Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Hakim oxucudur
HAKIM OXUCUDUR

    Bu kiçik ön sözü yazmaq istərkən fikrimə bir sual gəldi: mən ilk hekayəmi nə vaxt yazmışam?
    Nə vaxt?
    Doğrusu, bu suala heç cürə cavab verə bilmirəm, çünki o ilk yazının nə adını, nə də vaxtını xatırlayıram.
    Mən əlifbanı çox erkən öyrənmişdim və Azərbaycan nağıllarını, eləcə də başqa xalqların, Andersenin, Qaufun, Pyerronun, Qrimm qardaşlarının, Yerşovun, Pavel Bajovun, Abdulla Şaiqin nağıllarını, başqa kitabları hələ birinci sinifə gedənə qədər özüm oxumuşdum. O kitabların, misal üçün «Saman dana», «Slavyan nağılları», «Tık-tık xanım» kimi kitabların çoxdan itib-batmış mən oxuduğum nəşrlərinin rəngi də, şəkilləri də, hətta adlarının yazılışları da mənim yaddaşımdadı, amma ilk yazımı nə vaxt yazmışam?– heç vəchlə yadıma sala bilmirəm.
    Orası yaxşı yadımdadı ki, 5-6 yaşımda həmişə atamın yazı mizinin üstündə olan ağ kağızlardan götürüb ortadan ikiyə bölürdüm və evdə heç kim olmayanda nağıllar (!), hekayələr (!!) yazırdım.
    O ağ kağızları ona görə ikiyə bölürdüm ki, yazıb qurtarandan sonra onları, görünməsin deyə, jurnal vərəqlərinin arasına qoyub – guya ki, jurnalda çap olunmuş hansısa yazıçıların əsərləridir – nənəmə – Ilyas Əfəndiyevin anası Bilqeyis xanıma oxuyurdum.
    Mən oxuyurdum, nənəm də, qəribəydi, nədənsə, eynəyini taxıb «Kazbek» papirosunu çəkə-çəkə diqqətlə mənə qulaq asırdı. Nənəm, adətən, eynəyi özü kitab oxuyanda taxırdı (kitab oxumağı çox sevirdi və hər üç əlifbada – ərəb, latın, kiril – çox da oxuyurdu və sevimli yazıçıları Viktor Hüqo və Rəşad Nuri Güntəkin idi). Yazdığımı oxuyub qurtarandan sonra soruşurdum:
    – Necədi?
    – Yaxşıdı,– deyirdi.
    Və nənəmin o «yaxşı»sı hər dəfə də, elə bil, bir işığa çönürdü, o işıq mənim içimə dolurdu və o işığın sevinci çox doğma, əziz bir hiss kimi indiyə qədər mənimlədir. Həmişə o gözəl çağları xatırlayanda, nənəmin dodaqlarındakı təbəssüm mənim gözlərimin qabağına gəlir. Aydın məsələdir ki, nənəm jurnalların arasında gizlədib oxuduğum o kağızları heç görməsə də, başa düşürdü ki, mən öz yazılarımı oxuyuram, amma o zaman mən bunu bilmirdim və içimdəki o işığın sevinci ilə küçəyə çıxıb (Mirzə Fətəli küçəsində yaşayırdıq) çox-çox yuxarılardan – göyün yeddinci qatından məhəllə uşaqlarına baxırdım və elə bil, o işıq elə bizim məhəllənin də üstünə düşürdü: evimizdən bir az yuxarıdakı köhnə Sarı hamamın rəngi gözgörəti təzələnirdi, Dar dalanın həmişəki kölgəsi açılırdı, küçəyə döşənmiş qənbər daşlar işım-işım işıldayırdı.
    Elə o vaxtlar idi, bir səhər qəribə bir söhbətin şahidi oldum.
    Səhər yuxudan oyanmışdım, amma hələ yerimdən durmamışdım, açıq qapıdan o biri otaqda nənəmin dediyi sözləri eşitdim:
    – Deyəsən, bu da yazıçı olacaq...
    Ilyas Əfəndiyev:
    – Bilirəm,– dedi.
    Şəkk-şübhə yox idi ki, söhbət məndən gedirdi və atamın o «bilirəm» xatircəmliyi, o sözü o cür arxayın və qəti deməsi o zaman mənə qətiyyən qəribə görünmədi, amma sonralar, xüsusən Ilyas Əfəndiyevin vəfatından sonrakı bu səkkiz ildə hərdən o «bilirəm»i yadıma salanda, doğrusu, çox qəribə (və təsirli!) bir hiss keçirirəm... Ilk romanımın süjeti (!) də, adı da – «Sənubərin göz yaşları» – yaxşı yadımdadı və o romanı mən Şuşada, 2-ci sinifdən 3-cü sinifə keçəndə yay tətilində yazmışdım. Çox təəssüf ki, o gözəl dəftər (romanı dama-dama qalın dəftərdə yazmışdım) arxivimdə qalmayıb, amma sonralar yazdığım «Bəşər övladı Həsən» (Andersen- Nyeksenin «Bəşər övladı Ditte» əsərinin təsirilə belə bir ad qoymuşdum) romanı indiyə qədər mənim arxivimdədir.
    O da yaxşı yadımdadır ki, 7-ci sinfi qurtarandan sonra yazılarımı oxumaq üçün atama verirdim ki, fikrini desin və elə atamın da məsləhətilə yazdığım hekayələri Isa Hüseynova göstərməyə başladım. Isa Hüseynov Hüsü Hacıyev küçəsindəki məşhur Yazıçılar binasının 3-cü blokunda, 5-ci mərtəbədə yaşayırdı (elə indi də o binada, amma 1-ci blokda yaşayır) və axşamlar onun evində, onun yazı masasının qarşısında oturub hekayələrim haqqında dediyi fikirlərə, qeydlərə, iradlara və təriflərə qulaq asırdım.
    Uzun illər boyu, aydın məsələdir ki, mən çox-çox yaradıcılıq söhbətlərinin şahidi və iştirakçısı olmuşam, amma tam bir səmimiyyətlə deyirəm ki, Isa Hüseynovun yazı mizinin qarşısında oturub o hekayələr haqqında onun fikirlərinə qulaq asdığım o çağlar mənim həyatımdakı yaradıcılıq söhbətlərinin ən ucalarından biridir və o ovqat da həmişəlik olaraq mənimlədir.
    Ilyas Əfəndiyevlə Mehdi Hüseyn çox yaxın dost idilər və təbii ki, Mehdi əmi (onu belə çağırırdım) mənim yazmağımdan yaxşı xəbərdar idi və yazdıqlarımı oxumaq istəyirdi, amma mən o hekayələri ona 15 yaşımdan sonra verməyə başladım. Mehdi Hüseyn o yazıları çox diqqətlə və mənim açıq-aşkar hiss etdiyim bir maraqla oxuyurdu, amma fikirlərini söyləyəndə heç bir güzəştə getmirdi, iradlarını deyirdi, mən də qızışıb onunla mübahisə edirdim, axırda Mehdi Hüseyn tab gətirməyib güləgülə:
    – Ə, bu Elçin məni yordu!– deyirdi.
    Çoxistəyirdim ki, mətbuatda çap olunum. Nəhayət, bir gün Isa Hüseynov oxuduğu yeni hekayələrimin arasında birini çapa layiq bildi və mənim o hekayəm 1959-cu il iyulun 5-də «Azərbaycan gəncləri» qəzetində dərc olundu. Hekayənin adı «O inanırdı» idi və bu mənim mətbuatda dərc olunan ilk yazım idi.
    O zaman 16 yaşım var idi.
    Ilk kitabım – «Min gecədən biri» adlı hekayələr toplusu 1966-cı ildə nəşr olundu. Sonra «Açıq pəncərə» və «Sos» povestlərim nəşr edildi. O yazıların hamısı mənim üçün, əlbəttə, əzizdir, amma bu gün mən əlyazmalarını oxuduğum cavanlara həmişə məsləhət görürəm ki, çap olunmağa tələsməsinlər və özümü misal gətirirəm, yəni bu mənada misal gətirirəm ki, 1967-68-ci illərə qədər yazdığım hekayə və povestləri bu gün mən heç bir kitabıma daxil etmirəm. Bəli, onlar mənim üçün əzizdir, hətta çox əzizdir, mən qəti surətdə onlardan imtina etmək fikrində deyiləm (onsuz da, yazıya pozu yoxdur!), amma əvvəllər də bir neçə dəfə söylədiyim bir fikri yenə təkrar etmək istəyirəm: mətbuat həvəskarın yox, professionalın əsərini çap etməlidir və mətbuat yazıçı olmaq istəyən adamın yazıçı olmasına qədər keçdiyi yolu öz səhifələrində əks etdirməyə borclu deyil.
    «Yaradıcılıq» sözü ilə «sənətkar» sözü eyni mahiyyətlidir, əslində, sinonimdirlər («gizli» sinonim!), həvəskarın yaradıcılığı olmaz, sənətkarın yaradıcılığı olar. Mən bu 10 cildliyə də 1968-ci ilə qədər yazdığım hekayə və povestləri daxil etməmişəm.
    Indicə bu «10 cildlik» sözlərini yazanda yenə uşaqlıq illərimi xatırladım. Ilyas Əfəndiyev çox oxuyan, klassik və müasir dünya ədəbiyyatına yaxından bələd olan bir yazıçı idi və onun yaxşı kitabxanası var idi və o kitabxanadakı kitablarla mənim aramda qəribə bir ünsiyyət, hətta mən deyərdim ki, bir münasibət var idi.
    O kitablar mənim üçün, əslində, canlı məxluqlar kimi bir şey idi. Mən rəflərə düzülmüş o kitablarla, xüsusən çoxcildliklərlə – Şekspir, Molyer, Tolstoy, Balzak, Stendal, Dikkens, Dostoyevski... – fəxr edirdim və ona görə yox ki, baxın, bizdə belə kitablar var, ona görə ki, öz-özlüyündə belə kitablar var, necə ki, qardaşla fəxr edirsən, atayla, oğulla fəxr edirsən.
    Mən məhz kitab olduğu üçün kitabla fəxr edirdim.
    Və o gözəl xəyallar aləmi də yaxşı yadımdadır ki, indi fikir məni tez-tez keçmişə apardığı kimi, o zaman da fikir məni tez-tez gələcəyə aparanda gözlərimin qabağına mənim öz gələcək cildlərim gəlirdi: 50 cild... 60 cild... 100 cild...
    ... Mənim 2 cildlik ilk «Seçilmiş əsərlər»im 1987-ci ildə nəşr olunub. Sonralar xeyli kitabım çıxsa da, bu 10 cildlik mənim ikinci «Seçilmiş əsərlər»imdir. Mən bu cildlərə yalnız mətbuatda çap olunmuş əsərlərimi salmışam.
    Bu 10 cildlik mənim üçün, əlbəttə, indiyə qədərki yazı-pozu işlərimin, bir növ, yekunlaşdırılmasıdır və orası da aydın məsələdir ki, bu zaman da, istər-istəməz, bir sual peyda olur: nə yazmısan? necə yazmısan? niyə yazmısan?..
    Mən bu suala da cavab vermirəm (bəlkə cavab vermək istəmirəm?).
    Çünki o cavabın sahibi oxucudur.
    Mən isə, yalnız onu deyə bilərəm ki, olanı budur.
Elçin
2 oktyabr 2004.
Zuğulba.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (14.01.2014) | Müəllif: R.C E W
Baxış: 1500 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more