Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Elitar poeziya
ELİTAR POEZİYA


     Təxminən iyirmi il bundan əvvəl, mən Adil Seyidzadə haqqında «Ürəyim nar çiçəyi» adlı kiçik bir yazı yazmışdım və səhv etmirəmsə, o yazı Adilin şerləri ilə bağlı mətbuatda ilk yazı idi, sonra Adilin ilk kitabma da həmin yazının əsasında ön söz yazdım.
     O vaxtdan uzun illər (özü də necə illər!) keçdikdən sonra - dörd-beş il bundan əvvəl artıq Adil Seyidzadə yox, Adil Mirseyid «Güzgüdəki adam» adlı kitabını mənə bağışlamışdı və avtoqrafdan sonra belə bir P.S. yazmışdı: «Hələ də ürəyim nar çiçəyidi...» Bilmirəm, bəlkə də belədi.
     Amma iyirmi il bundan əvvəl:
Ay işığı - fil sümüyü rəngində ay işığı - pəncərəmdə kəpənək həyəcanlıyam ay işığı tək əlini sinəmə qoy gör necə vurur ürək
     deyən Adil Seyidzadə səmimi lirik şerlər yazan gənc şair idi.
     Bu gün isə:
uçun quşlar ötüb keçin enməyin bu şəhərə
     deyən Adil Mirseyid artıq sənətdə özünü təsdiq etmiş elitar Azərbaycan şairidir və onun son illərdə çap etdirdiyi şerləri mən müasir poeziyamızda hadisə hesab edirəm.
ay gedir mor dağlar ulduzlar qalır ay gedir fanilər yalqızlar qalır ay gedir çin olur yarımçıq yuxum ay gedir oyanır bədəndə ruhum ay gedir qaralır qolum qanadım ay gedir hürküb diksinir atım ay gedir dönərmi dönməzmi bilməm ay gedir sönərmi sönməzmi bilməm
ay gedir bir söz çıxmır dilimdən ay gedir ürəyim düşür əlimdən
     Adil gözdən itən ayın bir də haçansa görünəcəyini, sönən ayın bir də nə vaxtsa işıldayacağını dəqiq bilməyənlərin və belə bir ay səfərinə baxarkən ürəyi əlindən düşənlərin şairidir.
     Onun belə iki misrası var:
yuxuma girən qadın yuxumu görən qadın
     -və Adil beləcə yuxuya girənlərin və içindəykən həmin yuxunu görməyi bacaranların şairidir. Adil o şairdir ki, hamı üçün doğma ola bilməz, şerləri kütlənin ürəyinə yol tapa bilməz və elitar sözünü biz hissiyyata aid etsək, o zaman Adil bir qrup seçmənin şairidir, elitar şairdir. Adilin şerlərini söyləyən poetik «mən» (tənqidçilər ona «lirik qəhrəman» da deyirlər) haradasa məskun bir varlıq deyil, onun dünyası yaşadığımız dünyanın konkret ünvanına sığışmır:
bir körpü üstündən keçirəm indi körpünün adını unutmuşam ...
bəlkə praqada kral körpüsündəyəm bəlkə bura parisdi mirabo körpüsüdü istanbuldayam
bəlkə bruklindəyəm bəlkə

     Dünyanın hansı səbəbdən od tutub yanması, nə zaman məhvə məhkum olması, qiyamət günü məfhumu və həmin günün nə vaxt gəlməsi?- bütün bunlar həmişə - yüzilliklər boyu ədəbiyyatın və xüsusən də poeziyanın predmeti olmuşdur və Adilin lirik «mən»i də bu ənənəvi mövzunu özünün heç kimə bənzəməyən duyğuları ilə ifadə edir: vgecələr ay doğub sevdalanır ki
bildiyi duaları unutmasın şairlər
son şair unudanda
qara sevda duasını
qiyamət günü olacaq yer üzündə
dünya od tutub yanacaq
son dumanın gözündə

     Dünyanın dağılması kimi bir kataklizmi son dumanın gözündə axtaran Adil «qara sevdalar» şairidir və onun poetik detalları yeni və gözlənilməzdir, eyni zamanda, təbiidir, lirik «mən»inin dünyaya baxışına, dünyanı görməsinə, hiss etməsinə, həmin hissiyyatdakı akvarelə ən uyğunudur və buna görə də təsirlidir, şerin, həmin anın, əgər belə demək mümkünsə, «yaranış anının» psixoloji mənzərəsini, bədii-estetik ab-havasını, çalarlarını tam görümlü (anlamlı) edir:
cərrah bıçağı altında uzanıb oğlum
siqaret çəkirəm siqaret çəkirəm
siqaret çəkirəm yenə
xəstəxana həyətində
gül kolları arasında gizlənən balaca quş
səsiylə ürək-dirək verir mənə

     Bu poeziya - obrazlar poeziyasıdır. Fikir verin:
dünya bir gümüş damladı sevdiyimin gözündə
     Yaxud:
yağmurlar söndürə bilməyib hələ sən haçansa parisdə yandırdığın o şamı
     Yaxud:
zamanı geri göndər mənə göz yaşı göndər
     Yaxud:
günəşdən ulduzdan aydan yonulmuş kimi quşlar.
     Yaxud:
sərxoş bir şer
gülümsəyir payız axşammın sarı yalqızlığına

     Yaxud:
ölüm striptiz göstərir paradis kafesində
     Və s. və i.a.
     Mənim üçün qəribə estetik-psixoloji bir cəhətdir ki, bu obrazlar aləmi dumanlı, impressionist örtüyünə (tülünə!) bürünmüş deyil, halbuki ilk baxışdan, elə bil ki, məhz belə olmalı idi, çünki bu obrazlar qeyri-konkretdir, bəzi hallarda tamam fantasmoqorikdir, amma baxın, necə dəqiq görümlüdür:
qara qanadlı bir mələk uçur bəyaz bulud köçündə
     Ağ ilə qaranın bu sadə təzadı dərhal təsəvvürdə o fantosmoqorik mənzərəni tamam görümlü edir. Adilin obrazları qrafik incəliklə (tuş incəliyi dəqiqliyi ilə) xarakter cızır və bu xarakterin yaşadığı, gördüyü, hissiyyatından keçirdiyi mühitin, oradakı ovqatın ab-havasını tamam əyani edir:
ömrün bütün sevdaları acqarına çəkdiyi ucuz tütüntək acı ucuz şərab kimi hiyləgər yalançı
     Adilin poetik «mən»i bu fani dünyanın hər üzünü, daha doğrusu, həmin faniliyin hər üzünü görüb və artıq onun çəkinəcəyi, ehtiyat edəcəyi bir şey (dərd! bəla!) yoxdur. Onun nəyin uğrundasa (xoşbəxtliyin! gözəlliyin! təmizliyin! və s.) mübarizə aparmaqdan zəhləsi gedir (əslində, o buna qadir də deyil və bu mənada onun iddiası ilə imkanları arasında heç bir təzad yoxdur!) və hansısa bir mübarizlik əhval-ruhiyyəsi ona tamam yad bir şeydir:
baxmaz göz yaşımıza fələk bizə sərxoş gəlir nə gələcək başımıza başa gələn xoş gəlir.
     Və həmin Adil poetik «mən»i hərdən o qədər biganə («nə ölüm diləyirəm // nə də könül xoşluğu» - az qala, Daun biganəliyi!), ayağını yerdən üzüb o qədər öz dünyasındakı çəkisizlik içində olur ki («yağışdan sonra qaranquşların uçuşuna baxıram // və heç nə ummuram bu fani dünyadan»), o:
ay çəkir məni ay çəkir ay çəkir torpaq saxlayır
     deyəndə, biz, hətta təəccüb edirik ki, torpaq nə üçün belə bir məxluqu çəkib özündə saxlayır? Axı, bu poetik «mən» torpağa, yəni maddi aləmə lazım olan, reallığı maraqlandıran bir varlıq deyil, dediyim kimi, maddi aləmə tamam yabançıdır:
uzaqda sıra dağlar sıra dağlar xınalı. dağlar dağlar aman dağlar torpağın altında ölülər ağlar
     Bu lirik «mən»in yaşadığı həyat başdan-başa məşəqqət və ümidsizlikdir:
üfüqlərin arxasında
quş olub uçur könlüm
burda beton labirintdə şer yazıram
daha nə sevgi qalıb burda nə ölüm
hərdən dua eləyirəm
hərdən araq içirəm
və möcüzə gözləyirəm hər səhər
göy qübbəsi altında labirintdi bu şəhər

     Ağır təəssüratlı bir şerdir (ovqatdır! bəlkə taledir?), amma məsələ burasındadır ki, Adilin poetik «mən»inin hər səhər gözlədiyi o möcüzə bir gün, həqiqətən, baş versə, o zaman Adil Mirseyid bir şair kimi bitəcək, qurtaracaq, çünki daha könlü quş olub üfüqlərin arxasında uça bilməyəcək, üfüqlərdən bu tərəfdə, bu dünyanın adamlarının - bizim gözümüz qarşısında uçacaq və bu gün Adil üçün «daha şer yazmaq da təsəlli deyil»sə, o zaman şer yazmaq onun üçün təsəlliyə çevriləcək.
     Şer yazmaq təsəlli olduqda isə - Adil Mirseyid olmayacaq, başqa bir şair olacaq.
     göstərin mənə qəbrimi unudulmuş qəbrim hanı diz çöküm yasin oxuyum əfv edim Yaradanıı
     Bəlkə də bu misralar bir başqa şairin olsaydı, buradakı bu qəbir axtarışı, həmin qəbrin unudulması səmimilikdən daha artıq, iddianın ifadəsi olardı, amma Adilin poeziyasının təbiətindəki rənglər, hisslər, nüanslar həmin iddianı əridib aparır və bir başqasının «Yaradanı əfv etmək» istəyi bizdə pis bir müştəbehlik təəssüratı yaradırsa da, Adidlin bu misrası, əksinə, sarı simi titrədir, çünki onun yalnız bu şerində yox, bütün yaradıcılığındakı obrazlar aləmi, onun bədii təfəkkür tərzi və bir insan kimi özünün bu dünyadakı yerini bir şair kimi axtara bilmək imkanı bizi buna hazırlayıbdır.
     O başqa məsələ ki, hərdən Adil bu imkandan – özünün məxsusi obrazlar aləmindən bir istiqamətdə - ölüm-itim istiqamətində, elə bil ki, sui-istifadə edir («ruhumu azad edib // gedib qəbrimə uzandım», «öldür məni mələyim // öldür məni ağlama», «kimdi mənə diri deyən // ölüyəmsə ölü hanı», «ölüyəmsə dirilt məni // diriyəmsə öldür, Allah» və s.) və bu zaman orijinalın variasiyaları başlayır, hətta Adilin poeziyasına yaraşmayan bir halla - orijinalın reproduksiyaları ilə rastlaşırıq.
     Adilin poetik «mən»inin bu dünyada üzləşdiyi taledə tamam qaranlıq, dibi görünməyən, iynənin gözü qədər belə işığı olmayan bir əlacsızlıq var:
     hara gedirəmsə dünənki ayaq izlərim çıxır qarşıma
     Belə bir ümidsizlik Adilin poeziyasının məğzidir və bu dərəcədə zülmətin bədii-estetik ifadəsini, əlbəttə, kütlə qəbul edə bilməz, bu yalnız seçmə oxucuların ürəyinə və beyninə yol tapa bilər.
     Bu ümidsizlik:
     udduğum havaynan içimə ağrı dolur
     -deyir və bu ağrının məna tutumu, eyni zamanda, bədii-estetik ifadəsinin yaratdığı ovqat elədir ki, onu estradada səsləndirmək, hətta həzin bir musiqinin müşayiəti ilə yaxşı bir bədii qiraət ustasının ifasında televiziyanın hansısa sakit gecə verilişlərində dinləmək də mümkün deyil. Bu şerləri gərək özün oxuyasan. Ona görə də:
     bu dünya qul bazarıdı mən qulam qulam Allahım yer üzündə yuvam yoxdu göy üzündə günahım
     -kimi müstəqim, birbaşa, çılpaq deyim tərzi Adilin şerlərinin poetikasına, onun istedadının yönümünə, daxili tərkibinə yabançıdır.
     Mənə elə gəlir ki, ara-sıra özünü göstərən belə bir müstəqimlik, birbaşalıq («bu uzun qışı da nimdaş payız plaşında keçirməliyəm», «kitab mağazalarının vitrinlərində // çap olunmamış şerlər kitabımı axtarıram axşamlar», «yalqızlıqda öləcəyəm səfil kimi», «metro qabağında bu axşam üstü // başqa bir dünyadan gəlmiş adamam», « bəzən zindan zülməti // tənhalıq səfaləti // bəzən şöhrət öldürür şairləri», «barışdım dünyanın faniliyiynən», «quşlar kimi sərsəriyəm» və s.) Adilin poeziyasını adiləşdirir, hətta bəzən ucuzlaşdırır da və bu zaman o poeziya kütlənin malına çevrilmək təhlükəsi ilə üzləşir.
     Bu fikri bir az da dəqiqləşdirmək istəyirəm: mən oxucu auditoriyası geniş olan poeziya ilə auditoriyası kiçik olan poeziyanı qəti surətdə qarşı-qarşıya qoymaq istəmirəm, çünki belə olsaydı, çox yanlış bir şey olardı. Hərgah söhbət əsl sənətdən gedirsə, oxucu kəmiyyətinin milli poeziyanın keyfiyyət göstəricisinə heç bir təsiri yoxdur. Aşıq Ələsgərin kütləviliyi ilə Məhəmməd Hadinin kütləviliyi eyni deyil, amma hər ikisi Azərbaycan poeziyasının böyük simalarıdır. Bəzən isə, çox maraqlı ədəbi hadisə baş verir: sənətkar eyni zamanda kütləvi və elitar olur və bunun yaxın keçmişimizdəki ən parlaq təcəssümü Mirzə Ələkbər Sabirin yaradıcılığıdır.
     Adil Mirseyid bəzən, elə bil ki, öz seçmə oxucularına inanmır və bu zaman onun poeziyası öz məxsusiliyini itirir.
     bağışla məni bağışla Allah daha içimi tərpətmir nə səvab nə də günah.
     Şerin sonluğu olan bu üç misrada hər şey deyilib, poetik «mən»in ovqatı bütün dəqiqliyi ilə təsvir olunub, burada sözaltı məna söz ilə deyiləndən qat-qat artıqdır və bu vacib cəhət - deyilməyənin deyiləndən artıq olması - Adilin poeziyasının ən əsas estetik xüsusiyyətlərindən və bir oxucu kimi, mənim üçün ən başlıca məziyyətlərindən biridir, bəlkə də, birincisidir, amma Adil bəzən mənə - oxucuya etibar etmir və yaratdığı bu ovqatı şerin əvvəlində izah etməyə başlayır:
     bir zamanlar sənin də evin arvadın vardı maaş cədvəllərində adın soy adın vardı indi kimsən meyxanələr küncündə söylə kimsən tut ağacından qara bir sazda sınıq bir simsən
     Öz-özlüyündə bəlkə də yaxşıdır, sınıq sim bənzətməsi də pis deyil, amma günah ilə səvabın fərqini itirmiş mənəvi iztirablar acısının və Allahdan əfv olunmaq imdadı kimi bir əlacsızlığın - yəni sondakı o üç misranın yaratdığı ovqatın, vəziyyətin, xarakterin müqabilində, maaş cədvəlində adı olub-olmamağın fərqinə varmaq, evsiz, arvadsız qalmaqdan beləcə müstəqim şəkildə şikayətlənmək Adilin poeziyasının mahiyyətinə ziddir, içində savab və günah hissiyyatı belə, ölmüş bir insanın səciyyəsini məhdudlaşdırır, hətta primitivləşdirir.
     Məsələn, mən belə təsəvvür edirəm ki, içində savab və günah hissiyyatı ölmüş bir insanın, Adilin izahatından fərqli olaraq, arvadı da, məşuqəsi də, cah-cəlalı da, villası da ola bilər və bu ovqatın səbəblərini nə üçün konkret ev-eşiksizliklə, pulsuzluqla məhdudlaşdırmaq lazımdır?
     Hərgah Adilin öz şerlərilə yazdığı ünvan onun yaradıcılıq zərfində «Seçmələr üçün»- kimi göstərilirsə, o zaman «izahatsızlıqdan» çəkinmək, ehtiyat etmək lazım deyil.
     Başqa bir şerində Adil inkoqnito bir sürrealist rəssamı belə təsvir edir:
Bütün fəsillərdə üşüyərdi əlləri
Bütün fəsillərdə dumanlıydı gözləri
Qurda quşa ağaclara qardaş idi
Buludlara yoldaş idi

     Artıq bu misralarda əhval-ruhiyyə də, xarakter də yaradılıb, inkoqnitonun heç bir konkret ünvanı olmadığı üçün, həmin ovqatın da, xarakterin də miqyası, bəşəri-psixoloji ehtiva dairəsi genişdir, amma bu dəfə də Adil dediklərinin (və demədiklərinin!) effektinə inanmır, onları açır, konkretləşdirir və bu yaxşı poetik-mənəvi yüklü misralardan sonra yazır ki, təqdim etdiyi bu tipaj «adamlara yabançı» idi.
     Bu aydın məsələdir ki, «bütün fəsillərdə əlləri üşüyən», «qurda, quşa, ağaclara qardaş», «buludlara yoldaş» olan birisi, bu dünya üçün yaddır, bu dünyanın insanları üçün yabançıdır.
     Oxuduğum zaman mənə çox təsir etmiş və sonradan tez-tez xatırladığım kədərli bir epizod yadıma düşür. Şair və vəfalı dost Ramiz Məmmədzadə bu yaxınlarda haqq dünyasına köçmüş Arif Abdullazadənin xatirəsinə həsr etdiyi səmimi essesində yazır ki, ölümünə bir neçə gün qalmış Arif onu ölüm yatağının yanına çağırır və qulağına pıçıldayır: «Qəbir daşımın üstündə yazarsan: Bir də bu dünyaya gəlməyə tövbə!».
     Ölən insanın (şairin!) ölüm ayağında dediyi və poetik bir misra kimi səslənən bu sözləri izah etməyə ehtiyac varmı?
     Yox!
     Heç olmasa, ona görə ki, bu izahat, sadəcə olaraq, mümkün deyil. Arif Abdullazadənin bu bir kiçik cümləlik arzusunda (son misrasında!) hər şey deyilib və nə açıqlama versən də primitiv olacaq.
     Adil Mirseyiddən tamam fərqli olan bir şairlə - Arif Abdullazadə ilə bağlı bu kədərli epizodu yəqin mən bu dəfə ona görə xatırladım ki, Adil Mirseyidin poeziyası «açıqlamalar» poeziyası deyil və mən istərdim ki, o özü də buna tamam əmin olsun, öz oxucusuna inansın.
     Və buna da tam inansm ki, bu görkəmli şairin - Adil Mirseyidin öz oxucusu var.
     Adilin ara-sıra mətbuatda dərc edilən şerlərini oxuduqca mən bir daha əmin oluram: milli poeziya bir küll halında o zaman xalqın bədii özünüifadəsinə çevrilir, yəni o zaman yüksək bədiistetik və fəlsəfi-ictimai qadirlik əldə edir ki, bu poeziyanın yaradıcılıq rəngarəngliyinin miqyası geniş, əhatəli, sərhədsiz olsun və bu da o deyən sözdür ki, müasir Azərbaycan poeziyası bir tərəfdən realist, o biri tərəfdən mücərrəd, bir tərəfdən romantik, o biri tərəfdən sürrealist və s. və i.a. şəkildə dünyanı, həyatı, milli varlığımızı ifadə edə bilsin.
     Bundan qorxmaq və bu rəngarənglik içində hansı estetik qolu isə qısqanmaq, hansmısa məzəmmət etmək də doğru deyil.
     Ədəbiyyatı və indiki halda poeziyanı «ənənəçilərə» və «modernçilərə» ayırmaq, elə bilirəm ki, sənətin təbiətinə yad bir bölgüdür, çünki sənətdə yalnız bir ayıran xətt, bir sərhəd var: istedadlılar və istedadsızlar. İstedadlı sürrealist də var, istedadsız sürrealist də, necə ki, istedadlı realist var və istedadsız realist var və bu gün mənim üçün məhz bu baxımdan müasir poeziyamızda baş verən hadisələr, axtarışlar və ümumi mənzərə maraqlı, hətta əhəmiyyətli görünür.

2002.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (27.08.2014) | Müəllif: R.C E W
Baxış: 604 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more