ƏHƏMİYYƏTLİ BİR HADİSƏ
Əməkdaşımız «Vətən» Cəmiyyəti Rəyasət Heyətinin sədri, yazıçı Elçinlə görüşmüş və aşağıdakı sualla ona müraciət etmişdir:
-Elçin müəllim, artıq mətbuat xəbər vermişdir ki, ABŞ konqresmeni Cim Mudi Sizin dəvətinizlə respublikamızda olmuşdur. Xahiş edirik ki, konqresmen haqqında bir neçə kəlmə deyəsiniz və bu səfəri qısaca şərh edəsiniz.
-Konqresmen Cim Mudi Amerikanın məşhur siyasi xadimi, Demokratlar partiyasının liderlərindən biridir. Amerika siyasi dairələrində böyük nüfuza malikdir. Amerikada erməni lobbisi çox güclüdür, çünki zəngin və mütəşəkkildir. Erməni təəssübkeşliyi, hətta ABŞ kimi böyük bir dövlətin siyasətinə də təsir göstərir. Təsadüfi deyil ki, keçən il noyabrın 17-də ABŞ senatının xarici işlər üzrə komitəsi Dağlıq Qarabağ haqqında həqiqəti təhrif edən, qeyri-obyektiv qətnamə qəbul etmişdi. Bizim öyrəndiyimizə görə bu bədnam Qətnamə bilavasitə ABŞ-dakı erməni lobbisinin təhriki ilə meydana çıxmışdı. Əlbəttə, belə vəziyyət bizi son dərəcə narahat etməyə bilməzdi. Həmin Qətnamə ilə əlaqədar mən Azərbaycan SSR Ali Sovetinin deputatı kimi ətraflı bir məktubla ABŞ senatına müraciət etmişdim. Lakin bununla kifayətlənmək olmazdı. Amerika siyasət aləminin görkəmli nümayəndələrindən birinin Azərbaycana gəlməsinə, vəziyyətə obyektiv qiymət verməsinə ehtiyac böyük idi. Nəhayət, həmvətənlərimizin, ilk növbədə ABŞ vətəndaşı azərbaycanlı Ərcümənd Qılıncın yaxından köməyi ilə gərgin fəaliyyət nəticəsində konqresmen Cim Mudinin Azərbaycana səfərini təşkil edə bildik. Bu səfər Şəhidlər xiyabanının ziyarəti ilə başlandı və beş gün müddətində konqresmen respublikamızdakı vəziyyətlə tanış oldu, Qarabağı öz gözləri ilə gördü. Xankəndindəki qatı erməni millətçiliyini bilavasitə özü müşahidə etdi, Xocalıda azərbaycanlıların ağır güzəranını gözləri ilə gördü. Cənab Mudi əsl siyasət adamıdır: heç nə nəzərindən yayınmır, verdiyi suallara emosional yox, dəqiq və işgüzar cavablar tələb edir, həqiqəti axtarmağı və tapmağı bacarır. Konqresmen Azərbaycandan böyük təəssüratla ayrıldı. Onda torpağımıza qarşı qəsbkarlıq, xalqımıza qarşı təcavüzkarlıq barədə tam təsəvvür yarandı. Ayrılarkən Amerika Birləşmiş Ştatlarının konqresində xüsusi çıxış edəcəyini, mətbuat konfransları keçirəcəyini, Azərbaycan və o cümlədən, Dağlıq Qarabağ haqqında əsl həqiqəti ABŞ ictimaiyyətinin diqqətinə çatdırmaq üçün əlindən gələni əsirgəməyəcəyini söylədi. Tam əsasla deyə bilərəm ki, bu səfər respublikamızın siyasi-ictimai həyatında fövqəladə əhəmiyyətli bir hadisədir. Çünki artıq danışmaq yox, iş görmək vaxtıdır.
1990.
|