnəlmişdi, içində nə qədər cənazə yola salmışdı və indi də Hotel Bristolu axırıncı mənzilə aparırdı, sabah da kimisə, bir başqasını aparacaqdı, biri gün bir başqasını öz içinə alacaqdı, beləcə köhnəlib tamam söküləcəkdi, çürüyüb torpağa qarışacaqdı və yerinə təzə tabut düzəldəcəkdilər; bir dəfə Murad Bakının köhnə məhəllələrindən birindən keçib işə gedəndə gördü ki, qırçılar köhnə bir tabutu söküb, qır tiyanında yanan o tabut taxtalarının şöləsi uzun müddət Muradın gözlərinin qabağından getmədi; həmin şölə qızdırmırdı, buz soyuğu ilə yanırdı və soyuq alov Muradın içini dondururdu. Hotel Bristol Muradın gülümsəməyini də başqa gür yozdu və isti əli ilə Muradın biləyindən tutdu:
    – Nə yaxşı ki, biz bir-birimizi başa düşürük... Bu soyuq dünyada, heç olmasa, bir balaca hərarət adamın ürəyini qızdırır. Mən sevinirəm... – Sonra Hotel Bristol həmişə belə anlarda olduğu kimi yenə də rus dilinə keçdi: – A tı?
    – Ya toje...
    – Çto ya toje?
    – Ya toje tak i vı...
    Hotel Bristol Muradın biləyini sıxdı və özünü Murada lap yaxınlaşdırdı, döşləri Muradın pencəyinə yapışdı və Muradın həmin döşlərə yazığı gəldi, elə bil ki, bu döşlər bütün qışı evdə saxlanılıb yazda bazara çıxarılmış alma idi, köhnəlmişdi və Hotel Bristol başını qaldırıb boz gözləri ilə altdan yuxarı yenə də Muradın gözlərinin içinə baxanda, həmin baxışlardakı çağırışa, dəvətə, həmin baxışlardakı mənəmmənəmliyə Muradın gülməyi tutdu və yaxşı ki, Hotel Bristol, nədənsə, gözlərini ondan çəkib o payız buludları arasından çıxmış günəşə baxdı: əlbəttə, Murad nə isə etməli idi, ya yüngülcə öpməli idi Hotel Bristolu, ya özünü kənara çəkməli idi, ya da nəsə başqa bir şey eləməli idi, amma Murad heç nə eləmədi, gülümsəyə-gülümsəyə çox səmimi, lap sidq-ürəkdən soruşdu:
    – Əlisəttar müəllim necədi?
    Hotel Bristolun Muradın biləyindən tutmuş və həyəcanlı nəbzi hiss olunan isti əli dərhal boşaldı, sonra sifətində güclə saxlamağa çalışdığı həmin romantik təbəssümlə dedi:
    – Çox sağ ol, yaxşıdır.
    Murad eyni sadəlövhlüklə soruşdu:
    – Radikuliti necədi?
    Hotel Bristol tamam təhqir olunmuşdu və əzablara dözən cəfakeş bir qadın əzmiylə bunu Muraddan gizlətməyə çalışdı:
    – Radikuliti də yaxşıdı, – dedi və daha özünü saxlaya bilməyib boş otaqdan çıxdı.
    Murad bilirdi ki, Hotel Bristolun ərinin adı Əlisəttar müəllimdi və institutdakıların hamısı kimi, burasını da bilirdi ki, Əlisəttar müəllimin Hotel Bristolun macəralarından xəbəri yoxdu, radikuliti var və çox zaman da öz radikulitinin hayındadı.
    ...Yük maşını tərpəndi, o biri maşınlar da yavaş-yavaş yük maşınının ardınca getməyə başladı, yolu kəsilib dayanmış trolleybusların, taksilərin, başqa maşınların sürücüləri və sərnişinləri səbirsizliklə və narazılıqla bu matəm karvanına baxırdı ki, yol nə vaxt başlanacaq və nəhayət, tabutu aparan yük maşınının ardınca gedən maşınların hamısı yola düzəldi və ən sonuncu Əlisəttar müəllimin oturduğu köhnə «Jiquli» yerindən tərpəndi, yazıq Əlisəttar müəllim, radikulitin necədi, çox incidir? bəlkə bütün insan ömrü bir payız fəslidir və əslində fəsillər heç zaman dəyişmir? hər halda, təskinlik var, hər halda, radikulit xərçəng deyil, hə? amma ömrün payızına bunun nə dəxli var? bəyəm ömrün payızı üçün xərçənglə, radikulitlə xərçəngsizliyin və radikulitsizliyin fərqi var?
    ...O zaman Murad hələ institutda işləyirdi və onların şöbəsinin cəmi bircə otağı var idi və bu bir otaqda dörd miz var idi: ikisinin arxasında baş elmi işçilər – Murad və Hotel Bristol otururdu, biri kiçik elmi işçi Musanın idi, o birisi də laborant Səlminazın.
    Hotel Bristolun adı, yəni əsl adı Məleykə idi, amma Murad da və başqaları da Məleykə xanımdan söz düşəndə onu Hotel Bristol çağırırdılar, çünki Hotel Bristol haçansa Avropa ölkələrindən birinə turist səyahətinə getmişdi və həmin ölkədə hansı bir şəhərdəsə «Bristol» adlanan bir mehmanxanada qalmışdı, geri qayıdanda isə həmin mehmanxananın yuxarısında latın əlifbası ilə HOTEL «BRISTOL» sözləri yazılmış şirkət kağızlarından bir dəstə götürmüşdü və odu-budu balaca məktublarını, qeydlərini bu şirkət kağızlarında yazırdı, məsələn, bir də görürdün ki, hansı bir müzakirəyəsə gələ bilməyib, əvəzində bir üzrxahlıq məktutu göndərib ki, bağışlayın, vacib işim olduğuna görə müzakirədə iştirak edə bilmirəm və şöbəyə göndərdiyi həmin məktubun da yuxarısında HOTEL «BRISTOL» şirkət yazısı.
    Hotel Bristol Muraddan nə qədər böyük idi? On yaşmı? On beşmi? Amma, hər halda, özünü Muradın qəyyumu kimi aparırdı, guya, Muradın daxili aləmini institutda heç kim başa düşə bilməz və ancaq Hotel Bristol Muradın hisslər və düşüncələr aləmini duyur və ümumiyyətlə, guya Hotel Bristol mənən zənginlik xiridarıdır, özü mənəvi sarsıntıları çox keçirib, başı daşdan-daşa dəyib və buna görə də sirlərlə dolu daxili aləmi var; tez-tez Muradı söhbətə tuturdu, tarixdən danışırdı, arxitekturadan, rəssamlıqdan, Italiya kinosundan, fransız romanından danışırdı və bəzən lap aləm olurdu, məsələn, Hotel Bristol Muradı təkləyib başlayırdı xarici ədəbiyyatdan söz salmağa, Murad da adını bildiyi Amerika kosmonavtlarını bir-bir ingilis yazıçıları kimi Hotel Bristola sırıyırdı.
    Hotel Bristol soruşurdu:
    – Təzə nə oxuyursunuz?
    Murad deyirdi:
    – Bir ingilis yazıçısı var, Devid Skott, onun romanını oxuyuram.
    Hotel Bristol o saat heyranlığını bildirirdi:
    – O-o!.. Yaxşı yazıçıdır! Hansı romanını oxuyursunuz?
    Murad bədahətən bir roman adı quraşdırıb deyirdi:
    – «Həyat səhra kimidir...»
    Əlbəttə, bu adda roman yox idi; əlbəttə, Murad bilmirdi ki, ömrün payızlı bir çağında beləcə bir yük maşınının ardınca gedəcək və burasını da bilmirdi ki, həmin nəm taxtalı qutunun içindəki Hotel Bristolu qəbiristanlığa müşayiət edən əklillərin, güllərin iyi birdən-birə Hotel Bristolun ətirli kağız dəsmallarını onun yadına salacaq. Murad o romanın adını söyləyən kimi, Hotel Bristol deyirdi:
    – Hə, pis roman deyil... Amma görürsünüz, iki-üç cümlə ilə qadın psixologiyasını necə dəqiq ifadə edir?
    Əlbəttə, hərgah bir romanın adı «Həyat səhra kimidir...»sə, orada, heç olmasa, bir qadın olacaqdı və yazıçı da – nə olsun ki, Devid Skott kosmonavtdır? – həmin qadın haqqında bir-iki cümlə deyəcəkdi, amma bu birtərəfli oyunun da ləzzəti onda idi ki, mübahisə qızışırdı və Murad da mübahisə edirdi:
    – Mən deməzdim ki, bir o qədər də dəqiq ifadə edir...
    O məşhur təbəssüm həmin andaca Hotel Bristolun dodaqlarına qonurdu:
    – Siz qadın psixologiyasının bilicisisiz? – Xüsusi vurğu ilə dediyi bu sözlərdən sonra bir anlıq araya mənalı sükut çökürdü, sonra Hotel Bristol yenə romana qayıdırdı. – Əlbəttə, Skott da bütün ingilislər kimi bir az qurudu, amma bəzən elə detallar verir ki, çox yerinə düşür. Siz onun başqa əsərlərini oxumusunuz?
    – Yox, oxumamışam.
    Hotel Bristol deyirdi:
    – Onun bir povesti var, keçən il çıxmışdı. Adını bu saat deyim... hə, «Vzqlyad çernoqo kota»! Çox gözəl əsərdir. Məncə Skottun ən yaxşı yazısıdır. Mütləq tapıb oxuyun, heyif, mən kiməsə vermişəm... Hər dəfə özümə söz verirəm ki, heç kimə kitab verməyəcəyəm, amma yenə də olmur...
    Bəzən Murada elə gəlirdi ki, Hotel Bristol da onu ələ salır, amma Hotel Bristol heç kimi ələ salmırdı, sadəcə olaraq, Hotel Bristolun başqa əlacı yox idi və əlbəttə, deyə bilməzdi ki, bağışlayın, mən Devid Skott adında yazıçı tanımıram və onun heç bir əsərini oxumamışam; Murad Hotel Bristolla söhbətlərində Salvadorun prezidentini Ispaniya kinorejissoru kimi qələmə verirdi, Fransa generalını Kanada dirijoru kimi, ingilis artistini Avstraliya ornitoloqu kimi və Hotel Bristol da bütün bu olmayan kinorejissorların, bəstəkarların, alimlərin hamısını tanıyırdı, onların başqa əsərlərinin adını çəkirdi, sənətə, elmə, ədəbiyyata dair onların fikirlərini söyləyirdi, yaradıcılıqları barədə Muradla mübahisələr aparırdı.
    Bəzən Səlminazla Musa da otaqda olardı, heyran-heyran Hotel Bristolla Muradın söhbətlərinə qulaq asardı, ilk dəfə eşitdikləri böyük alimlərin, rejissorların, yazıçıların qəliz adlarını yadlarında saxlamağa çalışardı ki, yeri düşəndə onlar da bu adları çəksinlər; Musa hərdən utana-utana, sıxıla-sıxıla imkan tapıb qeydlər də edirdi ki, eşitdiyi bu ağıllı söhbətlər onun cib dəftərçəsindən kənarda qalmasın; Musa həmişə utanırdı, həmişə sıxılırdı; burasını da deyirdilər ki, neçə illərdən bəri institutda kiçik elmi işçi işləyən, elmdə də, həyatda da heç bir xüsusi iddiası olmayan Musa altı uşağına və sapsağlam arvadına baxmayaraq, gizlin-gizlin Hotel Bristolu sevir və arvadını boşamağa hazırlaşır və deyirdilər ki, Hotel Bristolun özünün də bu gizli məhəbbətdən xəbəri var...
    Yük maşını qəbiristanlığın qapısı ağzında dayandı və Əlisəttar müəllim köhnə «Jiquli»dən düşüb tələsik yük maşınına tərəf gəldi və Murada elə gəldi ki, Əlisəttar müəllim də əslində o trolleybus, taksi sürücüləri və sərnişinləri kimi tələsir, tələsir ki, bütün bu matəm mərasimi tez qurtarsın, Hotel Bristolu bu payız soyuğunu canına çəkmiş qara torpağa tez tapşırsınlar, amma yazıq Əlisəttar müəllimin, təbii ki, Muradın bu hisslərindən xəbəri yox idi və yük maşınından tabutu aşağı sallayan cavan oğlanlara:
    – Yavaş olun... – deyirdi. – Yavaş olun...
    Tabutu aşağı salladılar və yenə də dörd nəfər o nəm çəkmiş taxta qutunu çiyninə aldı və hamı tabutun ardınca addımladı; qəbiristanlıq həmişəki sakitlik içində idi və bu sakitlikdə gizli bir narahatlıq, hərislik var idi və Murada elə gəldi ki, qəbiristanlıq nə vaxtdı ki, onları gözləyirdi, yəni bu mənada yox ki, hamı öləcək və qəbiristanlıq da bir-bir bütün bu adamlar üçün son məskən olacaq – bu, öz yerində; bu mənada ki, elə bil qəbiristanlıq məhz bu cənazəni gözləyirdi və elə bil ki, bu cənazə gəldi, həmin qəbiristanlıq rahat nəfəs aldı və o nəfəsi Murad bütün hissləri ilə, bədəni ilə duydu.
    Əlisəttar müəllim tabutun üstünə xırda güllü ipək örtük salmışdı və bu dəm o, xırda ağ güllər Muradın gözlərində böyüdü, qıpqırmızı qızardı və həmin yekə qırmızı güllü xalat bu dəfə bir həzinlik, bir hərarət gətirdi...
    Onda necə oldu ki, Hotel Bristolgilə getdilər?
    Kiminsə dissertasiya müdafiəsindən sonra banket idi, xeyli yeyib-içdilər, Muradla Hotel Bristol yanaşı oturmuşdular, sonra burası Muradın yadına gəlirdi ki, həmin yay gecəsi banketdən çıxıb hansı kimsəsiz bağdasa Hotel Bristolla öpüşdülər, sonra da burası yadına gəlir ki, Hotel Bristolun evinə getdilər və qapını Hotel Bristol özü açarla açdı, çünki evlərində heç kim yox idi, sonra Muradın ürəyi bulandı, vanna otağına keçdi, sonra oradan çıxanda gördü ki, Hotel Bristol artıq həmin yekə qırmızı güllü məşhur xalatı əyninə geyib.
    Institutda hamı bilirdi ki, Hotel Bristolun belə bir xalatı var və həmin yekə qırmızı güllü xalat haqqında dastanlar gəzirdi, amma Murad bu xalatı gözləri ilə görəndə təəccübündən çaşıb qaldı, elə bil ki, Hotel Bristolun bu yekə qırmızı güllü xalatı da uçan xalça kimi, yaxud Ələddinin çırağı kimi bir şey idi və onu həqiqətdə görmək mümkün deyilmiş; sonra hər şey pis romanlardakı kimi oldu: xalatın açıq ətəyindən Hotel Bristolun çılpaq baldırları göründü, otağın işığı da elə bil öz-özünə söndü, Hotel Bristol Muradın yanında divanda oturdu və bütün bunların hamısı Muradın içkili beynində bir dumana bürünmüşdü, sonralar bütün bunları xatırlayanda, o birinci və sonuncu gecəni yadına salanda hər şey həmin dumanın içində idi və Murada elə gəldi ki, illər keçdikcə o duman da qocalıb, köhnəlib, o dumanın da az-çox şövqü vardısa da, çıxıb gedib, yerini payız xisləti tutub.
    Həmin gecənin səhəri dostları Muraddan soruşanda ki, banketdən sonra birdənbirə hara itdi? – Murad güldü: HOTEL «BRISTOL»da istirahət edirdim... və bundan sonra həmin sözlər institutda, dostları arasında bir zərb-məsələ çevrildi:
    – Əcəb HOTEL «BRISTOL»da dincəlməli gündü...
    – Dünən niyə görünmədin? HOTEL «BRISTOL»a getmişdin?
    – Lap HOTEL «BRISTOL» əhvalatıdı...
    ...Qəbirqazanlar əllərində bel tutub gözləyirdilər ki, nə vaxt cənazəni tabutdan çıxarıb qəbrə qoyacaqlar ki, onlar qəbri torpaqla doldurub işlərini qurtarsınlar və bu vaxt Əlisəttar müəllim özünü saxlaya bilmədi, tabutun yanında diz çökdü və hönkürhönkür ağlamağa başladı, yazıq Əlisəttar müəllim, bir vaxt hər şey unudulacaq. bir vaxt nə sən olacaqsan dünyada, nə də mən. bir vaxt bütün bu adamlar da olmayacaq dünyada. amma günəş beləcə çıxacaq, çünki milyon il bundan əvvəl də beləcə çıxıb və milyon il bundan sonra da beləcə çıxacaq. o vaxt sənin kimisi, mənim kimisi olacaq və onlar da beləcə düşünəcək. ya da beləcə düşünməyəcək. nə fərqi? Yox, Musa da Hotel Bristolu sevmirmiş, Musa arvadını boşamağına boşadı, amma Səlminazla evləndi və Murad onları təxminən iki ay bundan əvvəl gördü; Murad neçə il idi ki, başqa işə keçmişdi və həmin gün işdən sonra nəhayət ki, vaxt tapıb, xəstəxanada yatan qayınatasına baş çəkməyə gəlmişdi və xəstəxananın ağlığı və təmizliyi də xəstəxananın iyi kimi Muradın ürəyini sıxırdı, xəstəxana işçilərinin geydiyi nişastalı ağ xalatların ləkəsizliyində, tərtəmizliyində soyuq bir ümidsizlik var idi; üçüncü mərtəbənin aralığında Musa və Səlminazla rastlaşdı.
    – Salam, Murad müəllim!... – Səlminaz bu gözlənilməz görüşə açıq-aşkar sevindi və hələ də həmin institutda kiçik elmi işçi işləyən Musa da həmişəki kimi utana-utana, sıxıla-sıxıla Muradla görüşdü, sonra məhəbbət dolu gözləri ilə Səlminaza baxdı; Səlminaz soruşdu: – Necəsiniz, Murad müəllim? Gör nə vaxtdı görmürük sizi... Hərdən televizorda görürük... – Musa da sıxıla-sıxıla Səlminazın sözlərini təsdiq etdi, sonra yenə məhəbbət dolu nəzərlərilə Səlminaza baxdı; Səlminaz dedi: – Institutun yaxşı vaxtları o günlərdə qaldı, Murad müəllim... Hər şey dəyişib, gəlsəz heç tanımazsız... – Səlminaz gözlərini Muradın dən düşmüş saçlarında gəzdirdi və birdən-birə qüssədolu bir səslə soruşdu: Siz də Məleykə xanımın yanına gəlmisiz?
    Murad əvvəlcə bilmədi ki, söhbət kimdən gedir, sonra başa düşdü ki, Hotel Bristol burda yatır və məlum oldu ki, Hotel Bristol üç aydan artıqdır ki, çarpayıdan ayağa qalxmır.
    – Ümidsizdir... – Səlminazın gözləri doldu. – 318-ci otaqda yatır. Həkimi deyir ki, bir aydan çox yaşamaz. Xərçəngdi... Özünün xəbəri yoxdu. Sonra Musa ilə Səlminaz getdi.
    Onda hələ payızın əvvəlləri idi və artırmanın pəncərəsindən görünən xəstəxananın həyətindəki gilənar ağaclarının yarpaqları hələ saralmamışdı və bu yarpaqlar da bir az aralıdakı zeytun ağaclarının yarpaqları kimi yaşıl idi, amma bir az keçəcəkdi, gilənarın yarpaqları saralıb töküləcəkdi, xəzəl olub xəzana dönəcəkdi, amma o zeytun ağacları yay-qış həmişə beləcə yaşıl qalacaqdı, amma bir gün gələcəkdi və o həmişəyaşıl zeytun ağacları da quruyub qaxaca dönəcəkdi.
    Əyninə tərtəmiz ağ xələt geymiş şəfqət bacısı aralığın bir küncündəki mizin arxasında oturub kiminləsə telefonla danışırdı və tez-tez də gülürdü; şəfqət bacısının əynindəki həmin ağappaq, tərtəmiz xalat nişastadan şax dayanmışdı və birdən-birə elə bil ki, o şəfqət bacısı əriyib yox oldu, təkcə bu ağappaq nişastalı xalat qaldı və Murada elə gəldi ki, kürsüdə oturub telefonun dəstəyini tutan, danışan və tez-tez də gülən ancaq həmin ağappaq nişastalı xalatdir, içində heç kim yoxdur. O, 318-ci palatanın qapısını açdı və ona elə gəldi ki, özü yox, kimsə bir başqa adam bu palataya girdi və çarpayıda uzanmış bu yaşlı, xəstə, kimsəsiz qadını da görən o deyil, həmin başqasıdır; bəlkə elə buna görə də həmin qadının bu qədər dəyişməsinə heyrət etmədi, elə bil ki, həmin qadını bu qədər dəyişmiş görmək onu yox, həmin başqasını sarsıtdı və Murad gözlədi ki, xınası getmiş ağ saçları dalğadalğa balıncın üstünə yayılmış, sifəti, elə bil ki, mumdan düzəldilmiş, rəngi saralmış və eyni zamanda da qaralmış bu qadın indicə gözlərini açacaq və onu görüb gözlərinə inanmayacaq.
    Hotel Bristol, doğrudan da, gözlərini açdı və onu qarşısında dayanmış gördü, amma heç təəccüb eləmədi, təkcə gülümsədi, elə bil onu gözləyirdi, bilirdi ki, indicə gələcək, indicə boz gözlərini açıb onu görəcək.
    Boz gözlərin dibi görünürdü, elə bil ki, quyunun suyunu vedrə-vedrə çəkib çıxarmısan və indi baxanda dibi işıldayır. O, boz gözlər əziyyətlə gülümsəyirdi.
    Səlminaz bayaq dedi ki, «özünün» heç nədən xəbəri yoxdu, amma bu boz gözlərin hər şeydən xəbəri var idi. Xəbərsiz biz idik.
    Bu boz gözlər bu dəm ömrün payızına rişxənd edirdi və bu boz gözlər bu dəm mənə də rişxənd edirdi.
    O, neçə illər idi ki, bu qadını görmürdü, hərdənbir mətbuatda imzasına rast gəlirdi və o zaman yadına düşürdü, tez də yadından çıxıb gedirdi, amma indi əziyyətlə gülümsəyən bu boz gözlərə baxanda həmin gözlərin dəvətlə, çağırışla dolu təbəsümünü yadına saldı və həmin təbəssümdə heç vaxt hiss etmədiyi bir səmimilik, bir hərarət duydu, elə bir hərarət ki, həmin hərarətdə ağac pöhrələyir, yaxud da sənin donmuş barmaqlarını kim isə əziz bir adam əllərinin arasına alıb isti nəfəsini verir, qızdırır.
    O bilirdi ki, bu xəstə qadının uşağı yoxdur və ümumiyyətlə, ərindən və ərinin qohumlarından başqa heç kimi yoxdu və bu palataya da yəqin ki, ancaq onlardan biri, ikisi işdən sonra gəlib xəstəni yoluxurlar, amma əziyyətlə gülümsəyən bu boz gözlərdə bu dəm heç bir tənhalıq dəhşəti, kimsəsizlik ağrısı yox idi, əksinə, bu boz gözlər bu dəm tənhalığın özünə də, kimsəsizliyə də rişxənd edirdi. Iki-üç dəqiqə bundan əvvəl, hələ bu boz gözlər yumulu olanda o qorxurdu ki, bu yaşlı və xəstə qadın birdən keçmişləri yadına salar, birdən «mən səni həqiqətən sevirdim» deyər və yaxud «o gecəyə baxma, mənim səndən zəhləm gedirdi» deyər, amma indi dibi görünən və əziyyətlə gülümsəyən bu boz gözlərə baxdıqca özünü, bütün varlığını, bütün həyatını həmin sevginin də, həmin nifrətin də müqabilində kiçik, gözəgörünməz hiss etdi və bu hiss bir kəşf kimi onun bütün içini sarsıtdı...
    ...Qəbirqazanlar beli zərblə torpağa vururdular, ayaqları ilə belə kömək edirdilər və torpaq dolu beli qaldırıb torpağı qəbrə boşaldırdılar və bu minval ilə qəbiristanlıqdakı o təzə qəbir də torpaqla doldu və Əlisəttar müəllim də o torpaq doldurulmuş qəbrə baxa-baxa için-için ağlayırdı, yazıq Əlisəttar müəllim, mən çox istəyirəm ki, sənin radikulitin səni heç vaxt incitməsin, mən çox istəyirəm ki, sən ömrünün axırınacan qayğısız yaşayasan, heç vaxt o cür puçur-puçur tər tökməyəsən, imkan daxilində xoşbəxt olasan, mən çox istəyirəm ki, gecənin qaranlığı və sükutu səni üşütməsin, mən çox istəyirəm ki, xəstəxananın həyətindəki o zeytun ağacları heç vaxt quruyub qaxaca dönməsin, mən istəyirəm ki, heç kim tabut taxtası yandıran qırçılarla rastlaşmasın, mən istəyirəm ki, Musa heç vaxt Səlminazı boşamasın, amma... qış ötür, yaz gəlir, sonra yay gəlir, sonra yenə payız başlayır... Hava arada bir yenə tutuldu, sonra yenə bir balaca açıldı və gün çıxdı. Gün milyon il bundan əvvəl də yəqin ki, beləcə çıxmışdı. Gün milyon il bundan sonra da beləcə çıxacaqdı.
Aprel, 1983.

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (15.01.2014) | Müəllif: R.C E W
Baxış: 1027 | Reytinq: 5.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more