Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-E l ç i n: «Mən ilk növbədə yazıçıyam...»
E L Ç İ N: «MƏN İLK NÖVBƏDƏ YAZIÇIYAM...» MÜASİR TEATR PROBLEMLƏRİ

     -Elçin müəllim, artıq 2001-2002-ci teatr mövsümü sona yetmək üzrədir. Yalnız bu mövsümün deyil, ümumiyyətlə, ölkəmizdə son illərin teatr həyatı xeyli dərəcədə sizin adınızla bağlıdır və məlumdur ki, tamaşaçıların yenidən teatra üz tutmasında sizin bu müddət ərzində yazdığınız səhnə əsərlərinin rolu az olmayıb. Maraqlıdır, ötən teatr mövsümünü siz necə qiymətləndirirsiz?
     -Çətin və maraqlı - belə desəm, sizin sualınıza cavab vermiş olarammı? Çətin, ona görə ki, bu mövsümdə də Azərbaycan teatrı ciddi maddi çatışmazlıqlarla üzləşdi, bir sıra mühüm texniki problemlər yenə də həll olunmamış qaldı. Ancaq həm də maraqlı, ona görə ki, bu çətinliklərə baxmayaraq, bir sıra yaddaqalan teatr hadisələrinin - quruluşların, tərtibatların, ifaların şahidi olduq.
     -Dediyiniz hər iki cəhətin üzərində daha da ətraflı dayanmaq olarmı? Özü də, mümkünsə, yalnız ötən teatr mövsümü haqqında yox, ümumiyyətlə, son illərdəki Azərbaycan teatrı haqqında.
     -Niyə olmur? Əvvəla çətinliklər barədə. Bu gün Azərbaycan teatrının maddi-texniki bazası istənilən səviyyədə deyil. Bəlkə də, bu sözləri mənim dilimdən eşitmək, təəccüblü səslənə bilər, çünki iş elə gətirib ki, bu məsələlərlə məşğul olmaq mənim bilavasitə vəzifə borcumdur. Belədir və mən bu işlə məşğulam. MədəniyyətNazirliyi və konkret olaraq, Polad Bülbüloğlunun özü də ciddi surətdə bu işlə məşğuldur. Eyni zamanda, güman edirəm ki, Prezident Heydər Əliyevin teatra münasibəti barədə də əlavə bir söz deməyə ehtiyac yoxdur. Təkcə elə bu faktı yadınıza salım ki, 1993-cü il kimi çətin bir vaxtda Heydər Əliyevin ilk tədbirlərindən biri, tikintisi ağır vəziyyətə düşmüş Musiqili Komediya Teatrı binasına getməsi və o tikintinin başa çatdırılmasını öz nəzarətinə götürməsi oldu. Ən sonuncu hadisəni də xatırlatmaq istəyirəm: Prezident mükafatlarını və deməliyəm ki, bu, şəxsən Prezidentin özünün təşəbbüsüdür. Ancaq, bilirsiz, teatrda maddi-texniki bazanın möhkəmləndirilməsi ilə bağlı bütün təşəbbüslər, istəklər gəlib, təbii ki, maliyyəyə dirənir. Azərbaycan büdcəsinin isə minbir dərdi var. Sosial vəziyyətin yaxşılaşdırılması, yəni pensiyaların, müxtəlif sahələr üzrə maaşların artırılması, sosial təminatın başqa problemləri, qaçqınların güzəranı, dövlət quruculuğu prosesində xarici ölkələrdə səfirliklərin açılmasından tutmuş, dövlətçilik baxımından zəruri olan yeni qurumların yaradılmasınacan, ortaya çıxan problemlərin həlli, ordu quruculuğu problemləri və s. və i. a.
     Eyni zamanda, mən açıq deyirəm, bütün dövrlərdə olduğu kimi, bu gün də elə vəzifə adamları var ki, xeyli dərəcədə əziyyət çəkə-çəkə onlara teatrın mədəniyyət üçün, xalq üçün, ölkə üçün nə demək olduğunu başa salmaq lazımdır... O da, əgər başa düşsələr... Elə vəzifəli adamlar da var ki, bir iş görəndə, nəticəsi yaxşı olanda, dividentləri özünə götürür, nəticə yaxşı olmayanda isə, baş barmağını yuxarı tuşlayır: «Nə edim? Mənlik bir şey yoxdur, tapşırıq belədir!» Güman edirəm ki, bu da, satqınlığın bir növüdür.
     –Dedi-qoduların da bir çoxu elə buradan yaranır.
     -Əlbəttə. Mən yenə söhbətimizə qayıdıram. Son illərdə teatrla bağlı az iş görülməyib. Akademik Milli Dram Teatrının təmiri nəhayət ki, başa çatdı, Musiqili Komediya Teatrı açıldı, Kukla Teatrının qəza vəziyyəti aradan qaldırıldı, Gəncə, Şəki, Mingəçevir, Lənkəran Dövlət teatrlarında bu və ya digər dərəcədə təmirbərpa işləri aparıldı, Akademik Milli Dram Teatrı üçün səhnə-texnoloji avadanlıq alındı, Akademik Opera və Balet Teatrının binasında kondisioner sistemi yaradıldı və s.
     Ancaq bu gün də bir sıra teatrlarımızın maddi-texniki bazası ağır vəziyyətdədir. Misal üçün, Azərbaycanda unikal Kukla Teatrları sistemi yaradılıb və bu baxımdan biz Avropanın ən inkişaf etmiş ölkələrindən irəlidəyik ki, geri qalmırıq. Bu, fəxr etməli bir nailiyyətdir və bu nailiyyəti əldən verməyə bizim mənəvi haqqımız yoxdur.
     -Azərbaycan kukla teatrları artıq beynəlxalq festivallarda da qələbə qazanırlar.
     -Tamamilə doğrudur. Misal üçün, keçən il İzmirdə keçirilən çox nüfuzlu Beynəlxalq Kukla Teatrları Festivalında Gəncə Dövlət Kukla Teatrı böyük uğur qazandı. Təəssüf ki, elə həmin Gəncədə, Naxçıvanda, Qaxda, Salyanda Kukla Teatrlarının maddi-texniki vəziyyəti yaxşı deyil. Yaxud, bu günə kimi, biz aparıcı teatrımızı - Akademik Milli Dram Teatrını müasir işıq avadanlığı ilə təmin edə bilməmişik. Bu tipli başqa faktlar da az deyil.
     Bilirsiz, müasir dövrdə teatr sənəti mədəniyyətin o növüdür ki, elmi-texniki inkişaf çox effektli surətdə ora müdaxilə edib, yəni bu o deyən sözdür ki, teatrın texnoloji avadanlığı, maddi vəziyyəti bədii-estetik nəticələrə bilavasitə, həm də çox güclü şəkildə təsir edir.
     Hərgah, misal üçün, səhnə rejissorun istədiyi kimi fırlanmırsa, projektorların biri ağdərəyə, o biri qaradərəyə baxırsa, rekvizit köhnəlib yararsız vəziyyətə düşübsə, hətta bəzən aktyor öz paltarında səhnəyə çıxmaq məcburiyyətində qalırsa, görün tamaşanın quruluşunda nə qədər bədii-estetik problemlər yaranır?
     Eyni zamanda, müasir dövrdə rejissor sənətinin, teatr musiqisinin, tərtibat estetikasının, hətta aktyor ifasının da inkişafında səhnə texnologiyasının mükəmməlliyi ciddi rol oynayır. Rejissorun da, rəssamın da, bəstəkarın da tamaşaya müasir estetik tələblərə uyğun quruluş verməsindən, tərtibat hazırlamasından, musiqi səsləndirməsindən ötrü teatrın ən yeni texnologiyaya malik olması vacib şərtdir. Azərbaycan teatrının müasir səhnə texnologiyası ilə təmin olunmaması milli teatr sənətimizi inkişafdan qoyur, yeni və mən bu sözü yaxşı mənada işlətmək istəyirəm, modern rejissorlar nəslinin yetişməsində əngələ çevrilir.
     -Deməli, səhnə texnologiyası ilə teatr estetikası bu gün bir- birindən asılı vəziyyətə gəlib çıxıb?
     -Bəli. Baxın, bu gün teatr artıq internetə çıxır, teatrşünaslıqda «internet-tamaşalar» anlayışı yaranır və əlbəttə, bizim teatrlar da bu cür tamaşalar verə bilsəydi, mədəniyyətimizdə böyük hadisə olardı. Ancaq biz bunu edə bilmirik. Nə üçün? Bizim teatrlarımızda çox güclü aktyor potensialı var. Son illərin bir sıra tamaşaları göstərir ki, rejissuramızda da potensial imkanlarını hələ sonacan üzə çıxarmamış istedadlı sənətkarlarımız var. Repertuarda dünya klassikası, milli klassika, müasir əsərlər var. Amma tamaşanı internet səviyyəsinə çıxara biləcək maliyyə imkanları və bunun da nəticəsi kimi səhnə texnologiyası - yoxdur. Ona görə də, bu gün Azərbaycan teatrından internet tamaşaları tələb etmək, ən yaxşı halda, özünü aldatmaqdan başqa bir şey deyil.
     Mən bu ilin may ayında BMT-nin Xüsusi Sessiyasının işində iştirak edirdim və bir axşam vaxt tapıb Brodveydə Ueberin məşhur «Fantom» müziklna baxdım. Heç bir yalançı vətənpərvərlik hissinə qapılmadan səmimi şəkildə deyirəm: mən o unudulmaz tamaşada elə bir aktyor oyunu görmədim ki, təəssüf edim ki, biz buna nail ola bilmərik. Eləcə də rejissor işi. Amma dekorasiyalar, geyimlər, bir anın içində səhnənin, tamamilə, dəyişməsi, bir göz qırpımında mizanların gah üçüncü qata qalxması, gah birinci qata enməsi, kütləvi səhnələr, teatral effektlər - bir sözlə, XlX əsrin karetası ilə aya uçan raketin arasında nə fərq varsa, bu gün, müasir səhnə texnologiyasına malik olan teatrla, buna malik olmayan teatr arasındakı fərq də o qədərdir.
     Mən Brodveydəki «Fantom»un - yalnız bir tamaşasının xərci ilə maraqlandım: iki milyon yüz yetmiş min dollar! Bu məbləğ ilə internetə çıxmaq, güman edirəm ki, çətin bir problem deyil.
     Ona görə də, bu gün Azərbaycan teatrından internet tamaşaları tələb etmək əvəzinə, əl-ələ verib onun maddi-texniki bazasını möhkəmləndirmək barədə fikirləşməli və bu istiqamətdə işləməliyik. Məlum məsələdir ki, bu gün biz bir tamaşaya bu qədər vəsait ayıra bilmərik, amma milli teatrımızın sabahı naminə bu günün təməllərini qoymalıyıq.
     -Yəni, artıq vaxt itirmək olmaz.
     -Bəli və bu işi teatrı sevə-sevə görmək lazımdır. Sovet vaxtı Mərkəzi Komitənin bir funksioneri teatra gəlirdi, rəhbər göstərişlər verirdi, bu belə olmalıdır, bu da belə olmalıdır, vəssalam! Ancaq bu gün, əlbəttə, belə yaramaz. Belə olsa, həm özünü hörmətdən salarsan, həm də təmsil etdiyin təşkilatı. Teatrı pis tanımadığım üçün, deyirəm, teatrda hörmətdən düşmək, bütün Azərbaycanda hörmətdən düşmək kimi bir şeydir, çünki aktyor dostumuzun ürəyi təmizdir və o, ürəyini boşaldan, danışandır...
     Bu yerdə çox vacib bir cəhəti xüsusi qeyd etmək istəyirəm.
     Bizim aktyorlarımız, teatr xadimlərimiz bütün bu çətinliklərə (onların maaşlarının azlığını da bura əlavə edək) böyük fədakarlıqla dözürlər və nəinki yalnız dözürlər, əsl sənət eşqi ilə, ehtirası ilə səhnədə yaşayır və səhnəni yaşadırlar. Eyni zamanda mən Mədəniyyət Nazirliyinin və ilk növbədə Polad Bülbüloğlunun bu istiqamətdə effektli fəaliyyətini də xüsusi qeyd etmək istəyirəm. Baxın, digər Zaqafqaziya respublikalarında, yaxud Orta Asiya respublikalarında, misal üçün, rus teatrlarının vəziyyəti necədir?
     Mən sizə deyim: çox pis! Bəzilərində bu teatr artıq yoxdur. Bizdə isə, Rus Dram Teatrı qaldı və nəinki qaldı, inkişaf etdi, repertuarını Azərbaycan milli dramaturgiyası hesabına daha da genişləndirdi və zənginləşdirdi. Ara-sıra bizdə də belə fikirlər səslənir ki, müstəqil Azərbaycanda bu teatr nəyə lazımdır və s. Sizə deyim ki, çox məhdud düşüncənin doğurduğu sualdır. Yalnız bir faktı qeyd edim: keçən il Sankt-Peterburqda Avropa teatrlarının və görkəmli teatr xadimlərinin iştirakı ilə rusdilli teatrların «Baltika evi» Beynəlxalq Teatr Festivalı keçirildi və həmin festivalda bizim Rus Dram Teatrı M.F.Axundovun «Lənkəran xanının vəziri» tamaşasını göstərərək festivalın xüsusi mükafatını aldı. Festivalda bir çoxları Mirzə Fətəlini və ümumiyyətlə, XlX əsr Azərbaycan dramaturgiyasını özləri üçün kəşf etdi. Qoy bizim lap ingilis dilində də teatrımız olsun və bizim sənətkarlarımız orada Şekspiri orijinalda, Mirzə Fətəlini, yaxud Cəlil Məmmədquluzadəni isə ingilis dilində tamaşaya qoysun, pis olar?
     Yaxud, başqa bir məsələni deyim. Bu gün Azərbaycan teatrlarında dövlət sifarişi ilə ildə 25-30 tamaşa hazırlanır. Bu, kiçik rəqəm deyil. Son beş ildə bizim teatrlarımızda 500-dən artıq tamaşa oynanılıb. Hər il 100-110 tamaşa qoyulur. Biz bu rəqəmlərin mənasına varmalıyıq və bir tərəfdən teatra hörmət, o biri tərəfdən də xidmət etməliyik.
     Deyəsən, mən yavaş-yavaş uğurlarımıza keçirəm və bu da, yəqin, təbiidir, respublikamızın öz müstəqilliyi uğrunda mübarizə apardığı son illərdə uğurlarımız da az deyil. Baxın, bu müddətdə Azərbaycan teatrı Moskvada, Kazanda və Tiflisdə, Parisdə, Ankarada və İstanbulda, Tehranda və Təbrizdə milli mədəniyyətimizi təmsil edib. Misal üçün, belə bir faktı mən Azərbaycan teatr sənətinin simasını müəyyən edən qiymətli dəyərlərdən biri hesab edirəm ki, biziim Opera və Balet Teatrımız bir tərəfdən İstanbulun məşhur «Camal Rəşid Rey» salonunda «Leyli və Məcnun» və «Aşıq Qərib» kimi muğam operalarını göstərir, o biri tərəfdən isə Moskvada, Böyük Teatrın səhnəsində Qara Qarayevin «Leyli və Məcnun» və «Don Kixot» baletlərini nümayiş etdirir. Bir sözlə, Azərbaycan teatrı bütün çətinliklərə baxmayaraq, yaşayır. Azərbaycan teatrında yaradıcı ab-hava var. Mən Mədəniyyət nazirliyi ilə bərabər, Həsənağa Turabov və Azər Paşa Nemətov başda olmaqla, Teatr Xadimləri İttifaqının da təşəbbüskar və işgüzar fəaliyyətini qeyd etmək istəyirəm.
     -Elçin müəllim, belə bir söz var ki, teatrın siması, onun repertuarıdır. Müasir teatr repertuarımız barədə nə deyə bilərsiz?
     -Gəlin, sadəcə olaraq, Azərbaycan teatrının müasir repertuarını nəzərdən keçirək: Sofoklun «Şah Edip»i, Şekspirin «Hamlet» və «Kral Lir»i, İ. Rasinin «Fedra»sı, M.F.Axundovun «Lənkəran xanının vəziri», C. Cabbarlının «Ədimə fəthi» və «Aydın»ı, N.Hikmətin yazdığı «Kəllə», İ.Əfəndiyevin «Hökmdar və qızı» (Milli Dram Teatrı), Q.Qarayevin «Don Kixot» və Leyli və Məcnun», F.Əmirovun «1001 gecə», Ə.Bədəlbəylinin «Qız qalası», X.Mirzəzadənin «Ağlar və qaralar» baletləri, C.Verdinin «Traviata»sı, R.Leonkavallonun «Payatslar»ı, Ü.Hacıbəyovun «Arşın mal alan»ı, F.Əmirovun «Sevil»i (Opera və Balet Teatrı), «Otello» («Yuğ» teatrı), «Maqbet» (Gənclər teatrı), H.Cavidin «Topal Teymur»u və N.Nərimanovun «Nadir şah»ı (Naxçıvan teatrı), Lope de Veqanın «Rəqs müəllimi» (Rus Dram Teatrı), «Yağışdan çıxdıq, yağmura düşdük» və «Almaz» (Füzuli teatrı), E. de Flipponun «Ruhlar» (Şəki teatrı), «Bəxtsiz cavan» və «Sevil» (Lənkəran teatrı), «Danabaş kəndinin əhvalatları» və «Dağılan tifaq» (Mingəçevir teatrı), «Ağa Kərim xan Ərdəbili» (Ağdam teatrı), «Büllur sarayda» (Gənc Tamaşaçılar Teatrı), N.Hikmətin «Bayramın birinci günü» (Şuşa teatrı), Bekketin «Ümid»i və Ç.Aytmatovun «Manqurt»u (Pantomima teatrı) və s., eləcə də müasir dramaturqların bir sıra əsərləri... Mən hələ yalnız hafizəmdə qalanları deyirəm. Elə bilirəm ki, mənzərə kifayət qədər fərəhlidir və ən əsası isə təmayül düzgün istiqamətdədir: dünya klassikası, milli klassik dramaturgiya və müasir dramaturgiya.
     -Elçin müəllim, yeri düşmüşkən, indi belə söhbətlər gəzir ki, guya, teatrlara, ancaq klassik dramaturgiyanı tamaşaya qoymaq tapşırılır. Bu, nə dərəcədə düzgün xəbərdir?
     -Bu, absurddur. Klassik dramaturgiya ilə müasir dramaturgiyanı qarşı-qarşıya qoymaq olmaz, heç olmasa ona görə ki, bu, mümkün deyil. Klassik dramaturgiya ilə müasir dramaturgiya eyni zəncirin həlqələridir. Mirzə Fətəlinin «Hacı Qara»sı nədir? Təbii ki, öz dövrünün müasir dramaturgiyası. Eləcə də «Müsibəti- Fəxrəddin», eləcə də «Sevil»... Həm də məsələ yalnız mövzuda deyil, çünki müasir dramaturgiya yaranmasa klassika necə yarana bilər? Bu gün müasir bir dramaturqun əsəri, tarixi mövzuda yazılmış əsərlər də daxil olmaqla, bizim müasir dramaturgiyamızın nümunəsi olduğu kimi, Şekspirin, yaxud Marlonun pyesləri də XVl əsrin sonu və XVII əsrin əvvəllərində o dövr üçün müasir olan ingilis dramaturgiyası nümunələri idi. Bütün bunlar aydın məsələdir və mən təəssüf edirəm ki, bunu izah etməyə ehtiyac yaranır.
     -Elçin müəllim, belə bir söz də yayılıb ki, guya, teatrlardan 5 illik plan istəyirlər...
     -5 illik planlarla iş düzəlsəydi, Sovet İttifaqının iqtisadiyyatı o biabırçılıqla tarmar olmazdı. Teatrda bəyəm falçılar oturur ki, görsünlər beş ildən sonra hansı gözəl əsər meydana çıxacaq? Bu, qeyri-ciddi bir söhbətdir. O başqa məsələ ki, hər bir teatr öz repertuarının perspektiv istiqamətlərini, öz məxsusi estetik simasına uyğun təmayülləri müəyyənləşdirməlidir, öz müəllifini tapmalı, öz tamaşaçısını formalaşdırmalıdır. Bu işdə, şübhəsiz ki, teatr tənqidi də mühüm rol oynamalıdır və bu baxımdan mən ciddi bir narahatlığımı bildirmək istəyirəm: teatr tənqidimiz passiv və kəsərsiz bir vəziyyətə düşüb.
     -Siz, eyni zamanda, Azərbaycan ədəbi tənqidinin görkəm- li bir nümayəndəsi kimi də tanınırsız və yalnız bədii ədəbiyyatın yox, ədəbi tənqidin özünün problemləri ilə də ciddi məşğul olmusunuz. Elçin müəllim, bizim teatr tənqidinə nə olub?
     -Teatr tənqidi nədir? Teatr tənqidi ümumi ədəbi prosesin bir hissəsi, bir istiqamətidir. Bu gün Azərbaycanda, ümumiyyətlə, ədəbi proses ölgün vəziyyətdədir və bunun obyektiv və subyektiv səbəbləri var. Mən o səbəblər üzərində dayansam, söhbət çox uzun çəkər.
     Yalnız bunu deyim ki, 60-ın ikinci yarısı, 70-80-ci illərdə Azərbaycan teatr tənqidi Azərbaycan teatrının inkişafında - bu inkişaf isə sözsüzdür! - çox ciddi rol oynayır. Teatr tənqidi milli teatrımızın estetik prinsiplərinin müəyyənləşdirilməsi işində nüfuz sahibi idi. Belə bir həlledici nüfuzun əsasında Cəfər Cəfərovun, Mehdi Məmmədovun, Abbas Zamanovun, bir az sonralar Yaşar Qarayevin, Ədilə Əliyevanın, İnqilab Kərimovun, Gülrux Əlibəylinin, R. Rayevanın, Veta Nadirovanın, daha sonralar Məryəm Əlizadənin, İlham Rəhimlinin və başqalarının teatr tamaşaları haqqında səriştəli, prinsipial, necə deyərlər, teatr maraqları ilə nəfəs alan dolğun resenziyaları, teatrşünaslığın ciddi nəzəri problemlərini qaldıran məqalələri, milli teatrımızın yaradıcılıq məsələlərinə həsr olunmuş kitabları dayanırdı. Hər yeni bir tamaşa öz mətbu qiymətini gözləyirdi, bəzən bu qiymətlər üst-üstə düşmürdü, o zaman mətbuatda, ədəbi məclislərdə sağlam ədəbi mübahisələr başlayırdı və nəticədə də teatrın maraqları qazanırdı. Bu gün ayrı-ayrı tamaşalar haqqında çox nadir hallarda yüksək elmi-nəzəri səviyyəli, səriştəli məqalələr yazılır, teatrın ümumi estetik problemlərindən isə, tənqid, demək olar ki, sərf-nəzər edir. İki-üç nəfər peşəkar və səriştəli teatrşünasların adını çəkə bilərik, vəssalam...
     -Elçin müəllim, bəzən müxtəlif səviyyələrdə «vəzifəli yazıçı» dedi-qodusu olur...
     -Bilirsiz, ədəbiyyata, o cümlədən, təbii ki, dramaturgiyaya da qiymət verərkən, uzun əsrlərdən bəri formalaşmış yeganə bir meyar var: istedad. Əsər istedadın bəhrəsidir, yoxsa qrafomanlığın - məsələ bundadır. Əsəri qiymətləndirərkən onun müəllifinin vəzifəsini yoxlamaq nə dərəcədə ciddi bir işdir? Əgər öz vəzifəndən istifadə edib yararsız əsərini səhnəyə çıxardırsansa, bu, eybəcər bir haldır. Yararsız əsər, ümumiyyətlə, səhnəyə yol tapmamalıdır və bu, vəzifəli qrafomana da, vəzifəsiz qrafomana da aiddir. Yox, hərgah əsər bədii-estetik səviyyəsi etibarilə yararlıdırsa, ona iradın yoxdursa, onun müəllifinin vəzifəli olub-olmamağının nə dəxli var? Vəzifəli yazıçı yoxdur. Var - yazıçı, bir də var qeyriyazıçı, yəni qrafoman.
     Bu gün mən müstəqil Azərbaycan dövlətində kifayət qədər yüksək bir vəzifə tuturam, ancaq əvvəllər də dediyim kimi, mən bu vəzifəyə gələnə qədər də hansı Elçin idimsə, bu gün də həmin Elçinəm və sabah vəzifədən gedəndən sonra da həmin Elçin olaraq qalacağam.
     Mən ilk növbədə yazıçı, ondan sonra isə müstəqil Azərbaycan dövlətinin quruculuğu prosesində iştirak edən və imkanlarım daxilində əlimdən gələni əsirgəməyən bir vəzifə adamıyam. Əgər mən görsəm ki, həmin vəzifə mənim yaradıcılığımda nəsə məhdudlaşdırıcı bir şeyə çevrilməyə başlayır, mənim yazıçı kimi özümü ifadə etməyimə mane ola bilər, onda, bir saniyə də vəzifədə qalmaram. Burada mənim üçün alternativ yoxdur və bu fikrimi də mən heç vaxt gizlətməmişəm.
     Mənim İsveçrədən tutmuş Çinəcən, Macarıstandan tutmuş İraq və İranacan, Almaniyadan tutmuş Slovakiyayacan, Rusiyadan tutmuş Qazaxıstan və Tacikistanacan, bir çox xarici ölkələrdə, hətta Afrika ölkələrində kitablarım nəşr olunur. Təkcə elə Türkiyədə son illər bu qardaş ölkənin ən nüfuzlu özəl nəşriyyatlarında mənim ondan artıq kitabım nəşr edilib, üç pyesim Türkiyənin Dövlət Teatrlarında tamaşaya qoyulub. 0bıvatel belə düşünə bilərki (və belə düşünənlər də var!), Elçin vəzifəsindən istifadə edib kitablarını nəşr etdirir, əsərlərini tamaşaya qoydurur. Türkiyəni mən yaxşı tanıyıram və inandırıram sizi, istəyirsən, əstəğfürullah, lap Allahın bacısı oğlu ol, əgər naşir əmin olmasa ki, sənin kitabın yaxşı satılacaq, mətbuatın, televiziyanın diqqət mərkəzində olacaq, «Ötüken», yaxud «Everes» kimi məşhur nəşriyyatlar heç vaxt o kitabları nəşr etməz. Eləcə də teatrlar. O kitabların, tamaşaların əksəriyyəti mənim üçün, sürpriz, həm də sizdən gizlətmirəm, gözəl bir sürpriz olub.
     -Elçin müəllim, siz kinodramaturgiya ilə də fəal məşğul olmusunuz. Az qala, otuz il bundan əvvəl çəkilmiş «Baladadaşın ilk məhəbbəti» bu gün də tamaşaçılarımızın sevimli filmlərindən biridir.
     Sonrakı dövrlərdə Tofiq Tağızadə («Bağ mövsümü»), Arif Babayev («Arxadan vurulan zərbə»), Şahmar Ələkbərov («Sahilsiz gecə»), Oqtay Mirqasımov («Gümüşü furqon»), Kamil Rüstəmbəyov («Mən hələ qayıdacağam») kimi görkəmli rejissorlarımız sizin ssenariləriniz əsasında bədii filmlər çəkmişlər. Mətbuatdan məlumdur ki, rejissor Vaqif Mustafayev sizin ssenariniz əsasında «Milli bomba» adlı film çəkib. Ancaq bu filmin intizarı, deyəsən, bir az uzun çəkir...
     -O filmin ssenarisini «Mənim ərim dəlidir» komediyasının motivləri əsasında Vaqif Mustafayevlə birlikdə yazmışıq. Düz deyirsiniz, filmin tam başa çatması bir az ləngiyir, amma, necə deyərlər, gec olsun, yaxşı olsun. Çəkiliş zamanı ssenaridə bir sıra dəyişikliklər etmişik, əsas ideya isə dəyişməz olaraq qalır: insan və cəmiyyət, insanın cəmiyyətdəki yeri və rolu, cəmiyyətin öz üzvünə - insana fərdi münasibəti. Güman edirəm ki, yaxın gələcəkdə tamaşaçılar ciddi və prinsipial bədii-estetik əhəmiyyətə malik bir filmə baxa biləcəklər. Vaqif istedadlı adamdır, onun bədii təxəyyülü, fantaziyası güclüdür və bir rejissor kimi də xoşbəxtliyi ondadır ki, həmin fantaziyanı yaxşı bədii-estetik səviyyədə, yaxşı zövqlə təqdim etməyi bacarır. Mən filmin tam, amma hələ ki, işçi variantına baxanda da bu qənaəti bir daha özümçün təsdiq etdim. Fikrimcə, «Milli bomba» Azərbaycan kinosunda yeni hadisə olmalıdır.
     -Elçin müəllim, siz həmişə yazan, necə deyərlər, daima formada olan bir yazıçısınız. Sizin yaradıcılıq diapazonunuz, həqiqətən, böyük miqyasa malikdir. Elçin - nasir, Elçin - dramaturq, Elçin - tənqidçi, ədəbiyyatşünas, kinossenarist, publisist, tərcüməçi, neçə-neçə kitabın tərtibçisi, redaktoru... Hazırda nə üzərində işləyirsiniz?
     -Gəlin, bu sualınıza da müsahibəmizin mövzusuna uyğun olaraq teatr və kino ilə bağlı cavab verim. «Qatil» adlı psixoloji drama (bəlkə də ona faciə demək daha düzdür) yazmışam və bu günlərdə Akademik Milli Dram Teatrına təqdim edəcəyəm. «Ağ dəvə» romanının motivləri əsasında yazılmış pyesimi bizim istedadlı rejissorumuz Loğman Kərimov Gənc Tamaşaçılar Teatrında tamaşaya hazırlayır. Türkiyədən aldığım sifariş əsasında yazdığım yeni komediyanı da təhvil vermişəm.
     Hələ 1997-ci ilin sentyabrında Heydər Əliyev Akademik Milli Dram Teatrında İlyas Əfəndiyevin «Hökmdar və qızı» tamaşasına baxdı, əsəri çox yüksək qiymətləndirdi, bu əsərin əsasında bədii film çəkməyin vacibliyini qeyd etdi. Cənab Prezidentin 2001-ci ilin mart ayında İlyas Əfəndiyevin xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncamında isə «Hökmdar və qızı» əsəri əsasında ikiseriyalı filmin çəkilməsi tapşırığı verilib. Hazırda mən həmin əsərin motivləri əsasında yazdığım XVII-XVIII əsr Qarabağ tarixini əks etdirən ssenari - kinopovesti bitirmək üzrəyəm.
     Yazı mizimin üstündə tamamlanmış, eləcə də hələ tamamlanmamış bir sıra yazılar var. Sağlıq olsun.
2002.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (22.08.2014) | Müəllif: R.C E W
Baxış: 585 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more