Əsas » Məqalə » Azərbaycan ədəbiyyatı

Əfəndiyev Elçin yaradıcılığı-E l ç i n: Komediya və dramların kəsişdiyi yerdə 188 «Bu gün mədəniyyətimizin taleyi yalnız mədəniyyət xadimlər
E L Ç İ N: KOMEDİYA VƏ DRAMLARIN KƏSİŞDİYİ YERDƏ
(«Literaturnaya qazeta»nın müxbiri Elmira Axundova məşhur Azərbaycan yazıçısı Elçinlə müsahibə aparır.)

     –Elçin, son illərdə siz nəyə görəsə «Literaturnaya qazeta»dan uzaqlaşmısınız, halbuki lap elə bir qədər bundan əvvəl onun ən fəal müəlliflərindən biri idiniz? Bu müddət ərzində nə ilə nəfəs almısınız?
     -1990-cı ilin Yanvar hadisələri həyatımı ikiyə böldü. Özümü yazı stolunun arxasına keçməyə nəinki məcbur edə bilmədim, hətta uzun müddət nəsə yazmaq haqqında düşünmək belə iqtidarında olmadım. Qulaqlarıma hey elə güllə səsləri gəlirdi. Biz Bakının dağlıq hissəsində yaşayırıq, belə ki, bütün bu dəhşətlər mənim gözlərimin qarşısında baş vermişdi. Mənim üçün, xüsusən, ağır, iztirablı vaxtlarda kitab rəfinə əl atdım. O kitabları götürürdüm ki, yeniyetmə, gənclik illərində oxumuşdum. Məsələn, «Robinzon Kruzo»nu. Sonra Molyerin cildlərinə baxdım. Düşünürəm, Molyerin komediyaları hara, mənim o vəziyyətim hara? Zorlanmış şəhərin əzici ab-havası, fövqəladə vəziyyət, cəmiyyətdəki çaşqınlıq...
     Amma mən, birdən yazı makinasının arxasına keçdim və gözlənilmədən Molyerin pyeslərindən birini tərcümə etməyə başladım. Məni bu vaxt tərcümə etdiyim əsərin Azərbaycan dilində olub-olmaması maraqlandırmırdı. Ümumiyyətlə, bu fikrə niyə düşdüyümü bilmirdim. Beləliklə, «Skapenin kələyi» və «Jorj Danden»i «biməfəsə» tərcümə etdim. Sonra Molyer haqqında ədəbiyyatlara baxdım. Evdə nə vardısa, kitabxanamda nə tapdımsa, oxudum. Bulqakovun pyesindən tutmuş Azərbaycan-fransız ədəbi əlaqələrinə həsr olunmuş məqalələrə kimi. Nəticədə yazıçı haqqında böyük bir oçerk yazdım. Mənim tərcüməmdə Molyerin komediyalarından, ön söz də daxil olmaqla bir kitab hazırladım. Bir sözlə, o vaxtkı məşğuliyyətimlə ətrafımda baş verən hadisələr arasında böyük ziddiyyətlər vardı. Bu hal indinin özündə də mənim üçün qeyri-adi və izahedilməzdir. Bundan sonra içimdə elə bil ki, nəsə çevrildi. Mən, hətta başqa cür yazmağa başladım. Əlimdəki İkinci Şah İsmayıl haqqındakı romanı, aşıq poeziyası haqqındakı monoqrafiyanı bir kənara qoydum, mücərrəd, sürrealist eksperimentlər etməyə başladım. Bütün bu şeyləri mən «Dialoq-hekayələr» adlandırdım... Sonra həyat tədricən yoluna düşdü. Təzədən makina arxasına keçdim. Bu dəfə həyatımda ilk dəfə komediya yazdım. Bu komediya belə adlanır: «Ah, Paris, Paris!» Bu tərcümələr, bu komediya elə bir «ruhi qida» oldu ki, bütün o hadisələrdən sonra yaşamaqda mənə kömək etdi...
     -Buna baxmayaraq, oxucular «bu gün nə üçün müasir ədəbiyyat gözlərimizin qarşısında baş verən mühüm hadisələrdən qaçır» sualından əl çəkmirlər.
     -Adam ürəyinə əmr edə bilmir. Gərək gördüklərin sözlə ifadə olunana qədər yetişsin. Bir də, niyə Qarabağ mövzusunda kitab yoxdur, soruşurlar. Publisistika, reportaj ki var, heç kəsi bu işə məcbur etmək lazım deyil. Mən şəxsən şübhə etmirəm ki, vaxt gələcək, Azərbaycanda altı ildən çox uzanan bu müharibə haqqında bədii əsərlər yazılacaq. 1812-ci il Rusiyada Böyük Vətən müharibəsini yada salaq. Bütün bunları kim və haçan ağıllı və dahiyanə təsvir etdi? Lev Tolstoy, həm də təxminən yarım əsr keçəndən sonra. Yazıçıdan Qarabağ hadisələrinə dərhal bədii cavab tələb etmək, düşünürəm ki, düz deyil. Əks təqdirdə bu vəziyyətə uyğunlaşmaq deməkdir, eynilə on-on beş il əvvəl bəzi istedadsız sovet yazıçılannın mövzu arxasında gizləndiyi kimi. Məsələn, Sov. İKP MK-nın heyvandarlığın inkişafına dair qərarına cavab olaraq povestlər, romanlar yazılırdı. Bununla da mövqe tutur, vəzifə qazanırdılar.
     -Yadıma «Ölüm hökmü» romanınız düşdü. Çoxdan soruşmaq istəyirdim: bu qədər tutqun əhval-ruhiyyə, əlacsızlıq hardan gəlir? Axı, roman 80-ci illərin əvvəllərində qələmə alınıb. Qorbaçovun yenidənqurmasından şadlanıb vəcdə gəldiyimiz vaxtda tamamlanmışdır. Deyim ki, onun həm ictimai məzmunu Sizin üçün yeni idi, həm də üslubi qeyri-adi idi. Kitabda kiçicik bir ümid işığı görünmür. Bütün personajlarınız inçik, küskündür. Romanı oxuyub qurtarandan sonra məndə belə bir fikir hasil oldu. Görəsən, bu həmin Elçindir ki, kitablarının əsasında həmişə romantika, işıqlı bünövrə dururdu?
     -Siz maraqlı bir mövzuya toxundunuz. Ancaq qabaqcadan bir şeyi demək istəyirəm: nə üçün son on illiklərdə Azərbaycan ədəbiyyatında dissidentlərin olmaması sizi təəccübləndirmir? Bu suala cavab vermək üçün respublikada hökm sürən mənəvi mühitin bir fərqli cəhətini yada salmaq lazımdır. 70-ci illərdə o əsərləri ki, biz özümüzdə çap etdirirdik, onları İttifaqın başqa respublikalarında dərc etdirmək o qədər də asan olmurdu. Bu faktdır. Belə ki, Sistemə tənqidi baxış, hakim ideologiyaya qarşı ironiya, hətta düşmən münasibəti - bunlar hamısı bizim ədəbiyyatımızda vardı. Əlyazmalar sandıqlarda yatıb qalmırdı (əlbəttə, əgər onlar vüsətli istedadlı əsərlərdisə).
     Bax mən Azərbaycanda ədəbi dissidentlərin olmamasının əsas səbəbini də bunda görürəm. Mənim kəskin ictimai mövzuya müraciətim buna toxunmağa icazə verildiyinə görə deyildi. Artıq bu ideya yetişmişdi və 80-ci illərin ikinci yarısında bədii əsərlərdə özünü büruzə verirdi. «Ölüm hökmü» Qorbaçovun yenidənqurmasından xeyli əvvəl düşünülmüşdü.
     Son vaxtlar nədənsə imtina eləmək dəb düşüb. Tərcümeyi- hallarını dəyişib yazdıqlarından imtina edənlər var. Demə, birini az qala güclə Yazıçılar İttifaqına götürüblər, başqasını zorla partiyaya daxil ediblər. Halbuki bəzilərinin partiya sıralarına daxil olmaq üçün necə rüşvət verdiklərini də bilirik. Şəxsən mən heç vaxt bir sətrimdən belə imtina etmərəm. Ola bilsin, elə yazılarım var ki, xüsusilə, yaradıcılığımın ilk illərində yazdıqlarım bədii cəhətdən zəifdir, amma burada utanmalı bir şey yoxdu. Düzdür, «Ölüm hökmü» əvvəl yazdıqarımdan kəskin surətdə fərqlənir. «Mahmud və Məryəm», «Ağ dəvə» romanlarımdakı romantik işıqlı əsas burda yoxdur.
     -Siz o az qisim Azərbaycan yazıçılarındansınız ki, yenidənqurma illərində öz fəallığınızı azaltmadınız. Bakıda, Moskvada çoxlu xarici ölkələrdə yeni nəsr əsərləriniz dərc olundu.
     -Desəm ki, yazmaya bilmirəm - bayağı səslənər. Amma son doqquz ayda bir xətt belə yazmamışam və bunu özümə dərd etmişəm. Bununla bərabər mən təəssüf etmirəm. Yenidəndoğum prosesi başlanıb. Yeni respublika, yeni müstəqil dövlət yaranır. Mən sevinirəm ki, bu prosesdə təkcə müşahidəçi yox, həm də iştirakçıyam. Allah izn versə, sənədli bir kitab meydana çıxar...
     -Doqquz aydır ki, siz Nazirlər Kabinetində humanitar məsələlər üzrə Baş nazirin müavinisiniz. Bugünkü cəmiyyətin mənəvi həyatını necə görürsünüz? Çoxları deyir ki, indi həyəcan təbili vurmaq vaxtıdır. Azərbaycan mədəniyyətində, ədəbiyyatında indi tam durğunluq hökm sürür. Pul yoxdur ki, kitab nəşr eləyəsən, ən yaxşı yazıçılarımız qələmlərini yerə qoyublar. Kitab dükanlarını makulatura ağzınacan doldurub...
     -Bu problemə açıq gözlə baxmaq lazımdır. Bəli, durğunluq adlandırdığımız dövrdə həm rus, həm də Azərbaycan ədəbiyyatında çox ciddi, deyərdim ki, hətta böyük əsərlər yaranmışdı. Ancaq «Sovet ədəbiyyatının inkişafında» ana xətti hakim ideologiyaya xidmət təşkil edirdi. Məhz buna görə də mədəniyyətə, ədəbiyyata, incəsənətə həddən artıq xərc sərf olunurdu. Elə götürək sənətə yeni gəlmiş bir ədəbiyyatçını. O, nəsr əsəri və ya şerlər kitabı dərc olunandan bir müddət sonra Yazıçılar İttifaqına üzv seçilirdi. Vəssalam! Bununla da əsərlərinin çapına kömək, istirahət evlərində dincəlmək, müalicə olunmaq üçün şərait yaratmaq və s. məsələlər tezliklə öz həllini tapırdı. Bu gün bunların hamısı birdəfəlik tənəzzülə uğrayıb və bu yaşlı, orta nəsil ədəbiyyatçıları tərəfindən indi şəxsi drama kimi qarşılanır.
     -Mənə elə gəlir ki, bu gün müxalifətdə olmaq həm təhlükəsiz, həm də şərəflidir. Müxalifətdə olanlara hamı hörmətlə yanaşır, amma heç kim kabinetdə oturan, dövlət quruculuğu ilə məşğul olan hökumət adamlarının nazı ilə oynamaq istəmir...
     -Tamamilə doğrudur. Burada məsələ realist bir şəkil alır. Özünü peşəkar həkim kimi göstərə bilməyən adam bu gün dönüb siyasətçi olur. İstedadsız şair, yazıçı da həmçinin. Bu gün siyasətdə çox zaman qrafomanlar və diletantlar məşğul olduğuna görə cəmiyyət bütövlükdə çox uduzur...
     -Axı əsl yazıçılar da var... Bəs, onların səsi nə üçün eşidil- mir?
     -Əsl yazıçı nə deməkdir? Tərəddüd edən adam! Bu o adamdır ki, təkcə öz şəxsi mənafeyi, ailəsi haqqında düşünmür. Onu həm də xalqın taleyi narahat edir. Nə vaxt ki, cəmiyətdə sabitlik yoxdur, nə vaxt ki, hər şey kökündən məhv edilir, onu şübhələr didir: görəsən, düzmü yol tutmuşuq? Deyək ki, 90-cı ilin yanvarında bu qədər adam nəyə görə məhv oldu? Bu qurbanların mənası? Beləcə, hadisələrin əzab-əziyyətlə, fəlsəfi-mənəvi dərketmə prosesi gedir.
     -Sizcə, bizim cəmiyyətdə ziyalılar niyə öz yerlərini tapmamışlar? Yeni həyata uyğunlaşa bilməmişlər?
     -Ziyalı, çox zaman ideologiyanın himayəsində olub, indi həmin bağ kəsilib. Bundan əlavə, istər Azərbaycan, istər rus, istər gürcü ziyalısı, sən demə, ürəyinin çağırışına hələ tam hazır deyilmiş. Bir də, milli mədəniyyətimizin tarixi ilə bağlı çox maraqlı, həm də çox faciəli bir anı nəzərinizə çatdırmaq istəyirəm. Bir az keçmişə qayıdaq. XIX yüzilliyin axırı, XX yüzilliyin əvvəlində Azərbaycanda nadir ziyalı təbəqəsi meydana çıxdı. Bu, Bakının dünya neft paytaxtına çevrilməsi ilə bağlı idi. Bu adamlar kimlər idi? Bir tərəfdən xalqın içindən çıxanlar idi ki, onlar sadə adamların müşküllərini yaxşı başa düşürdülər. Dilimizi, tariximizi, adət-ənənələrimizi bilirdilər. Bir sözlə, öz köklərindən ayrı düşməmişdilər. O biri tərəfdən də rus və Avropa təhsili alıb iki-üç dil öyrənmişdilər. İki mədəniyyəti - milli Şərq və Qərb - Avropa mədəniyyətini özlərinə üzvü surətdə birləşdirmişdilər. Elə buna görə də onların əsərlərində milli problemlər dünya mədəniyyəti səviyyəsində qaldırılırdı. Bizim yüzilliyin on-iyirminci illərində bir hissəsi mühacirətə getmiş, Vətəndə qalanları isə repressiyaya uğramışdılar. Beləliklə, bir boşluq yaranmışdı. Bu boşluq özünə- məxsus şəkildə doldurulmuşdu. Təsəvvürünüzə gətirin ki, siz dünənki günə qədər tramvay sürücüsü, toxucu və s. idiniz. Bu gün isə Azərbaycan ziyalısı vəzifəsinə təyin olunursunuz...
     -Yadımdadır, siz haçansa demişdiniz ki, müharibədən sonra Azərbaycanda iki - tamam müxtəlif, bir-birinə zidd ziyalı nəsli yetişmişdir. Millətçi və kosmopolit ziyalı.
     -1937-ci və 1945-ci illərdən sonra yeni ziyalı təbəqəsinin yaranması prosesi gedirdi. Məncə bu təbəqəyə çox ziyan dəymişdir. Mən onun istedadlı nümayəndələri haqda deyirəm. Tutalım (əlbəttə, burda istisna var) kimsə orta məktəbi, Moskvada, yaxud Bakıda institutu və ya aspiranturanı rus dilində bitirib. O, rus dili və ədəbiyyatını, bir və ya iki xarici dili mükəmməl bilir. Amma bu adam Azərbaycan muğamları səslənəndə radionu söndürür. Ona görə ki, onu duymur. Ona görə ki, öz kökündən süni surətdə qoparılmışdır. Belə adam öz xalqının istək və arzusunu heç vaxt ifadə edə bilməz. Başqa birisi orta və ya ali məktəbi azərbaycanca bitirmiş və öz xalqının adət-ənənələrini, dilini və psixologiyasını mükəmməl bilir. Radioda muğamları eşidəndə ağlayır. Amma bir sənətkar kimi, bir ziyalı kimi yenə də öz xalqının istək və arzularını dünyaya ümumbəşəri səviyyədə çatdıra bilməyəcəkdir. Ona görə ki, o, Tolstoyu, Dostayevskini orijinalda oxumamış, Kafkanın, Folnkerin və Prustun kim olduğunu dərk edə bilməmişdir. Başqa xalqların mədəni dəyərləri ona yaddır. O adamlar ki, müasir Azərbaycan mədəniyyətində dərin iz qoymuşlar - Qara Qarayev, yaxud Niyazi, Bülbül, yaxud Fikrət Əmirov, Rəşid Behbudov kimi sənətkarlar özlərində iki mədəniyyəti birləşdirmişdilər.
     -Nə üçün məhz bizim cəmiyyətimizdə tariximizə yenidən can atmaq meyli daim yaşayır sualına, deyərdim ki, sizin təsvir etdikləriniz bir növ cavab verir. Rusiyada 1917-ci ilin oktyabrından, Azərbaycanda iyirminci ilin aprelindən bu yana bütün illər biz ancaq onunla məşğul olmuşuq ki, bir meyidi basdırıb, o birini çıxaraq, birinin heykəlini ucaldıb, o birini taxtdan salaq...
     -Ən qorxulusu odur ki, biz hələ bu gün də düşmən axtarırıq. Şəksiz: bizim tariximiz özünə yeni münasibət tələb edir. Ancaq bunu təzədən saf-çürük edəndə biz yenə də düşmən obrazı axtaracağıq? Dünənə kimi bizə Ə.Hüseynzadə, Ə.Ağayev, Ə.M.Topçubaşovun əsərlərini oxumaq, tədqiq etmək qadağan olunmuşdu. Bu gün isə tərsinə, başqa görkəmli adları ləkələyir, bunlarısa oxumadan, fəlsəfəsinə varmadan az qala ilahiləşdiririk. Başlamışıq M.F.Axundovu, A.Bakıxanovu, İ.Qutqaşinlını çara xidmət etdiklərinə görə nəzərdən salmağa. Gəlin bir az insaflı olaq, Axundov təmiz Azərbaycan dilində 6 komediya yazıb. O, bu janrı Azərbaycan ədəbiyyatına gətirib, onu mədəniyyətimizin milli faktına çevirib. A.Bakıxanov polkovnik idi. İ.Qutqaşınlı çar ordusunun generalı idi. Lakin bütün bunlar, eyni zamanda, milli mənəvi dəyərlərimizi yaratmaqda onlara mane olmurdu. Bizsə indinin özündə də tarixi qara, ağ ləkələrlə boyamaqdan çəkinmirik. Ağırdır...
     -Sizinlə söhbətdə istəsək də, istəməsək də altı ildən çox torpağımızda dolaşan müharibəyə toxunmalıyıq. Ziyalılar ziddiyyətlərin başlanğıcında, bildiyimiz kimi, çox fəal idi. Təəssüflər olsun ki, bu fəallıq adamları öz ehtirarslarının gücü altına, beyinlərin coşğunluğu və ifrat vətənpərvər hisslərin təsiri altına salmaqla baş verirdi. Qarabağ hərəkatının ilhamverici lideri, şair Silva Kaputikyan «L.Q.»da yazırdı: «Mən indi çox şeydən imtina edərdim ki, xalqlarımızın arasındakı səmimi münasibətləri geri qaytarım» qanlı sonluqdan başqa çıxış yolu varmı?
     -Təkrar edirəm: bu gün müstəqil respublikaların doğum prosesi hadisəsi baş verir - Azərbaycan, Ermənistan, Gürcüstan respublikalarında müharibə, xalqların qarşıdurması bu hərəkata olduqca böyük ziyan gətirər. İş o yerə gəlib çatar ki, bu respublikalar öz müstəqilliklərini itirə bilərlər. Buna bənzər əhvalat iyirminci illərdə baş vermişdi. Ona görə də sağlam düşüncəyə və adi özünümüdafiə hissinə ümid bağlayıram. Torpaq iddiasından əl çəkilməlidir, barışdırıcı mövqedə durmalı, gələcəkdə isə bir-birimizə əl uzatmalıyıq. Onda Zaqafqaziya çiçəklənən bir diyara çevrilər. Güman edirəm ki, müharibə tezliklə qurtaracaq, çıxarılacaq nəticə ədalətli olacaq, başqa yol yoxdur. Hər iki millətin soykökünə, ekoloji quruluşuna, iqtisadiyyatına ağır zərbələr dəyib. Ola bilsin ki, mən dəbdəbəli, təntənəli sözlər deyirəm. Ancaq nə etmək olar ki, onsuz keçinmək mümkün deyil. Yazıçı gərək yeni dünyanın quruculuğunda iştirak etsin. İndi atılan daşları yığmaq zamanıdır.
     -Bu çətin anlarda, ümumiyyətlə, Siz hansı mənəvi dayaqlara arxalanırsınız?
     -Hərdən bu haqda düşünəndə bədbinliyə qapılır və hardasa panikaya düşürəm. Lap elə qədimdən ədəbiyyat həmişə xeyirxahlığa, əbədiyyətə və ağla xidmət edib. Şərlə xeyirin daimi mübarizəsində yazıçı təbii ki, xeyirin tərəfində dayanıb. Dünya ədəbiyyatı Homer, Şekspir, Füzuli, Höte kimi dahilər yetişdirib. Məndən soruşun ki, nə üçün küyə düşürəm? Axı, bu göyün altında olan dünyada nə dəyişib ki? Şər ilə xeyirin mübarizəsinin sonu görünmür. Ədəbiyyatsa dünyada və insanın təbiətində nəyisə dəyişdirmək iqtidarında deyil. Bu məni sarsıdır. O biri tərəfdən isə bir anlığa təsəvvür edin ki, Homer, Nizami, Şekspir yoxdu. Onda nə olar? Qaranlıq, boşluq, uçurum! Bilirsiniz, mən həyatımın ən ağır dəqiqələrində nə üçünsə «Don Kixot»u xatırlayıram. Və bir az rahatlıq tapıram. Bəli, ədəbiyyat bəşəriyyəti xilas etmək iqtidarında deyil, amma o bir fərdə kömək edə bilər. Və razılaşın ki, bu da az deyil...
Tərcümə etdi Kamilə Nemət.
1994.
Bölmə: Azərbaycan ədəbiyyatı | Əlavə edildi: azerhero (18.08.2014) | Müəllif: R.C E W
Baxış: 522 | Reytinq: 0.0/0
Bütün rəylər: 0
omForm">
avatar

Kitablar — zamanın dalğaları ilə səyahət edən və nəsildən-nəslə öz qiymətli yükünü ehtiyatla aparan fikir gəmiləridir.

- Frensis Bekon

Son 90 gün ərzində kitab oxumamaqdan daha pisi kitab oxumadığına görə narahat olmamaqdır.

- Cim Ron

Kitabları yandırmaqdan daha pis şey onları oxumamaqdır.

- Rey Bredberi

Yaxşı kitab aysberqə oxşayır, onun yeddi-səkkiz hissəsi suyun altında gizlənib.

- Ernest Heminquey

Kitablarım mənə çatacaq qədər böyük bir krallıqdır.

- Shakespeare

Mən, kitablarımı yaratmadan əvvəl, kitablarım məni yaratdılar.

- Montaigne

Kitabsız yaşamaq; kor, kar, dilsiz yaşamaqdır.

- Seneca

Bu günün gərçək universiteti, bir kitabxanadır.

- Carlyle

Kitab, tək ölümsüzlükdür.

- Rufus Choate

Exlaqa uyğun ya da zidd kitab deyə bir şey yoxdur. Kitablar ya yaxşı yazılmışdır, ya da pis. Hamısı bu qədər!

- Oscar Wilde

Ümidlə açılıb qazancla bağlanan bir kitab, yaxşı bir kitabdır.

- Alcott

Kitablar, itmiş başların abidələridir.

- Sir William Dave

Kitablar, heç solmayacaq bitkilərdir.

- Herrick

Kitab heç aldatmayan bir yoldaşdır.

- Guilbert De Pixrecourt

Axmaqlarla oturub-durmaqdansa , kitabla tənha oturmaq yaxşıdır.

- Qasım bəy Zakir

İnsan güc ilə yox, mütaliə etməklə ağıllanır.

- C.Bruno

Az bildiyini başa düşmək üçün çoxlu oxumaq lazımdır.

- Mişel Monten

Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.

- Maksim Gorki

Kitab həyatın ən uzaq və qaranlıq yollarında insana işıq bəxş edən əfsanəvi çıraqdır

- A.M.Upit

BAKI QIZLAR UNİVERSİTETİ
1992-ci ildə təsis edilən və həmin vaxtdan da fəaliyyətə başlayan Bakı Qızlar Universitetinin (əvəllər Bakı Ali Pedaqoji Qızlar Seminariyası adlanırdı) yaradılmasında məqsəd respublikada qadın pedaqoji kadrlar yetişdirmək, onların intellektual səviyyəsini yüksəltmək və gənc qızları ailə həyatına hazırlamaqdan ibarətdir. Hazırda universitetdə "Sosial pedaqoji” və "Filologiya-tarix” fakültələri fəaliyyət göstərir. "Sosial pedaqoji” fakültədə "Təhsildə sosial-psixoloji xidmət”, "Psixologiya”, "Coğrafiya müəllimliyi”, "ibtidai sinif müəllimliyi”, "Məktəbəqədər təlim və tərbiyə”, "Riyaziyyat və informatika müəllimliyi”, "Filologiya-tarix” fakültəsində isə "Xarici dil (ingilis) müəllimliyi”, "Azərbaycan dili və ədəbiyyat müəllimliyi”, "Tarix müəllimliyi”, "Jurnalistika” üzrə bakalavr, "İbtidai sinifdə tədrisin metodika və metodologiyası”, "Pedaqogika nəzəriyyəsi və tarixi”, "Azərbaycan ədəbiyyatı”, "Azərbaycan dili”, "Azərbaycanın yeni və ən yeni tarixi” sahəsində magistratura səviyyəsində kadr hazırlığı aparılır.
Bakı Qızlar Universiteti Nazirlər Kabinetinin 1996-cı il fevralın 21-də 21 saylı sərəncamı ilə dövlət qeydiyyata alınmışdır. 2013-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin lisenziya komissiyası BQU-nun çoxilli fəaliyyətinin, onun yüksək maddi-texniki bazasının, infrostrukturunun, təlim-tərbiyə sisteminin Azərbaycan Respublikası təhsil Qanununa Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Ali təhsil Müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya verilməsi haqqında qərarına, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sənədlərinə uyğn qurulduğunu, pedaqoji kadrların hazırlanmasında əldə olunmuş nailiyyətlərini nəzərə alaraq universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsini məqsədəuyğun hesab etmişdir. Eyni zamanda 2013-cü ildə universitet akreditasiyadan keçmişdir. Universitetdə müxtəlif fənnlər üzrə kabinetlər, dörd kopüter otağı, kitabxana, badii yaradıcılıq studiyası, tələbə elmi cəmiyyəti, Tələbə Gənclər təşkilatı, dörd dərnəklər, nəşriyyat, idman zalı, yeməkxana, kadrlar şöbəsi və mühasibatlıq fəaliyyət göstərir.
Learn more