Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-E l ç i n: «Mən həmişə sözü üzə demişəm»
E L Ç İ N: «MƏN HƏMİŞƏ SÖZÜ ÜZƏ DEMİŞƏM»

     -Elçin müəllim, Sizin hansı dövlət və ya ictimai vəzifə daşımanızdan asılı olmayaraq, biz Sizi ilk növbədə yazıçı Elçin kimi tanıyırıq. Bəs Baş nazirin müavini Elçin Əfəndiyevlə yazıçı Elçin necə yola gedir?
     -Bu sualı mənə tez-tez verirlər. Desəm ki, heç bir problem yoxdu, düz olmaz. Yazıçı Elçinin Baş nazirin müavinindən ən böyük şikayəti vaxtla bağlıdır. Vaxt, vaxt və bir daha vaxt! Vaxtın çatışmazlığı bu gün yazıçı Elçinin ən böyük problemidir. Bir də ki, mənim ara-sıra cahil və nadan böhtanlarına məruz qalmağım, mənimlə bağlı, təbii ki, təşkil olunmuş şayiələrin və dedi-qoduların yayılması da, şübhəsiz ki, vəzifə ilə bağlıdır. Bu böhtanları, şayiələri, dedi-qoduları mətbuat səhifələrinə çıxarmağı özlərinə rəva bilən qələmdaşlarım isə, əlbəttə, çox gözəl başa düşürlər ki, bütün bunlar məhz böhtan, şayiə, dedi-qodudur, çünki çirkab püskürən atəşli böhtançıya bircə dəfə qulaq asmaq kifayətdi ki, əhliqələm onun hansı yuvanın quşu olduğunu və hansı sifarişi yerinə yetirdiyini anlasın. Anlayırlar, amma qəzetlərində də dərç edirlər və mən çox gözəl başa düşürəm ki, bu kin-küdurət, bu ədavət, bu ayrı-seçkilik mənim tutduğum vəzifə ilə bağlıdır. Hansısa cavan bir qələm dostum yazmışdı ki, Elçin vəzifəyə getməklə yazıçı Elçini öldürdü. Gərək ki, elə «Azadlıq»da o gənc qələmçiyə Mark Tvenin məşhur sözləri ilə çavab vermişdim ki, mənim ölümümü, deyəsən, bir balaca şişirtmisiz. Yazıçını, ziyalını «sən iqtidara yaxınsan, ona görə də pis yazıçısan, indiyəcən nə eləmisən, hamısını pis eləmisən, sən isə müxalifətə yaxınsan, ona görə də böyük yazıçısan, gözümün işığısan və səndən böyük sənətkar yoxdur, hər nə edirsənsə də düz edirsən, ey mənim əzizim» prinsipini mən avamlıq göstəriçisi və ümumiyyətlə, biabırçı bir sənət hesab edirəm. Ancaq yazıçı Elçinin ciddi təskinliyi ondadır ki, Baş nazirin müavini Elçin Əfəndiyev gənc Azərbaycan Respublikasının öz müstəqilliyini möhkəmləndirmək, ərazi bütövlüyünü bərpa etmək, müqəddəratı başqasının yox, özünün əlində olan bir ölkə kimi, dünya birliyinə inteqrasiya prosesini gücləndirmək uğrundakı mübarizədə öz imkanları daxilində bilavasitə iştirak edir, bu tarixi hadisələrin bilavasitə iştirakçısıdır və bütün bunlar - Allah qismət eləsə, gələcəkdə mütləq qələmə alınacaq. Azərbaycanın son on ilini mən sınaq illəri hesab edirəm və bu on ildə mənim elə bir sözüm, elə bir fikrim olmayıb ki, sonradan onun əleyhınə olan bir söz deyim, fikir söyləyim. Bu həm Baş nazirin müavininə, həm də yazıçı Elçinə aiddir.
     -Sizin böhtanlarla bağlı dedliklərinizi mən də qəbul edirəm. Bəs tənqid etmək?
     -Bilirsiz, o böhtanları, qarayaxmaları, çirkab püskürmələrini mən az görməmişəm və onlar ola bilsin ki, qısa bir müddət mənim qanımı qaraltsın, bundan artıq bir şey olmur və məni tanıyanlar yaxşı bilir ki, böhtanla, qarayaxma ilə, şantajla mənə təsir etmək mümkün deyil. Mən həmişə sözü üzə demişəm, heç vaxt heç kimdən çəkinməmişəm. Hörmət etmişəm, etiqad göstərmişəm və bu, qarşılıqlı olub. Bu yaşa gəlib çatmışam, amma bu günə qədər heç kimin qarşısında mənim gözüm kölgəli deyil və çox zaman əksinədir. Səviyyəli tənqid isə, bəli, mənə təsir edir - həm yaradıcılığımla bağlı, həm də fəaliyyətimlə - məni düşündürür, götür-qoya sövq edir. Bir şərtlə ki, məni tənqid edən o adamın buna mənəvi səlahiyyəti olsun, istedadı olsun, əxlaqı olsun, daxili yanğısı olsun. Həm də tənqid ifşa olmasın, cılız və xain xislətin, kin- küdurətin ifadəsi olmasın. Yadıma atamın danışdığı belə bir hadisə düşür: müharibədən sonrakı qorxulu qırxıncı illərdə Yazıçılar İttifaqının Natəvan adına klubunda keçirilən iclaslarda bir nəfər - adını yazmaq istəmirəm, indi haqq dünyasındadı - daima xitabət kürsüsünə qalxıb professor Mikayıl Rəfilinin əsərlərini ifşa edirmiş. Belə iclaslardan birində həmin adamın növbəti ifşasından sonra, Mikayıl Rəfili söz alır, xitabət kürsüsünə qalxıb deyir: «Mən bilirdim ki, bugünkü iclasda filankəs yenə məni ifşa edəcək. Öz-özümə dedim ki, daha bəsdi, mən də bunu ifşa edəcəyəm. Bu iclasdan qabaq üç gün kitabxanaları gəzdim, axtardım, ondan- bundan soraqlaşdım, ancaq bu filankəsin bir dənə əsərini tapa bilmədim ki, mən də onu ifşa edim!» Əlbəttə, kimisə tənqid etməkçün özün də nəyinsə sahibi olmalısan! Proletkultçuluq heç bir millətə və heç bir dövlətə heç vaxt xeyir gətirməyib, əksinə, tarın həbsinə, «Dədə Qorqud»un ifşasına və Cavidin qanına bais olub.
     -«İnsanı başa düşəcək yeganə adam o özüdür.» Bunlar Sizin sözlərinizdir və mən Sizinlə tamamilə razıyam. Ancaq çox qəribədir ki, bunu bilə-bilə təkidlə bizi başa düşəcək başqasını axtarırıq. Hərdən tənha qalmaq istəyiniz nədən irəli gəlir?
     -Bu elə bir sualdır ki, qorxuram onun cavabı bu müsahibəmizə sığışmasın. Təkcə onu deyə bilərəm ki, mən tək qalanda heç vaxt darıxmıram.
     -Elçin müəllim, son vaxtlar ara-sıra dissident ədəbiyyatı barədə söhbətlər gedir. Bu barədə nə deyə bilərsiz?
     -Klassik mənada, yəni siyasi baxımdan çap olunmayan əsərlər mənasında Azərbaycanda dissident ədəbiyyatı olmayıb. Əlbəttə, söhbət bir şerdən, ya hekayədən yox, bir küll halında, güclü bir təmayül kimi, dissident ədəbiyyatından gedir. Ancaq bunun bir vacib səbəbini xüsusi qeyd etmək lazımdır: 70-ci və 80-ci illərdə «Azərbaycan» və «Ulduz» jurnallarında, nəşriyyatlarda o əsərlər çap olunurdu ki, onları başqa sovet respublikalarında «Qlavlit»dən keçirib çap etmək çox müşgül bir iş idi. Əkrəm Əylislinin «Azərbaycan»dakı fəaliyyəti barədə qəzetlərdə adda-budda yazırlar və həqiqətən «Azərbaycan»da da, «Ulduz»da da cəsarətli, dişli və bədii cəhətdən də səviyyəli əsərlərin çapı üçün münbit zəmin yaranmışdı. Ançaq Əkrəm Əylisli öz-özünə gəlib redaktor olmadı. Düzdü, Əkrəm redaktor olmağı çox istəyirdi, çox xahiş edirdi, amma bu təyinat məsələsi çox da çətin gedirdi. Onun redaktor təyin olunması üçün xeyli müddət mübarizə apardıq. Onda mən Yazıçılar İttifaqının cavan bir katibi idim, ədəbi tənqidə və mətbuat orqanlarına baxırdım, xeyli müddət də təşkilat işləri ilə məşğul oldum və gecə-gündüz Əkrəmlə bağlı birinci katibimiz rəhmətlik İmran Qasımovun başının üstünü kəsdirirdim. İmran müəllim daxilən yeniliyə, gəncliyə meyl edən bir adam idi və çalışırdı ki, Əkrəm redaktor olsun, ancaq o zamanın ədəbiyyat generalları buna maneçilik törədirdi, özləri redaktor olmaq, yaxud da öz adamlarını qoydurmaq istəyirdilər. Nəhayət İmran müəllim bu məsələni Heydər Əliyev səviyyəsinə qaldırdı və Əkrəm Əylislini «Azərbaycan»a bilavasitə Heydər Əliyev təyin etdi. Eləcə də bir az əvvəl Yusif Səmədoğlunun «Ulduz»a təyinatı. Eləcə də daha əvvəl mənim Yazıçılar İttifaqında o zaman ədəbiyyat aləmində ciddi səlahiyyətləri olan katib vəzifəsinə təyinatım. Bütün bunlar hamısı həqiqətdir və həqiqəti olduğu kimi göstərmək lazımdır.
     -Elçin müəllim, indicə mətbuatda çalışan «əhli-qələmdən» danışdınız. Mənim üçün maraqlıdır, sizin kimi nüfuzlu bir əhli-qələmin özü müasir Azərbaycan mətbuatı barədə nə düşünür?
     -Təəssüf ki, bu suala orijinal bir cavab verə bilməyəcəyəm. Bu gün Azərbaycan mətbuatı məsuliyyətsizliyin, şayiəçiliyin, böhtançılığın, dedi-qodunun, səviyyəsiz «şok açıqlamalar»ın, uydurma «mesaj»ların ayaq tutub yeriməsi üçün, çox təəssüflər olsun ki, münbit zəmin yaradır. Kimin kimlə nə qərəzkarlığı varsa, onu asanca mətbuata çıxarır. «Mötəbər mənbədən aldığımız məlumata görə, filandır, filandır, filandır...» Gəl indi bu naməlum «mötəbər mənbə»nin sayıqlamalarına çavab ver görüm, neçə çavab verəçəksən! Əlbəttə, bəzən çavab da yazılır, çap da olunur, amma şayiə ki, buraxıldı! Daş ki, quyuya atıldı! Barmaqla sayılası qəzetləri çıxmaq şərtilə, artıq biz «bulvar qəzetləri» həddini də aşıb keçmişik və «sarı mətbuat» deyilən bir girdabın içinə düşmüşük. Əsrin əvvəllərində də Azərbayçan mətbuatında böhtanlar, şayiələr olub. Mirzə Cəlil haqqında, Üzeyir bəy haqqında nə böhtanlar yazmayıblar? Pul mənimsəməkdən tutmuş, milli qeyrətsizliyə qədər... Təbii ki, indi o qara qələm sahibləri heç kimin yadında deyil, amma bunlar olub. Olub, ançaq bugünkü dərəçədə yox. Texnikanın inkişafı, nəşr avadanlığının modernləşdirilməsi həmin qara qələmlər üçün, daha əlverişli konveyr şəraiti yaradıb. hərdən fikirləşirəm: nə üçün biz beləyik ki, teknikanın inkişafı, avadanlığın müasrliyi daha artıq o «qara qələm»ə xidmət edir? Əlbəttə, qəzet sensasiya axtarmalıdır və əslində, bu, cari jumalistikanın əsas xüsusiyyətlərindən biridir. Ançaq bu axtarışın bir səviyyəsi olmalıdır, yoxsa yox? Axı, səviyyəsiz mətbuat səviyyəsiz də oxuçu yetişdirir və bu façiədir. Biz nə ilə fəxr edirik? Hansı bir türksə bığlarını uzadıb və biz də bu uzunbuğun şəkillərini qəzetlərdə çap edib fəxrlə döşümüzə döyürük: bəli biz beləyik, biz türk oğlu, türkük! Axı, bunu uzaqbaşı bir məzə kimi çap etmək olar. Belə bir türk fəxarəti bizi hara aparacaq? Mənim Türkiyəyə ehtiramım və sevgim sual işarəsi altında deyil. Mən hələ 1979-cu ildə, KQB-nin və hakim ideologiyanın fironluq elədiyi bir vaxtda Türkiyə haqqında o kitabı yazmışam, həmin zamanlar mətbuatda, o cümlədən, «Literatumaya qazeta»da Türkiyə haqqında o yazıları çap etdirmişəm ki, bu gün onların hər bir çümləsinin altından böyük məmnuniyyətlə imza ataram. Ancaq mən və güman edirəm ki, təkcə mən yox, uzun bığ fəxarətli türkçülüyü heç cürə qəbul edə bilmərəm. Doğrudur, bizdə bir sıra ciddi qəzetlər də nəşr olunur. Təəssüf ki, böhtançılıq və şayiəçilik bəzən onların da səhifələrinə yol tapır. İkincisi, bu qəzetlər çox zaman kəskin surətdə qütbləşirlər. Əgər biz vətəndaş həmrəyliyindən danışırıqsa və sidq ürəkdən bunu istəyiriksə, elə bilirəm ki, ilk növbədə həmin ciddi qəzetlər bunu öz öhdələrinə götürməlidir.
     -Elçin müəllim, Siz «Xalq qəzeti»nin «Cümə» əlavəsində Əkrəm Əylislini ciddi tənqid etmisiniz. İndi münasibətləriniz necədir?
     -Normal. Ancaq mən buna da təəssüf edirəm ki, indiki zamanda Əkrəmlə Elçinin şəxsi münasibətləri ilə daha çox maraqlanırlar, nəinki onların əsərləri ilə. Güman edirəm ki, əksinə olmalıdır.
     -Ancaq oxucuların görkəmli yazıçıların şəxsi münasibətləri ilə də maraqlanmalarında elə bir qəbahət yoxdur. Misal üçün son vaxtlar Anar - Elçin - Əkrəm Əylisli üçlüyünün arasındakı yazıçı qısqanclığından danışırlar. Sizcə bu söhbət nə dərəcədə həqiqətə uyğundur?
     -Bu sualınıza təbii ki, mən, ancaq öz əvəzimə cavab verə bilərəm. Yazıçı qısqanclığı nədən doğur? Deyəcəyin sözünün qurtarmasından. «Sazım dınqıl-dınqıl» deməkdən. Bir az kobud da çıxsa, bədii qısırlıqdan. Mən son beş ildə altı komediya yazmışam. Hekayələr, məqalələr yazmışam. Mizimin üstündəki böyük həcmli romanı qurtarmaq üzrəyəm. «Ədəbiyyatda tarix və müasirlik problemi» mövzusunda doktorluq işi yazıb müdafiə etmişəm. Məmməd Əmin Rəsulzadənin və Nəriman Nərimanovun haqqında yazdığım monoqrafiyalarım nəşr olunub. «Klassik aşıq poeziyasında «dünya» obrazı» adlı yeni monoqrafiyam çıxıb və s. Haqqımda dissertasiya, kitab, məqalələr yazılıb. Mən nə üçün kimisə qısqanmalıyam? Heç kim mənim yolumu kəsməyib və yerimi də tutmayıb. Ədəbiyyatda, sənətdə hərənin öz yeri, öz yaradıcılıq taleyi var.
     -Məlumdur ki, Siz çox oxuyan bir yazıçısız. Maraqlıdır, sonuncu oxuduğunuz kitablar hansılardır?
     –Mənim ən çox təəssüf etdiyim odur ki, indi əvvəlkilər qədər oxumağa vaxtım yoxdur. Deyəsən, daha həvəs də əvvəlki həvəs deyil. Son bir ayda oxumağa imkan tapıb oxuduqlarımdan biri Vaqif Bayatlı Önərin axırıncı şerlər kitabıdır. Bir var şeri təktək mətbuatda oxuyasan, bir də var onları bir yerdə oxuyursan. Fikrimə bir az təmtəraqlı da olsa, belə bir bənzətmə gəlir (əlbəttə, söhbət səni tutan, sənin zövqüncə olan, sənin hissiyyatına təsir edən poeziyadan gedir): bir var gecə göy üzündə bir ulduz görəsən və ona tamaşa edəsən. Bu, özü özlüyündə bir maraqlı əhvalatdı. Amma bir də var ki, açıq bir səmadır, göyün üzü sayı bilinməyən ulduzlardı və sən də o ulduzlar aləminə baxırsan. Vaqifin son kitabı mənim üçün o cürə bir ulduzlar aləmi idi. Yaqub Mahmudlunun «Azərbaycan diplomatiyası» kitabını oxudum. Ağqoyunlu və Səfəvi dövlətlərinin Avropa ilə əlaqələrinə həsr olunmuş bu kitab zəngin məxəzlərə istinad edən çiddi bir tədqiqat əsəridir və elə bilirəm ki, müasir tarix elmimizin qiymətli bir nümunəsidir. Unudulmaz akademik Həmid Araslının yeni nəşr olunmuş «Azərbaycan ədəbiyyatı: tarixi və problemləri» kitabını oxudum. Kitaba toplanmış əsərlərin əksəriyyətini mən vaxtilə oxumuşam, amma rəhmətlik Məryəm Axundovanın və Həmid müəllimin qızı Nüşabə xanımın hazırladığı bu kitab elə bil ki, ayrı-ayrı əsərlər toplusu yox, Azərbaycan ədəbiyyatının tarixi haqqında sanballı bir monoqrafiyadır. Bu kitab Həmid müəllimin ədəbiyyat tariximizin öyrənilməsində gördüyü böyük işləri bizim üçün bir daha əyani şəkildə canlandırdı. Məndə Şekspirin rus dilində köhnə bir nəşri var və hər üç ildən-beş ildən bir onu əvvəldən axıra qədər oxuyuram. Yenə bu cildləri oxumağa başlamışam. Bu gün mizimin üstündə «Ş. Riçard»dır.
     -Elçin müəllim, bir başqa planetə gedəsi olsanız, özünüzlə bir dənə hansı musiqi yazısını aparardız?
     -Yadıma gəlir, xeyli qabaqlar bir dəfə mənə belə bir sual vermişdilər. Onda da elə bu cavabı vermişdim: Rübabə Muradovanın «Humayun»unu.
     -Bəs kişi ifaçılardan?
     -O da gərək bir dənə olsun?
     -Hə.
     -Ağabala Abdullayevin «Zabul»unu.
     -Ən çox insanın hansı keyfiyyətinə nifrət edirsiz?
     -Qeyri-səmimiliyə.
     -Bəs ən çox nəyi qiymətləndirirsiz?
     -Səmimiyyəti.
     -Nəhayət sonunçu sual: Elçin müəllim, Siz böyük bir vəzifə daşıyırsız. Şəxsən Sizin üçün, yəni xalq yazıçısı Elçin üçün vəzifə nə deməkdir?
     -Gəlimli-gedimli bu dünyada həyat yolumun bir mərhələsi.
«525-ci qəzet» 1999.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (22.08.2014) | Müəllif: R.C E W
Baxış: 343 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more