Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-E l ç i n: «Yuxu sonsuz ola bilməz...»
E L Ç İ N: «YUXU SONSUZ OLA BİLMƏZ...»

     SUAL. Elçin müəllim, «Müasir dövrdə Azərbaycan ədəbi tənqidinin yaradıcılıq problemləri» silsilə məqalələriniz ədəbi dairələrdə ciddi marağa səbəb olub. «525-ci qəzet»in mən oxuduğum nömrələri o qədər əldən-ələ gəzmişdi ki, az qalırdı didilib tökülsün.
     ELÇİN (Gülür). Ona görə də «525-ci qəzet» kimi qəzetləri hər gün səhər-səhər alıb oxumaq lazımdır.
     SUAL. Yəqin elədir. Eyni zamanda, bu onu göstərir ki, bu gün yüksək elmi-nəzəri səviyyəli tənqid nümunələrinə mənəvi ehtiyac böyükdür. Sizin silsilə məqalələriniz son dərəcə vaxtında yazılmışdır və qaldırdığınız problemlər də olduqca aktual mahiyyət daşıyır. Oxucular elə «525-ci qəzet»də Sizin yeni hekayələrinizi gözləyirdi, lakin birdən-birə bu silsilə məqalələr meydana çıxdı. Necə oldu ki, bu məqalələri yazdınız?
     ELÇİN. Hər halda, «birdən-birə» olmadı. Siz özünüz «mənəvi ehtiyac» sözünü işlətdiniz. Bilirsiniz, artıq geriləməyə yer qalmayıb. Ədəbi proses silkələnməli, ayılmalıdır. Yuxu sonsuz ola bilməz, hətta lotargiya yuxusunun da sonu var. Sonsuz yuxu - ölümdür.
     SUAL. 70-80-90-cı illərdə Sizin «Müasir tənqidimiz. Vəziyyət və vəzifələr (Azərbaycan ədəbi tənqidi haqqında düşüncələr)», «Uman yerdən küsərlər (Son beş ilin tənqidi haqqında)», «Tənqidimizin metodoloji problemləri» silsiləsi, «Tənqid və ədəbiyyatşünaslığımızın yaradıcılıq məsələləri», «Ədəbi proses. Olum, ya ölüm» silsiləsi kimi Azərbaycan və keçmiş mərkəzi sovet ədəbi mətbuatında dərc edilmiş əhatəli, prinsipial ədəbi-nəzəri əsərləriniz yada düşür. Siz o məqalələrlə yalnız Azərbaycan yox, o zamankı ümumsovet ədəbi prosesinin fəal və nüfuzlu iştirakçılarından biri idiniz. O məqalələr rus mətbuatında da yüksək qiymətləndirildi, «Drujba narodov» jurnalının, «Literaturnaya qazeta»nın «Ən yaxşı məqalə» mükafatlarını aldı. Yeni silsilə məqalələrinizi həmin məqalələrin davamı hesab etmək olarmı?
     ELÇİN. Əvvəla, bu xatırlamalara görə çox sağ olun, belə məlum olur ki, hamının yaddaşı, bəzi adamlarda olduğu kimi, qlobal korşalmaya məruz qalmayıb. Bu məqalələr isə, əlbəttə, əgər belə demək mümkünsə, bir yaradıcı xəttin, bir istiqamətin ifadəsidir. Ancaq bir məsələ var ki, 70-80-90-cı illərdə tənqid heç zaman indiki kimi ağır vəziyyətə düşməmişdi, ədəbi proses heç vaxt indiki kimi ölgün və səviyyəsiz olmamışdı.
     SUAL. Dediyiniz yaradıcı xətti bundan sonra da davam etdirmək fikriniz varmı?
     ELÇİN. Bilirsiniz ki, «525-ci qəzet» bu silsilə ilə Azərbaycan ədəbi tənqidinin müasir vəziyyəti haqqında müzakirə açıb. Əgər o müzakirə baş tutsa və ciddi ədəbi söhbət aparılsa, mən, çox güman ki, həmin müzakirəyə yekun vura bilərəm. Mən çox istərdim ki, belə bir müzakirə baş tutsun. Ona görə yox ki, söhbət mənim məqalələrimdən gedir, ona görə ki, ədəbi tənqidimizdə, ədəbi prosesdə artıq elə bir məqam yetişib ki, gecikmək olmaz. Dedi-qodu, primitiv inkarçılıq, elmi-nəzəri qadirsizlik, naşı və bayağı mülahizələr, arxasında heç bir baqaj olmayan iddialar ədəbi tənqidi əvəz etdikdə, təbii ki, ədəbi prosesdən heç nə ummaq olmaz. Ədəbi prosesin ölgünlüyü isə milləti ədəbi inertliyə, ədəbi biganəliyə sürükləyən mənfi bir stimuldur. Bu stimul müsbət fazaya keçirilməsə, ümumiyyətlə, ədəbiyyatımızın yaxın gələcəkdəki inkişafı böyük problemlərlə rastlaşa bilər.
     SUAL. «Böyük problemlər» dedikdə, Siz nəyi nəzərdə tutursunuz?
     ELÇİN. Bu gün Azərbaycanda nə qədər nəşriyyat var? Şəxsən mən, bütün ömrü nəşrlərlə bağlı olan bir adam, bu sualın dəqiq cavabını bilmirəm. Bu gün bir rəqəmdir, sabah başqa rəqəm. Yəqin belə də olmalıdır. Söz azadlığıdır, sahibkarlar dünyasıdır. Amma gəlin baxaq, o nəşriyyatlarda roman, poema, şer adı ilə nələr çap olunur? Daha doğrusu, nələr çap olunmur? Ədəbiyyat adı ilə təqdim olunan bu məmulatın ədəbiyyata zərrə qədər də dəxli yoxdur. Kimin pulu var, kim sponsor tapır, bütün o səfsəfəni nəşr etdirir, özü haqqında monoqrafiya, sənədli povest buraxdırır və s. və i. a. Belə bir vəziyyətdə, təbii ki, oxucu zövqü korşalır, ədəbiestetik meyarlar heçə enir. Bəs, nə etmək lazımdır? Axı, hökumət qərar çıxara bilməz ki, istedadsız yazını nəşriyyatlarda nəşr etmək, qəzetlərdə çap etmək olmaz. Bu işi tənqid görməlidir. Tənqid susduqca, qeyri-ədəbiyyat daha artıq bir ehtirasla ədəbiyyatı üstələməyə başlayacaqdır.
     SUAL. Bu baxımdan Siz Azərbaycan Yazıçılar Birliyinin, Nizami adına Ədəbiyyat İnstitutunun fəaliyyətini necə qiymətləndirirsiniz?
     ELÇİN. Mən istərdim ki, bu qurumlar daha artıq bir həvəs və enerji ilə ədəbiyyat mücadiləsi aparsınlar.
     SUAL. Elə bil ki, bu suala konkret açıqlama vermək istəmirsiniz...
     ELÇİN. Əvvəla, mən nə lazımdırsa, onları son məqalələrimdə demişəm. Bir də ki, indi mətbuatda elə bir dedi-qodu, qeybətçilik baş alıb gedir ki, sizə doğrusunu deyim, adam heç düz söz də demək istəmir... Sizi konkret nə maraqlandırır?
     SUAL. Misal üçün, bu gün Azərbaycan Yazıçılar Birliyi və onun fəaliyyəti müxtəlif səviyyələrdə mübahisələr obyektinə çevrilib. Siz silsilə məqalələrinizdə Yazıçılar Birliyini çox ciddi müdafiə etmisiniz. Elçinlə Anarın dostluğu məlumdur. Ona görə də bəziləri belə fikir söyləyirlər ki, guya, siz dostunuzu müdafiə etmək istəyirsiniz.
     ELÇİN. Onu deyənlər hamını öz arşınları ilə ölçməsinlər. Yazıçılar Birliyi heç kimin monopoliyası deyil, Yazıçılar Birliyi yazıçılarındır və o cümlədən də, mənimdir. Mən 35 ildir Yazıçılar Birliyinin üzvüyəm və gənc yaşlarımdan 12 il oranın katibi işləmişəm. Necə işləmişəm? (Gülür.) Bu barədə danışmaq istəmirəm, yoxsa, mən də başlayaram Əkrəm dostumuz kimi özünütəriflə məşğul olmağa.
     SUAL. Mətbuatda belə bir xəbər yayılır ki, guya, yazıçıların qurultayında Anar istefa verəcək. Bu barədə yazıçılar arasında fikir müxtəlifliyi var, bəziləri deyir ki, Yazıçılar Birliyinin rəhbərliyi mütləq dəyişməlidir, digərləri isə onları müdafiə edir. Bir qismi də deyir ki, ümumiyyətlə, Yazıçılar Birliyinə ehtiyac yoxdur. Sizin bu məsələyə münasibətinizi bilmək çox maraqlı olardı.
     ELÇİN. SSRİ dağılandan sonra Yazıçılar İttifaqının qorunub saxlanması, mənim fikrimcə, yalnız ədəbiyyatımız üçün yox, ümumiyyətlə, mədəniyyətimiz üçün çox faydalı, əhəmiyyətli bir hadisə oldu. Bilirsiniz nə var? Yazıçılar İttifaqını sovet sistemi ilə bağlayırlar və həqiqətən də, belədir. Yazıçılar İttifaqını Stalin sistemi yaradıb. Bəli, xüsusən, 30-cu illərdə, elə sonralar da Yazıçılar İttifaqında çox intriqalar olub, çox «ifşalar» olub, bəli, Yazıçılar İttifaqı sistemə xidmət edib, amma Yazıçılar İttifaqı eyni zamanda ana dilimizin, milli mədəniyyətimizin təəssübünü də çəkib. Birini deyib, o birini deməmək olmaz. Bizim bir çox məktəblərimizi, o cümlədən, Bakı Dövlət Universitetindən başqa, bütün ali məktəblərimizi, teatrlarımızı, kitabxanalarımızı, muzeylərimizi, elmi tədqiqat institutlarını və s. və i. a., elə həmin Stalin sistemi yaradıb. İndi nə edək, onların hamısını bağlayaq, dağıdaq, daşqalaq edək? Nə ilə qalaq? Boş sözlərlə, arxasında heç bir məsuliyyət hissi dayanmayan hay-küyçülüklə? Naşılar mənim bu sözümdən tutub deyə bilərlər ki, Elçin Stalin sistemini müdafiə edir, amma qoy desinlər. Onsuz da, kimin ağzına nə gəldi, deyir. Naşı elə ona görə naşıdır ki, qanmazdır. Mən istərdim ki, Anar Yazıçılar Birliyində qalıb işləsin, onun təcrübəsinə də, hörmətinə də, əlaqələrinə də, mənim fikrimcə, Yazıçılar Birliyinin ehtiyacı var, amma orada çox ciddi islahatlar aparılsın, üzvlük axınının qarşısı alınsın, indiki üzvlər mütləq attestasiyadan keçirilsin, cavanlar mütləq irəli çəkilsin, amma yalnız cavan olduqlarına görə yox, istedad və bacarıqlarına görə irəli çəkilsin, orada prinsipiallıqla, cəsarətlə, kompromissiz olaraq ədəbiyyat təəssübkeşliyi çəkilsin, qrafomanlığa, ədəbi dəllallığa, bayağı zövqə, zərərli iddialara qarşı ədəbiyyat mücadiləsi aparılsın və Yazıçılar Birliyi ədəbi prosesin, ədəbiyyat aləminin, ümumiyyətlə, mədəni həyatımızın canlı mərkəzinə çevrilsin. Həm də Anarın «istefa» məsələsi ətrafında ajiotaj yaratmaq lazım deyil, çünki ajiotaj, xüsusən də bizim mühitdəki xəstə ajiotaj olan yerdə, dedi-qodu da, kin-küdurət də, «ədəbi» alverçilik də yeni bir həvəs və enerji ilə ortaya düşəcək.
     SUAL. Elçin müəllim, Siz indicə «Əkrəm dostumuz» deyəndə, təbii ki, Əkrəm Əylislini nəzərdə tuturdunuz?
     ELÇİN. Bəli, Əkrəm Əylislini nəzərdə tuturdum. Fürsətdən istifadə edib Əkrəmin 65 yaşını, «İstiqlal» ordeni almasını sidqürəkdən təbrik edirəm. 60 yaşı olanda ürək sözlərimi yazıb onu mətbuatda təbrik etmişdim. Onda «Şöhrət» ordeni almışdı. Əkrəm bizim aramızda ən çox orden alan yazıçıdır. Sovet İttifaqının da xeyli orden və medallarını almışdı. Səmimi-qəlbdən arzu edirəm ki, 70 yaşında da, Allah qoysa, ondan sonralar da çoxlu ordenlər alsın. Gözəl əsərlər yazsın. Sağlam, xoşbəxt və bir az da... təvazökar olsun. Əkrəm son illərdəki «özünütəriflərlə» ədəbiyyatın qatarından yapışıb: «Birdən mənsiz irəli gedərsiz, ha! Qoymaram!» - deyir. Amma nahaq bu dərəcədə nigarançılıq keçirir, bu dərəcədə narahat olur. Onsuz da, Əkrəm əvvəllər - 70-80-ci illərdə yazdıqları ilə o qatarın içindədir.
     SUAL. Siz Yazıçılar İttifaqında işləyəndə, Əkrəm müəllim də «Azərbaycan» jurnalında işləyirdi?
     ELÇİN. Bəli, Əkrəm «Azərbaycan» jumalının redaktoru işləyəndə, mən Yazıçılar İttifaqının katibi idim, ədəbi orqanlar da mənim kurasiyamda idi və Əkrəmi də jurnala İttifaqın o zamankı birinci katibi və 60-cıların xeyirxahı rəhmətlik İmran Qasımovun köməyi ilə biz gətirdik. Yeri düşmüşkən deyim ki, mənim də cavan yaşımda o vaxtlar çox nüfuzlu bir təşkilat olan Yazıçılar İttifaqında katib işləməyimin təşəbbüskarı rəhmətlik İmran müəllim idi. Əkrəmi orada biz müdafiə etdik. Bizsiz o, orada nə edə bilərdi? O zamankı ədəbiyyat generalları və onların ətrafına yığışanlar Əkrəmi bir göz qırpımında jurnaldan uzaqlaşdırardılar. Mənim onun yaddaşına qəti surətdə ehtiyacım yoxdur, amma gecə-gündüz «Azərbaycan»dakı hünərlərindən danışanda, heç olmasa, bir dəfə rəhmətlik İmran müəllimin adını çəksə, elə bilirəm, savab iş görər. Eləcə də onunla bir yerdə o zaman «Azərbaycan»ı çıxaran fədakar redaksiya işçilərini də hərdənbir xatırlasa, pis olmaz. Əkrəm «Azərbaycan»ı tək çıxarırdı? Yadıma gəlir, orada onunla birlikdə Fikrət Qoca, Dilsuz, Mövlud Süleymanlı, Vaqif Yusifli, İntiqam Qasımzadə, Məmməd Oruc, Natiq Səfərov, Nemət Veysəlli kimi əsl ədəbiyyat fədailəri işləyirdi və jumal üçün əllərindən gələni əsirgəmirdilər. Bu adamların da hamısı Əkrəmin yadından çıxıb? Xatırlayanda da necə xatırlayır? Bu cür: «mənim tabeçiliyimdə işləyən Fikrət Qoca»... Rəhmətlik Əli Vəliyev demişkən, ətin tökülsün! Yaxşı ki, ondan böyük vəzifədə işləməyib. (Gülür.) Yoxsa, Əkrəmin qabağında durmaq olmazdı! Sonra da Fikrətdən hörmət umur...
     SUAL. Bəs, necə oldu ki, Əkrəm müəllim «Azərbaycan» jurnalının redaktoru təyin edildi?
     ELÇİN. O zaman Əkrəm çox istəyirdi ki, jurnalın redaktoru olsun, mən də bunu çox istəyirdim. Hər gün mənə telefon açırdı, danışırdıq, görüşürdük, mən də Allahın hər verən günü rəhmətilik İmran müəllimin başının üstünü kəsdirirdim ki, Əkrəmin işi nə oldu?
     Mən bir müddət Kislovodska gedəsi oldum və Əkrəm ora da mənə məktublar yazırdı, mən də demək olar ki, hər gecə Kislovodskdan İmran müəllimə telefonla zəng edib, Əkrəmin məsələsini xəbər alırdım, onu tələsdirirdim. İş o yerə çatmışdı ki, İmran müəllimin həyat yoldaşı Minarə xanım telefonda mənim səsimi eşidən kimi:
     -«Elçin, Əkrəmin işindən, deyəsən, yenə bir xəbər yoxdu...» - deyirdi və İmran müəllimi telefona çağırırdı. Bu yaxınlarda arxivimi bir az səliqə-sahmana salmaq istəyirdim, Əkrəmin Bakıdan Kislovodska, mənə yazdığı o məktublardan üçü gözümə sataşdı. Axtarsam, yəqin yenə var, çünki yadıma gəlir, çox idi, hətta, yadımdadır, birini də zarafatla, şerlə yazmışdı. Əlimə keçən o üç məktubu təzədən oxudum. Vallah, nə deyim? Əkrəmin o məktublarda yazdıqları hara, indi dedikləri və unutduqları hara?
     SUAL. Maraqlıdır, Əkrəm Əylisli o məktublarda nə yazır- dı?
     ELÇİN. Bax, bunun sizə heç dəxli yoxdur!
     SUAL. Elçin müəllim, çox sərtsiniz!
     ELÇİN (Gülür). Əksinə, mən çox demokratik adamam...
     Sadəcə, bu məktublar Əkrəmə, mənə, bir də, yəqin ki, əgər maraqlansalar, gələcəyin arxiv işçilərinə aiddir. Dediyim həmin ədəbiyyat generalları Əkrəmin redaktor olmağını istəmirdilər, öz namizədlərini verirdilər, İmran müəllimə təzyiq edirdilər. Mərkəzi Komitədə də Əkrəmin birdən-birə «Azərbaycan» kimi bir jurnalın redaktoru olmasını istəmirdilər. Yalnız o zaman Mərkəzi Komitədə bölmə müdiri işləyən Xeyrulla Əliyev bu işin tərəfdarı idi və bunu da unutmaq lazım deyil. Sonralar da Xeyrulla Əliyev Əkrəmi sidq-ürəkdən müdafiə edənlərdən biri idi. Yazıçılar İttifaqında o zaman tərcümə məsələləri üzrə katib işləyən rəhmətlik İshaq İbrahimov da Əkrəmi aktiv müdafiə edirdi. Nə isə, axır ki, İmran müəllim bu məsələni Heydər Əliyev səviyyəsinə qaldırdı və Heydər Əliyevin şəxsi göstərişi ilə Əkrəm «Azərbaycan» jurnalının baş redaktoru təyin edildi. Həqiqət belədir.
     SUAL. Yeri düşmüşkən, Elçin müəllim, Əkrəm Əylisli «525-ci qəzet»ə verdiyi geniş müsahibəsində həm sizin atanız, həm də Anarın atası haqqında yazmağınızdan narazılığını bildirir...
     ELÇİN. Əkrəm özündən başqa, kimdən razıdır ki? O müsahibənin hamısını oxumağa, doğrusu, mənim hövsələm çatmadı, onsuz da, bilirəm ki, yenə özünü tərifləyəcək, «Azərbaycan»da belə elədim, Ramiz Rövşənin yolunda canımı belə qoydum, Mövluda bunu elədim, yeddi rəngin yeddisində də, ancaq mən yazıram, filan müxbir dediyimi təhrif edib, filan sözü hirslənib demişəm və hakəza... Amma o müsahibədə sizin dediyiniz o yeri mənə göstərdilər. Əkrəmin bir xasiyyəti var, qanamayan yerdən həmişə qaşıyıb qan çıxartmaq istəyir. Özü də mənim xasiyyətimi bilir, bilir ki, cavab verəcəyəm, amma özünü saxlaya bilmir. Bəlkə də, əksinə, istəyir ki, tez-tez ona cavab versinlər. Əkrəm müsahibəsində, doğrusu, o qədər qarmaqarışıq sözlər deyir ki, düz-əməlli bir şey başa düşə bilmədim, bircə bunu başa düşdüm ki, yenə qan qaraltmaq həvəsindədir. Məndən fərqli olaraq, bəlkə, Əkrəmin hövsələsi çatdı və mənim bu müsahibəmi oxudu, ona görə də onun özünə müraciət edirəm: Əzizim Əkrəm, bu qədər qarışıq fikirlər söyləməkdən, mənim İlyas Əfəndiyev haqqında yazdıqlarımın bu qədər iztirabını çəkməkdənsə, gənc yaşında müharibədə həlak olmuş atan haqqında bir kitab yaz. Ya da Əylisdə cəmi bircə dəfə gördüyüm, amma nurlu çöhrəsi, zəhmətkeşliyi, qonaqpərvərliyi həmişə mənim xatirimdə olan anan haqqında bir kitab yaz. Sən yazmasan, bunları kim yazacaq?
     Onları səndən yaxşı tanıyan kimdir? Amma, işdi, yazsan, çalış, yaxşı yaz. Elə bir iş görmüş olsan, səni birinci mən təbrik edəcəyəm! Təbriki qəbul edərsən, eləməzsən, öz işindir, amma indi imkan ver, sənə cavablar yazmaq əvəzinə, daha fərli yazı-pozu işlərilə məşğul olum. Onsuz da, səndən fərqli olaraq, mənim vaxtım çox məhduddur və vaxt mənim üçün çox qiymətlidir. Bir də ki, Əkrəm, bizim (sənin də!) indi boş-boş işlərə vaxt sərf etmək çağımız deyil.
     SUAL. Elçin müəllim, Azərbaycan ədəbiyyatında parlaq 60-cılar ədəbi nəslindən söhbət gedəndə, oxucular da, tənqidçilər də ilk növbədə ən çox oxunan, ən çox sevilən məşhur üçlüyü - Əkrəm Əylislini, Anarı, Elçini yada salırlar. İllər keçəndən sonra nə oldu? Nə baş verdi? Münasibətlərə xələl gətirən nə oldu?
     ELÇİN. Mənim münasibətlərimdə heç bir problem yoxdur. Amma bu sualın cavabı sizi çox maraqlandırırsa, onda bunu Elçindən, yox, Anardan da yox, dostumuz Əkrəmdən soruşun. Bununla da, xahiş edirəm, daha «Əkrəm mövzusu»nu bitirək.
     SUAL. Onda, yenə «Müasir dövrdə Azərbaycan ədəbi tənqidinin yaradıcılıq problemləri»nin üzərinə qayıtmaq istəyirəm. Elçin müəllim, Siz həmin məqalələrinizdə İradə adlı bir müəllifin şerlərini qeyd etmişdiniz. O isə, Sizin məqalənizə etirazını bildirib.
     ELÇİN (gülür). Görünür, bu qız, ya da ki, qız adı altında gizlənənlər nəinki o məqalələrdə deyilənləri, heç onun özü haqqında yazdıqlarımı da başa düşməyib. Ümid edirəm ki, gələcəkdə onun, ya da dediyim kimi, onun adı altında gizlənənlərin şerləri «nəzəri bilikləri» və «tənqidləri» səviyyəsinə enməyəcək.
     SUAL. O çox şeyə etirazını bildirir.
     ELÇİN. İndi nədir, istəyirsiniz ki, mən o qıza cavab verim? Elə bilirsiniz ki, bundan vacib işim yoxdur? Bilirsiniz, mənim Əkrəm Əylisliyə cavab verməyimdə təəccüblü bir şey yoxdur, çünki Əkrəmin də, Fikrət Qocanın da, Anarın da, Fikrət Sadığın da Azərbaycan ədəbiyyatı qarşısında böyük xidmətləri var, onlar, səhnə terminologiyası ilə desəm, həqiqətən, tərəf-müqabildirlər. Yoxsa ki, hansısa bir qızcığazın uşaq hikkəsini özünə dərd etmək? (Gülür.) Mən o adam deyiləm!
     SUAL. Elçin müəllim, şəxsi səciyyəli bir məqama da toxuna bilərəmmi?
     ELÇİN. Buyurun.
     SUAL. Siz suallara cavab verərkən, bir-neçə dəfə güldünüz. Bu nədir, daxili ağrının-acının ifadəsidir?
     ELÇİN (gülür). Yox. Sadəcə olaraq, hərdən baxıb görürəm ki, gülməli işlərin içindəyik...
2002.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (22.08.2014) | Müəllif: R.C E W
Baxış: 569 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more