Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-E l ç i n: «Şükürlər olsun ki, sərhədlər zəifləyib...»
E L Ç İ N: «ŞÜKÜRLƏR OLSUN Kİ, SƏRHƏDLƏR ZƏİFLƏYİB...»

     -Elçin bəy, xalq ictimai hadisələrin burulğanına düşəndə öz işıqlı adamlarına üz tutur, onlardan kömək umur. Son hadisələrin başlanğıcında da biz bunun şahidi olduq. İndi aradan xeyli dövr keçib. Və siz bu dövrdə öz müstəqil yolunuzla addımladınız. İndi ötən beş ili xatırlayanda o addımlarınızı necə qiymətləndirirsiniz?
     -Hadisələrin başlanğıcını ki, deyirsiniz, o vaxt da demişəm, indi də təkrar edirəm: bu, xalqın öz müstəqilliyinin bərpası uğrunda mübarizəsinin ilk addımları idi. Və o mübarizədə biri az, biri çox - hərə öz gücü və imkanı daxilində iştirak edirdi. Ancaq o günlərin spesifik bir cəhətini mütləq aydınlaşdırmaq lazımdır. Hərəkatın ilk günlərindən görünən və görünməyən tərəfi var idi. Görünən tərəfi o idi ki, xalq meydana axışırdı, mitinqlər keçirirdi. O vaxt bunu «cəmiyyətə yad ünsürlərin təxribatı», «başıpozuqluğu» adlandıranlar tapılırdı. Ancaq o hərəkat xalqın yüz səksən illik müstəmləkəçiliyə qarşı mənəvi etiraz səsi idi. Mən hələ o vaxt bir çox xarici müsahibələrdə, xarici radio və televiziya intervülərimdə dönə-dönə qeyd edirdim: bu - böyük xalq hərəkatı idi.
     Hərənin öz sahəsində göstərdiyi müəyyən fəaliyyəti isə, o ümumxalq hərəkatının görünməyən tərəfi adlandırmaq olar. Bunu nə üçün deyirəm. Şəxsən mən tribunalardan alovlu nitq söyləməmişəm. Amma həmin beş il ərzində - bu az vaxt deyil və qiymət vermək olar - çalışmışam ki, işlədiyim «Vətən» Cəmiyyətinin xəttilə həmin hərəkata öz payımı verim. Onda bu çətin məsələ idi. Misal üçün, 1987-ci ilin sonunda Cəmiyyətimiz yarananda - bu elə vaxt idi ki, Kommunist partiyası da, DTK da iqtidarda idi - biz xaricdəki Azərbaycan Müsavat Partiyasının liderlərindən biri, M.Ə.Rəsulzadənin şagirdi və silahdaşı Məhəmməd Kəngərlini Bakıya dəvət etdik. Bu, çox gözlənilməz məsələ idi. Həm o dövrkü iqtidar üçün, həm də sözün açığı, Məhəmməd bəyin özü üçün. Mən hələ Yazıçılar İttifaqında işləyəndə onların nəşri olan «Azərbaycan» jumalını gizli şəkildə, adda-budda görüb vərəqləmişdim. Ankaradakı «Azərbaycan kültür dəməyi»nin nəşridir. Redaktoru da Əhməd Qaracadır. Bu dərnək M.Ə.Rəsulzadə ənənələrini şərəf və ləyaqətlə davam etdirən bir qurumdur. İndi bu barədə danışmaq, dostluq etmək asandır. Ancaq onda Kəngərlini Azərbaycana dəvət etmək, burada layiqincə qarşılamaq, müəyyən qüvvələrdən hifz etmək kiçik məsələ deyildi. Biz onu Moskvada qarşıladıq. Yola salanda da Moskvaya qədər özüm ötürdüm. Və Məhəmməd bəyin o səfəri ilə Azərbaycan Demokratik Respublikası ənənələrini davam etdirən «Azərbaycan kültür dəməyi»lə, Milli Məclislə, Müsavat Partiyası ilə respublika arasında əlaqələr yaranmağa başladı. Biz respublikada ilk dəfə olaraq «Odlar yurdu» qəzetində ADR-in işıqlı şəxsiyyətləri, tarixi haqqında materiallar verdik. Bunun üstündə isə başımız çox ağrıdı. Yuxarı dairələrlə ciddi ixtilaflarımız, kəskin mübahisələrimiz oldu. Əhməd Qaracanı, Cəmil Ünalı, digər görkəmli xadimləri Azərbaycana dəvət etdik (bilirsiniz ki, indi C.Ünal Azərbaycan hökumətinin tərkibində fəaliyyət göstərir.) İstanbulda Azərbaycan Cəmiyyəti yaranan kimi, onun başqanı Nihad Çətinqayanı ilk dəfə Azərbaycana dəvət etdik. O vaxt bunlar həm daxili, həm də xarici vəziyyətə görə çətin işlər idi. Daxildə hakimiyyət kreslosu laxlamağa başlamışdı, iqidar ondan dördəlli yapışırdı. Və hər bir oyanışa, hənirtiyə ciddi nəzarət edirdi. İkinci çətinliyə gəldikdə isə xaricdə çoxlu azərbaycanlı yaşayırdı, lakin onların cəmiyyətləri milli vüsətlə fəaliyyət göstərmək iqtidarında deyildi.
     Yeri gəlmişkən deyim ki, mən «Vətən» Cəmiyyətinə çox romantik - vətənpərvərlik hisslərilə gəlmişdim. İşin içinə girəndən sonra gördüm ki, burada romantikalıq heç nə yoxdur, əksinə, realistcəsinə hərəkət etmək, işləmək lazımdır. İşin spesifikası elə idi ki, bəzən maraqlı olan dairələrin yaratdığı dedi-qoduya, şayiəçiliyə, qərəzçiliyə məruz qalırdıq, istər daxildə olsun, istərsə də xaricdə. Onda mənim qarşımda iki yol dururdu: Ya «Vətən» Cəmiyyəti ilə xudahafizləşib sakit şəraitdə yaradıcılıqla məşğul olmaq, ya da bütün maneələrə sinə gərmək, sədləri dağıtmaq və millət üçün xeyiri olan işi görmək. İkinci yolu seçmək az əsəb gərginliyi bahasına olmadı...
     «Vətən» Cəmiyyəti dünya informasiya vasitələrinin diqqətini bizdəki xalq hərəkatının mahiyyəti haqqında dünya ictimai dairələrinə obyektiv məlumat vermək baxımından çox işlər gördü. Əgər mitinqlərə gedib alovlu çıxışlar etsəydim (onlar da şübhəsiz ki, lazım idi), bu işləri görə bilməzdim. Mən isə tribunalardan çıxış etmək üçün növbə gözləməkdənsə, əməli fəaliyyətimə üstünlük verirdim. Bundan isə mitinqdəkilərin xəbəri olmurdu. Ancaq bilməsələr də işlərimizin xalq övladlarına çox xeyri dəyirdi.
     Yanvar hadisələrini xatırlayaq. Yanvarın 20-dən sonra dörd gün Azərbaycanla dünya ictimaiyyəti arasında əlaqə kəsildi. (Heç respublikanın öz vətəndaşları düz-əməlli məlumat ala bilmirdilər.) 0nda Azərbaycan həqiqətini xarici ölkələrə çatdıran yeganə kanal, yeganə vasitə «Vətən» Cəmiyyətinin teleksi idi. Artıq ayın 20-də Şeyxülislam Allahşükür Paşazadənin Qorbaçova məktubunu, öz bəyanatımızı teleks vasitəsilə sərhədlərin o tayına - müsəlman və Qərb ölkələrinə ötürdük. Bunun nəticəsi isə artıq ayın 22- nə keçən gecə göründü: Pakistan bizim teleksimizə istinad edərək Sov.İKP Siyasi Bürosuna etiraz notası göndərdi... Dediyim odur ki, indi bilən də danışır, bilməyən də. Məni tanıyanlar bilirlər ki, işlərimizi xatırlamaqda «gözə soxulmaq» fikrindən çox uzağam. Bunlarla fəxr etmək, döşümə döymək istəmirəm. Sadəcə borcum idi və elə bilirəm ki, xatırlamağa mənəvi haqqım var. Və yenə təkrar edirəm: o borc elə bir şəkildə, vəziyyətdə yerinə yetirilirdi ki, çoxlarının bundan xəbəri olmurdu.
     -Söhbətimizin əvvəlində Cəmil Ünalın adını çəkdiniz. ondan və onun kimilərdən Azərbaycan hökumətində istifadə etmək məsələsinə necə baxırsınız?
     -Cəmil Ünal Ankaradakı «Azərbaycan kültür dərnəyi»nin rəhbərlərindən biridir. O, Ankaradakı müsavatçılar, ADR-in ənənələrini davam etdirənlər arasında çox önəmli yer tutur. Ümumiyyətlə, o adamlar ki, var, Məhəmməd Kəngərli, Əhməd Qaraca, Cəmil Ünal, Yəhya Daşdələn və başqaları, onlar sözün həqiqi mənasında Azərbaycanın vətənpərvər oğullarıdır. Belələri min bir əziyyətə dözə-dözə Azərbaycanın dövlətçilik ənənələrini qoruyub saxlamış adamlardır. Heç şübhəsiz, onların Türkiyə ilə əlaqələrindən, təcrübəsindən istifadə etmək lazımdır. Omürlərini Vətən naminə şam kimi əridiblər. İndi Azərbaycana xidmət üçün yetişiblər. Lakin bu o demək deyildir ki, belələri məqam gözləyirdilər ki, M.Ə.Rəsulzadənin bayrağı qaldırılsın və gəlib vəzifə tutsunlar. Yox, min dəfə yox. Həqiqət odur ki, bu adamları yetmiş ilin əzab-əziyyəti öz əqidəsindən döndərə bilməyib.
     Hələ mart ayında koalision hökumət yaradılması məsələsi ortaya atılanda, sabiq baş nazir Həsən Həsənovla mən fikir mübadiləsi etdik ki, həmin hökumətin tərkibinə mühacirətdə olan azərbaycanlılar da daxil edilsin... Bu təqdir olunası hadisədir. Hər halda, mənim şəxsi fıkrim belədir.
     -Elçin bəy, bütün demokratik ölkələr üçün çoxpartiyalılıq xarakterik haldır. Bizdə də indi-indi fikir müxtəlifliyi formalaşır. Amma hərdən adama elə gəlir ki, siyasi inkişafımız lazımi səviyyədə olmadığından çoxpartiyalılıq Azərbaycanda qüvvələri parçalayır...
     -Azərbaycanın tam müstəqilliyinə və qadirliyinə aparan yollar haqqında fikir müxtəlifliyi ola bilər və bu təbiidir. Normal halda biz bundan, ancaq qazana bilərik. Necə deyərlər, həqiqət mübahisədə üzə çıxır. Əlbəttə, söhbət sağlam düşüncədən, mütərəqqi f'ikirlərdən gedir. Son məqsədi Azərbaycana xidmət edən əqidədən gedir. Yox, əgər fikir ayrılığı parçalanmaya, düşmənçiliyə gətirərsə, çox pis. Çoxpartiyalılıq işgüzar fikir müxtəlifliyi doğurarsa da, onu alqışlamaq lazımdır. İndi Azərbaycanda çoxpartiyalılığın başlanğıc mərhələsidir. Hərgah yeni partiyalar partiya yaratmaq xatirinə yaradılırsa, kiminsə şəxsi mənafeyinə xidmət edəcəksə, kimisə bir şəxs kimi hakimiyyətə gətirmək üçün mübarizə meydanına atılarsa, bundan biz yalnız itirərik. Ümumiyyətlə, bu f iki r tez-tez təkrar edilir, mən də bir daha xatırlamaq istəyirəm: «Güclü müxalifət hər bir dövlətin inkişafı üçün vacibdir.»
     -Siz AMİP-in yaradıcılarından birisiniz. Bu partiyanı dövrün hansı ehtiyacı meydana gətirdi?
     -Oxucular yəqin ki, təşkilat komitəsindən məlum bəyanatı ilə, eləcə də partiyanın məramnaməsi ilə tanışdırlar. Biz onu layihə şəklində mətbuatda dərc etmişdik. İyulun 3-də, 4-də keçirilən birinci təsis qurultayımızda da bu layihə bəzi düzəlişlərlə qəbul edildi. AMİP-in üzvlərini həmin məramnamənin ideyaları birləşdirir. Yəni istiqlalçılıq, milliyyətçilik, türkçülük, azərbaycançılıq (vətənçilik), milli dövlətçilik, hürriyyətçilik və öncüllük. Bütün bunlar isə demokratik bünövrə üzərində, bir sözlə, xalqın tam müstəqilliyinə nail olmasına aparan yollar baxımından yaranan əqidə birliyi partiyanı yaratmaq ideyasına gətirib çıxartdı.
     AMİP-in I qurultayı şəxsən mənim gözlədiyimdən çox yüksək səviyyədə keçdi. Demokratik şəkildə, gizli səsvermə ilə rəhbər orqanlar, partiyanın sədri, müavin seçildi. Bu belə də olmalıdır. Əgər AMİP demokratiyanın bərqərar olması uğrunda mübarizə aparırsa, onun daxili işləri demokratik prinsiplərə əsaslanmalıdır.
     -Elçin bəy, müxalif qüvvələr o vaxt meydana gəlir ki, mövcud iqtidar dövlətin idarə edilməsində düzgün yol tutmur. Bu gün AMİP hakimiyyətə müxalifətdə durur. Onda mümkünsə, deyin görək, hökumətin hansı yanlış addımları istiqlalçıları müxalifətçi edib?
     -Bu məsələ ilə əlaqədar öz fikrimi aydınlaşdırmaq istəyirəm. Artıq bir aydan çoxdur ki, bizim hörmətli Əbülfəz bəy respubikanın prezidentidir. Bu da heç kimdən gizli deyil ki, indiki böhran vəziyyətində məmləkətə rəhbərlik etmək çox çətin, ağır yükdür. Cəbhəçilər də iki-üç aydır ki, iqtidardadırlar. Amma mənə elə gəlir ki, hazırkı dövrdə daxildə yürüdülən siyasət, əgər belə demək mümkünsə, «yaxşı padşah» siyasətidir. Bu nə deməkdir? Bax, tutaq ki, mən səni tanıyıram, cəbhədə olmusan, yaxşı oğlansan və buna görə də səni filan rayona icra hakimiyyəti başçısı və yaxud hansısa sahəyə nazir təyin edirəm. Səbəbi bu olur ki, səndən əvvəlki pis oğlan idi, rüşvət alırdı. Ümid edirəm ki, sən rüşvət almayacaqsan, milləti aldatmayacaqsan.
     «Yaxşı padşah utopiyası» ilə müasir dünyada çox da uzağa getmək olmaz. Burada köklü, əsaslı struktur reformaları lazımdır. Həm mədəniyyət, həm iqtisadiyyat, həm daxili və xarici siyasət, həm də hərbi sahədə. Özü də elə məsələlər var ki, islahatlar yox, hər şey yenidən başlanmalıdır. Məsələn, xarici siyasəti götürək. Biz indi-indi müstəqil xarici siyasət yürüdürük. Bax, bu konsepsiyaların, proqramların hazır olmaması məni narahat edir. «Yaxşı padşah utopiyası» isə xalqın rifah halını, ölkənin vəziyyətini müəyyən dərəcədə yaxşılaşdıra bilər.
     -Deməli, problemləri «yaxşı padşahlar» yox, islahatlar həll edə bilər.
     -Bəli, köklü, əsaslı islahatlar, hazır proqramlar. Orasını da qeyd etmək lazımdır ki, dəhşətli böhran vəziyyətindəyik. Məşhur yazıçı, milliyyətcə belorus olan Adamoviçin bir maraqlı fikri var: «Sosializmdən pis, yalnız onun xarabalıqları ola bilər». İndi elə eləməliyik ki, o xarabalıqlara çevrilməyin qarşısını ala bilək. Heç şübhəsiz, utopiyalarla bu sadəcə mümkün deyil. İndi ciddi iqtisadi, mədəni və s. proqramlar, konsepsiyalar əsasında islahatlar keçirilməlidir. Mənə elə gəlir ki, indi parlament seçkilərinə hazırlaşmaq lazımdır. Çoxpartiyalılıq əsasında seçkilərə getmək zəruridir və o seçkilərdə hansı şəxsiyyətin fəaliyyəti yox, hansı partiyanın konsepsiyası, proqramı xalqı təmin edirsə, razı salarsa, qoy o yolla da respublikanı böhran vəziyyətindən çıxaraq.
     -Har hansı vətəndaşın heç bir partiyaya daxil olmamasına, bitərəf qalmasına necə baxırsınız?
     -Mənim fikrimcə insan azad bir quş olmalıdır. Vətəndaş partiyaya daxil olmaq istəmirsə, onu heç kim məcbur edə bilməz və lazım da deyil. Partiya üzvü olmadan da insan cəmiyyətə xeyir verə bilər. Və yaxud əksinə, partiya üzvü ola-ola ziyan verə bilər. Bu da şəxsiyyətin təfəkküründən, dünyagörüşündən, əqidəsindən, əxlaqından, saflığından asılıdır...
     -Mənə elə gəlir ki, heç bir ölkədə ideal partiya yoxdur və hər hansı partiya insanın azadlığını müəyyən qədər məhdudlaşdırır. Mən ən çox yaradıcı adamları nəzərdə tuturam.
     -Yox, mən elə deməzdim. O asılıdır adamın daxil olduğu partiyanın məramından. Əgər sənin hər hansı fəaliyyətin məhdudlaşacaqsa, belə proqramı qəbul etməməlisən. Deməli, həmin partiyaya girməməlisən. Yox, əgər ideyaların həyata tətbiq olunması üçün münbit zəmin yaranacaqsa, onda kənarda niyə durmalısan ki? Mən Milli İstiqlal Partiyasına niyə gəlmişəm? Mənə elə gəlir ki, xalqımızın mədəniyyəti, mənəviyyatı, taleyi ilə bağlı f'ikirlərimi tətbiq etmək üçün məhz bu partiya daha yaxşı imkan yarada bilər. Görsəm ki, fikrimdə yanılmışam, onda dərhal uzaqlaşaram. Amma elə bilirəm ki, belə bir təhlükə perspektivsizdir. Partiyanın rəhbərliyində demokratik bir əhval-ruhiyyə hökm sürməkdədir və münasibətlərdə əqidə birliyi ilə bərabər, insani hisslər də müştərəkdir.
     -Yeni hakimiyyət «Vətən» Cəmiyyətinin imkanlarından istifadə edirmi? Ümumiyyətlə, bugünkü fəaliyyətiniz, vəziyyətiniz nə yerdədir?
     -Bu barədə rəhbərliklə elə bir rəsmi kontaktlarımız olmayıb. Amma Milli Məclisdə qaçqınlar və xaricdə yaşayan azərbaycanlıların problemləri ilə məşğul olan xüsusi komissiya yaradılıb. O komissiyanın vasitəsilə əlaqələri xeyli genişləndirmək olar.
     Bugünkü vəziyyətimizə gəldikdə isə, bütün yaradıcı təşkilatlar, bir sıra ictimai orqanlar kimi «Vətən» Cəmiyyəti də büdcədə olan idarədir. Doğrudur, öz hesabımız da var. Ancaq biz kommersiya ilə məşğul olmuruq və hazırda son dərəcə ağır maddi çətinliklərlə üzləşirik (bəzilərinin düşündüyü və dastan qoşduqları kimi otaqlarımızda dollar uçuşmur, kranlarımızdan süd axmır). Çünki əlaqə saxladığımız mühacirətin əsas kütləsi imkansızlardır, ancaq patriotlardır. Yəni öz gündəlik güzəranlarının təmini ilə məşğul olan tələbələr, alimlər, müəllimlər... Bir daha təkrar edirəm: biz kommersiyaya getmirik, ancaq mədəni əlaqələr yaradırıq.
     Bir də indi yəqin çox gileylənmək düzgün olmaz ki, hökumət bizə az vəsait ayırır. Dövlətimizin özü də çətin vəziyyətdədir. Müharibə, iqtisadi böhran, qaçqınlar problemi... Saymaqla qurtarmaz...
     -Xaricdəki həmvətənlərimizdən bu dar günümüzdə necə istifadə etmək olar? Onlar özləri buna can atırlarmı?
     -Şükürlər olsun ki, indi sərhədlər zəifləyib, gedib-gəlmək asanlaşıb. Ancaq burada bir arzuolunmaz hal meydana çıxıb. Elə Türkiyəni götürək. Mənim Türkiyəyə məhəbbətimi yəqin ki, heç kəs şübhə altına ala bilməz. Türkiyə bizim üçün doğma bir məmləkətdir. Biz Türkiyə ilə bütün əlaqələrimizi - siyasi, iqtisadi, hərbi, elmi, mədəni əlaqələrimizi sağlam bünövrə üzərində və eynihüquqlu tərəfmüqabil kimi durmadan inkişaf etdirməliyik. Hələ 13 il əvvəl Türkiyəyə getdim. Gələndən sonra «Yaxın, uzaq Türkiyə» adlı kitab yazdım. «Yaxın» ona görə ki, doğmadır, «uzaq» ona görə ki, beton, səsçatmaz, ünyetməz sərhədlər var idi. Onda ürəyimdən bir arzu keçirdi: görəsən 100 ildən sonra bir Azərbaycan yazıçısı Türkiyəni gəzib qayıdandan sonra «Yaxın və yaxın Türkiyə» adlı kitab yazacaqmı? Nə yaxşı ki, bu istəyim bir əsr sonra yox, 10-13 il sonra həqiqətə çevrildi. Özüm bunun şahidi oldum. Bu gün o kitab yazıla bilər... Ancaq indiki bu gediş-gəlişin içərisində bəzən təsadüfi adamlar, Türkiyədə özünə gün ağlaya bilməyən, iflasa uğrayanlar, Azərbaycana bir fürsət, qənimət kimi baxanlar da çox olur. Eynilə belələri bizdə də var. Bir sözlə, əlaqələrimiz dövlət səviyyəsində, eyni zamanda şəxsi vətəndaş məsuliyyəti üzərində qurulmayanda millətə həm maddi, həm də mənəvi xeyri olmayacaq.
     Xaricdə yaşayan azərbaycanlılar arasında işinin ustası olan yaxşı mütəxəssislər çoxdur. Şübhəsiz, onlardan istifadə etmək üçün yollar axtarıb tapmaq lazımdır. Məncə respublikamızda ikili vətəndaşlıq haqqında qanun qəbul edilməlidir. Əski parlamentdə dəfələrlə bu təklifi irəli sürmüşəm. Təəssüf ki, hələ də heç bir real nəticə yoxdur. O qərarın nə kimi faydası ola bilər? Məsələn, Almaniya vətəndaşı olan azərbaycanlı respublikamızın vətəndaşı kimi istədiyi vaxt gəlib burada vizasız yaşaya bilər, işləmək hüququ olar, abadlıq işləri görər, özünə villa tikdirər (daha gedib Yunanıstanda tikdirməz), uşaqlarını oxudar, ailə qura bilər və s. Azərbaycana valyuta axını başlayar. Onun özünün də daimi yaşadığı ölkədə respublikamızın qanunları timsalında siyasi-sosial müdafiəsi xeyli artmış olar.
     -Elçin bəy, istər azərbaycanlı, istərsə də digər xalqın nümayəndəsi «Vətən» Cəmiyyətinin qonağı olanda ilk növbədə siz respublikamızın hazırkı vəziyyətinin hansı xarakterik cizgilərini onun nəzərinə çatdırırsınız?
     -Biz bura son üç-dörd ildə xeyli qonaq dəvət etmişik. Həm azərbaycanlıları, həm də onların vasitəsilə başqa görkəmli ictimai xadimləri, populyar jumalistləri və s. Əsas məqsədimiz Azərbaycan həqiqətini olduğu kimi dünyaya çatdırmaq, xalqımızın təcavüzə məruz qalmasını anlatmaq olub. Həmişə şərait yaratmışıq ki, qonaqlar gedib Qarabağı öz gözlərilə görsünlər. Respublikamızın ictimai-siyasi vəziyyəti haqqında düzgün təsəvvür əldə etsinlər. Qonaqları qəbul edəndə müxtəlif siyasi-ictimai qurumlara, o cümlədən, Cəbhəyə müraciət etmişəm. Bəziləri ilə görüşdə Əbülfəz bəy də, digər cəbhəçilər də iştirak edib. Eyni zamanda başqa partiyaların nümayəndələri ilə də tanış olublar. Bir sözlə, qonaqların sərbəstliyini və müxtəlif siyasi dairələrlə görüşlərini təmin etmişik.
     Sumqayıt faciəsindən sonra erməni lobbisinin təsiriylə xaricdə Azərbaycan haqqında çox mənfi təsəvvür yaranmışdı. Biz belə yanlışlığı sındırmaq, həqiqəti aşkarlamaq üçün imkanlarımız daxilində az iş görmədik. Bakıya görkəmli siyasi xadimləri, misal üçün, Amerika konqresmeni, Demokratlar Partiyasının liderlərindən biri Cim Mudini dəvət etdik. Bu, respublikaya ilk rəsmi səfər idi ki, Şəhidlər xiyabanının ziyarəti ilə başladı. O dövrün rəhbərləri, arxalarınca danışmaq olmasın, bunun əleyhinə idilər, onunla görüşməkdən imtina edirdilər və s. Buna baxmayaraq, biz nəzərdə tutduğumuz planda işlərimizi qurduq. C.Mudinin Şəhidlər xiyabanından başlayan səfəri Qarabağa qədər uzandı. Onu Qarabağın qaynar nöqtələrinə qədər apardıq. Yandırılmış kəndləri, dağıdılmış xəstəxanaları, xarabalığa çevrilmiş məktəblərimizi ona göstərdik. Hər şeyi öz gözləri ilə gördü, qaçqınlar ilə görüşdürdük... Onu ilk dəfə bu otaqda qəbul edəndə Əbülfəz bəy də burada idi. Söhbətlərimizin əvvəlində amerikalı qonağın əhval-ruhiyyəsi başqa cür idi. Erməni informasiya kanalları onda birtərəfli təsəvvür yaratmışdı. Bizim danışıqlara inanmırdı. Sözün qısası, hər şeyi öz gözlərilə görəndən sonra, dəyişib tamam ayrı adam oldu. Niyə? Çünki həqiqətin şahidi olmuşdu. Mən həmişə demişəm, bir daha təkrar edirəm. «Azərbaycanın bugünkü mahiribədə, müstəqillik uğrunda mübarizədə ən böyük müttəfiqi həqiqətdir».
     -Elçin bəy, son səfərlərinizdən biri haqqında qısaca da olsa təəssüratınızı bölüşərsinizmi?
     -Xalq şairi Bəxtiyar Vahabzadə ilə birlikdə Azərbaycan cəmiyyətlərinin dəvətilə İsveçə getmişdik. Təsəvvür edin ki, 12 gün ərzində bir-birindən çox uzaq olan şəhərlərdə 16 görüş keçirdik, radio və televiziyada, mətbuat orqanlarında erməni təcavüzü və Azərbaycanın istiqlaliyyət uğrundakı mübarizəsi haqqında intervülər verdik, avtomobillə min kilometrlərlə yol getdik. İnandırıram ki, olduğumuz şəhərləri, heç olmasa, ötəri də olsa gəzməyə vaxt tapmadıq. Mən heç, necə deyərlər, öyrəncəliyəm, amma Bəxtiyar müəllim bu ağır səfərə əsl vətəndaş mətanəti ilə dözdü. Qazancımız isə böyük oldu: İsveç mətbuatı ilk dəfə Azərbaycan haqqında obyektiv məlumat verməyə başladı.
     -Biz sizi ən çox mütaliə edən yazıçılarımızdan, dərin elminəzəri səriştəsi olan qələm sahiblərindən biri kimi tanıyırıq. İndi oxumağa vaxt tapırsınızmı?
     -Dövri mətbuatdan başqa heç nə oxumağa vaxt qalmır. İldə-ayda bir monoqrafiya, ya bir roman oxumağa imkan tapanda, ona da min şükür.
     +Əvvəllər siz çox məhsuldar işləyirdiniz, həm nəsr sahəsində, həm də ədəbi tənqid, ədəbiyyatşünaslıq sahəsində. Siz «altmışıncı illər nəsli»nin ən istedadlı nümayəndələrindən biri kimi, romanlarınızda, povestlərinizdə yalan yox, həqiqət deyirdiniz. İndi necə, yaradıcılıqla məşğul olmağa imkan əldə edə bilirsinizmi?
     -Qardaş, yaralı yerimə toxunma. Çox xahiş edirəm, bu məsələnin üstündən keçək.
     -Onda başqa bir sual verirəm: ədəbi mühitdəki bugünkü durğunluğu beş-on il sonra üçün faciə hesab etmək olarmı?
     -Şübhəsiz. Bu gün ədəbi mühitdəki sizin dediyiniz həmin durğunluq, gələcəyin mənəvi qadirsizliyindən, mənəvi kasıblığından xəbər verir. Ədəbiyyat, daha geniş götürsək, ümumiyyətlə, mədəniyyət bu gün on beşinci dərəcəli məsələyə çevrilib. Guya ki, mədəniyyətin millətə dəxli yoxdu və günahsız qanlar axdığı bir vaxtda o barədə heç danışmaq da lazım deyil. Halbuki, kökündən yanlış bir fikirdir. Məhz o günahsız axan qanların naminə bu gün mədəniyyətin, ədəbiyyatın inkişafına daha ciddi yanaşmaq, münbit zəmin yaratmaq lazımdır. Müasir dünya sivilizasiyası ilə tərəf-müqabil ola biləcək milli mədəniyyətsiz, milli ədəbiyyatsız bir müstəqilliyi, doğrusu, təsəvvür edə bilmirəm. Məsələ burasındadır ki, milli ədəbiyyat, sənət uğrundakı mübarizə xalqımızın öz müstəqilliyi, ərazi bütövlüyü uğrundakı mübarizəsinin bir hissəsi, həm də tərkib hissəsi olmalıdır. Təəssüf ki, indi belə deyil. Və burasını da sizdən gizlətmək istəmirəm ki, mən yeni iqtidarın da bu sahədə xüsusi bir təşəbbüsünü hiss etmirəm. Respublikanın sənət adamları, ziyalıları ilə yeni rəhbərlik arasında milli mədəniyyətimizin inkişafı ilə bağlı hələlik ki, heç bir fikir mübadiləsi aparılmır. Halbuki buna böyük ehtiyac var. Milli mədəniyyətin qiymətini və qədrini xalqla bərabər, həmin xalqa rəhbərlik etmək istəyənlər də bilməlidir. Milli mədəniyyətin təəssübünü yalnız mədəniyyət xadimləri yox, rəhbərlik də çəkməlidir.
     -Elçin bəy, biz sizə öz fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayır və maraqlı müsahibə üçün təşəkkürümüzü bildiririk.
Qələmə aldı Mərhəmət Abiyev
1992.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (13.08.2014) | Müəllif: R.C E W
Baxış: 519 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more