Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-E l ç i n: «Mən o tərbiyənin, o əxlaqın yiyəsi deyiləm»
E L Ç İ N: «MƏN O TƏRBİYƏNİN, O ƏXLAQIN YİYƏSİ DEYİLƏM»

     -Yazıçı Elçin Baş nazirin müavini Elçin Əfəndiyevin kreslosunda özünü necə hiss edir? Səlahiyyətinə aid vəzifələrin öhdəsindən gələ bilirmi?
     -Yazıçı Elçin, şübhəsiz, Baş nazirin müavini kreslosunda özünü yaxşı hiss edə bilməz. Təkcə ona görə ki, yazıçı Elçin öz vaxtının çox böyük hissəsini baş nazirin müavini vəzifəsini yerinə yetirməyə sərf edir. Yazıçı üçün ideal şərait vaxtını yazı masasının arxasında keçirməkdir. Yəqin bu fikirdən sonra soruşacaqsınız: onda niyə vaxtımı seçdiyim və sevdiyim peşəyə həsr etmirəm? Bu bir həqiqətdir ki, yaşadığımız keçid mərhələsində mədəniyyətimiz, ədəbiyyatımız çox böyük böhran içərisindədir. Hətta on illər boyu əldə etdiyimiz bir çox uğurlar belə məhv olmaq təhlükəsi ilə üzləşib. Bu sahədə gördüyüm və görmək istədiyim işlər məndə müəyyən təskinlik yaradır. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, mən, hər halda, Azərbaycan mədəniyyətinə hansısa bir çinovnikdən daha çox bələdəm. Bu baxımdan müstəqil dövlətimizin mədəniyyətinə xidmət etməyi də bir ziyalı kimi özümə mənəvi borc bilirəm. Daşıdığım vəzifələrə də vətəndaşlıq borcu kimi baxıram.
     -Dövlət onsuz da mədəniyyətə, təhsilə, səhiyyəyə büdcədən çox az vəsait ayırır. Bizdə olan dəqiq məlumata görə, bu ayrılan az vəsaitin də hamısı təyinat yerinə çatmır. Sizin bunlardan xəbəriniz varmı?
     -Bu, həqiqətdir və burada heç bir sirr yoxdur. Ötən il bu sahələrə ayrılan vəsait kəsrlə ödənilib...
     -Ancaq hüquq-mühafizə orqanlarına dövlət üst-üstə mədəniyyətə, təhsilə, səhiyyəyə ayırdığından daha çox vəsait ayırır.
     -Unutmayın ki, Azərbaycan müharibəyə cəlb edilmiş ölkədir. Və bir sıra dövlətlər hələ də Azərbaycanda sabitliyin olmasında maraqlı deyil. Öz məqsədləri üçün çox vasitələrə əl atırlar. Dövlətçiliyimizə qarşı bu qəbildən olan təxribat cəhdlərinin qarşısını vaxtında alıb zərərsizləşdirməkdən ötrü bizim güclü ordumuz və mütəşəkkil fəaliyyət göstərən hüquq-mühafizə orqanlarımız olmalıdır.
     Mədəniyyətimizə gəldikdə isə, ayrılan vəsaitin azlığı, şübhəsiz, məni qayğılandırır. Ancaq nə etmək olar. Ayağı yorğana görə uzadarlar... Burada bir məsələyə də aydınlıq gətirmək gərəkdir. Qabaqlar mədəniyyət, ədəbiyyat təşkilatlarına ayrılan vəsaitin müqabilində hakim ideologiya öz iradəsini diqtə edirdi. Orası da var ki, əsl yaradıcı adamlar çətin olsa da, həmişə öz sözlərini deyiblər, yaratdıqları əsərlərdə mümkün qədər «xaltura»çılıqdan qaçıblar. Böyük əksəriyyətində isə bir qəyyumçuluq ovqatı yaranmışdı. Yeni hakim ideologiyanın istənilən tapşırığını «əlüstü» yerinə yetirirdilər. Bunun müqabilində həmin adamlara mükafatlar da verirdilər, ehtiyaclarını da ödəyirdilər. Bu cür sifarişli, «aktual» mövzular arxasında asanca gizlənmək olurdu. Belələri bu gün də var. Ancaq o da qeyd edilməlidir ki, bu axında istər mədəniyyət sahəsində, istərsə də dəqiq elmlərdə çox böyük nailiyyətlər əldə etmişik. İndi də fəxr etməkdəyik. Hazırda vəziyyət tamamilə dəyişib. Heç bir yaradıcı təşkilata yuxarılardan təlimatlar göndərilmir. Azad fəaliyyət üçün şərait yaranıb. Əvəzində pul yoxdur. Çalışıb elə mexanizmlər tapılmalıdır ki, maliyyə baxımdan dövlətdən az asılı olsunlar.
     Azərbaycan iqtisadiyyatının bugünkü mənzərəsindən hamının xəbəri var. Rusiya ilə yolların bağlı olması və başqa səbəblər iqtisadiyyatımıza güclü zərbələr vurub, zavodların böyük hissəsi tam gücü ilə işləyə bilmir. İstehsalat yoxdursa, deməli, dövlətin pulu da yoxdur. Bu ümid var ki, iqtisadi islahatları başa çatdırdıqdan sonra problemləri həll etmək nisbətən asan olacaq.
     -Namuslu sözün, səmimi sözün yiyəsi olanların qeyri-səmimi mühitə uyğunlaşmasını necə qiymətləndirirsiniz? Sizə elə gəlmir ki, bu mühitə uyğunlaşa bilənlərin səmimiyyəti də yalançı səmimiyyət imiş?
     -Səmimi adamın qeyri-səmimi, qeyri-əxlaqi mühitə uyğunlaşması mümkün deyil. Bunun heç bir alternativi ola bilməz.
     -İstedadlı yazıçı Elçin özünün bioqrafiyasında Surət Hüseynov kimi bir «intellekt» yiyəsinin müavini vəzifəsində işləməsinə razılıq verməsinə nə ilə haqq qazandırmaq istərdi?
     -Burada nəyəsə haqq qazandırmağa ehtiyac yoxdur. Mən indiyə qədər tutduğum bütün vəzifələrdə yalnız və yalnız Azərbaycan xalqına, mədəniyyətinə, ədəbiyyatına, mənəviyyatına xidmət etmişəm və bundan sonra da işimi bu yöndə təsəvvür edirəm.
     -1989-cu ildə çapdan çıxan «Ölüm hökmü» kitabınıza ön sözünüzdə şair İsa İsmayılzadə yazır ki, repressiya dövrünün müdhiş mənzərələri ilə yanaşı 70-ci illərin durğunluq dövrünün ağ yalanları, gözqamaşdırıcı təmtəraqları, pripiskaları əsərdə təbii boyalarla oxucuya təqdim olunur. Bu sözlərə dəstək kimi əsərdən bir neçə detalı xatırlatmaq istəyirəm: Həkim Nəcəf Ağayeviç qanunsuz eyvanını şikayətlərdən sığortalamaq üçün Brejnevin iri portretini şüşəbəndin üstünə vurdurur. Yaxud, Gicbəsər adlı bir it Qafarzadə mühitinə - 70-ci illərin ictimai-siyasi mühitinə etiraz əlaməti olaraq özünü dəmir relslərin üzərinə ataraq intihar edir. Adi bir itin intiharı fonunda Elçin bugünkü yüksək vəzifəsində Nəcəf Ağayeviçlərin, Qafarzadələrin daha çinli prototipləri ilə addımbaşı ünsiyyətdə olmasını necə həzm edir?
     -Heç bir həzm etməkdən söhbət gedə bilməz. Mən əsərlərin heç birinin müəllifliyindən imtina etmək fikrində deyiləm. Öz əsərlərimi həmişə qəlbimin iradəsi ilə və səmimi şəkildə qələmə almışam. Aydındır ki, bu tipli adamlarla mən indi də rastlaşıram. Bu cür adamlar 10-20 il bundan qabaqlar da var idi, indi də var və gələcəkdə də olacaq. Belə adamlarla biz hamımız vəzifədə olub- olmadığımızdan asılı olmayaraq qarşılaşırıq. Öz sahəmdə imkanım daxilində onlarla mübarizə aparıram. O adamları yaxına buraxmamaq, onlardan uzaq olmağa çalışıram. Bir də ki, bu qəbildən olan adamlar olmasaydı, heç mübarizə aparmaq əzmində insanlar da olmazdı.
     -«Aydınlıq» qəzetində dərc olunan H.Əliyevlə bağlı məqalənizin bugünkü karyeranızda xüsusi rol oynaması fikri ilə razılaşırsınızmı?
     -Xeyr, razılaşmıram. Həmin yazı «Aydınlıq» qəzetində o zaman dərc olunmuşdu ki, layiq olan da, olmayan da, bacaran da, bacarmayan da nəsə bir vəzifə almaq, kiminsə gözündə yaxşı görünmək üçün H.Əliyevin kölgəsini qılınclamağa girişmişdi. Mən belə əxlaqı heç zaman qəbul etməmişəm və bundan sonra da qəbul etməyəcəyəm. Mənim H.Əliyev şəxsiyyətinə münasibətim həmişə sabit olub. Müəyyən vaxtlarda çox güclü təsirlər, hətta şimikləndirici təkliflər olub ki, mən öz mövqeyimi dəyişim, necə deyərlər, əks mövqedən çıxış edim, amma mənim xasiyyətimdə bu mümkün olan şey deyil. Həmin yazı da mənim hələ cavan yaşlarımdan H.Əliyev şəxsiyyəti, bu şəxsiyyətin miqyası ilə bağlı müşahidələrimin tamam obyektiv ifadəsi idi və məhz o dövrdə yazılmalı idi, çünki o dövrdə buna ehtiyac var idi. Həmin dövrdə mənim müsahibələrimi, publisist yazılarımı nəzərdən keçirsəniz, televiziyada, radioda, xüsusən, xarici radio dalğalarında çıxışlarımı yada salsanız, bu bir sabit xəttdir. O zaman H.Əliyev heç bir yerdə işləmirdi. Və mən də falçı deyiləm ki yazım... Əgər konyukturaya qalsaydı, sağ əli başının üstündən aparıb sol qulağı qaşımağa nə ehtiyac var idi? Məgər ən asan yol bir çoxları kimi, elə həmin dövrlərin rəhbərlərini tərifləmək deyildi? Məsələyə bu aspektdən yanaşanlara, olmayan yerdən qurdalayıb nəsə çıxarmaq həvəskarlarına demək istəyirəm ki, mən Elçin o tərbiyənin, o əxlaqın yiyəsi deyiləm. Hər hansı bir vəzifəyə də şəxsi rahatlıq, xüsusi imtiyaz mənbəyi kimi baxmamışam. Mənim üçün vəzifə qəti surətdə məqsəd deyil. Mən indiki vəzifəmə qədər kim idimsə, indi də həmin adamam və bu vəzifədən gedəndən sonra da həmin adam olacağam.
     -Bir vaxtlar cəmiyyətdəki problemlərlə bağlı mətbuatda öz publisistik yazılannızla da çıxış edirdiniz. Siz Azərbaycan TV-nin bugünkü şit, bayağı reklam «rolik»lərinə, «Azərbaycan» qəzeti başda olmaqla bir sıra mətbuat orqanlarının qarayaxmalarına necə baxırsınız? Mətbuatda siyasi senzuranın mövcudluğundan xəbəriniz varmı?
     -Əvvəla orasını deyim ki, işimin həddən artıq çoxluğundan mətbuatı ardıcıl izləmək imkanım çox azdı, halbuki, uşaqlıqdan buna adət etmişəm. Hərdən elə olur ki, bir həftənin mətbuatını mən yalnız bazar günü imkan tapıb nəzərdən keçirirəm. Sualınıza cavaba gəldikdə isə burada da bir cəhəti qeyd etmək istəyirəm: «bu iqtidarındır, ona görə pisdir, bu isə müxalifətindir, ona görə yaxşıdır» prinsipini mən heç cürə qəbul etmirəm. Əsrin əvvəllərində Azərbaycanda yüksək intellektual səviyyəli və yüksək də mədəniyyətə malik milli jurnalistika məktəbi yaranmışdı və bu məktəbin parlaq ənənələri və müxtəlif dünyagörüşlü, müxtəlif nümayəndələri var idi: C.Məmmədquluzadə, Ə.Ağayev, Ə.Hüseynzadə, Ə.Faiq, H.Minasazov və başqaları həmin məktəbin ənənələri bu müxtəlif ədibləri milli təəssübkeşlik üstündə birləşdirirdi. Bu gün bir küll halında Azərbaycan mətbuatı da həmin işıqlı ənənələri davam və inkişaf etdirirmi? Yox! Bax, bizi ilk növbədə bu cəhət düşündürməlidir. İlk növbədə mətbuatımızın, digər informasiya vasitələrimizin ümumi səviyyəsini qaldırmaq üçün çalışmalıyıq, yəni, milli, mədəni və intellektual səviyyəni qaldırmalıyıq. Yoxsa ki, «obıvatel» dedi-qodusu, bir-biri ilə haqq- hesab çürütmək, mərifət mənasında böyük-kiçik bilməmək, özündən demək... Senzura məsələsinə gəldikdə isə, konstitusiyamızda aydın göstərilib: mətbuat azaddır. Eyni zamanda, şübhəsiz ki, müharibəyə cəlb olunan və təklənən ölkənin spesifikası da nəzərə alınmalıdı.
     -Təmsil olunduğunuz iqtidarın Azərbaycan cəmiyyətinin əxlaqında formalaşdırmaq istədiklərinin nə vaxtsa məsuliyyətinə şərik olacaqsınızmı?
     -Bu sualın qoyuluşu, fikrimizcə, düzgün deyil. Aydın olmur ki, iqtidarın formalaşdırmaq istədiyi nədir ki, sizi bu qədər narahat edir. Millətin əxlaqı, onun formalaşması çox incə və qədimlərə gedib çıxası söhbətin mövzusu ola bilər. Millətin əxlaqı min illərlə böyük tarixi və mənəvi hadisələr zəminində mərhələ- mərhələ formalaşan, cilalanan bir prosesdir.
     -60-70-ci illər ədəbiyyatının görkəmli nümayəndələri - Ə.Əylisli, Anar, Y.Səmədoğlu, Elçin, V.Səmədoğlu, F.Qoca, M.Araz, nisbətən bir az gənc M.Süleymanlı, R.Rövşən, V.Bayatlı, M.Oruc, E.Baxış və başqaları bir vaxtlar əsl ədəbiyyatın yaradıcıları, təəssübkeşləri idilər. Bu mövqe siyasi müstəviyə keçəndə yollar ayrıldı. Kimlər iqtidar, kimlərsə müxalifət yolunu tutdu.
     -Mən buna təbii baxıram. Ədəbi zövqlə siyasi mövqeyi eyniləşdirmək düzgün deyil. Eyni dərəcədə istedadlı adamlarda müxtəlif dünyagörüşü ola bilər. Bu, dünya praktikasında da özünü göstərib. Knut Hamsun kimi nəhəng yazıçı faşist ideologiyasına rəğbət bəsləyirdi. E.Heminquey isə faşizm ideologiyasına qarşı əlində silah mübarizə aparıb...
     Adını çəkdiyiniz qələm doslarımdan bəzisi cəmi iki il yarım bundan əvvəl iqtidarın töhfə təbərciyi idi, müxalifətdə olan Elçin isə təkcanına gecəsini gündüzünə qatıb Azərbaycan milli mənliyinin təsdiqində və təbliğində az rolu olmayan «Vətən» Cəmiyyətini dağılmağa qoymurdu. Bu gün isə Akif Məmmədov adlı müəllif sizin qəzetdə yazır: «Əsərləri ilə 70-ci illər bədii nəsrinin yaradılmasında çox böyük xidmətləri olan yazıçı Elçin dövlət adamı olan kimi ədəbiyyatımız onu «dəfn» etdi». Doğrusu, bu iddialı, eyni zamanda gülməli mülahizəni oxuyanda gənc qələm dostuma (onu şəxsən tanımıram, amma güman edirəm ki, gəncdir) qoca Mark Tvendən iqtibas edərək teleqram göndərmək istədim: «Əziz dost! Mənim dəfnimi bir az şişirtmisiniz!» Ancaq sonra ona əhəmiyyət vermədim, çünki «ədəbi dəfn» meyarlarını Akif Məmmədov yox, zaman müəyyən edir. İndi isə fürsətdən istifadə edib Akif dostuma bunu demək istəyirəm ki, Elçinin «dövlət adamı olması» səni nə üçün bu qədər dəhşətə gətirir və belə bədbin fikirlərə düçar edir? Axı, söhbət hər hansı bir başqa dövlətdən yox, Azərbaycan dövlətindən gedir. O dövlətdən ki, ona xidmət etmək mənim də, sənin də ilkin borcumuzdur: Mən sənə də, millətə imkanların daxilində xidmətlər göstərəndən, təcrübə, səriştə qazanandan sonra haçansa «dövlət adamı olmaq» arzulayıram. Mən hələ müxalifətdə olduğum 90-cı illərin əvvəllərində tez-tez dediyim bir l'ikri yenə təkrar etmək istəyirəm: müxalifət konstruktiv olmalıdır, iqtidar da, müxalifət də Azərbaycan dövlətçiliyinə xidmət etməlidir. Müxalifət Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsi naminə iqtidarı obyektivcəsinə tənqid etməlidir, daha, itirilmiş kresloları bərpa etmək naminə yox.
     -Baş nazirin müavini konstitusiyada dillə bağlı məsələlərin müzakirəsində öz müstəqil fikrini söyləyib, azlıqda qalan qrupun içində fikrini axıra qədər müdafiə yolunu tutdu. Maraqlıdır, başqa elə şeylər olubmu ki, Elçin yüksək kürsüdən çoxluğun dediyi fikirlə razılaşmayıb öz sözünü desin?
     -Sizə niyə elə gəlir ki, mən baş nazir müavini olduğum üçün fikrimi deməkdən çəkinməliyəm. İstəyirəm biləsiniz, ola bilməz ki, istər öz sahəmdə, istərsə də iştirakçısı olduğum müzakirələrdə mən ziyanlı bildiyimin əleyhinə fikrimi bildirməyim. Sizə səmimi deyirəm. Buradan mən çox şeyləri sizlərdən - jurna- listlərdən, kənardan müşahidə edənlərdən yaxşı görür və bilirəm. Mən bu ada inana-inana işləyirəm. Mən özümə inanıram, xalqıma inanıram, H.Əliyevə inanıram.
Müsahibəni Elçin SƏLCUQ apardı.
1996
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (19.08.2014) | Müəllif: R.C E W
Baxış: 492 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more