Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-Elçin və İlyas Əfəndiyev
ELÇİN VƏ İLYAS ƏFƏNDİYEV
Elçinə suallar:

     1.- Elçin müəllim, Sizin nəslinizin kökü barədə atanız «Xəzər»ə verdiyi müsahibəsində danışıb. Aradan 5-6 il keçib. Hər halda Sizdən də bu barədə eşitmək istərdik.
     -Əzizim Vaqif, həmin 5-6 ilin bizim nəslin kökünə, aydın ki, heç bir təsiri olmayıb. Mənim bu sözlərimdəki ironiyanın səbəbi odur ki, bu 5-6 ildə bəziləri nəsil bəzəyi ilə məşğul olub; kimisi bəy olub, kimisi xan, kimisi də şahzadə... Neçə ki, təzə böyük şairlər, böyük yazıçılar peyda olub, sən demə bunlar nəhəng ədəbi simalar imiş, qələmləri ilə sovet rejimimə qarşı ölüm-dirim mübarizəsi aparırlarmış, sovet rejimi gecə-gündüz onların istedadına qarşı min bir fitnə-fəsad törətməkdən ötrü başını sındırırmış, amma bizim indiyəcən bundan xəbərimiz olmayıb, çağdaş ədəbiyyatımızın və ictimai fikrimizin bu böyük xadimlərinin heç adlarını da eşitməmişik... Vallah, Vaqif, bu, «dərə xəlvət, tülkü bəy» məsələsidi. Nə isə, bu başqa söhbətdi. O ki, qaldı sənin sualına, bizim ulu babamız Əhməd Xoça Türkiyənin Kars vilayətindən gəlib, indiki Füzuli rayonunun Saraçıq deyilən yerində kənd salıb və mənim hesablamalarıma görə, bu, XIX əsrin lap əvvəllərinin hadisəsidir. Əhməd Xoca dövrünün nüfuzlu ruhani ziyalılarından olub və ümumiyyətlə, bizim Əfəndiuşağı deyilən nəsil ruhani ziyalı nəslidir. Əhməd Xocanın oğlu Qarabağda məşhur bir şəxs olan Xoca Mustafa Əfəndi olub. Xoca Mustafa Əfəndinin Molla Ağa Məhəmməd və Abdulla Əfəndi adlı oğlanları olub. Mənim ata babam Abdulla Əfəndinin nəvəsi, Məhəmməd Molla Ağa Məhəmmədin oğludur və nəslin ruhani ənənələrindən fərqli olaraq tacir olub.
     2.- Sizcə İlyas Əfəndiyev kimi bir yazıçının oğlu olub, sonra yazıçı olmaqla, elə belə adi bir adamın oğlu olub, sonra yazar olmaq arasında bir çiddi fərq varmı?
     -Hər şey, şübhəsiz ki, istedaddan asılıdır. Sənin dediyin o «çiddi fərq»i də müəyyənləşdirən amil istedadın dərəcəsidir. Yaxşı bir yazıçının oğlu istedadsızdırsa, çox pis bir yazıçı ola bilər (zorən təbib!), adi bir zəhmətkeşin isə (misal üçün Vaqif, elə sənin atan kimi!) oğlu istedadlıdırsa, yaxşı yazıçı ola bilər (sənin simanda yaxşı şair!) və eləçə də, əksinə. O başqa məsələ ki, yazıçı ailəsində doğulmuş istedadlı adam məşğul olmağa daha artıq münbit zəmin və şərait ola bilər: kitabxana, yaradıçlıq prosesini uşaqlıqdan bilavasitə müşahidə etmək imkanı və s.
     3.- Gəncliyinizdə, uşaqlığınızda elə bir şey varmı ki, onu eləmədiyinizə təssüflənirsiniz?
     -Var. Misal üçün, xariçi dil öyrənməmişəm... Yaxud, musiqi ilə çiddi məşğul olmamışam... Mənim bir xalam əri var idi, Əli Axundov, hərbi həkim idi, Müsavat zabiti olmuşdu, sonralar Hərbi Tibb Akademiyasını bitirmişdi, çoxdan rəhmətə gedib. Ondan təsirlənərək uşaq vaxtı beynimə girmişdi ki, məktəbi bitirəndən sonra mən də Leninqrada gedib, həmin Akademiyada oxuyaçağam. Səndən nə gizlədim, elə vaxtlar olur ki, bu istəyimə əməl eləmədiyim üçün, ömrümü ədəbiyyat dediyimiz bir bəlaya həsr etdiyim üçün, heyfsilənirəm. Amma qismətdən artığını əldə etmək mümkün deyil.
     4.- Gənclik dostlarınızdan kimlə əlaqə saxlayırsınız?
     -Sənin tanıdıqlarının və tanımadıqlarının çoxuyla.
     5.- Gündəlik yaşayış, iş rejiminiz haqqında?! Yoxsa elə ciddi bir rejiminiz yoxdu?
     -Mənim heç vaxt nə ciddi, nə də qeyri-ciddi rejimim olmayıb. Mən bütün ömrümü rejimsizliyin «parlaq» nümunəsi kimi yaşamışam və ümumiyyətlə, rejim sözündən xoşum gəlmir.
     6.- İndiyə qədər yaşadığınız ömrü bir cümlə ilə necə ifadə edərdiniz?
     -«Bu da bir Allah qismətidi.»
     7.- Siz Axundovun, Əliyevin, Bağırovun, Vəzirovun, Mütəllibovun, Elçibəyin, yenidən Əliyevin hakimiyyətləri dövründə (əgər belə demək mümkünsə) yaşamısınız. Onların hansı mədəniyyətin inkişafına daha çox fikir verirdi?
     -Məni bir az çavanlaşdırırsan... Mir Cəfər Bağırovun, İmam Mustafayevin də vaxtında yaşamışam. Düzdü, o zamanlar uşaq və yeniyetmə olmuşam. O ki, qaldı sualının ikinci hissəsinə, çavab verirəm: Heydər Əliyev. Azərbaycanda, misal üçün, Respublika sarayından tutmuş rayonlardakı, kəndlərdəki mədəniyyət evlərinəcən nə qədər mədəniyyət müəssisəsinin tikintisi onun adı ilə bağlıdır?! Təsəvvür elə ki, bu gün Bakıda Respublka Sarayı yoxdur, yaxud Nəsiminin, Füzulinin, M.F. Axundovun, Cabbarlının, Nərimanovun, nə qədər başqalarının heykəlləri yoxdur, neçə olar? Yetmişinçi-səksəninçi illərdə Bakı keçmiş Sovetlər İttifaqının mədəniyyət mərkəzlərindən biri idi və bu bizim mədəniyyət tariximizin işıqlı faktlarındandır, yetmişinçi illər, səksəninçi illərin əvvəlləri Azərbaycan ədəbiyyatının (və ümumiyyətlə, mədəniyyətinin!) milli və özünüifadəsində mühüm rol oynayıb.
     8.- Şəxsən tanıdığınız Azərbayçan yazıçılarından daha çox kim yadınızda qalıb? Nəyinə görə?
     -İş elə gətirib ki, mən Azərbaycan ədəbiyyatında Abdulla Şaiq, ƏliağaVahid, Süleyman Rüstəm, Səməd Vurğun, Süleyman Rəhimov, Mehdi Hüseyn, Rəsul Rza, Əbülhəsən, Əli Vəliyev, Məmməd Rahim, Mir Cəlal, Mehdi Seyidzadə, Məmməd Arif, Məmməd Cəfər, Osman Sarıvəlli, Nigar Rəfibəyli, Cəfər Cəfərov, Əhməd Cəmil, Cəfər Xəndan, İmran Qasımov, Zeynal Xəlil, Ənvər Məmmədxanlı, Mirzə İbrahimov, Həmid Araslı, Əbülqasım Hüseynzadə, Məmmədhüseyn Təhmasib, Əziz Şərif, Əli Səbri, Mikayıl Rəfili, Sabit Rəhman, Xudadat bəy Əzizbəyov, Qulam Məmmədli Abbas Zamanov, Mikayıl Rzaquluzadə, Əli Sultanlı, Məmməd Əkbər, Cabbar Məçnunbəyov, Əyyub Abbasov, Mirzəağa Quluzadə, Süleyman Vəliyev, Əkbər Ağayev, Hüseyn Şərifov, Beydulla Musayev, Səttar Axundov, Oruçəli Həsənov, Məmmədağa Sultanov, Məmmədağa Şirəliyev, Əzəl Dəmirçizadə, Rza Şahvələd, Hadi Mirzəzadə, Ələkbər Ziyatay, Müzəffər Nəsirli (qoçaman nəsllə bağlı siyahını bu xadmlərin ədəbiyyat qarşısındakı xidmətlərinin böyük-kiçikliyindən asılı olmayaraq, istedad dərəçəsinə ayırmadan, bilərəkdən beləcə geniş təqdim edirəm) və başqaları kimi yaşlı nəsil nümayəndələrini ta uşaqlıq vaxtlarımdan şəxsən tanıyıram, bu rəhmətliklərin böyük bir qismi ilə Yazıçılar İttifaqında on iki il katib işlədiyim müddətdə yaxın təmasda olmuşam, əməkdaşlıq etmişəm, bir qismi ilə də aramızdakı böyük yaş fərqinə baxmayaraq şəxsi dostluğumuz, yaxınlığımız olub (Məmməd Çəfər müəllimlə, Qulam Məmmədli ilə, Abbas müəllimlə...). Onların demək olar ki, hamısını birini az, o birini çox dərəcədə xatırlayıram. Bəziləri mənim və ailəmizin yaxın bir adamı kimi, misal üçün Mehdi əmi (Mehdi Hüseyn), yaxud Ağa əmi (Mehdi Seyidzadə) kimi, bəzilərilə bağlı xatirələrimdə mürəkkəb və hətta ziddiyyətli hissiyyat var. Yeri gəlmişkən, mənim üçün vaçib olan bir cəhəti qeyd etmək istəyirəm: bu gün özünü qəhrəman və təəssübkeş kimi təqdim edib, bu rəhmətliklərin bəzisinin qarasına danışmaq, kölgəsini qılınçlamaq, onları dövrün kontekstindən çıxarıb sonradan sonraya «ifşa etmək», şəxsiyyətlərinə hörmətsizlik göstərmək çox asan və deməliyəm ki, şərəfsiz bir işdir. Onların yaradıçılığına qiyməti onsuz da tarix özü verəçək və heç kimin bugünkü siyasi-ictimai konyukturadan istifadə edib tarixin missiyasını öz üzərinə götürməyə mənəvi haqqı yoxdur. Bu qələm sahibləri heç olmasa onu ediblər ki, ana dilimizin inkişafı təmin olunub və bunun özü balaca iş deyil. O başqa məsələ ki, bədii-estetik dəyərlər və elmi-nəzəri istiqamətlər, dərsliklər, XX əsr ədəbiyyatımızın tarixi (və ümumiyyətlə, ədəbiyyatımızın tarixi) yeni meyarlarla müəyyənləşdirilməlidir, özünün ideoloji azad obyektiv təhlil və tədqiqini tapmalıdır. Nə isə, sənin sualından uzaqlaşdım... Mən hələ bunlardan sonra gələn ədəbi nəslin (o zaman orta nəsil deyirdilər və onların da indi çoxu haqq dünyasındadı), öz ədəbi nəslimizin, bizdən sonra gələnlərin (yəni sizlərin), sizdən sonra gələnlərin nümayəndələrinin adını çəkmədim... Onların arasında da unudulmaz insanlar var idi və mən onları tez-tez xatırlayıram. Bizdən bir az əvvəl yaradıcılığa başlamış Əli Kərim, mənim ədəbi nəslimin İsi Məlikzadə, Sabir Süleymanov, Fərman Kərimzadə kimi istedadlı nümayəndələri, bir az sonra ədəbiyyata gəlmiş Aydın Məmmədov, sənin və mənim dostumuz Vidadi Məmmədov, lap qısa bir ömür sürüb özü öz həyatına qıymış Fərid adlı istedadlı bir oğlan və başqaları həmişə xatirimdədir.
     -Sənin sualın məni tamam başqa bir aləmə apardı və bu aləmdə hissin qiyməti sözün qiymətindən artıqdı. Ona görə də, bu barədə kifayətdi.
     9.- İndi harada olmaq istərdiniz? Ürəyiniz hansı əsri, dövrü istəyir?
     -Deyirsən xəyala qapılaq, hə? Yaxşı... Bəzən ürəyimdən keçir ki, Robinzon Kruzo kimi, kimsəsiz bir adada olaydım... Elə bilirəm ki, bununla sualının ikinçi hissəsinə də cavab verdim. Çünki mənim aləmimdə o gözəl kimsəsiz adada zaman yoxdu.
     10.- Ən yaxşı əsəriniz hansını sayırsınız?
     -Bu suala cavab verməyə çətinlik çəkirəm... Ançaq hər halda elə bilirəm ki, ən sanballı yazım «Ölüm hökmü»dür.
     11.- Həyatda şəxsi düşməniniz olub və indi də var?
     -Yox.
     12.- Səfərə çıxsaydınız kimlə yol yoldaşı olmaq istərdiniz?
     -Öz ailəmlə.
     13.- Əsərlərinizin adlarını neçə qoyursunuz?
     -Mənim üçün o qədər də əhəmiyyətli deyil. Bir əsərin adını onu yazıb qurtarandan sonra qoyuram, ağlıma gələni yazıram. Ondan gülməli şey yoxdu ki, əsərin adı çox şey desin, içində isə bir şey olmasın. Bu, qrafomanın əsas xüsusiyyətlərindən biridir. Mən universitetdə oxuyanda, bir tələbə dostumuz var idi, xətti də gözəl idi. Ayrıça bir səhifədə təmtəraqlı bir hekayə adı yazırdı (otuz ildən artıq keçib, amma biri indi də yadımdadı: «Skeletlər rəqs edərkən»), rəngli karandaşlarla o ada min bir bərbəzək vururdu, amma sonra o hekayədən xəbər çıxmırdı.
     14.- İnsanda hansı keyfiyyəti dana çox qiymətləndirirsiniz?
     -Səmimiyyəti.
     15.- Həyatınızın çətin anlarında borc aldığınız olubmu? Bu, axırıncı dəfə nə vaxt baş verib?
     -Olub. Ançaq dünyada borçlu olmaqdan da pis şey yoxdu! İndi çalışıram ayağmı yorğanıma görə uzadım.
     16.- Ən çox sevdiyiniz gül və rəng?
     -Nərgiz gülü. Mavi rəng.
     17.- Bəs yeməklərdən, içkilərdən hansı?
     -Təzə balıq qızartması. Təmiz zoğal arağı, yaxud əsl «Şirvan» konyakı.
     18.- Səhər-səhər idman eləyirsiz?
     -Yox.
     19.- Bu saat həyatınızda nəyinsə çatışmadığını hiss edirsinizmi?
     -Əlbəttə, hərdən belə hissiyyat olur. Amma istəməzdim ki, bu barədə dərinə gedək.
     20.- Xatirələrinizi yazmaq fikriniz varmı?
     -Elə bilirəm ki, bu işə artıq başlamışam. Rəşild Behbudov, Aydın Məmmədov, Araz Dadaşzadə, Sabir Süleymanov haqqında xatirə tipli esselərim çap olunub. Allah qismət eləsə, xatirələr kitabını mütləq yazaçağam.
     21.- Öz əsərlərinizdən hansını birnəfəsə oxuya bilirsiniz?
     -Vaqif, mən indiyə qədər çapdan çıxmış heç bir əsərimi oxumamışam, o ki, qala, birnəfəsə... Bu oxucunun işidir, çünki əsər çap olunduqdan sonra artıq oxucuya məxsusdur.
     22.- Bir nəfər deyib: İstərdim mənim istədiyim adamlar da bir-birini istəsinlər. Sizin bu fikrə və bu sözü deyən adama münasibətiniz?
     -o gözəl adama eşq olsun və o gözəl fikir də yüz faiz bəyənilsin.
     23.- Omrünüzdə yalan danışmısınızmı?
     -Məni tanıyanlar və o çümlədən də, sən, güman edirəm ki, bilirlər ki, yalanla aram yoxdur. Rəhmətlik Əli Vəliyev deyərdi ki, ən böyük biclik düzlükdür və mən də onunla tamam şərikəm, həyatımı bu cur yaşamışam və bundan sonra da yəqin bu cür yaşayacağam.
     24.- Hamıdan gizli sirriniz olubmu?
     -olub.
     25.- Meydan hadisələri dövründə adı hallanan, ona qarşı iddialar irəli sürülən ziyalılardan biri siz idiniz o günləri neçə xatırlayırsınız? Şəxsən mən həm sizin, həm də o zaman sədrlik etdiyiniz «Vətən» Cəmiyyətinin xarici soydaşlarımızla əlaqə yaradılmasında nə qədər böyük rolunuz olduğunu bilirəm və dünya azərbaycanlılarının cəmiyyətlər halında birləşməsində, Azərbaycan haqlarının qorunmasında Sizin adınızın Azərbaycan tarixinin ən şərəfli səhifələrinə yazılacağına əminəm.
     -Bu sözlərə görə sənə təşəkkür edirəm, çünki mənim üçün ciddi və əhəmiyyətli sözlərdir. Meydan hadisələri xalq hərəkatı idi, xalqın oyanışı, laxlamış sovet imperiya dirəklərinin silkələndirilməsi idi və təbii ki, imperiyapərəst qüvvələr belə bir inqilabi əhval-ruhiyyə zamanı istər-istəməz özünü biruzə verən kütlə psixologiyasından istifadə edib təxribat məqsədilə şayiələr yayır, böhtanlar atırdılar ki, təhlükəli saydıqları nöqtələri zərərsizləşdirsinlər. Əgər yadınızdadırsa o vaxt «Vətən» Cəmiyyətinin reytinqi çox yüksək idi və bu lap bünövrədən milli vətənpərvərlik üzərində qurulmuş fəaliyyətin nəticəsi idi. Biz fəaliyyətə başlayanda heç nəyimiz, adicə bir qələmimiz də yox idi, ən əsası isə, mühacirat haqqında məlumatımız çox bəsit idi, ancaq qısa bir müddətdə idarəçiliyi yaratdıq, məktublaşdıq, zəngləşdik, arxivlərdə işlədik, köhnə mətbuatı vərəqlədik, məlumatlar topladıq və böyük bir kartoteka düzəltdik. Biz kərpiç-kərpiç hörərək dünya ölkələri ilə Azərbaycan arasında mənəvi körpü salmağa, əlaqə yaratmağa başladıq və fəaliyyətimizin elə ilk günündən milli təəssübkeşliyi əsas götürdük. Xaricə külli miqdarda milli mahiyyətli məlumatlar göndərirdik, ilk dəfə olaraq Türkiyə, ABŞ, Almaniya, Fransa, İngiltərə, Danimarka, Hollandiya, İsveç, Norveç və s., ölkələrdə Azərbaycan mühacirətinin toplantılannı, görkəmli sənət ustalarımızın iştirakı ilə mühacirat hissini vətənpərvərlik üzərində kökləyən, onlar ilə təmasını artıran konsertlər təşkil edirdik, antisovet siyasi dairələrlə, o cümlədən Türkiyə hökuməti ilə, dərnək və çəmiyyətlərlə ilkin əlaqələri biz yaratdıq, eyni zamanda, bizim zövqümüz ilə xarici ölkələrdə bir çox Azərbaycan cəmiyyətləri təşkil olundu. Son dərəcə böyük çətinliklərə baxmayaraq onların nümayəndələrini ilk dəfə olaraq Azərbaycana dəvət etdik və buradakı təhlükəsizliyini də təmin etdik. Bircə misal çəkmək istəyirəm. O zaman Azərbaycan Milli Mərkəzinin rəhbəri Məhəmməd Kəngərlini ilk dəfə Azərbaycana dəvət etdik, onu məlum qüvvələrdən qorumaq üçün, özümüz Moskvadan Bakıya gətirdik, burada onu çoxdan tanıdığım və etibar etdiyim, indi «Vətən» Cəmiyyəti sədrinin müavini işləyən Əkrəm Məmmədov daima müşayiət etdi, gedəndə də Əkrəmi onunla birlikdə Moskvaya göndərdim, özüm də başqa bir bəhanə ilə həmin vaxt Moskvaya getdim və Məhəmməd bəyi Şeremetyeva aeroportundan Ankaraya sağ-salamat yola salandan sonra rahat nəfəs aldım. Amma bunun altını necə çəkdim və hansı səviyyədə didişdim, bunu bir mən bilirəm, bir də indi adını çəkmək istəmədiyim bəzi adamlar. «Odlar yurdu» qəzeti ilk dəfə Azərbaycan Demokratik Respublikasının tarixinə obyektiv və ətraflı surətdə müraciət etdi, geniş xalq kütlələrinin o zaman demək olar ki, tanımadığı Ə.Ağayev, Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə, F.X.Xoyski, N.Yusifbəyov, Ə.Topçubaşov, C. Hacıbəyli və b. haqqında materiallar dərç etdi. O zaman bu fəaliyyətə və bu yazılara görə də mənim başım nələr çəkdi, bunu bir mən bilirəm, bir də mənimlə birgə «Vətən»də və «Odlar yurdu»nda işləyən dostlar. Çox təəssüf ki, meydan tribunasından, kütlə psixologiyasından istifadə edən ayrı-ayrı şəxslər bu təxribat səciyyəli şayiələrin, təbriklərin əsl mənasını başa düşmədi və həmin şayiələrə uydu, bəzən heç özləri də istəmədən (bəzən isə bilərəkdən!) alət kimi istifadə olunmalarına yol verdi. Çox gərgin çağlar idi və səmimi deməliyəm ki, zəif adam ya başını itirərdi, ya da yolundan sapardı: özün təsəvvür elə, bir tərəfdən hakim dairələr məni antisovet mühacirata qəyyumçuluq etdiyimə görə qatı millətçi kimi ittiham edirdi, o biri tərəfdən də Bakını şayiə bürüyürdü ki, belə bir vaxtda Elçin xaricdə oturub videoya baxır... Sumqayıtda belə bir vərəqə yaymışdılar ki, Elçinin həyat yoldaşı ermənidir... Həmin vərəqənin bir nüsxəsini tragikomik yaddaş kimi, arxivimdə saxlamışam. O zaman rəhmətlik Şahmar Ələkbərov mənim ssenarim əsasında (o ssenarini «Toyuğun diri qalması» povestimin motivlərinə yazmışdım) «Sahilsiz gecə» adlı film çəkmişdi və həmin film yüksək qiymətləndirilərək, o vaxtkı Ümumittifaq televiziyasının birinci proqramı ilə göstərilmişdi. Bu filmlə bağlı bir ajiotaj yaradıldı ki, gəl görəsən!.. Guya Elçin Azərbaycan qadınına pis baxır... Onsuz da xəstə olan Şahmar mənən necə sarsılmışdı, bunu yadıma salanda indi də bütün ovqatım təlx olur. Həmin adamlar Şahmarın heç olmasa yüzdə biri qədər Azərbaycanı sevsəydi və Azərbaycana bağlı olsaydı, yenə dərd yarı idi. Təlimat almış kiçik bir dəstə qadın «Vətən» Cəmiyyətinə basqın etmişdi və onların arasında biri xüsusi həyasızlıq edirdi, guya ki, Azərbaycan qadınının «qeyrətini» çəkirdi. Sonralar bir dəfə televiziya ilə «İnsan və qanun» verilişinə baxırdım və birdən sifətindən tanıdım ki, həmin qadını oğurluq üstə mühakimə ediblər. Nə isə, bu da uzun söhbətdi və Vaqif, səninlə söhbətimiz tutduğuna görə, birinci dəfədi bunları deyirəm, amma haçansa «Vətən»in fəaliyyəti ilə bağlı açıq (adlar və faktlarla!) və ətraflı bir yazı yazacağam və səndən gizlətmirəm, bu fikirdəyəm ki, mən o yazını yazsam da, yazmasam da tarix hər şeyi yerbəyer edəcək, kimin kim olduğunu, nə elədiyini dürüstcə göstərəcək. Aradan tarixilik baxımından çox az bir vaxt keçib, amma millətdə nə qədər bir oyanış var!.. Orasını da deyim ki, o gərgin vaxtlarda tanımadığım yüzlərlə adam mənə zəng eləyirdi, iş otağıma gəlirdi ki, ruhdan düşməyim, mən o adamları həmişə xoş bir hərarətlə xatırlayıram. Bəzilərinin sifəti yadımda qalıb, hərdən təsadüfən görüşürük və köhnə dostlar kimi, hal-əhval tuturuq. Bir sözlə, müəyyən qüvvələr hər vasitə ilə məni xalq hərəkatından təcrid etməyə çalışırdı və zahirən qismən buna nail olurdu. Sənə təkcə bu faktı deyim ki, həmin dövrdə mən 38 xarici informasiya orqanına (Berlin radiosundan tutmuş, Türkiyədəki çox populyar «32-ci gün» televiziya ya proqramınacan!) erməni təcavüzü və Azərbaycanda hökm surən müstəqillik ideyaları barədə müsahibə vermişdim. 1990-cı ilin 20 Yanvarında və sonrakı bir-neçə gündə isə xarici aləmlə Azərbaycan arasında yeganə informasiya vasitəsi «Vətən» Cəmiyyətinin teleksi idi. Şeyx həzrətlərinin bəyanatından tutmuş Yanvar şəhidlərinin ilkin siyahısınacan xarici ölkələrə yaydıq və bunun effekti az olmadı. Misal üçün, belə bir məlum fakt ki, Pakistanın Baş naziri xanım B.Buxutto bizim teleksə istinad edərək, M.S. Qorbaçova etiraz notası göndərmişdi. Mən o gərgin çağları həyatımın çox mühüm və əhəmiyyətli bir dövrü, o xalq hərəkatını isə bütün o şayiələrə, dedi-qodulara, bəzi təsadüfi adamların ortaya düşməsinə baxmayaraq, tariximizin şərəfli və həmişə yada salınacaq səhifələrindən biri hesab edirəm.
     -Elçin müəllim, «Klassik aşıq poeziyasında «Dünya» obrazı» adlı yeni tədqiqatınızı (məncə, əslində, bu böyük essedir) bu sayımızda oxuculara təqdim edirik. Bu esseni Siz unudulmaz Aydın Məmmədovun xatirəsinə həsr etmisiniz. Mən bilirəm ki, Siz Aydınla çox yaxın dost olmusunuz. Ancaq nə üçün məhz bu yazını ona həsr etmisiniz?
     -Yəqin ona görə ki, rəhmətlik Aydınla dünyanın işləri barədə çox dərdləşirdik...
Suallari Vaqif Bayatlı Önər verdi.
1994.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (18.08.2014) | Müəllif: R.C E W
Baxış: 607 | Reytinq: 1.0/1
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more