Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Günlərin bir günündə
GÜNLƏRIN BIR GÜNÜNDƏ

1. Qarlı gəzinti həsrəti


    Tülkü çoxbilmişliyindən tələyə düşər, deyiblər, amma bu Tülkü çox bilməyinə lap çox bilirdi, tələyə də düşmürdü ki, düşmürdü. Bic idi, fəndgir idi, kəmfürsət idi. Anasının əmcəyini kəsən Tülkü idi.
    Meşə səfalı meşə idi – dağın döşündə; palıdı, vələsi var idi, armudu, qozu, fındığı var idi. Cüyürü, əliyi var idi, hacıleyləklər burada yuva salardı, bala çıxarardı. Talaları var idi, gülü, çiçəyi var idi... Amma Tülküsü də var idi bu meşənin.
    Hacıleyləklər içərisində bir gözəl Hacıleylək qoca palıdın budaqlarında özünə yuva salmışdı, üç qəşəng balası yumurtadan təzəcə çıxmışdı. Səhərlər Hacıleylək uçub gedirdi, balalarına yem tapırdı, yuvasına qayıdırdı, uzun dimdiklərini şaqqıldada-şaqqıldada balalarını yedirdirdi, daha bilmirdi ki, zalım Tülkünün bu qəşəng balalarda gözü var.
    Günlərin bir günündə Hacıleylək balaları üçün yem gətirməyə getmişdi. Tülkü yekə bir mişar tapıb güclə sürüyə-sürüyə palıdın yanına gəldi, ağzı sulana-sulana altdan yuxarı yuvada civildəşən leylək balalarına baxdı, sonra mişarı bir kənara qoyub ədəb-ərkanla palıdın dibində əyləşdi, ağacın gövdəsinə söykənib ana Hacıleyləyi gözləməyə başladı.
    Az keçdi, çox keçdi, ana Hacıleylək yem tapıb geri uçdu, yuvasına qonub yenə də uzun dimdiklərini şaqqıldada-şaqqıldada istədi ki, balalarını yedizdirsin, amma bir də baxıb gördü ki, ağacın dibində bir Tülkü mişarı qaldırıb palıdın gövdəsini kəsmək istəyir. Hacıleyləyin ürəyi qırılıb düşdü ayaqlarının altına, başını aşağı uzadıb soruşdu:
    – Ay Tülkü lələ, nə edirsən belə?
    Həyasız Tülkü dedi:
    – Ağacı kəsirəm.
    Yazıq Hacıleylək uçum-uçum uçunmağa başladı:
    – Niyə, ay Tülkü lələ?
    Qəddar Tülkü dedi:
    – Sənə nə var niyə? Meşə mənə babamdan qalıb. Bu ağacı kəsirəm ki, aparıb bazarda satım, özümə toyuq alım.
    Yazıq Hacıleylək nə biləydi ki, bu qoca palıdı kəsməyə Tülkünün gücü çatmaz, gözlərindən yaş axıdıb yalvarmağa başladı:
    – Bizə rəhmin gəlsin, ay Tülkü lələ. Bəs, sən ağacı kəssən biz neylərik? Yuvam dağılar, ay Tülkü lələ...
    Tülkü gözlərini qıyıb yenə də aşağıdan yuxarı Hacıleyləyə baxdı və dedi:
    – Onda balanın birini mənə ver, ağacı kəsməyim. Yoxsa, kəsəcəyəm.
    – Bay, sənin canın yansın, ay Tülkü! – bu sözləri Səmayə dedi, lap doğrudandoğruya ürəyi yana-yana dedi.
    Məsələ burasında idi ki, zalım Tülkü ilə biçarə Hacıleylək haqqındakı bu pyesi Bakı Uşaq Teatrı tamaşaya qoyacaqdı və Səmayə də həmin tamaşada Tülkü rolunu oynayacaqdı. Indi də gecənin bir aləmi divanın üstündə ayaqlarını altına yığıb soyuqdan büzüşə-büzüşə öz rolunu əzbərləyirdi.
    Bu il qış yaman gəlmişdi, hələ söyüdlər yarpaqlarını tamam tökməyə macal tapmamış hər yanı qar basmışdı, gör indi bir azdan nə qiyamət qopacaqdı. Otaqlar da ki, soyuq – qızdırıcılar pis yanırdı. Səmayə ocaqçı Məmmədəlinin qarasına deyinib yenə pyesi oxumağa başladı. Hacıleylək nə qədər yaş axıtdı, nə qədər yalvarıb aman istədi, qəddar Tülkü bəd əməlindən dönmədi ki, dönmədi.
    Dərddən ürəyi üzülən Hacıleylək axırıncı dəfə Tülkünü dinə-imana gətirmək istədi:
    – «Sən mənimçün can ver, mən səninçün ölüm» oldu bu, ay Tülkü lələ.
    Tülkü mişarı qoca palıdın yoğun gövdəsinə ilişdirib:
    – Özün bil! – dedi.
    Çarəsiz dərdə loğman da acizdir. – Hacıleyləyin əlacı qalmadı, gözünü yumub lap ürəyi gedə-gedə dimdiyi ilə balalarından birini götürdü və Tülküyə atdı, heç özü də bilmədi neylədi. Tülkü quşcuğazı dişinə alıb şələ quyruğunu bulaya-bulaya çıxıb getdi və hələ də bir müddət yazıq quşcuğazın civiltili ah-naləsi kəsilmədi.
    – Can-can!.. – Bunu da Səmayə dedi və istər-istəməz divanda dikəlib o biri otaqda mışıl-mışıl yatan Fatmaya tərəf boylandı, elə bil arxayın olmaq istəyirdi ki, Fatma üçün belə Tülkü qorxusu yoxdur və buna arxayın olandan sonra yenə də pyesi oxumaq istədi, amma daha həvəsi qaçmışdı, özü də lap yorulmuşdu, həm də yazıq quşcuğazın civiltisi qulağından getmirdi.
    Səmayə divandan qalxıb barmaqlarının ucunda qızdırıcıya yaxınlaşdı, əlini hələ əməlli-başlı qızmamış dəmirin üstünə qoyub yenə də ocaqçı Məmmədəlinin qarasına ürəyində bir-iki yağlı söz dedi, sonra pəncərənin yanına gəlib bayıra baxdı. Bayırda bir qar yağırdı ki, gəl görəsən; qardan və adda-budda pəncərə işıqlarından başqa heç nə görünmürdü. Səmayə bu quşbaşı qara baxdı, baxdı və çox keçmişlərdə qalmış bir dəli həvəsin giziltisi yenə də ürəyindən keçib getdi; amma bir həsrət həzinliyi qaldı yenə.
    Bir dəli həvəsi var idi Səmayənin, çox-çox bundan əvvəl, o vaxtlar ki, Səmayə tək idi, yəni o vaxtlar ki, hələ Fatma yox idi dünyada və Səmayə özü də Fatma kimi qəşəng gözəl bir qız idi. Bir dəli həvəsi var idi Səmayənin – bu cür qarlı gecədə üstbaşlarına qar yağa-yağa dünyada ən yaxın adamı ilə, ən əziz adamı ilə, yəni sevgilisi ilə Bakının küçələrini, bağlarını, dəniz kənarını gəzmək; elə gəzmək ki, dünyada onlardan – Səmayədən və həmin naməlum sevgilidən, bir də ki, quşbaşı qardan başqa heç kim və heç nə olmasın; Bakı yatsın, təkcə beş-altı pəncərə oyaq qalsın və onlar da bu qarlı pəncərə işıqlarını güclə tapıb bir-birilərinə göstərsinlər, həmin pəncərə işıqlarının ilıqlığı ürəklərindən axıb keçsin; onda adamın ürəyi lap balaca – bir dınqılı gəmiyə dönər...
    Əvvəlcə trolleybusun səsi gəldi, sonra işığı göründü və gecənin yarısına qalmış bu axırıncı trolleybus pəncərəsinin altından keçib, gedəndə Səmayəyə elə gəldi ki, elə bil vağzaldadır və kimi isə – çox əziz bir adamını uzaq səfərə ötürür, ürəyi sıxıldı.
    Bu, həmin dəli həvəsin həsrət sıxıntısı idi. Bir vaxt var idi – o vaxt ki, hələ Fatma dünyada yox idi və Səmayə özü də Fatmadan bir-iki yaş böyük olardı, elə beləcə gözəl-göyçək bir qız idi – bax, beləcə dayanardı köhnə evlərinin pəncərəsi qarşısında, bayırda yağan qara baxardı və o zaman da ürəyində həmin dəli həvəsin həsrəti var idi, amma o həsrət bol-bol işıq içində idi, sevincli həsrət idi, əslində həsrət yox, ürək tappıltısı ilə gözlənilən gələcək idi; onda sıxıntı yox idi, gözləmə var idi, nəyinsə ərəfəsi idi.
    O zaman gələcəkdə onu həmin qar gəzintisi gözləyirdi, səhnədə onu Dezdemona, Luiza, Gültəkin gözləyirdi, lap o vaxtdan Ofeliyanın mahnısını əzbərləmişdi və bu mahnı da səhnədə onu gözləyirdi. Əlbəttə, o zaman heç ağlına gətirməzdi ki, bir vaxt gələcək və beləcə gecə vaxtı qəddar Tülkünün sözlərini əzbərləyəcək, min cürə fəndgirlik edib Hacıleyləyin gözlərini yaşlı qoyacaq, çünki o zaman ağlı hələ kəsmirdi ki, hamı Dezdemona ola bilməz, Tülkünü də oynamaq lazımdır və Tülkünü oynamaq da yuxusuz gecələr istəyir, istedad istəyir. O zaman hələ orasını da bilmirdi ki, Stanislavski deyib: rolun böyüyü, kiçiyi yoxdur, artistin böyüyü, kiçiyi var.
    Bu başqa məsələ ki, dünyada nə Tülkü olaydı, nə onun mişarı, təkcə elə Hacıleyləklər olaydı, ceyranlar, cüyürlər olaydı, güllər, çiçəklər olaydı. Səmayə bunu fikirləşdi və pəncərədən quşbaşı qara baxa-baxa gülümsədi, çünki meşə çaqqalsız olmaz deyiblər, həm də lap uşaq fikirləridir bu.
    Belə çaqqallardan birisi də, heç şübhəsiz – Fatmanın qulağından iraq – onun keçmiş başabəla sevgisi idi, yəni ki, Fatmanın üzdən iraq atası. Əvvəlcə bir-iki ay sevgilisi, sonra üç-dörd ay yarımsevgilisi oldu, sonra da lap çaqqala döndü, çünki Nuh-Nəbidən çaqqal imiş və elə ki, onun çaqqallığı tamam-kamal məlum olmuşdu, Səmayə Fatmanı da götürüb çıxıb getmişdi.
    Onda Fatmanın iki yaşı var idi, indi Fatmanın on beş yaşı tamam olub və lap qabaqlar Səmayənin heç ağlına gəlməzdi ki, Dezdemonadan, Luizadan, Gültəkindən əvvəl onu gələcəkdə gözəl-göyçək bir Fatma gözləyir, elə bir Fatma ki, onu dünyanın ən xoşbəxt adamı edəcək və bu xoşbəxtlik yanında qarlı gəzinti həsrəti də, Dezdemona, Luiza, Gültəkin həsrəti də bir heç olacaq.
    Səmayə yenə də gəlib əlini qızdırıcıya uzatdı və bu dəfə ocaqçı Məmmədəlinin qarasına deyinmədi, çünki borular yavaş-yavaş qızırdı və borular qızdıqca da otaq yavaş-yavaş istiləşirdi; belə qış gecələri otaq qızandan sonra daha adam qəribsəmirdi, pis-pis fikirlər girmirdi başına.
    Səmayə o biri otağa keçib Fatmanın üstündəki yorğanı ustufca rahatladı və soyunub öz yerinə girdi, tələm-tələsik yorğana büründü və elə bildi ki, Hacıleylək gəlib öz yuvasına, balası da yanında. Sonra Tülkü yadına düşdü, sonra Çaqqal yadına düşdü, sonra da Fatmanın atası yadına düşdü və Fatmanın on yaşı tamam olandan sonra atası ilə ilk dəfə gəzməyə çıxmağa icazə verdiyi günü xatırladı. Əslində bu gəzintini Səmayə özü təşkil elədi, hər nə idi, hər kim idi, uşağın atası idi. Həmin gün Fatma ömründə ilk dəfə o vaxta qədər təsadüfdən-təsadüfə gördüyü atası ilə gəzməyə çıxdı və evə qayıdandan sonra Səmayəyə birinci sualı bu oldu:
    – Mama, atam doğrudan injinerdi?
    «Amma yaman da injinerdi! Avaranın biridir ki, gündüz çıraqla da axtarsan beləsini tapmazsan!» – bunu Səmayə ürəyində dedi, dilinə isə, aydın məsələdir ki, başqa söz gətirdi:
    – Əlbəttə. Nədir ki?
    Fatma çox ciddi surətdə dedi:
    – Dedilər durakdır.
    Səmayənin gözləri kəlləsinə çıxdı:
    – Nə?!
    Fatma cidd-cəhdlə anasını başa saldı:
    – Durakdır dedilər... Mənimlə söhbət edirdi, amma başqa xalaya baxırdı. Sonra guya ki, başını qaşıdı, amma xalanın dalınca baxdı, sonra bilmirəm nə oldu, sonra da xala geri dönüb dedi ki, durak!
    «Kül olsun belə kişinin başına! Uşağın yanında da özünü saxlaya bilməyib.
    Biabır elədi bizi, köpəkoğlu!» – bunu da, təbii ki, Səmayə ürəyində dedi, amma lap əməlli-başlı utandı Fatmadan və elə buna görə də qızına bozardı:
    – Bir də belə şeylər danışma! Adam atasına elə söz deməz!
    O vaxtdan xeyli keçmişdi, çox qar yağmışdı, çox gün çıxmışdı. Fatma indi atası ilə ildə-ayda bir dəfə görüşürdü, özü də həvəssiz. Bu bir tərəfdən yaxşı idi, bir tərəfdən də, məlum məsələdir ki, pis. Yaxşı idi ona görə ki, o cür ipi çürük adamla nə qədər az görüşsən bir elə çox qazanarsan. Pis idi ona görə ki, niyə axı, belə olmalı idi, niyə bu cür gözəl-göyçək Fatmanın atası çaqqal olmalı idi? Niyə qarlı gəzinti həsrəti bax, beləcə, bu qış gecəsi Səmayənin ürəyini gizildətməli idi? Niyə? Əşşi, iş ki, düşdü «niyə?»lərə, onda heç nə. Onda gərək Ofeliyanın mahnısının da oxunmadığını fikirləşəsən. Onda gərək yenə də ürəyini verəsən Gültəkinin iztirablarına. Onda gərək Dezdemonanın taleyi ilə bərabər öz taleyini də düşünəsən. Və onda gərək yenə də səhərə kimi yatmayasan, elə fikirləşəsən, fikirləşəsən, fikirləşəsən. Səhərə kimi fikirləşəsən.
    Səhər isə teatrda məşq var, «Tülkü və Hacıleylək balaları»nın məşqi. Səmayə otağın qaranlığında yanındaca mışıl-mışıl yatan Fatmaya baxdı, sonra, elə bil, bayırdakı qarın soyuqluğunu yatağında hiss elədi və yerində büzüşüb bərkbərk yorğana büründü, lap sidq-ürəkdən əsnəyib fikirləşdi ki, amma Fatma da yaman bicəngənədir, elə birinci gün hiss eləmişdi çaqqalın çaqqallığını. Bunu fikirləşdi və gülümsədi.
    Özü öz dərdinə gülümsəməyi öyrənmişdi Səmayə.

2. Gümüşü gün sevinci


    Qardan sonra Səmayənin gümüşü günləri olardı və həmin gün də Səmayənin gümüşü günlərindən idi. Həmin gün ki, Səmayə teatrdan çıxıb evə gəlirdi və ürəyindəki gümüşü gün sevinci ilə Fatması barədə düşünürdü. Fatmanın təzə rəfiqəsi var idi, adı Gülüş idi, özü də yaman cici-bacı olmuşdular, hər gün bir yerdəydilər.
    Keçən yay Səmayəyə təzə ev vermişdilər və onlar indi yaşadıqları bu təzə binaya köçəndən sonra Fatma məktəbini də dəyişmişdi, lap bu yaxındakı məktəbin səkkizinci sinfində oxuyurdu. Gülüş də həmin sinifdə oxuyurdu və Gülüşlə Fatmanın beləcə cici-bacı olmaları Səmayənin də lap ürəyindən idi. Əvvəla, ona görə ki, Gülüş çox tərbiyəli, ağıllı qız idi. Ikincisi, ona görə ki, Gülüşün anası elmlər doktoru idi, atası da yaxşı vəzifədə idi, ağayana adama oxşayırdı, yəni ki, atalı-analı qız idi Gülüş, yaxşı ailədən idi. Üçüncüsü və ən başlıcası isə ona görə ki, günlərin bir adi günü Səmayəyə aydın olmuşdu ki, Fatma daha uşaq deyil və indi onun elə vaxtı idi ki, oturub-durduğu adamlardan çox şey asılıdır. Iş elə gətirib ki, Fatmanın atası ola-ola (mürdəşir onun üzünü yusun!) atasız böyüyüb, amma indən belə elə olmalıydı ki, Fatmanın ürəyindəki yara közərib alışmasın, yəni görsün ki, yaxşı ailələrlə, hər bir işi tam-düz ailələrlə onların bu balaca ailəsinin heç bir fərqi yoxdur. Ürəyini xiffət yeməsin, görsün ki, onun Səmayə maması elə ataya da, anaya da bərabərdir və Fatmanın da heç bir əgər-əskiyi yoxdur.
    Səmayə əlindən gələni əsirgəmirdi – bayramlarda zəng çalıb Gülüşün anasını təbrik edirdi, hər dəfə Gülüşlə evlərinə salam göndərirdi, Gülüş onlara gələndə Fatmaya da, ona da eyni gözlə baxırdı. Əlbəttə, Gülüşün anası ilə daha artıq yaxınlıq eləmək olardı, amma bunun üçün nə vaxt var idi, nə də şərait imkan verirdi. Səmayə «Tülkü və Hacıleylək balaları»nın məşqindən çıxıb evə gəlirdi və bütün bunlar barədə fikirləşirdi; ayağının altındakı qarı xırçıldada-xırçıldada addımladıqca ona elə gəlirdi ki, Fatma kimi on beş yaşlı gözəl-göyçək bir qız da onunla yanaşı addımlayır və bu qız elə onun özüdür, on beş yaşlı Səmayədir. Bir vaxt olacaqdı Fatmanın da yanında beləcə on beş yaşlı Fatma addımlayacaqdı və o zaman Fatma heç bilməyəcəkdi ki, hələ çox-çox əvvəllər anası onu beləcə görüb; qarlı qış günündə on beş yaşı ilə birlikdə addımlaya-addımlaya.
    Bir gümüşü gün idi həmin gün.
    Təzəcə qar kəsmişdi, gün çıxmışdı və günün şüaları küçələrdəki, damlardakı, eyvanlardakı, ağaclardakı qarı elə parıldadırdı ki, elə bil Bakıya qarın üstündən gümüş yağmışdı. Bakının belə gümüşü günləri heç vaxt Səmayənin yadından çıxmazdı, o, bütün ömrü boyu gördüyü belə gümüşü günləri bircə-bircə xatırlayırdı və həmin günlərin hərəsinin öz ətri, öz ovqatı, öz təkcəliyi var idi.
    Nə qədər küləkli-yağışlı günlər olmuşdu, nə qədər adamın nəfəsini kəsən isti günlər, nə qədər adi günlər olmuşdu, amma onların heç biri Səmayənin yadında qalmamışdı; pis hadisələr, pis əhvalatlar, yaxud da ki, yaxşı hadisələr, yaxşı əhvalatlar yadda qalmışdı, günlər isə yadda qalmamışdı. Bax, bu cür gümüşü günləri isə bir-bir sayardı Səmayə və bu gün də heç vaxt onun yadından çıxmayacaqdı. Yadından çıxmayacaqdı ki, bir vaxt – bax, bu gümüşü gün, məşqdən çıxıb evə gələgələ fikirləşirdi: düzdür, Dezdemona daha əlçatmaz oldu, vaxtı keçər oldu, amma Hertruda hələ irəlidədir, ledi Maqbet hələ irəlilədir, Kuraj ana hələ irəlidədir. Səmayə qarı ayaqlarının altında xırçıldada-xırçıldada bir də onu fikirləşdi ki, axı, necə olur, təbiətin bu cür gümüşü günləri olur, bir tərəfdən də dünyada ledi maqbetlər olur?
    Sonra birdən-birə Səmayə çox istədi ki, Fatma da bu gümüşü günləri beləcə yadında saxlasın və heç vaxt unutmasın bu günləri, bu günlərin ətrini, rəngini, təkcəliyini. Fatma da beləcə hiss eləsin bu gümüşü günləri. Həm də Fatmanın gümüşü günləri lap bol olsun və Fatmanın gümüşü günlərinin nə həsrət çaları olsun, nə də həzinliyi, təkcə elə sevinci olsun, lap zırpı bir sevinci. Əlbəttə, Fatma anasının bu fikirlərindən xəbərsiz idi və Səmayə evə girəndə gördü ki, Fatma dayanıb bədənnüma güzgünün qabağında və pəncərədən o tərəfdəki gümüşü gün heç vecinə də deyil, çünki üz-gözünü basmış sızanaqların hayındadı; sızanaqları dırnaqlarının arasına alıb sıxır, sifətini qanadır.
    Fatma ağlamsına-ağlamsına, həm də hirsli-hirsli dedi:
    – Bu nədir e, ay mama, görürsən bu prişikləri!.. Utandığımdan camaatın içinə çıxa bilmirəm...
    Səmayə bayırın gümüşü havasından sonra Fatmanın sızanaq dərdini birdən-birə ürəyinə sala bilmədi və gülümsəyə-gülümsəyə:
    – Heç nə olmaz, keçib gedəcək, – dedi. – Əlini vurma.
    – Yaman da keçib gedir. Day da artır günü-gündən.
    – Bəs, mənə niyə hirsin tutur, mən eləməmişəm ki... – Səmayə yenə də ürəyindəki gümüşü gün sevinci ilə gülümsə-gülümsəyə Fatmaya yaxınlaşdı və qızını qucaqlayıb hələ qızınmamış şaxtalı üzünü onun üzünə sürtdü.
    – Adımı ki, sən qoymusan: Fatma. Hamı mənə Fatma nənə deyir! Bir yaxşı ad qoya bilmirdin mənə?
    Səmayə lap sidq-ürəkdən təəssüf elədi ki, Fatma pəncərənin o tayındakı gümüşü günün fərqinə varmır.
    – Kimin nə haqqı var sənə elə desin! – Sonra zarafat eləmək istədi. – Amma
    Fatma nənə olmağına Fatma nənəsən də. Anamın adını qoymuşam da, sənə, nənənin adını.
    – Çox elə mənim lazımım idi. – Fatma adından çox, sifətindəki sızanaqların əlindən acıqlı-acıqlı yataq otağına keçdi.
    Yaxşı ki, Səmayənin adı bir o qədər qocafəndi deyildi və hərgah işdi-şayət, Fatma öz qızına Səmayə adı qoysa, bir o qədər də xəcil olmaz. Səmayə gülümsədi və paltosunu çıxarıb arakəsmədəki asılqandan asa-asa dedi:
    – Tamaşanın premyerası dekabrın doqquzundadır.
    Fatma yataq otağından soruşdu:
    – Hansı tamaşanın?
    – «Tülkü və Hacıleylək balaları»nın. Dekabrın doqquzu da şənbə günüdür. Bilet göndərəcəyəm Gülüşün papası ilə maması da gəlsin. Çox təsirli əsərdir.
    Fatma elə bil nədənsə hürküb tələm-tələsik arakəsməyə gəldi:
    – «Tülkü və Hacıleylək balaları»nın?
    – Hə, yaxşı ki, şənbəyə düşdü. Gülüşün mamasıgil də boş olacaq.
    Fatma anasının qabağında dayandı, amma bir söz demədi və başqa bir iş tapmayıb paltarının yaxasını didişdirməyə başladı.
    Səmayə dedi:
    – Paltarını niyə didişdirirsən?
    – Heç... Onda bilirsən, mama ... – Fatma çətinlik çəkdi. – Onda bilirsən, qoy əvvəlcə mən bir kəşfiyyat aparım, sonra...
    Səmayə qızının qara, qəşəng gözlərinin dərinliyində bir ürkü, bir narahatlıq, təşviş hiss etdi və bu, onun gümüşü gün sevinci ilə dolmuş ürəyinə lap kiçicik də olsa, xal saldı.
    Səmayə dedi:
    – Neynək, kəşfiyyat apar. Mənim kəşfiyyatçı qızımsan da sən!.. – Və gülümsəyə-gülümsəyə Fatmanın qara saçlarını qatışdırdı.

3. Ilk tamaşa


    O zamanlar Fatma lap balaca idi və o zamanlar hər ilk tamaşa Fatma üçün bayram olurdu, hələ neçə gün əvvəldən hazırlaşırdı, gecə-gündüz fikri-zikri həmin tamaşada olurdu. Bu o zamanlar idi ki, Fatma məktəbdə, həyətdə uşaqların yanında bir şellənirdi, gəl görəsən: bax, o keçini oynayan mənim anamdı, Şəngülümü, Şüngülümü, Məngülümü yedizdirən mənim anamdı, canavarın qarnını buynuzları ilə yırtan mənim anamdı. Bu o zamanlar idi ki, bir dəfə Səmayə Dovşanı oynayırdı və Tülkü gəlib onu yemək istəyəndə (dad bu tülkülərin əlindən!) Fatma elə ağlamışdı ki, zalda oturan bütün tamaşaçılar Dovşanın ah-naləsini unudub Fatmanın hönkürtülərinə gülmüşdü və Səmayə də Tülkünün pəncələri arasında fikirləşmişdi ki, bəyəm hönkürtüyə də gülərlər?
    Bu o zamanlar idi ki, Fatma hələ «gəlirəm» əvəzinə «gəliləm», «gedirəm» əvəzinə «gediləm» deyirdi və bu o vaxtlar, o çağlar idi ki, Fatmanın sızanaq dərdindən əsər-əlamət yox idi və heç adamın ağlına da gəlməzdi ki, bir vaxt gələcək və bu totuq qızcığaz belə bir sızanaq qəmginliyinə mübtəla olacaq. Səmayə bunu fikirləşdi və gülümsədi. Yaxşı ki, rejissor bu gülümsəməyi sezmədi, yerindən qalxıb həmişəki kimi, əl-qolunun hərəkətləri ilə dilinin köməyinə çatdı:
    – Səmayə xanım, bir az daha artıq ehtirasla istəyin, daha artıq emosional təsirə ehtiyac var!
    Səmayə:
    – Yaxşı, – dedi və fikirləşdi ki, axı, yazıq Hacıleyləyin ikinci balasını da bundan artıq necə ehtirasla istəsin, adamın ürəyi gəlir bəyəm? Axı, tülkü tülküdü, adam adamdı.
    Yenə hardan gəldi bu uşaq fikirləri?
    Bu gün «Tülkü və Hacıleylək balaları»nın axırıncı məşqi gedirdi, sabah, yəni dekabrın yeddisində ictimai baxış idi, iki gündən sonra da ilk tamaşa. Tülkü yenə də mişarı qoltuğuna vurub palıdın dibini kəsdirmişdi və bu dəfə Hacıleyləyin ikinci balasını istəyirdi. Hacıleylək yazıq, gözlərindən yaş axıda-axıda yalvarırdı ki, Tülkü palıdı kəsməsin. Zalım Tülkü isə insafa gəlmirdi:
    – Mənə nə var! Meşə mənə babamdan qalıb! Hansı ağacı istəsəm onu da kəsərəm. Ya balanı mənə ver, ya da ağacı kəsəcəyəm, aparıb bazarda satacağam, özümə toyuq alıb qəşəngcə yeyəcəyəm.
    – Səmayə xanım! Axı, siz təcrübəli aktyorsunuz! Sizə neçə dəfə demək olar ki, daha artıq ehtirasla tələb edin! Axı, siz Tülküsünüz! Qəddarsınız! Yırtıcısınız! Görürsünüz Hacıleylək necə ürəkdən ağlayır?
    Səmayə fikirləşdi ki, Hacıleylək çarəsizdi, daha neyləyəcək, gərək ağlasın da. Bunu fikirləşdi və bu dəfə Hacıleyləyin ikinci balasını lap doğruçu Tülkü qəddarlığı ilə istədi.
    – Bu pis olmadı. – Rejissor dərindən nəfəs aldı.
    Artıq neçə müddət idi ki, qar yağmırdı və küçələrdəki qar əriyib, çirklənib palçığa dönmüşdü, eyvanlardakı qarı təmizləmişdilər, damlardakı, ağaclardakı qarı his, tüstü qaraltmışdı və həmin günün axşamı Səmayə öz evlərinin pəncərəsi qarşısında dayanıb bayıra baxırdı. Bir xeyli beləcə dayanıb damlarda rəngini itirmiş qara, küçədən trolleybus, avtobus, maşınlar keçdikcə təkərlərinin altından sıçrayan qarlı palçığa tamaşa etdi və yenə də gözlərini şüşədən çəkməyib Fatmadan soruşdu:
    – Sən heç təzə qar yağanda, hər tərəf ağappaq olanda, gecə vaxtı; şəhərdə təktük işıq yananda çölə çıxıb gəzmək arzulamısan? – Səmayə bu sözləri dedi və özü öz sözlərindən bir balaca hürkdü, hürkdü ki, birdən Fatmanın könlündə elə nöqtəyə toxunar ki, bu nöqtədə onların arasında pərdə olmalıdır; gözlərini pəncərədən çəkib qızına baxdı.
    Fatma mizin arxasında oturub sabahkı dərslərini hazırlayırdı və o da gözlərini dərslikdən çəkib anasına baxdı:
    – Elə yaman da sapojkim var ki, qarda gəzmək arzulayım!.. Səmayə əvvəlcə elə bil heç nə başa düşmədi və sonra handan-hana məlum oldu ki, söhbət Fatmanın uzunboğaz çəkmələrindən gedir. Səmayə üçün orası da məlum oldu ki, təbiətdə qar sevinci ilə palçıq dilxorçuluğu arasında cəmi-cümlətanı bircə qarış məsafə var.
    – Nə olub ki, sənin uzunboğazlarına? Su buraxır?
    – Su buraxmır, amma uşaq sapojkisidir onlar. Hamı modnısını geyir, elə bir mənəm uşaq çəkməsində, uşaq paltosunda.
    Səmayə əvvəlcə qızı ilə höcətləşmək istədi, amma sonra yenə küçələrdə əriyib palçığa dönmüş qara baxdı və beş-on gün bundan əvvəlki təzə qarı təzədən xatırladı – ətrini duydu, rəngini gördü və hiss elədi ki, Fatma daha böyüyür əməlli-başlı;
    Fatma böyüyür, özü qocalır; niyə qar palçığa dönür sonra? – özü özünə dedi ki, əcəb axmaq sualdır bu!
    – Sənə elə bir uzunboğaz çəkmə alacam ki, hamının ağzı açıla qalsın.
    – Hə? – Fatmanın eyni açıldı və mizin altından ayaqlarına baxdı – elə bil daha geymişdi həmin əntiqə uzunboğaz çəkmələri.
    Sonra Səmayə dedi:
    – Sabah biletləri gətirəcəyəm, verərsən Gülüşgilə, mənim adımdan onları da dəvət edərsən.
    «Tülkü və Hacıleylək balaları» Fatmanın yadına düşdü və qız açıq-aşkar bikeflədi:
    – Doğrudan, iki gün qalıb də doqquzuna...
    Səmayə başa düşdü ki, Fatma bütün bu müddət ərzində günləri sayırmış.
    Fatma soruşdu:
    – Ay mama, yenə Tülkü paltarında olacaqsan?
    Səmayə elə bil kiminsə acığına canı-dildən təsvir eləməyə başladı:
    – Hə, əlbəttə! Bir əntiqə Tülkü geyimi tikiblər ki, başdan ayağa tamaşadır! Bir şələ quyruğu var ki, gəl görəsən! Bax, bu boyda! – Səmayə qollarını açıb tülkünün şələ quyruğunun yekəliyini göstərdi, sonra qızına baxdı və susdu.
    Araya sükut çökdü və bu onların arasına çökmüş ilk sükut idi. Nəhayət, Fatma sükutu pozdu:
    – Neynirsən e, ay mama, neynirsən onları dəvət edib?.. – Anasına baxdı və əlavə etdi: – Heç ömründə teatra getmirlər. Xoşlamırlar teatrı. Heç bir dəfə görməmişəm ki, teatrdan söhbət eləsinlər.
    Səmayə əlini üzünə apardı, elə bil dişi ağrıyırdı, sonra gülümsədi:
    – Neynək, xoşlamırlar, qoy xoşlamasınlar.
    Fatmanın çiynindən yük götürüldü:
    – Hə də!..
    Və Səmayə də sevindi ki, qızı daha narahatlıqdan qurtardı, amma sonra belə məlum olmuşdu ki, bu sevinc bir balaca vaxtından əvvəl imiş. Bu sonra məlum oldu, dekabrın doqquzunda, həmin gün ki, səhər tezdən yenə qar yağmağa başlamışdı və bütün şəhər yenə ağappaq təzə qara bürünmüşdü. Səmayə yadından çıxarmışdı ki, bu onun neçənci ilk tamaşasıdır, amma heç vaxt onun ilk tamaşa günündə belə qar yağmamışdı. Heç vaxt onun ilk tamaşa günündəki intizarı belə qar sevincli olmamışdı.
    O, ürəyindəki bu qar sevincli intizarla teatra getdi, rejissorun axırıncı göstərişlərinə qulaq asdı, müəllifin axırıncı xahişlərini eşitdi, inzibatçıdan neçə gün bundan əvvəl Fatma ilə Gülüş üçün sifariş verdiyi biletləri alıb evə qayıtdı və gördü ki, Fatma geyinib-kecinib onu gözləyir, daha doğrusu Fatma pəncərənin ağzında dayanıb bayırdakı qara baxır, ağappaq, gümüşü qara.
    Səmayə dedi:
    – Görürsən də, nə qardı!
    Fatma dedi:
    – Hə, yaman əntiqədi, ay mama!
    Səmayə sevindi ki, Fatma qardan beləcə sevinir, sonra biletləri qızına uzatdı:
    – Al, səninlə Gülüşün biletidi.
    Fatma biletləri alıb elə bil bütün ömründə birinci dəfəydi bilet görürmüş kimi o tərəf-bu tərəfinə baxdı və dedi:
    – Bilirsən, mama, Gülüş... Gülüş bu gün kinoya getmək istəyir e...
    Səmayə başa düşdü ki, bu saat, yəni bu qarlı qış axşamı qızı ilə, gözəl-göyçək Fatması ilə üzbəüz dayandığı bu dəqiqə ən birinci məsələ özünü ələ almaqdır. Bir dəfə hansı tamaşadasa ayı balasını oynayırdı və bu ayı balası iş çətinə düşən kimi öz-özünə deyirdi: « – Özünü ələ al, ayı balası! Özünü ələ al, ayı balası!».
    – Nə olar, qoy getsin kinoya... Sən də istəyirsən onunla birlikdə get...
    – Doğrudan? – Fatma bilmədi sevindiyindən nə eləsin. – Doğrudan? – Sonra atılıb – uşaq ki, uşaq – anasının o üzündən, bu üzündən öpdü, tez-tələsik arakəsmədən paltosunu götürüb bədənnüma güzgünün qabağında geyinə-geyinə dedi: – Sabah mən özüm təkcə gəlib baxacağam. Bilirəm də, əntiqə oynayacaqsan yenə. Qəzetdə yazıb səni tərifləyəcəklər...
    Fatma bu sözləri dedi və birdən-birə yenə nə isə xatırlayıb nigarançılıqla Səmayəyə tərəf döndü:
    – Qəzetdə şəkil verəcəklər, mama?
    Səmayə gülümsədi:
    – Nə bilim?
    Fatma deyindi:
    – Bilmirəm qəzetlərdə niyə sənin öz şəklini vermirlər, elə bu cür, öz paltarında.
    Elə bu cür şəklini versinlər də...
    – Yaxşı, qoymaram Tülkü paltarında şəklimi çəksinlər. – Səmayə qızını axırıncı nigarançılıqdan da qurtardı – heç kim bilməyəcəkdi ki, Fatmanın anası Tülkünü oynayır; bundan sonra Dovşan da beləcə olacaqdı, Keçi də, Ceyran da.
    – Doğrudan qoymayacaqsan? – Fatma yenə də atılıb anasının o üz, bu üzündən öpdü – lap sevincək olmuşdu, sonra da şəstlə dedi: – Kimin belə maması var e?!. – Özü də özünə cavab verdi: – Heç kimin!
    Həmin qarlı qış gününün gecəsi tamaşa lap yaxşı keçdi.
    Meşəyə qoca və xeyirxah bir Qarğa uçub gəlmişdi və artıq o, yaramaz Tülkünün kələkbazlığını Hacıleyləyə başa salmışdı, başa salmışdı ki, Tülkü bu boyda palıdın gövdəsini kəsə bilməz. Tülkü Hacıleyləyin üçüncü balasını istəməyə gələndə Qarğa ilə Hacıleylək onu elə qovdular ki və Tülkü şələ quyruğunu yellədə-yellədə meşədən elə qaçdı ki, tamaşaçılar – uşaqlar və uşaqlarla gələn əmilər, xalalar – əl çalmağa başladılar, zalda hay-küy qopdu, hamı gülüşdü, rejissorla müəllif də xeyli feyziyab oldu.
    Sonra pərdə təzədən açıldı və Tülkü də, Hacıleylək də, balaları da, qoca Qarğa da səhnənin qarşısına çıxdı.
    Səmayə Tülkünün şələ quyruğunu yellədə-yellədə tamaşaçılara baş əyirdi. Səmayə bilirdi ki, bu saat bayırda yenə də quşbaşı qar yağır, bu qarın iyini duydu, rəngini gördü və birdən-birə ona elə gəldi ki, Fatma da Gülüşlə birlikdə,
    Gülüşün anası, atası ilə birlikdə bu zalda əyləşib və o da, Tülkünü yox, Hertrudanı oynayıb.
    Səmayə zala baxdı və bu dəfə Fatmagilə baş əydi.
    Tamaşaçıların kefi kök idi – Tülkünün kələyi açılmışdı.
    Amma Səmayənin ürəyinə haradansa bir Tülkü ağrısı qonmuşdu, elə bil indicə
    Tülkünü yox, Hacıleyləyi oynamışdı.

* * *


    Səmayənin ürəyinə bir Tülkü ağrısı qonmuşdu, amma nahaq, lap nahaq, çünki səfalı meşə yenə həmin səfalı meşə idi – dağın döşündə və yenə də Hacıleyləklər burada yuva salırdı, bala çıxarırdı. Hacıleyləklər içərisində yenə bir Hacıleylək var idi və bu dəfə Tülkü mişarı çiyninə alıb onun yuva qurduğu, bala çıxardığı ağacın dibini kəsdirmişdi – ürəyinə bala əti düşmüşdü.
    Ay yedin ha, Tülkü lələ!..
    Hacıleylək qoca Qarğa ilə az qaldılar Tülkünün gözün çıxarsınlar. Qorxaq Tülkü elə qaçıb meşədən itdi ki, bir də heç vaxt kələk gələ bilməyəcəkdi Hacıleyləklərə.
    Hacıleyləklər daha tanımışdı Tülkünü – həm kələkbazlığını, həm də qorxaqlığını, tülkülüyünü.
    Yenə həmin səfalı meşə idi və Hacıleylək balaları böyüyürdü, qanad çalırdı, uçurdu, dənizlər keçirdi, ölkələr gəzirdi, meşələr görürdü, yuva qururdu, özləri bala çıxarırdı, bala böyüdürdü...
Aprel, 1973.

Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (15.01.2014) | Müəllif: R.C E W
Baxış: 1409 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more