Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Fikrin karvanı (Məqalə)
FİKRİN KARVANI
Zaman keçər, söz qalar.
1.


     Mən bu qeydləri yazmağa hazırlaşarkən «Fikrin karvanı»‘ kitabına toplanmış portret-oçerkləri bir daha nəzərdən keçirdim.
     Mirzə Fətəli Axundovdan tutmuş Cəfər Cəfərovadək Azərbaycan ədəbi tənqidinin təxminən son əlli ildə keçdiyi yol bütün mürəkkəbliyi və eyni zamanda, tutumlu siqləti ilə gözlərim qarşısında canlandı və belə bir tamlığa, bütövlüyə baxmayaraq, bu böyük yol da, Azərbaycan bədii-estetik fikrini əvvəldən axı- ra kimi ifa etmir.
     Ədəbi tənqid nə zaman yaranıb? Bu sualda mənim üçün mübahisəli cəhət yoxdur. İnsan özünün ilk nəğməsini haçan oxumuşsa, bədii-estetik fikrin tarixi həmin gündən başlayır.
     O qədim nəğmə oxundu və kimlərinsə ruhunu oxşadı, daha artıq işləməyə, yorulmamağa sövq etdi, amma eyni zamanda, olsun ki, kiminsə də xoşuna gəlmədi. İkinci nəğmə yarandı, üçüncü nəğmə yarandı, sonra miflər, nağıllar dünyaya gəldi, dastanlar yarandı, ilk romanlar, hekayələr, poemalar, pyeslər yazıldı və o birinci nəğmədən başlayaraq da yaranan bu mənəvi sərvət izah olunmağa, təhlil və şərh edilməyə başladı, bəyənildi və bəyənilmədi.
     Bəli, bu kitab Axundov haqqındakı oçerklərlə başlayır, çünki Azərbaycanda bu gün anladığımız mənadakı ədəbi tənqidin təşəkkül tapması, ilk növbədə, Böyük Mirzə Fətəlinin adı ilə bağlıdır, lakin Azərbaycan ədəbi fikrinin tarixi, əslində, çox qədimdir. Poetika və estetika məsələlərinə həsr olunmuş kitablarda, risalələrdə, təzkirələrdə orta əsr Azərbaycan ədəbiyyatının, ümumiyyətlə, bütün Şərq ədəbiyyatının mühüm elmi-nəzəri problemləri qaldırılır və həll olunurdu.
     Azərbaycan alimlərindən Xətib Təbrizinin (XI əsr) «Əl kafi fi elmi əl-əruz vəpqəvafi», «Müəlləqatü-səbə» və «Əl həmasə» əsərlərinə yazdığı şərhlər, Bəhmənyarın (XI əsr) «Kitabi-əlbəhcet və əs-səadət», Şərəfəddin Həsən Rami Təbrizinin (XI əsr) «Hədaiqül-həqaiq» və «Ənisül-üşşaq», Vahid Təbrizinin (XVI əsr) «Risaleyi-cəmi-müxtəsər», Sadıq bəy Əfşarın (XVI - XVII əsrlər) «Qanunüs-süvər», Məhəmməd Rəfi Dost Məhəmməd oğlunun (XVII əsr) «Məşrəbül-ətşan», Mirzə Əbutalib Təbrizinin «Xiasə- tül-əfkar» kimi elmi-nəzəri əsərləri, eləcə də Əhdi Bağdadinin (XVI əsr) «Gülşənüş-şüara», Sam Mirzənin (XVI əsr) «Töhfeyi- Sami», Sadıq bəy Əfşarın «Məcməül-xəvas», Lütfəli bəy Azərin (XVIII əsr) «Atəşgədə» kimi təzkirələrində, Lətifinin, Həsən Çələbinin, Aşıq Çələbinin əsərlərində Mirzə Fətəliyə qədərki dövr Azərbaycan ədəbi fikri özünün parlaq əksini tapmışdır.
     Kamal Talıbzadə düzgün qeyd edir ki, «qədim və orta əsrlər Azərbaycan ədəbi fikri sistemli şəkildə öyrənilməmişdir» və belə bir hal bir də ona görə təəssüf və narahatlıq doğurur ki, son illərin tədqiqatı açıq-aşkar sübut edir: Azərbaycan ədəbi fikrinin tarixi hələ müasir filologiyamızm məşğul olmadığı bir çox zəngin faktik materiala, görkəmli şəxsiyyətlərə malikdir.
     Yazılan pozulmaz və yalnız yazılmayan kitabı vərəqləməzlər.
     Min ildir ki, Azərbaycan ədəbi fikri bir-bir əsrləri ötərək karvan-karvan bizə tərəf gəlir, sabah bizim nəvələrimizə tərəf gedəcək, o biri gün onların nəvələri həmin karvanı gələcəyə ötürəcəklər...
     «Fikrin karvanı» Azərbaycan ədəbi fikrinin yalnız yeni mərhələsini, yəni Mirzə Fətəlidən sonrakı dövrünü ehtiva edir.
     Həm klassik, həm də müasir yazıçılarımız haqqında ədəbiyyata tez-tez təsadüf ediriksə də, tənqidçi və ədəbiyyatşünaslarımız haqqında yazılmış məqalələrə yada düşən yubileylərdən yubileylərə rast gəlmək olar. Düzdür, M.F.Axundova, yaxud Mehdi Hüseynə, Mir Cəlala ayrıca monoqrafiyalar həsr olunub, lakin bunlarda da, əsasən, yazıçılıq işıqlandırılıb, tənqid kölgədə qalıb.
     Bu baxımdan «Fikrin karvanı» ilk təşəbbüsdür və bu kitabın qiyməti, bizcə, ondadır ki, bir tərəfdən əsrdən artıq bir müddətdə Azərbaycan ədəbi tənqidinin inkişafı, keçdiyi mərhələlər, onun problematikası haqqında bir küll halında geniş təsəvvür əldə edilir, digər tərəfdən isə, ümumiyyətlə, Azərbaycan ədəbiyyatı haqqında, onun zəngin keçmişi, ədəbi təmayüllər müxtəlifliyi, məzmun, forma və janr rəngarəngliyi haqqında vüsətli panoram yaranır və bu da çox təbiidir, tənqid və tənqidçilər, ədəbiyyatşünaslar haqqında yazırsansa, deməli, istər-istəməz, onların tədqiq və təhlil obyektindən bəhs edirsən.
     Həyatın, cəmiyyətin, elmin bütün sahələrində olduğu kimi, ədəbiyyatda və ədəbi tənqiddə şəxsiyyətin rolu böyükdür. Şəxsiyyət adicə insan olmaq və yaxud adicə yazan olmaq demək deyil. Azərbaycan ədədiyyatının və ictimai fikrinin tarixi sübut edir ki, böyük hərfli Şəxsiyyət böyük hərfli Vətəndaş, Mütəfəkkir, İstedad deməkdir.
     «Fikrin karvanı»na Azərbaycan ədəbi tənqidinin və ədəbiyyatşünaslıq elminin iyirmi beş görkəmli nümayəndəsi haqqında oçerk və esselər toplanmışdır və həmin yazılarda şəxsiyyət ilə yaradıcılıq vəhdətdə götürülmüşdür.
     İyirmi beş müxtəlif tale, lakin işləmək, qələmlə özünü və ədəbiyyatı ifadə etmək ehtirasının eyniliyi...
     Zövq, hətta əqidə müxtəlifliyi, eyni zamanda, xalqa, vətənə, ədəbiyyata xidmət hissinin birliyi...
     Müxtəlif dövrlər, müxtəlif münasibətlər, müxtəlif üslublar və eyni zamanda, Azərbaycan ədəbi tənqidinin birgə yaradılmış mənzərəsi...
     Bu kitabda yaradıcılığı yaxşı öyrənilmiş simalarla (məs.: M.F.Axundov, F.Köçərli) bərabər, yaradıcılıqları nisbətən kölgədə qalmış Abdulla Sur, Seyid Hüseyn (Kazımoğlu), Bəkir Çobanzadə və başqalarının ədəbi fəaliyyəti də izlənmiş, tənqid tariximizdə onların layiqli yeri müəyyənləşdirilmişdir. Eyni zamanda, bu kitabda Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev kimi haqqında çox az yazılmış qələm sahiblərinin də Azərbaycan ədəbi tənqidində oynadıqları rol tədqiq edilmişdir.
     Ə.Hüseynzadə, Ə.Ağayev kimi ziddiyyətli yaradıcılıq yolu keçmiş və Azərbaycanın ictimai fikir tarixində görümlü iz qoyub getmiş simaların yaradıcılığı xüsusi və dəqiq, həm də, necə deyərlər, elmi ehtiyatlı tədqiqat tələb edir. Ayrı-ayrı monoqrafiyalarda, məqalələrdə, məruzələrdə üç-dörd cümlə və eyni ifadələrlə onları tənqid etmək və bununla da işi bitmiş hesab edib, üstlərindən keçmək asandır, amma təbii ki, elmi yol deyil.
     Bu gün Azərbaycan ictimai fikri elə bir səviyyəyə gəlib çatmışdır ki, Ə.Hüseynzadə, Ə.Ağayev kimi simaların yaradıcılığından sərf-nəzər edilməməlidir, əksinə, onların dünyagörüşündə və fəaliyyətindəki həmin ziddiyyətlər araşdırılmalı və öz obyektiv təkdir və təqdirini tapmalıdır. Bu simalar bir tərəfdən müəyyən ictimai-siyasi məsələlərə münasibətdə və onların şərhində, fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsində səhv, yanlış mövqe tutublar, Cəlil Məmmədquluzadə kimi xalqın böyük xadimlərinin haqlı tənqidinə məruz qalıblar, digər tərəfdən isə yenə də ayrı-ayrı ictimai-siyasi məsələlərin həllində mütərəqqi Azərbaycan ədəbi ictimaiyyəti ilə, hətta Azərbaycan inqilabi-demokratik ədəbiyyatının və ictimai fikrinin görkəmli nümayəndələri ilə eyni cəbhədən çıxış ediblər, müttəfiq olublar.
     Misal üçün, 1905 - 1906-cı illərdə Bakının Avropa sistemli Azərbaycan məktəblərində dəqiq elmlərin, təbiət elmlərinin təlim olunması məhdud dini təəssübkeşlik cəbhəsinin narazılığına və narahatlığına səbəb olmuşdu. «İslam, Axund və Xatifülqeyb» adlı bütün İslam aləmində geniş yayılmış kitabın müəllifi Axund Mirzə Əbutürab Xadimi-millət yazırdı: «...əgər bir şəxs tamam- ülumi-riyazi və hikməti-təbii təhsilində ömür sərf edə, müəllimi- əvvəl Ərəstətalis (Aristotel) məqamım dərk edə, əlbəttə, təriqi- übudiyyətə, həqqi-təalaya alim və arif olmayacaq və insaniyyət və mədəniyyət şərhinə daxil olmayacaq... Elmi-hesabda kamil olmaqla insan olmaq olmaz».
     Axund Əbutürab, tamamilə, birtərəfli və mahiyyət etibarilə mürtəce mövqe tutaraq şəriəti «elmi-hesaba» qarşı qoyurdu və insanlığın yolunu belə müəyyənləşdirirdi. Axund Əbutürab mühafizəkarlığına və irticasına qarşı bu dəfə Cəlil Məmmədquluzadəylə çiyin-çiyinə mübarizə aparan görkəmli qələm sahiblərindən biri də məhz Əli bəy Hüseynzadə olmuşdur.
     Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra inqilabi dəyişmələrin təbii nəticəsi kimi, ədəbi tənqiddə daha artıq bir canlanma əmələ gəldi, mübahisələr daha artıq qızışdı, ədəbi çəkişmələr tənqiddə elə bir qızğınlıq əmələ gətirdi ki, bəzən elmi- tənqidi obyektivlik öz yerini vulqar sosiologizmə verdi, subyektiv amillər bədii qiymət meyarına çevrildi. M.Quliyev, B.Çobanzadə, Ə.Nazim, H.Zeynallı kimi tənqidçilərin bütün yaradıcılıqları, eləcə də Mehdi Hüseyn, Məmməd Arif, Mirzə İbrahimov, Mikayıl Rəfili, Cəfər Xəndan, Əli Sultanlı kimi qələm sahiblərinin yaradıcılığının ilk dövrü məhz belə bir zamana təsadüf edir və bu yaradıcılığı, şübhəsiz ki, öz mürəkkəb dövrünün kontekstində araş- dırmaq və qiymətləndirmək lazımdır.
     Dövr ziddiyyətlərlə dolu idi və bu ziddiyyət, əlbəttə, ədəbi tənqiddə öz təzahürünü tapmalıydı. Misal üçün, Əli Nazim bir tərəfdən Abdulla Şaiqi, Cəfər Cabbarlını «xırda burjua ziyalılığının», Cəlil Məmmədquluzadəni «xırda burjua maarifçi-demokratik ziyalılığının» nümayəndələri adlandıraraq Azərbaycan ədəbiyyatında süni təbəqələşdirməyə meyl edirdisə, digər tərəfdən, bir müddət keçdikdən sonra yazırdı: «Quruluşumuzun hər bir mərhələsində, ta birinci beşilliyin ortalarına qədər Molla Nəsrəddin (Cəlil Məmmədquluzadə.) xalqın xoşbəxtliyi yolunda çalışır. Bütün bu mərhələlərdə Molla Nəsrəddin öz jurnalında, baş məqalə və karikaturalarında sovet hökumətinin ən yaxın dostu və yardımçısı olmuşdur»
     Bu nədir? Tənqidçinin qeyri-səmimiliyi, konyunkturculuğudurmu?
     Yox, bu, dövrün dinamikasının doğurduğu həmin ziddiyyətdir və əlbəttə ki, gələcəkdə həqiqət öz yerini tapacaqdı. Lakin Əli Nazim cəmi otuz beş il yaşadı (1906 - 1941) və bu qısa ömrün son dörd ili məhsulsuz oldu. Buna baxmayaraq on iki-on üç yaradıcı il kifayət etdi ki, Əli Nazimin adı görümlü hərflərlə Azərbaycan tənqid tarixinə yazılsın.
     Yeni ədəbiyyat uğrunda mübarizə gedirdi. Həyat heç bir vaxt olmadığı dərəcədə ədəbiyyata, ədəbi prosesə, ədəbi mübarizəyə müdaxilə edirdi.
     Əli Nazim yazırdı: «Yeni əäəbiyyat nə äeməkäir?
     Bu sorğunu çox adamlar verir və ikinci bir sualı da ona qoşur: yeni ədəbiyyatın məqsədi nədir?
     Bu suallara cavab vermək üçün əvvəldən yeni həyatın nə demək olduğunu bilmək lazımdır» .
     Yeni ədəbiyyat, əslində, yeni həyatın ekvivalenti idi və bu sətirləri yazan müəllifin isə cəmi on səkkiz (!) yaşı var idi. Bu on səkkiz yaşlı tənqidçi elə həmin 1924-cü ildə başqa bir məqaləsində özünə xas olan bir maksimalizm ilə yazırdı: «Ədəbiyyatımız burjuaziya ruhunun tərcümanı deyil, xəlqi ehtiyaclarımızın bir məkəsi olmalıdır. Artıq bu gün bütün yazıçı və şairlərimiz, bilxassə gənclərimiz bilməlidirlər ki, indi o qədər xəyalət və məcazatla məşğul olunacaq vaxt deyildir».
     Bütün bu ziddiyyətlər ədəbiyyatı, sənəti irəliyə aparmaq, inkişaf etdirmək həvəsi və ehtirası yaradırdı və həmin inkişaf, həqiqətən, böyük addımlarla irəliləyirdi. Görkəmli türk alimi, «Azəri ədəbiyyatına dair tədqiqatlar» kitabının müəllifi, professor Fuad Köprülüzadə Əli bəy Hüseynzadə ilə birlikdə 1926-cı ildə Bakıda keçirilən birinci türkoloji qurultayın işində iştirak etdikdən sonra, Türkiyəyə qayıdıb «Cümhuriyyət» qəzetində çap etdirdiyi məqaləsində yazırdı: «Şura Cümhuriyyəti İttihadında türkiyyata aid elmi tədqiqlərin gündən-günə çoxaldığını böyük bir məmnuniyyətlə görürük».
     Professor F.Köprülüzadə ictimai elmlərin inkişafı baxımından Azərbaycanı Türkiyə üçün nümunə göstərirdi.
     Azərbaycan ədəbi tənqidində və ədəbiyyatşünaslıq elmində bu inkişaf müharibədən sonrakı dövrdə öz sürətini daha da artırdı. Azərbaycan ədəbiyyatının tarixi daha sistemli və əhatəli şəkildə öyrənilməyə başlandı, bu ədəbiyyatın bədii-estetik problematikası elmi-nəzəri şərhini və təsnifatını tapdı. Məmməd Arif, Məmməd Cəfər, Cəfər Cəfərov kimi tənqidçilər digər qələm dostları ilə birlikdə Azərbaycan ədəbi tənqidinin lokal sərhədləri aşıb ümumittifaq ədəbi prosesi ilə ayaqlaşa bilmək işində effektli fəaliyyət göstərdi.
     Ədəbi tənqid ilə ədəbiyyatşünaslıq elmi arasındakı qarşılıqlı əlaqə və bu məfhumların bir-birini tamamlamaq xüsusiyyəti müasir ədəbiyyat ilə klassika arasında bir körpü rolunu oynadı. Cəfər Cəfərov Azərbaycan yazıçılarının IV qurultayında «Ədəbi tənqid haqqında»kı məruzəsində deyirdi: «Mənim qənaətimə görə, ədəbi tənqidin indiki mərhələləri üçün səciyyəvi olan cəhətlərdən biri də budur ki, tənqidçilərin əksəriyyəti ancaq ədəbi tənqidlə kifayətlənmir, onlar ədəbi irsin tənqidinə və nəzəriyyə problemlərinə güclü meyl göstərir və çalışırlar ki, tənqidçi ilə ədəbiyyatşünas arasındakı məsafə və fərq bir o qədər də gözə çarpmasın. Bu, şəksiz, yaxşı əlamətdir, inkişaf nişanəsidin).
     Məmməd Cəfər də Azərbaycan ictimai fikrindəki bu prosesə diqqəti xüsusi cəlb edir və «Məmməd Arif və onun sovet ədəbiyyatı haqqında nəzəri fikirləri» adlı böyük məqaləsində yazırdı: «Ədəbi-bədii tənqid tarixi və ən məşhur tənqidçilərin yaradıcılıq təcrübəsi aydın göstərmişdir ki, ancaq həm klassik ədəbiyyatı və onun nəzəriyyəsini, həm də müasir ədəbiyyatı və onun problemlərini yaxşı bilən tənqidçilər müasir ədəbiyyatın inkişafına kömək etmiş, ona düzgün istiqamət verə bilmişlər. Başqa cür ola bilməz».
     Sonra Məmməd Cəfər belə bir haqlı sual verir: «Necə ola bilər ki, haqqında yazdığın hər hansı müasir sənətkar klassik irs üzərində yüksəlsin, ondan faydalansın, sən bunlardan xəbərsiz ola-ola onun sənəti haqqında mühakimə yürüdəsən?..»
     Ədəbiyyatşünaslıq ilə ədəbi tənqid arasındakı bu üzvi bağlılığa görə də, son yüz ildə Azərbaycan filologiyası haqqında tam təsəvvür yaratmaq məqsədilə ədəbi tənqidlə bərabər, əsasən, ədəbiyyatşünaslıq elmi ilə məşğul olmuş Həmid Araslı, Feyzulla Qasımzadə, Mir Cəlal, Məmmədhüseyn Təhmasib, Mirzağa Quluzadə, Əli Sultanlı kimi alimlərimizin, eləcə də ədəbi irsin toplanması və nəşr olunması sahəsində böyük xidmətləri olan Salman Mümtazın yaradıcılığından bəhs edən oçerklər də «Fikrin karvanı»na daxil edilmişdir; böyük Azərbaycan şərqşünası, professor Mirzə Kazımbəyin də ədəbi-tənqidi görüşlərindən ayrıca söhbət açılmışdır.
     Bütün enerjilərini, ehtiraslarını, qüvvələrini, bir sözlə, bütün ömürlərini xalqın mənəvi sərvətinin öyrənilməsinə və inkişafına həsr etmiş iyirmi beş şəxsiyyət...
     Lakin gözümüzün qarşısında canlanan mənzərə nə qədər möhtəşəm olsa da, tam deyil, çünki xoşbəxtlikdən, ömürlərini ədəbiyyata həsr etmiş qələm sahiblərimiz çoxdur və bu kitabda onların hamısının yaradıcılığını əhatə etmək, təəssüf ki, mümkün olmayıb...
     Məmməd Kazım Ələkbərli - iyirminci-otuzuncu illər Azərbaycan ədəbi tənqidinin görkəmli nümayəndələrindən biri, sovet yazıçılarının Birinci Ümumittifaq qurultayında Azərbaycan ədəbiyyatı haqqında məruzəçi...
     Elə həmin illərdə ədəbi prosesin Atababa Musaxanlı, Xəlil İbrahim, Vəli Xuluflu, Əmin Abid və başqaları kimi fəal iştirakçıları...
     Keçən əsrin sonlarından etibarən, yalnız elə Azərbaycan folkloru ilə bağlı Eynəli Sultanovun, Mahmud bəy Mahmudbəyovun, Məmməd Vəli Qəmərlinin, Həsən bəy Zərdabinin, Teymur Bayraməlibəyovun, Nəriman Nərimanovun, Rəşid bəy Əfəndiyevin, Əsədulla bəy Şahtaxtinskinin, Abdulla Şaiqin, Yusif Vəzir Çəmənzəminlinin, Hümmət Əlizadənin, Əliyar Qarabağlının, Əhliman Axundovun və başqalarının gördükləri böyük iş...
     Yaxud Hüseyn Minasazov, eləcə də R.Məlikov, H.İ.Qasımov, M.S.Axundov, A.Yusifov kimi yaradıcılıqları yaxşı öyrənilməmiş müəlliflərin hələ inqilabdan əvvəl teatr tənqidi sahəsindəki fəaliyyətləri...
     Sonrakı dövrlərdə Heydər Hüseynov, Əzəl Dəmirçizadə, Hidayət Əfəndiyev, Əliəjdər Seyidzadə, Həbib Səmədzadə, Şıxəli Qurbanov, Əkbər İrəvanlı kimi alimlər, Mircabbar Miryəhyayev, Məsud Əlioğlu, Yəhya Seyidov, Əhəd Hüseynov və başqaları kimi müharibədən sonrakı dövr Azərbaycan ədəbi tənqidinin fəal nümayəndələri...
     Bəs, bu gün də Azərbaycan filologiyasının inkişafı naminə dünənki əzmlə çalışan Əziz Şərif və Abbas Zamanov, Əziz Mirəhmədov və Kamal Talıbzadə, Əkbər Ağayev və Orucəli Həsənov, Məmmədağa Şirəliyev və Mehdi Məmmədov, sonrakı nəsillərin (nəslin yox, nəsillərin!) görkəmli nümayəndələri?
     Bəs, klassikadan tutmuş bu günə kimi Azərbaycan nasirləri- nin, şairlərinin, dramaturqlarının tənqid və ədəbiyyatşünaslıq sahəsindəki fəaliyyəti?
     Bu sahədə görülən hələ nə qədər işlər var...
     Əlbəttə, gün gələcək və oxucu Azərbaycan tənqid tarixinin cildlərini ala biləcəkdir və o zaman Azərbaycan xalqının ədəbi-estetik fikrinin ta qədim dövrlərdən tutmuş ən müasir dövrə qədər şərəfli bir yolu bütün zənginliyi ilə onun təsəvvüründə canlanacaqdır.
     Və o zaman «Fikrin karvanı» da oxucunun kitab rəfində Azərbaycan tənqid tarixinin qalın cildlərinin yanında, olsun ki, özünü naqolay hiss edəcək, amma yəqin təskinliyi onda tapa biləcək ki, ilk təşəbbüs idi...
     İlk təşəbbüs - yəni başlanğıc.

2.


     Mən «Fikrin karvanı»nı yenidən vərəqləyirəm və özümdən asılı olmayaraq, tanış simalar, təbəssümlər, baxışlar gözlərimin qarşısında canlanır, tanış səslər eşidirəm, xatirələr məni götürüb aparır, yaddaşımda həkk olub qalmış müxtəlif ədəbi məclislər, müzakirələr, mübahisələr, elə bil ki, dünənin hadisələri kimi, bütün aydınlığı ilə gözlərimin qabağından ötür...
     Bax, bu, Cəfər Cəfərovun dəqiq tələffüzüdür, onun sözləri də tələffüzü kimi dəqiq olurdu, yığcam və mənalı olurdu. Bir dəfə mən onun iş otağında olduğum zaman telefon zəng çaldı və Cəfər müəllimi ona dəxli olmayan hansı bir iclasasa çağırdılar; əvvəlcə təəccübünü bildirdi, sonra nə dedilərsə, «Öldürdü bizi bu dekora- siyaçılıq!» - deyib dəstəyi asdı. İkicə obrazlı söz ilə fikri ifadə etmək onun xüsusiyyəti idi...
     Bax, bu isə Mir Cəlal müəllimin duzlu gülüşüdür... Müsahibi- nin böyüklüyündən, kiçikliyindən asılı olmayaraq: «Qardaş!» - deyib qolumuzdan tutardı, ədəbiyyatdan, ictimai həyatdan, peda- qoqluqdan danışardı, sənin də dediyin bir fikir, ya bir söz xoşuna gəlsəydi: «Ay sağ ol!..» - deyərdi və bu ifadəni elə işlədərdi ki, xeyirxahlıqdan, səmimiyyətdən, sadəlikdən xəbər verərdi...
     Mir Cəlal müəllim mənim namizədlik dissertasiyamın rəhbəri idi, Mirzəğa Quluzadə müdafiəmdə opponent idi, Məmmədhü- seyn Təhmasib ilə bir institutda işləmişik - mən cavan ədəbiyyatçı, o isə folklorşünaslığımızın ağsaqqalı... Mikayıl Rəfili ilə Şuşada, Əli Sultanlı ilə Kislovodskda qonşu olmağımız və onların söz- ləri, söhbətləri yada düşür... Elə bil ki, universitetin «Nizami» küçəsindəki 49 nömrəli binada yerləşən filologiya fakültəsində təmkinli və eyni zamanda, şax addımlarla auditoriyadan çıxan Cəfər Xəndanı yenidən görürəm... Ədəbi məclislərdə Feyzulla Qasımzadənin çıxışlarına yenidən qulaq asıram...
     Xəyal məni götürüb aparır...
     Məsud Əlioğlunun şaqraq gülüşünü təzədən eşidirəm. Yəhya Seyidovun həmişəki məsuliyyət hissi yadıma düşür, həmişə başına araqçın qoyub gəzən Əzəl Dəmirçizadəni görürəm, Şıxəli Qurbanovun işıqlı gözləri təsəvvürümdə canlanır...
     Aramızdan cavan getmiş Sokrat Musayevi, yaxud Süleyman Rüstəmovu xatırlayıram...
     Onlardan indi mənim üçün yalnız avtoqraflar qalıb...
     Bəs, kitablar? Bəs, bu qədər zəngin tədqiqat, təhlil, elmi-pedaqoji fəaliyyət? Əlbəttə, əsas bunlardır. Avtoqraflar şəxsən mənim üçün əziz yadigardır, amma bu kitablar, bu böyük fəaliyyət xalqın sərvətidir.
     Ədəbiyyat fədaisi - bu söz öz geniş mənasında «Fikrin karvanı»nın söhbət açdığı ədəbi simalara xasdır.
     ...Günlərin bir günündə Mehdi Hüseynlə birlikdə bizim o zaman Masallıda yaşayan qohumlarımızgilə getdik. Mən universitetin dordüncü kursunda oxuyurdum (Mehdi Hüseynin isə həyatının sonuna bircə il qalıbmış!). O balıqçı idi və iş belə gətirdi ki, sübh tezdən mən onunla birlikdə Masallı ilə Lənkəran arasındakı kiçik Sara adasına gedəsi oldum: o balıq tuturdu, mən də gələcəkdə balıqçı olmaq həvəsilə onu müşayiət edirdim.
     O aprel səhərində üfüq təzəcə qızarmağa başlamışdı, hava da ayaz idi. Mehdi Hüseyn tünd-qəhvəyi pencəyinin boynunu qaldırıb, hələ heç nə yeməmişdən, içini pambıqla doldurduğu «Kazbek» papiroslarından çəkə-çəkə dənizə atdığı qarmaqların qarğı- larını qumluğa basdırırdı, qayaların arasına keçirib bərkidirdi. Sonra hündür bir daşın üstündə oturdu, mən də onun yanında - Allah bilir, hələ nə vaxtacan burada idik.
     O Türkiyəyə birinci səfərindən yenicə qayıtmışdı və mən hələ şagird vaxtlarımdan çox maraqlandığım türk ədəbiyyatı, ədəbi prosesi, həyatı barədə onun söhbətlərinə qulaq asmaq istəyirdim, amma sual verməkdən çəkinirdim, çünki səs olacaqdı, balıqlar ürkəcəkdi, qarmaqlarboş qalacaqdı...
     Yavaş-yavaş işıqlanırdı və yaxşı yadımdadır, ayaqlarımızın altına qədər gələn ləpələrin yorulmayan eyni ahəngdar səsi və haradansa hacıleylək dimdiyinin taqqıltısı eşidilirdi.
     Mən ona baxırdım; o, gözlərini dənizə zilləmişdi və mənə elə gəlirdi ki, həmin dəm o bütün varlığı ilə suyun görünməzindəki balıqların yanındadır; mənə elə gəlirdi ki, həmin dəqiqələrdə onun fikrində qarmaq və balıqdan başqa heç nə yoxdur; mənə elə gəlirdi ki, həmin anlarda o yalnız tutmaq istədiyi balığın hicranındadır və həmin hicranla, həmin balıq həsrəti ilə nəfəs alır...
     Birdən o, üzünü mənə tutub ürəkdən gələn bir həzinliklə həmin sübh sükutunu pozdu:
     -Səkkiz il keçib, amma hələ də Səmədin ölümünə inanmıram...
     Ədəbiyyata, sənətə və sənətkara bu cür bağlılıq həmin anlayışı - «ədəbiyyat fədaisi» anlayışını, məncə, yaxşı ifadə edir.

3.


     «Fikrin karvanı» Mirzə Fətəlidən sonrakı dövr Azərbaycan ədəbi tənqidinin və ədəbiyyatşünaslığının keçdiyi yolu işıqlandırdığı kimi, müasir ədəbi tənqidimiz haqqında da müəyyən təsəvvür yaradır, çünki «Fikrin karvanı»nın müəllifləri bu gün tənqidimizdə fəaliyyət göstərən müxtəlif nəsillərin nümayəndələri, müxtəlif üsluba malik qələm sahibləridir.
     Müasir tənqidimizin yaşlı nəslinə mənsub görkəmli alimlərimiz - Əziz Mirəhmədov, Kamal Talıbzadə, Kamran Məmmədov ilə birlikdə, ortanəslin Tofiq Hacıyev, Yaşar Qarayev, Anar, Araz Dadaşzadə, Şamil Salmanov, Təhsin Mütəllimov, Kamil Vəliyev kimi tanınmış nümayəndələri ilə bərabər, cavan nəslin Nizaməddin Babayev, Vilayət Quliyev, Nərgiz Qurbanova kimi istedadlı nümayəndələri də bu kitabın müəllifidirlər və bu cəhət ona görə mənim üçün diqqətəlayiq, hətta əlamətdar görünür ki, «Fikrin karvanı»nda Mirzə Fətəlidən gələn estafet sanki bu səhifələrdən çıxıb canlı əllərə ötürülür, tənqidimizin ən cavan nümayəndələri həmin estafeti qəbul edirlər...
     ...Fikrin karvanı günləri, ayları, illəri, əsrləri ötür, fikrin karvanı gələcəyə gedir, xalqın milli və mənəvi sərvətini xalqın özünə yetirmək üçün, xalqın malı etmək üçün həmişə irəliləyir, irəliləyir...
     Fikrin karvanı həmişə yoldadır.

1983.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (24.06.2014) | Müəllif: R.C E W
Baxış: 832 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more