Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-E l ç i n: «Yazıçılar Birliyinə hörmətlə yanaşmaq lazımdır»
E L Ç İ N: «YAZIÇILAR BİRLİYİNƏ HÖRMƏTLƏ YANAŞMAQ LAZIMDIR»

     MÜXBİR. Elçin müəllim, ilk öncə sizi bir daha 60 illiyiniz, «İstiqlal» ordeni ilə təltif olunmağınız münasibətilə, yubileyinizlə bağlı digər xoş hadisələrə görə ürəkdən təbrik edirik.
     ELÇİN. Çox sağ olun.
     MÜXBİR. Axır vaxtlar çox şikayət edirdik ki, ədəbiyyata maraq azalıb, sənətkarlarımıza etinasız yanaşırlar. Lakin sizin 60 illiyiniz göstərdi ki, yox, belə deyil. Sizin yaradıcılığınız haqqında onlarla məqalələr yazıldı, bu məqalələrin müəllifləri arasında yaşlı nəslin də nümayəndələri var idi, lap gənc nəslin də. İqtidarda olanlar da vardı, müxalifətdə olanlar da. Deməli, belə bir nikbin fikir irəli sürmək olar ki, əsl sənət heç vaxt kölgədə qalmır, unudulmur. Əsl sənətə verilən qiymət yüksələn xətlə gedir, aşağı düşmür.
     ELÇİN. Mən də fürsətdən istifadə edib tanıyıb və tanımadığım həmin müəlliflərin hamısına, məni təbrik edən yüzlərlə dost- tanışa, oxuculara dərin təşəkkür və minnətdarlığımı bildirirəm.
     MÜXBİR. Elçin müəllim, istərdim ki, bu müsahibədə Yazıçılar Birliyi haqqında danışaq. Yazıçıların növbəti qurultayı gecikir. Bu da Yazıçılar Birliyi, onun rəhbərliyi ilə bağlı bir sıra tənqidi mülahizələrə, iradlara, narazılıqlara səbəb olur. Mətbuatı, ədəbi prosesi izləyən bir adam kimi, şübhəsiz ki, bunlardan xəbəriniz var. Lakin qəribədir ki, bizim məşhur yazıçılarımız susmağa üstünlük verirlər, Yazıçılar Birliyi ilə bağlı öz münasibətlərini bildirmirlər, neytral, ya da bir növ, gözləmə mövqeyi tuturlar. Mətbuatdakı bu söz-söhbətə görkəmli bir yazıçı, hamı tərəfindən qəbul edilmiş nüfuzlu bir ədəbiyyat xadimi kimi sizin münasibətinizi bilmək çox maraqlıdır.
     ELÇİN. Mən haçan öz münasibətimi gizlətmişəm ki?
     MÜXBİR. Düzdür, siz ayrı-ayrı müsahibələrinizdə, məqalələrinizdə bu barədə fikirlərinizi söyləmisiniz. Lakin indi istərdim ki, sizinlə müsahibəmiz xüsusi olaraq bu məsələyə həsr edilsin.
     ELÇİN. Siz indicə yaxşı bir ifadə işlətdiniz: «söz-söhbət». Dediyiniz o iradların, tənqidlərin bir çoxu məhz «söz-söhbətdir» və elə bilirəm ki, ədəbiyyata dəxli yoxdur.
     MÜXBİR. Nə üçün? Xahiş edirəm bir az izah edəsiniz.
     ELÇİN. Siz mənə Yazıçılar İttifaqının rəhbərliyində elə bir adam göstərin ki, ədəbiyyat adamı olmasın, canı ilə, qanı ilə xalqına və o xalqın ədəbiyyatına, milli-mənəvi dəyərlərinə bağlı olmasın.
     MÜXBİR. Çox maraqlı olardı ki, siz bu fikirlərinizi konkret əsaslandırasınız.
     ELÇİN. Yaxşı, konkret danışaq. Anar bizim böyük ədiblərimizdən biridir və sözün əsl mənasında ədəbiyyat adamıdır. «Sözün əsl mənası» dedikdə mən nəyi nəzərdə tuturam? Ədəbiyyatı yaratmaqla bərabər, ədəbiyyatın və ümumiyyətlə, sənətin mahiyyətini dərk etməyi, missiyasını qiymətləndirməyi bacarmağı, böyük mütaliəni, dünyagörüşünün geniş miqyasını, yüksək tribunalarda milli ədəbiyyatı təqdim etmək bacarığını və bunlar da, şübhəsiz ki, Anarın malik olduğu cəhətlərdir. Fikrət Qoca XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biridir və onun qələmindən çıxan əsərlərin milli ədəbiyyatımızın inkişafında böyük yeri var. Arif Əmrahoğlu bizim ən istedadlı, analitik və qabaqcıl təfəkkürlü tənqidçilərimizdən, ədəbiyyatşünaslarımızdan biridir. Çingiz Abdullayev öz sahəsində bu gün Azərbaycan ədəbiyyatının, siyasiləşmiş cəmiyyətimizdə dəbdə olan sözlə desəm, reytinqini artırmaqla məşğuldur. Bu sözləri deməkdə mən nəsə səhv edirəm, düz demirəm? Rəhmətlik Cabir Novruz demişkən, insanlara sağlığında qiymət verməyi bacarmaq lazımdır.
     MÜXBİR. Siz başqa müsahibələrinizdə də Yazıçılar Birliyinin rəhbərliyini müdafiə etmisiniz.
     ELÇİN. Bilirsiniz nə var? Müdafiə müdafiə xətrinə olmamalıdır. Mən gözümü açandan Yazıçılar İttifaqını görmüşəm, 35 ildən artıqdır ki, oranın üzvüyəm, 12 il orada çalışmışam, ora bizim ədəbiyyatımızın evidir, mənzilidir və mən heç vəchlə Yazıçılar Birliyinin taleyinə biganə qala bilmərəm. Güman edirəm ki, oranı həm tənqid etməyə, həm də müdafiə etməyə mənim mənəvi haqqım var və mən tamam əminəm ki, bu gün Yazıçılar Birliyinin özünün indiki rəhbərliyinə, bu rəhbərliyin təcrübəsinə, nüfuzuna, əlaqələrinə ehtiyacı var. Bəli, bu gün Yazıçılar Birliyini tənqid edən yazıları, təbii ki, mən də oxuyuram və o tənqidlərin bir çoxunun qeyri-obyektiv olduğunu görürəm. Həmin qeyri-obyektiv çoxluğun səbəbləri, təəssüf ki, ədəbiyyatla bağlı deyil, şəxsi narazılıqlarla bağlıdır. XIX Lyudovikin məşhur sözləri yadıma düşür. O deyirdi ki, mən hər dəfə kiməsə vəzifə verəndə, doxsan doqquz narazını və bir nəfər də nankoru dünyaya gətirirəm. İndi, Yazıçılar Birliyi də, misal üçün, beş nəfəri Prezident təqaüdünə təqdim edir, doxsan beş nəfər isə narazı qalır. Yaxud, Yazıçılar Birliyinin bu gün saysız-hesabsız üzvləri var və onların da böyük əksəriyyəti özünü heç bir xalq yazıçısından, xalq şairindən əskik hesab etmir, əksinə, yuxarı sayır və narazı qalır ki, Yazıçılar Birliyi onlara niyə bu adı verdirmir. Üzdə ordenə, medala biganə olanlar, «mənə xalqımın məhəbbəti kifayətdir» deyənlər (o məhəbbəti də xalq o yazıçıya nə vaxt izhar eləyib - məlum deyil!), əslində isə cani-dildən orden istəyənlər, medal istəyənlər, bu yolda əməlli-başlı mübarizə apara-apara narazı qalanlar və s. Bu cür misalları çox gətirmək olar. Dedi-qodunun da bir qismi elə buradan başlayır. Bizim bir qisim qəzetlər də ajiotaj yaradır, necə ki, indi yazıçıların qurultayı ilə bağlı xəstə bir ajiotaj təmayülü hiss olunur. Mən sizə bir söz deyim: jurnalist cəmiyyətdən irəlidə getməlidir. Bizim jurnalistlərin isə bir çoxu cəmiyyətin arxasınca sürünür. Bir qismi də, cəmiyyətin arxasından yapışıb hıqqana-hıqqana onu geri çəkir. Bunu yalnız Yazıçılar Birliyi ilə əlaqədar yox, ümumiyyətlə deyirəm.
     MÜXBİR. Onda yenə qayıdaq Yazıçılar Birliyinin indiki vəziyyətinə.
     ELÇİN. Bilirsiz, ən əsas məsələ odur ki, qalmaqallarla, streslərlə, hərc-mərcliklə dolu çox çətin, mürəkkəb, ziddiyyətli, gözlənilməz hadisələrlə zəngin illərdən sonra Yazıçılar Birliyi qorunub saxlandı və onun ədəbi orqanları da bu gün nəşr olunur. Deyirlər ki, Yazıçılar Birliyi sovet sisteminin bəhrəsidir. Bəli, belədir. Mən gərək ki, bir dəfə demişəm, amma yenə təkrar edirəm: ali və orta məktəblərin, elmi müəssisələrin, kitabxanaların, muzeylərin, teatrların tam əksəriyyəti kimi, Yazıçılar Birliyini də sovet sistemi yaradıb. İndi nə edək? Onların hamısından imtina edək və qayıdaq feodalizm dövrünə? Bəli, epoxalar dəyişdi, amma tarixin səhifəsinə çevrilmiş sovet epoxası başdan-başa qara bataqlıq içində deyildi. Azərbaycan mədəniyyətinin, Azərbaycan ədəbiyyatının inkişafında sovet epoxasının mühüm rolu olub - bu faktdır. Bəli, sovet dövründə Azərbaycan ədəbiyyatında böyük faciələr baş verib, cavidlər, cavadlar, müşfıqlər, çəmənzəminlilər güllələnib, məhv edilib, yaxud «Dədə Qorqud» kimi bir xalq dastanı «sinfi düşmən» elan olunub, ayrı-ayrı dövrlərdə sovet sistemi, hakim ideologiya ədəbi danosları ədəbiyyatın əsas «janrlarından» birinə çevirib, bədii cəhətdən solğun əsərlər ömək göstərilib, mükafatlandırılıb, dərsliklərə salınıb, mövzu arxasında gizlənən istedadsız adamlar «görkəmli yazıçı», «görkəmli şair» vəzifəsinə təyin olunub, «rəhbər dekorasiya» rolunu oynayıb və s. Bəli, bütün bunlar olub, amma bütün bu dəhşətlərlə, bu fantasmoqorik, sürrealist hadisələrlə bərabər, nə qədər də pozitiv işlər görülüb: ədəbi dilimiz formalaşıb və inkişaf edib, bədii və elmi dilimiz təmizlənib, məxsusiləşib, zənginləşib, xalqımızın mənəviyyatının ədəbiyyatdakı bədii ifadəsinin miqyası müqayisəedilməz dərəcədə artıb, yeni ədəbi janrlar yaranıb və inkişaf edib, bədii-estetik keyfiyyətlərlə milli-mənəvi dəyərlər və istəklər özünün üzvi vəhdətinə nail olub, dünya ədəbiyyatı, o cümlədən, böyük rus ədəbiyyatı ana dilimizə tərcümə edilib, milyonlarla kitab nəşr olunub və kitabın yol tapmadığı ev qalmayıb və s. Eləcə də, Yazıçılar Birliyi. Bəli, orada çox intriqalar olub, oranın Natəvan klubu, sədr kabineti çox «ifşalar» görüb, faciələrin şahidi olub, orada sovet ideologiyasının doğurduğu antiədəbiyyat söhbətləri də az olmayıb, amma bütün bunlarla bərabər, Yazıçılar Birliyi ədəbiyyat təəssübkeşi olub, ana dilini, milli-mənəvi dəyərlərimizi sevib və qorumağı bacarıb, yazıçıların kitablarını nəşr etdirib, öz ədəbi orqanlarında yazıçıların əsərlərini yüksək tirajlarla (yadıma gəlir, «Azərbaycan» jurnalının tirajı 73 minə qalxmışdı) çap edib, yazıçılara yüksək qonorarlar verib, onları işlə, evlə, maşınla, sanatoriyalarla təmin edib, xarici ölkələrə ezam edib, sağlamlıqlarının keşiyində dayanıb, oxutdurub və s. Ona görə də Yazıçılar Birliyinin üzərindən xətt çəkmək olmaz, əksinə, Yazıçılar Birliyinə hörmətlə yanaşmaq, ona hər vasitə ilə kömək etmək bizim hamımızın mənəvi borcudur. Qəribə vəziyyətdir: Sovet İttifaqı dağılandan sonra Yazıçılar Birliyi ağır maddi vəziyyətə düşdü, jurnalların nəşri demək olar ki, dayandı, bir ildə «Azərbaycan» jurnalının bir nazik nömrəsi çıxırdı. Sonra Birliyin rəhbərliyi Heydər Əliyevə müraciət etdi və ölkənin o zaman, onsuz da imkansız olan büdcəsindən Heydər Əliyevin tapşırığı ilə Birliyə də, ədəbi orqanlara da vəsait ayrıldı. Bu gün bu ədəbi orqanlar həmin vəsaitin hesabına ardıcıl nəşrini bərpa edib, müəlliflər qonorar alır, həmin redaksiyaların özündə nə qədər qələm yoldaşlarımız işləyir (yəni maaş alır, ailəsini dolandırır), amma buna da ağız büzənlər var ki, niyə bu ədəbi orqanlar büdcədən maliyyələşdirilir. Vallah, bu cür anekdotik iddialar, ancaq Azərbaycanda mümkündür. Yaxşı, Yazıçılar Birliyinin rəhbərliyi ölkənin rəhbərliyi qarşısında məsələ qaldırmadı, jurnallar da bağlandı, harada çap olunacaqdı bu qədər roman, povest, hekayə, şer, məqalə, tərcümə? Bulvar qəzetlərində? Sovet sistemi Yazıçılar Birliyinə də, onun ədəbi orqanlarına da külli miqdarda vəsait sərf edirdi və bunun da müqabilində ədəbiyyatdan tələb edirdi ki, partiyalı olsun, sinfi münasibətləri əsas götürsün, hakim ideologiyanın istəyini yerinə yetirsin. Bütün əsərlər də bədnam «Qlavlit»in senzurasından keçirdi. Bu gün bazar iqtisadiyyatıdır, senzura yoxdur, söz azadlığıdır, kimin ürəyi nə istəyirsə, onu da yazır və çap etdirir. Bu nə üçün süngü ilə qarşılanmalıdır və Anar buna görə niyə qınaq obyektinə çevrilməlidir? Əgər çap olunan o əsər zəifdirsə, sönükdürsə, süngünü həmin bədii zəifliyə, sönüklüyə qarşı çevirməliyik, Anara qarşı yox. Bir anlıq təsəvvür edirəm ki, misal üçün, uzağa getməyək, elə qardaş Türkiyə yazıçıları belə bir vəziyyətə, yəni üç böyük dərgilərinin («Azərbaycan», «Ulduz» və «Literaturnıy Azerbaydjan» kimi) və bir də qəzetlərinin dövlətin büdcəsi hesabına nəşr edilməsinə nail olublar. Onda nə olar? «Qrev yaparlar» ki, etiraz edirik? Müasir türk ədəbi prosesinə, ədəbi həyatına az-çox bələd olan bir adam kimi, sizi inandırıram ki, bu, onlar üçün möcüzəyə bərabər bir ərmağan olar ki, ədəbi nəsillər dəyişdikcə də sevinci keçib-getməz. Ona görə də, Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyinin bu sahədəki fəaliyyətini və nailiyyətini mən çox yüksək qiymətləndirirəm.
     MÜXBİR. Elçin müəllim, belə çıxır ki, siz Yazıçılar Birliyinin bugünkü fəaliyyətindən tam razısınız. Belədir?
     ELÇİN. Xeyr, belə deyil. Kim deyir ki, Yazıçılar Birliyində hər şey idealdır? Mənim də, təbii ki, arzularım, istəklərim, iradlarım var. Başqa cür necə ola bilər? Hərgah biz istəyiriksə Yazıçılar Birliyi canlı bir orqanizmə çevrilsin, o zaman ideal bir şey ola bilməz və əslində, o durğun ideal heç lazım da deyil. Amma bir var bütün bu istəkləri, iradları inkar naminə bildirəsən, qarayaxma ilə məşğul olasan, hansısa şəxsi məqsədlərinə görə Anarı, ya Fikrəti «vurasan», bir də var ki, onlara Yazıçılar Birliyindəki fəaliyyətlərinə kömək etmək, dəstək vermək naminə tənqidi mülahizələrini bildirəsən.
     MÜXBİR. Maraqlıdır, misal üçün, şəxsən sizin, Elçinin, Yazıçılar Birliyi ilə bağlı hansı istəyiniz, iradınız var?
     ELÇİN. İlk növbədə mən istərdim ki, Yazıçılar Birliyi daha artıq bir həvəs, şövq, ehtirasla Azərbaycan ədəbi prosesinin mərkəzinə çevrilsin. Sağlam ədəbi mübahisələr, ədəbiyyat təəssübkeşliyi, qrafomanlığa qarşı mübarizə, ədəbi prosesə prinsipial müdaxilə üçün orada daha münbit zəmin yaransın. Prezentasiyalar, yubileylər, ədəbi görüşlər, xatirə gecələri, məhdud maddi imkanlar daxilində cürbəcür mükafatların təsis edilməsi - bunlar da, şübhəsiz, ədəbi həyatın göstəriciləridir və vacibdir, amma bunlar heç vəchlə müasir ədəbiyyatın yaradıcılıq problemlərini qaldıran sanballı məruzələri, dialoqları, debatları əvəz etməməlidir. Aləmi bürümüş qrafomanlıq nümunələrinin konkret adını çəkə-çəkə, konkret və əsaslandırılmış mülahizələr bildirə-bildirə ədəbiyyatın saflığı naminə daha artıq bir enerji ilə ədəbiyyat mücadiləsinə bu gün, olsun ki, əvvəlki dövrlərdən də artıq dərəcədə bir ehtiyac var. Yaxud, Birliyin üzvlərinin həddən artıq artması məsələsi. Belə getsə, bütün Azərbaycan Yazıçılar Birliyinin üzvü olacaq. Yazıçılar Birliyinin nizamnaməsi buna imkan verir. Növbəti qurultayda Birliyin nizamnaməsində mütləq dəyişiklik eləmək lazımdır ki, bu kütləvi axının qarşısını almaq mümkün olsun. Eyni zamanda, elə bilirəm ki, qurultayda xüsusi meyarlar müəyyənləşdirib Attestasiya Komissiyası yaratmaq lazımdır ki, qurultaydan sonra həmin Komissiya qəbul olunmuş meyarlara əsasən Birliyin bütün üzvlərini attestasiyadan keçirsin və ən azı, yarıdan çoxunu üzvlükdən azad edə bilsin. Mən istərdim ki, Yazıçılar Birliyində gənclər ilə daha isti, daha hərarətli bir münasibət yaransın, qarşılıqlı anlaşma daha artıq olsun. Görürsünüz, nə qədər arzu və istəyim var? Nəhəng sovet imperiyasının tar-mar olması nəticəsində yaranmış kataklizm mərhələsi Yazıçılar Birliyində artıq geridə qalıb. Birlik yenə ayaq üstə qalxıb və bu çox gözəldir. Bu «ayağa- durma» prosesində Anarın da, Fikrətin də, digər qələm dostlarımızın da xidmətləri böyükdür və mən tamam əminəm ki, Anar başda olmaqla, Yazıçılar Birliyinin indiki rəhbərliyi dediyim o işlərin də öhdəsindən gələ bilər və biz qurultayda da, qurultaydan sonra da onlara bu istiqamətdə kömək etməliyik. Əslində, biz şəxsi olaraq onlara yox, özümüzə, ədəbiyyatımıza kömək etmiş oluruq. Yazıçılar Birliyi, aydın məsələdir, yalnız oranın rəhbərliyinin yox, bizim hamımızın doğma bir yeri, doğma ocağıdır. Anarı da, Fikrəti də, o biri dostlarımızı da Birliyin rəhbərliyinə biz seçmişik və şəxsən mən növbəti qurultayda yenə də onlara səs verəcəyəm.
     MÜXBİR. Elçin müəllim, siz Yazıçılar Birliyinin rəhbərlərinə konkret olaraq münasibət bildirdiniz. Bəs, ədəbi orqanlar? ELÇİN. Yaxşı, gəlin, həmin redaksiyalara da nəzər salaq. İntiqam Qasımzadəni mən 45 ildir yaxından tanıyıram və bu müddət ərzində İntiqamın ədəbiyyatdan başqa bir marağını görməmişəm və həmişə də təəssüf etmişəm ki, o yaradıcı potensialından az istifadə edir. Ancaq nə olsun? Əgər sən ədəbiyyatı sevirsənsə, hiss edirsən, başa düşürsənsə, sənin yaxşı ədəbiyyat zövqün, redaktə bacarığın varsa, redaktor olmaqdan ötrü, gərək mütləq roman, ya poema yazmalısan? Çox roman və poema müəllifləri var ki, roman və poemaları kimi, özlərinin də ədəbiyyata heç bir dəxli yoxdur. Ələkbər Salahzadə elitar bir şairdir və hərgah «sənət sənət üçündür» prinsipinə kiflənmiş sovet təfəkkürü ilə yanaşmasaq, Ələkbərin bütün yaradıcılığı həmin sənət şüarının Azərbaycan poeziyasında əyani və layiqli nümunəsidir. Ayaz Vəfalı, ya Mansur Vəkilov necə, ədəbiyyat adamları, ədəbiyyat fədailəri deyil? Prinsipial əhəmiyyətli bir cəhəti xüsusi vurğulamaq istəyirəm: Anar da, Fikrət Qoca da, Çingiz Abdullayev, Arif Əmrahoğlu da, Ayaz Vəfalı, Ələkbər Salahzadə, İntiqam Qasımzadə, Mansur Vəkilov da hakim sovet ideologiyasının və ümumiyyətlə, SİS- TEMİN sınağından üzüağ çıxmış adamlardır, bu isə, çox böyük bir üstünlükdür. Mən 40-45 il ərzində bu adamların elə bir hərəkətini görməmişəm, elə bir sözünü-söhbətini eşitməmişəm ki, buna görə onların hansısa bu gün ədəbiyyatın qarşısında, daha geniş götürsəm, xalqın qarşısında xəcalət çəksin, utansın. Bu, az şeydir? Çox böyük şeydir! Bu adamların həm yaradıcılıqlarına görə, həm də şəxsiyyətlərinə, fəaliyyətlərinə, xidmətlərinə görə mənəvi haqları var. O mənəvi haqq ki, onlara qarşı iddia irəli sürənlərin bir çoxunda yoxdur.
     MÜXBİR. Siz redaktorların şəxsi keyfiyyətlərindən danışdınız. Bəs, bu ədəbi orqanların səviyyəsi?
     ELÇİN. O səviyyə ilk növbədə bizim yazılarımızın - romanlarımızın, hekayələrimizin, şerlərimizin, məqalələrimizin səviyyəsindən asılıdır. Gərək biz yaxşı yazaq ki, onlar da yaxşı əsərlər çap eləsinlər. Siz mənə bir istedadlı əsər göstərin ki, Yazıçılar Birliyinin ədəbi orqanları onların çapından imtina edib? Güman edirəm ki, belə bir əsər tapa bilməzsiniz.
     MÜXBİR. Belə nəticə çıxarmaq olarmı ki, bu ədəbi orqanların səviyyəsi sizin kimi tələbkar bir sənətkarı qane edir?
     ELÇİN. Əvvəla, həmin ədəbi orqanlara diferensial yanaşmaq lazımdır, hamısını eyni xətkeş boyu düzmək lazım deyil. Mən bayaq sağlam ədəbiyyat mücadiləsi barədə dedim və o dediklərim tam şəkildə, bəlkə də daha artıq dərəcədə ədəbi orqanlara aiddir. Baş ağrısından çəkinmək lazım deyil və cani-dildən o ədəbiyyat mücadiləsinə girişmək lazımdır. Baş ağrısından çəkinən redaktor, kənarlaşıb öz yerini başqasına - baş ağrısından çəkinməyənə təhvil verməlidir. Dediyim kontekstdə baş ağrısı ilə redaktorluq - sinonim məfhumlardır. Yazıçılar Birliyinin mətbuat orqanları həmişə olduğu kimi, bu gün də dedi-qodunun, obıvatel giley-güzarının fövqündə dayanmalıdır və dayanır da. «Ədəbiyyat qəzeti»nə də, «Azərbaycan», «Ulduz», «Literaturnıy Azerbaydjan» jumallarına da cürbəcür yaradıcılıq iradları tutmaq olar, amma onların hamısı abırlı mətbuat orqanlarıdır və mən «abırlı» sözünü burada dedi-qodudan, obıvatel hissiyyatından, qarayaxmadan, böhtançılıqdan uzaqlıq mənasında işlədirəm. Yəqin siz də mənimlə razı olarsınız ki, bu cəhət müasir mətbuatımızın ümumi panoramında az əhəmiyyətli bir şey deyil. Amma, yeri düşmüşkən, keçən ayın bir istisnasını qeyd etməsəm, səmimi olmaram. Doğrusu, bu yaxınlarda, bizim istedadlı yazıçımız, dostum Məmməd Orucun «Ədəbiyyat qəzeti»ndə (20 iyun, 2003) Əsəd Cahangir haqqında yazdığı «Susmaq qızıl olsa da...» adlı (bilmirəm bu yazının janrını necə adlandırım? məqalə? məqalə deyil; esse? esse deyil; nəsə epistolyar bir şey? belə də deyil) yazı mənim üçün gözlənilməz və xoşagəlməz oldu. Məişət intriqaları, məişət sözsöhbəti, qeybət bədii əsərlərin mövzusu ola bilər və olur, amma belə bir söz-söhbət hansısa «tərbiyəvi nəsihət publisistikası»nın mövzusuna çevrilirsə - bu çox pisdir və həmin yazı onun üçün mənə gözlənilməz göründü ki, mən onu Məmməd Orucun qələminə - istedadlı qələmə! - yaraşdıra bilmədim (əslində, rəva bilmədim!). Əsəd müasir tənqidimizin istedadlı, zəhmətkeş, axtarışlarda olan, narahat, yazmaq, söz demək enerjisi ilə yaşayan nümayəndələrindən biridir və onunla polemika da tənqidimizin faktına çevrilə bilər və belə də olmalıdır, amma Məmmədin yazısının belə bir polemikaya dəxli yoxdur, bu - Makarenko pedaqogikası ənənələrini xatırladır və mən istəməzdim ki, Məmməd Oruc kimi, mənim uzun illərdən bəri yaradıcılığını maraqla izlədiyim görkəmli yazıçımızın qələmi belə səviyyəli «mənəvi paklık təəssübkeşliyi» ilə məşğul olsun: Əsəd Cahangir mənə belə dedi, şahidlərim var, amma qabaqlar belə deyirdi və s. Əgər Əsəd sənin qəbul etmədiyin bir söz deyirsə, elə həmin şahidlərin yanındaca onun cavabını ver, ürəyini boşalt, qurtarsın-getsin, yoxsa ki, adamın yanında çox şey deyirlər, bunu götürüb yazarlar? Qəribə bir mənzərədir: bu yazı üç qələm əhli ilə bağlıdır - Məmməd Oruc, Əsəd Cahangir və kitabı haqqında, özü də yaxşı kitabı haqqında söhbət gedən Azər Turan - üçü də, şübhəsiz ki, istedadlı ədəbiyyat adamlarıdır, amma yazının təəssüratı beləcə xoşagəlməzdir... Güman edirəm ki, Məmməd hansısa məqamda hissə qapılıb, impulsiv olaraq qələmə əl atıb və bu yazı Məmmədə layiq olmadığı kimi, mənim fikrimcə, belə bir «ictimai müdafiəyə» Anarın da qəti surətdə ehtiyacı yoxdur, çünki bu, müdafiə deyil, dedi-qodu üçün münbit zəmin yarada biləcək bir impulsivlikdir. Ancaq xoşbəxtlikdən, bu yazı həm Məmmədin indiyə qədər yazdıqlannın, həm də «Ədəbiyyat qəzeti»ndə çap olunan materialların arasında yalnız istisnadır.
     MÜXBİR. Elçin müəllim, yazıçıların qarşıdan gələn qurultayı barədə nə deyə bilərsiniz? Qurultaydan nə gözləyirsiniz?
     ELÇİN. Əvvəla, bayaq dediyim kimi, qurultayla bağlı ajiotaj yaratmaq lazım deyil. Bu mövzunu gizli, ya açıq şəkildə Yazıçılar Birliyində sədr olmaq uğrunda mübarizə müstəvisinə gətirib mətbuat səhifələrinə çıxarmaq heç kimə hörmət gətirməz. Bilirsiniz yadıma nə düşdü? Məşhur teatr səhnəsindən sonra Hamlet artistlərdən birindən fleytanı alıb Gildensternə verir ki, al, çal. Gildenstern təəccüblə cavab verir ki, mən fleyta çala bilmirəm. Hamlet deyir: sən adicə çalğı alətini çala bilmirsən, bəs, niyə mənim qəlbimi öz havanla çalmaq istəyirsən? İndi bilirsiz, adicə fleytanı çala bilməyənlər Yazıçılar Birliyində orkestr idarə etmək istəyirlər. Yazıçılar Birliyinin sədri var və elə bilirəm ki, ondan yaxşı sədr də tapmayacağıq. Və mən istəyirəm ki, qurultay işgüzar keçsin, prinsipial keçsin, hamıya ürəyini boşaltmaq üçün söz verilsin və qeyri-obyektiv olanın, hədyan danışanın da birdəfəlik cavabını verək. Burada ehtiyat ediləcək bir şey yoxdur. Bir sözlə, məruzələrdən tutmuş çıxışlaracan yaxşı bir ədəbiyyat söhbəti aparaq və beşillik ədəbi təsərrüfata prinsipial qiymət verək. Yazıçılar Birliyi də yaşasın və daha da effektli fəaliyyət göstərsin.
     MÜXBİR. Onda söz verin ki, qurultaydan sonra, həmin qurultay haqqında müsahibə verəcəksiniz.
     ELÇİN. Söz verirəm.
     MÜXBİR. Elçin müəllim, müsahibə verdiyinizə görə təşəkkür edirəm.
     ELÇİN. Siz də sağ olun.
2003
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (22.08.2014) | Müəllif: R.C E W
Baxış: 609 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more